İctimai fikrin aynası: İTV

 

İctimai Televiziya 5 il ərzində nəinki Azərbaycanda, ümumilikdə Türk dünyasında sevimli kanala çevrilib

 

Hər an, hər saat inkişaf edən, yeniliklərlə zəngin olan dünyamızda televiziyanın yeri ayrıdır desək yanılmarıq. Çünki texnikanın nə qədər inkişaf etməsindən asılı olmayaraq, istər yaşlı, istərsə də gənc nəsil özünü bir anlıq belə televiziyadan ayrı təsəvvür edə bilmir. İnternetdən istədiyimiz informasiyanı daha rahat əldə etməyimizə, qəzetlərdən lazım olan xəbər və yazıları daha rahat oxuya bilməyimizə baxmayaraq, yenə də gözlərimiz televiziyanı axtarır. Ümumiyyətlə, televiziyanın tarixi təxminən 80 il əvvəldən başlayır. Elektron şüa vasitəsilə görüntülərin ötürülməsi və qəbulu təcrübələri XX əsrin 20-ci illərinin əvvəllərində ABŞ, Yaponiya və SSRİ-də həyata keçirilməyə başlayıb. 1933-cu ildə rus əsilli Amerika mühəndisi Vladimir Zvorıkin katod trubkasını icad edib və o indiyədək əksər televizorların əsas hissəsini təşkil edir. 1936-cı ildə Böyük Britaniya və Almaniyada, 1941-ci ildə isə ABŞ-da müntəzəm televiziya verilişləri efirə verilib. Lakin televiziya yayımı Avropada yalnız 50-ci illərdə geniş yayılmağa başlayıb. Hazırda dünyada televiziya yayımı ilə əhatə olunmayan ölkə qalmayıb və ən populyar informasiya kanalı olan televiziyanın bayramı dünyanın bütün ölkələrində qeyd olunur. 28 fevral 1997-ci ildə BMT Baş Assambleyası BMT-nin I Ümumdünya Forumunun keçirildiyi tarixi-21 noyabrı Beynəlxalq Televiziya Günü elan edib.

 

Azərbaycanda televiziyanın inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

Azərbaycanda televiziyanın yaranması 1956-cı il fevralın 14-ə təsadüf edib. İlk vaxtlar televiziya həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb. Hazırda rəqəmsal istehsalata keçmək üzrə olan Azərbaycanda televiziyanın inkişafı isə Ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçilməsindən sonrakı dövrə təsadüf edir. Ulu öndər hakimiyyətə gəldikdən sonra televiziyada proqram saatının artırılması, qabaqcıl texnologiyanın rabitə və telekommunikasiya sistemində tətbiq olunması, yeni teleqüllənin ucaldılması sahəsində ciddi addımlar atılmağa başlandı. 1970-ci ildə Ümummilli lider Heydər Əliyevin göstərişi ilə televiziyanın maddi-texniki təchizat bazasını möhkəmləndirmək məqsədilə kinokompleks inşa olundu. Kinobazanın mövcudluğu çoxlu sayda sənədli televiziya filmlərinin çəkilişinə şərait yaratdı. 1979-cu ildə Rabitə Nazirliyi Bakıda 310 metrlik teleqüllənin tikilməsi üçün fəaliyyətə başladı. Təməli 1981-ci ildə qoyulan yeni televiziya qülləsi isə Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə, yəni, 1996-cı il iyunun 7-də istifadəyə verildi.

 

Müstəqillik dövründə televiziyanın inkişafı

 

Müstəqilliyimizin ilk illərində respublikada hökm sürən hərtərəfli xaos televiziyalara da təsirsiz ötüşmədi. Yalnız 1993-cü ildə Ulu öndər Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə gəldikdən sonra yazılı və elektron KİV-in inkişafına diqqət artırıldı.

Ümummili lider Heydər Əliyev 2001-ci ildə “KİV-ə dövlət qayğısının gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Ulu öndərin 5 oktyabr 2002-ci il tarixli 794 saylı Fərmanı ilə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası yaradıldı.

Televiziyanın müstəqil Azərbaycanın həyatında nə qədər mühüm rol oynadığına diqqəti çəkən Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Biz müstəqil respublikamızda, müstəqil ölkəmizdə öz elmimizi, mədəniyyətimizi, tarixi nailiyyətimizi, tarixi keçmişimizi daha geniş təbliğ etməliyik. İnsanlar, xüsusən gənc nəsil bunları yaxşı bilməlidir. Bunu da televiziya vasitəsi ilə çox məharətlə həyata keçirmək mümkündür”.

