Xeyriyyəçilik
əsl nəcib, alicənab insanlara aiddir
Mehriban
xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə
Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl
yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib
bir yolun əsas konturlarını göstərmiş olur
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycanda təhsilin,
mədəniyyətin, səhiyyənin, idmanın
inkişafı, ölkəmizlə bağlı həqiqətlərin
dünyada təbliği, xalqımızın maddi-mənəvi
dəyərlərinin yenidən dirçəldilməsi,
onların qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə
inteqrasiyası istiqamətində böyük işlər
görüb. Əlbəttə ki, Mehriban xanım Əliyevanın
gördüyü işlər təkcə Azərbaycanda deyil,
dünya miqyasında da yaxından izlənilir və yüksək
qiymətləndirilir. Mehriban xanım Əliyeva 2004-cü il
avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının
və musiqi irsinin qorunub saxlanılması və inkişaf
etdirilməsi sahəsindəki fəaliyyətinə görə
YUNESKO-nun xoşməramlı səfiri adına, 2005-ci il iyunun
9-da ictimai, messenatlıq və xeyriyyəçilik fəaliyyətinə,
həmçinin, təhsil və mədəniyyət müəssisələrinin
dəstəklənməsinə, Rusiya və Azərbaycan
xalqları arasında dostluğun möhkəmlənməsinə
sanballı töhfələrinə görə Rusiyanın
“Yüzilliyin messenatları” Beynəlxalq Xeyriyyə Fondunun
“Yaqut Xaç” ordeninə, sivilizasiyalararası dialoq daxil
olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və
fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan
uşaqlara diqqətinə, onların yaşayış şəraitinin
yaxşılaşmasına, təhsilə, həmçinin,
İslam aləmində görülən işlərə
böyük dəstəyinə görə 2006-cı il
noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri
adına, 2007-ci ildə bəşəriyyətin ali
ideyalarına xidmətdə qazandığı görkəmli
nailiyyətlərə görə “Qızıl ürək”
beynəlxalq mükafatına, 2009-cu ildə Azərbaycanın
ictimai-siyasi və mədəni həyatında səmərəli
fəaliyyətinə görə “Heydər Əliyev
Mükafatı”na, cari ildə isə iki mötəbər
mükafata - Fransa dövlətinin “Şərəf Legionu”
ordeninə və YUNESKO-nun “Qızıl Motsart” medalına layiq
görülüb.
Yeri
gəlmişkən, sadalanan işlərin
görüldüyü hər bir sahə Azərbaycanın bu
günü və gələcəyi üçün
aktuallıq kəsb etdiyindən onlar haqqında qısa
danışmaq da olmur. Bu mənada, Azərbaycan cəmiyyəti
üçün həyati əhəmiyyət daşıyan,
Mehriban xanım Əliyevanın fəaliyyət istiqamətlərindən
biri olan XEYRİYYƏÇİLİKdən bəhs etmək
daha məqsədəuyğun olardı. Təbii ki, xeyriyyəçilik
fəaliyyətində sui-istifadə hallarına imkan verməyən
və xeyriyyəçilik resurslarının
artırılmasına stimul yaradan müfəssəl
normativ-hüquqi bazanın yaradılması ilə
yanaşı, bu istiqamətdə geniş və səmərəli
maarifçilik, təbliğat işlərinin görülməsi
də çox vacibdir. Çünki, xeyriyyəçilik
ideyaları insanların şüurunda dərin kök
salmalıdır. Hər bir insan başqaları
üçün ümumi rifah naminə xeyirxah işləri görəndə,
bunu özünə və yaxınlarına etdiyini
düşünməlidir. Ona görə də, xeyriyyəçilik
işinin təbliğində ən böyük məsuliyyətli
vəzifə KİV-in üzərinə düşür. Bu
baxımdan, biz üzərimizə düşən vəzifənin
öhdəsindən layiqincə gəlmək üçün
xeyriyyəçiliyin sosial-fəlsəfi mahiyyətini qısa
da olsa, açmağa və Mehriban xanım Əliyevanın cəmiyyətimizin
inkişafı, xalqımızın genetik yaddaşının
bərpası üçün hansı əhəmiyyətli
işlə məşğul olduğunu açıb göstərməyə
çalışacağıq...
