Azərbaycanda güləş
idman növünün gələcəyi çox parlaqdır
Fərid Mənsurov: Dövlətimizin idmançılara
göstərdiyi diqqət və qayğı bizi London Olimpiya
oyunlarında daha böyük nailiyyətlər qazanmağa
sövq edir
Vədləşdiyimiz kimi,
onunla elə iş başında, Azərbaycan Güləş
Federasiyasının idman zalında görüşdük.
Yığma komandanın üzvləri ilə gərgin məşqlər
aparırdı. Bu səbəbdən də, vaxtının az
olduğunu söylədi. Komanda üzvlərindən ibarət
heyət sabah avqustun əvvəlində keçiriləcək
beynəlxalq turnirdə iştirak etmək üçün
Polşaya yola düşəcəkdi. Odur ki,
idmançılara son tapşırıqlar, fəndlər,
taktiki gedişlər bir daha təkrarlanırdı.Tez qələm-kağız
çıxarıb, işə başladıq. Beləliklə,
özünün də qeyd etdiyi kimi, idman karyerasını
başa vurub məşqçilik fəaliyyətinə
başladıqdan sonra, Olimpiya çempionu, ikiqat dünya
çempionu, yığma komandamızın baş məşqçisi
Fərid Mənsurov bu postda ilk müsahibəsini məhz “Yeni
Azərbaycan” qəzetinə vermiş oldu...
- Bir qədər əvvəl
Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş, güləş üzrə “Qızıl
Qran-Pri” turnirinin final mərhələsi keçirildi. Bu, sizin
baş məşqçi kimi çıxış etdiyiniz ilk
böyük turnir idi. Bu turnirin nəticələrini
yığma komandamız üçün qənaətbəxş
hesab edirsizmi?
- İlk öncə qeyd edim
ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin
xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və
qadın güləşi üzrə “Qızıl Qran-Pri” III
Beynəlxalq turnirinin final mərhələsi çox möhtəşəm
keçdi. Turnirdə dünyanın 35-dən çox ölkəsindən
450-dən artıq pəhləvan iştirak edirdi.
Yarışların rəsmi açılış mərasimində
Beynəlxalq Güləş Federasiyasının ( FİLA)
prezidenti Rafael Martinettinin iştirak etməsi bu turnirin mötəbərliyindən
xəbər verdi. Digər tərəfdən isə, Heydər
Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl
Qran-Pri” turniri FİLA-nın təqvim planında önəmli
yer tutur. Odur ki, turnirin açılış mərasimində
çıxış edən cənab Martinetti yüksək təşkilatçılığa
görə ölkə rəhbərliyinə və Azərbaycan
Güləş Federasiyasına (AGF) öz təşəkkürünü
bildirdi. Burada xüsusi olaraq qeyd etmək istərdim ki, Ulu öndərin
xatirəsinə həsr olunmuş “Qızıl Qran-Pri” turniri
heç də sıradan bir yarış deyil və buraya istənilən
idmançı qatıla bilməz. Turnirə yalnız və
yalnız cari il ərzində dünya miqyasında keçirilən
bütün beynəlxalq “Qran-Pri” turnirlərin qalibləri, eləcə
də Dünya və Avropa çempionatlarının
mükafatçıları dəvət olunurlar. Yeri gəlmişkən,
qeyd edim ki, ildən-ilə bu turnirin səviyyəsi, mükafat
fondu, eləcə də turnirə qatılan ölkələrin
və idmançıların sayı artır. Bəzən
dünya miqyaslı elə turnirlər olur ki, yarışa bir
dəfə qatılan idmançı növbəti dəfə
həmin ölkəyə getməkdən imtina edir. Azərbaycanda
keçirilən bu turnirlərin səviyyəsi o qədər
yüksəkdir ki, yarışlar o qədər yüksək səviyyədə
təşkil olunur ki, həmçinin, milli xörəklərimiz
o qədər cəlbedicidir ki, turnirə bir dəfə
qatılan idmançı növbəti ildə də
Bakıya gəlməyə çalışır. Hətta elə
ölkələr var ki, turnirə 3-5 idmançı ilə
qatıldığı halda, nümayəndə heyətinin tərkibi
bundan iki dəfə çox olur. Bu, hər şeydən əvvəl
ölkəmizdəki inkişaf, yarışların yüksək
səviyyədə təşkil olunması, eləcə də,
bizim qonaqpərvərliyimizdən xəbər verir.
