Azərbaycan mətbuatının
inkişaf tarixi
Milli mətbuatımızın “Əkinçi”dən bu
günə keçdiyi yol
Ölkəmiz ötən əsrdə
növbəti dəfə müstəqillik əldə etdikdən,
daha doğrusu, Ulu öndər Heydər Əliyevin ikinci dəfə
siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanda
bütün sahələrdə inkişaf qeydə
alınıb. Təbii ki, bu inkişafdan ölkə mətbuatına
da pay düşüb. Əsası Ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən
davam etdirilən siyasət nəticəsində mətbuatımız
da özünün yeni inkişaf mərhələsinə qədəm
qoyub desək, yanılmarıq. Ötən il Prezident İlham Əliyevin
Fərmanı ilə yaradılan Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun (KİV DF) həyata keçirdiyi layihələr
və elan etdiyi qrant müsabiqələri isə KİV-in fəaliyyətinə
əsaslı stimul verir. Onu da qeyd etmək yerinə düşər
ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra
hər il iyulun 22-si, yəni, ilk milli mətbuatımız olan
“Əkinçi” qəzetinin işıq üzü
gördüyü tarix Milli Mətbuat Günü kimi qeyd
olunur. Bu il isə Azərbaycan milli mətbuatının 135
illiyidir və Prezident İlham Əliyev iyunun 10-da “Azərbaycan
milli mətbuatının 135 illik yubileyinin keçirilməsi
haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına
tapşırılıb ki, Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan
Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində
və respublikanın bölgələrində yubiley tədbirlərinin
keçirilməsini təmin etsin. Həmçinin, bir ay
müddətində jurnalist təşkilatlarının və
redaksiyaların təklifləri əsasında Azərbaycan
milli mətbuatının inkişafında xüsusi xidmətləri
olan jurnalistlərin mükafatlandırılması haqqında
təklifləri Azərbaycan Prezidentinə təqdim etsin.
Öz növbəsində sözügedən Sərəncam əsasında
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən
xüsusi tədbirlər planı təsdiqlənib və
artıq icraya yönəldilib.
İkinci yazı
Ötən yazımızda
da qeyd etdiyimiz kimi, cəmi 56 sayı işıq üzü
görən “Əkinçi” həmin vaxt çar
Rusiyasının əsarəti altında olan
xalqımızın sabahını düşünən hər
kəs üçün bir cəsarət nümunəsi olub.
Bundan başqa, “Əkinçi” ilə Azərbaycanda qəzetçilik
ənənəsinin əsası qoyulub. Çünki “Əkinçi”
işıq üzü görən cəmi 56 sayı ilə
bir inqilab edib. Elə bir inqilab ki, “Əkinçi”dən sonra hər
bir azərbaycanlıda qəzetə, oxumağa, məlumatlanmağa
həvəs yaranıb. Məhz ortada olan nümunə və
xalqın qəzet istəyini əsas götürən
ziyalılarımız isə “Əkinçi”dən sonra
bir-birinin ardınca yeni mətbuat orqanlarının əsasını
qoyublar. Bu sırada ilk olaraq
“Ziya” (“Ziyayi-Qafqasiyyə”) qəzeti gəlir.
“Əkinçi” ideyalarından doğan “Ziya”
Tarixi materiallardan da bəlli
olduğu kimi, “Əkinçi”nin nəşri dayandıqdan iki
il sonra Tiflisdə Azərbaycan dilində başqa bir qəzet,
“Ziya” qəzeti çıxıb. 1879-1884-cü illərdə
işıq üzü görən bu qəzet “Əkinçi”nin
ideya və ənənələrini davam və inkişaf
etdirib. Belə ki, əgər “Əkinçi” qəzeti yeni
tipli məktəblərin açılması və onlara
uyğun dərsliklərin yazılması, müəllim kadrların
hazırlanması məsələsini qaldırırdısa,
“Ziya” qəzetinin naşiri (sonralar həm də redaktoru) Səid
Ünsizadə bu tipli bir məktəbi Şamaxıda 1875-ci
ildə açıb.
