Bakı mədəniyyət, Qəbələ
isə musiqi paytaxtına çevrilib
Bu gün Heydər
Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ
II Beynəlxalq musiqi festivalının rəsmi
açılışı olacaq
Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ
II Beynəlxalq musiqi festivalının rəsmi
açılışı olacaq. Artıq bir neçə
gün öncə öz işinə başlayan festivalda müxtəlif ölkələrdən
gəlmiş musiqiçilərin
konsertləri də keçirilib. Təşkil olunmuş konsertlərdən
formalaşmış təəssüratlar
isə onu deməyə əsas verir ki, budəfəki
musiqi festivalı da yüksək əhval-ruhiyyə içərisində
keçəcək.
Bu cür musiqi festivallarının keçirilməsi
Azərbaycanın dünyada
nüfuzunun artmasına
və ölkəmizlə
bağlı həqiqətlərin
əyani şəkildə
müxtəlif ölkələrin
mədəniyyət və
incəsənət nümayəndələrinin
diqqətinə çatdırılmasına
xidmət edir.
Digər tərəfdən, Azərbaycan
coğrafi əhəmiyyəti
baxımından Avropa
ilə Asiyanın arasında yerləşən
dəhliz, eyni zamanda, böyük sivilizasiyaların, mədəniyyətlərin
qovuşduğu unikal bir məkan kimi dünya xalqlarının diqqətini
cəlb edir. Qərb
və Şərq dünyasının ideyalarının
qarışığından formalaşmış yeni fəlsəfi düşüncələr
sistemi, təfəkkür
və yaradıcılıq
ruhunun dünyanı əyani sübutlarla heyran qoyması və postsovet məkanına daxil olan Azərbaycanın bəşəriyyətə “möcüzə”
modeli təklif etməsi insanlarda bir daha həmin
marağı doğurur.
Artıq
dünya ictimaiyyəti
bu söylənilənləri
öz gözlərilə
görür və əsl həqiqətləri
anlayır.
Eyni zamanda, bu tədbirlə
Qəbələnin timsalında
Azərbaycanın turizm
potensialının dünya
ictimaiyyətinin diqqətinə
təqdim edilməsi faktını da qeyd etmək lazımdır. Çünki bu gün Qəbələdə yaradılmış
turizm infrastrukturu bu bölgənin dünyanın öndə
gedən istirahət məkanları ilə rəqabətə girməyə
hazır olduğunu sübut edir. Dağlıq relyef, sıx meşə, beş ulduzlu
otel əsil cənnət məkanını
xatırladır...
Bununla yanaşı, bu cür musiqi festivalları yeni istedadların aşkara çıxarılmasına, gənclərin
peşəkarlarla görüşünə
və onlardan sənətin incəliklərini
öyrənməyə imkan
verir.
Xatırladaq ki, ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələ şəhərində keçirilmiş
Beynəlxalq musiqi festivalı və pianoçuların müsabiqəsinə
göndərdiyi təbrik
məktubunda Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva deyirdi ki, dünyanın tanınmış musiqi xadimlərinin iştirakı
ilə keçirilən
Qəbələ Beynəlxalq
musiqi festivalı və pianoçuların beynəlxalq müsabiqəsi
yeni istedadların aşkara çıxarılmasına,
gənclərin peşəkarlarla
görüşünə və
onlardan sənətin incəliklərini öyrənməyə
imkan verəcəkdir.
Festival çərçivəsində
məşhur pianoçuların
təşkil edəcəyi
ustad dərsləri gənc musiqiçilər
üçün böyük
töhfə olacaq.
Azərbaycan bu günə qədər dünya musiqi aləminə onlarla dahilər bəxş edib. Amma müəyyən zamanlarda
həmin dahilərin təbliği zəif aparıldığından dünya
ictimaiyyəti onlar haqqında çox az informasiyaya
malik idi. Amma Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən
sonra mədəniyyətə,
incəsənətə olan
diqqət və qayğı artırıldı.
Bu sahədə çalışan insanlar
dövlətin qayğısı
ilə əhatələndi,
korifeylər dünya miqyasında tanıdılmağa
başlandı. Bu gün də həmin kurs Prezident İlham Əliyev tərəfindən
davam etdirilir. Heydər Əliyev Fondu da dövlətin bu sferadakı fəaliyyətinə xüsusi
töhfələr verir.
Bu gün rəsmi
açılışı olan Qəbələ II Beynəlxalq musiqi festivalı da həmin xidmətlər sırasındadır.
Bu festivalın
nəticəsi olaraq, Azərbaycana dünyanın
müxtəlif yerlərindən
gəlmiş qonaqlar ölkəmizlə bağlı,
adət-ənənəmiz, mədəniyyətimiz, milli-mənəvi
dəyərlərimiz, eyni
zamanda, Azərbaycanın
musiqi tarixində dünya miqyasında xidmətləri olmuş dahilər haqqında geniş bilgiyə sahib olacaqlar...
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən musiqi festivalını tanınmış
musiqiçilər də
yüksək qiymətləndirirlər.
Qəbələdə keçirilən II Beynəlxalq
musiqi festivalının
bədii rəhbərlərindən
biri olan Dmitri Yablonski bildirib ki, bu tədbir
yüksək səviyyədə
təşkil edilib. Musiqisevərlər
12 gün müddətində
bir çox dünya şöhrətli
musiqi kollektivlərinin,
o cümlədən, London Kral
Filarmoniya Orkestrinin, Xloe Hanslipin, Emilio Ponsın, Boris Berezovskinin,
Yuri Başmetin, Fərhad
Bədəlbəylinin, Murad
Adıgözəlzadənin, Rauf Abdullayevin maraqlı konsert proqramından həzz almaq imkanı əldə edəcəklər.
