Azərbaycan mətbuatının
inkişaf tarixi
Milli mətbuatımızın “Əkinçi”dən bu
günə keçdiyi yol
Ölkəmiz ötən əsrdə
növbəti dəfə müstəqillik əldə etdikdən,
daha doğrusu, Ulu öndər Heydər Əliyevin ikinci dəfə
siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanda
bütün sahələrdə inkişaf qeydə
alınıb. Təbii ki, bu inkişafdan ölkə mətbuatına
da pay düşüb. Əsası Ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən
davam etdirilən siyasət nəticəsində mətbuatımız
özünün yeni inkişaf mərhələsinə qədəm
qoyub desək, yanılmarıq. Ötən il Prezident İlham Əliyevin
Fərmanı ilə yaradılan Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun (KİV DF) həyata keçirdiyi layihələr
və elan etdiyi qrant müsabiqələri isə KİV-in fəaliyyətinə
əsaslı stimul verir. Onu da qeyd etmək yerinə düşər
ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra
hər il iyulun 22-si, yəni, ilk milli mətbuatımız olan
“Əkinçi” qəzetinin işıq üzü
gördüyü tarix Milli Mətbuat Günü kimi qeyd
olunur. Bu il isə Azərbaycan milli mətbuatının 135
illiyidir və Prezident İlham Əliyev iyunun 10-da “Azərbaycan
milli mətbuatının 135 illik yubileyinin keçirilməsi
haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına
tapşırılıb ki, Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan
Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində
və respublikanın bölgələrində yubiley tədbirlərinin
keçirilməsini təmin etsin. Həmçinin, bir ay
müddətində jurnalist təşkilatlarının və
redaksiyaların təklifləri əsasında Azərbaycan
milli mətbuatının inkişafında xüsusi xidmətləri
olan jurnalistlərin mükafatlandırılması haqqında
təklifləri Azərbaycan Prezidentinə təqdim etsin.
Öz növbəsində, sözügedən Sərəncam əsasında
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən
xüsusi tədbirlər planı təsdiqlənib və
artıq icraya yönəldilib.
Səkkizinci yazı
Ötən yazımızda
qeyd etdiyimiz kimi, müstəqilliyimizin ilk illərində
ölkədə xaos və anarxiya hökm sürürdü.
Bütün bu qarışıqlığın,
qanunsuzluğun qarşısının alınmasının
yeganə yolu isə möhkəm iradəli, xalqı
ümummilli məqsəd ətrafında birləşdirməyi
bacaran və demokratik mühit şəraitində mətbuatı
xalqın mənafelərinin ifadəçisinə çevirə
biləcək bir liderin dövlətin idarəçiliyini
öz üzərinə götürməsindən ibarət
idi. Bunu nəzərə alan ölkə ziyalıları və
xalqımız Naxçıvana, Ulu öndər Heydər Əliyevə
üz tutdu. Beləliklə, xalqın təkidli tələbi
ilə Ümummilli liderimizin ikinci dəfə siyasi hakimiyyətə
gəlişindən sonra ölkənin bütün sahələrində
olduğu kimi, Azərbaycan mətbuatının inkişafı
istiqamətində də mühüm addımlar atıldı.
Ulu öndər mətbuat və bütövlükdə
KİV sahəsinin maneəsiz inkişafı üçün
lazım olan qanunvericilik bazasının yaradılması və
icrası məqsədilə çox böyük əhəmiyyət
daşıyan islahatlar həyata keçirdi.
Konstitusiyaya əsaslanan söz azadlığı və
senzuranın ləğvi
Azərbaycanda hüquqi
dövlət və vətəndaş cəmiyyəti
quruculuğu prosesinin tərkib hissəsi kimi söz və mətbuat
azadlığı, insan haqlarının qorunması məsələsi
təbii olaraq ölkə Konstitusiyasında öz əksini
tapmalı idi və tapdı. Daha doğrusu, Ulu öndərin rəhbərliyi
ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi
ilə qəbul olunan Konstitusiyanın 47-ci maddəsi vətəndaşların
söz və fikir azadlığını təsbit edir. Hər
bir kəsə məlumat azadlığı verən 50-ci maddə
KİV-də, o cümlədən, mətbuatda dövlət
senzurasını qadağan edir. Beləliklə, ölkənin
Ali Qanununun qəbulu bütün sahələrdə olduğu
kimi, mətbuat sahəsində də əsaslı inkişafa təkan
verdi. Eyni zamanda, Azərbaycan Konstitusiyasını əsas
götürən Ümummilli liderimiz mətbuatın
inkişafına mane olan amillərin aradan
qaldırılması və milli mətbuatımızın cəmiyyətdə
gedən demokratikləşmə prosesinin tələblərinə
uyğun şəkildə inkişaf edə bilməsi
üçün mühüm qərarlar qəbul etdi. Ulu
öndərin “Azərbaycan Respublikasında söz, fikir və
məlumat azadlığının təmin edilməsi sahəsində
əlavə tədbirlər” haqqında 6 avqust 1998-ci il tarixli
Fərmanı kütləvi informasiya vasitələrinin sərbəst
inkişafında çox böyük təsirə malik oldu.
