Azərbaycan mətbuatının inkişaf tarixi

 

Milli mətbuatımızın “Əkinçi”dən bu günə keçdiyi yol

 

Birinci yazı

 

İnsan oğlu ətrafında baş verənləri şüurlu şəkildə dərk etməyə başladığı ilk andan etibarən onda yazmaq və oxumaq (təbii ki, ilk vaxtlarda danışmaq-red.) həvəsi baş qaldırıb. İbtidai insanlar vəhşi təbiətdə gördüklərini daşlar üzərinə cızaraq ilk rəsmlərini, əslində isə yazılarını yaradıblar. Bu yaradıcılıq bir tərəfdən insanların ətrafdakılara marağı ilə bağlı olsa da, digər tərəfdən də gördüklərini hansısa bir formada başqalarına da göstərmək həvəsindən irəli gəlib. Yəni, əgər belə demək mümkünsə onlar bununla bir növ malik olduqları informasiyanı ətrafdakılara çatdırıblar. Hansı ki, müasir dünyada bu missiyanı qəzetlər və informasiya agentlikləri, həmçinin, internet portalları həyata keçirir.

 

İlk qəzet eramızdan əvvəl II əsrin ortalarında yaranıb

 

İbtidai insanlar tərəfindən əsası qoyulan informasiya çatdırmaq prosesi bizim eradan əvvəl II əsrin ortalarında ilk qəzetin yaranması ilə növbəti mərhələyə qədəm qoyub. Yəni, həmin dövrdə Roma küçələrində səyyar satıcılar “Acta populi diurna” (“Xalqın gündəlik həyatı”) adlı qəzeti reklam ediblər. Həmin qəzetdə öz əksini tapan xəbərlər qeyri-rəsmi məlumatlardan ibarət olub. Lakin Yuli Sezarın dövründə buna son qoyulub və onun göstərişi ilə Senatın iclaslarının hesabatları, sərkərdələrin göndərdiyi məlumatlar, qonşu dövlətlərin səfirləri barədə xəbərlər vərəqələrdə yerləşdirilməyə başlanıb.

Qəzetlərin indiki formatı isə XVI əsrdə formalaşıb. Həmin vaxtdan qəzet sözü də dəbə düşüb. Bu ad ona kiçik İtaliya şirkətinin adından keçib.

Qonşu Rusiyada isə ilk qəzet “Kurantı” adlanıb və onun günümüzə qədər saxlanmış ən qədim nüsxəsi 1621-ci ilə aiddir. İlk çap qəzeti isə birinci Pyotrın vaxtında, 1702-ci ildə Rusiyada satışa çıxarılıb və “Vedemosti” adlanıb.

Azərbaycana gəlincə, ölkəmizdə qəzetçiliyin tarixi o qədər də qədimlərə söykənmir. Daha doğrusu, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə Azərbaycanda ilk mətbu orqanın əsası qoyulub. Məhz buna görə də, hazırda 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir. Lakin 22 iyul tarixinin Azərbaycanda mətbuat əhlinin bayram gününə çevrilməsinə səbəb olan “Əkinçi” qəzetinin işıq üzü görməsi heç də asan olmayıb.

 

“Əkinçi” necə yaranıb?

 

Daha doğrusu, tarixi materiallardan da bəlli olduğu kimi XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın yaranmasını zəruri edib. Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi uzun mübarizədən sonra çar üsul-idarəsi şəraitində müstəmləkə ucqarında ana dilində “Əkinçi” qəzetinin çap edilməsi üçün icazə alıb. Bu qəzetin çıxması bütün Qafqazda geniş əks-səda doğurub. Qəzetin nəşri üçün Həsən bəy Zərdabi İstanbuldan xüsusi ərəb mətbəə şriftləri gətirtməli olub və nəhayət, xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsinin nəşrinə nail olub. Yuxarıda da qeyd etdiyimiz kimi, “Əkinçi”nin nəşrilə həm də milli mətbuatımızın əsası qoyulub.

Məlumatlara əsasən, “Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalə və digər yazıları dərc olunub. Məhz bu kimi müəlliflərin köməyi ilə “Əkinçi”nin səhifələrində elm və texnika, kənd təsərrüfatı, mədəniyyət sahələrindəki yeniliklərə geniş yer verilib.

