Azərbaycan mətbuatının inkişaf tarixi

 

Milli mətbuatımızın “Əkinçi”dən bu günə keçdiyi yol

 

Ölkəmiz ötən əsrdə növbəti dəfə müstəqillik əldə etdikdən, daha doğrusu, Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanda bütün sahələrdə inkişaf qeydə alınıb. Təbii ki, bu inkişafdan ölkə mətbuatına da pay düşüb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində mətbuatımız özünün yeni inkişaf mərhələsinə qədəm qoyub desək, yanılmarıq. Ötən il Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) həyata keçirdiyi layihələr və elan etdiyi qrant müsabiqələri isə KİV-in fəaliyyətinə əsaslı stimul verir. Onu da qeyd etmək yerinə düşər ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra hər il iyulun 22-si, yəni, ilk milli mətbuatımız olan “Əkinçi” qəzetinin işıq üzü gördüyü tarix Milli Mətbuat Günü kimi qeyd olunur. Bu il isə Azərbaycan milli mətbuatının 135 illiyidir və Prezident İlham Əliyev iyunun 10-da “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılıb ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etsin. Həmçinin, bir ay müddətində jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri Azərbaycan Prezidentinə təqdim etsin. Öz növbəsində, sözügedən Sərəncam əsasında Prezident Administrasiyasının rəhbəri   Ramiz Mehdiyev tərəfindən xüsusi tədbirlər planı təsdiqlənib və artıq icraya yönəldilib.

 

Altıncı yazı

 

Ötən bölmələrdə “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının istər çar Rusiyası, istərsə də sovetlər dönəmindəki inkişaf tarixinə nəzər saldıq. Sadalanan dövrlərlə bağlı tarixi məlumatların əks olunduğu həmin yazılarda qeyd edildi ki, əvvəllər çar Rusiyasının, sonralar isə keçmiş SSRİ-nin tərkibində ağır basqılara baxmayaraq, Azərbaycan mətbuatı bacara bildiyi qədər öz milli mənsubiyyətini, “Əkinçi”yə xas milli kökünü saxlamağa cəhd göstərib. Bununla yanaşı, sovetlər dönəmində Azərbaycandan kənarda mühacir mətbuatı da formalaşıb. Daha doğrusu, Azərbaycan mətbuatının inkişafı tarixində mühüm mərhələlərdən birini məhz XX əsrin mühacir mətbuatı təşkil edir.

 

Azərbaycan mühacir mətbuatının formalaşması

 

Əksər ekspertlərin də qeyd etdikləri kimi, əslində, mühacir mətbuatının formalaşması zamanın tələbindən irəli gəlirdi. Belə ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, bolşeviklərin hakimiyyətə gəlişi ilə milli təfəkkürə sahib bir çox ziyalılarımız, siyasi xadimlərimiz təqib və repressiyalardan qurtulmaq, müstəqillik, istiqlaliyyət uğrunda ideoloji mübarizə aparmaq üçün xarici ölkələrə üz tutmalı oldular. Lakin qürbətdə olmalarına baxmayaraq, həmin ziyalılar daim doğma Vətənlə maraqlanır, Azərbaycanın səsini bütün dünyaya çatdırmağa çalışırdılar. Beləliklə, məqsədlərini həyata keçirmək üçün yüzlərlə azərbaycanlı mühacirlər yerləşdikləri ölkələrdə birləşərək ictimai-siyasi, mədəni təşkilat və cəmiyyətlər yaratmaqla yanaşı, mətbu orqanların da nəşrinə başladılar. Onlar çox yaxşı anlayırdılar ki, milli əqidənin ifadəçisi olan mətbuat orqanlarının nəşri ilə mühacirətdə olan soydaşlarımız arasında əlaqələrin möhkəmləndirilməsi, onların vahid məqsəd ətrafında birləşdirilməsi mümkündür.

Elə bu səbəbdən də ötən əsrin 30-cu illərində qısa müddət ərzində Azərbaycan mühacirləri Almaniya, İngiltərə, Fransa, Polşa və digər Avropa ölkələrində “Açıq söz” (1936), “Kutlu ad” (1936), “Aydın yol” (1937), “Doğru söz” (1937), “Həqiqət” (1937), “Vətən səsi” (1937), “Vətən arzusu” (1937), “Milli atəş” (1938), “Millət andı” (1938), “İlham qaynağı” (1938), “Müqəddəs Odlar Ölkəsi” (1938), “Haqqın səsi” (1938), “Dilək” (1939), “Haqq” (1939), “Həmlə” (1939) və digər bu kimi qəzet və jurnalların nəşrinə nail oldular.

