Azərbaycan mətbuatının inkişaf tarixi

 

Milli mətbuatımızın “Əkinçi”dən bu günə keçdiyi yol

 

Ölkəmiz ötən əsrdə növbəti dəfə müstəqillik əldə etdikdən, daha doğrusu, Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanda bütün sahələrdə inkişaf qeydə alınıb. Təbii ki, bu inkişafdan ölkə mətbuatına da pay düşüb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində mətbuatımız özünün yeni inkişaf mərhələsinə qədəm qoyub desək, yanılmarıq. Ötən il Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) həyata keçirdiyi layihələr və elan etdiyi qrant müsabiqələri isə KİV-in fəaliyyətinə əsaslı stimul verir. Onu da qeyd etmək yerinə düşər ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra hər il iyulun 22-si, yəni, ilk milli mətbuatımız olan “Əkinçi” qəzetinin işıq üzü gördüyü tarix Milli Mətbuat Günü kimi qeyd olunur. Bu il isə Azərbaycan milli mətbuatının 135 illiyidir və Prezident İlham Əliyev iyunun 10-da “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılıb ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etsin. Həmçinin, bir ay müddətində jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri Azərbaycan Prezidentinə təqdim etsin. Öz növbəsində, sözügedən Sərəncam əsasında Prezident Administrasiyasının rəhbəri   Ramiz Mehdiyev tərəfindən xüsusi tədbirlər planı təsdiqlənib və artıq icraya yönəldilib.

 

Yeddinci yazı

 

Əvvəlki yazılarda qeyd olunduğu kimi, keçmiş SSRİ-nin mövcud olduğu illərdə mətbuat Kommunist Partiyasının əlində ideoloji silaha, təbliğat və təşviqat vasitəsi funksiyasını yerinə yetirən təsisata çevrilmişdi. O dövrdə işıq üzü görən mətbuat orqanlarının demək olar ki, hamısı partiyanın orqanı idi. Təbii ki, ittifaqın tərkibində olduğumuz üçün keçmiş SSRİ-nin hər yerində olduğu kimi, Azərbaycanda da mətbuat vahid sovet ideologiyasının yayılmasında başlıca vasitə rolunu oynayırdı. Bununla belə, ötən əsrin 60-cı illərinin sonlarına kimi Azərbaycanda bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də bir boşluq hökm sürürdü. Bu boşluq özünü əsasən mətbuata dövlət qayğısının demək olar ki, olmaması, Azərbaycanda nəşr edilən qəzet və jurnalların, sadəcə, Moskvada çapdan çıxan mətbu orqanları yamsılaması və digər bu kimi hallarla büruzə verirdi.

 

1969-cu ilin iyulundan sonra Azərbaycanda mətbuata xüsusi diqqət və qayğı göstərilməyə başladı

 

1969-cu ilin 14 iyul tarixindən sonra isə bu kimi mənfi hallar aradan qalxmağa başladı. Daha doğrsu, Ulu öndər Heydər Əliyevin həmin tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikanın bütün sahələrində, o cümlədən, mətbuatda canlanma baş verdi. Həyatı boyu ziyalılara, elm və sənət adamlarına, həmçinin, qələmi ilə xalqına, millətinə xidmət edən mətbuat işçilərinə xüsusi diqqət və qayğı göstərən Ümummilli lider respublika rəhbərliyinə gəldikdən sonra Azərbaycan mətbuatı öz milli kökləri üzərində inkişaf etməyə başladı. Əlbəttə, Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətdə olduğu birinci dövrdə, yəni, 1969-1982-ci illərdə mətbuata diqqət və qayğı ilə bağlı çoxsaylı faktlar göstərmək olar. Lakin biz, sadəcə, bir neçə misalla həmin dövrdəki vəziyyəti təsvir etmək niyyətindəyik.

Ötən yazılarımızın birində də vurğuladığımız kimi, “Ədəbiyyat qəzeti”nin tarixində yaddaqalan rəsmi yubileyi bu qəzetin 50 yaşı olanda qeyd edilib. Bu unudulmaz hadisənin təntənəli mərasimi isə məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin günlərdə Moskvada işləyən Ümummilli liderimizin “Ədəbiyyat qəzeti”nin yarıməsrlik yubileyi münasibəti ilə göndərdiyi təbrik teleqramı qəzetin əməkdaşlarında böyük ruh yüksəkliyi yaratmışdı.

