Müasir Azərbaycan Ulu
öndər Heydər Əliyevin yolu ilə irəliləyir
Hər bir xalq görkəmli
şəxsiyyətləri ilə tanınır. Azərbaycan
da bəşəriyyətə verdiyi tarixi
şəxsiyyətləri ilə daim öyünüb,
fəxr edib. Təbii ki, təkcə
Azərbaycanda deyil eyni zamanda, ölkəmizdən
çox-çox uzaqlarda şöhrət tapmış
dövlət xadimləri, siyasətçilər,
uzaqgörənliyi ilə tanınan müdrik
şəxsiyyətlər haqqında söz
düşəndə, ilk növbədə, Ümummilli lider
Heydər Əliyevin adı çəkilir. “Mənim üçün hər şeydən
əziz mənim xalqımdır, mənim Vətənimdir,
mənim torpağımdır” söyləyən Ulu
öndər Heydər Əliyev istər keçmiş
sovetlər dönəmində, istərsə də 1993-cü
ildən sonra ölkənin iqtisadi, sosial inkişafı
istiqamətində mühüm addımlar atmış,
Azərbaycanın ən yüksək zirvələri fəth
etməsinə böyük zəmin yaratmışdır.
Onun arzusu, amalı Azərbaycanı
hərtərəfli inkişaf etmiş müstəqil,
dünya birliyində tanınan bütöv bir dövlət
kimi görmək idi. Uzun illər
Azərbaycana rəhbərlik etməsinin özü Heydər
Əliyev şəxsiyyətində formalaşan,
müstəqilliyə və xalqına sədaqət, millilik
və Vətənə məhəbbət hissindən
qaynaqlanan inamın təzahürüdür.
Ulu öndər Heydər
Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə ölkəmizi geridə qalmış
respublikadan çiçəklənən, inkişaf edən
bir diyara çevirmişdir. Ən böyük sənaye obyektlərinin
tikilib istifadəyə verilməsi, sosial infrastrukturun
formalaşması, yüksək səviyyədə elmi
tədqiqatların aparılması, kadr
hazırlığı, gənclərin dünyanın ən
nüfuzlu ali məktəblərində
təhsil almağa göndərilməsi və digər
istiqamətlərdə əldə olunan uğurlar Ümummilli
lider Heydər Əliyevin əzmkar fəaliyyətinin
nəticəsidir. Ulu öndər Sovetlər
birliyi dövründə Azərbaycanı qabaqcıl
respublikalar sırasına çıxardığı kimi
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə qayıdışı ilə
dövlətçilik tarixinin yeni mərhələsinin,
müstəqilliyi əbədiləşdirən uğurlu bir
yolun başlanğıcını qoydu.
Bir məqamı da xüsusi qeyd etmək istərdim ki,
Ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali
Məclisinin Sədri işləyərkən Onun Muxtar
Respublikada həyata keçirdiyi islahatlar sonradan daha
böyük miqyasda, bütün Azərbaycanda tətbiq olundu.
Ulu öndərin Naxçıvanda
yaşadığı illərə nəzər saldıqda
aydın görürük ki, bu gün haqqında
ürəkdolusu danışdığımız və
ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artıran
yeniliklərin, islahatların təməli məhz o
çətin illərdə qoyulub.
Müstəqil, iqtisadi
cəhətdən qüdrətli, vahid, dünya birliyinin
tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir
dövləti yaratmaq məhz Ulu öndər Heydər
Əliyevə nəsib oldu. Onun hakimiyyətə
qayıdışı ilə milli ideologiyamızın əks
olunduğu dövlətçilik konsepsiyası
hazırlandı.
O, 1993-cü ildə ölkəmizin üzərini qara
buludların aldığı çətin bir vaxtda, xalqın
çağırışına səs verərək
düçar olduğumuz bəla və xaosu aradan qaldırmaq
üçün heç bir dahi, müdrik dövlət
başçısının öhdəsindən gələ
bilməyəcəyi bir məsuliyyəti üzərinə
götürməklə Azərbaycanın əbədi
müstəqilliyini təmin etdi. Müasir
Azərbaycanın qurucusu, memarı kimi tanındı,
milyonların ehtiramını qazandı.
