Güləşçilərimiz Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırıb

 

Prezident İlham Əliyev: Zirvəyə qalxmaq çox çətin və şərəfli işdir. Ancaq zirvədə qalmaq ondan da çətindir və sadəcə olaraq, son 2-3 ilin tarixi onu göstərir ki, biz bu zirvədə öz yerimizi möhkəmləndirmişik

 

Güləş ölkəmizdə ən populyar idman növlərindən biri olmaqla yanaşı, kütləvilik baxımından da ön sıralarda dayanır. Bu, həm tarixi-ənənəvi köklərlə, həm də bu gün ölkəmizdə idmana, o cümlədən, güləşə olan münasibətlə bağlıdır. Qobustan qayalarının üzərində olan rəsmlər Azərbaycanda hələ qədim zamanlarda güləşlə məşğul olunduğunu göstərir. Tarixi kökü olan güləş idman növü Azərbaycanda heç vaxt ənənəsini itirməyib. Zaman-zaman eniş mərhələləri yaşamasına baxmayaraq, güləş idman məktəbimiz həmişə toparlanmağı bacarıb və yetişdirdiyi pəhləvanların beynəlxalq arenalarda qazandığı qələbələrə sevinib. Keçmiş SSRİ dönəmində keçirilən müxtəlif yarışlarda güləşçilərimiz həmişə uğurlu nəticələr qazanıblar. Həmin illərdə formalaşan möhkəm baza müstəqillik illərində pəhləvanlarımızın qələbələrində əsaslı rol oynadı. Elə bunun nəticəsidir ki, müstəqilliyimizin bərpasından sonra beynəlxalq miqyasda qazandığımız ilk medallar da məhz güləşçilərimizin adı ilə bağlıdır. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və bu tanınmada güləşçilərimizin uğurları, beynəlxalq arenalarda əldə etdikləri nəticələrin böyük rolu var. Ölkəmizdə əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu və ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilən idman siyasətinin, idmana və idmançılara göstərilən diqqət və qayğının nəticəsidir ki, digər idman növləri kimi güləş məktəbi də günü-gündən inkişaf edir, güləşçilərimiz yeni-yeni zirvələr fəth edir, bu yolda inamla irəliləyirlər. Bu gün Azərbaycanda idman dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət başçısının bu sahəni daim diqqətdə saxlaması, idmançıların hazırlaşması üçün bütün lazımi şəraitin, infrastrukturun yaradılması, idmançıların diqqət və qayğı ilə əhatələnməsi qələbələrin qazanılmasında ən mühüm amildir. Azərbaycanda idmana və idmançılara göstərilən qayğı, idmana cavabdehlik daşıyan bütün qurumların - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, idman mütəxəssisləri, məşqçilər, idmançıların vahid mövqe nümayiş etdirərək bir ailə kimi fəaliyyət göstərməsi uğurun əsas açarıdır. Dövlətin idman sahəsindəki siyasəti, Güləş Federasiyasının işini müasir tələblər səviyyəsində qurması bu sahədə ciddi dönüşün yaranmasına səbəb olub. Belə ki, federasiya rəhbərliyi güləşi daha da kütləviləşdirmək, regionlarda çox sayda yeniyetmə və gənci güləşə cəlb etmək üçün genişmiqyaslı iş aparır. Güləş Federasiyasının regionlarda nümayəndəliklər açması bu sahədə önəmli addım sayılmalıdır. Bir neçə rayonu özündə birləşdirən regional nümayəndəliklər yerlərdə daha aktiv iş aparmağa, daha çox yeniyetməni güləşə cəlb etməyə, yaranacaq hər hansı problemi operativ şəkildə vaxt itirmədən həll etməyə imkan yaradıb. Yeniyetmələr arasında “Region Kuboku” turnirinin keçirilməsi həm regionlarda güləşin təbliğatına, həm də perspektivli güləşçilərin üzə çıxarılmasına böyük töhfədir. 8 regional nümayəndəliyin komandaları arasında keçirilən turnirə qatılan yeniyetmə idmançıların yarışlarda göstərdiyi həvəs, mübarizə əzmi turnirin keçirilməsinin nə qədər doğru addım olduğunu göstərdi. Üstəlik, finalçı komandalara kubok, diplom və pul mükafatının verilməsi həvəsləndirici amil baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Güləş Federasiyasının işini bu şəkildə planlı və proqram əsasında qurması ən ucqar bölgələrimizdə yaşayan və böyük potensiala malik yeniyetmələri güləşməyə və ən əsası sağlam həyat tərzinə cəlb etməyə imkan verir. Bakıda keçirilən son qitə çempionatında çoxlarının