Azərbaycan elminin
Şəfaət Mehdiyev zirvəsi
Tarixin bütün çağlarında bəşər
övladı zamana qalib gəlmək, ölümsüzlük
axtarışında olub. Bir çoxları bunu maddi anlamda
qavradıqlarından axtarışları nəticə
verməyib. Amma insanın həyat dəyərini və bu
yaşam çərçivəsindəki məqsədini
dərk edənlər əbədi yaşamağın,
unudulmazlığın yolunu tapıblar. Dünyaya
gəldikdən sonra qismətinə düşən
ömür payını hər bir yaradıcı insan
fərqli yaşayır, həyat adlanan uzun bir yolda
özünəməxsus iz qoyur. Bəzən bu izlər
mövcud olmamış kimi insanın fiziki ölümü
ilə yoxa çıxır, bəzən isə
həyatın coşqun fırtınası ondan bir daş da
qopara bilmir. Sağlığında böyük hörmət-izzət
sahibi olan, haqq dünyasına qovuşduqdan sonra
çoxlarının xatirində kamil alim, dəyərli
ziyalı, unudulmaz müəllim, qayğıkeş və
mərd insan kimi qalan belə insanlardan biri də
geologiya-mineralogiya elmləri doktoru, professor, Əməkdar elm
xadimi, Dövlət mükafatı laureatı Şəfaət
Fərhad oğlu Mehdiyev olmuşdur. Məhz bunun
nəticəsidir ki, Ş.Mehdiyev bu gün dövlətimizin
ən yüksək məqamında və sadə Azərbaycan
vətəndaşının qəlbində ehtiramla
xatırlanır.
Unudulmaz alimin elmi fəaliyyətini daim yaxından
izləyən və ona hər zaman mənəvi dayaq olan
Ümummilli lider Heydər Əliyev xatirələrində
Şəfaət Mehdiyevi istedadlı alim olmaqla yanaşı, Azərbaycan
xalqına xas zəngin mənəvi keyfiyyətlərin
daşıyıcısı olan şəxsiyyət kimi
dəyərləndirərək demişdir: “Akademik
Şəfaət Mehdiyev böyük alim, böyük
ziyalı, böyük şəxsiyyət olmaqla yanaşı,
yaxşı kişi idi”.
Uzun illər neft sənayesinin inkişafı üzrə
sanballı elmi tədqiqatlar aparan, nüfuzlu elm və
təhsil müəssisələrinə rəhbərlik
edən Şəfaət Mehdiyev sağlığında
cəmiyyətin mənəvi tərəqqisi və
yüksəlişinə, gənc nəslin sağlam ruhda
yetişməsinə böyük töhfələr vermiş
nəcib ziyalılardan biri kimi ehtiramla anılır. Elə
buna görə də, Prezident İlham Əliyevin akademik
Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi
haqqında Sərəncamı həm keçmişə
hörmət, həm insanlığa dəyər, həm
də unudulmazlığın təsdiqi kimi qəbul olundu.
Özü cismən sıralarımızda olmasa da,
Şəfaət müəllim Azərbaycan
dövlətçiliyində, onun inkişafında
müstəsna payı və rolu olan bir şəxsiyyətdir.
Şəfaət müəllimin milli
dövlətçiliyimizə bu gün də yaşayan iki
əbədi xidməti var: bunlardan biri neft sənayesinin
inkişafı, ikincisi Bakı Dövlət Universitetində
rektor olduğu və sonrakı illərdə
yaratdığı alimlər ordusudur.
Nüfuzlu alim-pedaqoq kimi 1958-ci ildə Şəfaət
Mehdiyev çox mötəbər vəzifəyə irəli
çəkilmiş, Azərbaycanın ən nüfuzlu
təhsil ocağının - Azərbaycan Dövlət
Universitetinin rektoru təyin edilmişdir. Beləliklə
də, nüfuzlu alim respublikanın siyasi-ictimai
həyatındakı islahatların, elmi-mədəni
düşüncəsindəki yeniləşmənin, milli
intellektual-kulturoloji mühitdəki dəyişikliklərin
mərkəzinə düşmüşdür.
Neçə-neçə dövlət xadimi, elm,
mədəniyyət, ədəbiyyat, hüquq və başqa
sahələrin nümayəndələri, məhz onun
rektorluğu dövründə universitetdə təhsil
almışlar. Onların hər biri ustad alim, nüfuzlu ziyalı,
tanınmış pedaqoq, ən əsası isə
gözəl insan, millətini sevən şəxs olan
Şəfaət Mehdiyevi bu gün də xoş xatirələrdə
anırlar. Ardıcılları və tələbələri
xatirələrində qeyd edirlər ki, Şəfaət
müəllim bütün tələbələrə əsl
atalıq qayğısı ilə yanaşıb. Ağır
müharibə illərində valideynlərini,
yaxınlarını itirmiş yetim tələbələr
Şəfaət Mehdiyevin simasında əsl
himayədarlarını tapıblar. Deyilənlərə
görə, hətta zəif oxuyan tələbələrə
də təqaüd yazdıran görkəmli alimə
müxtəlif qüvvələr tərəfindən
müqavimət, basqılar olurmuş. Fəqət,
bütün bu namərdliklər Şəfaət Mehdiyevin
ədalətli və humanist mövqeyinə təsir
göstərə bilməmiş, əksinə, onu daha da
mətinləşdirmiş, xalqına olan sevgisini
artırmışdır.
