Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!!!

 

Düşmən çəpəri-oğul

 

Mübariz olaq!” bir aydır hər addımda qarşıma çıxan plakat-idmançı görkəmli milli ordu zabitinin portreti cəmiyyətə bir duyğunu diqtə edir: Torpaq uğrunda ölmək üçün sadəcə istək kifayətdir-doğulduğun torpağı Vətən yapmaq istəyi... Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir.

Bu adı, bu sadə kəndli ailəsini indi gözəlimiz məmləkətimizdə hər bir uşaq, hər bir böyük əzbər bilir. Qəhrəmanlıq nümunəsi göstərən bu igidin xatirəsi iki gün öncə dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə bir daha əbədiləşdi: Mübariz Ağakərim oğlu İbrahimov Milli Qəhrəman oldu.

Bütün qəhrəmanlar kimi onun da çox qısa sadə həyat tarixçəsi var:

1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbini bitirib.

Həmin il hərbi xidmətə çağrılıb. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edib, çavuş rütbəsi alıb.

2007-ci ildə hərbi xidməti başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışıb. 2009-cu ilin avqust ayında öz arzusu ilə hərbiyə qayıdıb. Bu dəfə artıq gizir kimi xidmət keçməyə başlayıb.

2010-cu ilin aprel ayından Tərtər rayonunun “N” saylı hərbi hissəsində xidmət edib. 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən düşməni ağır itkilərə məruz qoyaraq qəhrəmancasına həlak olub.

Bu sadə sətirlərin altında döyünən oğul ürəyi bu qısa ömür tarixçəsini yazıb...

Mübariz İbrahimovu Ermənistanda da hamı tanıyır-böyükdən kiçiyə hər kəs, buna şübhəniz olmasın. Torpaqların alınıb onlara verildiyi gündən bəri arxalarındakı qüvvələrlə öyünən, özünün olmayanları özününküləşdirməkdə mahir olan, bəlkə unudacaqlar deyib işğal siyasətini bacardıqca uzatmağa çalışan Ermənistanda hər kəs Mübariz İbrahimovun qəhrəmanlığından xofa düşüb...

...Müharibə qədər nifrət etdiyim ikinci bir şey yoxdur. Müharibəni mənə babamın evimizin divarındakı portreti tanıdıb. Atamla bir yaşda görünən bu əsgər II Dünya müharibəsində şəhid olan babam idi. Atam o portretə çevrilmiş atasının gözləri qarşısında böyüdü, yaşlandı qocaldı. İndi həmin əsgər atamın nəvələri ilə yaşıddır...

Qarabağ savaşı başlayandan sonra evdəki əsgər portretinin yanından biri asıldı...

Bu Azərbaycan vətəndaşının-adi azərbaycanlı ailəsinin taleyidir. Döyüş onun alnına yazılıb! Qəhrəmanlıq qan yaddaşına!

Axşam evə gedirəm məhəllənin oğlanlarının topa-topa dayanıb söhbət etdiklərini görürəm. Yaxınlıqdakı kafelərdə günlərini keçirən bu gəncləri sevmədiyimi onların valideynlərindən gizlətsəm , özləri hiss edirlər. Odur ki, yanlarından keçəndə həmişə özlərini yığışdırır, söhbətlərini kəsib ehtiramla salam verirlər. Yəni ki, xala biz sən fikirləşən qədər pis uşaqlar deyilik. Bu dəfə məni görmürlər. Qızğın mübahisə gedir. Mübariz İbrahimovun adını eşidəndə ayaq saxlayıram. Gənclər hərbi xidmətə vaxtından əvvəl getmək üçün hərbi komissarlığa müraciət etməyin yollarını arayırlar...

Uşaqlar böyüdükcə vaxt müxtəlifliyi bir masa arxasında oturmaq imkanlarını məhdudlaşdırır. Evimizin otaqları dərs, yemək, masalarına bölündüyündən səhər ya şam yeməyi zamanı görüşlərimizdə kompromisə getmək, ortaq məsələləri müzakirə etmək, bir-birinə təsəlli vermək, ailə mehribanlığına zəmin yaratmağa yardımçı ola bilmir.

Bu gecə hamımız evdəyik. Qızımın dəmlədiyi çayı içirik. Televiziyada Mübariz İbrahimova həsr olunmuş verilişin anonsu gedir. Oğlum qürurla qoluma toxunub mavi ekranı işarə edir. Yəni görürsən . Ürəyim qopur: mən müharibədən qorxuram. Burnuma qan qoxusu gəlir. Evimizin divarından asılmış portretlər gözlərim önündən keçir. Beş yaşı olanda, kəndimizdəki məzarlıqda şəhid məzarlarını ziyarət edərkənMən əsgər gedəcəmdeyəndə belə qorxmuşdum. Ekranda Mübariz İbrahimovun anası danışır: “Mən oğlumla fəxr edirəm bütün analara belə qəhrəman oğul anası olmağı arzu edirəm.” Sonra operator kameranı Mübariz İbrahimovun yazdığı məktuba tuşlayır: “Ata, ana, mənim yoxluğuma ağlamayın”...

Sabahın ən erkən çağıdır. Dan ulduzu hələ batmayıb. Amma qəsəbə artıq ayaq üstündədir. Kasıb fəhlə qəsəbəsi hesab olunan bu məkanın çocuqları da xoruz banından durmağa alışıblar, deyəsən. Divarın o biri üzündən körpə çığırtısı gəlir. Sonra şirin bir ana səsi balasının boyunu oxşayır. Sübhün alatoranında ananın həzin laylası ətrafa yayılır: “mənim qəhrəman balam laylay...” Körpə çığırtısı sakitləşir...

Dan ulduzu yol göstərən bələdçi kimi işğal altında olan torpaqlara tərəf axır, gözdən itir. Ardınca süd kimi iz qalır...

 

 

Kəbutər

 

Yeni Azərbaycan.- 2010.- 24 iyul.- S.9.