İlk nömrəsi 1879-cu
il yanvarın 16-da çıxan və həcmi 4-8 səhifə
olan qəzet həftədə bir dəfə litoqrafiya
üsulu ilə çap olunub. 1880-cı ilə qədər 76
nömrəsi buraxılan qəzet həmin ilin dekabrın 6-dan
etibarən, “Ziyayi-Qafqaziyyə” adı altında
çıxmağa başlayıb. Özü də bu qəzet
mətbəə üsulu ilə çap olunub. Onun nəşri
1884-cü il iyunun 1-dək davam edib və bu müddət ərzində
qəzetin 104 nömrəsi çıxıb. “Ziyayi-Qafqasiyyə”
qəzeti daha geniş proqram üzrə nəşr olunub. Bu
proqramda ictimai-siyasi problemlərə də geniş yer verilib.
Lakin sözügedən qəzet öz sələfi ilə
müqayisədə irəliyə doğru elə bir ciddi
addım ata bilməyib.
Öz ideya istiqamətinə görə “Əkinçi”yə
yaxın olan “Kəşkül”
1880-ci ildə Tiflisdə Səid
Ünsizadənin qardaşı Cəlal Ünsizadə tərəfindən
“Kəşkül” adlı yeni qəzet nəşr olunmağa
başlayıb. “Kəşkül” qəzetdən çox
jurnala oxşayıb. Məlumatlara əsasən, C.Ünsizadə
təhsilli, Avropa və rus mədəniyyəti ilə
tanış olan bir adam olub. “Kəşkül” öz ideya
istiqamətinə görə “Əkinçi”yə yaxın
olub. Bu qəzetdə siyasət, ticarət, sənaye, sənətkarlıq
və mədəniyyət məsələlərinə
toxunulub. Bəzi məlumatlara görə, Azərbaycan dilində
nəşri ilə yanaşı, bir müddət bu qəzet ərəb
və fars dillərində də çap edilib.
1884-cü il yanvarın 1-dən
“Kəşkül” həftəlik qəzetə çevrilib və
1891-ci ilədək nəşr edilib. “Kəşkül”də
publisistik məqalələr, dil, ədəbiyyat, incəsənət,
ictimai-siyasi məsələlər üzrə yazılar,
orijinal ədəbi parçalar, Avropa, Şərq və rus ədəbiyyatından
tərcümələr çap olunub. Qəzet “Əkinçi”nin
demokratik ənənələrini davam etdirərək, Şərq
despotizmini, geriliyi, mədəni inkişaf yollarını
göstərib. Eyni zamanda “Kəşkül” mütərəqqi
Azərbaycan ziyalılarının köməyinə ümid
bəsləyib, onlara arxalanıb. Qəzet yazırdı: “Yeni
başlanmış həyat, yeni köməyə və təlimata
möhtacdır. Ümid edirik ki, bizimlə yanaşı, millətimiz
yaradılmış bu vərəqin nəşrinə kömək
edəcəklər”.
Məlumatlara
əsasən, Rusiyanın mərkəzi şəhərlərində,
Qori Müəllimlər Seminariyasında və başqa yerlərdə
təhsil almış gənclər “Kəşkül” qəzetinin
mütərəqqi təşəbbüslərini müdafiə
edərək, onun ətrafına toplaşıblar. “Kəşkül”ün
başladığı hərəkatda Tiflisin rus
ziyalıları, tərəqqipərvər Tiflis müəllimləri
də iştirak ediblər. S.Ə.Şirvani, F.Köçərli,
M.Şahtaxtlı, A.Qayıbov və başqaları qəzetlə
fəal surətdə əməkdaşlıq ediblər. Qəzetin
Bakı, Quba, Qarabağ və İrəvanda öz müvəkkilləri
olub. Onlar qəzetin oxucularla əlaqəsinin möhkəmləndirilməsində
az rol oynamayıblar. Qəzet Cənubi Qafqaz, Rusiya, Avropa və
Asiya xalqlarının mədəni irsinin təbliğ edilməsinə
böyük diqqət verib. Onun səhifələrində
A.A.Bakıxanov, M.F.Axundov, S.Ə.Şirvani və
başqalarının yaradıcılığına geniş
yer ayrılıb. Redaksiya inkişaf etməkdə olan yeni
demokratik ədəbiyyatın nümunələrinin
çapına böyük diqqət yetirib. “Kəşkül”
realist ədəbiyyatın əhəmiyyətini yüksəyə
qaldırıb, köhnə mədrəsələrdə
islahat keçirilməsinə, yeni məktəblərin,
kitabxana və teatrların açılmasına, digər milli
mədəniyyət ocaqlarının təsis edilməsinə
tərəfdar çıxıb. Qəzet öz
oxucularını həmçinin rus klassiklərinin əsərləri
ilə tanış edib, Azərbaycan dilində rus ədəbiyyatından
tərcümələr çap edib. Qəzet klassiklərin təbliğində
müəyyən rol oynayıb, Xəyyam, Sədi, Hafiz və
başqalarının irsinə böyük əhəmiyyət
verib.
