135 yaşlı Azərbaycan mətbuatı
yeni inkişaf dövrünü yaşayır
Ölkə rəhbərliyinin mətbuata diqqət və
qayğısı aparıcı media qurumları, millət vəkilləri,
həmçinin, qəzet baş redaktorları tərəfindən
yüksək qiymətləndirilir
Müstəqillik əldə
etdikdən, daha doğrusu, Ulu öndər Heydər Əliyevin
ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından
sonra Azərbaycanda bütün sahələrdə inkişaf
qeydə alınıb. Təbii ki, bu inkişafdan ölkə mətbuatına
da pay düşüb. Əsası Ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən
davam etdirilən siyasət nəticəsində mətbuatımız
da özünün yeni inkişaf mərhələsinə qədəm
qoyub desək, yanılmarıq. Ötən il Prezident İlham Əliyevin
Fərmanı ilə yaradılan Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun (KİV DF) həyata keçirdiyi layihələr
və elan etdiyi qrant müsabiqələri isə KİV-in fəaliyyətinə
əsaslı stimul verir. Onu da qeyd etmək yerinə düşər
ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra
hər il iyulun 22-si, yəni, Azərbaycanın ilk
yazılı mətbu orqanı olan “Əkinçi” qəzetinin
işıq üzü gördüyü tarix Milli Mətbuat
Günü kimi qeyd olunur. Bu il isə Azərbaycan milli mətbuatının
135 illiyidir və Prezident İlham Əliyev iyunun 10-da “Azərbaycan
milli mətbuatının 135 illik yubileyinin keçirilməsi
haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına
tapşırılıb ki, Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan
Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində
və respublikanın bölgələrində yubiley tədbirlərinin
keçirilməsini təmin etsin. Həmçinin, bir ay
müddətində jurnalist təşkilatlarının və
redaksiyaların təklifləri əsasında Azərbaycan
milli mətbuatının inkişafında xüsusi xidmətləri
olan jurnalistlərin mükafatlandırılması haqqında
təklifləri Azərbaycan Prezidentinə təqdim etsin.
Öz növbəsində bu
günlərdə sözügedən Sərəncam əsasında
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən
xüsusi tədbirlər planı təsdiqlənib və
artıq icraya yönəldilib. Bununla yanaşı, mərkəzi,
yerli, icra hakimiyyətləri orqanlarına Sərəncamdan irəli
gələn məsələlərlə bağlı
xüsusi tapşırıqlar verilib. Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun sözlərinə
görə, bu günlərdə həmin
tapşırıqların icrasına başlanacaq. Yaxın
zamanlarda isə bütün respublika ərazisində milli mətbuatın
inkişafı ilə bağlı xüsusi tədbirlər
keçiriləcək.
Qeyd edək ki, sözügedən
Sərəncam, ümumiyyətlə, ölkə rəhbərliyinin
mətbuata diqqət və qayğısı aparıcı
media qurumları, millət vəkilləri, həmçinin, qəzet
baş redaktorları tərəfindən yüksək qiymətləndirilir.
Qəzetimizə açıqlama verən KİV DF-nin
İcraçı direktoru Vüqar Səfərli deyib ki, milli
mətbuatın 135 illik yubileyinin keçirilməsi barədə
Prezident İlham Əliyevin imzaladığı Sərəncam
mətbuata göstərilən diqqət və
qayğının bariz nümunəsidir: “Bu gün milli mətbuatın
bazasının möhkəmləndirilməsi, dövlət
orqanları ilə mətbuat arasında əməkdaşlığın
inkişaf etdirilməsi istiqamətində məqsədyönlü
tədbirlər planı həyata keçirilir. Ümummilli
lider Heydər Əliyevin siyasi iradəsi və böyük əməyi
sayəsində mətbuatda mövcud olan maneələr aradan
qaldırılıb, söz və məlumat
azadlığı prinsipləri bərqərar olub,
jurnalistikanın peşəkar, dəqiq və qərəzsiz fəaliyyətinə
təkan verilib”.
İcraçı direktorun
sözlərinə görə, Sərəncamdan irəli gələrək
Azərbaycanın bütün bölgələrində yubiley
tədbirləri keçiriləcək: “Sərəncama
müvafiq olaraq bir neçə şəhər və rayonda
yubiley tədbirləri keçiriləcək. Bu sıraya Zərdab,
Yevlax, Gəncə, Zaqatala, Lənkəran, Xaçmaz və
Naxçıvan daxildir. Yubiley tədbirlərinə Bakıda
keçirilən mərasimlə yekun vurulacaq. Həmin tədbirlərə
aparıcı qəzetlərin baş redaktorları, jurnalist təşkilatlarının
təmsilçiləri, həmçinin, yerlərdə
ictimaiyyətin aktiv nümayəndələri dəvət ediləcək”.