İlk vaxtlar qəzetin bütün redaksiya heyəti bir adamdan ibarət olub. Belə ki, Həsən bəy Zərdabi həm naşir, redaktor, həm də korrektor və mürəttib olub. Xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək məqsədi ilə “Əkinçi” misilsiz iş görüb. Ümumilikdə, 56 sayı işıq üzü görən qəzet ayda iki dəfə 300-400 tirajla nəşr edilib və bu mətbu orqanda “Daxili xəbərlər”, “Əkin və ziraət xəbərləri”, “Elmi xəbərlər”, “Təzə xəbərlər” rubrikaları altında müxtəlif mövzularda yazılan məqalələr dərc olunub.

 

Əsas məqsəd xalqı maarifləndirmək olub

 

Məlumatlara əsasən, qəzetə maraq oyatmaq məqsədilə Həsən bəy Zərdabi “Əkinçi”ni geniş kütlələr arasında pulsuz yaymalı olub. Eyni zamanda, bu cəfakeş insan dövrünün görkəmli ziyalılarını qəzet ətrafında toplaya bilib. Əksər mütəxəssislərin də qeyd etdikləri kimi, Həsən bəy Zərdabi ilk gündən “Əkinçi” vasitəsilə ən başlıca vəzifəsini-xalqı maarifləndirməyin təbliğini öz qarşısında məqsəd qoyub. Qəzetdə kəndli həyatına, kəndli təsərrüfatına, əkinçilik mədəniyyətinə, suvarma işlərinə, əmək alətlərinə dair məqalələr nəşr etməklə böyük ədib kənd təsərrüfatında geriliyi aradan qaldırmağa çalışıb. Eyni zamanda, ayrı-ayrı məqalələrdə xalqımızın mədəni həyatına dair materiallar da dərc edilib. Ən başlıcası isə Həsən bəy Zərdabi məhz “Əkinçi”nin səhifələrində milli oyanışın xüsusiyyətlərini, milli birliyi yaratmaq məsələsini qoyub.

Həsən bəy Zərdabi Mirzə Fətəli Axundova göndərdiyi məktubda məqsədini belə izah edib: “Bəlkə, sizi belə bir şey düşündürür ki, nə üçün başqa birisi deyil, məhz siz, özü də müftə, bir quru “çox sağ ol” belə eşitməyə ümidiniz olmadan bu barədə zəhmət çəkirsiniz. Onda mən məcburam deyəm ki, xalqa, sənə doğma olan xalqa məhəbbətdən, avamların maariflənməsindən söhbət gedən yerdə bu sual ortaya gəlməməlidir. Xalqın, həm də geridə qalmış avam xalqın, sənin və mənim qardaşımın maariflənməsi işinə özünü həsr edən bir adamı belə bir fikir yoldan qoymamalıdır. O, mükafatını öz-özünə, işini görə-görə vicdanı qarşısında duyacaqdır”.

 

Zərdabi ideyaları irticanın sərt tələblərinə qalib gəldi...

 

Zərdabinin ideyaları hər addımda irticanın sərt qayaları ilə toqquşub. “Əkinçi” çar hakim dairələrinin müqavimətini qırmalı olub, yerli irticaçılarla mübarizəyə girib, onları tutarlı mühakimələrlə susdurub. Məlumatlarda qeyd olunur ki, həmin dövrdə əməli işlər, maddi-texniki qaydalar daha çox olub. Buna görə də, “Əkinçi”nin hökumət mətbəəsində nəşri prosesində ortaya müxtəlif süni əngəllər çıxıb. Qəzetə xəbər yazan müxbirlər də kifayət qədər olmayıb. Sonralar Həsən bəy Zərdabi yazıb ki, “köməyimiz az olduğundan və kənar yerlər bir yana, Bakıda baş verən mühüm hadisələrdən də bəziləri bizə vaxtlı-vaxtında gəlib çatmırdı. Xarici xəbərləri isə rus, İran, türk, Orta Asiya qəzetlərindən götürməli olurduq”.

Müxtəlif dillərdə yazılmış məqalə və xəbərləri isə Həsən bəy Zərdabi özü Azərbaycan dilinə tərcümə edirdi. Şəkillərin verilməsi isə poliqrafik şərait olmadığından bu işi həyata keçirmək mümkün olmurdu.

Yeri gəlmişkən, bəzi məlumatlara görə, Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin vəziyyəti barədə düzgün təsəvvür yaratmaq üçün Avropa mətbuatı, xüsusilə, Londonda çıxan “Tayms”la öz qəzetini müqayisə edib. Böyük ədib yazırdı: “Dünyada hər qəzeti beş, ya on adam inşa edir: onu çap edən, hərflərini düzən, qələtlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm... Ey bizlərə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil, siz ağlayın ki, biz müsəlmanın bircə qəzeti də basdırmağa (nəşr etməyə) adamı yoxdur”.