1993-cü ilin 3 oktyabrında
yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə
qələbəsini təkrarlayan Heydər Əliyev
milyonların ürəyindən keçən istəkləri
reallaşdırdı.
Prezidentliyinin ilk
illərindən etibarən həyata keçirdiyi islahatlar,
böhran içərisində olan Azərbaycanın
iqtisadiyyatının gücləndirilməsi
istiqamətində reallaşdırdığı genişmiqyaslı
quruculuq işləri xalqın gələcəyə olan
inamını doğrultmaqla ölkəmizin dünya
birliyinə açılan yoluna işıq saldı. Artıq
Azərbaycanın səsi bir çox beynəlxalq
təşkilatların tribunasından eşidilir, diplomatik
uğurları diqqət çəkirdi. Dünya
siyasətində dəst-xətti ilə seçilən,
dövlət başçıları arasında fenomen
istedadı və hazırlığı ilə
fərqlənən Heydər Əliyev şəxsiyyəti
müdriklik simvolu kimi nümunə göstərilirdi. Bu, cəsarət və qətiyyət,
liderlərə məxsus dönməzlik və məğrurluq
müasir Azərbaycanın qurucusu olan Heydər Əliyevin
həyat amalının gerçəkləşməsinin
parlaq ifadəsi kimi ölkəmizin imicini, nüfuzunu
yüksəltdi.
2005-ci ildə Milli Qurtuluş Günü
münasibətilə Yeni Azərbaycan Partiyasının
keçirdiyi mitinqdə çıxış edən Prezident
İlham Əliyev 1993-cü il iyunun 15-də
müstəqil Azərbaycanın tarixinin yeni səhifəsinin
açıldığını bildirərək,
bugünkü Azərbaycanı həmin dövrün
Azərbaycanı ilə müqayisə edərək
söyləmişdir: “O vaxt Azərbaycanda xaos hökm
sürürdü. Bu gün Azərbaycanda
sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür,
əmin-amanlıqdır. O vaxt Azərbaycanın
iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik
inkişaf edən ölkələrdən biridir. O vaxt
Azərbaycan vətəndaş müharibəsi ilə
üz-üzə qalmışdı. Bu gün
Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur.
O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı
dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli
ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün
bunları yaradan xalqın dəstəyinə arxalanan
xalqımızın lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, Onun əməyidir və xalqla
birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da
sürətlə inkişaf etdiririk”.
Azərbaycanın
gələcək inkişaf yolunun parametrlərini dahiyanə
düşüncələri və zəngin dövlətçilik
təcrübəsinə əsasən xalqa çatdıran
Ümummilli lider əsas vəzifə kimi respublikada
dövlət quruculuğuna diqqət yetirdi. “Müstəqil
Azərbaycanda hüquqi demokratik dövlət
qurulmalıdır, Azərbaycan dövləti demokratik
prinsiplər əsasında fəaliyyət göstərməlidir
və tarixi ənənələrindən, milli
ənənələrdən bəhrələnərək,
dünya demokratiyasından, ümumbəşəri
dəyərlərdən səmərəli istifadə
edərək demokratik dövlət quruculuğu yolu ilə
getməlidir” söyləməklə dünya
siviliyaziyasına daxil olmağın yollarını
müəyyənləşdirdi, prioritetləri qarşıya
qoydu.
Demokratik sivilizasiyalı
cəmiyyətdə insan hüquqlarının qorunması,
çoxpartiyalı sistemin yaradılması, müxalif
qüvvələrlə konstruktiv əməkdaşlıq baxımından
qanunlara əsaslanan mövqeyini bəyan edən. Ümummilli
lider Heydər Əliyevin ölkəmizə rəhbərlik
etdiyi 1993-2003-cü illərdə insan hüquq və
azadlıqlarının müdafiəsi üçün
möhkəm təməl formalaşdırılmışdır.