Xeyriyyəçilik
əsil nəcib, alicənab insanlara aiddir
Xeyriyyəçilik
- insanların təfəkküründə şəfqət,
ehtiyacı olanlara könüllü və təmənnasız
kömək etmək, halına yanmaq kimi keyfiyyətlərlə
ehtiva olunur. Xeyriyyəçilik fəaliyyətinin dairəsi,
məhdud mənada, əhalinin zəif sosial təbəqəsinin
üzvlərinə müxtəlif yöndə köməkliklərlə
əhatələnir. Bu isə sübut edir ki, xeyriyyəçiliyin
kökü qədim zamanlara gedib çıxır. Bir
çox filosoflar da məhz, formalaşdırdıqları etik
görüşlərində ən çox
xeyirxahlığın, xeyriyyəçiliyin mahiyyətini
açmağa çalışıblar.
Zərdüştün
əxlaqi kodeks kimi ortaya qoyduğu “xoş fikir, xoş söz,
xeyirxah əməl” formulu məhz o dövrdən başlayan
xeyriyyəçilik məfhumunun fundamentini təşkil edir.
Sokrat
qeyd edib ki, xeyriyyəçilik əsil nəcib, alicənab
insanlara aiddir. O, xeyirxahlığı əxlaq normaları, qanunlar
kimi əbədi və dəyişməz hesab edirdi:
“Xeyirxahlığı dərk etmək əxlaqi kamilliyə,
xeyirxahlığa nail olmağa hazırlıqdır”.
Fəlsəfə
tarixinin zirvəsində qərarlaşmış Aristotel də
qeyd edirdi ki, dövlət vətəndaşlarından
xeyirxahlıq tələb etməlidir. Çünki, həmin
amil bu və ya digər formada cəmiyyətin maddi və mənəvi
vəziyyətini yüksəltməyə kömək edir. O,
xeyirxahlığı 2 qrupa bölürdü:
-
Birinci qrupu danoetik xeyirxahlıq təşkil edir. Yəni, bu
qrup xeyriyyəçilər ilk növbədə intellektual, əqli
əməklə məşğul olaraq öyrənməyə,
həyatı dərk etməyə nail olurlar.
-
İkinci qrup xeyriyyəçilik isə etik
xeyirxahlıqdır. Aristotel bu qrup xeyriyyəçiliyi insan
xarakteri ilə əlaqələndirərək, yazırdı
ki, insanlar belə xeyirxahlığa vərdiş nəticəsində
sahib ola bilər: “Bu keyfiyyətlərə sahib olmuş
insanlar isə “hamının yaxşı yaşamasını
istədiyi” üçün bütün real imkanlarından
istifadə edir”.
Göründüyü
kimi, xeyriyyəçiliyin fəlsəfi, sosioloji
bazasının olması, bu fəaliyyətin bir institut kimi nəzərdən
keçirilməsini zəruri şərt kimi ortaya qoyur. Amma
xeyriyyəçilik fəaliyyətinin institut kimi
formalaşdırılması üçün ilk növbədə
cəmiyyətdə xeyriyyəçiliyə və
könüllülüyə stimul yaradan ictimai şəraitin
bərqərar edilməsi vacibdir.
Ölkəmizdə
müasir xeyriyyəçilik institutunun əsası Mehriban xanım
Əliyeva tərəfindən qoyulub
Qeyd
edək ki, şəfqət, başqasının halına
yanmaq, xeyirxah işlər görmək, qonaqpərvərlik və
səxavət kimi keyfiyyətlər həmişə Azərbaycan
xalqının ən mühüm həyati dəyərləri
olub və bu gün də olmaqdadır. XIX əsrin sonu XX əsrin
əvvəllərində bu tarixi-mədəni və mənəvi
təməl üzərində Azərbaycanda filantropiyanın
bir növü olan mesenatlıq geniş vüsət
almışdı. Olduqca qənaətcil sahibkarlar kimi
tanınmış insanlar cəmiyyətin rifahı naminə -
maarif və təhsilə, mədəniyyət və incəsənətin
inkişafına, mülki tikinti işlərinə külli
miqdarda vəsait sərf etmişdilər. Azərbaycanın
xeyriyyəçilik institutunun formalaşdırılması
istiqamətində qadın xeyriyyə cəmiyyətləri də
böyük işlər görmüşdü. Bu sıraya
Gövhər xanım Qacar, Həmidə xanım Cavanşir,
Nigar xanım Şıxlinskaya və başqalarının
yaratdıqları qadın xeyriyyə cəmiyyətlərini
aid etmək olar. Təəssüflər olsun ki, Sovet
dövründə xalqımızın malik olduğu qədim
xeyriyyəçilik ənənələri itib getmişdi. Məlum
ideoloji və sosial-siyasi səbəblər üzündən həqiqi
xeyriyyəçilik fəaliyyətinin əhatə dairəsi
son dərəcə məhdudlaşdırılmış,
praktik olaraq, yalnız məişətdə kömək
formasında qalmışdı. Bu gün müstəqil Azərbaycanda
ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik
institutu müasir dövrün reallıqları və tələblərinə
uyğun olaraq inkişaf etdirilir. Tarixi ənənələrimizi
dirçəldən və inkişaf etdirən, sosial-mənəvi
tərəqqi üçün səmərəli vasitə
yaradan müasir xeyriyyəçilik institutunun əsası isə
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyeva tərəfindən qoyulub.
