Azərbaycan mətbuatının
inkişaf tarixi
Milli mətbuatımızın “Əkinçi”dən bu
günə keçdiyi yol
Ölkəmiz ötən əsrdə
növbəti dəfə müstəqillik əldə etdikdən,
daha doğrusu, Ulu öndər Heydər Əliyevin ikinci dəfə
siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanda
bütün sahələrdə inkişaf qeydə
alınıb. Təbii ki, bu inkişafdan ölkə mətbuatına
da pay düşüb. Əsası Ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən
davam etdirilən siyasət nəticəsində mətbuatımız
özünün yeni inkişaf mərhələsinə qədəm
qoyub desək, yanılmarıq. Ötən il Prezident İlham Əliyevin
Fərmanı ilə yaradılan Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun (KİV DF) həyata keçirdiyi layihələr
və elan etdiyi qrant müsabiqələri isə KİV-in fəaliyyətinə
əsaslı stimul verir. Onu da qeyd etmək yerinə düşər
ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra
hər il iyulun 22-si, yəni, ilk milli mətbuatımız olan
“Əkinçi” qəzetinin işıq üzü
gördüyü tarix Milli Mətbuat Günü kimi qeyd
olunur. Bu il isə Azərbaycan milli mətbuatının 135
illiyidir və Prezident İlham Əliyev iyunun 10-da “Azərbaycan
milli mətbuatının 135 illik yubileyinin keçirilməsi
haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına
tapşırılıb ki, Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan
Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində
və respublikanın bölgələrində yubiley tədbirlərinin
keçirilməsini təmin etsin. Həmçinin, bir ay
müddətində jurnalist təşkilatlarının və
redaksiyaların təklifləri əsasında Azərbaycan
milli mətbuatının inkişafında xüsusi xidmətləri
olan jurnalistlərin mükafatlandırılması haqqında
təklifləri Azərbaycan Prezidentinə təqdim etsin.
Öz növbəsində, sözügedən Sərəncam əsasında
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən
xüsusi tədbirlər planı təsdiqlənib və
artıq icraya yönəldilib.
Beşinci yazı
Sovetlər dövründə
nəşr edilməsinə baxmayaraq, bir sıra qəzetlər
var ki, onların ümumilikdə Azərbaycan mətbuatının
inkişaf tarixində böyük xidmətləri olub. Belə
mətbuat orqanlarından biri də “Ədəbiyyat qəzeti”dir.
Tarixi məlumatlardan da bəlli olduğu kimi, bu qəzetin
çap edildiyi ərəfədə, yəni, 1933-cü ildə
mətbuat sahəsində müəyyən geriləmələr
müşahidə edilib. Belə ki, Sovet hökumətinin təkidi
ilə “Hücum”, “Kommunist maarifi”, “Allahsız”, “Mədəni
hücum” jurnallarının nəşrinin
dayandırılması, “Firqə işçisi”, “İnqilab və
mədəniyyət”, “Müəllimə kömək” jurnallarının
isə il ərzində cəmi 2-3 sayının
çıxması yazıçıların
narahatlığına səbəb olub.
Mövcud şərait yeni ədəbi orqanın
yaradılmasını zəruri edirdi
Məhz belə bir vəziyyət,
yəni, mətbuat həyatında olan bu uğursuzluq hər
şeydən əvvəl Azərbaycan
yazıçılarını yeni bir ədəbi orqan yaratmaq
haqqında düşünməyə vadar edirdi. Beləliklə,
Azərbaycan Sovet Yazıçıları
İttifaqının İdarə heyəti və
yazıçılar uzun müzakirələrdən sonra daha
operativ bir orqan - “Ədəbiyyat qəzeti” yaratmaq qərarına
gəldilər. Ümumi rəyə əsasən Hacıbaba Nəzərli
redaktor, Əvəz Sadıq məsul katib təsdiq olundu. Qəzetin
birinci nömrəsinin çıxması 1933-cü il dekabr
ayının 5-də nəzərdə tutulmuşdu. Lakin mətbəədə
texniki çatışmazlıq üzündən qəzet nəzərdə
tutulduğu vaxtda çıxa bilmədi. Təxminən bir
aydan sonra, 1934-cü il yanvarın 1-də xalqımızın
həyatında böyük təsiredici mənəvi
dayağa çevrilmiş “Ədəbiyyat qəzetəsi”
adlı qəzetin yaranması oxucuların rəğbəti ilə
qarşılandı. “Ədəbiyyat qəzetəsi”nin
redaksiya heyəti tərkibinə M.Hüseynov, M.Cuvarlı, H.Nəzərli,
M.S.Ordubadi, H.Mehdi, S.Hüseyn və A.Popov daxil idilər. Ədəbi
mühitdə meydana çıxan son yeniliklərdən xəbər
verən qəzet ədəbiyyat aləminin, eləcə də,
bədii dilin zənginləşməsində böyük rol
oynayıb. Azərbaycan ədəbiyyatının ən
görkəmli nümayəndələri olan və daha sonra “Ədəbiyyat
qəzeti” adlanan mətbu orqanın ən fəal əməkdaşlarına
çevrilən Ü.Hacıbəyov, Y.V.Çəmənzəminli,
S.Hüseyn, Ə.Əbülhəsən, M.İbrahimov, Ə.Cəmil,
Z.Xəlil, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, H.Cavid
C.Cabbarlı, M.S.Ordubadi, S.Vurğun, R.Rza, M.Müşfiq,
M.Rahim, Ə.Vəliyev, İ.Qasımov, Ə.Məmmədxanlı,
S.Rüstəm, S.Rəhimov, Mir Cəlal, S.Rəhman, N.Rəfibəyli,
M.Dilbazi, İ.Əfəndiyev və onlarla yazıçı,
şair və dramaturqların, rəssam və heykəltəraşların,
sənətşünasların yeni əsərləri
çox zaman bu qəzetin səhifələrində öz əksini
tapırdı.