Birinci festivaldan fərqli olaraq builki konsertlər
bir deyil, üç səhnədə
təşkil ediləcək.
Dmitri Yablonski əlavə
edib ki, musiqi ictimaiyyəti arasında böyük
rəğbətlə qarşılanan
Qəbələ festivalına
dünyanın müxtəlif
ölkələrini təmsil
edən gənc musiqiçilər də qatılıblar. Ötən
il olduğu
kimi, bu dəfə də onlar üçün ustad dərsləri keçiriləcək. Dmitri Yablonski
deyib: “Mən deyərdim ki, son illər Azərbaycanda mədəniyyətin
inkişafına, çiçəklənməsinə
dövlət başçısı
İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən çox
böyük dəstək
verilir, ölkədə
musiqi ilə bağlı beynəlxalq tədbirlər keçirilir.
Artıq
Bakı mədəniyyət
paytaxtına, Qəbələ
isə musiqi şəhərinə çevrilib.
Mən bir ildir ki,
Qəbələdə işləyir
və yaşayıram.
Füsunkar təbiətin, uca
dağların və yaşıl meşələrin
əhatəsində, təmiz
havada belə gözəl musiqi bayramının keçirilməsi
yerli və xarici qonaqlara unudulmaz anlar yaşadır”.
Heydər Əliyev
Fondunun dəstəyi ilə keçirilən Qəbələ II Beynəlxalq
musiqi festivalının
bədii rəhbəri,
Bakı Musiqi Akademiyasının rektoru,
professor Fərhad Bədəlbəyli
son vaxtlar Azərbaycanda
bu cür yüksək səviyyəli
tədbirlərin keçirilməsinin
bir ənənəyə
çevrildiyini deyib.
Bu işdə Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çox böyük qayğısını
hiss etdiklərini bildirən
Fərhad Bədəlbəyli
musiqimizin xarici ölkələrdə də
yüksək səviyyədə
təbliğ olunduğunu
diqqətə çatdırıb.
Fərhad Bədəlbəyli
deyib: “İyulun 15-də
Londonda Qara Qarayev və Fikrət Əmirovun əsərlərini səsləndirdim. Konsertdən sonra ingilis, yapon və alman
tamaşaçılar mənə
yaxınlaşaraq dedilər
ki, biz indiyədək bu
musiqi əsərlərini
eşitmədiyimizə görə
çox təəssüflənirik.
Bunlar dahiyanə musiqilərdir, şedevrdir. Biz indiyədək müsəlman
ölkəsində belə
yüksək səviyyəli
simfonik musiqi əsərlərinin mövcudluğuna
inana bilmirdik. Şübhəsiz, bunun təqsiri
özümüzdə olmuşdur.
Açığını deyim ki, təbliğat məsələsində
passivliyimiz var idi. İndi isə ölkəmiz
bu sahədə çox irəli getmişdir. Birinci növbədə
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya kollektivimiz adından təşəkkür
etmək istəyirəm.
Səmimi şəkildə etiraf edirəm ki, Heydər Əliyev Fondunun köməyi olmasaydı,
biz belə bir festivalı paytaxtdan kənarda yüksək səviyyədə keçirə
bilməzdik”.
F.Bədəlbəyli qeyd edib ki,
bu festival kommersiya xarakteri daşımır. Burada əsas
məqsəd maarifçilik,
musiqimizin təbliğidir.
Ona görə də, builki festivalın proqramını
daha da zənginləşdirərək
oraya Azərbaycanla
bağlı daha bir neçə konsertlər əlavə etmişik. Ötən il olduğu kimi, builki festival günlərində də
Qəbələdən əlavə,
Bakı, Gəncə,
Oğuz, Ağdaş,
İsmayıllı, Şəki,
Mingəçevirdən müəllimlər,
musiqiçilər, həkimlər,
ziyalılar, gənclər
konsertə gəlir və Azərbaycan bəstəkarlarının simfonik əsərlərini,
dünya musiqi incilərini heyranlıqla dinləyirlər.
Qeyd edək ki, Heydər
Əliyev Fondunun dəstəyi ilə Qəbələ şəhərində
keçirilən II Beynəlxalq
musiqi festivalı çərçivəsində ilk olaraq, Azərbaycan bəstəkarlarının əsərləri
səsləndirilib. Konsertin
dirijoru, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi
Yalçın Adıgözəlov
isə bildirib ki, ölkəmizi dünyada təbliğ etmək üçün onun siyasəti, idmanı və mədəniyyəti ön
sıradadır: “Artıq
ikinci ildir ki, təşkil edilən Qəbələ
Beynəlxalq musiqi festivalı Azərbaycan mədəniyyətini dünyaya
təqdim etmək üçün ən yaxşı fürsətdir.
Ümid edirəm ki, Qəbələ festivalı xarici qonaqlara Azərbaycan bəstəkarlarının əsərlərini
təqdim etməklə
yanaşı, yerli musiqisevərlərə dünyanın
klassik sənət inciləri ilə yaxından tanış
olmağa imkan yaradacaqdır. Mən sevinirəm ki, təşkilatçılar festivalın
proqramını daha da zənginləşdirərək
beynəlxalq musiqi bayramına ABŞ, Kuba, Rusiya, İngiltərə,
Fransa və İtaliyadan tanınmış
musiqiçiləri dəvət
etmiş, ən əsası isə burada Azərbaycan musiqisinin təbliği üçün daha geniş imkanlar yaratmışlar”.
Bir sözlə, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ
II Beynəlxalq musiqi festivalı bu gün Azərbaycan üçün böyük
əhəmiyyət kəsb
edir.
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.- 2010.- 30 iyul.- S.4.