Yüksək ideallardan qaynaqlanan
missiya
Mehriban xanım Əliyevanın xeyriyyəçilik amalları təkcə Azərbaycanda
deyil, dünya ictimaiyyəti tərəfindən də layiqincə
dəyərləndirilib
AzərTAc: Mənəvi meyarların
aşınmaya məruz qaldığı indiki qloballaşma əsrində
təkcə xalqların malik olduqları milli-mədəni
irsin deyil, bütövlükdə ümumbəşəri
ideal və dəyərlərin mənfi təzahürlərdən
qorunması vacib məsələ kimi önə
çıxıb. Hər bir qədim etnosun
tarixi təkamül prosesləri nəticəsində
formalaşmış mədəni, mənəvi dəyərlərinin,
bədii-estetik baxışlarının, düşüncə
sisteminin, adət-ənənələrinin hifz edilərək
gələcək nəsillərə ötürülməsi,
habelə cəmiyyətə yüksək insani keyfiyyətlərin
aşılanması da müasir dövrün ictimai
sifarişinə çevrilib. 2004-cü ildə Prezident
İlham Əliyevin Sərəncamı ilə
yaradılmış Heydər Əliyev Fondunun fəaliyyət
fəlsəfəsini də qlobal aspektdə yalnız bir ideya və
amal təşkil edir: insanlara təmənnasız
qayğı, cəmiyyətə xidmət!
Yarandığı
gündən xalqın mənəvi sərvətinin və
milli mədəniyyətinin sadiq keşikçisinə
çevrilmiş Heydər Əliyev Fondu, ilk növbədə,
Ümummilli liderin müdrikliyə əsaslanan həyat fəlsəfəsini,
xalqa xidmət missiyasının əbədiyaşarlığını
təmin edən mühüm ideoloji-humanitar mərkəzdir. Qurumun başlıca məqsədi Ulu
öndərin zəngin dövlətçilik irsinin öyrənilməsinə
və təbliğinə xidmət edən irimiqyaslı
proqramları himayə etmək, xalqın rifahının
yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri
dəstəkləmək, elm, təhsil, mədəniyyət,
incəsənət, səhiyyə və idmanın
inkişafını təmin edən layihələrə
yardımçı olmaq, milli-mənəvi dəyərlərə
sadiq gənclərin yetişdirilməsinə
çalışmaq, respublikamızın nüfuzunu
artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən
ibarətdir.
Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
çoxşaxəli vətənpərvər fəaliyyəti
məhz, bəşəriyyətin xilasına yönələn
milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm
əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə
yönəlib. Bu xeyirxah missiya insanlara səmimi
diqqət və qayğı istəyindən qaynaqlanır.
Son altı ildə millət və dövlət
maraqları baxımından müstəsna əhəmiyyətə
malik bir sıra layihələri uğurla gerçəkləşdirərək
cəmiyyətdə mərhəmət və
xeyirxahlığın ali ünvanına
çevrilmiş Heydər Əliyev Fondunun qarşıya
qoyduğu hər bir xoş məram, ilk növbədə,
Ümummilli liderin ali ideallarını özündə ehtiva
edir. Şəxsiyyətə yüksək
hörmət, vətəndaşa həssas münasibət,
insanlara qayğı və təmənnasız xidmət
amalını prioritet seçmiş Fond fəaliyyəti ərzində
həm də xalqın milli varlığını
özündə yaşadan zəngin mənəvi-intellektual və
mədəni mülkiyyətin qorunması istiqamətində əzmkar
fəaliyyət göstərib. Bu
baxımdan Azərbaycan mədəniyyətinin YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
timsalında özünə etibarlı hami və xilaskar
tapması mühüm məqam kimi qiymətləndirilməlidir.
Mehriban xanım Əliyeva haqlı olaraq hesab edir
ki, Azərbaycan xalqının milli mədəniyyətinin yad
təsirlərdən qorunması üçün, ilk növbədə,
milli-mənəvi və əxlaqi dəyərlərin cəmiyyətdə
tam bərqərar olmasına, habelə ictimai şüurda daha
da möhkəmlənməsinə çalışmaq
lazımdır.
