Xocalı
soyqırımının törədilməsindən 18 il
ötdü
Ulu öndər Heydər Əliyev:
Xocalı hadisələri bir də onu göstərdi ki, ermənilər
Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi
qəsb etmək yox, xalqımıza qarşı soyqırımı
törətmək kimi vəhşi bir yola düşmüşlər
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli faciələrindən biri baş verib. Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə bu şəhəri yerlə-yeksan edib, etnik azərbaycanlılara qarşı soyqırımı törədib. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1992-ci il 1 aprel tarixinə olan qiymətlərlə 5 milyard rubl məbləğində ziyan vurulub...
Ümummilli lider Heydər Əliyev 26 fevral 1995-ci ildə Təzəpir məscidində çıxış edərkən bildirmişdi ki, Azərbaycan xalqı çoxəsrlik tarixində böyük bəlalarla da rastlaşmış, müxtəlif mərhələlərdə faciələr də baş vermişdir: “Tarixdə insanın insana qarşı vəhşilik etməsi halları dəfələrlə qeyd olunub. Soyqırımı da dünyanın bir çox yerlərində baş veribdir. Azərbaycana qarşı Ermənistan qəsbkarları, təcavüzkarları tərəfindən edilən soyqırımı bunların ən dəhşətlilərindən biridir. Uzun müddət, demək olar ki, XX əsr ərzində Azərbaycan xalqına, millətinə qarşı Ermənistan təcavüzkarları tərəfindən olunan soyqırımları xalqımıza böyük yaralar vurmuşdur. Onların arasında ən böyük, ən ağır yaralardan biri Xocalı soyqırımıdır...”.
Ümummilli lider Heydər Əliyev vurğulamışdı ki, Xocalı hadisələri bir də onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər: “Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizdə həmişə olacaqdır. Qeyd etdiyim kimi, gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə yerindəcə məhv etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir. Xocalı soyqırımı, ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub və olacaqdır. O gecə, o günlər həlak olanlar, dünyadan gedənlər Azərbaycanın əziz vətəndaşlarıdır, onlar respublikamızın ərazi bütövlüyü yolunda qurban olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır, şəhiddirlər. Onların faciəli surətdə həlak olması, şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir”.
Ulu öndər söyləmişdi
ki, Xocalı şəhidləri də Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi, müstəqilliyi yolunda
şəhid olmuş vətəndaşlarımızdır:
“Xocalı faciəsi bizim dərdimizdir, kədərimiz, qəmimizdir.
Ancaq, eyni zamanda, Azərbaycan xalqının əsrlər boyu
keçdiyi mübarizə yolu, milli azadlıq yolu
şanlı, uğurlu yoldur. Keçmişdə də bizim
yolumuzda çətinliklər olub. Çətinliklər bu
gün də var. Ancaq heç bir şey Azərbaycan
xalqının iradəsini sındırmayıb və
sındırmayacaqdır. Biz belə hadisələrdən onu
götürməliyik ki, daha da cəsur olmalıyıq, daha da
mətin, daha da bir olmalıyıq. Dərk etməliyik ki, biz
özümüz öz taleyimizin sahibi olduğumuz kimi,
özümüz də öz taleyimizi, öz müstəqilliyimizi
qorumalı, Allahın bizə buyurduğu yolla gedərək
öz yolumuzu açmalı və bu yolla irəliləməliyik.
Buna görə də, biz bu gün bütün şəhidlərin
ruhuna rəhmət oxuyaraq, eyni zamanda, başımızı
dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, o qədər
də nikbin olmalıyıq, irəliyə, gələcəyə
ümidlə baxmalı, ümidlə yaşamalıyıq. Mən
tam əminəm ki, Azərbaycan xalqı bu ağır mərhələlərdən
də keçəcəkdir. Çətinliklər təkcə
müharibə, torpaqlarımızın işğal edilməsi,
qaçqınlarımızın ağır vəziyyətdə
olması ilə bağlı deyil. İndi xalqımız
keçid dövründə yaşayır. Sosial-iqtisadi
böhran içərisindəyik. İnsanların həyatında,
yaşayışında çətinliklər həddindən
artıq çoxdur. Ancaq bizim xalqımız əsrlər boyu
belə çətin mərhələlərə
dözüb, onlardan keçib və ona görə də min
illərlə yaşayıb, bundan sonra da min illərlə
yaşayacaqdır. Biz öz inamımızı itirməməliyik,
məsləkimizdən, tutduğumuz yoldan çəkinməməliyik.
Tutduğumuz bu yol Azərbaycanın müstəqilliyidir, milli
azadlığıdır, müstəqil Azərbaycanın
müstəqil dövlət kimi əbədi olmasıdır. Tutduğumuz
yol bizim mənəvi dəyərlərimizə, adət-ənənələrimizə,
dinimizə, dilimizə, tariximizə sədaqətimizdir. Bunlara
nə qədər sadiq olsaq, bugünkü ağır şəraitin
səbəblərini bir o qədər dərk edəcək,
bir-birimizə əl tutacağıq, kömək edəcəyik,
erməni qəsbkarlarının qarşısını da
alacağıq. Torpaqlarımızı da azad edəcəyik və
xalqımızı, respublikamızı bu böhran vəziyyətindən
də çıxaracağıq”.
Vəlibəyov Ramil
Yeni Azərbaycan.- 2010.- 26 fevral.- S.6.