Çünki bu Fərmanla Nazirlər Kabineti yanında Mətbuatda
və digər Kütləvi İnformasiya Vasitələrində
Dövlət Sirlərini Mühafizə edən Baş İdarə
ləğv edildi, hərbi senzuranın yaradılması
haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün
informasiya yayımı üzərində nəzarət tətbiq
edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam
qüvvədən düşmüş hesab edildi.
Sözügedən Fərman həm də kütləvi
informasiya vasitələrinin maddi-texniki vəziyyətinin
yaxşılaşdırılmasını, onlara dövlət
qayğısının artırılmasını nəzərdə
tutan, söz, fikir və məlumat azadlığının
qorunmasını, siyasi plüralizm prinsiplərinin həyata
keçirilməsini təmin edən tədbirlər
proqramının layihəsini hazırlamağı Nazirlər
Kabinetinə həvalə etdi. 6 avqust Fərmanı, eyni
zamanda, Prezidentin İcra Aparatı (Administrasiyası) və
Nazirlər Kabineti qarşısında söz, fikir və məlumat
azadlığının qorunması, KİV-də dövlət
sirlərinin mühafizəsi, hüquqi və etik normaların
gözlənməsi ilə bağlı beynəlxalq standartlara
və Azərbaycan Respublikasının qanunlarına uyğun
mexanizm yaradılması haqqında ciddi vəzifələr
qoydu. Fərman, həmçinin, söz, fikir və məlumat
azadlığının təmin edilməsini tənzimləyən
normativ hüquqi aktların beynəlxalq standartlara
uyğunluğunun təmin edilməsini, bu sahədə fəaliyyət
göstərən müvafiq beynəlxalq qurumlarla və
qeyri-hökumət, ictimai təşkilatlarla
qarşılıqlı əlaqələrin və əməkdaşlığın
daha da inkişaf etdirilməsini, kütləvi informasiya vasitələri
əməkdaşlarının beynəlxalq mərkəzlərin
tədqiqat və təhsil proqramlarında, beynəlxalq
konfrans, seminar və digər tədbirlərində
iştirakı üçün şəraitin
yaradılmasını təmin edən tədbirlərin
görülməsini nəzərdə tutur. Bu Fərmanla
söz və mətbuat azadlığının təmin
olunması, KİV-in inkişafı və cəmiyyət həyatındakı
rolunun artırılması yönündə çox ciddi
addım atılmış oldu.
KİV ƏDV-dən azad olundu
Məlum olduğu kimi,
müstəqilliyimizin ilk illərində mətbuatın
üzləşdiyi ən böyük çətinliklərdən
biri maddi-texniki bazanın zəifliyi, vəsait
çatışmazlığı idi. İdarəçilik
sahəsində hər bir xırda detalı belə nəzərdən
qaçırmayan Ulu öndər bu istiqamətdə də
KİV-ə əsaslı dəstək olan bir addım
atdı. Daha dəqiq desək, KİV-in maddi-texniki vəziyyətini
yaxşılaşdırmaq məqsədilə 1998-ci ilin
sonundan bütün mətbuat və informasiya vasitələri əlavə
dəyər vergisindən (ƏDV) azad olundular. Lakin bu,
KİV-in sosial durumunun yaxşılaşdırılması
istiqamətində atılan heç də yeganə addım
deyildi. Belə ki, sözügedən dövrdə Ulu öndər
Heydər Əliyev tərəfindən qəzetlərin “Azərbaycan”
Nəşriyyatına olan borcu donduruldu.
