Tarixi və təbii
gözəlliyini qoruyub saxlayan Balakən, Zaqatala və Qax
rayonlarında müasir turizm infrastrukturu yaradılıb
Adı çəkilən rayonlara etdiyimiz səfərlər
zamanı gördüklərimizin nəticəsində gəldiyimiz
qənaət bunu deməyə əsas verir
Müasir
dövrdə turizm sektoru dövlətlərin
inkişafında mühüm payı olan sahə kimi qəbul
edilir. Dünyada bir çox
ölkələr var ki, onların dövlət büdcələrinin
böyük bir hissəsi məhz, turizm xidmətlərinin
hesabına formalaşır. Əlbəttə
ki, turizm sektorunun inkişaf etdirilməsi və turistlərə
yüksək səviyyəli xidmətlərin təklif edilməsi
üçün böyük miqdarda maliyyə vəsaiti tələb
olunur. Məsələn, qardaş ölkə
Türkiyənin bu gün turizmdən milyardlarla gəlir əldə
etməsi heç kəsə sirr deyil. Bu gəlir
sektorunun qurulması isə qardaş ölkədə ötən
əsrin 70-ci illərindən başlanılmışdı.
Azərbaycanda bu sahə çox gənc olsa da,
turizm sektorunun inkişafı istiqamətində məqsədyönlü
fəaliyyət həyata keçirilir.
Yazımıza
bu girişlə başlamağımız heç də təsadüfi
deyil. Belə ki, məzuniyyət günlərində
istirahət etdiyimiz Balakən, Zaqatala və Qaxda
apardığımız müşahidələrdən sonra
bu rayonların timsalında hazırda ölkəmizin turizm
sektorunun inkişaf etdirilməsi istiqamətində atılan
addımları, görülən işləri
işıqlandırmağa və Azərbaycanın
dünyanın avanqard turizm ölkələrilə rəqabətə
girməyə hazır olduğunu göstərməyə qərar
verdik.
Ümumiyyətlə,
adı çəkilən rayonlar elə bir ərazidə yerləşirlər
ki, həm tarixiliyi, həm də təbiəti
baxımından onlar turizmin inkişafı üçün əlverişli
imkanlara sahibdirlər. Sözügedən bölgədə mövcud olan
tarixi-mədəni abidələrin çoxluğu onu göstərir
ki, bu yerlər ta qədim zamanlardan bizanslılara, xəzərlərə,
ruslara qarşı döyüşlərdə əsas istinad məntəqələri
qismində çıxış ediblər.
Eyni zamanda,
sıx meşə və zəngin təbii sərvətlərə
malik olması bu yerlərin cəlbediciliyini daha da
artırır. Bu gün həm
tarixi, həm də təbiət gözəlliyini qoruyub
saxlayan Balakən, Zaqatala və Qax rayonları müasir turizm
keyfiyyətlərinə tam cavab verirlər və bu rayonlar
malik olduqları üstünlüklərlə turistlərə
yüksək səviyyəli xidmətlər təklif etməyə
hazırdırlar...
Balakən turizm potensialını reallaşdırır
İstirahətimizə
Zaqatala rayonundan başlamağımıza baxmayaraq, ilk olaraq,
Balakən rayonunda gördüklərimiz və eşitdiklərimiz
barədə danışmaq istərdik.
Belə ki,
Balakən rayonunun zəngin təbii landşaft və
toxunulmamış meşə sahələri turizmin
inkişafı üçün əlverişli perspektivlər
açır. Ərazidə
turistlərin maraqlı istirahət mənbəyi ola biləcək əvəzsiz təbiət
guşələri mövcuddur. Rayonda son illər
turizmin inkişafı ilə bağlı xeyli işlər
görülüb. Rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət
parkında əhaliyə yüksək səviyyədə mədəni
xidmət göstərmək və turizmi inkişaf etdirmək
məqsədi ilə aparılan böyük quruculuq işləri
artıq başa çatıb. Parkda uşaq,
yeniyetmə, gənclər və ahılların mənalı
istirahəti üçün hər cür şərait
yaradılıb, atraksionlar yerləşdirilib, 1200 metrlik kanat
yolu çəkilib. Parkın ərazisində
100 yerlik “Qubek” oteli inşa olunub.