Azərbaycanda
xeyriyyəçiliyin müasir “sənaye”yə çevrilməsi
müşahidə edilir
Mehriban
xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə
Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl
yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib
bir yolun əsas konturlarını göstərmiş olur.
Mehriban xanım Əliyeva müsahibələrinin birində
qeyd edib ki, müasir Azərbaycanda xeyriyyəçilik
institutunun inkişaf perspektivləri ilk növbədə,
ölkəmizin gələcək iqtisadi inkişafı, sosiomədəni
modernləşməsi, vətəndaş cəmiyyətinin
möhkəmlənməsi və cəmiyyətimizin mənəvi
tərəqqisi ilə bağlıdır: “Çünki bu
amillər bir-birilə bağlıdır və
bütövlükdə xeyriyyəçilik sahəsində dəyişikliklər
tələb edən, eyni zamanda, bunun üçün zəruri
imkanlar yaradan prinsipcə yeni mühit formalaşdırır.
Şübhəsiz, iqtisadiyyat inkişaf etdikcə, vətəndaşlarımızın
maddi rifahı yüksəldikcə, əhalinin sosial müdafiəsi
və dəstəklənməsi tədbirləri gücləndikcə,
xeyriyyəçiliyin strukturunda əhalinin imkansız təbəqəsinə
birbaşa maddi yardımın xüsusi çəkisinin
azalması labüddür. Buna müvafiq olaraq, xeyriyyəçilik
resursları getdikcə daha artıq dərəcədə
başqa ictimai ehtiyaclara - mədəniyyətin, elmin, təhsilin,
səhiyyənin, idmanın inkişafına, təbii
mühitin qorunmasına və yaxşılaşdırılmasına,
digər oxşar sahələrə yönələcəkdir.
Azərbaycan cəmiyyətinin sosiomədəni
transformasiyası xeyriyyəçilərin öz fəaliyyətlərində
“ənənəvi” cəmiyyət üçün daha
çox səciyyəvi olan adət və ənənələri
deyil, səmərəlilik, praqmatizm, ictimai faydalılıq
mülahizələrini və özlərinin
üstünlük verdikləri məqamları rəhbər
tutacaqlarına gətirib çıxaracaq”.
Bu
gün Azərbaycanda Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə xeyriyyəçilik sektorunun köhnə filantropiyaya
xas olan paterkalizm ruhundan azad olunması və onun mütəşəkkil,
ölkə miqyasında konsolidasiya edilmiş, öz
standartları, infrastrukturu və texnologiyaları olan müasir
“sənaye”yə çevrilməsini müşahidə edirik.
Bununla yanaşı, gənclərin xeyirxahlıq, həssaslıq,
cəmiyyətin rifahı naminə xidmət etməyə
hazırlıq ruhunda tərbiyə edilməsi filantropiyanın
mənəvi-mədəni bazasının formalaşmasına
böyük töhfə verə bilər. Buna isə ilk
növbədə cəmiyyətin gənc nəslinin praktik
xeyriyyəçilik və könüllü ictimai-faydalı
işlərə geniş cəlb edilməsi yolu ilə nail
olmaq mümkündür. Bu işdə, həmçinin, ailə
və məktəb tərbiyəsinin düzgün qurulması
da son dərəcə mühüm rol oynayır. Bir sözlə,
xeyriyyəçilik gərgin və məsuliyyətli fəaliyyət
deməkdir. Məhz buna uşaq vaxtlarından vərdiş etmək
lazımdır.
Göründüyü
kimi, bu gün ölkəmizdə fərdi və korporativ
filantropiya ilə yanaşı, xeyriyyəçilik sisteminin
bir sosial institut kimi iş mexanizmində xüsusi imkanları və
məxsusi yeri olan mütəşəkkil vətəndaş
xeyriyyəçilik sektoru formalaşır və o, gələcək
perspektivlərdə daha da möhkəmlənəcək. Təbii
cəmiyyətin demokratikləşməsi və humanistləşməsi
yolu ilə irəlilədikcə, ölkəmizdə xeyriyyəçiliyin
tərəqqisi yolundakı mənəvi-əxlaqi maneələr
də aradan qalxacaq.
