Azərbaycan mətbuatının
inkişaf tarixi
Milli mətbuatımızın “Əkinçi”dən bu
günə keçdiyi yol
Ölkəmiz ötən əsrdə
növbəti dəfə müstəqillik əldə etdikdən,
daha doğrusu, Ulu öndər Heydər Əliyevin ikinci dəfə
siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanda
bütün sahələrdə inkişaf qeydə
alınıb. Təbii ki, bu inkişafdan ölkə mətbuatına
da pay düşüb. Əsası Ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən
davam etdirilən siyasət nəticəsində mətbuatımız
da özünün yeni inkişaf mərhələsinə qədəm
qoyub desək, yanılmarıq. Ötən il Prezident İlham Əliyevin
Fərmanı ilə yaradılan Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun (KİV DF) həyata keçirdiyi layihələr
və elan etdiyi qrant müsabiqələri isə KİV-in fəaliyyətinə
əsaslı stimul verir. Onu da qeyd etmək yerinə düşər
ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra
hər il iyulun 22-si, yəni, ilk milli mətbuatımız olan
“Əkinçi” qəzetinin işıq üzü
gördüyü tarix Milli Mətbuat Günü kimi qeyd
olunur. Bu il isə Azərbaycan milli mətbuatının 135
illiyidir və Prezident İlham Əliyev iyunun 10-da “Azərbaycan
milli mətbuatının 135 illik yubileyinin keçirilməsi
haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına
tapşırılıb ki, Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan
Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində
və respublikanın bölgələrində yubiley tədbirlərinin
keçirilməsini təmin etsin. Həmçinin, bir ay
müddətində jurnalist təşkilatlarının və
redaksiyaların təklifləri əsasında Azərbaycan
milli mətbuatının inkişafında xüsusi xidmətləri
olan jurnalistlərin mükafatlandırılması haqqında
təklifləri Azərbaycan Prezidentinə təqdim etsin.
Öz növbəsində sözügedən Sərəncam əsasında
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən
xüsusi tədbirlər planı təsdiqlənib və
artıq icraya yönəldilib
İnsan oğlu ətrafında
baş verənləri şüurlu şəkildə dərk
etməyə başladığı ilk andan etibarən onda
yazmaq və oxumaq (təbii ki, ilk vaxtlarda danışmaq-red.) həvəsi
baş qaldırıb. İbtidai insanlar vəhşi təbiətdə
gördüklərini daşlar üzərinə cızaraq ilk
rəsmlərini, əslində isə yazılarını
yaradıblar. Bu yaradıcılıq bir tərəfdən
insanların ətrafdakılara marağı ilə
bağlı olsa da, digər tərəfdən də
gördüklərini hansısa bir formada başqalarına da
göstərmək həvəsindən irəli gəlib. Yəni,
əgər belə demək mümkünsə onlar bununla bir
növ malik olduqları informasiyanı ətrafdakılara
çatdırıblar. Hansı ki, müasir dünyada bu
missiyanı qəzetlər və informasiya agentlikləri, həmçinin,
internet portalları həyata keçirir.
İlk qəzet eramızdan əvvəl II əsrin
ortalarında yaranıb
İbtidai insanlar tərəfindən
əsası qoyulan informasiya çatdırmaq prosesi bizim eradan əvvəl
II əsrin ortalarında ilk qəzetin yaranması ilə
növbəti mərhələyə qədəm qoyub. Yəni,
həmin dövrdə Roma küçələrində səyyar
satıcılar “Acta populi diurna” (“Xalqın gündəlik həyatı”)
adlı qəzeti reklam ediblər. Həmin qəzetdə öz
əksini tapan xəbərlər qeyri-rəsmi məlumatlardan
ibarət olub. Lakin Yuli Sezarın dövründə buna son
qoyulub və onun göstərişi ilə Senatın
iclaslarının hesabatları, sərkərdələrin
göndərdiyi məlumatlar, qonşu dövlətlərin səfirləri
barədə xəbərlər vərəqələrdə
yerləşdirilməyə başlanıb.
Qəzetlərin indiki
formatı isə XVI əsrdə formalaşıb. Həmin
vaxtdan qəzet sözü də dəbə düşüb.
Bu ad ona kiçik İtaliya şirkətinin adından
keçib.
Qonşu Rusiyada isə ilk qəzet
“Kurantı” adlanıb və onun günümüzə qədər
saxlanmış ən qədim nüsxəsi 1621-ci ilə
aiddir. İlk çap qəzeti isə birinci Pyotrın
vaxtında, 1702-ci ildə Rusiyada satışa
çıxarılıb və “Vedemosti” adlanıb.
Azərbaycana gəlincə,
ölkəmizdə qəzetçiliyin tarixi o qədər də
qədimlərə söykənmir. Daha doğrusu, 1875-ci il
iyulun 22-də “Əkinçi” qəzetinin işıq
üzü görməsi ilə Azərbaycanda ilk mətbu
orqanın əsası qoyulub. Məhz buna görə də,
hazırda 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat Günü
kimi qeyd edilir. Lakin 22 iyul tarixinin Azərbaycanda mətbuat əhlinin
bayram gününə çevrilməsinə səbəb olan
“Əkinçi” qəzetinin işıq üzü görməsi
heç də asan olmayıb.
“Əkinçi” necə yaranıb?
Daha doğrusu, tarixi
materiallardan da bəlli olduğu kimi XIX əsrin II
yarısında Azərbaycanın iqtisadi və ictimai
inkişafı milli mətbuatımızın
yaranmasını zəruri edib. Bu zərurəti dərk edən
görkəmli maarifçi Həsən bəy Zərdabi uzun
mübarizədən sonra çar üsul-idarəsi şəraitində
müstəmləkə ucqarında ana dilində “Əkinçi”
qəzetinin çap edilməsi üçün icazə
alıb. Bu qəzetin çıxması bütün Qafqazda
geniş əks-səda doğurub. Qəzetin nəşri üçün
Həsən bəy Zərdabi İstanbuldan xüsusi ərəb
mətbəə şriftləri gətirtməli olub və nəhayət,
xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda
qubernator mətbəəsində qəzetin ilk nömrəsinin
nəşrinə nail olub. Yuxarıda da qeyd etdiyimiz kimi, “Əkinçi”nin
nəşrilə həm də milli mətbuatımızın
əsası qoyulub.
Məlumatlara əsasən, “Əkinçi”
qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər
ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı
Əlizadə Şirvani, Dərbənddən Heydəri və
Tiflisdən Mirzə Fətəli Axundovun məqalə və
digər yazıları dərc olunub. Məhz bu kimi müəlliflərin
köməyi ilə “Əkinçi”nin səhifələrində
elm və texnika, kənd təsərrüfatı, mədəniyyət
sahələrindəki yeniliklərə geniş yer verilib.
