Bəşər tarixinin ən qanlı səhifələrindən
biri - XOCALI SOYQIRIMI
Ulu öndər Heydər Əliyev:
Bir tərəfdən bu, hər bir Xocalı sakininin öz
torpağına, millətinə, Vətəninə sədaqətinin
nümunəsidir, ikinci tərəfdən də Ermənistanın
millətçi, vəhşi qüvvələri tərəfindən
Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin
görünməmiş bir təzahürüdür
Dünya tarixinin ən
qanlı faciələrindən biri sayılan Xocalı
soyqırımı XX əsrdə erməni şovinizminin
mahiyyətinin aşkara çıxmasında mühüm əhəmiyyət
kəsb edir. Hətta adi müharibə qanunlarına belə
riayət etməyən, yaşından asılı olmayaraq əliyalın,
silahsız və köməksiz insanları vəhşicəsinə
qətlə yetirən o dövrün imperiya qoşunu ilə
erməni silahlılarının əsl məqsədi Azərbaycan
xalqını mənəvi cəhətdən sındırmaq,
onun döyüş ruhunu öldürmək idi. Çünki
Xocalı, sadəcə, bir döyüş anı,
döyüş meydanı deyildi. Xocalı bir çox məqamları
özündə əks etdirirdi. İstər Kremlin
hündür divarları arxasında Azərbaycana qarşı
hazırlanan qanlı planlar, istərsə də ölkədə
baş alıb gedən hərc-mərcliyin, kreslo
döyüşünün torpaq döyüşünə
üstün gəlməsi faktları Xocalıda faciə şəklində
reallığa çevrildi.
XX əsrin Xocalı faciəsindən
əvvəl dünyada iki yaşayış məntəqəsi
eyni aqibətə uğramış, eyni metodla Yer üzündən
silinmiş və sakinləri məhv edilmişdi. Bunlardan
birincisi Belarusun Xatın kəndidir ki, 1941-ci ildə faşistlər
bu kəndi tamamilə yandırmış, dinc sakinləri vəhşicəsinə
məhv etmişdilər. İkincisi isə ABŞ-Vyetnam
müharibəsi zamanı Sonqmi kəndində baş verən
faciədir ki, bu kəndin sakinlərini partizanlara dəstək
vermək bəhanəsi ilə böyükdən-kiçiyə
qədər bütünlüklə qırmışdılar.
Amma bu faciələr də Xocalı soyqırımı ilə
müqayisə oluna bilməzlər. Xocalı
soyqırımı miqyasına və böyüklüyünə
görə, onların hamısından daha dəhşətlidir.
Azərbaycanın Ümummilli lideri Heydər Əliyev bu
soyqırım haqqında öz fikirlərini bu cür ifadə
edib: “Bu amansız və qəddar soyqırımı aktı
insanlıq tarixinə ən qorxulu kütləvi terror
aktlarından biri kimi daxil oldu”.
Əslində, Xocalı faciəsi
bir gecənin olayı deyildi. Ermənilər bu faciəyə Dağlıq
Qarabağ münaqişəsi başlandıqdan, bəlkə
də başlamamışdan öncə hazırlıq
görmüşdü. Onlar Qarabağın digər ərazilərində
də bu cür faciələr törətməyə
çalışsalar da, bunun ən dəhşətlisini
Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə
gedən yolun başlanğıcı isə 1988-ci ilə, yəni,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin başladığı dövrə təsadüf
edir. Elə həmin vaxtdan Xocalı soyqırımının əsası
qoyulmuşdu.
İllər idi ki, işğal planı
hazırlanırdı...