1998-ci ildə Şərqdə ilk dəfə
olaraq ölkəmizdə ölüm cəzası ləğv
olundu. Bu gün dünyanın bir çox
qabaqcıl ölkələrində belə ölüm
cəzasının hələ də ləğv
olunmadığını və mütəmadi olaraq tətbiq
edildiyini nəzərə alsaq, Ulu öndərin bu
addımının böyük hüquqi və tarixi
dəyərini dərk etmiş olarıq. Heydər
Əliyevin həyata keçirdiyi dövlət siyasətinin
mahiyyətini özündə əks etdirən humanistlik
nəticəsində 1995-ci ildən əfv və amnistiya
təsisatları bərpa edilmiş, həmin dövrdən
etibarən imzalanmış sərəncam və fərmanlara
əsasən minlərlə vətəndaşımız
azadlığa qovuşmuşdur. Ümummilli
lider hər kəsin hüquqlarına hörmətlə
yanaşılmasını, şəxsiyyətin alçaldılması,
zorakılıq, işgəncə, bu kimi qeyri-qanuni üsul
və vasitələrə yol verilməsi hallarının
aradan qaldırılmasını hüquq-mühafizə orqanları
qarşısında vacib vəzifə kimi qoymuşdur. Ulu öndərin rəhbərliyi ilə qəbul
olunmuş Milli Konstitusiyada bu məsələ önə
çəkilir.
1995-ci ildən imzalanan
əfv fərmanları və Amnistiya Aktları da
dövlətin insan amilinə yüksək dəyər
verdiyini təsdiqləyir. Bu günədək
imzalanan 45 əfv fərmanı əsasında on
minlərlə məhbus cəza çəkmədən azad
edilib. Bu fərmanların 32-si Ümummilli
lider Heydər Əliyev, 13-ü Prezident İlham Əliyev
tərəfindən imzalanıb. Bu
günədək qəbul olunan 8 Amnistiya Aktı 40 mindən
artıq məhbusa şamil edilib.
Qəbul olunmuş hər bir Amnistiya Aktını humanizm
prinsiplərinin, humanizm ideyalarının qələbəsi
kimi dəyərləndirən Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
bildirir: “Əsası dahi Heydər Əliyev
tərəfindən 1994-cü ildə qoyulmuş bu siyasət
nəticəsində minlərlə insan azadlığa buraxılaraq
normal həyata qayıdıb və bu gün də bu
ənənələr davam edir. Allah vergisi olan
insan ömrü hər bir şeydən uca və
dəyərlidir. Hər bir insan
ləyaqətlə və azad yaşamağa layiqdir. Eyni zamanda, hər bir insan öz ömrünün,
öz taleyinin hökmdarıdır. Səhv
etmiş, yolunu azmış insanlara həyatda yeni şans
verməklə, onları bağışlayıb
cəmiyyətimizə qaytarmaqla biz onlara yenidən
həyatın, azadlığın dəyərini dərk
etməyə, öz səhvlərini anlayıb doğru yola
qayıtmağa kömək edirik. Hər zaman
mərhəmətlilik, geniş qəlblilik, xeyirxahlıq,
bağışlamaq bacarığı ən ali
və insani keyfiyyətlər kimi qiymətləndirilib”.
Demokratiyanın vacib
amillərindən biri kimi söz, mətbuat
azadlığının inkişafı istiqamətində
də Ulu öndər Heydər Əliyevin atdığı
addımlar daim təqdir olunur. Mətbuatın
dünya təcrübəsindən bəhrələnməsi,
xüsusilə KİV-lərin maddi-texniki vəziyyətinin
yaxşılaşdırılması, o cümlədən,
jurnalistlərin peşə səviyyəsinin
yüksəldilməsi və hüquqlarının qorunması
üçün bütün zəruri addımlar
atılmış və tədbirlər həyata keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin “Bunu
dəfələrlə demişəm. Azərbaycanın
müstəqilliyi dönməzdir. Azərbaycanda
verilmiş bütün bu azadlıqların hamısı
dönməzdir. Azərbaycanda mətbuat,
fikir azadlığı dönməzdir - burada heç bir
şey ola bilməz, heç kəs də bundan narahat olmasın”
fikri bu sahəyə diqqət və qayğının bariz
nümunəsidir.