Vüqar Səfərli onu da əlavə
edib ki, KİV DF Azərbaycan milli mətbuatının 135 illik
yubileyinin keçirilməsi ilə əlaqədar regionlarda tədbirlərin
təşkili üçün müsabiqə elan edib.
“İki sahil” qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə isə deyib ki, azad mətbuatın
inkişafını demokratiyanın əsas tələbi kimi dəyərləndirən
Ulu öndər Heydər Əliyev bu sahəyə daim diqqət
və qayğı göstərib. Belə ki, söz, fikir, mətbuat
azadlığının inkişafı, mətbuatın
dünya təcrübəsindən bəhrələnməsi,
KİV-lərin maddi-texniki bazasının
yaxşılaşdırılması, jurnalist peşəkarlığının
yüksəldilməsi, jurnalistlərin sosial şəraitlərinin
yaxşılaşdırılması və
hüquqlarının qorunması üçün
bütün zəruri addımlar atılıb.
Baş redaktorun sözlərinə
görə, Ümummilli liderimizin əsasını qoyduğu
siyasi kursu uğurla davam etdirən möhtərəm
Prezidentimiz İlham Əliyevin 2005-ci ildə Milli Mətbuatın
yaranmasının 130 illiyi münasibətilə ölkənin
aparıcı jurnalistlərini dövlətin ali
mükafatları ilə təltif etməsi, “Əməkdar
jurnalist” fəxri adının bərpa olunması,
aparıcı qəzet redaksiyalarına birdəfəlik
yardımların ayrılması və bu sahədə
imzaladığı digər fərman və sərəncamlar
dövlət başçısının mətbuata diqqət
və qayğısının bariz nümunəsidir. Dövlət
başçısının imzaladığı 31 iyul 2008-ci
il tarixli Sərəncam ilə təsdiqlənən “Azərbaycan
Respublikasında Kütləvi İnformasiya Vasitələrinin
inkişafına dövlət dəstəyi
Konsepsiyası”nın qəbul olunması və KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması da deyilənlərə əyani sübutdur.
Yeni fəaliyyətə başlamasına baxmayaraq, Fond tərəfindən
həyata keçirilən tədbirlər tək mətbuat
işçiləri deyil, ictimaiyyətin bütün təbəqələri
tərəfindən rəğbətlə
qarşılanır: “Azərbaycanın ictimai-siyasi həyatında,
demokratikləşmə və müasir vətəndaş cəmiyyəti
quruculuğunda milli mətbuatın rolunu yüksək dəyərləndirən
Prezident İlham Əliyevin 10 iyun 2010-cu il tarixli “Azərbaycan
milli mətbuatının 135 illik yubileyinin keçirlməsi
haqqında” Sərəncamına uyğun olaraq yubiley ölkəmizdə
geniş qeyd ediləcək. Sərəncamda da
vurğulandığı kimi, ölkəmizin sürətlə
inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi,
cəmiyyət həyatının bütün sahələrinin
yeniləşdiyi müasir dövrdə kütləvi
informasiya vasitələrinin qarşısında yeni vəzifələr
durur. Sərəncamda Prezident Administrasiyasına, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fonduna və Mətbuat Şurasına birgə tədbirlər
planı hazırlamaqla bağlı tapşırıqlar
verilib. Sənədə uyğun olaraq Prezident Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən
xüsusi tədbirlər planı təsdiqlənib və
icrasına başlanılıb. Artıq Dövlət Dəstəyi
Fondu və Mətbuat Şurası bölgələrdə
müxtəlif tədbirlər həyata keçirir”.