Tarixən Azərbaycan
torpaqlarına göz dikən ermənilər 1985-ci ildə
SSRİ-də ermənipərəst Mixail Qorbaçovun hakimiyyətə
gəlməsi ilə yenidən məkrli planlarını həyata
keçirməyə başladılar. Amma onlara öz
planlarını həyata keçirməkdə mane olan
çox böyük bir amil vardı: həmin dövrdə
Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini Heydər Əliyev ermənilərə və
onların himayədarı olan Qorbaçova Azərbaycanla
bağlı planlarının reallaşmasına, o cümlədən,
Dağlıq Qarabağ münaqişəsinin törədilməsinə
imkan vermirdi. Elə bu səbəbdən həm ermənilər,
həm də onların mərkəzi hakimiyyətdə olan
himayədarları o vaxtlar Dağlıq Qarabağ Muxtar Vilayəti
adlanan bu Azərbaycan bölgəsilə bağlı məkrli
planlarını həyata keçirmək üçün
M.S.Qorbaçovun vasitəsilə Heydər Əliyevin Siyasi
Bürodan uzaqlaşdırılmasına nail ola bildilər. Təsadüfi
deyil ki, Ümummilli liderin Siyasi Bürodan getməsindən həmən
sonra-1987-ci ilin noyabrında erməni akademik A.Aqanbekyan Parisdə
verdiyi açıqlamada Dağlıq Qarabağ Muxtar Vilayəti
ilə bağlı SSRİ rəhbərliyinə təklif
verdiklərini açıqladı. Elə bu vaxtlar erməni
“Qarabağ Komitəsi”, onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki
separatçı-terrorçu təşkilatı “Krunk” gizli fəaliyyətlərinə
son qoyaraq açıq şəkildə niyyətlərini bəyan
etməyə, Azərbaycana qarşı ərazi iddiaları səsləndirməyə
başladı. Bunun nəticəsi olaraq ermənilər tərəfindən
“Miatsum” adlanan hərəkat da formalaşdırıldı.
Bütün bunlar 1988-ci ilin fevralından etibarən, hadisələrin
daha gərgin və aqressiv məcrada inkişafı ilə nəticələndi.
Ermənilər sovet təhlükəsizlik orqanlarının əli
ilə Azərbaycanın bir sıra bölgələrində
iğtişaşlar törətdilər və bununla da Ermənistanda
yaşayan azərbaycanlıları öz dədə-baba
yurdlarından deportasiya etmək üçün zəmin
yaratdılar. 1988-ci ildə isə öz tarixi torpaqlarında
yaşayan 250 min azərbaycanlı bu ərazidən qovuldu, bununla
da, Ermənistan monoetnik dövlətə çevrildi.
Soyqırıma aparan yol...
Qarabağ müharibəsində
rusların ermənilərə yardım etməsi gizli fakt
deyil. Hətta törədilən qətllərdə
iştirak etmiş rus, erməni hərbçilərinin
adı açıq şəkildə bəyan edilir. Onlardan bəziləri
(məsələn, Ermənistanın keçmiş prezidenti
Robert Koçaryan, hazırki prezident Serj Sarkisyan, bu ölkənin
müdafiə naziri Seyran Ohanyan) bu qətliamlarda iştirak
etdiklərini etiraf ediblər. Xatırladaq ki, bu qətllərin
planlı şəkildə həyata keçirilməsində Kremlin
rolu olduqca böyük idi. 200 il idi ki, imperiya caynağından
xilas ola bilməyən Azərbaycan demək olar ki, rus şərqşünasları
tərəfindən tam şəkildə tədqiq
edilmişdi. Bu tədqiqatın əsas ruhu isə üzdə
göründüyü kimi tarixi-siyasi məqamlar deyildi.
SSRİ-nin beyin institutları imperiya tabeçiliyində olan
xalqların xüsusiyyətini, xarakterini tədqiq edirdi. Bu cəhətdən
onlar dərk edirdilər ki, yüksək döyüş ruhuna
malik Azərbaycan xalqı ilə səngərdə
üz-üzə gəlmək o qədər də arzuolunan hal
deyil. Hətta nəzərə almaq lazımdır ki, erməniləri
silah-sursatla tam təmin edən, canlı qüvvə ilə
kömək göstərən, üstəlik, Azərbaycanda
olan silahı zorla əhalidən yığan imperiya başbilənləri
o dövrdə özünü imperiya xidmətindən kənarda
hiss edə bilməyən Azərbaycan rəhbərliyi vasitəsilə
bütün yollara əl atırdı.
1988-ci ildən başlanan
Dağlıq Qarabağ münaqişəsində baş verənlər
Azərbaycan xalqında sözün əsl mənasında
böyük vətənpərvərlik ruhu
yaratmışdı. Bu ruh insanların genetik keçmişindən
yaranan bir hiss idi. Bütün gənclərin yalnız bir fikri
vardı: Vətən uğrunda silaha sarılmaq,
torpağı qorumaq, lazım gəldiyi zamanda bu yolda şəhid
olmaq... Amma bu gün də, həmin dövrdə də
müxalifətdə olan qruplaşmalar gənclərin bu saf
arzusundan, Vətən sevgisindən öz siyasi oyunlarında
istifadə etməyə çalışırdılar. “Rəhbərlik”
etdikləri hərbi birləşmələrdən Bakıda
siyasi hadisələrin gedişatında istifadə edən bu
insanlar, əslində, ermənilərin işğal faktına
öz hərislikləri ilə köməklik göstərirdilər.