tanımadığı, gənc pəhləvanlarımızın iştirakı və qazandıqları parlaq qələbə bu sahədə aparılan siyasətin doğru olduğunu sübut etdi. Federasiya tərəfindən “hər ailədə bir güləşçi” kampaniyasının keçirilməsi də bu idman növünə daha çox sayda yeniyetmə və gənci cəlb etməyə imkan verir. Paytaxt Bakının müxtəlif guşələrinə güləşlə bağlı plakatların asılması, olimpiya, dünya çempionu olan pəhləvanlarımızın iştirakı ilə müxtəlif reklam roliklərinin çəkilməsi təbliğat işinin qurulmasında nümunə kimi göstərilə bilər. İdman karyerasını başa vurduqdan sonra veteran idmançıların cəmiyyətin həyatında səmərəli fəaliyyəti üçün yaradılan şərait güləşçilərimizdən də yan keçməyib. İdman sahəsində varisliyin və ənənələrin qorunub saxlanması daim diqqətdə saxlanılır və vaxtilə beynəlxalq arenalarda uğur qazanmış veteran güləşçilərimiz indi federasiyanın işində fəal işə gəlb olunaraq yeniyetmə güləşçilərin hazırlığında yaxından iştirak edirlər. Artıq güləş sahəsində elə ciddi dönüş yaranıb ki, ölkə çempionatı beynəlxalq yarış ab-havasında, yüksək rəqabət atmosferində keçirilir. Respublika çempionatında qələbə qazanıb yığma komandaya düşmək müşkül məsələyə çevrilib və ən güclü pəhləvanlarımız, olimpiya, dünya çempionlarımız belə bu yarışda ciddi müqavimətlə üzləşirlər. Artıq olimpiya və dünya çempionumuzun respublika çempionatında qələbə qazanacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Onu da qeyd edək ki, Azərbaycan çempionatında görüşlərin daha obyektiv və şəffaf keçirilməsi məqsədilə Azərbaycan Güləş Federasiyası tərəfindən qonşu dövlətlərdən olimpiya və beynəlxalq dərəcəli hakimlər dəvət edilir. Son ölkə çempionatını FİLA-nın instruktoru Konstantin Mixaylov da müşahidə edib. Bu, AGF-nin ölkəmizdə güləşin inkişafı üçün atdığı növbəti addımdır. Yerli hakimlərlə yanaşı, Xorvatiya, İran, Türkiyə, Gürcüstan, Rusiya, Qırğızıstan, Yunanıstan və Rumıniyadan olan hakimlər də görüşlərin idarə edilməsində iştirak edib. Final yarışlarının idarə edilməsi əcnəbi hakimlərə həvalə edilib ki, bu da görüşlərin daha şəffaf və obyektiv keçirilməsinə şərait yaradıb. Bu, həm də yerli hakimlərimizin beynəlxalq həmkarları ilə birgə təcrübə mübadiləsi aparmasına və təcrübələrini daha da artırmasına zəmin yaradır. Şəxsi yarışlarda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılara müvafiq diplom, medal və pul mükafatı verilib və həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb olunublar. Yığma komandada yer alan idmançılar tam dəst idman geyimi ilə təmin olunublar. Çempionatda I yeri tutan idmançı 4000 manat, II yeri tutan 2000 manat, III pillədə qərarlaşan güləşçi isə 1000 manat pul mükafatı alıb. Həmçinin, I yeri tutan idmançıların şəxsi məşqçilərinə də 1000 manat mükafat verilib. Birinci və ikinci yerləri tutan pəhləvanlar növbəti seçim yarışına qədər hər ay müvafiq olaraq 600 və 500 manat maaş alacaqlar. Qeyd edək ki, qalib və mükafatçılara verilən tam dəst idman geyimi 1000 manat dəyərindədir və “Novco” şirkəti tərəfindən xüsusi olaraq AGF üçün hazırlanıb. Yaxın günlərdə “Novco” şirkətinin xüsusi olaraq Azərbaycan Güləş Federasiyası üçün hazırladığı tam geyim idman dəsti şəhərimizin idman mağazalarında satışa da çıxarılacaq. Dövlət başçısı İlham Əliyev Güləş Federasiyasının işini yüksək qiymətləndirib: “Son illər ərzində Güləş Federasiyasında doğrudan da ciddi dönüş yaranıb. Çox gözəl ab-hava vardır. Bilirəm ki, idmançılarla federasiya əməkdaşları arasında, məşqçilər arasında çox gözəl münasibətlər vardır. Bu, məni çox sevindirir və hesab edirəm ki, hər bir sahədə işlər düzgün təşkil olunanda nəticələr də yüksək olur. Bu qələbələr, ilk növbədə, idmançıların qələbələridir, onların uğurudur. Ancaq əlbəttə ki, məşqçilər, idman mütəxəssisləri, federasiya rəhbərliyi bu qələbəyə öz töhfəsini vermişdir”.