 

Azərbaycan mühacir mətbuatının ən geniş yayıldığı ölkə-Türkiyə

 

Qeyd etmək lazımdır ki, Azərbaycan mühacir mətbuatının ən geniş yayıldığı ölkə Türkiyə idi. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, həmin vaxt bolşeviklərin təqib və təzyiqlərindən qurtarmağa çalışan bir çox mühacir həmvətənlərimiz məhz qardaş ölkəyə üz tuturdular. Azərbaycanlı mühacirlər tərəfindən əsası qoyulan və Türkiyədə işıq üzü görən mətbu orqanlar içərisində “Yeni Qafqaziya”, “Azəri türk”, “Bildiriş”, “Türk yolu”, “Yaşıl yarpaq”, “Odlu yurd”, “Azərbaycan yurd bilgisi”, “Türk izi”, “Azərbaycan”, “Mücahid”, “Türk birliyi” və başqalarını göstərmək olar.

Onu da bildirmək yerinə düşər ki, Türkiyədə milli mətbuatımızın əsası “Yeni Qafqaziya” jurnalının nəşrə başlaması ilə qoyulub. Bir sıra Türkiyə tədqiqatçılarının fikrincə, 1923-cü ildə fəaliyyətə başlayan jurnalın “Yeni Qafqaziya” adlanması onun təkcə Azərbaycanın deyil, bütün Qafqazın bolşevizmin buxovlarından azad olması ideyasının carçısı kimi çıxış etməsindən irəli gəlirdi. Tarixi məlumatlara əsasən, Əhməd Cavad, A.Həmid, A.Battal, Abdulla Cövdət, A.Şeyxislamzadə, Əhməd Zəki Validi, Əli Mənsur, Ayaz İsaki, Əli Mərdan, Qurbanqulu, Azərbaycanlı Əli Kamal, Azəri, Cəfər Sadıq, Dəmirçioğlu, Gültəkin, Gürcü, Qara Hüseynzadə, Qafqaziyalı, Kazanlı, Krımlı Seyid Cəfər Əhməd, M.Qərib, Fuad Mahmud, Şəfi, Türküstanlı Əhməd Naim və başqaları jurnalın ən fəal müəllifləri idilər.

“Yeni Qafqaziya” jurnalı barədə geniş məlumat verən tədqiqatçı Səbahəddin Şimşir “Azərbaycanlıların Türkiyədə siyasi və mədəni fəaliyyətləri (1920-1991)” kitabında yazır ki, 15 dekabr 1925-ci ilədək jurnala Seyid Tahir rəhbərlik edib. Kitabdakı məlumata əsasən, jurnalın 1924-cü il 16 noyabr və 6 fevral 1926-cı il tarixlərində işıq üzü görən saylarında “Baş mühərrir Rəsulzadə Məmməd Əmin” və “Sahibi və baş mühərriri Rəsulzadə Məmməd Əmin” sözləri yazılıb. 1926-cı ildən Əhməd Həqqi “Yeni Qafqaziya” jurnalında məsul müdir vəzifəsini icra edib. Ələddin Həsənovun yazdığına görə isə M.Ə.Rəsulzadənin qəzet, jurnal çıxarmağa icazəsi olmadığından jurnal Buxara Respublikasının keçmiş prezidenti, Türkiyədə mühacirətdə olan Osman Xocanın təsisçiliyi ilə nəşrə başlayıb. 1927-ci ilin sonlarına qədər ayda iki dəfə olmaqla jurnalın ümumilikdə 100 nömrəsi çap olunub. Lakin sovetlərin təzyiqi sonda jurnalın bağlanmasına gətirib çıxarıb.

Azərbaycan mühacir mətbuatının irəliləməsində böyük xidmətləri olan və ölkə hüdudlarından kənarda nəşr olunan bir çox qəzet, jurnal və kitablara redaktorluq etmiş Mirzə Bala Məmmədzadə “Yeni Qafqaziya”nı yalnız azərbaycanlıların deyil, Sovet əsarəti altındakı bütün türklərin jurnalı adlandırıb.

“Yeni Qafqaziya” jurnalından sonra Azərbaycan mühacirləri 1928-ci il fevral ayının 1-də “Azəri türk” jurnalını nəşr etdirməyə başladılar. İctimai, siyasi, iqtisadi və ədəbi jurnal olan və ayda iki dəfə buraxılan “Azəri türk” mühacir soydaşlarımızı bir-birinə daha da yaxınlaşdırdı. Jurnalın məsul müdiri Məmməd Sadiq Aran idi. Sözügedən jurnalın ən fəal müəllifləri sırasında M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu, N.Yusifbəyli, M.Sadiq, Y.Azəri, Kamal, S.Tekin, R.Əmircanlı, R.Coşqun və başqa ziyalıların adları çəkilir. Jurnalın əsas amalı Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparan siyasi-ictimai xadimlərin müstəqillik ideyalarını yaymasına şərait yaratmaq, təkcə Azərbaycanın deyil, əsarətdə olan bütün türk xalqlarının azadlıq haqqını müdafiə etmək, sovet müstəmləkəçiliyi altında olan xalqların, eləcə də Rusiyanın özünün bolşevik əsarətindən qurtulmasına çalışmaq və s. idi. 1930-cu ilin fevralında nəşrini dayandırmasına və cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Azəri türk” jurnalı mühacir mətbuatımızın tarixində silinməz izi olan mətbu orqandır.