Görkəmli geoloq-alim dünya elm tarixində ilk
dəfə neft mənşəyinin “Dərinlik-biogen”
nəzəriyyəsini irəli sürüb, “Neftin
dərinlikdə əmələ gəlməsi geneziyası”
mövzusunda dəyərli tədqiqatlar aparıb, Abşeronun
geoloji xəritəsini tərtib edib, “Azərbaycan SSR-nin
neft-qaz yataqları və perspektiv strukturları
xəritəsi”nin hazırlanmasına rəhbərlik edib. Qeyd
etmək lazımdır ki, akademik Şəfaət Mehdiyev neft
və qazın genezisinin tədqiqi üzrə daha fərqli
proqressiv ideyalar daşıyan alimlərdən biri idi.
Alimin çoxillik tədqiqatlarının
nəticələri bir sıra monoqrafiyalarda öz əksini
tapmışdır. Onların sırasında
“Azərbaycanın neft yataqlarının formalaşması
və neftlərin mənşəyi problemləri” (1956),
“Azərbaycanın çökmə süxurlarının
üzvi komponentləri” (1958), “Cənub-Şərqi
Azərbaycanın üçüncü dövr kompleksinin
bituminologiyasına dair” (1959), “Xəzəryanı-Quba
vilayətinin tabaşir və üçüncü dövr
çöküntülərinin üzvi maddələri”
(1963), “Kür çökəkliyi şərq hissəsinin
üst pliosen çöküntülərinin
geoloji-geokimyəvi xüsusiyyətləri” (1965), “Neftin genezisi
və neft-qaz yataqlarının formalaşması” (1969) və
s. əsərləri indiyədək aktuallığını
saxlamışdır.
Neftin dərinlik-biogen mənşəyi
nəzəriyyəsi bu gün də
tədqiqatçıların diqqət mərkəzindədir
və həmin konsepsiyanın alimlər arasında
tərəfdarlarının sayı artır. Qeyd olunanları
şərtləndirən amil, təbii olaraq, alimin fikrinin elmi
cəhətdən sanballı şəkildə
əsaslandırılması, dərin məntiqiliyi ilə
bağlıdır.
Şəfaət Mehdiyev ensiklopedik biliyə malik olan alim, tanınmış neftçi-geoloq, xeyirxahlığı, insanpərvərliyi, sadəliyi, vətənpərvərliyi ilə qəlblərdə özünə əbədi heykəl ucaltmış böyük bir müəllim idi. Məhz bu səbəbdəndir ki, Şəfaət Mehdiyevin BDU-da rektor olduğu dönəm milli kadrların yetişməsi mərhələsi kimi tarixə düşüb. Akademik Şəfaət Mehdiyev səmərəli elmi işlə yanaşı, uzun illər pedaqoji fəaliyyətlə də məşğul olmuş, “Neft və qaz geologiyasının əsasları”, “Ümumi geologiya” fənlərindən mühazirələr oxumuşdur. 1953-1965-ci illərdə o, Azərbaycan Dövlət Universitetinin geologiya fakültəsində kafedra müdiri olmuşdur. 1967-ci ildən sonra Azərbaycan Neft və Kimya İnstitutunda (ADNA) Geologiya və neft-qaz yataqlarının kəşfiyyatı kafedrasına rəhbərlik etmişdir. Şəfaət müəllim mahir mühazirəçi idi. Onun mühazirələri lakonikliyi ilə tələbələrin, həmçinin, auditoriyada iştirak edən mütəxəssislərin böyük marağına səbəb olurdu. O, həmçinin, bir sıra tədris vəsaitlərinin və elmi-kütləvi geoloji kitabların müəllifi idi.
Akademik Şəfaət Mehdiyev neft-qaz geologiyası və geokimyası sahəsində bütün dünyada məşhur olan alimlərdən idi. 50 ildən artıq müddət ərzində çoxsaylı beynəlxalq konqreslərdə, simpoziumlarda, konfranslarda və digər elmi forumlarda (ABŞ, Meksika, Hindistan, Kanada, Fransa, Almaniya, Macarıstan, Türkiyə və s.) maraqlı məruzələrlə çıxış etmişdi.
Akademik Ş.Mehdiyevin nəinki Azərbaycan, həmçinin, keçmiş SSRİ-nin digər respublikaları - Türkmənistan, Qazaxıstan, Gürcüstan və b. respublikalar üçün gənc kadrların və mütəxəssis geoloqların hazırlanmasında böyük xidmətləri var. Çoxsaylı elmlər doktoru və elmlər namizədi hazırlaması da dediklərimizin təsdiqidir.
