Uğurlu gələcəyə
böyük inamla
Uğurlu
gələcəyə böyük inamla müasir Azərbaycan
dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin
müəyyənləşdirdiyi strategiyanın Prezident
İlham Əliyev tərəfindən uğurla həyata
keçirilməsi Azərbaycanın qarşısında
böyük imkanlar açır. Bu gün müstəqil
Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi
və siyasi mövqeyini daha da möhkəmləndirməsi,
beynəlxalq qurumların hesabatlarında islahatçı
ölkə kimi yer tutması, dünyanın nüfuzlu
təşkilatlarının Azərbaycanın mövqeyini
dəstəkləyən qərar və qətnamələr
qəbul etməsi bir həqiqəti ortaya qoyur ki,
ölkəmizin seçdiyi yol düzgündür və bu yol
bizi daha uğurlu gələcəyə aparır.
1993-2003-cü illər
Azərbaycan tarixinə dirçəliş, tərəqqi,
inkişaf dövrü kimi yazılıb. 2003-cü
ildən sonrakı dövr isə uğurlu yolun davamı kimi
dəyərləndirilir. Prezident kimi
fəaliyyətə başladığı gündən
iqtisadi artımın qeyri-neft sektorunun hesabına
olmasını qarşıya ən ümdə vəzifə
kimi qoyan Prezident İlham Əliyev bildirdi ki, regionların
inkişafı ölkənin hərtərəfli tərəqqisində
başlıca amildir. Ölkəmizin malik
olduğu təbii resurslardan səmərəli istifadə
imkanlarımızın genişləndirilməsinə
zəmin yaradır. Amma bir
reallığı da qeyd edək ki, dünyada təbii
resurslarla zəngin olan bir çox ölkələr var ki,
orada bu ehtiyatlar heç də hər zaman uğur gətirmir.
Azərbaycan dövlətinin
düşünülmüş və
məqsədyönlü siyasəti nəticəsində
bugünkü uğurların təməli qoyuldu. Bir
sözlə, Ulu öndər Heydər Əliyevin
müəllifi olduğu neft strategiyası Azərbaycanı
regionda əsl söz sahibinə çevirdi. Bu gün Azərbaycanın iştirakı olmadan
bölgədə hansısa iqtisadi və siyasi
layihələrin həyata keçirilməsindən
söhbət gedə bilməz.
Gündən-günə daha
da qüdrətlənən ölkəmiz, eyni zamanda bu
uğurların qazanılmasına əsas verən Prezident
İlham Əliyevin siyasəti barədə biri-birindən
maraqlı, diqqətçəkən fikirlər
söylənilir. Ümumi rəy budur ki, xalqın
etimadını qazanan, hər bir vədini konkret əməli
işi ilə sübut edən dövlət
başçısına milyonların sevgisi şəksizdir.
Möhtərəm İlham Əliyev 2003-2008-ci illər
prezidentliyi dövründə hər bir sahədə həyata
keçirdiyi tədbirlər, uğurlu layihələrlə
2008-ci ilin 15 oktyabr prezident seçkilərində
növbəti beş il üçün
də qələbəsinə zəmin yaratdı.
Xalqımız cənab İlham Əliyevi
dəstəkləməklə uğurlu sabaha səs verdi. Ötən bu illərdə
atılan addımlar Onun hər kəsin Prezidenti olduğunu
təsdiqləyir. Kimliyindən, siyasi
əqidəsindən, dini mənsubiyyətindən
asılı olmayaraq bütün insanların problemləri,
qayğıları onu düşündürən
başlıca məsələdir. İnsan
amili dövlətin siyasətində öndə dayanır.
2003-cü ildə
keçirilən andiçmə mərasimində
“Azərbaycanı qüdrətli dövlətə
çevirmək üçün ən başlıcası
ölkədə Heydər Əliyevin siyasəti davam
etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu
siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan
dönməyəcəyəm” söyləyən cənab
İlham Əliyev “Azərbaycan gələcəkdə
çox zəngin və qüdrətli ölkəyə
çevriləcəkdir” tezisini bəyan edərək,
sonrakı illərdə atdığı addımları
ilə bu vədinə sadiqliyini bir daha nümayiş etdirdi.