“Kəşkül”dən estafeti
“Kaspi” alıb
Tarixi materiallardan o da aydın olur ki, “Kəşkül”ün bu istiqamətdəki addımlarını 1881-ci ilin yanvarından 1919-cu ilin martına qədər işıq üzü görən “Kaspi” qəzeti davam etdirib. Daha doğrusu, “Kəşkül”ün ideyaları “Kaspi” qəzetinin səhifələrində M.Şahtaxtlı, Ə.Ağayev və başqaları tərəfindən daha geniş təbliğ olunaraq, milli mənlik şüurumuzun formalaşmasında Azərbaycanın Avropaya, bütövlüklə dünya birliyinə inteqrasiyasının etibarlı əsaslar üzərində qurulmasına öz töhfəsini verib.
XIX əsrin sonları XX əsrin əvvəllərinə doğru ölkədə siyasi dərnəklərin siyasi partiyalara çevrilməsi və onların geniş ideya siyasi fəaliyyətləri nəticəsində ictimai mədəni düşüncəyə siyasi bir ab-hava daxil olmağa başlayıb. Bütün bunlar demokratiyanın, milli hüquqi azadlıqlar uğrunda mübarizənin getdikcə güclənməsinə səbəb olub.
Ölkədə
çap olunan rusdilli qəzetlər içərisində ən
uzunömürlü olan “Kaspi”nin naşirliyini 1897-ci ildən
etibarən Hacı Zeynalabdin Tağıyev öz üzərinə
götürüb, elə həmin dövrdən qəzetin
redaktoruluğunu Əlimərdan bəy Topçubaşov,
sonralar isə Əlibəy Hüseynzadə icra edib.
“Şərqi-rus”- XX əsrdə
Azərbaycan dilində çıxan ilk qəzet
Mətbuat
tarixinin araşdırmaçılarının qeyd etdikləri
kimi Məmmədağa Şahtaxtlının 1903-cü ildə
Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi yönlü “Şərqi-rus” qəzeti XX əsrdə
Azərbaycan dilində çıxan ilk qəzet kimi tarixə
yazılıb. Məmmədağa Şahtaxtlı Qərbi
Avropaya və Mərkəzi Rusiya qəzet və jurnallarında
səmərəli fəaliyyət göstərərək
jurnalistikanın Qərb standartlarına da kifayət qədər
bələd olub. Odur ki, o, “Əkinçi” ənənələrinə
sadiq qalaraq xalqın maariflənməsi, qadın
azadlığı, fanatizmin tənqidi, cəmiyyətdə
demokratik prinsiplərin formalaşması, yeni ədəbi
normaların möhkəmlənərək geniş şəbəkəni
əhatə etməsi və s. uğrunda əzmlə
mübarizə aparıb. Məlumatlara əsasən,
M.Şahtaxtlı M.F.Axundovun ərəb əlifbasının
islahı sahəsində başladığı işi həm
də dilçi bir alim kimi inkişaf etdirib özünün
hazırladığı Məhəmmədağa xəttini
“Şərqi-rus” vasitəsilə əməli şəkildə
tətbiq edib. M.Şahtaxtlı jurnalistikanın demokratik
prinsiplərini də öz qəzetinin səhifələrində
əməli şəkildə tətbiq edib, o, həm
özünün əlifba layihəsi, həm də qəzetdə
qaldırılan digər sosial-mədəni problemlər haqda
“Şərqi-rus”un səhifələrində açıq
polemik diskussiyalara meydan verib. Bu zaman özünün tənqidinə
həsr edilən materialları çap etməkdən də
qorxmayıb. “Şərqi-rus” azad və demokratik sözün,
fikir, ideya və mövqelər mübarizəsinin meydanına
çevrilib. 1903-1905-ci illərdə işıq üzü
görən və Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə,
Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Məmməd Səid
Ordubadi, Hüseyn Cavid, Əliqulu Qəmküsar, Əli Nəzmi
kimi maarifçiləri öz ətrafında birləşdirən
“Şərqi-rus” qəzeti Azərbaycanda mətbuatın
inkişafında yeni mərhələnin
başlanğıcını qoyub. Həmin qəzetdə çalışdığı
müddətdə peşəkar jurnalist kimi yetişən Cəlil
Məmmədquluzadənin yazıçı və publisist
istedadı əsasını qoyduğu ilk milli satirik “Mola Nəsrəddin”
jurnalında daha parlaq şəkildə üzə
çıxıb.