Mətbuatımızın
inkişaf tarixinə nəzər salsaq qeyd edə bilərik
ki, bu tərəqqi daha çox 1998-ci ildə senzuranın
ləğvindən sonra nəzərə çarpmağa
başladı.
Ölkədə xeyli sayda müstəqil
mətbu orqanın və informasiya agentliklərinin,
müstəqil elektron KİV-lərin, jurnalist
qurumlarının və bu sahədə qeyri-hökumət
təşkilatlarının azad fəaliyyət göstərməsi
demokratik mətbuatın mövcudluğunu təsdiq edən
amillərdir. Ümummilli lider Heydər
Əliyevin milli mətbuatımız qarşısındakı
xidmətləri ictimai-siyasi miqyasına, tarixi
əhəmiyyətinə və mahiyyətinə görə
olduqca böyükdür. Ölkədə
azad və müstəqil mətbuatın inkişafı,
jurnalistlərin hüquqlarının qorunması
üçün köklü islahatlar aparıldı, qanunlar
qəbul edildi.
“Bizim dövlət siyasətimizin əsas
məqsədlərindən biri Azərbaycanın
mütərəqqi mətbuat ənənələrinin davam
etdirilməsi və müasir beynəlxalq təcrübə
ilə zənginləşdirilməsi, KİV-lərin
maddi-texniki vəziyyətinin
yaxşılaşdırılması, onların
imkanlarından respublikada hüquqi dövlət quruculuğu,
vətəndaş cəmiyyətinin
formalaşdırılması və inkişafı, demokratik
islahatların həyata keçirilməsində
səmərəli istifadə edilməsindən ibarətdir”. Ulu öndər Heydər Əliyev daim azad
mətbuatın inkişafına diqqət göstərib və
Onun bu sahədə atdığı addımların uğurlu
nəticələri göz qabağındadır.
Dahi şəxsiyyət
demokratikləşmə prosesinin iqtisadi inkişafda rolunu daim
önə çəkirdi. Bu fikir də daim
bildirilirdi ki, iqtisadiyyatı güclü olan dövlət
hər şeyə qadirdir. İqtisadi
tərəqqi digər sahələrin inkişafı
üçün əsasdır. Müstəqillik
əldə etdikdən sonra öz sərvətlərinin tam
sahibi olan Azərbaycan xalqının gələcəyini
düşünən və ölkənin iqtisadi
inkişafı üçün ən səmərəli yollar
axtaran Ümummilli lider Heydər Əliyevin uzaqgörən
siyasətinin əsasında neft amilindən istifadə
etməklə Azərbaycanın dünya iqtisadi bazarına inteqrasiyası
kimi önəmli məsələ dayanırdı. Neft strategiyasını
müəyyənləşdirməklə Azərbaycanın
tarixində yeni bir mərhələnin
başlanğıcı qoyuldu. “1994-cü
ildən Azərbaycan özünün yeni neft
strategiyasını həyata keçirir və bu
strategiyanın da əsas prinsipləri Azərbaycanın
zəngin təbii sərvətlərindən Azərbaycan
xalqının rifahı naminə daha səmərəli
istifadə etməkdən asılıdır”.
Ulu öndərin proqram
xarakterli bu sözləri tək neft sənayesinin deyil,
iqtisadiyyatın bütün sahələrinin inkişaf
yollarını aydın göstərir. Dünyada
elə dövlət yoxdur ki, müəyyən qədər
təbii sərvətlərə malik olmasın. Azərbaycan isə payına düşən
sərvətlərin zənginliyinə, strateji
əhəmiyyətinə görə fərqlidir. Bu gerçəkliyi də unutmaq olmaz ki, təbii
ehtiyatlardan düzgün istifadə edildikdə, o, zəngin
sərvətə çevrilir. Neft
strategiyasının əsasını da bu prinsiplər
təşkil edir.