“Kütləvi informasiya vasitələri haqqında” yeni
Qanun qəbul edildi
Ulu öndərin hakimiyyəti
dövründə KİV-lə bağlı həyata
keçirilən islahatlardan danışarkən 1999-cu il
dekabrın 7-də “Kütləvi informasiya vasitələri
haqqında” yeni Qanunun qəbulunu xüsusi olaraq qeyd etmək
lazımdır. KİV-in, o cümlədən, mətbuatın
sərbəst fəaliyyətinə hər cür şəraitin
yaradılması və qanunvericiliyin təkmilləşdirilməsi
üçün qəbul edilən bu qanunda jurnalistlərin
daşıdığı hüquq və vəzifələr,
eləcə də, dövlətlə KİV-in
qarşılıqlı münasibətləri, KİV-in fəaliyyətinin
iqtisadi əsasları, vergi, gömrük güzəştləri
müəyyənləşdirildi. Qanunda da göstərildiyi
kimi, kütləvi informasiya vasitələrinin təsis
olunması, onlara sahiblik, onlardan istifadə, məlumatın əldə
edilməsi və yayımı qanunda nəzərdə tutulan bəzi
hallardan başqa, heç bir halda məhdudlaşdırıla
bilməz. Yəni, bu qanunun qəbulundan sonra artıq mətbu
nəşr təsis etmək üçün dövlət
orqanlarından icazə tələb olunmur. Bunun
üçün yalnız mətbu nəşr təsis etmək
istəyən hüquqi və ya fiziki şəxsin nəşrin
çapından 7 gün əvvəl müvafiq icra hakimiyyəti
orqanına (Ədliyyə Nazirliyinə) rəsmi müraciət
etməsi kifayətdir. Beləliklə, bu qanun beynəlxalq
hüququn prinsipləri ilə tam uyğunluq təşkil edən
mükəmməl hüquqi sənəd kimi dəyərləndirildi.
KİV-in maddi-texniki bazasının
yaxşılaşdırılması üçün yeni
proqram
2000-ci il martın 6-da
Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə
təsdiqlənən “2000-2001-ci illərdə kütləvi
informasiya vasitələrinin maddi-texniki şəraitinin
yaxşılaşdırılması üzrə tədbirlər
Proqramı” mövcud problemlərin aradan qaldırılması
və mətbuatın inkişafının
stimullaşdırılması istiqamətində atılacaq
vacib addımları müəyyənləşdirdi. Proqramda,
həmçinin, jurnalist kadrları hazırlayan təhsil
müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi,
kütləvi informasiya vasitələrinin istehsalı və
yayımı ilə bağlı problemlərin həlli məqsədilə
Əlaqələndirmə Şurasının
yaradılması və digər praktik məsələlər
öz əksini tapdı. Proqramın uğurla həyata
keçirilməsi mətbuatın inkişafında
mühüm təkan rolunu oynadı. Ölkə mətbuatının
maddi durumuna müsbət təsir göstərən qərarlardan
biri isə Milli Məclis tərəfindən 2001-ci il
martın 13-də “Gömrük tarifi haqqında” Qanuna edilən
dəyişiklik oldu. Dəyişikliyə əsasən media
orqanları KİV məhsullarının ixracına, habelə
fəaliyyətinin təşkili üçün idxal etdikləri
avadanlıq, zəruri xammal və digər vasitələrə
görə gömrük rüsumundan azad edildi. Yuxarıda da
qeyd etdiyimiz kimi, Ulu öndər Heydər Əliyevin KİV-lərə
dövlət qayğısının artırılması məqsədilə
2001-ci ildə imzaladığı daha bir mühüm sənəd
qəzetlərin “Azərbaycan” nəşriyyatına olan
borclarının dondurulması idi. Bu addım maddi çətinliklərlə
üzləşən mətbuat orqanlarının fəaliyyətlərini
sərbəst şəkildə davam etdirməsinə imkan
verdi.
Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi
Onu
da qeyd etmək yerinə düşər ki, ölkədə
KİV-lə bağlı həyata keçirilən islahatlar
çərçivəsində 2000-ci ildə KİV-lərin
fəaliyyətinə dövlət nəzarəti
funksiyasını yerinə yetirən Mətbuat və
İnformasiya Nazirliyi ləğv edildi. Ulu öndərin 20 iyul
2001-ci il tarixli Fərmanı ilə Milli Mətbuat, Teleradio və
İnternet Şurası yaradıldı və Əsasnaməsi
təsdiq edildi. Şuranın yaradılmasında məqsəd
KİV haqqında qanunvericiliyin tələblərinə əməl
olunmasında ictimai nəzarətin təmin edilməsi,
dövlət orqanları ilə KİV arasında əlaqənin
və etimadın möhkəmləndirilməsi, söz, fikir və
məlumat azadlığı üçün daha geniş
imkanlar yaradılmasından ibarət idi.