Ulu öndər Heydər
Əliyevin ölkə iqtisadiyyatının inkişafında
neft-qaz amilinə yüksək dəyər verməsi Onun
uzaqgörən siyasətinin nəticəsi idi. Bu gün
məhz bu siyasətin uğurlarını yaşayırıq.
Ümummilli liderin uzaqgörən siyasətinin
nəticəsi kimi dəyərləndirilən Dövlət
Neft Fondunun yaradılmasının əhəmiyyəti də
həyata keçirilən işlərin fonunda aydın
görünür. Fond dövlət
siyasətinin prioritetlərini müəyyənləşdirir.
Hazırda fondun aktivlərinin həcmi 20 milyard
dollardan artıqdır. Fondun
qarşısında qoyulan əsas məqsədlərdən
biri neft gəlirlərinin gələcək nəsillər
üçün toplanaraq artırılması, digəri
isə bu gəlirlərdən ölkəmizin sosial
ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf
tələblərini nəzərə almaqla, bugünkü nəsillər
üçün istifadə edilməsidir. Neft Fondunda
toplanmış neft gəlirlərindən əldə
edilən vəsaitlərin səmərəli istifadə olunmasına
Azərbaycan hökuməti tərəfindən
göstərilən diqqətin təzahürü kimi, Prezident
İlham Əliyevin 27 sentyabr 2004-cü il
Fərmanı ilə “Neft və qaz gəlirlərinin
istifadə olunması üzrə uzunmüddətli strategiya”
təsdiq edilmişdir. Bu strategiyada
vəsaitlərin aktiv şəkildə, o cümlədən
iqtisadiyyatın qeyri-neft sektorunda, regionların, kiçik
və orta sahibkarlığın inkişafında,
yoxsulluğun azaldılması üzrə tədbirlərin
həyata keçirilməsində, “insan kapitalının”
inkişafında, ölkənin müdafiə qabiliyyətinin
gücləndirilməsində və digər bu kimi
istiqamətlərdə istifadə olunması
nəzərdə tutulur.
“Biz siyasətimizi elə
aparmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur. İqtisadiyyatın
bütün sahələri - ilk növbədə, qeyri-neft
sektoru, infrastruktur inkişaf etməlidir. Ancaq
bu yolla biz Azərbaycanı hərtərəfli inkişaf
etmiş ölkəyə çevirə bilərik”. Yeddi
il əvvəl proqnoz kimi
səslənən bu istək artıq reallığa
çevrilib.
Son illər ölkə
iqtisadiyyatı ilə yanaşı, elmi, təhsili və
mədəniyyəti də geniş inteqrasiya
proseslərinə cəlb olunub. Elm və təhsil
sahələrində alim, müəllim və
tələbələrin mübadiləsi geniş vüsət
alıb. Təbii ki, müasir
mərhələdə ölkəmizin iqtisadi qüdrəti
gənclərimizin yeni bilik, informasiya və texnologiyaları
qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır.
Mövcud intellektual potensialın
zənginləşdirilməsi ölkəmizdəki elm və
təhsil ocaqları ilə bərabər, xarici
ölkələrdə kadr hazırlığı
məsələsini aktuallaşdırır, xarici dilləri
mükəmməl bilən, informasiya-kommunikasiya
texnologiyalarına yiyələnən və beynəlxalq
diplomatik təcrübəni yaxşı mənimsəyən
yüksək hazırlıqlı
mütəxəssislərə olan ehtiyacın
ödənilməsini tələb edir.
Bu sahədə qəbul olunmuş Dövlət
Proqramının əsas məqsədi ölkədə
rəqabətqabiliyyətli iqtisadi sistemin
formalaşdırılması və davamlı inkişafın
təmin edilməsi baxımından ölkənin müasir
tələblərə cavab verən kadrlara ehtiyacının
ödənilməsi, Azərbaycan gənclərinin
ümumbəşəri dəyərlər əsasında
layiqli ali təhsil almaları üçün lazımi
şəraitin yaradılması, istedadlı gənclərin
dünyanın aparıcı ölkələrində
təhsil almaq imkanlarının genişləndirilməsi
prosesinin mütəşəkkilliyi və
səmərəliliyinin artırılmasını təmin
etməkdən ibarətdir.