Və yaxud “Ədəbiyyat qəzeti”nin indiki baş redaktoru Ayaz Vəfalı məqalələrinin birində yazır ki, 1979-cu ildə MK-nın Bürosunda “Ədəbiyyat qəzeti”nin vəziyyəti müzakirə olunanda redaktora təklif etdilər ki, üç dəqiqəlik məlumat versin: “Redaktor xahiş etdi ki, bəlkə icazə verəsiniz beş dəqiqə danışım... Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev dərhal dedi ki, 45 ildə (söhbət qəzetin 45-ci ilinə təsadüf edirdi) ilk dəfədir “Ədəbiyyat qəzeti”nin məsələsi MK-nın bürosunda müzakirə olunur. Bir də belə imkan nə vaxt düşəcək - deyə bilmərəm. Nə qədər istəyirsiniz danışın. Nə qayğılarınız var deyin. Və danışıldı da, deyildi də. Ondan sonra, “Ədəbiyyat qəzeti”nin imkanları da artdı, qonorarı da artdı. Sonra “Volqa” maşını da verildi, hökumət telefonu da çəkildi... “Ədəbiyyat qəzeti”nin əməkdaşları, bütün yazıçılar bunu heç vaxt unutmayacaqlar”.

Ulu öndərimizin 1969-1982-ci illərdə mətbuatın inkişafına dəstəyinin əsas nümunələrindən biri isə bugünkü “Azərbaycan” nəşriyyatıdır. Çünki məhz Ümummilli lider Heydər Əliyev bu binanı tikdirib. Əvvəllər Bakıda nəşr edilən mətbu orqanlar müxtəlif ünvanlarda yerləşsələr də, bu bina tikilib istifadəyə verildikdən sonra qəzet və jurnallar orada toplaşıblar. Nəşriyyatın indiki rəhbəri Ağabəy Əsgərov deyir ki, Ulu öndər Heydər Əliyev o zaman nəşriyyat üçün xaricdən avadanlıqların alınıb gətirilməsini təmin etdi: “Hələ sovetlər dövründə Ulu öndərimizin qayğısı nəticəsində peşəkar jurnalist kadrları yetişdi. Eyni zamanda, ali məktəblərdə jurnalistika ixtisası üzrə təhsilə ciddi diqqət yetirilirdi, milli mətbuatımızın tarixi dərindən öyrənilirdi. Əlbəttə, sovet dövründə mətbuat azad deyildi və bütün kütləvi informasiya vasitələri vahid ideoloji xəttə xidmət edirdilər, bu çərçivədən kənara çıxa bilməzdilər. Amma məsələ burasındadır ki, sovetlər dönəmində Heydər Əliyevin fəaliyyəti nəticəsində mətbuatın maddi-texniki bazası möhkəmləndirildi və yeni peşəkar jurnalist nəsli formalaşdı. Bu amil isə müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan üçün çox vacib rol oynadı”.

 

Ulu öndər Heydər Əliyev mətbuatın hamisi idi

 

Onu da qeyd etmək yerinə düşər ki, Ulu öndər həmin dövrdə təkcə mətbuata diqqət və qayğı göstərmir, eyni zamanda, qəzet yazarlarımızı, milli mənliyimizin qorunmasına çalışan mətbuat orqanlarını sovet rejiminin təqib və təzyiqlərindən də qoruyurdu. Məsələn, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Unudulmaz görüşlər” adlı kitabında bununla bağlı maraqlı bir fakta toxunub. Onun yazdığından belə məlum olur ki, sözügedən dövrdə Azərbaycan mətbuatında, ədəbiyyatında, sənətində, ensiklopediyasında, “antisovetliyi”, “millətçiliyi”, “türkçlüyü” eşələyib lazımi instansiyalara çuğulluq edənlər “Qobustan” jurnalını da hədəfə alıblarmış: “Yalnız onu deyə bilərəm ki, məsələ yerli çuğulçularla məhdudlaşmırdı. “Qeyrətli danosbazlarımızın” səyləriylə məsələ yoğunlayıb Moskvaya, Sov. İKP MK-ya çatdırılmışdı və “Qobustan” MK-nın katibi Kapitonovun çıxışında da millətçilik meyillərinə görə tənqid olunmuşdu. Onu da deyim ki, “Qobustan” bir növ “qanunsuz” çıxırdı, yəni, Sov. İKP MK tərəfindən təsdiq olunmuş rəsmi reyestrə düşməmişdi, toplunu o vaxt Azərbaycan KP MK-nın katibi işləyən Cəfər Cəfərovun təşəbbüsüylə kitab nəşri kimi buraxırdıq. Belə şəraitdə “Qobustan”ı bağlamaq, ya ən azı baş redaktorunu işdən çıxarmaq çətin məsələ deyildi. Amma Heydər Əliyev bunu etmədi. Respublika partiya təşkilatının rəhbəri kimi ən yüksək instansiyalardan gələn siqnallara reaksiya verməli olduğu halda “Qobustan”ı dağılmağa qoymadı. “Müstəqillik dövründə “Qobustan” yaşadı” sözlərini deməyə onu sovet dövründə bağlanmağa qoymayan rəhbərin tam mənəvi haqqı vardı”.