Bakı-Şamaxı-İsmayıllı-Balakən
turizm marşrutu reallaşdığından Balakən rayonunda
12 turizm marşrutu üzrə zonalar müəyyənləşdirilib:
Balakən - Katex şəlaləsi, Balakən - Qubek - Su
dönən, Balakən - “Mirovaya voda”, Balakən -
Arılıq, Balakən - Qaraçay - Siltik - Geoloji kəşfiyyat,
Balakən - Mazımçay, Balakən - Darvazbinə - Göyəmtala
- Qanıx, Balakən - Qabaqçöl - Bağman bulaq -
Kubçar bulaq, Balakən - Aviasiya mərkəzi - İmam
bulağı, Balakən - İtitala, Balakən - Gərəkli
- Zepel bulaq - Pəri qalası, Balakən - Cicixana.
Ümumiyyətlə,
rayon ərazisində olan tarix və mədəniyyət abidələrini,
həmçinin, mövcud şəraiti nəzərə
alaraq, ekoloji, ekzotik, təbiət və idman (ovçuluq,
deltaplan, piyada, atçılıq), ailə turizmini inkişaf
etdirmək mümkündür.
Balakən
çox zəngin tarixə malik rayondur. Respublikamızda 6308 tarix və
mədəniyyət abidəsi mövcuddur. Onların 65-i dünya, 2034-ü ölkə, 4209-u
yerli əhəmiyyətli abidələrdir. Balakən rayonunda isə dövlət
qeydiyyatından keçmiş 26 tarix və mədəniyyət
abidələri, 32 yeni aşkar olunmuş abidələr
mövcuddur. Qeydə alınmış abidələr
inventarlaşdırılıb, qoruyucu lövhələr vurulub.
Həmin abidələrdən 2-si ölkə əhəmiyyətli
memarlıq, 7-si ölkə əhəmiyyətli arxeoloji, 17-si
isə yerli əhəmiyyətli abidələrdir.
Rayonda V-VII yüzilliklərdə Azərbaycanı
Sasanilər işğal etdikdən sonra Sasani hökmdarı I
Qubad və Xosrov Ənuşirəvanın göstərişi
ilə dağlıların qəfil hücumundan müdafiə,
həmçinin, “Hun keçidi”ndən gələn
hunların axınının qarşısını almaq məqsədilə
tikilmiş Böyük Sədd, eyni zamanda, Darvaz məbədi,
Arılıqbinə məbədi, Gül qalası, Noxo
mağarası, V-VI yüzilliyə aid Pəri qalası, XVIII əsrdə
tikilmiş Məscid, XVIII-XIX əsrə aid Hacı Murtuz
qalası, Cicixana məbədi, XIV əsrə aid Türbə,
Məscid, IX-XI əsrlərə aid Alban məbədi və
digər tarixi mədəniyyət abidələri mövcuddur.
Burada, həmçinin,
arxeoloji qazıntılar zamanı V-VIII əsrə aid
xarabalıq yaşayış yeri, Pir, Küp qəbirləri və
nekropolu, XI-XII əsrlərə aid köhnə qəbiristanlıq,
Yeraltı su anbarı, orta əsrlərə aid Şəhərgah
aşkar edilib.
Balakən
rayonu ərazisindəki Katexçay şəlaləsi isə
Azərbaycanda ən məşhur şəlalələrdən
biri sayılır. Qeyd edək ki, bu şəlalə Zaqatala Dövlət
Təbiət Qoruğunun ərazisinə daxildir. Şəlalənin hündürlüyü 20 metrə
yaxındır. Bu, Azərbaycanın ən
bolsulu şəlaləsidir. Şəlaləyə
getmək üçün Katex kəndindən keçən sərt
eniş-yoxuşlarla hərəkət etmək lazımdır.