Erməni və rus hərbi birləşmələrinin
hücumlarına məruz qalan rayonların sakinləri isə
çətin yollarla, hətta öz ciblərinin pulu ilə
aldıqları (həmin dövrdə Gəncədə yerləşən
Rusiyanın hərbi qüvvələrinin rəhbəri
Şerbak demək olar ki, bütün silah növlərindən
satdırırdı və cəbhə bölgəsində
yerləşən rayonlarımızın sakinləri öz
pulları ilə aldıqları silahlarla öz
torpaqlarını qoruyurdular) primitiv silahlarla erməni-rus birləşmələrinə
qarşı döyüşdə tək qalmışdı.
Müxalifətin təxribatçı ünsürləri isə
döyüşən rayonlarda min bir şayiələrlə
insanları çaş-baş salır, vətəndaşlarımızı
qarşı-qarşıya qoyurdu...
Rusların köməyi ilə məhv edilən XOCALI...
...Belə bir məqamda
Xocalı dörd bir tərəfdən erməni mühasirəsində
çətin günlərini yaşayırdı. 1991-cı
ilin oktyabrından tam mühasirədə saxlanan Xocalıya gedən
bütün avtomobil yolları bağlanmışdı.
Artıq şəhərlə gediş-gəliş yeganə nəqliyyat
vasitəsi kimi vertolyotlarla həyata keçirilirdi. Belə vəziyyət
şəhərə özünümüdafiə
üçün silah, ərzaq və digər zəruri məhsulların
çatdırılmasında ciddi problemlər
yaradırdı. Həmin dövrdə Dağlıq
Qarabağda erməni separatçıları da fəaliyyətini
genişləndirirdi. Bunun nəticəsi olaraq 1991-ci ilin
sentyabrında “Dağlıq Qarabağ Respublikası” adlanan
qondarma-separatçı rejimin yaradıldığı
bildirildi. Həmin il noyabr ayının 26-da isə Azərbaycan
Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunun ləğv
olunduğunu bəyan etdi.
Xocalı isə hələ
də döyüşürdü. Xocalıda döyüşən
insanların arasında bu şəhərdən olmayan cəmisi
16 şəxs vardı. Bu isə o demək idi ki,
xocalılılar rus-erməni birləşmələrinin
qarşısına yalnız öz qüvvələri ilə
çıxırdılar. Dövlətdən isə kömək
gəlmirdi. Hətta Xocalı o zaman döyüş gedən
digər kəndlərin belə köməyinə gedirdi. Belə
ki, ermənilər azərbaycanlılar yaşayan kəndlərə
hücum edəndə Xankəndi və erməni
silahlılarının yerləşdiyi digər məntəqələr
də Xocalıdan atəşə tutulur və düşmənin
öz niyyətini həyata keçirməsinə maneələr
yaradılırdı. Lakin Xocalıya və Qarabağın
düşmən hücumuna məruz qalan digər bölgələrinə
o vaxtkı Azərbaycan iqtidarı tərəfindən
lazımi yardımların edilməməsi və hakimiyyət
uğrunda gedən savaşlar ermənilərə öz niyyətlərini
daha asan reallaşdırmağa imkan verirdi. Məhz bunun nəticəsində
1992-ci il yanvarın 10-da ermənilər Axullu kəndini zəbt
edə bildilər. Elə həmin ilin fevralında Malıbəyli
və Quşçular kəndləri hücuma məruz
qaldı. Xankəndində yerləşən 366-cı
alayın bilavasitə iştirakı ilə bu kəndlər də
ermənilər tərəfindən işğal olundu.
Malıbəyli və Quşçular kəndlərinin
işğalından bir neçə gün sonra Dağlıq
Qarabağın ən iri yaşayış məskənlərindən
olan Qaradağlı yenə də 366-cı motoatıcı alayın
əsgər və zabit heyəti, eləcə də, müxtəlif
xarici ölkələrdən gətirilmiş muzdlu
döyüşçülər hesabına ermənilərin əlinə
keçdi. Kənd əhalisi vəhşicəsinə qətlə
yetirildi. Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində
olan yaşayış məntəqələri azərbaycanlılardan
təmizlənmişdi, yüksək mövqelər ermənilər
tərəfindən tutulmuşdu. İndi ermənilər
üçün əsas hədəf XOCALI idi.