 

Prezident İlham Əliyev ölkədə fəaliyyət göstərən bütün televiziya kanallarının fəaliyyətinə diqqətlə yanaşır

 

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan kütləvi informasiya vasitələrinə diqqət və qayğı siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkədə fəaliyyət göstərən bütün televiziya kanallarının, o cümlədən, müstəqil televiziya kanallarının fəaliyyətinə diqqətlə yanaşır.

Prezidentin bu diqqət və qayğısında pay alanlar sırasında isə İctimai Televiziya da var. Məlumat üçün deyək ki, dünya sivilizasiyasının bir hissəsi olan Azərbaycanda azad sözə, plüralizmə, əxlaqi-mənəvi maariflənməyə, ümummilli maraqların ifadəsinə olan tələbat ölkəmizdə İctimai Televiziyanın yaranması məsələsini gündəmə gətirdi. Cəmiyyətin demokratikləşməsi, Azərbaycanın Ümumavropa dəyərlərinə qovuşmaq istəyi İctimai Televiziyanın yaranmasını labüdləşdirdi. İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTRYŞ) “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılıb. Həmin Fərmana əsasən Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti “İctimai Televiziya və Radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Beləliklə, 2004-cü il sentyabrın 11-də “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsilə şəffaflıq, qərəzsizlik və ictimai maraq prinsiplərini önə çəkən İctimai Teleradionun yaradılmasına start verildi. Qanun İctimai TV-nin müstəqil, tərəfsiz, qərəzsiz və doğru-dürüst informasiya çatdırmasını, plüralizm, dözümlülük, rəngarənglik və başqalarından fərqlənmək prinsiplərini əsas götürür. Həmin qanuna əsasən, İctimai Televiziya daxil olduğu teleməkanda rəqabət apararkən uğur üçün keyfiyyəti qurban verməməli, dini və milli tolerantlığı təbliğ etməli, etnik mədəniyyətlərə hörmət hissləri aşılamalı, informasiyalı cəmiyyətin qurucusu olmalıdır. Təşkilati prosedurların həyata keçirilməsindən sonra televiziyanın quruculuq işlərinə başlandı. Qısa zaman kəsiyində, cəmi 2-3 ay ərzində analoqu olmayan işlər görüldü. TV məkanında ilk dəfə olaraq işə qəbul qanunda nəzərdə tutulmadığı halda müsabiqə yolu ilə keçirildi və televiziyaya sadiq, peşəkar, yenilikçi, tərəfsiz, azad fikirli jurnalistlərə üstünlük verildi. Paralel olaraq İTV-nin yerləşdiyi binada yenidənqurma işlərinə başlandı. Çox qısa zaman kəsiyində təmir-tikinti işləri görüldü və texniki təchizat məsələləri həll edildi. 2005-ci il 29 avqust tarixində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə İTRYŞ-nın açılış mərasimi gerçəkləşdi.

 

İTV xalqın kanalına çevrilə bilib

 

Beləliklə, 2005-ci il avqustun 29-dan fəaliyyətə başlayan İctimai televiziya (İTV) bu gün artıq bir çox uğurlara imza atıb. Artıq 5 ildir fəaliyyət göstərən İTV 24 saat ərzində Azərbaycan Respublikasının bütün ərazisində yayımlanır. Həftəlik yayımın ümumi həcmi 168 saat (100 faiz) təşkil edir. Ümumi efir vaxtının 65 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar, 5 faizini şəxsi istehsal proqramları təşkil edir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin yayım dilinin 80 faizini dövlət dili olan azərbaycan dili, 20 faizini isə əcnəbi dillər təşkil edir.

İctimai Televiziyanı sözün həqiqi mənasında xalqın kanalı hesab olunur. İctimai Televiziya bütövlükdə Azərbaycan cəmiyyətinindir. Ona görə də, yalnız cəmiyyətə xidmət edir. İTV həm də maarifçilik işi aparır və milli-mənəvi dəyərlərin qorunmasına xidmət göstərir. Bu kanalın ən böyük uğurlarından biri də Azərbaycanı beynəlxalq miqyasda tanıtmasıdır. İTV Azərbaycanda yeganə telekanaldır ki, Avropa Yayım Birliyinin üzvüdür. Bu üzvlük Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində iştirakını mümkün edib.

Onu da deyək ki, İTV-nin Macarıstan, Türkiyə, Polşa, Koreya, Gürcüstan, Almaniya, Fransa, Rusiya, Belarus və digər ölkələrin ictimai yayımçıları ilə sıx əməkdaşlığı nəticəsində bu ölkələrlə müxtəlif telekörpülər qurulub, müxtəlif layihələr həyata keçirilib.