Yarışlara gəlincə
isə, turnir Ümummilli liderimizin xatirəsinə həsr
olunduğu və bizim ev sahibliyi etdiyimiz üçün,
komandamız turnirə ikiqat məsuliyyətlə
hazırlaşmışdı. Digər tərəfdən isə,
bu, mənim baş məşqçi kimi iştirak etdiyim ilk
yarış idi. Güləş yığmamızın
üzvləri ümumilikdə 15 medal qazandılar ki, bunlardan
da 6-sı ( 2 qızıl, 2 gümüş və 2
bürüc) yunan-Roma güləşçilərinin
payına düşdü. Sözsüz ki, baş məşqçi
kimi, bu nəticədən razı deyiləm. Çünki,
bir neçə idmançımızdan yüksək nəticə
gözləsək də, onlar etimadı doğrultmadılar. Məsələn,
elə götürək bu ilin Avropa çempionu Həsən Əliyevi,
ikiqat Avropa çempionumuz, Olimpiya mükafatçımız
Rövşən Bayramovu, bu ilin Avropa ikincisi Elvin Mürsəliyevi,
gənclər arasında Avropa və dünya
çempionatlarının qalibi olmuş Orxan Əhmədovu,
Avropa birinciliyinin qalibi olmuş Rafiq Hüseynovu- onlar bu turnirdə
çox zəif çıxış etdilər.
- Bu
idmançılarımızın turnirdə belə zəif nəticə
ilə çıxışlarının səbəbləri
nə idi? Yoxsa, turnirə ev sahibliyi etdiyimizdən onlarda bir qədər
arxayınçılıq yaranmışdı?
- Təbii, bunlar
araşdırıldı. Bunun həm obyektiv, həm də
subyektiv səbəbləri var idi. Məsələn,
Elçin Əliyevin yarışdan əvvəl
qızdırması qalxmışdı- bu idmançılarda
tez-tez rast gəlinir, Rövşən Bayramovda isə
yarışdan bir gün əvvəl bel ağrısı
olmuşdu. Digər ümidverici idmançımız Orxan Əhmədov
isə sadəcə yarışı düzgün qura bilməməsi
və məşqçilərin kənardan verdiyi göstərişləri
icra etməməsi səbəbindən yarışda məğlub
oldu. Həmin idmançılara bir daha şans verildi ki,
avqustun əvvəlində Polşada keçiriləcək
mötəbər beynəlxalq turnirdə özlərini
doğrultsunlar. Bu turnirə yığma komandamız tam heyətlə
qatılmayacaq. Polşada dörd - 55, 74, 85, 96 kq çəki
dərəcəsində 5 idmançı ilə təmsil
olunacağıq. Bunun səbəbi qarşıdan gələn
Dünya çempionatına hazırlıqla
bağlıdır. Əsas məqsədimiz sentyabr ayında
Moskvada keçiriləcək Dünya çempionatında
ölkəmizi layiqincə təmsil etməkdir. Bu
yarışa çox ciddi hazırlaşırıq.
Çünki Rusiya yığması həmişə bizim əsas
rəqibimiz olub. Digər tərəfdən isə
yarışların Rusiya paytaxtında keçirilməsi məsuliyyətimizi
daha da artırır. Yeri gəlmişkən, qeyd edim ki, Rusiya
yığması da elə bizdən bir qədər
yanıqlıdır. Adətən, yarışlarda çox
vaxt biz onlardan üstün oluruq. Moskvada isə onlar bu məğlubiyyətlərin
əvəzini çıxmağa çalışacaqlar. Odur
ki, çempionata hazırlıq məqsədilə Qusara
yollanırıq və bu həftədən yığma
komandanın üzvləri Qusar Olimpiya kompleksində təlim
-məşq toplanışına başlayacaq.