İlk vaxtlar qəzetin
bütün redaksiya heyəti bir adamdan ibarət olub. Belə
ki, Həsən bəy Zərdabi həm naşir, redaktor, həm
də korrektor və mürəttib olub. Xalqı cəhalətdən,
fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını
anlatmaq, xalqın savadlanmasına kömək məqsədi ilə
“Əkinçi” misilsiz iş görüb. Ümumilikdə, 56
sayı işıq üzü görən qəzet ayda iki dəfə
300-400 tirajla nəşr edilib və bu mətbu orqanda “Daxili xəbərlər”,
“Əkin və ziraət xəbərləri”, “Elmi xəbərlər”,
“Təzə xəbərlər” rubrikaları altında
müxtəlif mövzularda yazılan məqalələr dərc
olunub.
Əsas məqsəd xalqı maarifləndirmək olub
Məlumatlara əsasən, qəzetə
maraq oyatmaq məqsədilə Həsən bəy Zərdabi “Əkinçi”ni
geniş kütlələr arasında pulsuz yaymalı olub. Eyni
zamanda, bu cəfakeş insan dövrünün görkəmli
ziyalılarını qəzet ətrafında toplaya bilib. Əksər
mütəxəssislərin də qeyd etdikləri kimi, Həsən
bəy Zərdabi ilk gündən “Əkinçi” vasitəsilə
ən başlıca vəzifəsini-xalqı maarifləndirməyin
təbliğini öz qarşısında məqsəd qoyub. Qəzetdə
kəndli həyatına, kəndli təsərrüfatına, əkinçilik
mədəniyyətinə, suvarma işlərinə, əmək
alətlərinə dair məqalələr nəşr etməklə
böyük ədib kənd təsərrüfatında geriliyi
aradan qaldırmağa çalışıb. Eyni zamanda,
ayrı-ayrı məqalələrdə xalqımızın mədəni
həyatına dair materiallar da dərc edilib. Ən
başlıcası isə Həsən bəy Zərdabi məhz
“Əkinçi”nin səhifələrində milli
oyanışın xüsusiyyətlərini, milli birliyi yaratmaq
məsələsini qoyub.
Həsən bəy Zərdabi
Mirzə Fətəli Axundova göndərdiyi məktubda məqsədini
belə izah edib: “Bəlkə, sizi belə bir şey
düşündürür ki, nə üçün
başqa birisi deyil, məhz siz, özü də müftə,
bir quru “çox sağ ol” belə eşitməyə
ümidiniz olmadan bu barədə zəhmət çəkirsiniz.
Onda mən məcburam deyəm ki, xalqa, sənə doğma
olan xalqa məhəbbətdən, avamların maariflənməsindən
söhbət gedən yerdə bu sual ortaya gəlməməlidir.
Xalqın, həm də geridə qalmış avam xalqın, sənin
və mənim qardaşımın maariflənməsi işinə
özünü həsr edən bir adamı belə bir fikir
yoldan qoymamalıdır. O, mükafatını
öz-özünə, işini görə-görə
vicdanı qarşısında duyacaqdır”.
Zərdabi ideyaları irticanın sərt tələblərinə
qalib gəldi...
Zərdabinin ideyaları hər
addımda irticanın sərt qayaları ilə toqquşub. “Əkinçi”
çar hakim dairələrinin müqavimətini
qırmalı olub, yerli irticaçılarla mübarizəyə
girib, onları tutarlı mühakimələrlə susdurub. Məlumatlarda
qeyd olunur ki, həmin dövrdə əməli işlər,
maddi-texniki qaydalar daha çox olub. Buna görə də, “Əkinçi”nin
hökumət mətbəəsində nəşri prosesində
ortaya müxtəlif süni əngəllər
çıxıb. Qəzetə xəbər yazan müxbirlər
də kifayət qədər olmayıb. Sonralar Həsən bəy
Zərdabi yazıb ki, “köməyimiz az olduğundan və kənar
yerlər bir yana, Bakıda baş verən mühüm hadisələrdən
də bəziləri bizə vaxtlı-vaxtında gəlib
çatmırdı. Xarici xəbərləri isə rus,
İran, türk, Orta Asiya qəzetlərindən götürməli
olurduq”.
Müxtəlif dillərdə
yazılmış məqalə və xəbərləri isə
Həsən bəy Zərdabi özü Azərbaycan dilinə
tərcümə edirdi. Şəkillərin verilməsi isə
poliqrafik şərait olmadığından bu işi həyata
keçirmək mümkün olmurdu.
Yeri gəlmişkən, bəzi
məlumatlara görə, Həsən bəy Zərdabi “Əkinçi”
qəzetinin vəziyyəti barədə düzgün təsəvvür
yaratmaq üçün Avropa mətbuatı, xüsusilə,
Londonda çıxan “Tayms”la öz qəzetini müqayisə
edib. Böyük ədib yazırdı: “Dünyada hər qəzeti
beş, ya on adam inşa edir: onu çap edən, hərflərini
düzən, qələtlərini düzəldən başqa
kəslər olur. Amma bu işlərin hamısını gərək
mən özüm görüm... Ey bizlərə diqqət edənlər,
bu qəzetin kəsrini görəndə gülməyin.
Gülmək yeri deyil, siz ağlayın ki, biz müsəlmanın
bircə qəzeti də basdırmağa (nəşr etməyə)
adamı yoxdur”.
Təsadüfi deyil ki, o zaman
Bakıya gəlmiş bir fransız jurnalisti “Əkinçi”nin
çap olunduğu şəraiti gördükdə Həsən
bəy Zərdabiyə deyib: “Doğrusu, siz əsl qəhrəmansınız!
Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək
istəyən tapmaq olmazdı. Sizin qüvvənizə heyrət
edirəm. Belə məlum olur ki, Siz öz xalqınızı
çox sevirsiniz!”
Ömrü uzun olmasa da...
Onu da xüsusi olaraq
vurğulamaq yerinə düşər ki, “Əkinçi” qəzetinin
mütərəqqi ideyaları çar müstəmləkəçilərini
ciddi şəkildə narahat edib. Məhz buna görə də,
1877-1878-ci illərin Rusiya-Türkiyə müharibəsinin
başlanması ərəfəsində “Əkinçi”nin vəziyyəti
daha da ağırlaşıb. Bu zaman çar senzurası qəzetin
siyasi xarakterli məsələlərə toxunmasını
qadağan edib. Belə bir şəraitdə 1877-ci ilin
sentyabrında qəzetin nəşrini dayandırmaq haqqında
hökumət sərəncamı verilib.
Lakin “Əkinçi” qəzeti
çox tez bağlansa da, xalqımızın mədəniyyət
salnaməsində böyük ad qoyub. Bu qəzetin Azərbaycan
milli mətbuat tarixində açdığı yol,
yaratdığı ənənələr çox uğurlu,
uzunömürlü olub. “Əkinçi” qəzetinin nəşri
ilə Azərbaycan milli mətbuat tarixinin əsası qoyulub.
Digər tərəfdən
Azərbaycan ədəbiyyatı və mətbuatının
bütün qabaqcıl xadimləri, hətta “Əkinçi”
bağlanandan 20-30 il sonra da onun əhəmiyyətini itirməyən
maarifçi ideyalarına sahiblənməyə ciddi fikir veriblər.