Yeni yazarlar üçün meydan
Bu qəzet həm də
yeni-yeni yazarların ədəbi mühitə daxil olması,
yaradıcılıqlarının ilk məhsullarının qəzetin
səhifələrində yer alması üçün meydan
funksiyasını yerinə yetirirdi. “Azərbaycan mətbuat tarixi”
adlı kitabda qeyd edilir ki, 1934-1957-ci illərdə “Ədəbiyyat
qəzeti”, 1957-ci ilin aprelindən etibarən isə “Ədəbiyyat
və incəsənət” adı ilə Azərbaycan Sovet
Yazıçıları İttifaqının, Azərbaycan
SSR Kinematoqrafiya Nazirliyinin və Azərbaycan SSR Nazirlər
Soveti yanında İncəsənət İşləri
İdarəsinin orqanı kimi öz vəzifəsini şərəflə
yerinə yetirərək ədəbi və mədəni həyatımızın
güzgüsünə çevrildi. Azərbaycan mədəniyyətinin,
ədəbiyyat və incəsənətinin tarixində elə
bir mühüm hadisə göstərmək olmaz ki, bu qəzetin
səhifələrində öz əksini tapmasın.
1934-cü ildə “Ədəbiyyat
qəzeti”nin cəmi 19, 1935-ci ildə 29, 1936-cı ildə isə
35 nömrəsi çap edilib. İlk dövrdə qəzet on
gündən bir nəşr olunduğu halda, 1935-ci ildən
etibarən altı gündən bir çıxmağa
başladı. Bununla da 1959-cu il yanvarın 31-də qəzetin
1000-ci, 1968-ci il dekabrın 8-də 1500-cü, 1982-ci il mayın
21-də 2000-ci sayı çapdan çıxdı.
1934-1966-cı illərdə qəzet dörd səhifə
olduğu halda, 1967-ci il yanvarın 7-dən 1976-cı il
yanvarın 24-dək on altı səhifədə kiçik və
1976-cı il yanvarın 31-dən səkkiz səhifədə
böyük formatda çap olundu. O zaman ədəbi tənqid
də nəzəriyyə sahəsində fəal
çalışan Ə.Nazim, H.Zeynallı, M.K.Ələkbərli,
S.Mümtaz, A.Musaxanlı, Ə.Abid, B.Çobanzadə, İ.Xəlil,
M.Rəfili, M.Arif, Ə.Ə.Səidzadə, Ə.Şərif,
M.Rzaquluzadə, Ə.Sultanlı, Ə.Hidayət və digərləri
yazdıqları bir sıra prinsipial tənqidi məqalələri,
Ü.Hacıbəyovun, Q.Qarayevin, F.Əmirovun Azərbaycan
musiqisinə dair qiymətli mülahizələri məhz bu qəzetin
səhifələrində çap olunub.