- Fərid müəllim,
neçə yaşınız var? Sualı verməkdə məqsədim
başqadır...
- Mayın 10-da
...(gülür)... bəli-bəli, mən də Ümummilli
liderimizlə eyni gündə anadan olmuşam. Bu il 28
yaşım tamam oldu.
- Gəlin səmimi olaq. Bu
yaşda, bir gənc olaraq, milli komandanın baş məşqçisi
olmaq məsuliyyətini yəqin ki, başa
düşürsüz. Ümumiyyətlə, belə bir təklif
gözləyirdinizmi?
- Düzü, belə bir
prosesin baş verəcəyini gözləyirdim, amma, belə
tezliklə yox. Çənəmdən zədə aldıqdan
sonra, həkimlər onsuz da mənə güləşməyə
icazə vermirdilər. Nə vaxtsa, böyük idmandan gedəcəkdim,
məşqçilik karyerama başlayacaqdım. Amma AGF-nin qərarı
mənim üçün də gözlənilməz oldu.
Özü də bu qərarın Bakıda keçirilən
mötəbər bir yarışın- “Qızıl Qran-Pri”
turnirinin ərəfəsində verilməsi mənim məsuliyyətimi
daha da artırdı. Sağ olsunlar, AGF-nin prezidenti Fazil Məmmədov,
komandanın məndən əvvəlki baş məşqçisi
Elçin Cəfərov mənə bu sahədə
böyük dayaq oldular. Turnirin rəsmi açılış
mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Çingiz Hüseynzadə Azərbaycan Prezidenti, MOK-un
Prezidenti İlham Əliyevin idman karyeramı başa
vurmağımla əlaqədar mənə
ünvanladığı məktubu səsləndirdi.
FİLA-nın prezidenti Rafael Martinetti mənə qurumun fəxri
medalını təqdim etdi. Bütün bunlar mənə
sanki qol-qanad verirdi.
Ümumiyətlə, mənim
idmançı karyeramda möhrtərəm Prezidentimiz
İlham Əliyevin böyük rolu olub. Mən hər zaman - qələbə
qazananda da, yarışlarda məğlub olanda da daim Onun
qayğısını hiss etmişəm. Bu təkcə mənə
olan diqqət və qayğı deyildi, bütövlükdə
Azərbaycan idmançılarına olan qayğı idi. Yeni gəlmişkən,
qeyd edim ki, MOK rəhbəri, ölkə Prezidenti tərəfindən
idmançılara göstərilən belə diqqət və
qayğı heç bir ölkədə yoxdur. Bir epizodu
danışım. Afina Yay Olimpiya oyunlarında çempion
olmuşdum deyə, Pekində də hamı məndən
qızıl medal gözləyirdi. Xalça üzərinə
çıxanda temperaturum çox yüksək idi. Finaladək
yarışa bilmədim və məğlub oldum. Həmin
gün axşam Olimpiya şəhərciyində qalib
idmançıların şərəfinə rəsmi ziyafət
təşkil olunmuşdu. Cənab Prezident məni yanına
çağırıb dedi: “Fərid, hər şey
yaxşıdır, heç darıxma və həvəsdən
düşmə, məşqlərini davam elə”. Bu sözlər
mənə sanki qüvvət, qol-qanad verdi, özümə
olan inamımı artırdı, məni dirçəltdi.
Qarşıma məqsəd qoydum, ciddi məşqlərə
başladım və 2009-cu ildə keçirilən Dünya
çempionatından Vətənə qızıl medalla
döndüm.