Dövlət siyasətinin
prioritet istiqamətlərindən birinə çevrilən
təhsilin, elmin inkişafı sahəsində
görülən işlər davamlılığı ilə
diqqəti çəkir. Təhsilin inkişafı ilə bağlı
müxtəlif istiqamətləri əhatə edən 16
Dövlət Proqramının qəbul olunması və
uğurla icrası, ən ucqar kəndlərdə belə
məktəb tikintisi, onların maddi-texniki bazasının
möhkəmləndirilməsi və s. buna əyani
sübutdur.
“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiyanın həyata
keçirilməsi ilə bağlı Dövlət
Proqramı”nın təsdiqlənməsi
də bir daha dövlətimizin elmin, təhsilin
inkişafına xüsusi diqqət və
qayğısının bariz nümunələrindəndir. Ulu
öndər Heydər Əliyevin siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyev bu sahədə
böyük nailiyyətlərin qazanılması, Azərbaycan
elminin sıçrayışlı inkişafını
təmin etmək üçün dövrün yeni
şəraitinə uyğun olaraq, islahatların
aparılmasını, bu günədək müxtəlif elm
sahələrində qazanılmış nailiyyətlərin
bundan sonra daha da artırılmasını elmi ictimaiyyətin
qarşısında mühüm vəzifə kimi qoyur.
Bütün bunlar onu
deməyə əsas verir ki, neft siyasətinin uğurla
həyata keçirilməsi Azərbaycanın maliyyə
imkanlarının möhkəmlənməsinə, digər
sahələrin inkişafına geniş imkanlar açır. Prezident İlham Əliyev
bildirir: “Neft-qaz Tanrıdan verilən böyük nemətdir. Biz bundan uğurla və məharətlə
istifadə edirik. Amma gec-tez, bu təbii
sərvətlər tükənəcək və bilik,
zəka, səviyyə isə ölkəmizin dayanıqlı
inkişafını uzun illər bundan sonra da təmin
edəcəkdir. Ən yaxşı
inkişaf etmiş ölkələrin
təcrübəsinə baxsaq görərik ki, o
ölkənin inkişafında ən aparıcı rol oynayan
neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni
texnologiyalardır. Biz də buna
hazırıq”.
Cənab İlham Əliyev hər bir
çıxışında Ulu öndər Heydər
Əliyevin müəllifi olduğu neft strategiyasının
əhəmiyyətini önə çəkir: “Əsrin
müqaviləsi” imzalanmasa idi, Azərbaycanın bugünkü
iqtisadi imkanlarını, beynəlxalq aləmdə siyasi
mövqeyini düşünmək çətin deyildi. Əgər bizdə bu güclü təbii resurs
olmasa idi, qeyri-neft sektorunu nəyin hesabına inkişaf
etdirə bilərdik?”
Bazar iqtisadiyyatı yolu
ilə irəliləyən, sosial-iqtisadi proqramların
həlli üçün maliyyə imkanlarını
artıran Azərbaycan investisiya cəlbediciliyinə
görə də maraq doğurur. Son on ildə
ölkə iqtisadiyyatına 85 milyard dollar vəsait qoyulub ki,
bunun da 38 milyard dolları neft-qaz sektorunun payına
düşür. Daxili investisiyaların da
həcmi artmaqdadır. Bu, sözsüz ki,
dövlətimizin sahibkarlığın inkişafına
diqqət və qayğısının göstəricisidir.
Bu gün ÜDM-də özəl
bölmənin payı 85 faiz təşkil edir. Qeyri-neft sektorunun inkişafını neft
siyasətinin məntiqi davamı kimi
dəyərləndirən dövlət
başçısı İlham Əliyev bütün
çıxışlarında bəyan edir ki, əhalinin
sosial müdafiəsinin gücləndirilməsi həyata
keçirilən iqtisadi islahatların əsasında
dayanır. Ötən 7 ildə 900 mindən artıq yeni
iş yerinin açılması işsizlik,
məşğulluq probleminin həllinə öz müsbət
təsirini göstərir. Ölkədə
yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə enib.
Hər sahə üzrə qəbul olunmuş
proqramlar uğurla icra edilir.
Ölkə
iqtisadiyyatının inkişafı üçün əsas
amil olan enerji təhlükəsizliyinin təminatı
istiqamətində də önəmli addımlar
atılır.