“Səs” qəzetinin və “Səs”
İnformasiya Agentliyinin rəhbəri Bəhruz Quliyev Azərbaycan
mətbuatının çox zəngin bir tarixə sahib
olduğunu vurğulayıb. Onun sözlərinə görə,
hazırda 135 yaşını qeyd edən milli mətbuatımız
böyük inkişaf yolu keçib. B.Quliyev qeyd edib ki, Azərbaycan
mətbuatının tarixinin mühüm bir dövrü sovetlər
dönəminə aiddir. Amma sovetlər hakimiyyətində mətbuat
müəyyən edilmiş çərçivələrdən
kənara çıxa bilməzdi: “Ölkəmiz müstəqillik
qazandıqdan sonra mətbuatda canlanma başladı. Amma
1990-cı illərin əvvəlində Azərbaycan mətbuatı
çox ağır durumda idi. O zamankı hakimiyyət
özünü demokratik təqdim etməyə
çalışsa da, milli mətbuata dövlət səviyyəsində
güclü təzyiqlər var idi. Şükürlər olsun
ki, bunların hamısı arxada qalıb”.
Baş redaktor hesab edir ki,
hazırda mətbuatımız sürətli inkişaf yolundadır.
Onun sözlərinə görə, mətbuata dövlət
qayğısının bünövrəsi Ulu öndər
Heydər Əliyev tərəfindən qoyulub. Belə ki,
1993-cü ildən etibarən milli mətbuatımız
özünün inkişaf dövrünə başlayıb:
“1998-ci ildə senzura ləğv edildi. KİV-lərin maddi
çətinliklərinin aradan qaldırılması
üçün addımlar atılmaqdadır. Yəni, o
zamandan etibarən bizim çoxsaylı problemlərin həlli
istiqamətində əhəmiyyətli tədbirlər
reallaşmaqdadır. Bilirsiniz ki, vaxtilə Ulu öndər Heydər
Əliyev tərəfindən qəzetlərin “Azərbaycan” Nəşriyyatına
olan borcu donduruldu, bir müddət sonra isə Prezident İlham
Əliyev həmin borcları birdəfəlik ləğv etdi.
Eyni zamanda, bu dövrlərdə jurnalistlərin dövlət
tərəfindən mükafatlandırılması ənənəsi
qoyuldu. Bu sırada mətbuata maddi dəstək göstərilməsi
də xüsusi qeyd olunmalıdır. Eyni zamanda, jurnalistlərlə
dövlət orqanları arasında sıx əməkdaşlıq
münasibətləri qurulub”.
B.Quliyevin sözlərinə
görə, ictimai təşkilat olaraq Mətbuat
Şurasının yaradılması da mətbuatın
inkişafına dəstək oldu: “Azərbaycan Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması mən deyərdim ki, mətbuata ikinci nəfəs
verdi. Fond müxtəlif layihələr həyata keçirir
ki, mətbuatın maddi təminatına, jurnalistlərin sosial
vəziyyətinin yaxşılaşdırılmasına
kömək etsin. Hesab edirəm ki, Prezident İlham Əliyevin
imzaladığı Sərəncam təkcə mətbuatımızın
yox, cəmiyyətimizin inkişafına yönəlmiş
addımdır. Eyni zamanda, inanırıq ki, Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təsdiq
etdiyi tədbirlər planı nəticəsində milli mətbuatımızın
135 illik yubileyi bütün ölkə miqyasında yüksək
səviyyədə qeyd olunacaq. Bu diqqət və
qayğıya görə, biz mətbuat nümayəndələri
olaraq Prezidentimizə minnətdarıq. Hesab edirəm ki, biz də
öz üzərimizə düşən vəzifələri
layiqincə yerinə yetirməli və dövlətimizin həyata
keçirdiyi siyasətin əhəmiyyətini hər zaman təbliğ
etməliyik”.
Azərbaycan Sosial Rifah
Partiyasının (ASRP) sədri, millət vəkili
Xanhüseyn Kazımlı hesab edir ki, Azərbaycan mətbuatı
cəmiyyətin ayrılmaz tərkib hissəsidir. Onun sözlərinə
görə, vətəndaş cəmiyyətində KİV-lərin
özünəməxsus yeri var. Məhz bu səbəbdən
də, dövlət daim milli mətbuatımıza, onun
inkişafına böyük diqqət yetirir. Azərbaycan
Prezidentinin milli mətbuatımızın 135 illik yubileyinin
dövlət səviyyəsində qeyd olunması ilə
bağlı imzaladığı Sərəncamın icrası
ilə bağlı Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev tərəfindən tədbirlər planının
təsdiq olunmasına toxunan millət vəkili deyib ki, bu tədbirlər
mətbuatımızın işinin, onun ölkəmizin inkişafındakı
rolunun geniş ictimaiyyətə çatdırılmasında
önəmli rol oynayacaq: “Hamıya məlumdur ki, Ulu öndər
Heydər Əliyev milli mətbuatımızın
inkişafına daim diqqət və qayğı göstərib.