Daha bir hadisəni xüsusi
olaraq qeyd etmək istəyirəm. Ümumiyyətlə
götürdükdə, mən həm də çox zədə
alan idmançılardan hesab olunuram. 2004-cü ildə, Afina
Olimpiya oyunları zamanı belimdən ciddi zədə
almışdım. Cənab Prezidentin göstərişi ilə
2006-cı ildə Almaniyada əməliyyat olundum və indiyədək
müalicəm davam etdirilir. Dövlət
başçısının göstərişi ilə Gənclər
və İdman Nazirliyi, eləcə də, AGF tərəfindən
bu məsələ daim diqqətdə saxlanılır. Mənim
üçün çox böyük şərəfdir ki,
ölkə başçısı, eyni zamanda Milli Olimpiya
Kolmitəsinin Prezidenti işinin çox olmasına baxmayaraq,
vaxt tapıb biz idmançılarla, onların problemləri ilə
maraqlanır, diqqət və qayğı göstərir.
Ümumiyyətlə, cənab
Prezident idmançıların təkcə özləri ilə
yox, onların şəxsi həyatları ilə maraqlanır.
Əvvəllər idmançılarımızın adları
yalnız kriminal aləmdə çəkilirdi. İlham Əliyev
Milli Olimpiya Komitəsinə Prezident seçiləndən
sonra, idmançılara göstərilən diqqət və
qayğı artdı, onların həyat şəraiti
yaxşılaşdı. Bu gün idmançılara elə
şərait yaradılır ki, o öz karyerasını
başa vurduqdan sonra, ailəsini dolandıra bilsin, öz gələcəyini
təmin etsin. İnandırım sizi ki, heç bir ölkədə
beynəlxalq yarışların qaliblərinə, olimpiya
mükafatçılarına bizim ölkədəki kimi, belə
mukafatlar verilmir. Bu bizim idmançılarda həvəs
yaradır. Onlar fikirləşirlər ki, məhz idman sayəsində
öz gələcəklərini qura bilərlər. Bizdə
idman və təhsil paralel aparılır,
idmançılarımız müxtəlif nazirliklərdə
ştata götürülür, aylıq sabit maaşla təmin
olunurlar. Bütün bunlar bizə əlavə stimul verir.
Odur ki, yığma komandaya
baş məşqçi təyin olunduğumu biləndə,
fikirləşmədən qəbul etdim. Dövlətimizin
idmana və idmançılara göstərdiyi diqqət və
qayğıya arxalandım. Beynəlxalq yarışlarda
qazandığım təcrübəni gənc idmançılarla
bölüşmək istəyirəm...
- Moskvadakı
çempionatdan sonra, yəqin ki, əsas diqqət XXX Yay
Olimpiya oyunlarına hazırlığa yönəldiləcək.
Güləşçilərimiz Londonda sələflərinin ənənələrini
davam etdirə biləcəklərmi?
- Olimpiya Oyunlarına
hazırlıq bir ilin işi deyil. Əgər dünən
Olimpiya oyunları bitdisə, bu gündən artıq növbəti
oyunlara hazırlığa başlamaq lazımdır. Onu da qeyd
edim ki, məndən əvvəlki baş məşqçimiz
Elçin Cəfərov tərəfindən artıq bu proses
başlanmışdı. Qismət belə gətirdi ki, mən
bu işi davam etdirəsi oldum. Amma Elçin müəllimin
qoyduğu təməl, dəsti-xətt qorunub saxlanılır
və davam etdirilir. Sadəcə, mən bu hazırlıq
prosesinə bir qədər öz fantaziyalarımı, beynəlxalq
yarışlarda qazandığım təcrübələri
də əlavə edirəm. Digər tərəfdən isə,
dünənədək həmin idmançılarla bir cərgədə
olduğum, onlarla bir yerdə məşq etdiyim
üçün mən daha yaxşı bilirəm ki, hansı
idmançı tez yorulub, hansına “yükü” artırmaq,
hansı idmançıdan isə azaltmaq lazımdır.