Türkiyədə çap olunan və qısa müddət ərzində fəaliyyətini davam etdirən jurnallardan biri də “Yaşıl yarpaq” adlanırdı. İlk nömrəsi 1928-ci il iyunun 16-da işıq üzü görən məcmuənin elə həmin sayında çap olunan “Yolumuz” başlıqlı yazıda onun əsas məqsədinin Azərbaycanın üzləşdiyi faciəni dünyaya çatdırmaqdan ibarət olduğu vurğulanırdı. Tədqiqatçıların yazdıqlarına görə, jurnal Azərbaycan xalqının mədəniyyət və ədəbiyyatını təbliğ etməyi, eləcə də ermənilərin əsl simasını, iç üzünü göstərməyi planlaşdırmışdı.

 

“Bildiriş” Azərbaycan mühacirlərinin ilk həftəlik siyasi qəzeti idi

 

Azərbaycan mühacirlərinin apardıqları ideoloji mübarizədə mühüm tribunalardan biri funksiyasını “Odlu yurd” jurnalı yerinə yetirirdi. Digər jurnallar kimi, “Odlu yurd”un da əsas məqsədi istiqlaliyyət ideyalarını yaymaq, milli şüuru, milli birlik hissini gücləndirmək, Azərbaycanın, o cümlədən, Qafqazın və türk xalqlarının azadlıq haqqını dəstəkləmək idi. Sonuncu nömrəsi 1931-ci ilin iyul-avqust ayında buraxılan “Odlu yurd” jurnalı fəaliyyətini dayandırdı.

Yuxarıda haqqında bəhs olunan jurnallardan başqa Azərbaycan mühacirləri ilk həftəlik siyasi qəzet olan “Bildiriş”in nəşrinə nail oldular. 1930-cu il avqustun 7-də işıq üzü görən qəzetin imtiyaz sahibi A.Kazımzadə, məsul müdiri Kamal idi. 1931-ci ildən məsul müdir vəzifəsini M.B.Məmmədzadə yerinə yetirib. Tədqiqatçıların fikrincə, “Kamal” elə M.B.Məmmədzadənin özüdür. 1931-ci il iyunun 31-dən avqustun 27-dək çap olunan saylarının məsul müdiri B.Süleymanlı olub. “Bildiriş” qəzeti Azərbaycan və bütövlükdə Qafqaz da daxil olmaqla Türk dünyasının hər yerindən, o cümlədən, Orta Asiya, Kazan, Başqırdıstan, Krım, Yaxın Şərq və Türkiyənin özündə cərəyan edən siyasi, ictimai, iqtisadi, ədəbi-mədəni proseslərlə bağlı xəbərlərə də yer ayırırdı. Tədqiqatçı Ələddin Həsənovun müxtəlif mənbələrə əsasən qeyd etdiyinə görə, qəzetdə müəlliflər içərisində M.B.Məmmədzadənin imzasına daha çox rast gəlinir. “Bildiriş” nəşr olunduğu zaman M.Ə.Rəsulzadə məcburiyyət qarşısında Türkiyəni tərk etdiyindən qəzetin əsas ağırlığının M.B.Məmmədzadənin üzərinə düşdüyü güman olunur. Qəzetdə əksini tapan məqalələrin çoxunun sonundakı “Kamal”, “Mirzə Bala”, “M.B.” və b. imzalar da ona məxsusdur.

 

Azərbaycan mühacir mətbuatının inkişafında ən çox xidmətləri olan şəxs

 

Məlumat üçün bildirək ki, Azərbaycan mühacir mətbuatının inkişafında ən çox xidmətləri olan Mirzə Bala Məmmədzadə idi. 1898-ci ildə Bakının Zirə kəndində anadan olan Mirzə Bala yaradıcılığa erkən başlayıb. 1915-ci ildə Bakı Politexnik Texnikumunun inşaat-memarlıq şöbəsinə daxil olan M.B.Məmmədzadə elə həmin il “Açıq söz” qəzetində çalışmağa başlayıb. M.B.Məmmədzadə Azərbaycanda bolşevik idarə üsulu qurulduqdan sonra “İstiqlal” qəzetini gizli nəşr etdirərək antisovet təbliğatı aparıb. O, eyni zamanda, elmi fəaliyyətlə də məşğul olaraq 1922-ci ildə Azərbaycan mətbuatı tarixinə dair hazırladığı ilk biblioqrafiyanı Bakıda nəşr etdirib. Gizli siyasi fəaliyyəti aşkarlandıqdan sonra təqiblərdən yaxa qurtarmaq üçün İrana üz tutan M.B.Məmmədzadə burada olarkən İstanbulda çıxan “Yeni Qafqaziya” jurnalına məqalələr yazıb. M.B.Məmmədzadə 1926-cı ildə Türkiyəyə mühacirət etdikdən sonra “Bildiriş” qəzetində çalışıb. O dövrdə cərəyan edən siyasi proseslər səbəbindən Mirzə Bala Polşaya üz tutub. Lakin burada olarkən də o mətbuat sahəsində fəaliyyətini davam etdirərək “İstiklal” qəzetini nəşr etdirməyə başlayıb. Onun “Qurtuluş” jurnalında müntəzəm olaraq məqalələri çap olunurdu.