Enerjiyə olan tələbatını daxili
imkanlar hesabına ödəyən Azərbaycan artıq
dünya dövlətlərinin enerji təhlükəsizliyinin
təminatında mühüm rol oynayır. Keçirilən enerji sammitlərində
ölkəmizin mövqeyni qətiyyətlə bildirən
Prezident İlham Əliyevin vurğuladığı kimi,
qarşılıqlı əməkdaşlığa
yönəldilmiş qlobal layihələrin
iştirakçısı və təşəbbüskarı
olan Azərbaycan hər zaman istehlakçıların
tələbatına cavab verən, dövlətlərə
siyasi və iqtisadi sahədə uğur gətirəcək
layihələri dəstəkləyir. “Əsrin
müqaviləsi”nin əsas tərkib hissəsi olan
“Bakı-Tbilisi-Ceyhan” və “Bakı-Tbilisi-Ərzurum” neft-qaz
kəmərlərinin çəkilməsi, eyni zamanda Qara
dəniz sahillərinə çıxan “Bakı-Supsa” neft
kəmərinin istismarı, “Bakı-Novorossiysk” xəttinin
işə salınması Xəzər regionunu, daha dəqiq
desək, Azərbaycanı beynəlxalq
əməkdaşlıq məkanına çevirdi.
Neft strategiyasının
uğurla həyata keçirilməsinin nəticəsidir ki,
artıq Azərbaycan yalnız investisiya qoyulan deyil, eyni zamanda
investisiya yatıran ölkə kimi də tanınır. Bir
məqamı xüsusi qeyd etməliyik ki, iqtisadiyyatın
inkişafına mühüm töhfələr verən
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
(ARDNŞ) müxtəlif ölkələrdə investisiya
layihələri həyata keçirir. Məlum
olduğu kimi, dövlət başçısı İlham
Əliyev şirkətin qarşısında dünya
miqyasında beynəlxalq və aparıcı
şirkətlərin birinə çevrilmək
vəzifəsini qoymuşdur. ARDNŞ son
illərdə sürətlə inkişaf edir. Şirkət həm maliyyə, həm texniki
imkanları hesabına müstəqil şəkildə
kəşfiyyat, qazma işləri aparır ki, bu da neft-qaz
potensialının artırılmasında vacib
amillərdəndir. Dövlət başçısı
İlham Əliyev “Ümid” qaz yatağının
açılması münasibətilə ARDNŞ
rəhbərliyi ilə keçirdiyi görüşdə bu
məsələyə xüsusi diqqət
yönəldərək bildirdi ki, Dövlət Neft
Şirkətinin “Ümid” yatağında öz hesabına,
öz gücü ilə kəşfiyyat işləri aparmaq
barədə təklifi və təşəbbüsü
həm riskli idi, həm də eyni zamanda, onu göstərirdi
ki, biz artıq bunu etməyə qadirik.
Region, eyni zamanda Avropa
ölkələrində Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin nümayəndəlikləri
fəaliyyət göstərir. Bu faktlar onu təsdiqləyir ki,
ARDNŞ-in dünya miqyasında neft şirkətləri
arasında öz reytinqi var. Prezident İlham Əliyevin bildirdiyi
kimi, ARDNŞ-in gücləndirilməsi həm
Azərbaycanın maraqlarına cavab verir, həm də
ölkədə neft-qaz sənayesinin inkişafı, sosial
məsələlərin həlli üçün çox
vacibdir. Dövlət Neft Şirkəti
etibarlı tərəfdaş kimi öz imkanlarını ortaya
qoyur.
Son illərdə Azərbaycanda
neft-qaz hasilatı böyük həcmdə artıb. Əgər 2003-cü
ildə neft hasilatı 15,4 milyon ton
idisə, ötən il 50 milyon tondan artıq olmuşdur.
2003-cü ildə 5,5 milyard kubmetr qaz hasil
edilirdi, ötən il bu göstərici 24 milyard kubmetrə
yaxın olmuşdur. Bütün bunlar
proqnozların doğrulacağına inam yaradır. Belə ki, 2015-ci ildə neft hasilatının 60
milyon tona və qaz hasilatının 34 milyard kubmetrə
çatdırılması proqnozlaşdırılır.
Ölkəmiz artıq
təbii qaz ixracatçısına çevrilib. Azərbaycanın
karbohidrogen ehtiyatlarını nəql edən 7 neft-qaz
kəməri var. Dövlət başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, bu, dünya bazarına birbaşa
çıxışı olmayan ölkə üçün
həlledici məsələdir: “Neft-qaz sərvəti nə
qədər olursa-olsun, bunları dünya bazarına
çıxarmaq mümkün olmadığı təqdirdə
onun heç bir mənası yoxdur”.