Neft strategiyasının əsasını təşkil
edən Xəzərin Azərbaycan sektorundakı karbohidrogen
ehtiyatlarından səmərəli istifadə, xarici
ölkələrin tanınmış neft şirkətləri
ilə birgə fəaliyyətə əsaslanan, neft və
təbii qaz hasilatının artırılmasını
təmin edən yeni yataqların kəşf olunub birgə
işlənməsi istiqamətində görülən
işlər miqyasına və geosiyasi
əhəmiyyətinə görə yeni
mərhələlər üzrə davam etdirilirdi. Təbii ehtiyatların xalqa məxsusluğunu
sözdə deyil, əməldə göstərilməsinin
tərəfdarı olan Ümummilli lider Heydər Əliyev
Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf
və ədalətli bölünməsini təmin etdi. Bu gün Neft Fondunun aktivlərinin həcmi 20 milyard
dollardan artıqdır.
Dövlət siyasətinin
əsas prioritetləri kimi böyük
əhəmiyyətə malik, Avropa və dünya birliyi
dövlətlərinin enerji təhlükəsizliyinin
təminatında etibarlı tərəfdaş sayılan
Azərbaycanın lider dövlət kimi tanınmasının
təməlində də Ulu öndər tərəfindən
qoyulan daxili və xarici siyasətin uğurlu həlli
dayanır. Bütün xalqlar və dövlətlərlə
qarşılıqlı anlaşma və
əməkdaşlıq siyasətini yeridən,
Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda
təmsil olunub, söz sahibi nüfuzu qazanması müdrik bir
siyasətin məntiqi nəticəsi kimi bu gün də
özünü doğruldur. “Əsrin müqaviləsi”nin, onun ilk bəhrəsi olan
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz
kəmərinin dünyada doğurduğu əks-səda
Azərbaycana marağı artırmaqla respublikamızı
Cənubi Qafqazda lider dövlət kimi tanıtdırdı. Bu gün Azərbaycanın iştirakı olmadan
regionda hansısa iqtisadi və siyasi layihənin həyata
keçirilməsinin qeyri-mümkünlüyü də
deyilənlərin təsdiqidir. “Biz
təşəbbüsləri gerçəkliyə
çeviririk” söyləyən dövlət
başçısı İlham Əliyev bu layihələrin
ölkələr arasında dostluğun,
əməkdaşlığın
genişləndirilməsində böyük
əhəmiyyətinin olduğunu bildirir. Gerçəkləşən
hər bir layihə yeni layihənin gündəmə
gətirilməsinə stimul verir. Əhəmiyyətinə
görə, enerji layihələrindən heç də geri
qalmayan, Avropaya açılan üçüncü qapı
kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir
yolunun gerçəkləşməsi istiqamətində
addımların atılması da, Azərbaycan
dövlətinin siyasi iradəsinin nəticəsidir.
Heç şübhəsiz ki, bütün
prioritetlərin əsasında isə qüdrətli
respublikanın inkişaf perspektivləri-
düşünülmüş, dünya siyasətinə
uyğunlaşdırılan balanslaşdırılmış
xarici siyasət, ölkə daxilində sabitliyin
təminatı, dövlətçiliyin
möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu
seçməklə malik olduğumuz təbii ehtiyatlardan
xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması
naminə səmərəli istifadə, insan hüquq və
azadlıqlarının qorunması, çoxmillətli
respublika olan Azərbaycanın tolerant dövlət kimi
bütün azərbaycanlılar üçün vətən
olması, biri-birindən məsuliyyətli vəzifələr
dayanır.
Müstəqillik
yollarında ilk addımlarını atan hər bir
dövlətin qarşısında dayanan həlli vacib
məsələləri önə çəkərkən,
Ulu öndər Heydər Əliyev milli birliyi, həmrəyliyi
xüsusi vurğulayardı. Dünya
Azərbaycanlılarının Həmrəyliyi
Gününün əsası 1991-ci ilin 16 dekabrında Ulu
öndər Heydər Əliyev tərəfindən qoyulub.
O illərdə Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinin Sədri olan Heydər Əliyev dünya
azərbaycanlılarının birliyini yaratmağın
əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü elan etdi. 19 ildir ki, Azərbaycanın milli
bayramları sırasına bir möhtəşəm tarix
də əlavə olunub: 31 Dekabr Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü.