Katexçaya çatmaq üçün 500
metrlik çətin dolanbaclı və uçurumlu yolu piyada qət
etmək gərəkdir. Şəlalənin
yerləşdiyi ərazini görənlər əsrarəngiz
mənzərədən zövq ala bilirlər. Bura turistlərin ən çox üz tutduğu məkanlardan
biridir. Mütəxəssislər bildirirlər
ki, Katexçay şəlaləsinin təzyiqindən əldə
edilə biləcək elektrik enerjisi, bəlkə də,
bütöv bir rayonun işıqla təminatını həyata
keçirə bilər.
Zaqatala turizmin inkişafı
baxımından çox irəli gedib
İlkin
olaraq, dayandığımız rayonda - Zaqatalada isə bir
çox sürprizlərlə qarşılaşsaq da, təbiətin
gözəlliyi və bölgənin tarixi zənginliyi
bütün bunları bizə unutdurdu. Ümumiyyətlə,
Zaqatala rayonu Baş Qafqaz sıra dağlarının cənub
yamacında və Qanıx-Əyriçay vadisində yerləşir.
Cənubdan Gürcüstan Respublikası, şimaldan
Dağıstan Respublikası ilə həmsərhəddir. Rayonun ərazisi dağlıq və aran hissədən
ibarətdir.
Zaqatala inzibati rayon kimi yetmiş doqquz il əvvəl yaradılıb. Bakı-Yevlax
marşrutu ilə gedən yolla rayona məsafə 445
kilometrdir. Qəbələdən keçməklə
isə bu yolu təqribən 65 kilometr qısaltmaq
mümkündür. Rayon mərkəzindən
sonra iri yaşayış məntəqələri - Əliabad
qəsəbəsi, Muxax, Yuxarı və Aşağı Tala,
Danaçı kəndləridir. Əhalisinin
ümumi sayı isə təqribən 118 min nəfərdir.
Bunun təqribən beşdə biri mərkəzdə
yaşayır. Şimaldan Böyük Qafqaz
sıra dağlarıyla əhatəyə alınmış
Zaqatalanın zaman-zaman qonşu Dağıstanla yaxın əlaqələri
olub. İyirmi millətin nümayəndəsi
yaşayan rayonda əslən Dağıstandan gələnlər,
oradakılarla qohumluq münasibətləri bu baxımdan səbəbsiz
deyil.
Quton
dağı (3648 m) Balakənlə Zaqatalanın
arasındadır. Mənbəyini Böyük Qafqazdan götürən
Tala, Katex və Muxax çayları isə Qanıxa (Alazan)
tökülür. Zaqatala Dövlət Təbiət
Qoruğunun bir hissəsi bu rayonun ərazisindədir.
Zaqatalanın,
həmçinin, maraqlı tarixi var. Çar Rusiyası
dövründə Zaqatala Dağıstan vilayəti, Tiflis və
Yelizavetpol quberniyalarıyla sərhəddə yerləşirdi. Məşhur “Potyomkin”
zirehli gəmisinin cəzalanmış matrosları hərbi
dairənin mərkəzindəki Zaqatala qalasına gətirildikdən
sonra burada bolşevik əhval-ruhiyyəsi güclənmişdi.
Gəlmələrlə yerli inqilabçı
ruhlu insanlar birləşib quruluş əleyhinə mübarizəyə
başlamışdılar. Təsadüfi
deyil ki, 1863-cü ildə burada tarixə düşmüş
Zaqatala üsyanı baş vermişdi.
Xatırladaq
ki, Zaqatala qalası 1830-cu ildə Zaqatala şəhəri ərazisində
tikilmişdi. Qalada toplarla təchiz edilmiş güclü qarnizon
saxlanılırdı. Zaqatala qalası
Çar hakimiyyətinə qarşı bir sıra kəndli
üsyanlarının yatırılmasında əsas dayaq məntəqəsi
olub. Zaqatala qalasında saxlanılan matrosların inqilabi
fəaliyyəti barədə yazıçı Qılman
İlkin “Qalada üsyan” romanını yazıb və həmin
əsər əsasında “Yenilməz batalyon” bədii filmi
çəkilib.
Bütün tarixi abidələrlə tanış olmaq şansımız olmasa da, məşhur
Zaqatala qalasında olduq. Qeyd edək ki, Zaqatala
qalası tarixi abidə kimi dövlət tərəfindən
qorunur. Bu yaxınlarda qaladakı hərbi
hissə köçürüldükdən sonra bərpa
işləri aparılmağa başlanılıb.