Azərbaycanın ilk milli satirik
jurnalı
1906-cı il aprel ayının 7-də Tiflisdə “Molla Nəsrəddin”in işıq üzü görməsi milli mətbuatın inkişafında əlamətdar hadisəyə çevrilib. 1918-ci ilədək Tiflisdə nəşr edilən jurnal 1921-ci ildə Təbrizdə, 1921-1931-ci illərdə isə Bakıda çap olunub. “Molla Nəsrəddin” jurnalı müstəmləkəçilik siyasətini, cəhaləti, geriliyi, sosial ədalətsizliyi kəskin tənqid edib. Qısa bir zamanda oxucu dairəsi genişlənən jurnalın şöhrəti Qafqazın hüdudlarını aşaraq bütün Rusiyaya, Türk dünyasına, Yaxın və Orta Şərqə yayılıb. Eyni zamanda, bütün təqib və təzyiqlərə baxmayaraq, jurnal 25 il müddətində fəaliyyət göstərə bilib. Bu jurnalın nəşri müddətində formalaşan “Mollanəsrəddinçilik” ictimai-ədəbi hərəkatı Azərbaycan mətbuatının sonrakı inkişafına da böyük təsir göstərib. Jurnalın yaradıcıları olan Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə tezliklə şair Mirzə Ələkbər Sabir, realist ədəbiyyatın nümayəndələri Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Salman Mümtaz və s. kimi onlarca istedadı redaksiya ətrafına toplayıblar.
“Molla Nəsrəddin” məcmuəsinin birinci sayında verilmiş “Sizi deyib gəlmişəm” başlıqlı məqalə bütün mollanəsrəddinçilərin fəaliyyət proqramı kimi böyük əhəmiyyətə malik olub.
Tarixi məlumatlara əsasən, “Molla Nəsrəddin”ə onun elə ilk nömrələrindən çox yerlərdən yazıblar. Bakıdan, Lənkərandan, Salyandan, Qarabağdan, Aşqabaddan, Dərbənddən, Tiflisdən, Moskvadan, Peterburqdan ünvanlanan məktublarda çox ciddi problemlər qoyulub. Həmin problemlərin hamısı mütləq xalqın bir millət kimi formalaşmasına əngəl olan faktlarla zəngin olub.
Onu da qeyd edək
ki, XX əsrin əvvəllərində “Dəvət”,
“Hümmət”, “Təkamül”, “Zənbur”, “Babayi-Əmir” kimi
qəzet və jurnallarla yanaşı, uşaqlar, valideynlər
və maarif işçiləri üçün “Dəbistan”,
“Məktəb”, “Rəhbər” jurnalları da çap edilib.