Dövlət
də xeyriyyəçiliyin sosial institut kimi
formalaşmasını istəyir
Sosial
dövlətin mühüm funskiyalarından biri də xeyriyyəçilik
fəaliyyətinin genişləndirilməsidir. Ümumiyyətlə,
cəmiyyətdə sosial qeyri-bərabərliyi aradan
qaldırmaq üçün həm dövlət, həm də
digər qurumlar vasitəsilə bir çox tədbirlər həyata
keçirilir. Amma sosial bərabərliyin əldə
olunması istiqamətində dövlətin həyata
keçirdiyi tədbirlər istənilən səviyyədə
gözlənilən effekti verməyə də bilər.
Çünki, dövlətin cəmiyyətdə sosial ədalətin
bərqərar olması və qeyri-bərabərliyin aradan
qaldırılması istiqamətində gördüyü
iş ictimai dəstək qazanmalı, qeyri-dövlət xətti
ilə də işlər görülməlidir. Bu baxımdan
da, sosial dövlətin xeyriyyəçilik fəaliyyətinin
genişləndirilməsi kimi funksiyası işə
düşməlidir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının birinci ilinin yekunlarına həsr olunmuş
konfransdakı çıxışı zamanı
sahibkarların sosial təşəbbüslərə daha da fəal
qoşulmalarının vacibliyini önə çəkib:
“Artıq bunu etmək üçün imkanlar vardır.
Beş il bundan əvvəl bəlkə də bunu tələb
etmək düzgün olmazdı. Ancaq bu gün Azərbaycanda
çox böyük, regional, yəni, transmilli mahiyyət
daşıyan şirkətlər vardır. Onların
böyük dövriyyələri, böyük kapitalı
vardır. Mən bunu ancaq alqışlayıram. Yəni,
biznesin, sahibkarlığın sosial məsələlərin həllində
də iştirakı, hesab edirəm ki, həm iş
adamlarına mənəvi bir qida verəcək, həm də
ölkəmizin inkişafına səbəb olacaq. Bu proseslər
gedir və xüsusilə, bölgələrdə sahibkarlar
öz maliyyə resurslarını məktəblərin tikintisi
sahəsində işə salırlar. Mən istərdim ki, bu
işlər başqa sahələrdə də, əlbəttə
ki, imkan daxilində görülsün. Bu işlər, əlbəttə
ki, məcburi xarakter daşıya bilməz. Ancaq mən hesab
edirəm ki, imkanlı firmalar, şirkətlər, iş
adamları ağır vəziyyətdə yaşayanlara əl
uzatsalar yaxşı olar”.
Düzdür,
bəzən könüllü olaraq, həyata keçirilən
xeyriyyəçilik fəaliyyətləri sırf reklam
xarakteri daşıdığı üçün cəmiyyət
tərəfindən birmənalı şəkildə qəbul
edilmir. Çünki bu xeyriyyəçiliyi edən subyektlər
hansısa məqsədi güddüyündən onların bu
işi davamlı xarakter daşımır və çox məhdud
olur. Amma dövlət istəyir ki, bu gün imkanı geniş
olan biznes subyektləri həm maddi, həm də müxtəlif
istiqamətli xeyriyyə tədbirləri həyata
keçirsinlər. Bununla da, dövlətin sosial siyasətinə
müəyyən mənada kömək etmiş olsunlar.
Ümumiyyətlə, imkanı olan biznes subyektləri cəmiyyətdə
maddiyyatla bağlı bir çox problemlərin həllinə
yardım etmələri birbaşa dövlət siyasətinə
xidmət, yardım kimi dəyərləndirilir. Buna görə
də, xeyriyyəçilik Azərbaycanda geniş miqyas
almalıdır ki, cəmiyyətimizdə sosial qeyri-bərabərliyi
hiss edən bir insan belə qalmasın.
Sonda
qeyd edək ki, xeyriyyəçilik insani münasibətlərin
son dərəcə incə, nəzakətli, həssas sahəsidir
və fəaliyyətin bütün
iştirakçılarından - xeyriyyəçilərin
özlərindən, bu fəaliyyətdən bəhrələnənlərdən
və ya vasitəçilərdən ümumbəşəri əxlaq,
etika və nəzarət normalarına dönmədən riayət
olunmasını tələb edir.
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.- 2010.- 28 avqust.- S. 3.