Akademik Ş.Mehdiyev ictimai xadim kimi də tanınırdı. Ş.Mehdiyev 1952-ci ildən 1954-cü ilədək Azərbaycan Elmlər Akademiyasının Məhsuldar Qüvvələr Şurasının sədri işləmişdir. 1954-1958-ci illərdə Geologiya İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1958-ci ilin aprel ayından 1965-ci ilin fevral ayınadək Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. Eyni zamanda, o, bir çox elmi şuraların, elmi jurnalların redaksiya heyətinin üzvü, geoloji xəritələrin, çoxcildli “Azərbaycanın geologiyası” monoqrafiyasının redaktoru idi.
4 yaşından atasını itirən, buna baxmayaraq, ayaq üstə dayanmağı, təkbaşına yaşayıb-yaratmağı bacaran Şəfaət Mehdiyev həm də gözəl ailə başçısı olub. Bu gün onun 4 övladı - akademik Arif Mehdiyev, Aqşin Mehdiyev, Fərhad Mehdiyev və Ülvi Mehdiyevin Azərbaycanın ictimai-siyasi, elm və təhsil həyatında xüsusi rolları və çəkiləri vardır.
XX əsrin görkəmli alimlərinin fəaliyyətlərinin bir neçə onillik ərzində geologiya elminin və xüsusən neft geologiyasının inkişafına yönəldilməsində ölkəmizdə neftçi geoloq məktəbinin banisi akademik, geologiya-mineralogiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Şəfaət Fərhad oğlu Mehdiyevin xüsusi rolu olmuşdur.
Şəfaət müəllim ensiklopedik biliyə,
qeyri-adi istedada malik idi. Hamı onu son dərəcə xeyirxah,
təvazökar insan kimi tanıyırdı. Gələcək
nəslə özünün dram əsərlərini
(pyeslər, nağıllar, şeirlər) yadigar qoymuşdur.
Müxtəlif illərdə yazdığı “Mirzə
Fətəli”, “Müstəntiq”, “Səttar xan”,
“Rüşvət ustası”, “Su pərisi”, “Çoxmərtəbəli
Amerika” və digər ədəbi əsərləri bu gün
də böyük maraqla oxunur. Onun həyat yolu gənc
geoloqlara, alimlərə daim örnəkdir.
100 illik yubileyi ölkə səviyyəsində qeyd
olunan Şəfaət Mehdiyevin mənalı və
şərəfli ömür yoluna, elmi fəaliyyətinə
nəzər saldıqda, onun milli ideallara bağlı nəcib
şəxsiyyət olduğu bir daha qabarıq
görünür. Görkəmli akademik əsla qəyyum himayəsinə
tapınan alimlərdən olmamışdır - həyatda
məqsədlərinə halal zəhmətlə,
işgüzarlıqla, məqsədyönlülüklə
çatmışdır. Əsl alimlər kimi, onun
üçün də elmdə heç zaman son zirvə
və hədd anlaşıyı olmamışdır -
Şəfaət Mehdiyev elmi axtarışları ilə daim
öyrənməyə, həqiqəti üzə
çıxarıb isbatlamağa, əldə etdiyi faydalı
nəticələri praktik surətdə
gerçəkləşdirməyə çalışmışdır.
Bu bir həqiqətdir ki, insanın təkcə
gələcək ömür yolunun deyil, həm də
peşə seçiminin düzgün
müəyyənləşməsində doğulub boya-başa
çatdığı, suyunu-çörəyini
daddığı, havasını udduğu torpağın rolu
az deyil. Əhatə olunduğu mühit, təbiət,
birgəyaşayış qaydaları hər bir insanın
istedadının parlamasında, üzə
çıxmasında və
püxtələşməsində mühüm rol oynayır.
Tanınmış ziyalı insanlarla xoş
rəftarı, ünsiyyət bacarığı, yüksək
mədəniyyəti, tələbkarlığı,
prinsipiallığı, gələcəyə yüksək
inam hissi ilə diqqəti cəlb edirdi. Onun yaşadığı
şərəfli və mənalı ömür yolu əsl
insana xas ən gözəl xüsusiyyətləri
şəxsiyyətində tamamlayan alicənab, nəcib və
xeyirxah Azərbaycan ziyalısının maraqlı həyat
hekayəsidir. Milli elm tariximizə sanballı
möhürünü vurmuş akademik Şəfaət
Mehdiyevin mənalı və şərəfli ömür yolu,
elmi-pedaqoji və publisistik fəaliyyəti
yaradıcılıq yoluna yeni qədəm qoyan hər bir
gənc üçün sanballı örnəkdir.
Pərvanə
İbrahimova,
BDU-nun
Jurnalistika fakültəsinin müəllimi
Yeni
Azərbaycan.- 2010.- 23 dekabr.- S.4.