Xalq yazıçısı qeyd edir ki, “Qobustan” nəinki bağlanmadı, ona əlavə ştatlar və Teatr Cəmiyyətində iki iş otağı ayrıldı, Mədəniyyət Nazirliyinin nəşri kimi statusu müəyyənləşdirildi, mətbəələrdə vaxtlı-vaxtında çıxması üçün göstəriş verildi: “Bu hələ o dövrdə Heydər Əliyevin hər şeyi milli maraqlar baxımından qiymətləndirməsinin konkret örnəyi idi və müstəqillik dövründə bunu dəfələrlə açıq ifadə etmişdi. 1996-cı il iyulun 2-də Heydər Əliyev deyirdi: “O vaxtlar “Qobustan” jurnalı həyatımızda çox böyük rol oynayırdı. Bizim bu milli dirçəliş, milli oyanış, milli özünütanıma prosesində “Qobustan”ın rolu çox böyük olubdur. Bunu o vaxtlar bəziləri, bəlkə də dərk etmirdilər. Bəlkə indi də bəziləri o qədər də dərk edə bilmir. Amma mən bunların hamısını daim izləyirdim və hər bir belə tədbirin həyata keçirilməsi üçün lazımi şərait yaradırdım”.

Sovetlərin süqutu və yeni mərhələnin başlanğıcı

Azərbaycan mətbuatının inkişaf tarixi barədə danışırkən sovetlərin dağılması və müstəqilliyimizin ilk illərində cərəyan edən proseslərə də toxunmaq vacibdir. Məsələ burasındadır ki, Mixail Qorbaçovun hakimiyyətə gəlişindən sonra SSRİ məkanında baş verən anormal proseslər, o cümlədən, Azərbaycana, xalqımıza qarşı həyata keçirilən çirkin planlar millətimizin öz haqları uğrunda mübarizəyə qalxmasına təkan verdi. Həmin dövrdə nəşr olunan mətbuat orqanlarının bir hissəsi gizli fəaliyyət göstərsə də, sonradan ümumilikdə inzibati-amirlik sisteminin zəifləməsi və demokratikləşmə dalğası yeni qəzet və jurnalların meydana çıxmasına şərait yaratdı.

Bu da təbii idi. Çünki əvvəlki illərdə yaradılan və ötən əsrin 80-ci illərinin sonlarında da işini davam etdirən, həmçinin, mərkəzi hakimiyyətin tapşırıqlarından kənara çıxmağa özündə cəsarət tapa bilməyən qəzetlər ölkədə baş verənlərlə bağlı obyektiv və dəqiq informasiya verməkdən çəkinir, insanların diqqətini başqa məsələlərə yönəltməyə çalışırdılar. Bu cür mətbu orqanlar Azərbaycanın taleyüklü, prinsipial məsələlərdə susması, təbii olaraq kənar qüvvələrin mövcud durumdan yararlanmasına gətirib çıxarırdı. Bu səbəbdəndir ki, Moskvada çap olunan qəzetlər anti-Azərbaycan təbliğatı aparır, azərbaycanlıları quldur kimi qələmə verməyə çalışırdılar. Sözsüz ki, belə olan halda insanlar hadisələr haqqında vaxtında düzgün məlumat ala bilmədiklərindən mövcud informasiya mənbələri sadə vətəndaşları qane etmirdi. Məhz buna görə də, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində işıq üzü görən yeni, müstəqil qəzet və jurnallar Azərbaycanda dövrün mətbuat mühitinin formalaşmasında mühüm rol oynadı. Bu cür mətbu orqanların yaranması, əslində, dövrün, zamanın tələbi idi. Bu mətbuat orqanları elə bir vaxtda meydana çıxmışdılar ki, artıq kommunist ideologiyasına xidmət edən, Kommunist Partiyasının təbliğatçısı rolunu oynayan mətbuat cəmiyyətə lazım deyildi. Yaranmış tarixi vəziyyət həm də mətbuatın xalqın gerçək arzu və istəklərinin ifadəçisinə, Azərbaycanın müstəqilliyi ideyasının carçısına çevrilməyi tələb edirdi.

