Ən başda Azərbaycan
dövlətinin mənə verdiyi qiymət dəyərlidir
Musiqimizin qüdrəti və zənginliyi
qarşısında hər kəs mütəəssir olur
O özünü millətinin
təmsilçisi sayır. Hesab edir ki, millətinin
qan yaddaşında yaşayan bəşəri sevgi və
duyğuları, sülhsevərliyi bütün dünyaya səsləndirmək
bacarığına malik olması ona ölkəsinin mədəniyyət
siyasətinin aparıcı simalarından birinə çevrilməsinə
imkan verib. Azərin xanım haqqında dəbdəbəli
təqdimata ehtiyac görmürük. Sadəcə, məlumat
üçün demək istəyirik ki, Azərbaycan
Respublikasının Əməkdar artisti Azərin xanım bu
günlərdə Ege Universiteti Türk Dünyası
Araşdırmalar İnstitutu və Türk Kültür və
Sanat Dərnəyinin birgə qərarı ilə “Türk
dünyasında türkçülük duyğusunun ən
gözəl ifadəçisi” ödülünə layiq
görülüb. Azərin xanımla
eksklüziv müsahibəni təqdim edirik.
- Əvvəla,
sizi “Türk dünyasında türkçülük
duyğusunun ən gözəl ifadəçisi”
ödülünə layiq görülməniz münasibətilə
təbrik edirik. Azərin xanım bildiyimiz qədərilə
mükafatlarınız çox olub. Amma
Türk dünyası ilə bağlı ödülə layiq
görülmək yəqin ki, bir başqa duyğudur.
- Doğru dediniz, bu vaxta kimi
çoxlu mükafatlarım olub. Təbii ki, ən
başda Azərbaycan dövlətinin mənə verdiyi qiymət
dəyərlidir. Çünki biz hər
şeydən əvvəl öz millətimiz, öz dövlətimiz
üçün çalışırıq. Öncə öz sənətinin vurğunu olursan,
işini sevərək çalışırsan. Daha sonra başa düşürsən ki, bu sənət
təkcə sənə aid deyil, sənin Vətəninə, səni
yetişdirən torpağa aiddir. Eyni
zamanda, öz sənətim ilə Türk dünyasında
tanınmaq çoxdankı arzum idi. İstədirdim
ki, həm səsimi eşitsinlər, həm də mənim
simamda Azərbaycan türklərini tanısınlar. Bildiyiniz kimi, hazırda atəşkəs vəziyyətində
olsaq da, müharibə şəraitində olan bir ölkəyik.
Və bu gün bir çox problemlərimiz var
ki, onları dünyaya çatdırmaq üçün gecə-gündüz
çalışmalıyıq. 20 Yanvar
faciəsi, Xocalı soyqırımı, Qarabağ hadisələri
kimi. Bu mənada əgər bu gün təkcə sənətlə
deyil, həm də bir vətəndaş mövqeyi ilə
Türk dünyasına çıxa bilmişəmsə,
ümumiyyətlə, dünyanın hər yerində
yaşayan türk toplumlarına səslənə bilirəmsə
bu məqsədimə müəyyən qədər nail
olmağımın göstəricisidir. Məni
bu ödülə layiq gördükləri üçün
isə Ege Universitetinə, onun rəhbərliyinə minnətdaram.
- Vaxtilə Zeynəb
Xanlarova, Rəşid Behbudov kimi sənətçilərimiz mədəniyyətimizi
təbliğ etməklə yanaşı, birbaşa xalqla təmasda
olurdular. Onlardan sonra bir ara
düşünürdük ki, artıq bu ənənə
qırılıb. Hazırda isə
görürük ki, bu missiya sizin çiyinlərinizə
düşür.
- Mən öz işimdə
bir mənəvi zənginlik axtarıram. Təxminən 2 il bundan öncə Xocalı
soyqırımı ilə bağlı öz maliyyə vəsaitimiz
hesabına bir musiqili klip hazırladıq. Şairə
Rəsmiyyə Sabirin “Bağışlama məni Vətən!”
adlı şeirini Eldar Mansurovun bəstəsilə şeir
olaraq səsimlə lentə aldıq. Sonra
Xocalı soyqırımını, 20 Yanvar faciəsini əks
etdirən görüntülərdən ibarət klip
hazırlandı. Hətta ingilis dilində
şeirin tərcüməsini yerləşdirdik. Bu gün təkcə Azərbaycan dili ilə haqq səsimizi
dünyaya çatdıra bilmərik. Ona
görə də Heydər Əliyev Fondu tərəfindən
dünyanın ən aparıcı dövlətlərində
onların öz dilində Xocalı soyqırımını,
Azərbaycan həqiqətlərini anlatmaq üçün
yüksək səviyyəli təbliğat işi qurulub.