Ona görə də, ölkə KİV-ləri mətbuatın
dostu Heydər Əliyevi böyük ehtiramla hər zaman yad
edirlər. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir”.
“525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid də Sərəncamı yüksək
qiymətləndirib: “Mən Prezident İlham Əliyevin iyunun
10-da imzaladığı “Azərbaycan milli mətbuatının
135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamını
yüksək qiymətləndirirəm. Bu Sərəncam əsası
Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan
siyasətin Prezident İlham Əliyev tərəfindən davam
etdirildiyini bir daha təsdiqləyir. Bu, eyni zamanda, Azərbaycan
dövlətinin mətbuata olan diqqət və
qayğısının göstəricisidir”.
R.Məcidin sözlərinə
görə, Sərəncamda Azərbaycan mətbuatının
inkişafına yönələn addımların
atılması üçün zəruri tədbirlərin
yerinə yetirilməsinin ön plana çəkilməsi
xüsusilə təqdirəlayiqdir. Onun sözlərinə
görə, istər KİV-in inkişafı ilə
bağlı ölkəmizdə həyata keçirilən
islahatlar, istərsə də dövlət
başçısının məlum Sərəncamı mətbuat
nümayəndələrini daha da ruhlandırır, onlara əlavə
stimul verir.
“Olaylar” informasiya agentliyinin
baş direktoru və “Olaylar” qəzetinin baş redaktoru Yunus
Oğuz da bu Sərəncamı yüksək dəyərləndirdiyini
deyib: “Bu, bir daha onu göstərir ki, Azərbaycan mətbuatı,
ümumilikdə, KİV Prezidentin nəzərindən kənarda
deyil. Eyni zamanda, bu diqqət və qayğı təkcə
yubiley illərində deyil, bütün dövrlərdə
davam edir. Bildiyiniz kimi, ötən il KİV DF yaradıldı.
Bu il isə Prezident İlham Əliyev “Azərbaycan milli mətbuatının
135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam
imzalayıb. Eyni zamanda bu Sərəncamdan sonra Prezident
Administrasiyasının rəhbəri tədbirlər
planını təsdiq edib. Bunlar bir daha göstərir ki, bu
kifayət qədər düşünülmüş və
dövlət tərəfindən mətbuatın xeyrinə
aparılan siyasətdir. Bu siyasəti isə yalnız
alqışlamaq lazımdır”.
Yunus Oğuz onu da bildirib ki,
bu diqqət və qayğı ölkəmizin
inkişafını istəməyən bəzi qüvvələrin
guya Azərbaycanda mətbuatın basqı altında
olmasına dair iddialarının tamamilə əsassız
olduğunu növbəti dəfə təsdiqləyir. Yəni,
görünən odur ki, bu gün Azərbaycanda mətbuat
dövlətin birbaşa qayğısı ilə əhatə
olunub.
Məsələyə
münasibət bildirən “Palitra” qəzetinin baş redaktoru
Namiq Əliyev isə deyib ki, əsası “Əkinçi” qəzeti
ilə qoyulan Azərbaycan mətbuatı keşməkeşli
tarixə malikdir. O bildirib ki, Azərbaycanın ötən əsrdə
ikinci dəfə müstəqillik əldə etməsilə
KİV-in də müstəqil inkişafına şərait
yarandı: “Lakin təəssüflər olsun ki, müstəqilliyimizin
ilk illərində mövcud olan xaos və hərc-mərclik
KİV-in inkişafını ləngitdi. Yalnız Ulu öndər
Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə
gəlməsindən sonra Azərbaycanın bütün sahələrində
olduğu kimi, milli mətbuatımızda da inkişafın əsası
qoyuldu. Ulu öndərin 1998-ci il avqustun 6-da
imzaladığı Fərmanla mətbuat üzərində
senzura birdəfəlik götürüldü. Bundan cəmi
bir il sonra isə “KİV haqqında” Qanun qəbul olundu. Həmçinin,
müxtəlif qəzetlərin “Azərbaycan” Nəşriyyatına
olan borclarının əvvəlcə dondurulması, sonra isə
tamamilə ləğv edilməsi də dövlətimizin mətbuatın
inkişafı istiqamətində atdığı müsbət
addımlardandır”.