Ümumiyyətlə,
rayonda 108 tarixi-memarlıq abidəsi var. Əksəriyyəti
yerli əhəmiyyətlidir. Bunlardan ən qədimi Pəri qalası,
Armatay qalası, Cingöz-qalası, Şeytan qalası və
başqalarıdır. Rayonun kənd yerlərində
VI-VIII əsrlərdən qalmış 10-dan çox Alban abidələri
mövcuddur.
Rayonun Mamrux, Mazıx, Muxax, Qəbizdərə,
Yuxarı Tala və Yuxarı Çardaxlar kəndlərində
VI-VIII əsrlərdən qalmış çoxlu Alban abidələri,
qalaları var ki, onların yenidən bərpası
mümkün olmasa da, qismən də olsa, qorunması sahəsində
müəyyən işlər görülür. Yerlərdə mövcud olan məscidlərin isə
hamısında yenidənqurma, bərpa işləri
aparılır, tarixi abidə kimi onların qorunması təmin
edilir.
Həmçinin,
Yuxarı Çardaxlar kəndində olan dağiçi qala və
bir qismi uçmuş Zaqatala səddi bu abidələr içərisində
ən yaşlılarıdır. Bu abidələr təqribən 1500 illik
tarixə malikdirlər. Burada 150 il
öncə Zaqatalaya sürgün edilmiş polyakların kilsəsi
də mövcuddur. Hərçənd, həmin
polyakların nəslindən kimsə qalmayıb.
Zaqatala, həmçinin,
təbiətilə insanları valeh edir. Bu rayonun təbiətindən
şəlaləyə qalxmadan həzz almaq
qeyri-mümkündür. Burada Kilsəçayın
Katexçaya qarışdığı yerdə, suları 20
metr hündürlükdən qulaqbatırıcı gurultu ilə
dar qayalıq dərəyə tökülən, çox əzəmətli,
gözəl və kifayət qədər güclü şəlalə
yaranıb. Bu şəlaləyə Qəbizdərə
və yaxud Zaqatala şəlaləsi deyilir.
Ümumiyyətlə,
Zaqatala Dövlət Qoruğunun ərazisində 10-a yaxın
şəlalə var.
İstirahət etməli və görməli yerlər həm
də Qaxdadır...
Növbəti
dayanacaq məntəqəsi Qax rayonu oldu. Qax Azərbaycanın
mühüm aqrar-sənaye rayonlarından biridir. Əsasən qərzəkli meyvələr
(fındıq, şabalıd, qoz) rayonu kimi tanınır.
Bol su ehtiyatı, normal rütubət balansı,
məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri,
qış otlaqları əkinçiliyin və
heyvandarlığın inkişafını təmin edir.
Rayon respublikanın mühüm meşə sərvəti
regionlarındandır. Palıd, vələs,
qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə
ağacları, dərman bitkiləri, qonur ayı, dağ
keçisi, qaban, müxtəlif quşlar buradakı meşələrin
zəngin sərvətləridir. Bu zənginliyi
qorumaq və artırmaq məqsədilə İlisu dövlət
qoruğu yaradılıb. Qoruq ərazisinin
əksər hissəsi Ağçay kəndinə
düşür.