Bir sözlə, hər zaman
mətbuat işçilərinə diqqət və
qayğı göstərən Ulu öndər jurnalistlərin
fəaliyyətini yüksək qiymətləndirir, onların
azad fəaliyyətinin təmin edilməsi üçün hər
cür şərait yaradırdı. Milli mətbuatımızın
125 illiyində jurnalistlərlə görüşündə
Ümummilli lider demişdi: “Bizim ümumi məqsədimiz mətbuata
daha da çox azadlıq verməkdir. Söz
azadlığını daha da geniş təmin etmək və
Azərbaycanda demokratiyanı bütün sahələrdə
inkişaf etdirməkdən ibarətdir”.
2001-ci il dekabrın 18-də
Prezident sarayında ölkəmizdə fəaliyyət göstərən
kütləvi informasiya vasitələrinin rəhbərləri
ilə görüşən Ulu öndər Heydər Əliyev
demişdi: “Biz mətbuat haqqında bir neçə ciddi
addım atmışıq: söz azadlığının, mətbuat
azadlığının təmin olunması, senzuranın
aradan qaldırılması, bütün mətbuat
orqanlarına sərbəstlik verilməsi. Əgər bu
gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik”.
2002-ci il mayın 11-də Ulu
öndər Heydər Əliyev “Kütləvi İnformasiya
Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa
dəyişikliklər və əlavələr edilməsi barədə”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
haqqında Fərman verdi. Həmin il iyulun 25-də isə Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev Prezident
sarayında Bakı Mətbuat Klubunun təsisçilərini qəbul
etdi. Bu görüşdə Ümummilli lider Heydər Əliyevlə
jurnalistlər arasında ölkə mətbuatının bu
günü və gələcəyi barədə söhbət
aparıldı, mövcud problemlər təhlil edildi.
Görüşdə Ulu öndər Heydər Əliyev mətbuata
dövlət tərəfindən lazımi köməklik
göstəriləcəyini bildirdi.
Jurnalistlərin dostu
Yeri gəlmişkən,
jurnalistlərə hər zaman, hər yerdə hörmətlə
yanaşan Ümummilli lider Heydər Əliyev onları
“dördüncü hakimiyyət” nümayəndələri
adlandırırdı. İşinin həddən artıq
çox, vaxtının az olmasına baxmayaraq, Ulu öndər
jurnalistlərin suallarını ətraflı şəkildə
cavablandırırdı. Ulu öndərin jurnalistikaya
ayırdığı diqqətin daha bir göstəricisi
yuxarıda da qeyd etdiyimiz kimi, onun 2000, 2001 və 2002-ci illərdə
media quruluşlarının rəhbərləri ilə
keçirdiyi görüşlərdir. Bu görüşlərdə
o, mətbuat sahəsində mövcud olan problemləri
birbaşa olaraq media nümayəndələrinin özlərindən
öyrənirdi.
Bu davranışları ilə
Ümummilli liderimiz məmurlara da əsl nümunə olurdu.
Ulu öndər, hətta mətbuata informasiya verməkdən
yayınan məmurlara müraciət edərək onları mətbuata
açıq olmağa, xalqın lazımi informasiya ilə
vaxtında təmin olunması üçün jurnalistlərlə
əməkdaşlıq etməyə
çağırmışdı. Bütün bu sadalananlara
görə də, Ulu öndər mətbuat işçiləri
üçün ən yaxın dosta çevrilmişdi. Təsadüfi
deyil ki, Ümummilli lider 2002-ci ildə “Ruh” Jurnalistləri
Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin
dostu” mükafatına layiq görüldü.
Mətbuat Şurası qarşıya qoyulan məqsədlərə
nail olur
Ulu öndərin Azərbaycana
rəhbərliyi dövründə mətbuatla, KİV-lə
bağlı atılan addımlardan danışarkən Mətbuat
Şurasının yaradılmasını da diqqətdən
qaçırmaq olmaz. Məlumat üçün deyək ki,
Azərbaycanda medianın özünütənzimləməsini
həyata keçirən orqan kimi fəaliyyət göstərən
Mətbuat Şurası 2003-cü il martın 15-də ölkə
jurnalistlərinin I qurultayında 180-dək aparıcı
kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə
yaradılıb və həmin il aprelin 24-də Ədliyyə
Nazirliyində dövlət qeydiyyatına alınıb.