Baş redaktor onu da əlavə
edib ki, əsası Ulu öndər tərəfindən qoyulan
KİV-ə dövlət qayğısı siyasətinin
Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi
isə mətbuatın inkişafına əlavə stimul verib:
“Bunun ən bariz nümunəsi KİV-lə bağlı
dövlət konsepsiyasının hazırlanması və
KİV DF-nin yaradılması oldu. Bu Fondun
yaradılmasının mühüm əhəmiyyətini bizim
kimi qəzetlər öz üzərlərində hiss edirlər.
Yəni, biz Fondun layihələrində iştirak edərək,
aldığımız qrantlar hesabına maddi-texniki
bazamızı gücləndirə bildik. Bir sözlə, bu
siyasət davam edir və Prezident İlham Əliyevin “Azərbaycan
milli mətbuatının 135 illik yubileyinin keçirilməsi
haqqında” Sərəncamı dövlətin mətbuatın
inkişafına qayğı göstərmək xəttinin
növbəti təsdiqidir”.
“Bakı xəbər” qəzetinin
baş redaktoru Aydın Quliyev də bildirib ki, son illər
hökumətin mətbuat siyasətində xeyli inkişaf və
mütərəqqi addımlar atılıb. Onun sözlərinə
görə, artıq bir neçə ildir ki, ardıcıl
olaraq KİV-lərə birbaşa dövlət
yardımları göstərilir, müəyyən güzəştlər
edilir: “Bu il əvvəlki illərə nisbətən daha
geniş tədbirlər planı nəzərdə tutulub. Qəzetlərin
maddi bazasının möhkəmləndirilməsi, jurnalistlərin
sosial vəziyyətinin yaxşılaşdırılması,
həm də ümumən mətbuatın mövcud problemlərinin
ictimai müzakirəyə daha parlaq şəkildə təqdim
etmək nöqteyi-nəzərindən çox əhəmiyyətli
tədbirlər nəzərdə tutulub. Əlbəttə, mən
bunları çox yüksək dəyərləndirirəm.
Bütün bunlar bir tərəfdən mətbuatın
özünün bugünkü vəziyyətini
yaxşılaşdırmaq baxımından əhəmiyyətlidir,
həm də mətbuatla bağlı beynəlxalq miqyasda Azərbaycan
dövlətinin imicinin daha da gücləndirilməsi
baxımdan əhəmiyyətli rol oynayacaq. Hədəf ondan
ibarətdir ki, ölkə daxilində mətbuatın
özünün vəziyyəti yaxşılaşsın.
Şübhə etmirəm ki, Milli Mətbuat Gününə
bir ay qalmış xüsusi tədbirlər planının həyata
keçirilməsinə başlanması öz müsbət
rolunu oynayacaq”.
“Xalq cəbhəsi” qəzetinin
baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə
görə, Azərbaycan mətbuatının dövlət tərəfindən
dəstəklənməsi prosesi artıq uzun illərdir ki,
davam edir: “Heydər Əliyevin hakimiyyətdə olduğu
dövrdən başlayaraq bu ənənənin əsası
qoyulub və hər zaman Azərbaycan mediası dövlətin
diqqət mərkəzində olub. Mətbuatın 135 illiyi
münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin
imzaladığı Sərəncam və bundan irəli gələn
vəzifələrin yerinə yetirilməsi ilə
bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz
Mehdiyevin təsdiqlədiyi tədbirlər planı Azərbaycan
dövlətinin mətbuata olan münasibətindən, mətbuatın
dəyərləndirilməsindən irəli gəlir. Hesab
edirəm ki, media nümayəndələri də bu dəstəyə
görə öz üzərlərinə düşən məsuliyyətin
nə qədər böyük olduğunu dərk etməlidirlər.
Tədbirlər planından açıq şəkildə
görünür ki, bu tədbirlərin, 135 illik yubileyin təkcə
paytaxtda deyil, bütün bölgələrdə qeyd edilməsi
dövlət tərəfindən mediaya təkcə maliyyə
və digər vasitələrlə deyil, eyni zamanda, mənəvi
dəstəyin verildiyini də nümayiş etdirir. Bu bir daha
onu göstərir ki, Azərbaycan Prezidenti medianın ən
ucqar bölgələrdə belə tanınmasında, təbliğ
olunmasında və yüksək şəkildə dəyərləndirilməsində
maraqlıdır, bu prosesin daha geniş vüsət
almasını istəyir. Atılan bu addımlar mətbuatın
inkişafında çox mühüm əhəmiyyət kəsb
edir”.
Nadir AZƏRİ,
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2010.- 25 iyun.- S.6.