Azərbaycan güləş məktəbinin yetirmələri olan olimpiya, dünya, Avropa çempionları iştirak etdikləri bütün yarışlarda rəqibləri üçün ən ciddi və ən çox ehtiyat edilən idmançılar sayılırlar. Yəni, pəhləvanlarımız iştirak etdikləri istənilən turnirin favoritidirlər. Pəhləvanlarımızın 2009-cu ilin Avropa çempionatında 5 qızıl, 2 gümüş və 2 bürünc, Dünya Çempionatında 3 qızıl, 4 gümüş və 3 bürünc, 2010-cu il Avropa çempionatında isə 7 qızıl, 2 gümüş və 1 bürünc medal qazanması Azərbaycan komandasının rəqiblər üçün nə qədər qorxulu olduğunu demək üçün kifayətdir. Bu nəticələrlə güləşçilərimiz Azərbaycanın idman şöhrətini yüksəklərdə saxlayırlar. Güləşçilərimiz bütün gücünü London Olimpiadasına hazırlığa sərf edir. Olimpiadaya gedən yol müxtəlif çətin turnirlərdən keçir və pəhləvanlarımızı bu mərhələdə ciddi sınaqlar gözləyir. Belə nüfuzlu yarışlardan biri gələn ay Bakıda baş tutacaq. 16-18 iyul 2010-cu il tarixində Bakıda Ulu öndər Heydər Əliyevin xatirəsinə ənənəvi keçirilən FİLA-nın “Qızıl qran-pri” turnirinin final mərhələsi keçiriləcək. Hər il olduğu kimi, bu il də pəhləvanlarımızın qarşısında yüksək nəticələr əldə etmək məqsədi durur. Zirvəyə doğru inamla addımlayan güləşçilərimizin bu yarışı da zirvədə tamamlayacağına əminik. Dövlət başçısı İlham Əliyevin dediyi kimi: “Biz güclülərin sırasındayıq, biz bu zirvəyə qalxmışıq. Zirvəyə qalxmaq çox çətin və şərəfli işdir. Ancaq zirvədə qalmaq ondan da çətindir və sadəcə olaraq, son 2-3 ilin tarixi onu göstərir ki, biz bu zirvədə öz yerimizi möhkəmləndirmişik”.

 “Bu yazı Ulu öndər Heydər Əliyevin xatirəsinə ənənəvi keçirilən FİLA-nın “Qızıl qran-pri” turnirinin final mərhələsi ərəfəsində Azərbaycan Güləş Federasiyasının elan etdiyi “Zirvəyə doğru güləş!” müsabiqəsinə təqdim edilir”

 

 

Anar Miriyev

 

Yeni Azərbaycan.- 2010.- 25 iyun.- S.3.