Fövqəladə hallara hər zaman hazır olan qurum
Öz çevik fəaliyyəti ilə həm
ölkə daxilində, həm də xaricdə uğur qazanan
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları
dövlət tərəfindən onlara göstərilən
diqqət və qayğının heç də hədər
getmədiyini təsdiqləyirlər
Bu günlərdə
Rusiya Federasiyasında baş verən meşə
yanğınları bütün dünyanın diqqətini
şimal qonşumuza yönəldib. Təbii fəlakətin fəsadlarının
böyük olduğunu nəzərə alan
bir sıra xarici ölkələr isə bu
yanğınların söndürülməsində Rusiyaya
öz köməkliklərini göstəriblər. Bu sırada Azərbaycan təmsilçilərinin də
olması və onların öz fəaliyyətlərinə
görə Rusiya rəsmiləri tərəfindən qiymətləndirilməsi
isə təbii ki, qürur duyulası faktdır. Təmsilçilərimizin Rusiyadakı fəaliyyəti
barədə bir qədər sonra geniş məlumat verəcəyik.
Hələlik isə onu qeyd edək ki, ölkəmizdə
uğurla həyata keçirilən islahatlar, müvəffəqiyyətlə
yerinə yetirilən dövlət proqramları Azərbaycanı
regionda lider dövlətə çevirib. Təbii ki, bu
uğurların əldə olunmasında, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə çevik
şəkildə əməl edilməsində dövlət
qurumlarının, o cümlədən Fövqəladə
Hallar Nazirliyinin (FHN) də özünəməxsus rolu var.
Daha dəqiq desək, bu gün bütün dövlət
strukturları kimi FHN də üzərinə düşən
vəzifələrin öhdəsindən layiqincə gəlir.
Məlumat üçün deyək ki, 2005-ci il
dekabrın 16-da Prezident İlham Əliyev Azərbaycanda
Fövqəladə Hallar Nazirliyinin yaradılması
haqqında Sərəncam imzalayıb. Dövlətimizin
başçısının bir il sonra hər
il dekabrın 16-nın nazirlik işçilərinin peşə
bayramı günü kimi qeyd olunması barədə
imzaladığı Sərəncam isə bu sahəyə
göstərilən diqqət və qayğının daha bir
bariz nümunəsidir.
Ümumiyyətlə, Fövqəladə
Hallar Nazirliyi mülki müdafiəni, əhalinin və ərazilərin
təbii və texnogen xarakterli fövqəladə hallardan
qorunmasını, fövqəladə halların
qarşısının alınması və nəticələrinin
aradan qaldırılmasını, həmçinin, bir sıra
istirqamətlər üzrə təhlükəsizliyin təmin
olunmasını, fövqəladə halların yaranma
ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik
reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə
məruz qalan strateji əhəmiyyətli müəssisələrin,
obyektlərin və qurğuların mühafizəsini təşkil
edən mərkəzi icra hakimiyyəti orqanıdır. Yeri gəlmişkən,
ötən illərdə olduğu kimi, 2010-cu ilin arxada
qoyduğumuz aylarında da FHN-nin
bütün strukturları üzərlərinə düşən
vəzifələrin öhdəsindən layiqincə gəliblər.
Ölkəmizdəki təbii fəlakətə
çevik reaksiya
Fövqəladə
Hallar Nazirliyi Prezident İlham Əliyevin göstərdiyi diqqət
və qayğıya layiq olduğunu ölkəmizin bir sıra
bölgələrində baş verən təbii fəlakət
zamanı sərgilədiyi çevik və operativ reaksiya ilə
növbəti dəfə təsdiqlədi. Məlum olduğu kimi, bu il
aprel ayının sonlarında dünyada baş verən kəskin
iqlim dəyişiklikləri və bir çox ölkələrdə
intensiv yağışların yağması infrastruktur obyektlərinə
ciddi zərərlər vurdu, sel və daşqınlar nəticəsində
evlər su altında qaldı. Daşqınlara məruz
qalan ölkələrin əksəriyyətində əhalinin
fəlakət zonasından çıxarılması sahəsində
ortaya çıxan ciddi problemlər isə son nəticədə
insanların ölüm hallarının artmasına yol
açdı. Eyni zamanda, bu ölkələrdə
əhalinin evakuasiya olunması, onların çadır
düşərgələrinə köçürülməsi,
məişət qayğılarının həll edilməsi
ilə bağlı ciddi problemlərin mövcudluğu da ortaya
çıxdı.