Təsadüfi deyil ki, o zaman Bakıya gəlmiş bir fransız jurnalisti “Əkinçi”nin çap olunduğu şəraiti gördükdə Həsən bəy Zərdabiyə deyib: “Doğrusu, siz əsl qəhrəmansınız! Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən tapmaq olmazdı. Sizin qüvvənizə heyrət edirəm. Belə məlum olur ki, Siz öz xalqınızı çox sevirsiniz!”

 

Ömrü uzun olmasa da...

 

Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, “Əkinçi” qəzetinin mütərəqqi ideyaları çar müstəmləkəçilərini ciddi şəkildə narahat edib. Məhz buna görə də, 1877-1878-ci illərin Rusiya-Türkiyə müharibəsinin başlanması ərəfəsində “Əkinçi”nin vəziyyəti daha da ağırlaşıb. Bu zaman çar senzurası qəzetin siyasi xarakterli məsələlərə toxunmasını qadağan edib. Belə bir şəraitdə 1877-ci ilin sentyabrında qəzetin nəşrini dayandırmaq haqqında hökumət sərəncamı verilib.

Lakin “Əkinçi” qəzeti çox tez bağlansa da, xalqımızın mədəniyyət salnaməsində böyük ad qoyub. Bu qəzetin Azərbaycan milli mətbuat tarixində açdığı yol, yaratdığı ənənələr çox uğurlu, uzunömürlü olub. “Əkinçi” qəzetinin nəşri ilə Azərbaycan milli mətbuat tarixinin əsası qoyulub.

Digər tərəfdən Azərbaycan ədəbiyyatı və mətbuatının bütün qabaqcıl xadimləri, hətta “Əkinçi” bağlanandan 20-30 il sonra da onun əhəmiyyətini itirməyən maarifçi ideyalarına sahiblənməyə ciddi fikir veriblər. Bu da təsadüfi deyil. Mətbuat tariximizi dərindən araşdıran mütəxəssislərin sözləri ilə desək, “Əkinçi” zəhmətkeş xalqa təmənnasız və sədaqətlə xidmətin, ictimai və milli zülmə qarşı mübarizəsinin, doğma mədəniyyət və ana dilinin tərəqqisi yolunda yorulmadan çalışıb. “Əkinçi” dünya elminin nailiyyətlərini yaymağın, xüsusilə, demokratik mətbuatı inkişaf etdirməyin ilhamvericisi, gözəl bir nümunəsi olub. Əksər mütəxəssislərin də qeyd etdikləri kimi bunun ən parlaq sübutu məşhur “Molla Nəsrəddin” jurnalının, onun əsas müəlliflərinin “Əkinçi” və əkinçilərlə möhkəm ideya varislik əlaqəsidir.

 

“Əkinçi” cəsarət nümunəsi olub

 

Eyni zamanda, “Əkinçi” həmin vaxt çar Rusiyasının əsarəti altında olan xalqımızın sabahını düşünən hər kəs üçün bir cəsarət nümunəsi olub. Bundan başqa, Azərbaycanda qəzetçilik ənənəsinin əsası qoyulub. Çünki “Əkinçi” işıq üzü görən cəmi 56 sayı ilə bir inqilab edib. Elə bir inqilab ki, “Əkinçi”dən sonra hər bir azərbaycanlıda qəzetə, oxumağa, məlumatlanmağa həvəs yaranıb. Məhz ortada olan nümunə və xalqın qəzet istəyini əsas götürən ziyalılarımız “Əkinçi”dən sonra bir-birinin ardınca yeni mətbuat orqanlarının əsasını qoyublar.

Bir sözlə, 1875 - 1877-ci illərdə “Əkinçi” qəzetinin fəaliyyət göstərməsi haqlı olaraq xalqımızın tarixində mühüm ədəbi hadisə kimi qiymətləndirilir. XX əsrin əvvəllərində Azərbaycanda onlarla qəzet və jurnal nəşr edilib və Azərbaycanın çox görkəmli yazıçıları, alimləri, sənət adamları bu mətbuat orqanlarında fəal iştirak ediblər. “Əkinçi” və XX əsrin əvvəllərində nəşr olunan qəzetlərdəki yazılar, senzuranın ələyindən keçmələrinə baxmayaraq, demokratiya və söz azadlığı ideyalarını təbliğ ediblər. Məhz buna görə də, çəkinmədən demək olar ki, Azərbaycan milli mətbuatının bünövrəsi sayılan “Əkinçi” qəzeti Azərbaycan tarixinə yazılan şərəfli səhifələrdən biridir.

 

 

Yeni Azərbaycan.- 2010.- 1 iyul.- S.4.