Bu da təsadüfi deyil. Mətbuat tariximizi dərindən
araşdıran mütəxəssislərin sözləri ilə
desək, “Əkinçi” zəhmətkeş xalqa təmənnasız
və sədaqətlə xidmətin, ictimai və milli zülmə
qarşı mübarizəsinin, doğma mədəniyyət və
ana dilinin tərəqqisi yolunda yorulmadan
çalışıb. “Əkinçi” dünya elminin nailiyyətlərini
yaymağın, xüsusilə, demokratik mətbuatı
inkişaf etdirməyin ilhamvericisi, gözəl bir nümunəsi
olub. Əksər mütəxəssislərin də qeyd etdikləri
kimi bunun ən parlaq sübutu məşhur “Molla Nəsrəddin”
jurnalının, onun əsas müəlliflərinin “Əkinçi”
və əkinçilərlə möhkəm ideya varislik əlaqəsidir.
“Əkinçi” cəsarət nümunəsi olub
Eyni zamanda, “Əkinçi” həmin
vaxt çar Rusiyasının əsarəti altında olan
xalqımızın sabahını düşünən hər
kəs üçün bir cəsarət nümunəsi olub.
Bundan başqa, Azərbaycanda qəzetçilik ənənəsinin
əsası qoyulub. Çünki “Əkinçi” işıq
üzü görən cəmi 56 sayı ilə bir inqilab edib.
Elə bir inqilab ki, “Əkinçi”dən sonra hər bir azərbaycanlıda
qəzetə, oxumağa, məlumatlanmağa həvəs
yaranıb. Məhz ortada olan nümunə və xalqın qəzet
istəyini əsas götürən ziyalılarımız “Əkinçi”dən
sonra bir-birinin ardınca yeni mətbuat orqanlarının əsasını
qoyublar.
Bir sözlə, 1875 - 1877-ci
illərdə “Əkinçi” qəzetinin fəaliyyət
göstərməsi haqlı olaraq xalqımızın tarixində
mühüm ədəbi hadisə kimi qiymətləndirilir. XX
əsrin əvvəllərində Azərbaycanda onlarla qəzet
və jurnal nəşr edilib və Azərbaycanın çox
görkəmli yazıçıları, alimləri, sənət
adamları bu mətbuat orqanlarında fəal iştirak ediblər.
“Əkinçi” və XX əsrin əvvəllərində nəşr
olunan qəzetlərdəki yazılar, senzuranın ələyindən
keçmələrinə baxmayaraq, demokratiya və söz
azadlığı ideyalarını təbliğ ediblər. Məhz
buna görə də, çəkinmədən demək olar
ki, Azərbaycan milli mətbuatının bünövrəsi
sayılan “Əkinçi” qəzeti Azərbaycan tarixinə
yazılan şərəfli səhifələrdən biridir.
Qeyd etdiyimiz kimi, cəmi 56
sayı işıq üzü görən “Əkinçi” həmin
vaxt çar Rusiyasının əsarəti altında olan
xalqımızın sabahını düşünən hər
kəs üçün bir cəsarət nümunəsi olub.
Bundan başqa, “Əkinçi” ilə Azərbaycanda qəzetçilik
ənənəsinin əsası qoyulub. Çünki “Əkinçi”
işıq üzü görən cəmi 56 sayı ilə
bir inqilab edib. Elə bir inqilab ki, “Əkinçi”dən sonra hər
bir azərbaycanlıda qəzetə, oxumağa, məlumatlanmağa
həvəs yaranıb. Məhz ortada olan nümunə və
xalqın qəzet istəyini əsas götürən
ziyalılarımız isə “Əkinçi”dən sonra
bir-birinin ardınca yeni mətbuat orqanlarının əsasını
qoyublar. Bu sırada ilk olaraq
“Ziya” (“Ziyayi-Qafqasiyyə”) qəzeti gəlir.
“Əkinçi” ideyalarından doğan “Ziya”
Tarixi materiallardan da bəlli
olduğu kimi, “Əkinçi”nin nəşri dayandıqdan iki
il sonra Tiflisdə Azərbaycan dilində başqa bir qəzet,
“Ziya” qəzeti çıxıb. 1879-1884-cü illərdə
işıq üzü görən bu qəzet “Əkinçi”nin
ideya və ənənələrini davam və inkişaf
etdirib. Belə ki, əgər “Əkinçi” qəzeti yeni
tipli məktəblərin açılması və onlara
uyğun dərsliklərin yazılması, müəllim
kadrların hazırlanması məsələsini
qaldırırdısa, “Ziya” qəzetinin naşiri (sonralar həm
də redaktoru) Səid Ünsizadə bu tipli bir məktəbi
Şamaxıda 1875-ci ildə açıb.
İlk nömrəsi 1879-cu
il yanvarın 16-da çıxan və həcmi 4-8 səhifə
olan qəzet həftədə bir dəfə litoqrafiya
üsulu ilə çap olunub. 1880-cı ilə qədər 76
nömrəsi buraxılan qəzet həmin ilin dekabrın 6-dan
etibarən, “Ziyayi-Qafqaziyyə” adı altında
çıxmağa başlayıb. Özü də bu qəzet
mətbəə üsulu ilə çap olunub. Onun nəşri
1884-cü il iyunun 1-dək davam edib və bu müddət ərzində
qəzetin 104 nömrəsi çıxıb. “Ziyayi-Qafqasiyyə”
qəzeti daha geniş proqram üzrə nəşr olunub. Bu
proqramda ictimai-siyasi problemlərə də geniş yer verilib.
Lakin sözügedən qəzet öz sələfi ilə
müqayisədə irəliyə doğru elə bir ciddi
addım ata bilməyib.
Öz ideya istiqamətinə görə “Əkinçi”yə
yaxın olan “Kəşkül”
1880-ci ildə Tiflisdə Səid
Ünsizadənin qardaşı Cəlal Ünsizadə tərəfindən
“Kəşkül” adlı yeni qəzet nəşr olunmağa
başlayıb. “Kəşkül” qəzetdən çox
jurnala oxşayıb. Məlumatlara əsasən, C.Ünsizadə
təhsilli, Avropa və rus mədəniyyəti ilə
tanış olan bir adam olub. “Kəşkül” öz ideya
istiqamətinə görə “Əkinçi”yə yaxın
olub. Bu qəzetdə siyasət, ticarət, sənaye, sənətkarlıq
və mədəniyyət məsələlərinə
toxunulub. Bəzi məlumatlara görə, Azərbaycan dilində
nəşri ilə yanaşı, bir müddət bu qəzet ərəb
və fars dillərində də çap edilib.
1884-cü il yanvarın 1-dən
“Kəşkül” həftəlik qəzetə çevrilib və
1891-ci ilədək nəşr edilib. “Kəşkül”də
publisistik məqalələr, dil, ədəbiyyat, incəsənət,
ictimai-siyasi məsələlər üzrə yazılar,
orijinal ədəbi parçalar, Avropa, Şərq və rus ədəbiyyatından
tərcümələr çap olunub. Qəzet “Əkinçi”nin
demokratik ənənələrini davam etdirərək, Şərq
despotizmini, geriliyi, mədəni inkişaf yollarını
göstərib. Eyni zamanda “Kəşkül” mütərəqqi
Azərbaycan ziyalılarının köməyinə ümid
bəsləyib, onlara arxalanıb. Qəzet yazırdı: “Yeni
başlanmış həyat, yeni köməyə və təlimata
möhtacdır. Ümid edirik ki, bizimlə yanaşı, millətimiz
yaradılmış bu vərəqin nəşrinə kömək
edəcəklər”.