Ulu öndər “Ədəbiyyat qəzeti”nə xüsusi
diqqət və qayğı göstərib
Qəzetin hazırki baş
redaktoru Ayaz Vəfalı yazılarının birində qeyd
edir ki, “Ədəbiyyat qəzeti”nin tarixində yadda qalan rəsmi
yubileyi onun 50 yaşı olanda keçirilib: “Bu unudulmaz hadisənin
təntənəli mərasimi Ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Həmin günlərdə
o, məlum olduğu kimi, Moskvada işləyirdi. Yaxşı
yadımdadır ki, təntənəli yubiley tədbirinin
iştirakçıları Heydər Əlirza oğlunun “Ədəbiyyat
qəzeti”nin yarıməsrlik yubileyi münasibəti ilə
göndərdiyi təbrik teleqramını böyük
qürurla dinləyib, sürəkli alqışlarla
qarşıladılar. SSRİ Ali Sovetinin sədri A.Andropovun 5
yanvar 1984-cü il tarixli fərmanı ilə “Ədəbiyyat
qəzeti” (“Ədəbiyyat və incəsənət”) “Xalqlar
dostluğu” ordeni ilə mükafatlandırıldı”.
Ümumiyyətlə,
Ümummilli liderimiz Heydər Əliyev istər sovet Azərbaycanına
rəhbərlik etdiyi 1969-1982-ci illərdə, istərsə də
1993-cü ildən sonrakı dövrdə bütün sahələrə
olduğu kimi, yazarlar, mətbuat işçilərinə, qələm
əhlinə xüsusi diqqət və qayğı göstərib.
Bu diqqət və qayğı, eyni zamanda, Ulu öndərin
şəxsən “Ədəbiyyat qəzeti” üçün
yaratdığı geniş imkanlar barədə növbəti
saylarımızda geniş söhbət açacağıq.
Yeri gəlmişkən, bu qəzet
Azərbaycanın görkəmli şəxsləri tərəfindən
daim yüksək qiymətləndirilib. Məsələn, 100-cü
sayında qeyd olunan nömrədə görkəmli ədib
Mir Cəlal yazırdı: “Gəncliyinə baxmayaraq, o,
bütün respublikamızda özünü
tanıtmış, ədəbiyyat maraqlılarının diqqətini
cəlb etmişdir. Yeni başlayanlarla işin ilk təşkilatçılarından
olmuşdur. Yazıçıların tanınmasında və
ədəbiyyat qələbələrimizin möhkəmləndirilməsində
böyük rol oynamışdır. Lakin ədəbiyyat hərəkatımızın
həqiqi təşkilatçısı olmaq üçün
“Ədəbiyyat qəzeti” çox işləməlidir. O,
üzünü yaradıcılıq məsələlərinə,
ayrı-ayrı yazıçıların həyat və
yaradıcılığına, görkəmli əsərlərin
təhlil və tənqidinə, ədəbi
praktikamızın rolunu nəzəri cəhətdən
işıqlandırmağa çevirməlidir. O,
yazıçıları öz ətrafına
toplamalıdır... Xalqımıza layiq həqiqi sənət
əsərləri yaradılması uğrunda
çalışmalıdır. Sənətin nüfuzunu
qaldırmağa çalışmaqla öz nüfuzunu da
artırmalıdır”.
Ayaz Vəfalının
yazdığına görə, “Ədəbiyyat qəzeti”nin
(“Ədəbiyyat və incəsənət”) 1500-cü sayı
münasibətilə çıxan nömrədə zəmanəmizin
böyük bəstəkarı Qara Qarayev müasir dövrdə
ciddi mətbuatın cəmiyyətin mənəvi həyatında
əvəzsiz rolunu xüsusi vurğulayaraq göstərirdi ki,
müasir zəmanədə qəzetsiz yaşamaq musiqisiz
yaşamaq kimi bir şeydir və mən deyərdim ki,
qeyri-mümkündür.
“Maarif və mədəniyyət”dən “Azərbaycan”a qədər...
Sovetlər dönəmində
Azərbaycanda qəzetlərlə bərabər, müxtəlif
səpkidə jurnalların nəşri də geniş vüsət
almışdı. Sovet hakimiyyətinin ilk illərində
çap olunan jurnallar sırasında “Füqəra
füyuzatı” (1920-1921), “Xalq maarifi” (1920), “Yeni yıldız”
(1921-1922), “Azərbaycan Ali İqtisadi Şurasının Əxbarı”
(1921-1924), “Kooperativ işi” (1921-1925), “Gələcək” (1922)
və başqalarının adını çəkmək
olar. Bu jurnallarda ictimai həyatın müxtəlif sahələri
ilə bağlı bir çox məqamlar öz əksini tapsa
da, müntəzəm olaraq ədəbi-bədii, elmi və əxlaqi-tərbiyəvi
mövzularda yazıların nəşr edildiyi, irihəcmli,
ictimai-siyasi və elmi jurnala ehtiyac hiss olunurdu. Odur ki, Azərbaycan
SSR Xalq Komissarları Şurasının sədri Nəriman Nərimanov,
Maarif komissarı Mustafa Quliyev və komissar müavini
Tağı Şahbazi (Simurq), maarif xadimləri və ədiblər
müstəqil ədəbi jurnal yaratmaq təşəbbüsünü
irəli sürdülər. Azərbaycan Xalq Maarif
Komissarlığı 1922-ci ilin oktyabr ayının 14-də
olan iclasında respublikada maarif işçilərinə,
müəllimlərə kömək etmək, ədəbiyyatın,
elmin, incəsənətin inkişafına yardım göstərmək
məqsədi ilə “Maarif” adlı aylıq jurnalın nəşr
olunmasını qərara aldı.