Ermənilərin və
rusların Xocalı şəhərini hədəfə almaqda
əsas məqsədi bir tərəfdən Qarabağın
dağlıq hissəsində azərbaycanlılardan ibarət
olan, strateji əhəmiyyətli ərazidə maneəni aradan
qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə,
Xocalını Yer üzündən birdəfəlik silmək
idi. Öz miqyasına və dəhşətlərinə
görə dünya tarixində analoqu az olan Xocalı
soyqırımını törətməkdə erməni
şovinistləri və ideoloqları həm də daha
uzağa hesablanmış məqsəd güdürdülər.
Onların əsas niyyəti Dağlıq Qarabağı və
digər Azərbaycan torpaqlarını ələ keçirmək,
xalqımızın müstəqillik və ərazi
bütövlüyü uğrunda mübarizə əzmini
qırmaq idi. Düzdür, buna nail ola bilməsələr də,
ermənilər 366-cı alayın köməyilə tarixə
ən dəhşətli qanlı səhifələrdən
birini yazdılar...
...Ölkə rəhbərliyinin
səriştəsizliyi və yaranmış şərait ermənilərin
Xocalı ilə bağlı planlarının daha tez həyata
keçirməsinə təkan verirdi. Fevralın 25-də Xocalı
daha dəhşətli dərəcədə artilleriya və
digər hərbi texnikadan atəşə tutulmağa
başladı. Bu işdə yenə də 366-cı alayın
texnikasından geniş istifadə olundu. Ümumiyyətlə,
bu alay Xocalı ilə yanaşı, Azərbaycanın digər
kəndlərinin də atəşə tutulmasında dəfələrlə
iştirak edib. Bunun əsas səbəblərindən biri də
alayda xeyli sayda erməninin olması idi. Yeri gəlmişkən,
366-cı alayın Xocalıya hücumuna rəhbərlik edən
şəxslərdən biri də Ermənistanın indiki
müdafiə naziri Seyran Muşeqoviç Ohanyan idi. Məhz
onun komandanlığı altında 366-cı alayın 2-ci
batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon,
1 saylı batalyonun qərargah rəisi Valeriy İsayeviç
Çitçyan və alayda xidmət edən 50-dən
artıq erməni zabit və gizir Xocalıya hücumda
iştirak edib...
...Bu soyqırımda 613 nəfər
dinc azərbaycanlı, o cümlədən, 63 uşaq, 106
qadın, 70 qoca bir neçə saatın içində
amansızlıqla qətlə yetirildi. Erməni-rus birləşmələri
487 nəfəri ağır xəsarətlərə məruz
qoydu, 1275 nəfəri isə girov götürdü. Ermənilər
qaniçənlikdə vaxtilə dünyanı lərzəyə
salmış faşizmi də geridə qoyduqlarını
nümayiş etdirdilər. Beynəlxalq humanitar hüquq
normalarını, insan hüquqları üzrə ən
müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi
birləşmələri insanları qətlə yetirmək məqsədilə
ən qəddar üsullara əl atdılar. Şahidlərin təsdiqlədiyinə
görə, həmin gecə onlarla qadın, 2 yaşından
15 yaşınadək olan uşaqlar, ahıl qocalar güllələnib,
insanların başlarının dərisi soyulub, müxtəlif
əzaları kəsilib, gözləri
çıxarılıb, hamilə qadınların
qarınları yarılıb, adamlar diri-diri torpağa
basdırılıb və ya yandırılıb. Güllə
yarasından ölməyənlərin başlarına sonradan
güllə vurulub, meyitlər zorakılığa məruz
qalıb...
Xocalı həqiqətləri dünya ictimaiyyətinin
diqqət mərkəzində...
Ulu öndərimiz Heydər Əliyevin
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra bir çox
milli faciələrimiz kimi Xocalı soyqırımına da
siyasi-hüquqi qiymətin verilməsi mümkün oldu.