Mətbuat
Şurasının məqsədi jurnalistlərin öz peşə
fəaliyyətlərində qanunvericiliyin tələblərinə,
peşə prinsiplərinə əməl etməsinə
ictimai nəzarətin həyata keçirilməsi, dövlət
orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin
və etimadın möhkəmləndirilməsi, söz, fikir və
məlumat azadlığına daha geniş imkanlar
yaradılmasından ibarətdir. Şura media vasitələrinin
fəaliyyət sahələrində baş verən
münaqişələrin məhkəməyəqədər
həlli variantlarının araşdırılmasını,
redaksiya əməkdaşlarının davranışı ilə
əlaqədar verilmiş şikayətlərin qəbulu,
öyrənilməsi və bununla bağlı qərarların
çıxarılmasını həyata keçirir.
Ötən müddət ərzində
“reket nəşrlər”ə qarşı aparılan effektiv
mübarizə isə Mətbuat Şurasının
qarşıya qoyduğu məqsədlərə çatmaq
istiqamətində fəaliyyət göstərdiyini bir daha təsdiqləyir.
Ulu öndər mətbuatın inkişaf istiqamətlərini
müəyyən etdi
Beləliklə, yuxarıda
Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi
hakimiyyətə gəlişindən sonra KİV sahəsində
görülən işləri xronoloji ardıcıllıqla
oxuculara təqdim etdik. Lakin bu xronoloji
ardıcıllığın özündə zəngin bir
tarix yatır. Çəkinmədən qeyd etmək olar ki,
1993-2003-cü illəri əhatə edən bu dövr Azərbaycan
mətbuatının inkişaf tarixinin ən zəngin mərhələsidir.
Çünki məhz bu illərdə Ulu öndər tərəfindən
əsası qoyulan siyasi kurs, reallaşdırılan islahatlar,
eyni zamanda, müasir Azərbaycanda mətbuatın inkişaf
istiqamətlərini müəyyənləşdirdi. Birmənalı
olaraq, qeyd etməliyik ki, Ulu öndər Heydər Əliyevin mətbuatın
inkişafına verdiyi böyük önəm, davamlı diqqət
və qayğısı sayəsində müasir Azərbaycanın
müstəqil milli mətbuatı formalaşdı, ölkədə
demokratiyanın əsas göstəricilərindən biri olan
söz, fikir və məlumat azadlığı bərqərar
oldu, obyektiv, qərəzsiz informasiya vermək mətbuat
orqanlarının müntəzəm qaydada riayət etdiyi əsas
prinsipə çevrildi;
- azad mətbuatın
inkişafı üçün dövlət bütün
hüquqi və maddi şərait yaratdı. Mətbuat təsis
etmək üçün bütün dövlət icazəvermə
mexanizmləri ləğv olundu, mətbuat haqqında qanun tam
liberallaşdırıldı və Avropa standartlarına
uyğunlaşdırıldı. Mətbuat vasitələri və
çap mediası dövlət vergilərindən azad olundu;
- mətbuatın
inkişafı istiqamətində həyata keçirilən
islahatlar, əməli tədbirlər nəticəsində
sabit inkişaf yoluna qədəm qoyan milli mətbuatımız
yeni-yeni nəşrlərlə daha da zənginləşdi,
eyni zamanda, mətbuatda peşəkarlıq və keyfiyyət
ön plana çıxdı.
Beləliklə, əksər
ekspertlərin də qeyd etdikləri kimi mətbuat sahəsində
dövlət siyasətinin mahiyyəti ondan ibarətdir ki, mətbu
orqanlar xalqın maariflənməsində, məlumatlanmasında,
ümumbəşəri ideyaların, milli dəyərlərin
təbliğində, vətəndaş cəmiyyəti
qurulmasında, demokratiya, aşkarlıq və ədalətin bərqərar
olmasına mümkün qədər daha böyük töhfələr
bəxş etsin. Sevindirici haldır ki, Ümummilli liderimiz Heydər
Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident
İlham Əliyev də bu gün mətbuata böyük diqqət
və qayğı göstərir.
Yeni Azərbaycan.- 2010.- 20 iyul.- S.4.