Beləliklə də,
1923-cü il yanvarın 28-də xalqımızın fikir tərcümanı
və Azərbaycan Sovet Yazıçıları
İttifaqının orqanı “Azərbaycan” jurnalının sələfi
olan “Maarif və mədəniyyət” jurnalının birinci
nömrəsi çapdan çıxdı. Jurnalın birinci
nömrəsində “Bir-iki söz” adlı redaksiya məqaləsində
etiraf edilirdi ki, vətəndaş müharibəsindən
sonrakı ağır illərin bütün çətinliklərinə
baxmayaraq, yeni jurnalın meydana gəlməsi bir zərurət
idi. İndi respublikamızın sərhədlərindən
xeyli uzaqlarda məşhur olan “Azərbaycan” jurnalı müxtəlif
dövrlərdə, müxtəlif adlar altında 1923-1927-ci
illərdə “Maarif və mədəniyyət”, 1928-ci ilin
yanvarından 1936-cı ilin mayınadək “İnqilab və mədəniyyət”,
1936-cı ilin iyunundan 1941-ci ilin mayınadək “Revolyusiya və
kultura”, 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək “Vətən
uğrunda”, 1946-cı ilin may-iyunundan 1952-ci ilin dekabrınadək
yenə də “İnqilab və mədəniyyət” adı ilə
nəşr edilib. “Azərbaycan” adını jurnal 1953-cü
ilin yanvarından daşımağa başlayıb.
“Maarif və mədəniyyət”
adını daşıdığı dövrdə
jurnalın redaktoru 1923-1924-cü illərdə Tağı
Şahbazi Simurq, 1924-1927-ci illərdə Cəlil Məmmədquluzadə,
1927-1928-ci illərdə Ruhulla Axundov olub. 1928-ci ildən
“İnqilab və Mədəniyyət” adlanan jurnalda R.Axundovdan
sonra Mustafa Quliyev (1929-1932), Müseyib Şahbazov (1932-1933),
Hacıbaba Nəzərli (1933-1934), Məmməd Kazım Ələkbərli
(1934-1936) redaktor kimi çalışıblar. Jurnal “Revolyusiya
və kultura” adı ilə çap olunduğu illərdə
M.K.Ələkbərli (1936-1937) və Mirzə İbrahimov
(1938-1941), “Vətən uğrunda” adlandığı dövrdə
1941-1946-cı illərdə isə Məmməd Arif redaktor səlahiyyətlərini
icra edib. II Dünya müharibəsi başa çatdıqdan
sonra jurnalın əvvəlki adı yenidən özünə
qaytarıldı. Jurnal “Azərbaycan” adlandığı
1953-cü ildən isə Ə.Vəliyev, Ə.Əbülhəsən,
Ə.Cəmil, Q.Musayev, C.Məmmədov və başqaları
redaktor vəzifəsində çalışıblar.
Jurnalın hər nömrəsi təsdiq edir ki, o hansı adla
çıxmasından asılı olmayaraq, həmişə
öz vəzifəsini şərəflə yerinə yetirməyə
çalışıb, ədəbi və mədəni həyatımızın
salnaməsi olub.
“Molla Nəsrəddin” ənənəsini davam etdirən
“Kirpi”
Ötən
saylarımızın birində də qeyd etdiyimiz kimi, sovet
hökuməti zaman-zaman istər “Əkinçi”nin, istərsə
də “Molla Nəsrəddin”in ideyalarından yararlanıb, bu
ideyaları yeni dövrə uyğun formada daha da inkişaf
etdiriblər. İlk sayı 1952-ci ildə nəşr olunan
“Kirpi” satirik jurnalını da həmin siyasətin nəticəsi
kimi dəyərləndirmək olar. Daha dəqiq desək, bu
jurnal cəmiyyətdəki nöqsanları üzə
çıxarmaqda, ədalətsizliyə yol verənlərin,
rüşvətxorların ifşa edilməsində istifadə
olunan satirik üsluba görə “Molla Nəsrəddin” ənənələrinin
davamçısı kimi çıxış edirdi.