2001-ci ilin noyabrın 9-10-da Ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə Dünya
Azərbaycanlılarının I qurultayının keçirilməsi
ilə soydaşlarımızın həmrəyliyi təmin
edildi, Azərbaycan həqiqətlərinin beynəlxalq
ictimaiyyətə çatdırılmasında əsas amil
olan diasporun təşkilatlanması üçün hüquqi
bazanın əsası qoyuldu, görüləcək
işlərin bir mərkəzdən idarə olunması
üçün Diasporla iş üzrə Dövlət
Komitəsi yaradıldı.
Ən mühüm problemimiz
olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində də
mühüm addımlar atıldı. Ulu öndər
Heydər Əliyev xarici ölkələrə
səfərləri zamanı əsas diqqəti bu
münaqişəyə yönəldərək, Ermənistanın
işğalçılıq siyasətini dünya bəyan
etdi. Azərbaycan ətrafında
yaradılan informasiya blokadasının yarılması Ulu
öndər Heydər Əliyevin fəaliyyətinin əsas
istiqamətlərindən biri idi. Məlumdur
ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın
bir sıra problemləri yaşamasında ölkəmiz
haqqında məlumatsızlıq da mühüm rol
oynamışdı. 1992-ci ildə
ölkəmizə qarşı tətbiq olunan
“Azadlığı müdafiə aktına” ədalətsiz
907-ci düzəliş də bu
məlumatsızlığın nəticəsidir.
Dünyada cərəyan edən proseslərə təsir
imkanlarına malik olan erməni diasporu ölkəmiz
barədə mənfi rəy yaratmaqla həmin ədalətsiz
qərarın tətbiqinə nail oldu. Bu düzəlişin
ölkəmizə maddidən çox, mənəvi
ziyanını önə çəkən Ulu öndər
Heydər Əliyev dünyanın ən nüfuzlu
təşkilatlarının tribunasından Azərbaycan
həqiqətlərini, Dağlıq Qarabağ probleminin
əsil mahiyyətini beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırdı. Erməni
yalanları faktlarla ifşa olundu.
Ulu öndər Heydər
Əliyev diplomatik mübarizənin gücləndirilməsi
ilə yanaşı, “Bizim məqsədimiz müharibə
etmək deyil.
Ordumuzun yaranması, formalaşması,
möhkəmlənməsi yalnız və yalnız
Azərbaycan Respublikasının müstəqilliyini, ərazi
bütövlüyünü, sərhədlərinin
toxunulmazlığını təmin etmək
üçün lazımdır. Biz
düşdüyümüz vəziyyətdən sülh yolu
ilə çıxmaq istəyirik” söyləyərək ordu
qurculuğu sahəsində mühüm addımlar atdı.
1994-cü ilin mayın 12-də
atəşkəsin əldə olunması Azərbaycanın
hər bir sahədə inkişafının təmin
olunmasında əhəmiyyətli rol oynadı.
Ümummilli lider, eyni zamanda
müasir Azərbaycanın siyasi həyatının ən
əlamətdar hadisələrindən olan Yeni Azərbaycan
Partiyasının yaradıcısıdır. Partiyanın
hansı şəraitdə, hansı zərurətdən
yarandığı aydındır. Bu, o
dövr idi ki, Azərbaycanın o vaxtkı rəhbərliyi,
AXC-Müsavat iqtidarı Azərbaycanı uçurum
qarşısında qoymuşdu. Ölkədə
xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi.
Bir tərəfdən ölkədəki siyasi
gərginlik, digər tərəfdən
torpaqlarımızın ermənilər tərəfindən
işğalı xalqın səbir kasasını doldururdu.
Belə bir şəraitdə Yeni Azərbaycan
Partiyasının yaradılması tarixi zərurət idi.