Doğrudur, baş məşqçi təyin
olunmağımı, bəzi həmkarlarım düzgün
başa düşmədilər. Fikirləşdilər ki, Fəriddir
də, özümüzünküdür, güzəştə
gedər. Amma ilk gündən hamını yığıb
dedim ki, bizim dostluğumuz, yoldaşlığımız idman
zalından çıxdıqdan sonra başlayır, gəlin nə
qədər istəyirsiz yoldaşlıq edək. Hətta məşqə
gecikən iki idmançını zaldan
uzaqlaşdırdım. Dedim ki, verilən
tapşırıqları yerinə yetirməyən heç
bir kəsə güzəşt olmayacaq. Mənim
üçün ilk növbədə nizam -intizamdır. Əgər
bu amil qorunursa, demək komandadan uğurlar da gözləmək
olar. Mən qarşıda belə uğurlarımızın-Olimpiya
çempionlarımızın hələ çox
olacağına əminəm, buna inanıram.
O ki, qaldı Moskvadakı
çempionata, bu, bizim üçün sonuncu yarış
olmayacaq. Belə ki, 2011-ci ildə İstanbulda keçiriləcək
Dünya çempionatı “London-2012” Olimpiya oyunlarına
lisenziya xarakteri daşıyacaq. Hər çəki dərəcəsində
ilk 5 yeri tutmuş 6 idmançı birbaşa olimpiya
oyunlarına vəsiqə qazanacaq. Bundan əlavə, il boyu
daha 3 müxtəlif beynəlxalq turnirin keçirilməsi də
nəzərdə tutulur ki, həmin yarışların qalibləri
də Londonda çıxış etmək hüququ
qazanacaqlar.
Bu baxımdan,
qarşıdakı Dünya Çempionatı bizim
üçün bir növ hazırlıq xarakteri
daşıyacaq. Amma medallara olan iddialarımızı da gizlətmirik.
Elə götürək ötənilki çempionatı.
Üç medalımız oldu-mən çempion oldum, 55 kq-da
Rövşən Bayramov gümüş, 60 kq-da Vitali Rəhimov
isə bürünc medala sahib sahib çıxdı. Builki
çempionatda da ən azı həmin nəticəni təkrarlamağa
çalışacağıq. Əsas məqsədimiz,
qarşıdakı yarışlarda maksimum nəticə
göstərmək və Olimpiya oyunları ərəfəsində
bütün çəki dərəcələrində yığma
komandaya idmançılar verməkdir. Deyim ki, bir qədər
də nikbinəm. Çünki yığma komandada
istedadlı, mübariz gənclər çoxdur. Onların, Azərbaycan
güləş məktəbinin layiqli davamçıları
olacaqlarına, Londondan Vətənə Olimpiya medalları ilə
dönəcəklərinə əminəm.
Yeri gəlmişkən,
respublikada qədim idman növü olan güləşin
inkişafına, dirçəldilməsinə verdiyi dəstəyə
görə, Azərbaycan Güləş Federasiyasının
prezidenti Fazil Məmmədova minnətdarlığımı
bildirmək istəyirəm. Hazırda respublika ərazisində
federasiya tərəfindən hazırlanan böyük bir
proqram icra olunmaqdadır. Proqrama əsasən, mövcud
Olimpiya- idman komplekslərindən başqa, hər bir rayonda
güləş zalları yaradılıb. İndi bu proses
artıq qəsəbə və kəndlərdə davam
etdirilir. Çünki bölgələrimizdə çoxlu
sağlam gənclər var və onları idmanla məşğul
olmağa cəlb etmək lazımdır. Bunun
üçün Federasiya tərəfindən bütün
şərait yaradılıb. Artıq bölgələrdə
regional turnirlərin keçirilməsinə
başlanılıb. Hesab edirəm ki, proqramın
reallaşması Azərbaycanda güləş idman
növünün daha da məşhurlaşmasına və
kütləviləşməsinə səbəb
olacaqdır.
Bütün bunları nəzərə
alaraq, mən Azərbaycanda güləş idman
növünün gələcəyini çox parlaq
görürəm. Və çox da uzaq olmayan illərdən
sonra Azərbaycanın güləşçi - Olimpiya
çempionları yetişdirən bir diyar kimi şöhrət
tapacağına əminəm.
Səlim LOĞMANOĞLU
Yeni Azərbaycan.- 2010.- 31 iyul.- S.11.