“Kirpi” jurnalı uzun illər
rüşvətxorların, el malını
dağıdanların, mədəniyyətimizə biganə
qalanların və s. ifşa edilməsi üçün qətiyyətlə
mübarizə aparıb. Cəsarətli yazıları ilə
oxucuların rəğbətini qazanmış S.Vurğun,
S.Rüstəm, S.Rəhimov, Ə.Vəliyev,
İ.Şıxlı, Ə.Vahid, N.Arif jurnalla yaxından əməkdaşlıq
ediblər. “Kirpi” jurnalının redaktorluğunu müxtəlif
illərdə Əvəz Sadıq, Qulam Məmmədli, Seyfəddin
Dağlı, Salam Qədirzadə, Şamil Fərzəliyev,
Eyvaz Borçalı və Polad Qasımov həyata
keçiriblər. Məşhur “Bəxtiyar” filmində də
epizodik də olsa, bu jurnaldan bəhs edilməsi sovetlər
dövründə “Kipri”nin necə böyük nüfuza malik
olmasından xəbər verirdi.
“Bakı” və “Baku” axşam qəzetləri mətbuat
tariximizdə böyük rol oynayıb
Paytaxtımızda nəşr
olunan kifayət qədər məşhur və geniş oxucu
dairəsinə malik qəzetlərdən biri ilk sayı 1958-ci
il yanvarın 10-da çıxan “Bakı” axşam qəzeti
idi. Görkəmli jurnalist, dövlət xadimi, pedaqoq Nəsir
İmanquliyevin baş redaktoru olduğu bu mətbu orqan elə
ilk sayındaca Bakı sakinlərinin, sadə əmək
adamlarının, ziyalıların qəzeti
olacağını, şəhərimizin mübarizə ənənələrini
davam etdirəcəyini vəd edirdi. Qəzet 1962-ci ildən,
eyni zamanda, rus dilində də (“Baku”) çıxmağa
başlayıb.
Mətbuat tarixini
araşdıran mütəxəssislərin də qeyd etdikləri
kimi, Nəsir İmanquliyevin yaratdığı və baş
redaktoru olduğu “Bakı” və “Baku” qəzetləri ötən
əsrin 60-90-cı illərində mətbuat tariximizdə
böyük rol oynayıb. Sənət adamlarının -
Abdulla Şaiqin, Süleyman Rüstəmin, Sabit Rəhmanın,
Mirzə İbrahimovun, Rəsul Rzanın, Hüseyn Abbaszadənin,
Qabilin qələmindən çıxan bədii nümunələr,
publisistik yazılar qəzetə həm rəngarənglik gətirir,
həm də oxucu marağını, rəğbətini
artırırdı. “Bakı” qəzeti Azərbaycanın o
dövrdəki təcrübəli jurnalistlərini, peşəkarları
ətrafına toplamışdı. Onlardan bu qəzetdə
müxbirlikdən redaktorluğadək yüksələn
Şamil Şahməmmədov, habelə Manaf Süleymanov, Adil
Cavadlı, Kazım Ələkbərov, Çingiz Ələkbərov,
Cəmşid Əmirov, Şamil Qurbanov, Rəfael
Nağıyev, Cabir Novruz, Səfər Məmmədov, Əhməd
Rəşidov, Fazil Rəhmanzadə, Nüsrət Kəsəmənli,
rəssam Arif Ələsgərov və başqaları qəzetdə
çalışdıqları illərdə yorulmaz fəaliyyətləri
ilə qəzetin uğurlarında əsas pay sahibləri
olublar. İlk zamanlarda kiçik formatda çıxan
“Bakı” qəzetinin tirajı tədricən artdı, daha
sonralar isə reklam əlavələri ilə birlikdə
çap olundu.
Onu da xüsusi olaraq qeyd etmək
yerinə düşər ki, Azərbaycan mətbuatının
inkişafında Nəsir İmanquliyevin çox böyük
rolu var. O, Bakı” və “Baku” axşam qəzetlərinin
yaradıcısı kimi mətbuat tariximizdə əbədi
yaşayacaq. Görkəmli pedaqoq Nəsir müəllim, eyni
zamanda, xeyirxah bir insan kimi də yaddaşlara həkk olunub. Məhz
onun diqqət və qayğısı sayəsində neçə-neçə
istedadlı gənclər jurnalistikamızın
inkişafında öz xidmətlərini göstəriblər.
“Yeni Azərbaycan”
Yeni Azərbaycan.- 2010.- 10 iyul.- S.5.