91 nəfər Azərbaycan ziyalısının
Ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizin
sözünüzü və qəti qərarınızı
gözləyir” müraciəti ölkə ictimaiyyəti
arasında böyük canlanma yaratdı. Bu,
yalnız 91 nəfərin deyil, ölkədə baş
alıb gedən özbaşınalıqdan, siyasi gərginlikdən
səbr kasası dolmuş bütöv bir xalqın Heydər
Əliyevə böyük ümidinin ifadəsi idi.
Yeni Azərbaycan Partiyasının təsis konfransı
1992-ci il noyabrın 21-də Ulu
öndər Heydər Əliyevin sədrliyi ilə
Naxçıvanda keçirildi. Konfransda Ulu
öndər yekdilliklə YAP-ın Sədri seçildi.
Təsis konfransda Azərbaycanın əksər rayonlarından
cəmiyyətin bütün təbəqələrini
təmsil edən 550-dən artıq nümayənin iştirak
etdiyi partiyanın sıralarında hazırda 520 mindən
artıq üzvün birləşməsi məhz Heydər
Əliyev ideyalarına sədaqətin, Prezident İlham
Əliyevin həyata keçiridyi siyasətin
gələcyinə inamın göstəricisidir.
Ulu öndər Heydər
Əliyevin Azərbaycan dövləti, xalqı
qarşısındakı xidmətləri danılmazdır. Bugünkü
müstəqil, demokratik, iqtisadiyyatı sürətlə
inkişaf edən Azərbaycan Onun şah əsəridir.
Bu gün Azərbaycan
Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf
edir. Fəaliyyətə başladığı ilk
gündən xalqı qarşısında görəcəyi
işlərin prioritetlərini açıqlayan,
“Azərbaycanı daha qüdrətli dövlətə
çevirmək üçün ən başlıcası
ölkədə Heydər Əliyevin siyasəti davam
etdirilməlidir. Mən Azərbaycan xalqına söz
verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan
dönməyəcəyəm” söyləyən cənab
Prezident İlham Əliyev “Azərbaycan gələcəkdə
çox zəngin və qüdrətli ölkəyə
çevriləcəkdir” vədini doğrultdu.
Ölkəmizin dinamik və
sabit inkişafı üçün müstəsna
əhəmiyyəti olan neft siyasətinin
incəliklərinə dərindən bələd olan Prezident
İlham Əliyevin əsası Ulu öndər
tərəfindən qoyulan neft strategiyasını uğurla
davam etdirməsi sayəsində Azərbaycan mühüm
uğurlara imza atır. Vaxtilə neft ölkəsi kimi tanınan
Azərbaycan bu gün həm də qaz
ixracatçısıdır. Dünyanın
enerji təhlükəsizliyinin təminatında
ölkəmizin artan rolu ən yüksək
səviyyələrdə qeyd edilir.
Prezident İlham Əliyev
dəfələrlə bildirmişdir ki, hər birimizin gələcək
fəaliyyəti bütün sahələri əhatə
edən uğurlu nəticələrdən asılıdır. Bu
məqsədlə, xüsusi proqramların hazırlanması
dövlət siyasətinin başlıca vəzifəsi kimi
qarşıya qoyulur.
Atdığı addımlarda Heydər Əliyev siyasi kursunun, Ulu öndərin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq dünya standartlarına və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edən Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi naminə inamlı addımlar atır. Qazanılan hər uğur isə Ümummilli lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərinin əməli nəticəsi kimi diqqət çəkir.
Bir sözlə, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın demokratiyasının nümunə göstərilməsi, dinamik iqtisadi inkişafa malik qüdrətli ölkə kimi tanınması, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin alternativsizliyinin dünyanın tanınmış siyasətçiləri, politoloqları, nüfuzlu araşdırmalar mərkəzləri tərəfindən xüsusi qeyd edilərək, ən yüksək mükafatlara layiq görülməsi də bu fikrin təsdiqi, Heydər Əliyev ideyalarının təntənəsi və qələbəsidir.
Vüqar Rəhimzadə,
“İki
sahil” qəzetinin baş redaktoru,
Əməkdar
jurnalist, YAP Siyasi Şurasının üzvü
Yeni
Azərbaycan.- 2010.- 10 dekabr.- S.4.