Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının milli qürur, iftixar mənbəyidir

 

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş mərasim keçirilib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü münasibətilə Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində tədbir keçirib.

Tədbirdə dövlət və hökumət nümayəndələ

ri, Milli Məclisin deputatları, YAP İdarə heyətinin və Siyasi şurasının üzvləri, partiya fəalları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin və YAP-ın yaradıcısı, xalqımızın dahi oğlu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb.

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə iştirakçılar əvvəlcə buradakı eksponatla tanış olublar. Məlumat verilib ki, mərkəzdə Ulu öndər Heydər Əliyevin geniş və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən müxtəlif audio və videomateriallar, kitablar, şəkillər toplanıb.

Tədbir Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsində, əbədi və dönməz olmasında göstərdiyi tarixi xidmətlərə həsr edilmiş “Millət atası” filminin nümayişi ilə başlanıb.

Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Ulu öndərimizin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı xidmətlərindən geniş bəhs edib. Onun sözlərinə görə, bu gün Azərbaycanın hər yerində Ulu öndər görünür, Onun əsasını qoyduğu işlər görünür, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət həyata keçirilir və bütün Azərbaycan xalqı Ümummilli liderimizin müəyyənləşdirdiyi yolla irəliləyir: “Ona görə də, bugünkü Azərbaycan nəinki Heydər Əliyevin böyük şah əsəridir, Azərbaycanın bugünkü tarixi Heydər Əliyevin yaratdığı tarixdir, bu günün özündə də yaradılan tarix, inkişaf etdirilən, güclənən, qüdrətlənən Azərbaycan, əslində, Heydər Əliyev ideyalarının məhsulu, Onun zəngin irsinin həyata keçirilməsinin bilavasitə təcəssümüdür. Bugünkü Azərbaycan öz inkişafı ilə, bu günü və gələcəyi ilə Heydər Əliyevlə bir yerdə qəbul olunur. Güman edirəm ki, Azərbaycanın xoşbəxtliyi də elə ondadır ki, onun müasir tarixinin yaradıcısı Heydər Əliyevdir, gələcək tariximizin qurucusu Ulu öndərimizin ideyalarını həyata keçirən insanlar, əlbəttə ki, Ümummilli liderimizin varisi, möhtərəm Prezidentimiz İlham Əliyevdir. Hesab edirəm ki, Azərbaycanda kiməsə Heydər Əliyevin nələr etdiyini, hansı böyük işlər gördüyünü izah etməyə, dəlillər gətirməyə elə böyük ehtiyac yoxdur. Bugünkü Azərbaycan, hamının gözünün qarşısında sürətlə inkişaf edən, güclənən Azərbaycan hər bir azərbaycanlının təsəvvüründə Heydər Əliyevin obrazını əsaslı şəkildə yaradır. Bu obraz, əslində, Azərbaycan məfkurəsi formasında insanlarımız tərəfindən qəbul olunur”.

Daha sonra Əli Əhmədov vurğulayıb ki, insanlar Azərbaycanı Heydər Əliyevsiz və Onun ideyalarından kənarda təsəvvür edə bilmirlər. Təbiidir ki, Heydər Əliyevin ideyaları da Azərbaycansız mövcud ola bilməzdi: “Bu mənada bu iki məfhum arasında çox böyük bağlılığın olduğunu mən ayrıca vurğulamaq istəyirəm. Heydər Əliyev həm böyük lider, həm böyük azərbaycanlı kimi hamımız tərəfindən qəbul olunur. Bu gün Heydər Əliyev də Azərbaycan xalqının milli qürur, iftixar mənbəyidir. İnsanlarımız dövlətimizlə, xalqımızla qürur duyduğu kimi, Heydər Əliyevlə də qürur duyurlar. Heydər Əliyev Azərbaycanın bütövlükdə qürurunun ifadəsinə çevrilib və milli iftixarını formalaşdıran ən qüdrətli amil olubdur”.

“Azərbaycan xalqı həmişə Heydər Əliyevin böyük, müstəsna xidmətlərini yad edir. Bu yadetmənin məntiqində dayanan həqiqət isə ondan ibarətdir ki, xalqımız daima Azərbaycanın inkişafının əsas xəttini Heydər Əliyev ideyalarında, irsində gördüyünü qabarıq olaraq vurğulayır”, - deyən Əli Əhmədovun sözlərinə görə, möhtərəm Prezidentimiz İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Heydər Əliyevin ideyalarının və siyasətinin bugünkü Azərbaycanda alternativi yoxdur. Ona görə də, Azərbaycan bu gün də Heydər Əliyevin yolunu gedir. Çünki bu yol Azərbaycana, dövlətimizə, ölkəmizə, məmləkətimizə xidmət edir və bundan sonra da bu yolla gediləcəkdir.