1995-ci ildə
Mehriban xanım Əliyeva tərəfindən
yaradılmış Azərbaycan Mədəniyyətinin
Dostları Fondu da ümumbəşəri mənəvi dəyərlərlə
zəngin olan milli mədəniyyətimizin inkişafına
çox böyük töhfələr verib. Qədim və zəngin ənənələrə
malik xalqımızın maddi və mənəvi mədəniyyət
nümunələrinin, incəsənətinin, folklorunun,
musiqisinin qorunması, eləcə də, bütün
dünyaya yayılmasında çox mühüm rol oynayan “Azərbaycan-İrs”
jurnalının 1996-cı ildən nəşrə başlaması
da son dərəcədə təqdirəlayiq tarixi faktdır.
Mehriban xanım Əliyeva hələ o dövrdən
məhz, xeyirxah missiyanı qarşıya qoyub, yüksək təşəbbüskarlığı,
fitri idarəçilik keyfiyyətləri ilə milli mədəniyyətimizin
böhrandan qurtulmasına və inkişafına böyük
töhfəsini verib. Azərbaycan, rus və
ingilis dillərində nəşr edilən jurnalda qədim və
zəngin mədəniyyətimizin, tarixi-milli irsimizin qorunub
saxlanılması və gələcək nəsillərə
ötürülməsi ilə bağlı çoxsaylı məqalələr
dərc olunub.
Azərbaycan Mədəniyyətinin Dostları
Fondu bir ictimai-iqtisadi və siyasi qurumdan mahiyyətcə və
köklü şəkildə fərqlənən digər bir
ictimai quruma keçid dövründə, üstəlik də
nankor qonşumuzun - Ermənistanın uydurma “Dağlıq
Qarabağ” problemini yaratdığı çətinliklər
dövründə milli mədəniyyətimizin üzləşdiyi
taleyüklü məsələlərin, qarşıda duran
başlıca məqsəd və vəzifələrin həlli
istiqamətində ardıcıl, təsirli, kompleks tədbirlər
həyata keçirib.
Mehriban
xanım Əliyevanın dünya mədəni irsinin nadir
incisi olan Azərbaycan muğamlarının öyrənilməsi
və təbliği ilə bilavasitə bağlı titanik fəaliyyəti
onun mənəvi dəyərlərə nə dərəcədə
sıx bağlı olduğunu sübut edir. 2005-ci ildə YUNESKO-nun
baş direktoru Koişiro Matsuuranın iştirakı ilə
Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlinin
qoyulması və qısa müddətdə onun istifadəyə
verilməsi Heydər Əliyev Fondunun fəaliyyətində
ümumbəşəri səpkili milli mədəniyyətimizin
ən nadir incilərinin təbliği məsələsinin
vacib yer tutduğunu göstərir.
Azərbaycan muğam sənətinin
inkişafı və qorunması istiqamətində atılan
növbəti addım “Azərbaycan muğamları” layihəsi
çərçivəsində “Qarabağ xanəndələri”
musiqi albomunun tərtib və nəşr edilməsi olub. Heydər
Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun layihəsi əsasında Azərbaycan
Televiziyasının keçirdiyi “Muğam televiziya müsabiqəsi-2007”
bu sahədə atılan addımlardan biri olub. İndi
əminliklə demək olar ki, mədəniyyətimizin hamisi
olan Mehriban xanım Əliyeva bu sənətin
yaşamasını təmin edən ənənənin təməlini
qoyub. “Muğam aləmi-2009” Beynəlxalq
müsabiqəsində 11 ölkədən 20 ən
istedadlı ifaçı iştirak edib. Onların
bu müsabiqəyə qatılması bir daha muğamın Azərbaycana
məxsusluğunu təsdiq edib. Müsabiqə
bu misilsiz sənət nümunəsinin yaşadılması və
inkişafı yolunda ən ciddi addımların Azərbaycanda
atıldığını göstərib.
Keçən il və
cari ildə Azərbaycanın ən gözəl guşələrindən
birində - Qəbələdə Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə Beynəlxalq musiqi festivalları keçirilib. Bu festivallarda dünyanın ən tanınmış
musiqiçiləri iştirak ediblər. Azərbaycan
mədəniyyətinin təbliğinə yönələn
bu tədbirlər həm də ölkəmizin musiqi ənənələrinin
dünyada tanıdılmasına xidmət edib.
Bu gün Azərbaycanın
ayrı-ayrı bölgələrində bir çox tarixi abidələrin
və dini məbədlərin bərpa olunması da məhz Mehriban
xanım Əliyevanın adı ilə bağlıdır. Məscidlər və minarələr
ucaldan Mehriban xanım Əliyeva kilsələrə, sinaqoqlara
da diqqət və qayğı ilə yanaşır.