Məlumatlara əsasən,
Rusiyanın mərkəzi şəhərlərində, Qori
Müəllimlər Seminariyasında və başqa yerlərdə
təhsil almış gənclər “Kəşkül” qəzetinin
mütərəqqi təşəbbüslərini müdafiə
edərək, onun ətrafına toplaşıblar. “Kəşkül”ün
başladığı hərəkatda Tiflisin rus ziyalıları,
tərəqqipərvər Tiflis müəllimləri də
iştirak ediblər. S.Ə.Şirvani, F.Köçərli,
M.Şahtaxtlı, A.Qayıbov və başqaları qəzetlə
fəal surətdə əməkdaşlıq ediblər. Qəzetin
Bakı, Quba, Qarabağ və İrəvanda öz müvəkkilləri
olub. Onlar qəzetin oxucularla əlaqəsinin möhkəmləndirilməsində
az rol oynamayıblar. Qəzet Cənubi Qafqaz, Rusiya, Avropa və
Asiya xalqlarının mədəni irsinin təbliğ edilməsinə
böyük diqqət verib. Onun səhifələrində
A.A.Bakıxanov, M.F.Axundov, S.Ə.Şirvani və
başqalarının yaradıcılığına geniş
yer ayrılıb. Redaksiya inkişaf etməkdə olan yeni
demokratik ədəbiyyatın nümunələrinin
çapına böyük diqqət yetirib. “Kəşkül”
realist ədəbiyyatın əhəmiyyətini yüksəyə
qaldırıb, köhnə mədrəsələrdə
islahat keçirilməsinə, yeni məktəblərin,
kitabxana və teatrların açılmasına, digər milli
mədəniyyət ocaqlarının təsis edilməsinə
tərəfdar çıxıb. Qəzet öz
oxucularını həmçinin rus klassiklərinin əsərləri
ilə tanış edib, Azərbaycan dilində rus ədəbiyyatından
tərcümələr çap edib. Qəzet klassiklərin təbliğində
müəyyən rol oynayıb, Xəyyam, Sədi, Hafiz və
başqalarının irsinə böyük əhəmiyyət
verib.
“Kəşkül”dən estafeti “Kaspi” alıb
Tarixi materiallardan o da
aydın olur ki, “Kəşkül”ün bu istiqamətdəki
addımlarını 1881-ci ilin yanvarından 1919-cu ilin
martına qədər işıq üzü görən
“Kaspi” qəzeti davam etdirib. Daha doğrusu, “Kəşkül”ün
ideyaları “Kaspi” qəzetinin səhifələrində
M.Şahtaxtlı, Ə.Ağayev və başqaları tərəfindən
daha geniş təbliğ olunaraq, milli mənlik
şüurumuzun formalaşmasında Azərbaycanın Avropaya,
bütövlüklə dünya birliyinə
inteqrasiyasının etibarlı əsaslar üzərində
qurulmasına öz töhfəsini verib.
XIX əsrin sonları XX əsrin
əvvəllərinə doğru ölkədə siyasi dərnəklərin
siyasi partiyalara çevrilməsi və onların geniş ideya
siyasi fəaliyyətləri nəticəsində ictimai mədəni
düşüncəyə siyasi bir ab-hava daxil olmağa
başlayıb. Bütün bunlar demokratiyanın, milli
hüquqi azadlıqlar uğrunda mübarizənin getdikcə
güclənməsinə səbəb olub.
Ölkədə çap
olunan rusdilli qəzetlər içərisində ən
uzunömürlü olan “Kaspi”nin naşirliyini 1897-ci ildən
etibarən Hacı Zeynalabdin Tağıyev öz üzərinə
götürüb, elə həmin dövrdən qəzetin
redaktoruluğunu Əlimərdan bəy Topçubaşov,
sonralar isə Əlibəy Hüseynzadə icra edib.
“Şərqi-rus”- XX əsrdə Azərbaycan dilində
çıxan ilk qəzet
Mətbuat tarixinin
araşdırmaçılarının qeyd etdikləri kimi Məmmədağa
Şahtaxtlının 1903-cü ildə Tiflisdə
buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi yönlü “Şərqi-rus” qəzeti XX əsrdə
Azərbaycan dilində çıxan ilk qəzet kimi tarixə
yazılıb. Məmmədağa Şahtaxtlı Qərbi
Avropaya və Mərkəzi Rusiya qəzet və jurnallarında
səmərəli fəaliyyət göstərərək
jurnalistikanın Qərb standartlarına da kifayət qədər
bələd olub. Odur ki, o, “Əkinçi” ənənələrinə
sadiq qalaraq xalqın maariflənməsi, qadın
azadlığı, fanatizmin tənqidi, cəmiyyətdə
demokratik prinsiplərin formalaşması, yeni ədəbi
normaların möhkəmlənərək geniş şəbəkəni
əhatə etməsi və s. uğrunda əzmlə
mübarizə aparıb. Məlumatlara əsasən,
M.Şahtaxtlı M.F.Axundovun ərəb əlifbasının
islahı sahəsində başladığı işi həm
də dilçi bir alim kimi inkişaf etdirib özünün
hazırladığı Məhəmmədağa xəttini
“Şərqi-rus” vasitəsilə əməli şəkildə
tətbiq edib. M.Şahtaxtlı jurnalistikanın demokratik
prinsiplərini də öz qəzetinin səhifələrində
əməli şəkildə tətbiq edib, o, həm
özünün əlifba layihəsi, həm də qəzetdə
qaldırılan digər sosial-mədəni problemlər haqda
“Şərqi-rus”un səhifələrində açıq
polemik diskussiyalara meydan verib.
Bu zaman özünün tənqidinə
həsr edilən materialları çap etməkdən də
qorxmayıb. “Şərqi-rus” azad və demokratik sözün,
fikir, ideya və mövqelər mübarizəsinin meydanına
çevrilib. 1903-1905-ci illərdə işıq üzü
görən və Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə,
Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Məmməd Səid
Ordubadi, Hüseyn Cavid, Əliqulu Qəmküsar, Əli Nəzmi
kimi maarifçiləri öz ətrafında birləşdirən
“Şərqi-rus” qəzeti Azərbaycanda mətbuatın
inkişafında yeni mərhələnin
başlanğıcını qoyub. Həmin qəzetdə çalışdığı
müddətdə peşəkar jurnalist kimi yetişən Cəlil
Məmmədquluzadənin yazıçı və publisist
istedadı əsasını qoyduğu ilk milli satirik “Mola Nəsrəddin”
jurnalında daha parlaq şəkildə üzə
çıxıb.
Azərbaycanın ilk milli satirik jurnalı
1906-cı il aprel
ayının 7-də Tiflisdə “Molla Nəsrəddin”in
işıq üzü görməsi milli mətbuatın
inkişafında əlamətdar hadisəyə çevrilib.