Bu tamamilə doğrudur. Artıq
dünya dilində danışmağın vaxtıdır ki,
bizi başa düşsünlər. Həmin
kliplə yerli telekanallarımızdan birində Xocalı
soyqırımı ərəfəsində qonaq oldum. Biz bu ölkənin vətəndaşıyıqsa ən
yaxşı biz bilərik başımıza nə kimi
müsibətlər gətirilib. Özəl telekanalda
çalışan gənc qardaşımız mənə qəribə
bir sual verdi. Dedi ki, bununla kimisə
qıcıqlandırmağa
çalışırsınız? Çünki
şeirdə bir balaca tənqid var idi. 1918-ci ildə Azərbaycanın
başına gələn hadisələrdən, Sovet dönəmində
şəhidliyimizin gizlədilərək Çəmbərəkənd
qəbiristanlığının Dağüstü park elan
edilməsindən, Xocalı soyqırımı və
Qarabağ hadisələrindən, bir sözlə, Rus
imperiyasının başımıza açdığı
müsibətlərdən bəhs olunurdu. Bu klip
yerli kanalların heç birində göstərilmədi.
Amma Türkiyənin 6 kanalının xəbərlər
proqramında yayımlandı. Təbii ki,
Azərin adı ilə Azərbaycanın siması olaraq
yayımlandı. Bu klip Amerikada, Londonda
Xocalı soyqırımı ilə bağlı tədbirlərdə
nümayiş etdirildi. Yəni, biz öz
işimizi görürük, amma bizə münasibət necə
olmalıdır onu tam şəkildə görə bilmirik.
Mən bu işi özüm üçün
etmirəm ki, xalqımızın, dövlətimizin dərdini
çatdırıram. Bu danışdıqlarım mənim
üçün bir qədər hesabat xarakteri
daşıyır və düşünürəm ki, hər
bir sənətçi, hər bir mədəniyyət
adamı, hətta sıravi vətəndaş belə
öz-özünə bu sualı hökmən
ünvanlamalıdır: “Mən Vətənin bu günündə
nə etmişəm?” Əgər bu gün Azərin deyirsə
ki, “Bağışlama bizi vətən!”,
deməli, onun haradasa günahı var. Axı
torpaqlarımız hələ də işğal
altındadır.
- Son illər əcnəbi sənət
adamları ilə ortaq layihələr işləmək ənənəsi
də formalaşıb. Bəlkə, bu üsul
bizim təbliğat işimizə daha çox xeyir gətirər?
- Mənə iş görmək
üçün heç bir xarici müğənni lazım
deyil. Çünki Azərbaycan musiqisinin
qüdrəti və zənginliyi qarşısında hər kəs
mütəəssir olur. Ölkəmizdən
kənarda məni Azərbaycan müğənnisi kimi
tanıyırlar. Bütün tədbirlərdə
oynaq musiqi oxusam, mənə baxan insanlar fikirləşməzmi
ki, bu millətin axı Qarabağ kimi yaralı yeri var. Fərdi
münasibətdə hər kəs öz vicdanının səsinə
qulas asmalıdır. Çox məşhur bir deyim var:
pul çox şeydi, amma hər şey demək deyil. Vətən, torpaq anlayışı yanında isə
pul ümumiyyətlə öz anlamını itirir. İnsan öz vicdanı və mənsub olduğu millət
və torpağın onun boynuna qoyduğu məsuliyyətlə
üz-üzə qalır. Təəssüf ki, indi incəsənət
sahəsində iki tendensiya hökm sürür: bir qisim
insanlar iş görür təbliğ olunmur, kölgədə
qalır, bir qismi də Xocalı soyqırımı
günü xarici telekanalların şou-proqramlarına
çıxıb oxuyur, xarici ölkələrdə konsertlər
verir və gecə-gündüz efirdən düşmürlər.