İnkarolunmaz
həqiqətdir ki, Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı
səfiri seçiləndən sonra bu mötəbər beynəlxalq
təşkilat ilə Azərbaycan arasında münasibətlər
yeni mərhələyə qədəm qoyub. Böyük imkanlara malik bu
nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkəmizin
təhsil problemlərinə cəlb edilməsi, təşkilat
ilə birgə keçirilən tədbirlər yaxın gələcəkdə
əlaqələrin daha da intensivləşməsinə
geniş imkanlar açır.
Təhsillə
bağlı qarşıya qoyulan əsas məqsəd Azərbaycanda
bu sahənin çağdaş dünyanın tələb
etdiyi səviyyəyə yüksəldilməsidir. Elmin, təhsilin
inkişafı, yeni nəslin təlim-tərbiyəsinin
yüksək səviyyədə qurulması, bu günün
uşaqlarının sabahın layiqli vətəndaşları
kimi yetişməsi yolunda konkret və məqsədyönlü
işlər görmək, ilk növbədə, həqiqi vətənpərvərlik
nümunəsidir. Heydər Əliyev
Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın son vaxtlar
atdığı addımlar, xüsusən də, təhsilə
böyük diqqət və qayğısı onun vətənpərvərliyinin
və xeyirxahlığının danılmaz sübutudur.
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə həyata keçirilən
“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi
çərçivəsində 2005-2009-cu illərdə 283 yeni məktəb
binası inşa olunaraq lazımi avadanlıqla təchiz edilib.
Heydər Əliyev
Fondunun fəaliyyət proqramına təhsil, səhiyyə sahələri,
uşaq evləri və internat məktəblərin maddi-texniki
təchizatı, ictimaiyyətin bu prosesdə
iştirakının fəallaşdırılması sahəsində
işlər daxildir. Fondun Bakı şəhərinin internat məktəbləri
və uşaq evləri üzrə hazırladığı
proqram bu istiqamətdə həyata keçirilən ən
mühüm tədbirlərdəndir. Proqrama
uyğun olaraq, uşaq evləri və internat məktəbləri
haqqında məlumatlar toplanaraq Heydər Əliyev Fondunda təhlil
edilib və bunların əsasında “Uşaq evlərinin və
internat məktəblərinin inkişafı” beşillik
proqramı hazırlanıb.
Heydər Əliyev Fondu kimsəsiz, valideyn
himayəsindən məhrum, fiziki imkanları məhdud, habelə
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində
məcburi köçkün həyatı yaşayan
uşaqlara qayğı göstərmək baxımından
bütün digər qurumlar üçün layiqli örnəkdir.
Fondun “Diabetli
uşaqlara ən yüksək qayğı” və
“Talassemiyasız həyat naminə” layihələri çərçivəsində
görülən tədbirlər böyük əhəmiyyət
kəsb edir. Ürək xəstəliklərindən əziyyət
çəkən körpələrin bir qisminə xarici
ölkələrdə cərrahiyyə əməliyyatı
aparılmasına kömək göstərmiş Heydər Əliyev
Fondu milli genefondumuzun qorunmasında da sözünü deyir.
Azərbaycanın birinci xanımının
başlıca məqsədlərindən biri də məhz, xəstə,
kimsəsiz uşaqlara qayğı örnəyini
başqalarına təlqin etməkdir. Mehriban
xanım Əliyevanın bu sahədəki xeyriyyəçilik
amalları təkcə Azərbaycanda deyil, dünya ictimaiyyəti
tərəfindən də layiqincə dəyərləndirilib.
2007-ci il mayın 17-də Cenevrədə Dünya Səhiyyə
Təşkilatının ali orqanı olan Dünya Səhiyyə
Assambleyasının 60-cı sessiyasında Azərbaycanda səhiyyənin
inkişafında, yeni xəstəxanaların
açılmasında və onların müasir avadanlıqla
təchiz edilməsində Mehriban Əliyevanın gördüyü
işlər xüsusi vurğulanıb və Azərbaycanın
birinci xanımına İhsan Doğramacı Ali
Sağlamlıq Fondunun mükafatı təqdim edilib.