1918-ci ilədək Tiflisdə nəşr edilən jurnal
1921-ci ildə Təbrizdə, 1921-1931-ci illərdə isə
Bakıda çap olunub. “Molla Nəsrəddin” jurnalı
müstəmləkəçilik siyasətini, cəhaləti,
geriliyi, sosial ədalətsizliyi kəskin tənqid edib.
Qısa bir zamanda oxucu dairəsi genişlənən
jurnalın şöhrəti Qafqazın hüdudlarını
aşaraq bütün Rusiyaya, Türk dünyasına, Yaxın
və Orta Şərqə yayılıb. Eyni zamanda,
bütün təqib və təzyiqlərə baxmayaraq, jurnal
25 il müddətində fəaliyyət göstərə
bilib. Bu jurnalın nəşri müddətində
formalaşan “Mollanəsrəddinçilik” ictimai-ədəbi
hərəkatı Azərbaycan mətbuatının sonrakı
inkişafına da böyük təsir göstərib.
Jurnalın yaradıcıları olan Cəlil Məmmədquluzadə
və Ömər Faiq Nemanzadə tezliklə şair Mirzə Ələkbər
Sabir, realist ədəbiyyatın nümayəndələri Əbdürrəhim
bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd
Səid Ordubadi, Salman Mümtaz və s. kimi onlarca istedadı
redaksiya ətrafına toplayıblar.
“Molla Nəsrəddin” məcmuəsinin
birinci sayında verilmiş “Sizi deyib gəlmişəm”
başlıqlı məqalə bütün mollanəsrəddinçilərin
fəaliyyət proqramı kimi böyük əhəmiyyətə
malik olub.
Tarixi məlumatlara əsasən,
“Molla Nəsrəddin”ə onun elə ilk nömrələrindən
çox yerlərdən yazıblar. Bakıdan, Lənkərandan,
Salyandan, Qarabağdan, Aşqabaddan, Dərbənddən, Tiflisdən,
Moskvadan, Peterburqdan ünvanlanan məktublarda çox ciddi
problemlər qoyulub. Həmin problemlərin hamısı
mütləq xalqın bir millət kimi formalaşmasına əngəl
olan faktlarla zəngin olub.
Onu da qeyd edək ki, XX əsrin
əvvəllərində “Dəvət”, “Hümmət”, “Təkamül”,
“Zənbur”, “Babayi-Əmir” kimi qəzet və jurnallarla
yanaşı, uşaqlar, valideynlər və maarif
işçiləri üçün “Dəbistan”, “Məktəb”,
“Rəhbər” jurnalları da çap edilib.
Çar Rusiyasının ağır basqıları
ziyalılarımızı öz yolundan döndərə bilməyib
Bu bölmədə son olaraq
bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan mətbuatı
inkişafının ilkin dövrlərində xeyli maneələr
və çətinliklərlə üzləşib. Belə
ki, çar hakimiyyətinin sərt senzurası ölkədə
nəşr olunan qəzet və jurnalların sayının
sürətlə artmasına imkan verməyib. A.Zeynalzadənin
“Azərbaycan mətbuatı və çar senzurası:
1850-1905” adlı kitabında da qeyd edildiyi kimi, XIX əsrin
ikinci yarısı - XX əsrin əvvəllərində
yaşamış Azərbaycan ziyalılarının ölkədə
mətbuatın inkişafı və genişləndirilməsi
istiqamətində göstərdikləri cəhdlər
çox zaman çar hökumətinin yaratdığı
süni maneələrlə üzləşib. Məsələn,
Məmmədağa Şahtaxtinskinin 1896-cı ildə “Tiflis”
adlı qəzetin açılması üçün etdiyi
müraciəti daxili işlər naziri bir ildən sonra rədd
edib.
Nəriman Nərimanovun
çapına çalışdığı “Tazə xəbərlər”
(“Novoye vesti”) qəzetinin və “Məktəb”
jurnalının, eləcə də, onun müəllim dostu
Sultan Məcid Qənizadə ilə birlikdə
çıxarmaq istədiyi “Sovqat” jurnalının nəşrinə
də icazə verilməyib. Bundan əlavə, S.M.Qənizadə
və H.Mahmudbəyovun aylıq “Nübar” jurnalının nəşri
üçün verdikləri ərizə də çox keçmədən
Baş mətbuat işləri idarəsi tərəfindən rədd
edilib. Yeni qəzet nəşrlərinə
başlanılmasına icazə almaq üçün çar
hökumətinə ünvanlanan digər müraciətlərin
də çoxuna mənfi cavab
alınıb. Tarixi materillardan və mətbuat tarixini
araşdıran mütəxəssislərin
yazdıqlarından da bəlli olduğu kimi Cəlal və
Kamal Ünsizadə qardaşlarının “Azərbaycan”,
K.Ünsizadənin Klimovski ilə birlikdə “Uçan yarpaq”, Əhməd
bəy Ağayevin “Məşriq” və başqa qəzetlərin
nəşri ilə bağlı müraciətlərinin taleyi
də əvvəlkilər kimi mənfi həll edilib. Yerli mətbuatın
inkişafına qarşı yönələn təzyiqlər
yeni mətbu orqanlarının ərsəyə gəlməsinə
yaradılan süni maneələrlə yanaşı, artıq
dərc olunmağa başlayan qəzet və jurnalların
bağlanması şəklində də özünü
göstərib. “Əkinçi” qəzetinin nəşrini dayandırmasına
da səbəb məhz mütləqiyyətin Azərbaycan
xalqının maariflənməsinin, ölkədə milli
oyanışın qarşısını almaq məqsədi
daşıyıb. Xalqımızın mütərəqqi
düşüncəli ziyalılarının nəşr
etdirdiyi demokratik, liberal mətbuata qarşı təzyiqlər
sonrakı illərdə də davam etdirilib və 1884-cü ildə
cəmi 104 nömrəsi çıxan “Ziyayi-Qafqasiyyə”,
1891-ci ildə isə “Kəşkül” bağlanıb. Lakin
bütün çətinliklərə baxmayaraq ölkə
ziyalıları ana dilində qəzet və jurnalların nəşri
istiqamətində yorulmaz fəaliyyətlərini davam etdiriblər.
Məsələn, Əhməd bəy Ağayev, Əli bəy
Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Nəcəf
bəy Vəzirov, Məhəmməd Əmin Rəsulzadənin
yaxından iştirakı və rəhbərliyi ilə
1905-1918-ci illər ərzində ölkəmizdə nəşr
olunan “Həyat”, “İrşad”, “Tərəqqi”, “Nicat”,
“İşıq”, “Qurtuluş”, “Dirilik”, “Füyuzat”, “Təzə
həyat”, “Yeni füyuzat”, “Şəlalə”, “İqbal”,
“Açıq söz” və s. qəzet və jurnal səhifələrində
millətin taleyüklü problemləri müzakirə edilib,
dövrün feodal geriliyi, kəndlilərin ağır həyatı
təsvir olunub, mədəniyyət, ədəbiyyat, dil məsələlərinə
diqqət verilib.