O da qeyd olunmalıdır ki, göstərilən
müddətdə ölkəmizin bir sıra rayonlarında da
təbii fəlakətlər nəticəsində subasma
halları baş verdi, infrastruktur,
yaşayış və inzibati binalara ziyan dəydi, kənd təsərrüfatı
sahələrində müəyyən fəsadlar
müşahidə olundu. Lakin Azərbaycan
Prezidentinin məsələyə çevik reaksiyası nəticəsində
fəlakətin baş verdiyi ilk gündən etibarən əhalinin
təhlükəsizliyinin təmin olunması və onların
sosial-məişət qayğılarının həll edilməsi,
eləcə də, tibbi və iaşə xidmətləri ilə
əhatə olunmaları üçün davamlı tədbirlər
görüldü. Dövlət
başçısının sədrliyi ilə keçirilən
müşavirədə Kür çayında suyun səviyyəsinin
qalxması ilə bağlı baş verən təbii fəlakətlərin
nəticələrinin aradan qaldırılması və bu
istiqamətdə işlərin sürətləndirilməsi
üçün müvafiq orqanlara xüsusi
tapşırıqlar verildi. Ölkəmizin
ümummilli işinə çevrilən həmin tədbirlər
hər gün daha da gücləndirildi və nəticədə
sonrakı günlərdə gözlənilə bilən təhlükələrin
qarşısı tamamilə alındı. Prezident
İlham Əliyevin tapşırıq və göstərişlərinə
uyğun olaraq hökumət strukturları təbii fəlakətin
qarşısını almaq, dəyən zərərlərin
nəticələrini aradan qaldırmaq üçün səfərbər
olunaraq fasiləsiz iş rejimində
çalışdılar. Bir sözlə,
bütün aidiyyəti qurumların səmərəli fəaliyyəti
sayəsində respublikamız təbiətin ən
ağır zərərlərindən və böyük bəladan
xilas oldu.
Onu da qeyd edək
ki, digər ölkələr müvafiq tədbirlər
planını icra etməkdə texniki və maliyyə problemləri
ilə üzləşdiyi halda respublikamızda belə bir
tendensiya müşahidə olunmadı. Azərbaycanın bu işi
öz gücünə, heç bir ölkənin
yardımına ehtiyac olmadan həll etmək iqtidarında
olduğu bir daha təsdiqləndi. Məlum oldu ki, təbii
fəlakətin vurduğu zərərlərin
qarşısının alınması, bəndbərkitmə
işlərinin gücləndirilməsi, infrastrukturun bərpası,
insanların bütün sosial-məişət problemlərinin
həll olunması və insanlara dəymiş ziyanın ödənilməsi,
həmçinin, kompensasiyaların verilməsində hökumət
həm güclü maliyyə imkanlarına, həm də
texniki-fiziki işlərin həyata keçirilməsi
üçün müasir texnika və avadanlıqlara malikdir. Bunun nəticəsidir ki, insanların təhlükəsizliyinin
təmin olunması, iaşə-məişət
qayğılarının həll edilməsi, onlara müvafiq
maddi yardımların göstərilməsi sahəsində
ölkəmizin öz resurslarından istifadə
olunmaqdadır.
Onu da qeyd edək ki, subasma zamanı öz
evlərindən çıxmaq məcburiyyətində qalan əhali
üçün salınmış çadır şəhərciklərində,
həmçinin, təbii fəlakətə məruz
qalmış kəndlərdə təhlükəsizliyi təmin
etmək məqsədilə 24 saat fasiləsiz işləyən
operativ qərargahlar quruldu. Daxili İşlər
Nazirliyinin 500 nəfər və Fövqəladə Hallar
Nazirliyinin isə 600-dən çox əməkdaşı qəsəbələrin,
kəndlərin mühafizəsi ilə məşğul oldu.
Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin 2 min nəfər
şəxsi heyəti və 700-ə qədər texnikası
Sabirabad, Saatlı, Neftçala, Salyan, Kürdəmir, Zərdab
zonalarında çalışdı. Çadır
şəhərciyində 24 saat ərzində təhlükəsizliyi
tam təmin etmək üçün Səhiyyə Nazirliyinin
tibbi heyəti və Fövqəladə Hallar Nazirliyinin bir
helikopteri növbə çəkdi.