Eyni zamanda, İctimai Televiziya və Radio Yayımları Şirkəti bir sıra beynəlxalq telelayihələrin Azərbaycanda eksklüziv yayımçısıdır. Kann kinofestivalı, Vyana Filarmoniya orkestrinin konserti, “World Music Awards” kimi bütün dünyada izlənən böyük mədəniyyət layihələrini, möhtəşəm idman yarışlarını Azərbaycan auditoriyasına məhz İctimai Televiziya çatdırıb.

 

Dağlıq Qarabağ münaqişəsi hər an diqqət mərkəzindədir

 

Heç kəsə sirr deyil ki, hazırda ölkəmizin yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti həmin münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində fəaliyyətini davam etdirir. Təbii ki, bu istiqamətdə hər bir azərbaycanlı dövlət başçısına, həmçinin, dövlətin müvafiq qurumlarına öz dəstəyini göstərməlidir. Eyni zamanda, münaqişənin ədalətli, yəni, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətdə atılan addımlarda təbliğatın da müstəsna rol oynadığı təkzibedilməz həqiqətdir. Və İTV öz fəaliyyəti ilə bu istiqamətdə də fərqlənir. Əksər ekspertlərin də qeyd etdikləri kimi, bu televiziya Qarabağ məsələsini də daim diqqət mərkəzində saxlayır. İstər işğal tarixləri, istərsə də münaqişə ilə bağlı ortaya çıxan məqamların yayımlanmasını müntəzəm olaraq həyata keçirir. Sözügedən istiqamətdə hər hansı bir hadisə baş verirsə İTV-də hadisəyə dərhal reaksiya verilir, müzakirələr təşkil olunur. Belə müzakirələrdə cəmiyyətin də mövqeyi ortaya qoyulur.

 

İTV Türk dünyasında da sevilir

 

İTV haqqında danışarkən bir məqamı da xüsusi olaraq vurğulmaq yerinə düşər. Bu da İTV-nin milli-mənəvi dəyərlərimizin dünyaya təbliği, həmçinin, Türk dünyasının ortaq televiziyasının yaranması istiqamətindəki fəaliyyəti ilə bağlıdır. Məhz İTV-nin aparıcı rol aldığı türkdilli ölkələrin ortaq televiziyası layihəsi 2009-cu ildən etibarən “TRT Avaz” formatında reallaşdırılmağa başlanıb. İlk olaraq İctimai Televiziya və Türkiyə Radio Televiziya qurumu TRT-nin başladığı ortaq yayımların uğurla aparılması nəticəsində bu möhtəşəm layihəyə artıq Orta Asiya ölkələri də qatılıb. İTV-nin əsasını qoyduğu dostluq körpüsü türkdilli xalqların bir araya gəlməsi, ümumilikdə Türk Birliyinin ən azı televiziya məkanında baş tutmasına yol açıb. Məhz buna görə də, hazırda İTV bütünlükdə Türk dünyasında sevilir.

İTV-nin Türk dünyasında sevilməsini şərtləndirən digər məqam isə yuxarıda da qeyd etdiyimiz kimi, bu kanalın milli-mənəvi dəyərlərimizin dünyaya təbliğində apardığı işlə bağlıdır. Təsadüfi deyil ki, bu gün İTV kanalında yayımlanan və Azərbaycan aşıqları, Azərbaycan muğamı, Azərbaycan ədəbiyyatı, həmçinin, dastanlarımız və rəvayətlərimiz barədə verilişlər türk dilində danışan, ortaq türk tarixinə malik olan bütün xalqlar tərəfindən xüsusi maraqla izlənir. Məsələn, bir neçə il öncə Şimali Kipr Türk Cümhuriyyətində olarkən orada istər şəhər mərkəzlərində, istərsə də kəndlərdə Kipr türklərinin məhz yuxarıdakı məqamlarla bağlı İTV-ni necə maraqla izlədiklərinin şahidi oldum.

Son olaraq bir daha vurğulamaq yerinə düşər ki, İctimai Televiziya Azərbaycanın efir məkanında öz dəst-xətti ilə fərqlənən və yeni söz deməyi bacaran bir milli telekanaldır. İTV mütərəqqi tərəfləri ilə seçilən və Azərbaycan teleməkanında iddialı yerlərdən birini tutan bir televiziyadır. İctimai Televiziyanın yaradılmasından bu yana ötən vaxt uzun müddət olmasa da ətrafına kifayət qədər tamaşaçı auditoriyası toplaması telekanalın rəhbərliyi və peşəkar yaradıcı kollektivin səylərinin nəticəsidir. Bizlər də həm 5 yaşlarının tamam olması, həm də əldə etdikləri uğurlara görə, İTV-nin rəhbəri İsmayıl Ömərov başda olmaqla onun bütün kollektivini ürəkdən təbrik edirik.

 

 

Hikmət BABAOĞLU

 

Yeni Azərbaycan.- 2010.- 28 avqust.- S. 5.