Qax rayonu da
digər rayonlar kimi turizmin inkişafı üçün
geniş imkanlara malik flora və faunası ilə
yanaşı, qədim yaşayış məskənlərindən
olub, tarixi abidələri ilə mühüm əhəmiyyət
kəsb edir. Məlumdur ki, turistlərin əsas maraq obyekti
olduğu ölkənin tarixi, məişəti, adət-ənənələri,
gəzməli və görməli yerləridir. Abidələr bu sırada önəmli yerlərdə
durur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2
avqust 2001-ci il tarixli qərarı ilə təsdiq
edilmiş siyahıya əsasən Qaxda 68 ədəd tarix və
mədəniyyət abidələri qeydiyyata
götürülüb. Bunlardan 2-si dünya əhəmiyyətli,
48 isə yerli əhəmiyyətlidir, 48 memarlıq, 18
arxeoloji, 2 monumental və xatirə abidələridir. Bu
abidələrdən biri olan Cinli Qala İlisu kəndinə
gedən şosse yolun sağ tərəfində, Kürmük
çayının sol sahilində, qayanın üstündə
inşa olunub. İlisu kəndindən 5 kilometr
aralıdakı qalanın yerləşdiyi dağın
yaxınlığındakı dərəni yerli əhali Qala
dərəsi adlandırıb. Qalanın
inşa tarixi VII-IX əsrlərə aid edilir. Qaya çıxıntısı üzərində
inşa olunmuş qala bütövlüyünü qoruyub
saxlayıb. Bu istehkam tipli tikili qala
bürcləri və divarlardan ibarətdir. Bürc və divarlarda ətraf ərazini
müşahidə etmək üçün və həm də
atıcı silahlardan istifadə etmək üçün
mazğallar da var.
Bununla yanaşı, rayon ərazisində
Sumuq Qala, Həsən xan Qalası, Qalaça (Şamil
qalası), Ləkit məscidi, Qum məbədi, Lələpaşa
məscidi, Güllük məscidi və Axund baba məqbərəsi,
Hacı Tapdıq və Şeyx Yunis İmrə məqbərəsi
kimi tarixi-memarlıq inciləri mövcuddur. Qax
rayonu ərazisində orijinal xüsusiyyətlərə malik qədim
tarixi-memarlıq abidələrindən biri də Ulu
Körpüdür. Körpü İlisu kəndinə
gedən yolda, Kürmük çayının üzərində
salınıb. Yerli əhalinin
körpünü Ulu adlandırması onun bu tipdə inşa
edilən körpülərin ən böyüyü
olmasından xəbər verir. Ulu
Körpünü təxminən XVII-XVIII əsrlərə aid
etmək olar. Körpü Kürmük
çayının axarının daraldığı yerdə,
qaya çıxıntıları üzərində, çay
daşından, əhəng məhlulundan və əsasən də,
bişmiş kərpicdən tikilib. Məlumatlara
görə, körpünün tikintisində bütün kənd
əhli iştirak edib. Ulu
Körpünün inşasında inşaat materialları ilə
yanaşı duru məhlul kimi yumurta sarısından da istifadə
edilib. Adları hələlik naməlum
qalan mahir İlisu ustalarının inşa etdikləri
körpüdən indi də istifadə olunur. İlisuya
gedən hər bir turist orada ayaq saxlayıb, körpü ilə
yaxından tanış olur. Əlbəttə
ki, digər iki rayon kimi Qaxın da təbiəti insanı cəlb
edir. Xüsusilə, Qax rayonundakı
İlisu şəlaləsi. Bu şəlalə
tamam başqa bir aləmdir. Ona çatmaq
üçün ən azı yarım saatlıq yolu piyada qət
etməlisən. Hündürlüyə
qalxmağı bacarmayanlar üçün isə nəqliyyat
vasitələri də həmin ərazidə fəaliyyət
göstərir. Şəlalənin
hündürlüyü təxminən 25 metrdir. Şəlaləyə gedən yolda onlarla bulağa
rast gəlmək mümkündür. Bu
sular qayalıqların arasından keçərək,
süzülərək buz kimi axır. Şəlaləyə
qalxanadək susuzluğu məhz, həmin bulaq suları
hesabına yatırmaq olur...
Ümumiyyətlə,
Azərbaycanın bütün rayonları özünün
spesifik xüsusiyyətinə görə, cəlbedicidir. Xüsusilə, ölkəmizin
dağ rayonlarında olan təbiət gözəlliyi və
tarixi-mədəni abidələrin çoxluğu yerli və
xarici turistlərin marağını kəsb edir. Ona görə də, bu cür materiallarla mövcud əlverişli
turizm imkanlarının təbliğini həyata keçiririk.
Eyni zamanda, bu cür valehedici gözəlliyi
görmək üçün hər kəsi həmin rayonlara
səfər etməyə dəvət edirik.
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.- 2010.- 21 avqust.- S. 8.