Bir sözlə, Kür və Araz
çaylarının daşması nəticəsində
baş vermiş təbii fəlakətlə əlaqədar
Prezident İlham Əliyevin 2010-cu il 19 may tarixli Sərəncamı
ilə yaradılmış Hökumət Komissiyasının tərkibinə
daxil olan bütün dövlət qurumları, xüsusilə
də Fövqəladə Hallar Nazirliyi təbii fəlakətin
daha böyük fəsadlar törətməsinin
qarşısını almaq və subasmaların vurduğu
ziyanı aradan qaldırmaq üçün bütün
işləri vaxtında və operativ şəkildə həyata
keçirdilər. Dövlət
başçısının diqqət və
qayğısı nəticəsində yüksək texnika ilə
təchiz olunan Fövqəladə Hallar Nazirliyi, eləcə də,
digər təşkilatlar qarşıya qoyulan bütün
tapşırıqların öhdəsindən layiqincə gələ
bildi. Sözügedən təbii fəlakət zamanı
o da məlum oldu ki, FHN təmsilçiləri tərəfindən
bu qurumun əsas fəaliyyət istiqamətlərinə
müvafiq olaraq mülki müdafiə, əhalinin və ərazilərin
fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin,
su hövzələrində insanların təhlükəsizliyinin
təmin edilməsi, fövqəladə hallarda çevik
reaksiya verilməsi və humanitar yardımların idarə
olunması işi uğurla təşkil edildi və həyata
keçirildi.
Yayda da, qışda da iş başında
Təbii ki,
FHN-nin əməkdaşlarının işləri heç də
sözügedən fəaliyyətlə məhdudlaşmır. Nazirliyə daxil olan
bütün strukturlar ilin bütün fəsillərində təmsil
etdikləri, daha dəqiq desək, cavabdehlik
daşıdıqları sahələrdə hər hansı
problemlərin yaranmaması, həmçinin, mövcud olan
problemlərin də dərhal aradan qaldırılması
istiqamətində öz fəaliyyətlərini davam etdirirlər.
Məsələn, ötən ilin dekabrında
paytaxta yağan güclü qarın insanların və
avtomobillərin gediş-gəlişinə mane olmasının
qarşısını almaq üçün fəaliyyətə
keçən ilkin qurumlardan biri məhz FHN oldu. Həmin
vaxt paytaxt küçələrinə 20 texnika
çıxaran FHN işçiləri ilə yanaşı,
Mülki Müdafiə Alayının və Yanğından
Mühafizə Xidmətinin 1000 nəfərə yaxın əməkdaşı
da küçələrin qar və buz örtüyündən
təmizlənməsi prosesinə qoşulmuşdu.
Yaxud da
başqa bir fakt. Bu günlərdə
havaların isti keçməsi ilə əlaqədar baş
verə biləcək yanğınların
qarşısını almaq üçün FHN-nin Dövlət
Yanğın Nəzarəti Xidmətinin əməkdaşları
Bakı və Sumqayıt şəhərlərinin, Abşeron
rayonunun bağ massivlərində yanğın təhlükəsizliyi
tədbirlərini davam etdirir, yay mövsümü ilə əlaqədar
əhalinin böyük bir hissəsinin bağ evlərində
istirahət etdiyini nəzərə alaraq əhali arasında
yanğına qarşı təbliğat xarakterli söhbətlər
aparılır.
Bağ massivlərində
keçirilən növbəti yanğın təhlükəsizliyi
tədbirində xüsusi avtonəqliyyat vasitələrinin,
xüsusən də yanğın avtomobillərinin evlərə
sərbəst yaxınlaşmasına sakinlər tərəfindən
yaradılmış maneələr müəyyən edilib. Eyni zamanda, müvafiq icazələr
olmadan dirəklərin, şlaqbaumların
quraşdırılmasının, keçidlərin
bağlanmasının yanğın hadisələri zamanı
yanğın avtomobillərinin hərəkətinə,
çevik manevr etməsinə maneçilik törətməsini
nəzərə alaraq həmin maneələrin ləğv
edilməsi üçün əməli tədbirlər
görülüb.
Təbii ki,
bu sıraya FHN-nin digər strukturlarının fəaliyyətini
də əlavə etmək olar. Lakin sadəcə olaraq onu qeyd etmək yerinə
düşər ki, FHN ilin bütün fəsillərində
iş başındadır.