YAP-ın Sədr müavini, həmçinin, deyib ki, böyük insanların, tarixi şəxsiyyətlərin, siyasi şəxsiyyətlərin iki ömrü olur - fiziki ömrü və onun siyasi ömrü. Heydər Əliyev o xoşbəxt siyasətçilərdən, müstəsna dövlət xadimlərindəndir ki, Onun siyasi ömrü fiziki ömründən qat-qat uzun davam edir. O bu gün də davam edir, gələcəkdə də davam edəcək, bir sözlə, nə qədər ki, Azərbaycan var, Azərbaycan olacaq, bu ideyalar Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycanın hər bir vətəndaşına xidmət edəcək. Heydər Əliyev bütövlükdə Azərbaycan üçün, həm də hər bir azərbaycanlı üçün elə böyük zirvədir ki, xalqımız da, insanlarımız da məhz o zirvəyə baxaraq irəliləyir. Bu irəliləmə yüksəlişdir, tərəqqidir, inkişafdır.

“Heydər Əliyevin Azərbaycan siyasətinin bütövlükdə Onun müəyyənləşdirdiyi ideyalar əsasında cərəyan etməsinə bilavasitə təkan verən digər böyük işi Yeni Azərbaycan Partiyasını yaratmasıdır. Yeni Azərbaycan Partiyası çox böyük qürur hissi ilə böyük öndərimizin ideyalarını yaşadır, Onun ideyalarının fəal daşıyıcısı rolunda çıxış edir. Partiyamızın sıralarının genişlənməsi, nüfuzunun, gücünün artması, hər şeydən əvvəl, bu partiyanın ideya əsaslarının Heydər Əliyevin irsi ilə bilavasitə bağlı olmasından irəli gəlir”, - deyən Əli Əhmədov əlavə edib ki, biz Heydər Əliyev haqqında danışarkən, əlbəttə, Ona böyük hörmət və ehtiramlarımızı ifadə etməklə yanaşı, Onun irsinin gələcək nəsillərə ötürülməsi məqsədini daşıyırıq: “Hesab edirəm ki, bu müqəddəs vəzifəni Yeni Azərbaycan Partiyası da, Azərbaycan xalqının mütləq əksəriyyəti də məmnuniyyətlə həyata keçirir. Biz istəyirik ki, Azərbaycanın gələcək nəsilləri Heydər Əliyevin qüdrətini, Onun zəngin irsini, şəxsiyyətinin nəhəngliyini, müdrikliyini yaddaşlarına bir dəfəlik həkk etsinlər ki, bu gerçəkliklər də onların vətəndaş kimi formalaşmasına bilavasitə təsir göstərsin. Onlar da Azərbaycanın gələcək sakinləri kimi dövlətimizin inkişafını, etibarlı fundamentini formalaşdırsınlar”.

Daha sonra konfransda çıxış edən millət vəkili Fəttah Heydərov deyib ki, zamanın ötməsinə, vaxt keçməsinə baxmayaraq, Ümummilli liderimiz heç bir vaxt unudulmur, hər birimizin xatirəsində ucalır, O yenə də bizimlədir. Bu isə bizim qəlbimizi fərəhlə doldurur: “Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını, varlığını öz mənsub olduğu doğma xalqına həsr edib. Dünya siyasətində böyük şəxsiyyətlər çoxdur. Amma xalqının tarixinə çevrilən, millətinin, dövlətinin adı çəkilən kimi yada düşən siyasi xadimlər nadirdir. Heydər Əliyev də, məhz, belə şəxsiyyətdir. Bu gün Ümummilli liderimizi xatırlayanda gözümüzün önündə canlanan ilk tablo da müstəqil Azərbaycandır”.

Fəttah Heydərov daha sonra vurğulayıb ki, Heydər Əliyev əsl liderdir, o lider ki, xalqını, dövlətini böyük bir qaranlıqdan parlaq, işıqla günlərə çıxarıb: “Heydər Əliyevdə liderlik üçün bütün xüsusiyyətlər vardı. Ulu öndərimizin mərdliyi, qorxmazlığı, cəsarəti, qətiyyəti, yüksək tələbkarlığı, dövlətçilik, Azərbaycan xalqının rifahı uğrunda apardığı davamlı mübarizə buna misal göstərilə bilər. Bütün bunlarla yanaşı, Heydər Əliyevdə yaşından asılı olmayaraq körpəsindən ağsaqqalına qədər hər bir kəsə olan isti münasibəti böyük əhəmiyyət kəsb edirdi. Heydər Əliyev insanları, xalqını çox sevirdi. Bu mehribanlıq, sevgi ilə yanaşı xalqının düşmənlərinə qarşı aparılan sərt mübarizəsi əsl sərkərdəlik qabiliyyətindən irəli gəlirdi. Keçmiş SSRİ-nin süqutundan sonra ittifaq respublikalarının əksəriyyəti Müstəqil Dövlətlər Birliyində yenidən tərəfdaş oldular. Amma diqqət yetirsək görərik ki, bəzi dövlətlərdə aparılan səhv siyasət hansı ağır nəticələrə yol açıb. Azərbaycanda isə iqtisadi durum ildən-ilə daha yüksək səviyyəyə yetişir. Bir sözlə, yüz illər ötsə də, Heydər Əliyev nuru daim Azərbaycana işıq saçacaq”.