1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Üzeyir bəy
Hacıbəyovun nəşr etdirdiyi “Azərbaycan” qəzeti
müstəqil mətbuatın inkişafında mühüm
hadisə olub. Lakin Cümhuriyyətin ömrünün uzun
olmaması müstəqil milli mətbuatın tam
formalaşmasına imkan verməyib. Buna baxmayaraq, qeyd etməliyik
ki, ölkədə Sovet hakimiyyəti bərqərar olunanadək
Azərbaycan milli mətbuatı çox böyük və zəngin
inkişaf yolu keçib.
Sovetlər dövründə
nəşr edilməsinə baxmayaraq, bir sıra qəzetlər
var ki, onların ümumilikdə Azərbaycan mətbuatının
inkişaf tarixində böyük xidmətləri olub. Belə
mətbuat orqanlarından biri də “Ədəbiyyat qəzeti”dir.
Tarixi məlumatlardan da bəlli olduğu kimi, bu qəzetin
çap edildiyi ərəfədə, yəni, 1933-cü ildə
mətbuat sahəsində müəyyən geriləmələr
müşahidə edilib. Belə ki, Sovet hökumətinin təkidi
ilə “Hücum”, “Kommunist maarifi”, “Allahsız”, “Mədəni
hücum” jurnallarının nəşrinin
dayandırılması, “Firqə işçisi”, “İnqilab və
mədəniyyət”, “Müəllimə kömək”
jurnallarının isə il ərzində cəmi 2-3
sayının çıxması yazıçıların
narahatlığına səbəb olub.
Mövcud şərait yeni ədəbi orqanın
yaradılmasını zəruri edirdi
Məhz belə bir vəziyyət,
yəni, mətbuat həyatında olan bu uğursuzluq hər
şeydən əvvəl Azərbaycan
yazıçılarını yeni bir ədəbi orqan yaratmaq
haqqında düşünməyə vadar edirdi. Beləliklə,
Azərbaycan Sovet Yazıçıları
İttifaqının İdarə heyəti və
yazıçılar uzun müzakirələrdən sonra daha
operativ bir orqan - “Ədəbiyyat qəzeti” yaratmaq qərarına
gəldilər. Ümumi rəyə əsasən Hacıbaba Nəzərli
redaktor, Əvəz Sadıq məsul katib təsdiq olundu. Qəzetin
birinci nömrəsinin çıxması 1933-cü il dekabr
ayının 5-də nəzərdə tutulmuşdu. Lakin mətbəədə
texniki çatışmazlıq üzündən qəzet nəzərdə
tutulduğu vaxtda çıxa bilmədi. Təxminən bir
aydan sonra, 1934-cü il yanvarın 1-də xalqımızın
həyatında böyük təsiredici mənəvi
dayağa çevrilmiş “Ədəbiyyat qəzetəsi”
adlı qəzetin yaranması oxucuların rəğbəti ilə
qarşılandı. “Ədəbiyyat qəzetəsi”nin
redaksiya heyəti tərkibinə M.Hüseynov, M.Cuvarlı, H.Nəzərli,
M.S.Ordubadi, H.Mehdi, S.Hüseyn və A.Popov daxil idilər. Ədəbi
mühitdə meydana çıxan son yeniliklərdən xəbər
verən qəzet ədəbiyyat aləminin, eləcə də,
bədii dilin zənginləşməsində böyük rol
oynayıb. Azərbaycan ədəbiyyatının ən
görkəmli nümayəndələri olan və daha sonra “Ədəbiyyat
qəzeti” adlanan mətbu orqanın ən fəal əməkdaşlarına
çevrilən Ü.Hacıbəyov, Y.V.Çəmənzəminli,
S.Hüseyn, Ə.Əbülhəsən, M.İbrahimov, Ə.Cəmil,
Z.Xəlil, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, H.Cavid
C.Cabbarlı, M.S.Ordubadi, S.Vurğun, R.Rza, M.Müşfiq,
M.Rahim, Ə.Vəliyev, İ.Qasımov, Ə.Məmmədxanlı,
S.Rüstəm, S.Rəhimov, Mir Cəlal, S.Rəhman, N.Rəfibəyli,
M.Dilbazi, İ.Əfəndiyev və onlarla yazıçı,
şair və dramaturqların, rəssam və heykəltəraşların,
sənətşünasların yeni əsərləri
çox zaman bu qəzetin səhifələrində öz əksini
tapırdı.
Yeni yazarlar üçün meydan
Bu qəzet həm də
yeni-yeni yazarların ədəbi mühitə daxil olması,
yaradıcılıqlarının ilk məhsullarının qəzetin
səhifələrində yer alması üçün meydan
funksiyasını yerinə yetirirdi. “Azərbaycan mətbuat tarixi”
adlı kitabda qeyd edilir ki, 1934-1957-ci illərdə “Ədəbiyyat
qəzeti”, 1957-ci ilin aprelindən etibarən isə “Ədəbiyyat
və incəsənət” adı ilə Azərbaycan Sovet
Yazıçıları İttifaqının, Azərbaycan
SSR Kinematoqrafiya Nazirliyinin və Azərbaycan SSR Nazirlər
Soveti yanında İncəsənət İşləri
İdarəsinin orqanı kimi öz vəzifəsini şərəflə
yerinə yetirərək ədəbi və mədəni həyatımızın
güzgüsünə çevrildi. Azərbaycan mədəniyyətinin,
ədəbiyyat və incəsənətinin tarixində elə
bir mühüm hadisə göstərmək olmaz ki, bu qəzetin
səhifələrində öz əksini tapmasın.
1934-cü ildə “Ədəbiyyat
qəzeti”nin cəmi 19, 1935-ci ildə 29, 1936-cı ildə isə
35 nömrəsi çap edilib. İlk dövrdə qəzet on
gündən bir nəşr olunduğu halda, 1935-ci ildən
etibarən altı gündən bir çıxmağa
başladı. Bununla da 1959-cu il yanvarın 31-də qəzetin
1000-ci, 1968-ci il dekabrın 8-də 1500-cü, 1982-ci il mayın
21-də 2000-ci sayı çapdan çıxdı.
1934-1966-cı illərdə qəzet dörd səhifə
olduğu halda, 1967-ci il yanvarın 7-dən 1976-cı il
yanvarın 24-dək on altı səhifədə kiçik və
1976-cı il yanvarın 31-dən səkkiz səhifədə
böyük formatda çap olundu. O zaman ədəbi tənqid
də nəzəriyyə sahəsində fəal
çalışan Ə.Nazim, H.Zeynallı, M.K.Ələkbərli,
S.Mümtaz, A.Musaxanlı, Ə.Abid, B.Çobanzadə, İ.Xəlil,
M.Rəfili, M.Arif, Ə.Ə.Səidzadə, Ə.Şərif,
M.Rzaquluzadə, Ə.Sultanlı, Ə.Hidayət və digərləri
yazdıqları bir sıra prinsipial tənqidi məqalələri,
Ü.Hacıbəyovun, Q.Qarayevin, F.Əmirovun Azərbaycan
musiqisinə dair qiymətli mülahizələri məhz bu qəzetin
səhifələrində çap olunub.