Bir sözlə, bu gün
Azərbaycanın neft-qaz sektoru intibah dövrünü
yaşayır.
Azərbaycanın iqtisadi
və siyasi mövqeyini möhkəmləndirməsi ən
mühüm problemimiz olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllinə də
yol açır. Azərbaycanın haqlı mövqeyini
dəstəkləyən dövlətlərin və
beynəlxalq təşkilatların sayının artması
Prezident İlham Əliyevin qətiyyət və səyinin
nəticəsidir. Cənab İlham
Əliyev ən yüksək tribunalardan Azərbaycanın
dəyişməz mövqeyini bəyan edir. Azərbaycanın ərazi bütövlüyü
danışıqlar mövzusu deyil. Münaqişə
beynəlxalq hüququn norma və
prinsipləri əsasında həllini tapmalıdır. Bu günlərdə NATO-nun Lissabon, eyni zamanda
ATƏT-in Astana sammitində Ermənistanın
işğalçılıq siyasəti bir daha faktlar əsasında
diqqətə çatdırıldı. Qəbul
olunan sənədlərdə ölkəmizin ədalət
prinsiplərinə əsaslanan mövqeyi öz əksini
tapdı. Hərbi-siyasi təşkilat olan
NATO-nun Dağlıq Qarabağ probleminin nizamlanması
prosesinə göstərdiyi diqqət, təbii ki, Azərbaycan
dövlətinin uğurlu xarici siyasətinin nəticəsidir.
Diplomatik mübarizədə qələbə
qazanan ölkəmizin münaqişənin həllində
hərb siyasətini seçərsə, qələbəsi
şübhəsizdir. Bu gün tam
əminliklə deyə bilərik ki, Azərbaycanın
çox güclü, qüdrətli ordusu var. Ulu öndər
Heydər Əliyev bildirirdi ki, sülh
danışıqlarını cəsarətli aparmaq
üçün güclü, qüdrətli ordu
gərəkdir. Hər il Silahlı
Qüvvələr günündə keçirilən hərbi
parad bir daha Azərbaycan Ordusunun nəyə qadir olduğunu
nümayiş etdirir. Bu gün ordunun
güclənməsi üçün bütün lazımi
tədbirlər görülür, peşəkarlıq
artır. Azərbaycan Ordusu ən
yüksək standartlara cavab verir.
Ölkəmizin
müdafiə qabiliyyətini gücləndirməsi, hərbi
büdcəsini artırması suveren hüququdur. Azərbaycan
işğala məruz qalan ölkədir. Torpaqlarımızın
20 faizi işğal altındadır. Belə
olan halda, ordu quruculuğu, müdafiə potensialının
möhkəmlənməsi və güclü ordunun
yaranması dövlət üçün, hər bir
vətəndaş üçün əsas vəzifədir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində danışıqların
intensivləşməsinə baxmayaraq işğalçı
Ermənistan qeyri-konstruktiv mövqeyi ilə problemin həllini
uzadır. “Bu danışıqlar uzun müddətdir ki,
aparılır və Azərbaycan xalqı bu
danışıqlardan artıq yorulubdur. Biz
hesab edirik ki, danışıqlar əbədi aparıla
bilməz”.
Xalqın səbrinin tükənməz
olmadığını ən yüksək tribunalardan
bildirən cənab İlham Əliyev bəyan edir: “Biz imitasiya
naminə danışıqlar aparmayacağıq”.
İnsan hüquq və
azadlıqlarının qorunması dövlətimizin
siyasətinin əsasında dayanır. Ötən
ilin martında keçirilən ümumxalq səsverməsində
Konstitusiyanın 29 maddəsinə edilən 40-a yaxın
əlavə və dəyişikliyin böyük
əksəriyyəti insan hüquqlarının
müdafiəsinə xidmət edir. Konstitusiyaya edilən
əlavəyə əsasən dövlətin ali
məqsədi insan hüquq və azadlıqlarını
qorumaq, vətəndaşların layiqli həyat
səviyyəsini təmin etməkdir. Prezident
İlham Əliyevin imzaladığı əfv
fərmanlarına əsasən minlərlə azadlıqdan
məhrum edilmiş məhbus azadlığa buraxılıb.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən amnistiya aktları
minlərlə məhbusa şamil edilib. Bütün
bunlar dövlətin siyasətində insan amilinə necə
yüksək dəyər verildiyini təsdiqləyir.
Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən amillərdən biri də ölkədə söz, mətbuat azadlığını təmin etməkdir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bu sahədə də atılan addımların davamlılığını təmin etmək üçün ciddi səylər göstərir. “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası”nın qəbulu da bu məqsədə xidmət edir. Konsepsiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti Yanında KİV-lərin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata hərtərəfli qayğısının daha bir əyani təzahürü kimi diqqətəlayiqdir. Fondun yaradılmasının əsas məqsədi azad və müstəqil mətbuatı inkişaf etdirmək, onu dəstəkləmək, mətbuatın maddi-texniki bazasının, o cümlədən jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməkdir. Bu il Azərbaycan milli mətbuatının 135 illik yubileyinin dövlət başçısı İlham Əliyevin sərəncamı ilə ölkəmizdə geniş şəkildə qeyd olunması da bu diqqət və qayğının əsas tərkib hissələrindəndir. Möhtərəm Prezidentimiz İlham Əliyevin “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında”, “Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında”, eyni zamanda milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif olunması haqqında sərəncamları böyük minnətdarlıq hissi ilə qarşılandı. “Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncamı xüsusilə vurğulamaq istəyirəm. Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə jurnalistlərin mənzil-məişət problemlərinin həlli məqsədilə 5 milyon manat məbləğində vəsaitin ayrılması Azərbaycan mətbuat tarixində çox böyük bir hadisədir. Ümumiyyətlə, dünyada analoqu olmayan bir hadisədir.
Azərbaycan bu gün bütün sahələrdə böyük uğurlara imza atır. “Hakimiyyətin yeganə mənbəyi xalqdır”, - söyləyən Möhtərəm Prezident İlham Əliyev bildirir ki, hər sahə üzrə proqramların mövcudluğu, həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəklənməsi, birgə addımların atılması gələcəyə daha böyük inamla irəliləməyə stimul verir. Prezident İlham Əliyevin son yeddi ildə hər bir vədini konkret əməli işi ilə təsdiqləməsi, həyata keçirdiyi siyasətin alternativsizliyi dünyanın tanınmış siyasətçilərinin, politoloqlarının, nüfuzlu araşdırmalar mərkəzlərinin açıqlamalarında xüsusi qeyd edilir, ən yüksək mükafatlara layiq görülür.
Prezident İlham Əliyevin Rusiyada təsis edilmiş “İlin adamı-2009” Qran-pri mükafatına, eyni zamanda Rumıniyada “İlin adamı-2010” mükafatına layiq görülməsi də ölkənin ictimai-siyasi, iqtisadi, demokratik islahatlar və dövlət mənafelərinə xidmət sahəsində göstərdiyi səylərinin təsdiqidir. Mükafatın təsisçiləri bildirirlər ki, “İlin adamı” öz ölkəsinin inkişafının mühüm meyillərini təcəssüm etdirən, onun gələcəyini formalaşdıran insanlardır. Bu kontekstdə Prezident İlham Əliyev ölkədə sabitliyin təminatçısı kimi qiymətləndirilir. Bu uğurları yüksək dəyərləndirən xalqımız yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də tezliklə öz müsbət həllini tapacağına, Azərbaycanın daha böyük uğurlar əldə edəcəyinə inamlarını ifadə edir, Prezident İlham Əliyevin ətrafında sıx birlşərək, bu həmrəyliyin sarsılmazlığını nümayiş etdirirlər.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin son yeddi ildə gördüyü işləri bir yazıda əhatə etmək qeyri-mümkündür. Sadalananlar yalnız onların cüzi bir hissəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, 7 ilin statistikasına baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu inkişafı haqqında hər kəsdə aydın təsəvvür yaransın. Bu günün uğurları isə gələcəyə daha böyük inamla irəliləməyə stimul verir.
Vüqar
Rəhimzadə,
İki sahil
qəzetinin baş redaktoru,
Əməkdar
jurnalist,
YAP
Siyasi Şurasının üzvü
Yeni
Azərbaycan.- 2010.- 24 dekabr.- S.9.