FHN təmsilçilərinin xaricdəki uğurları
Yeri gəlmişkən,
hazırda dünyanın bir çox ölkələrinin
müvafiq dövlət qurumları ilə əməkdaşlıq
əlaqələri quran FHN, eyni zamanda, xarici ölkələrdəki
fövqəladə vəziyyətlər zamanı öz
yardımlarını da əsirgəmir. Yuxarıda da qeyd etdiyimiz
kimi, buna misal olaraq, Rusiyada baş verən meşə
yanğınlarının söndürülməsi prosesində
Azərbaycan təmsilçilərinin göstərdikləri
uğurlu fəaliyyəti qeyd etmək olar. Məlumat üçün deyək ki, Rusiya
Federasiyasının ərazisini cənginə almış
meşə yanğınlarının söndürülməsində
köməklik göstərilməsi məqsədilə yola
salınan Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin 2 ədəd helikopteri cari ilin avqust ayının 5-də
Rusiyanın Ryazan şəhərinə çatıb. Azərbaycanlı
yanğınsöndürən-xilasedicilər (4 qrupda 19 nəfərlik
şəxsi heyətlə) dərhal “Mi-17-1V” və “Ka-32A”
tipli helikopterlərlə Ryazan şəhəri ətrafında
tüğyan edən meşə yanğınlarının
söndürülməsinə başlayıblar. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi
ilə əlaqəli şəkildə həyata keçirilən
əməliyyatlar ilk müsbət nəticələrini verib və
bir neçə yanğın ocağı qısa müddətdə
söndürülüb. Ümumiyyətlə, Azərbaycan
aviatorları Türkiyənin iki “Ka-32” helikopterinin heyəti ilə
birlikdə Ryazan vilayətində yanğın zonasına təxminən
560 uçuş həyata keçirib, alov mənbələrinə
on tonlarla su töküblər. Aviatorlarımız
ən güclü yanğınların qeydə alındığı
bölgələrdə - Ryazan, Klepikov, Rıbnov
rayonlarında işləyiblər.
Bu barədə
yayılan məlumatda deyilir ki, Rusiyanın Baş naziri Vladimir
Putin ölkəsində baş verən meşə
yanğınlarının söndürülməsində
iştirak etmiş yerli və xarici aviasiya dəstələrinin
üzvlərinə göstərdikləri fədakarlığa
görə təşəkkürünü bildirib, onlara xatirə
hədiyyələri təqdim edib. AzərTAc İTAR-TASS agentliyinə istinadən
xəbər verir ki, təntənəli mərasim “Ramenskoye”
hava limanında keçirilib.
Rusiyanın
Baş naziri 19 təyyarəçiyə xatirə saatları
təqdim edib. Mükafatlar Rusiya təyyarəçiləri ilə
yanaşı, Azərbaycan, Türkiyə, Belarus, Ukrayna və
Fransa təmsilçilərinə də təqdim olunub. Vladimir Putin yanğının söndürülməsində
Rusiyaya yardım etmiş ölkələrə təşəkkürünü
bildirib.
Bir qədər
əvvəl isə fövqəladə hallar naziri Sergey
Şoyqu xarici ölkələrin yanğının
söndürülməsində iştirak etmiş
bütün təyyarəçilərini Rusiya Fövqəladə
Hallar Nazirliyinin fəxri nişanları ilə təltif edib.
Öz növbəsində, Rusiyanın
Ryazan vilayətinin qubernatoru Oleq Kovalyov meşə
yanğınlarının söndürülməsində
göstərdikləri mərdliyə və fədakarlığa
görə Azərbaycan və Türkiyə aviatorlarına
minnətdarlığını bildirib, onlara fəxri fərmanlar,
təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim
edib.
Yeri
gəlmişkən avqustun 18-də təmsilçilərimiz Vətənə
döndülər.
Uğurlu fəaliyyət
davam edir
Bir sözlə,
bu faktlar bir daha ölkəmizdə aparılan hərtərəfli
islahatların, həyata keçirilən dövlət
proqramlarının müsbət nəticələrə və
uğurlara yol açdığını təsdiqləyir. Görünən odur ki,
Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının
sosial rifah halının yaxşılaşdırılması,
həmçinin, nazirlik və komitələrin öz işlərini
müasir dövrün tələblərinə uyğun şəkildə
qurmaları üçün göstərdiyi diqqət və
qayğı
öz bəhrəsini verir. Bu gün Azərbaycanın
nazirlik və komitələri nəinki ölkə daxilində
həyata keçirilən işlərdə üzərlərinə
düşən vəzifənin öhdəsindən layiqincə
gəlir və uğurlar əldə edir, həmçinin,
Fövqəladə Hallar Nazirliyinin timsalında ölkə
xaricində də öz çevik və nümunəvi fəaliyyətləri
ilə fərqlənirlər.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2010.- 20 avqust.- S. 3.