1996-cı il fevralın 24-də xocalılılarla
görüşən Ulu öndərimiz Heydər Əliyev
faciənin xalqımızın qəhrəmanlıq tarixində
xüsusi yeri olduğunu vurğulayıb: “Bir tərəfdən
bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə,
Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən
də Ermənistanın millətçi, vəhşi qüvvələri
tərəfindən Azərbaycana qarşı edilən
soyqırımıdır, vəhşiliyin görünməmiş
bir təzahürüdür... Əgər Xocalı faciəsi
bir tərəfdən erməni
işğalçılarının vəhşiliyinin nəticəsi
olubsa, ikinci tərəfdən bizim dövlət
orqanlarının, o vaxt respublikaya rəhbərlik edən səlahiyyətli
şəxslərin cinayətkarlığı, hətta deyərdim,
xəyanətkarlığı nəticəsində olubdur. Ona
görə də, biz bu soyqırımını pisləməliyik,
ermənilərin bu vəhşiliyini dünyaya göstərməliyik,
onları bir vəhşi kimi ifşa etməklə
yanaşı, eyni zamanda, özümüzə etdiyimiz cinayəti,
xəyanəti də aşkar etməliyik”.
Ümummilli liderimizin təşəbbüsü
ilə Milli Məclis 1994-cü il fevralın 24-də
“Xocalı soyqırımı günü haqqında” xüsusi
qərar qəbul etdi, sənəddə hadisənin başvermə
səbəbləri, günahkarları təfsilatı ilə
açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə
bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması, erməni qəsbkarlarının
beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr
kimi önə çəkildi. Ümummilli liderimizin “Xocalı
soyqırımı qurbanlarının xatirəsinə
sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral
1997-ci il tarixli Sərəncamı ilə hər il fevral
ayının 26-sı saat 17.00-da Azərbaycan
Respublikasının ərazisində Xocalı
soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad
edilir.
Son illərdə Xocalı həqiqətlərinin
dünyaya tanıdılması, Ermənistanın sovet hərbi
dairələrinin dəstəyi ilə həyata keçirdiyi
insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda
ifşası istiqamətində xeyli iş görülüb,
xarici dillərdə kitablar, sənədlər dərc olunub,
Xocalı soyqırımı ilə bağlı müxtəlif
beynəlxalq təşkilatlar öz mövqeyini
açıqlayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında həyata keçirilən
ardıcıl tədbirlər nəticəsində bu gün
bir sıra Avropa ölkələri Xocalı
soyqırımı ilə bağlı həqiqətlərlə
tanış olub. Bu istiqamətdə Heydər Əliyev Fondunun
xidmətləri yetərincədir. Məhz Heydər Əliyev
Fondunun prezidenti, ölkəmizin birinci xanımı, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban Əliyevanın təşəbbüsü ilə bir
sıra ölkələrin paytaxtında Xocalı
soyqırımı ilə bağlı tədbirlər
keçirilib. İslam Konfransı Təşkilatı Gənclər
Forumunun Mədəniyyətlərarası Dialoq üzrə
baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun
Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın
təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət”
kampaniyasının səyi ilə Xocalı
soyqırımının adı İsveçdə yaradılmış
və virtual aləmdə geniş vüsət almış
mükəmməl “Beynəlxalq Müharibə Qurbanları
Memorialı” arxiv layihəsinə daxil edilib və Xocalı
soyqırımının adı Srebrenitsa, Xolokost və
başqa yerlərdə törədilmiş
soyqırımları və qətliamlarla bir sırada çəkilib.
Bununla yanaşı, bu il
yanvarın 31-də İslam Konfransı Təşkilatına
üzv dövlətlərin Parlament İttifaqının
Uqandanın Kambala şəhərində keçirilən və
51 ölkənin parlament nümayəndələrinin
iştirak etdiyi VI konfransında “Xocalıya ədalət” beynəlxalq
kampaniyasına dəstək çərçivəsində
xüsusi qətnamə qəbul edilib.
...Azərbaycan xalqı
heç bir zaman Xocalıda baş verən dəhşətləri
unutmayacaq. Dövlətimizin apardığı ardıcıl
siyasət nəticəsində işğal altında olan
torpaqların azad ediləcəyi gün çox uzaqda deyil.
Düzdür, Xocalı yarası heç zaman sağalmayacaq,
amma Xocalının azadlığa qovuşması narahat
ruhların rahatlıq tapmasına kömək edəcək...
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2010.- 26 fevral.- S.4.