Ulu öndər “Ədəbiyyat qəzeti”nə xüsusi
diqqət və qayğı göstərib
Qəzetin hazırki baş
redaktoru Ayaz Vəfalı yazılarının birində qeyd
edir ki, “Ədəbiyyat qəzeti”nin tarixində yadda qalan rəsmi
yubileyi onun 50 yaşı olanda keçirilib: “Bu unudulmaz hadisənin
təntənəli mərasimi Ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Həmin günlərdə
O, məlum olduğu kimi, Moskvada işləyirdi. Yaxşı
yadımdadır ki, təntənəli yubiley tədbirinin
iştirakçıları Heydər Əlirza oğlunun “Ədəbiyyat
qəzeti”nin yarıməsrlik yubileyi münasibəti ilə
göndərdiyi təbrik teleqramını böyük
qürurla dinləyib, sürəkli alqışlarla
qarşıladılar. SSRİ Ali Sovetinin sədri A.Andropovun 5
yanvar 1984-cü il tarixli fərmanı ilə “Ədəbiyyat
qəzeti” (“Ədəbiyyat və incəsənət”) “Xalqlar
dostluğu” ordeni ilə mükafatlandırıldı”.
Ümumiyyətlə,
Ümummilli liderimiz Heydər Əliyev istər sovet Azərbaycanına
rəhbərlik etdiyi 1969-1982-ci illərdə, istərsə də
1993-cü ildən sonrakı dövrdə bütün sahələrə
olduğu kimi, yazarlar, mətbuat işçilərinə, qələm
əhlinə xüsusi diqqət və qayğı göstərib.
Bu diqqət və qayğı, eyni zamanda, Ulu öndərin
şəxsən “Ədəbiyyat qəzeti” üçün
yaratdığı geniş imkanlar barədə növbəti
saylarımızda geniş söhbət açacağıq.
Yeri gəlmişkən, bu qəzet
Azərbaycanın görkəmli şəxsləri tərəfindən
daim yüksək qiymətləndirilib. Məsələn, 100-cü
sayında qeyd olunan nömrədə görkəmli ədib
Mir Cəlal yazırdı: “Gəncliyinə baxmayaraq, o,
bütün respublikamızda özünü
tanıtmış, ədəbiyyat maraqlılarının diqqətini
cəlb etmişdir. Yeni başlayanlarla işin ilk təşkilatçılarından
olmuşdur. Yazıçıların tanınmasında və
ədəbiyyat qələbələrimizin möhkəmləndirilməsində
böyük rol oynamışdır. Lakin ədəbiyyat hərəkatımızın
həqiqi təşkilatçısı olmaq üçün
“Ədəbiyyat qəzeti” çox işləməlidir. O,
üzünü yaradıcılıq məsələlərinə,
ayrı-ayrı yazıçıların həyat və
yaradıcılığına, görkəmli əsərlərin
təhlil və tənqidinə, ədəbi
praktikamızın rolunu nəzəri cəhətdən
işıqlandırmağa çevirməlidir. O,
yazıçıları öz ətrafına
toplamalıdır... Xalqımıza layiq həqiqi sənət
əsərləri yaradılması uğrunda
çalışmalıdır. Sənətin nüfuzunu
qaldırmağa çalışmaqla öz nüfuzunu da
artırmalıdır”.
Ayaz Vəfalının
yazdığına görə, “Ədəbiyyat qəzeti”nin
(“Ədəbiyyat və incəsənət”) 1500-cü sayı
münasibətilə çıxan nömrədə zəmanəmizin
böyük bəstəkarı Qara Qarayev müasir dövrdə
ciddi mətbuatın cəmiyyətin mənəvi həyatında
əvəzsiz rolunu xüsusi vurğulayaraq göstərirdi ki,
müasir zəmanədə qəzetsiz yaşamaq musiqisiz
yaşamaq kimi bir şeydir və mən deyərdim ki,
qeyri-mümkündür.
“Maarif və mədəniyyət”dən “Azərbaycan”a qədər...
Sovetlər dönəmində
Azərbaycanda qəzetlərlə bərabər, müxtəlif
səpkidə jurnalların nəşri də geniş vüsət
almışdı. Sovet hakimiyyətinin ilk illərində
çap olunan jurnallar sırasında “Füqəra
füyuzatı” (1920-1921), “Xalq maarifi” (1920), “Yeni yıldız”
(1921-1922), “Azərbaycan Ali İqtisadi Şurasının Əxbarı”
(1921-1924), “Kooperativ işi” (1921-1925), “Gələcək” (1922)
və başqalarının adını çəkmək
olar. Bu jurnallarda ictimai həyatın müxtəlif sahələri
ilə bağlı bir çox məqamlar öz əksini tapsa
da, müntəzəm olaraq ədəbi-bədii, elmi və əxlaqi-tərbiyəvi
mövzularda yazıların nəşr edildiyi, irihəcmli,
ictimai-siyasi və elmi jurnala ehtiyac hiss olunurdu. Odur ki, Azərbaycan
SSR Xalq Komissarları Şurasının sədri Nəriman Nərimanov,
Maarif komissarı Mustafa Quliyev və komissar müavini
Tağı Şahbazi (Simurq), maarif xadimləri və ədiblər
müstəqil ədəbi jurnal yaratmaq təşəbbüsünü
irəli sürdülər. Azərbaycan Xalq Maarif
Komissarlığı 1922-ci ilin oktyabr ayının 14-də
olan iclasında respublikada maarif işçilərinə,
müəllimlərə kömək etmək, ədəbiyyatın,
elmin, incəsənətin inkişafına yardım göstərmək
məqsədi ilə “Maarif” adlı aylıq jurnalın nəşr
olunmasını qərara aldı.
Beləliklə də,
1923-cü il yanvarın 28-də xalqımızın fikir tərcümanı
və Azərbaycan Sovet Yazıçıları
İttifaqının orqanı “Azərbaycan” jurnalının sələfi
olan “Maarif və mədəniyyət” jurnalının birinci
nömrəsi çapdan çıxdı. Jurnalın birinci
nömrəsində “Bir-iki söz” adlı redaksiya məqaləsində
etiraf edilirdi ki, vətəndaş müharibəsindən
sonrakı ağır illərin bütün çətinliklərinə
baxmayaraq, yeni jurnalın meydana gəlməsi bir zərurət
idi. İndi respublikamızın sərhədlərindən
xeyli uzaqlarda məşhur olan “Azərbaycan” jurnalı müxtəlif
dövrlərdə, müxtəlif adlar altında 1923-1927-ci
illərdə “Maarif və mədəniyyət”, 1928-ci ilin
yanvarından 1936-cı ilin mayınadək “İnqilab və mədəniyyət”,
1936-cı ilin iyunundan 1941-ci ilin mayınadək “Revolyusiya və
kultura”, 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək “Vətən
uğrunda”, 1946-cı ilin may-iyunundan 1952-ci ilin dekabrınadək
yenə də “İnqilab və mədəniyyət” adı ilə
nəşr edilib. “Azərbaycan” adını jurnal 1953-cü
ilin yanvarından daşımağa başlayıb.