Çar Rusiyasının
ağır basqıları ziyalılarımızı öz
yolundan döndərə bilməyib
Bu bölmədə son olaraq bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan mətbuatı inkişafının ilkin dövrlərində xeyli maneələr və çətinliklərlə üzləşib. Belə ki, çar hakimiyyətinin sərt senzurası ölkədə nəşr olunan qəzet və jurnalların sayının sürətlə artmasına imkan verməyib. A.Zeynalzadənin “Azərbaycan mətbuatı və çar senzurası: 1850-1905” adlı kitabında da qeyd edildiyi kimi, XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində yaşamış Azərbaycan ziyalılarının ölkədə mətbuatın inkişafı və genişləndirilməsi istiqamətində göstərdikləri cəhdlər çox zaman çar hökumətinin yaratdığı süni maneələrlə üzləşib. Məsələn, Məmmədağa Şahtaxtinskinin 1896-cı ildə “Tiflis” adlı qəzetin açılması üçün etdiyi müraciəti daxili işlər naziri bir ildən sonra rədd edib. Nəriman Nərimanovun çapına çalışdığı “Tazə xəbərlər” (“Novoye vesti”) qəzetinin və “Məktəb” jurnalının, eləcə də, onun müəllim dostu Sultan Məcid Qənizadə ilə birlikdə çıxarmaq istədiyi “Sovqat” jurnalının nəşrinə də icazə verilməyib. Bundan əlavə, S.M.Qənizadə və H.Mahmudbəyovun aylıq “Nübar” jurnalının nəşri üçün verdikləri ərizə də çox keçmədən Baş mətbuat işləri idarəsi tərəfindən rədd edilib. Yeni qəzet nəşrlərinə başlanılmasına icazə almaq üçün çar hökumətinə ünvanlanan digər müraciətlərin də çoxuna mənfi cavab alınıb. Tarixi materillardan və mətbuat tarixini araşdıran mütəxəssislərin yazdıqlarından da bəlli olduğu kimi Cəlal və Kamal Ünsizadə qardaşlarının “Azərbaycan”, K.Ünsizadənin Klimovski ilə birlikdə “Uçan yarpaq”, Əhməd bəy Ağayevin “Məşriq” və başqa qəzetlərin nəşri ilə bağlı müraciətlərinin taleyi də əvvəlkilər kimi mənfi həll edilib. Yerli mətbuatın inkişafına qarşı yönələn təzyiqlər yeni mətbu orqanlarının ərsəyə gəlməsinə yaradılan süni maneələrlə yanaşı, artıq dərc olunmağa başlayan qəzet və jurnalların bağlanması şəklində də özünü göstərib. “Əkinçi” qəzetinin nəşrini dayandırmasına da səbəb məhz mütləqiyyətin Azərbaycan xalqının maariflənməsinin, ölkədə milli oyanışın qarşısını almaq məqsədi daşıyıb. Xalqımızın mütərəqqi düşüncəli ziyalılarının nəşr etdirdiyi demokratik, liberal mətbuata qarşı təzyiqlər sonrakı illərdə də davam etdirilib və 1884-cü ildə cəmi 104 nömrəsi çıxan “Ziyayi-Qafqasiyyə”, 1891-ci ildə isə “Kəşkül” bağlanıb. Lakin bütün çətinliklərə baxmayaraq ölkə ziyalıları ana dilində qəzet və jurnalların nəşri istiqamətində yorulmaz fəaliyyətlərini davam etdiriblər. Məsələn, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Nəcəf bəy Vəzirov, Məhəmməd Əmin Rəsulzadənin yaxından iştirakı və rəhbərliyi ilə 1905-1918-ci illər ərzində ölkəmizdə nəşr olunan “Həyat”, “İrşad”, “Tərəqqi”, “Nicat”, “İşıq”, “Qurtuluş”, “Dirilik”, “Füyuzat”, “Təzə həyat”, “Yeni füyuzat”, “Şəlalə”, “İqbal”, “Açıq söz” və s. qəzet və jurnal səhifələrində millətin taleyüklü problemləri müzakirə edilib, dövrün feodal geriliyi, kəndlilərin ağır həyatı təsvir olunub, mədəniyyət, ədəbiyyat, dil məsələlərinə diqqət verilib.
1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra
Üzeyir bəy Hacıbəyovun nəşr etdirdiyi “Azərbaycan”
qəzeti müstəqil mətbuatın inkişafında
mühüm hadisə olub. Lakin Cümhuriyyətin
ömrünün uzun olmaması müstəqil milli mətbuatın
tam formalaşmasına imkan verməyib. Buna baxmayaraq, qeyd etməliyik
ki, ölkədə Sovet hakimiyyəti bərqərar olunanadək
Azərbaycan milli mətbuatı çox böyük və zəngin
inkişaf yolu keçib.
Yeni Azərbaycan.- 2010.- 3 iyul.- S.6.