Ulu öndərimizin təsəvvür edilə bilməyəcək qədər dahi şəxsiyyət olduğunu vurğulayan millət vəkili F.Heydərovun sözlərinə görə, Ulu öndərin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək yeganə lider Prezident İlham Əliyev cənablarıdır: “Ulu öndər həm də bir Ata kimi öz övladını bu böyük vəzifənin icrasına layiq gördü. Bəli, bu, çox ağır bir vəzifə idi. Amma Prezident İlham Əliyev bu ağır və məsuliyyətli vəzifənin öhdəsindən uğurla gəldi. Heydər Əliyev Azərbaycanda dövlətçilik məktəbi yaratdı. Bu məktəbi bütün varlığı ilə mənimsəyən cənab İlham Əliyev, özündə böyük fəlsəfi məna daşıyan azərbaycançılıq ideyası əsasında ölkəmizdə vətəndaş birliyini daha da möhkəmləndirib”.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Şahlar Əsgərov isə Ümummilli liderimiz Heydər Əliyevin xidmətləri, Onun unudulmaz kəlamları haqqında geniş bəhs edib. Ş.Əsgərovun sözlərinə görə, Ümummilli liderimizin hər bir çıxışı, hər bir kəlamı dərin məntiqə söykənməklə, böyük bir fəlsəfə daşıyır: “1993-cü il 15 iyun tarixindəki çıxışında Ulu öndərimiz demişdir ki, heç kəsin şübhəsi olmasın ki, mən ömrümün qalan hissəsini Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə sərf edəcəyəm. O deyirdi ki, “Əgər kimsə Azərbaycan dövlətinə xəyanət edəcəksə, mən son damla qanıma qədər mübarizə aparacam”, “Azərbaycanın müstəqilliyinin keşiyində həm bir vətəndaş kimi, həm də bir prezident kimi durmuşam, duracağam”. Ən böyük şəxsiyyət özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının, xoşbəxtliyinin qorunması yolunda həyatını verən insandır. Ulu öndərimiz Azərbaycan xalqının yolunda, dövlətimizin inkişafı üçün var gücü ilə çalışan, öz həyatını belə verməyə hazır olan dahi şəxsiyyət idi. O, öz fəaliyyəti dövründə Azərbaycan dövlətinin yaşaması, inkişafı üçün gərəkli olan bütün işləri gördü, xaosun qarşısını aldı, dövləti inkişaf yoluna çıxardı, qanunlar qəbul edildi və s”.

Daha sonra Ş.Əsgərov Ulu öndərimizin böyük xidmətləri haqqında danışaraq vurğulayıb ki, birmənalı şəkildə Heydər Əliyevin şah əsəri bugünkü müstəqil Azərbaycandır. Onun ikinci şah əsəri Yeni Azərbaycan Partiyasıdır: “Bakı - Tbilisi - Ceyhan” əsas ixrac neft boru kəmərinin inşası, minlərlə Azərbaycan gəncinin xaricdə təhsil almağa göndərilməsi, Bakı metrosunun inkişafı Ümummilli liderimizin xalqımız qarşısındakı böyük xidmətlərindəndir”.

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov isə çıxışında bildirib ki, Azərbaycanın müasir tarixində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq. Bu dahi şəxsiyyət müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində sözün həqiqi mənasında böyük işlər görmüşdür və buna görə də, Onun siyasi irsinin öyrənilməsi hansısa konkret zaman çərçivəsi ilə məhdudlaşdırıla bilməz: “Ulu öndərimizin həm keçmiş Sovet dönəmində, həm də müstəqil Azərbaycanda həyata keçirdiyi layihələri, reallaşdırdığı bütün işləri sadalamaqla qurtaran deyil. Bu böyük və bənzərsiz şəxsiyyət millətini bütün bəlalardan hifz edib qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin edib, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin edib. Ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə qətiyyətlə irəliləyib, xalqın birliyi yaranıb. Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı, O, öz əlləri ilə yaradıb, onun müstəqilliyini yaşadıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ümummilli liderimiz ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb, dönmədən həyata keçirilməsini təmin edib”.

 

Aqşin ŞAHİNOĞLU

Yeni Azərbaycan.- 2010.- 11 dekabr.- S.3.