 

Mətbuat proseslərin girovuna çevrildi

 

Lakin müstəqilliyin ilk illərində cəmiyyətin tədricən ideoloji buxovlardan azad olması ilə yaranan və yeni cəmiyyətin qurulması arzularından doğan müsbət meyillərin hakimiyyət dairələri tərəfindən düzgün qiymətləndirilməməsi mətbuatın yeni şəraitin üstünlüklərindən tam yararlanmasına, eləcə də, söz və mətbuat azadlığının inkişafına mane oldu. Beləliklə, ayrı-ayrı qüvvələrin təsiri altına düşən mətbuat obyektivlik, qərəzsizlik, dəqiqlik prinsiplərinə zidd fəaliyyət göstərməyə başladı. Müstəqilliyin ilkin dövrlərində respublikada baş qaldıran hərc-mərclik, siyasi-iqtisadi böhran və çaşqınlıq bütün sahələrdə olduğu kimi, mətbuatda da özünü göstərdi. O zamankı iqtidarın - Ayaz Mütəllibov və ətrafının siyasi iradəsizliyi, mövqesizliyi, xalqın taleyinə biganəliyi və düzgün informasiyanı, həqiqəti xalqdan gizlətmək cəhdləri insanların bir çox məsələlərdən gec xəbər tutmasına və proseslərə vaxtında reaksiya verə bilməməsinə səbəb olurdu. Azərbaycanlılar erməni millətçiləri tərəfindən təzyiqlərə məruz qaldığı, qovulduğu, öldürüldüyü bir vaxtda mətbuat, eləcə də, radio və televiziya Azərbaycan xalqının olanlardan xəbər tutmasını təmin etmək əvəzinə “xalqlar dostluğu”, “millətlərin qardaşlığı” ideyalarına “sadiq qalaraq” guya hər şeyin qaydasında olduğu barədə optimist əhval-ruhiyyədə məlumatlar yayırdılar. Əslində, bu məsələdə məsuliyyət  mətbuatdan daha çox ölkə rəhbərliyinin üzərinə düşürdü. Bir faktı qeyd etmək kifayətdir ki, 1992-ci ilin fevralında ermənilərin Xocalıda törətdiyi və yüzlərlə günahsız insanın ölümünə səbəb olan soyqırımı hadisəsini A.Mütəllibov inkar etmişdi. Bu, yeganə belə hal deyildi. Ümumiyyətlə, 1990-cı illərin əvvəllərində Ermənistanda azərbaycanlıların yaşadıqları kəndlərdə, Qarabağda baş verən kütləvi deportasiya və qətllər Azərbaycan KİV-ində çox zaman ya kiçik insident kimi təsvir olunur, ya da, ümumiyyətlə, öz əksini tapmırdı. Bu, mətbuatın müstəqil olmamasından irəli gəlirdi.

Eyni zamanda, rəsmən mətbuat üzərində hərbi senzura və ciddi siyasi senzura hökm sürürdü ki, bu da azad mətbuatın formalaşmasına maneə törədirdi. Söz, fikir və məlumat azadlığının təmin olunmasına mane olan amillər sırasında həm də kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının zəifliyi, jurnalistlərin peşə hazırlığı səviyyəsinin və məsuliyyət hissinin dövrün tələblərindən geri qalması kimi cəhətlər də özünü göstərirdi.

Qeyd etmək lazımdır ki, həmin dövr Azərbaycan mətbuatının milli mənafelərə lazımınca xidmət göstərə bilməməsinin əsas səbəblərindən biri də yaranmış ideoloji boşluq idi. Sovet hakimiyyəti illərindən bütün mətbu orqanlar Kommunist Partiyasının siyasi nüfuzunun möhkəmləndirilməsi məqsədinə xidmət etsələr də, bütövlükdə vahid mövqedən çıxış edirdilər. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə ölkədə yaranan xaos, hakimiyyətdaxili parçalanmalar, tez-tez baş verən hakimiyyət dəyişiklikləri vəziyyəti daha da çətinləşdirir, mətbuatın ümummilli mənafelərə xidmət edən davamlı mövqe tutmasına əngəl törədirdi.

1990-cı illərin əvvəllərində mətbuat sahəsində tez-tez müşahidə olunan hallardan biri də jurnalistlərə, mətbuat işçilərinə qarşı hörmət hissinin olmaması, jurnalistlərin hüquqlarının kobudcasına pozulması idi. Bunun tipik göstəricisi olaraq, mətbuat işçiləri peşə fəaliyyətlərinə görə təzyiqlərə məruz qalır, həbs olunurdular. Vəziyyət o yerə çatmışdı ki, AXC-Müsavat hakimiyyəti dövründə daxili işlər naziri mətbuat işçisinə əl qaldırmaqdan belə çəkinməmişdi.

Bütün bu qarışıqlığın, qanunsuzluğun qarşısının alınmasının yeganə yolu möhkəm iradəli, xalqı ümummilli məqsəd ətrafında birləşdirməyi bacaran və demokratik mühit şəraitində mətbuatı xalqın mənafelərinin ifadəçisinə çevirə biləcək bir liderin dövlətin idarəçiliyini öz üzərinə götürməsindən ibarət idi.

 

 

Yeni Azərbaycan.- 2010.- 17 iyul.- S.5.