Hər bir
millətin mənəvi-fiziki sağlamlığının və
kamilliyinin təmin olunması, eyni zamanda, idmanın, bədən
tərbiyəsinin dinamik inkişafından keçir. Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
Azərbaycan Milli Gimnastika Federasiyasının prezidenti kimi bu
yöndəki fəaliyyəti gənc nəslin fiziki-mənəvi
sağlamlığının təmin olunmasına xidmət
edir. Qısa müddətdə Azərbaycanda
bu idman növünün inkişafı istiqamətində əhəmiyyətli
addımlar atılması, habelə 2005-2007-ci illərdə
Bakıda bədii gimnastika üzrə mötəbər
çempionatların keçirilməsi Mehriban xanım Əliyevanın
bu sahədə də yaxşı təşkilatçı və
qayğıkeş insan olmasının daha bir göstəricisidir.
Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
2007-ci ilin mayında Milli Məclisdə qəbul olunaraq
dövlət başçısı tərəfindən
imzalanan və icra edilən amnistiya aktının cəmiyyətdə
böyük diqqət və hörmətlə
qarşılanması da təsadüfi deyildir. Ulu öndər Heydər Əliyevin
humanist siyasətinə sədaqətin əyani nümayişi
olan bu amnistiya aktı ilk gündən Onun xatirəsinə
ehtiramın ifadəsi kimi diqqəti cəlb edib. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə
olaraq Milli Məclisin deputatı tərəfindən irəli
sürülmüş və qəbul edilərək geniş
ictimai dəstək almış bu amnistiya aktı böyük
mənəvi-əxlaqi və siyasi məzmun kəsb edib. 2009-cu ilin martında da Mehriban xanım Əliyeva
növbəti amnistiya təşəbbüsü irəli
sürüb, bununla bağlı qərar layihəsini Milli Məclisə
təqdim edib. Təqribən 9 min şəxs
amnistiya aktının təsiri altına düşüb, 1700
məhkum azadlıqdan məhrumetmə yerlərindən azad
edilib.
Heydər Əliyev
Fondu digər ölkələrin problemlərinə də biganə
qalmır. Pakistanın
Müzəffərabad şəhərində zəlzələ
zamanı dağılan məktəb Heydər Əliyev Fondunun
dəstəyi ilə yenidən tikilib. Bu məktəb
zəlzələdən sonra ölkədə inşa olunan 5
min məktəb arasında ən yaxşısı və ən
nümunəvisidir. Bu qəbildən bir
neçə nəcib təşəbbüsü də qeyd etmək
olar.
Qarşıya
qoyduğu xeyirxah məqsədlərlə Heydər Əliyev
Fondu nəinki respublika hüdudlarında, eləcə də,
beynəlxalq miqyasda böyük nüfuz qazanıb. Məhz bu fəaliyyətin nəticəsi
olaraq Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım
Əliyeva 2004-cü ildə şifahi xalq ədəbiyyatının
və musiqi irsinin qorunub saxlanılması və inkişaf
etdirilməsinə görə YUNESKO-nun, çoxşaxəli
və genişmiqyaslı fədakar fəaliyyətinə,
qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilin
və səhiyyənin inkişafı sahəsində
gördüyü işlərə görə isə
2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri
adına, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq
Fondunun Yaqut Xaç ordeninə, 2007-ci ildə bəşəriyyətin
ali ideyalarına xidmətdə qazandığı görkəmli
nailiyyətlərə görə “Qızıl ürək”
beynəlxalq mükafatına, 2009-cu ildə Azərbaycanın
ictimai-siyasi və mədəni həyatında səmərəli
fəaliyyətinə görə “Heydər Əliyev
Mükafatı”na, cari ildə isə iki mötəbər
mükafata - Fransa dövlətinin “Şərəf Legionu”
ordeninə və YUNESKO-nun “Qızıl Motsart” medalına layiq görülüb.
Həyata keçirilən xeyirxah işlər
Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin,
habelə bu gün Vətən, xalq naminə aparılan məqsədyönlü
siyasətə dəstək vermək istəyinin əməli
təzahürü olmaqla yanaşı, həm də Fondun cəmiyyətdə
və ölkəmizdən xaricdə artan nüfuzunun ifadəsidir.
Son illərdə görülmüş bütün bu işlər,
qazanılmış uğurlar, ilk növbədə, Fondun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın xeyirxahlıq, humanizm, vətənsevərlik
hisslərinə, milli düşüncəyə söykənən
fəaliyyətinin, dünyanın tanınmış bir
çox ictimai və mədəniyyət xadimləri tərəfindən
də yüksək dəyərləndirilən intellektinin, təşəbbüskarlığının,
nüfuzunun, təşkilatçılıq və idarəetmə
bacarığının bəhrəsidir.
Yeni Azərbaycan.- 2010.- 27 avqust.- S. 3.