Publisistik fəaliyyətlə bərabər M.B.Məmmədzadə “Milli Azərbaycan hərəkatı” əsərini tamamlayaraq 1938-ci ildə Berlində çap etdirib. Yenidən İstanbula qayıdan M.B.Məmmədzadə milli mühacir mətbuatımızın inkişafına töhfələr verməkdə davam edib. M.B.Məmmədzadə sonralar üz tutduğu Münhen şəhərində də mətbuat sahəsindəki fəaliyyətinə davam edərək “Dərgi” jurnalına redaktorluq edib.

 

“Azərbaycan” qəzetinin parlament üzvü olan ilk baş redaktoru-Şəfi bəy Rüstəmbəyli

 

Qeyd etmək yerinə düşər ki, Azərbaycan mühacir mətbuatının formalaşmasında xüsusi fəallıq göstərən şəxslərdən biri də Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli idi. 1893-cü ildə Ağdaş qəzasının Məmmədli kəndində anadan olan Ş.Rüstəmbəyli hələ gənclik illərindən ictimai-siyasi proseslərdə iştirak edib. 1917-ci ilin aprelində Bakıda çağırılmış Azərbaycan müsəlmanlarının qurultayında Azərbaycana muxtariyyət verilməsini qətiyyətlə tələb edənlərdən biri Şəfi bəy Rüstəmbəyli olub. Elə həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında da iştirak edən Şəfi bəy 1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya komissarlığının və seyminin müsəlman fraksiyasının fəal üzvlərindən sayılırdı. Həmin dövrdə Şəfi bəy Azərbaycan Milli Şurasının Tiflisdə və Gəncədə yaranmış bölmələrində çalışıb, dövlət qurumlarının yaradılmasında böyük əmək sərf edib. Şəfi bəy Rüstəmbəyli 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan “Azərbaycan” qəzetinin (rus dilində) redaktoru olub. Qəzetin səhifələrində onun Azərbaycanın siyasi və ictimai həyatına dair xeyli məqaləsi çıxıb. Mütəxəssislərin fikrincə, Kiyev Universitetinin hüquq fakültəsində oxuyarkən aldığı təhsil və siyasi fəaliyyətə qoşulması onun sonrakı həyatında böyük rol oynayıb. İti ağlına, zəkasına və siyasi fəaliyyətinə görə Şəfi bəy Rüstəmbəyli 1918-ci ildə Azərbaycan Parlamentinin deputatı seçilib. Şəfi bəy “Azərbaycan” qəzetinin parlament üzvü olan ilk baş redaktoru olub. O, “Azərbaycan”ın baş redaktoru olmaqla yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti hökumətində Daxili İşlər Nazirliyinin dəftərxana müdiri, 1920-ci il martın əvvəllərindən isə nazir müavini vəzifəsini də icra edib. 1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olub. Tiflisdə onun rəhbərliyi altında “Azərbaycanı xilasetmə komitəsi” yaranıb. Lakin 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işğal olunub. Bundan sonra Şəfi bəy Rüstəmbəyli İstanbula köçüb və qalan həyatını mühacirətdə keçirib. İstanbulda 1923-1927-ci illərdə “Yeni Qafqaziyyə”, 1928-1931-ci illərdə “Azəri türkü”, 1928-1930-cu illərdə “Odlu yurd” və 1932-ci illərdə “Azərbaycan yurd bilgisi”ni nəşr etdirməyə başlayıb.

Bir məqamı da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Şəfi bəy Rüstəmbəyli hələ Azərbaycan Parlamentinin deputatı və “Azərbaycan” qəzetinin baş redaktoru olduğu dövrdə - 1919-cu ildə ilk milli mətbuat haqqında qanunu işləyərək parlamentdə qəbul edilməsinə nail olub. O, 1960-cı ildə İstanbulda dünyasını dəyişib.

 

 

Yeni Azərbaycan.- 2010.- 15 iyul.- S.6.