“Maarif və mədəniyyət”
adını daşıdığı dövrdə
jurnalın redaktoru 1923-1924-cü illərdə Tağı
Şahbazi Simurq, 1924-1927-ci illərdə Cəlil Məmmədquluzadə,
1927-1928-ci illərdə Ruhulla Axundov olub. 1928-ci ildən
“İnqilab və Mədəniyyət” adlanan jurnalda R.Axundovdan
sonra Mustafa Quliyev (1929-1932), Müseyib Şahbazov (1932-1933),
Hacıbaba Nəzərli (1933-1934), Məmməd Kazım Ələkbərli
(1934-1936) redaktor kimi çalışıblar. Jurnal “Revolyusiya
və kultura” adı ilə çap olunduğu illərdə
M.K.Ələkbərli (1936-1937) və Mirzə İbrahimov
(1938-1941), “Vətən uğrunda” adlandığı dövrdə
1941-1946-cı illərdə isə Məmməd Arif redaktor səlahiyyətlərini
icra edib. II Dünya müharibəsi başa çatdıqdan
sonra jurnalın əvvəlki adı yenidən özünə
qaytarıldı. Jurnal “Azərbaycan” adlandığı
1953-cü ildən isə Ə.Vəliyev, Ə.Əbülhəsən,
Ə.Cəmil, Q.Musayev, C.Məmmədov və başqaları
redaktor vəzifəsində çalışıblar.
Jurnalın hər nömrəsi təsdiq edir ki, o hansı adla
çıxmasından asılı olmayaraq, həmişə
öz vəzifəsini şərəflə yerinə yetirməyə
çalışıb, ədəbi və mədəni həyatımızın
salnaməsi olub.
“Molla Nəsrəddin” ənənəsini davam etdirən
“Kirpi”
Ötən
saylarımızın birində də qeyd etdiyimiz kimi, sovet
hökuməti zaman-zaman istər “Əkinçi”nin, istərsə
də “Molla Nəsrəddin”in ideyalarından yararlanıb, bu
ideyaları yeni dövrə uyğun formada daha da inkişaf
etdirib. İlk sayı 1952-ci ildə nəşr olunan “Kirpi”
satirik jurnalını da həmin siyasətin nəticəsi
kimi dəyərləndirmək olar. Daha dəqiq desək, bu
jurnal cəmiyyətdəki nöqsanları üzə
çıxarmaqda, ədalətsizliyə yol verənlərin,
rüşvətxorların ifşa edilməsində istifadə
olunan satirik üsluba görə “Molla Nəsrəddin” ənənələrinin
davamçısı kimi çıxış edirdi.
“Kirpi” jurnalı uzun illər
rüşvətxorların, el malını
dağıdanların, mədəniyyətimizə biganə
qalanların və s. ifşa edilməsi üçün qətiyyətlə
mübarizə aparıb. Cəsarətli yazıları ilə
oxucuların rəğbətini qazanmış S.Vurğun,
S.Rüstəm, S.Rəhimov, Ə.Vəliyev,
İ.Şıxlı, Ə.Vahid, N.Arif jurnalla yaxından əməkdaşlıq
ediblər. “Kirpi” jurnalının redaktorluğunu müxtəlif
illərdə Əvəz Sadıq, Qulam Məmmədli, Seyfəddin
Dağlı, Salam Qədirzadə, Şamil Fərzəliyev,
Eyvaz Borçalı və Polad Qasımov həyata
keçiriblər. Məşhur “Bəxtiyar” filmində də
epizodik də olsa, bu jurnaldan bəhs edilməsi sovetlər
dövründə “Kipri”nin necə böyük nüfuza malik
olmasından xəbər verirdi.
“Bakı” və “Baku” axşam qəzetləri mətbuat
tariximizdə böyük rol oynayıb
Paytaxtımızda nəşr
olunan kifayət qədər məşhur və geniş oxucu
dairəsinə malik qəzetlərdən biri ilk sayı 1958-ci
il yanvarın 10-da çıxan “Bakı” axşam qəzeti
idi. Görkəmli jurnalist, dövlət xadimi, pedaqoq Nəsir
İmanquliyevin baş redaktoru olduğu bu mətbu orqan elə
ilk sayındaca Bakı sakinlərinin, sadə əmək
adamlarının, ziyalıların qəzeti
olacağını, şəhərimizin mübarizə ənənələrini
davam etdirəcəyini vəd edirdi. Qəzet 1962-ci ildən,
eyni zamanda, rus dilində də (“Baku”) çıxmağa
başlayıb.
Mətbuat tarixini
araşdıran mütəxəssislərin də qeyd etdikləri
kimi, Nəsir İmanquliyevin yaratdığı və baş
redaktoru olduğu “Bakı” və “Baku” qəzetləri ötən
əsrin 60-90-cı illərində mətbuat tariximizdə
böyük rol oynayıb. Sənət adamlarının -
Abdulla Şaiqin, Süleyman Rüstəmin, Sabit Rəhmanın,
Mirzə İbrahimovun, Rəsul Rzanın, Hüseyn Abbaszadənin,
Qabilin qələmindən çıxan bədii nümunələr,
publisistik yazılar qəzetə həm rəngarənglik gətirir,
həm də oxucu marağını, rəğbətini
artırırdı. “Bakı” qəzeti Azərbaycanın o
dövrdəki təcrübəli jurnalistlərini, peşəkarları
ətrafına toplamışdı. Onlardan bu qəzetdə
müxbirlikdən redaktorluğadək yüksələn
Şamil Şahməmmədov, habelə Manaf Süleymanov, Adil
Cavadlı, Kazım Ələkbərov, Çingiz Ələkbərov,
Cəmşid Əmirov, Şamil Qurbanov, Rəfael
Nağıyev, Cabir Novruz, Səfər Məmmədov, Əhməd
Rəşidov, Fazil Rəhmanzadə, Nüsrət Kəsəmənli,
rəssam Arif Ələsgərov və başqaları qəzetdə
çalışdıqları illərdə yorulmaz fəaliyyətləri
ilə qəzetin uğurlarında əsas pay sahibləri
olublar. İlk zamanlarda kiçik formatda çıxan
“Bakı” qəzetinin tirajı tədricən artdı, daha
sonralar isə reklam əlavələri ilə birlikdə
çap olundu.
Onu da xüsusi olaraq qeyd etmək
yerinə düşər ki, Azərbaycan mətbuatının
inkişafında Nəsir İmanquliyevin çox böyük
rolu var. O, Bakı” və “Baku” axşam qəzetlərinin
yaradıcısı kimi mətbuat tariximizdə əbədi
yaşayacaq. Görkəmli pedaqoq Nəsir müəllim, eyni
zamanda, xeyirxah bir insan kimi də yaddaşlara həkk olunub. Məhz
onun diqqət və qayğısı sayəsində neçə-neçə
istedadlı gənclər jurnalistikamızın
inkişafında öz xidmətlərini göstəriblər.
Yeni Azərbaycan.- 2010.- 22 iyul.-
S.5-7.