- Azərin xanım,
tamaşaçılar sizi TRT Avaz kanalında “Azərinlə əsintilər”
proqramının aparıcısı kimi də
tanıyırlar. Həmin layihənin aqibəti
necə oldu?
- Bir neçə il bundan öncə, Türkiyənin TRT
kanalında bir proqram aparmağa dəvət olunmuşdum. Layihənin formatı məni qane etmədiyindən
razılıq vermədim. Ortaq türk
kanalı TRT Avaz yarananda isə mən Qala konsertində
iştirak edirdim. O kanaldan da təklif gəldi və
format məni qane etdiyindən razılığımı
verdim. Ötən ilin yaz dönəmində 21
veriliş çəkildi. Çalışdıq
ki, Avropadan, Türk dövlətlərindən
tamaşaçıları cəlb edə bilək. Veriliş musiqili-əyləncəli xarakter
daşısa da həm də çalışdıq ki, Azərbaycan
həqiqətlərinə də yer ayıraq, mədəniyyətimizi,
tariximizi təbliğ edək. Eləcə
də, ümumi Türk dünyasının birləşməsi
üçün nələr etmək olar, onları dilə gətirək.
Ədəbiyyat yazarlarını söhbətlərə
cəlb etdik. Mənim üçün ən
önəmli isə bayraq idi. Dövlət
atributumuz mənim hər bir verilişimdə proqramı bəzəyirdi.
İndi studiya təmirə dayanıb. İnşallah, bu yazdan veriliş davam edəcək.
- Azərin xanım,
maraqlıdır ki, sizi ilk dəfə məhz Türkiyədən
tanımağa başladıq...
- Yaradıcılığa
erkən yaşlarda başlamışam. Beş
yaşından AzTV-nin radiosunda uşaq mahnıları oxuyurdum.
“Cücələrim” və “Bənövşə”
Uşaq Xorunda oxumuşam. Bizim qızıl
fondda mənim səsimlə yazılan uşaq mahnıları
var. Sonra Konservatoriya dövrü gəldi. “Qızıl
payız” estrada müsabiqəsinə
qatıldım. O vaxt vokal ifaçısı olduğumuz
üçün bizə belə yarışlarda oxumağa
icazə verilmirdi. Amma mənim klassik musiqi ilə estrada musiqisini birləşdirib oxumağa
böyük həvəsim var idi. Sonra Türkiyəyə
getdim. Ailə həyatı qurdum.
Orada 7 il yaşadım. Bu illər
ərzində Türkiyədə vokal dərsləri verir, həm
də müğənnilik fəaliyyətimi davam etdirirdim.
Daha çox xeyriyyə konsertləri ilə
çıxış edirdim. Dəfələrlə
İstanbul səsyazma studiyalarından iş təklifləri gələndən
sonra düşündüm ki, əgər məni müğənni
kimi tanıyacaqlarsa qoy elə Azərbaycandan tanınım. Geri dönəndən sonra cəbhə bölgələrində
konsert proqramları ilə fəaliyyətə başladım.
Hətta Türkiyənin Şırnak, Diyarbəkir
vilayətlərinə gedib çıxdım. Dəfələrlə
Ankarada, İstanbulda, Tokatda, Ərbada stadion konsertləri
verdim.
- Mümkünsə, Azərin
adının tarixçəsi barədə də
danışın...
- İlk dəfə
Türkiyədə konsert proqramında çıxış
edərkən məsləhət gördülər ki,
adımı dəyişim. Çünki
Anaxanım adı səhnə üçün bir qədər
münasib görülmürdü. Onda mən
məhz Azərbaycanla bağlı ad seçdim-Azərin və
bu ad mənə çox böyük uğur gətirdi.
- Sənət marşrutunuz tək
Azərbaycan-Türkiyəni, yoxsa başqa Türk dövlətlərini
də əhatə edir?
- Bu vaxta kimi istər Diasporla
İş üzrə Dövlət Komitəsinin xətti, istərsə
də kollektivim ilə bərabər Avropada da çoxlu
konsertlərimiz olub. Demək olar ki, bütün
kontingentlərdə olmuşuq. Amma ən
böyük arzum bütün Türk dövlətlərində
kollektivlə bərabər konsert proqramı ilə
çıxış etməkdir. Sovetlər
birliyində türk dövlətləri bir-biri ilə daha
sıx əlaqələr saxlayırdılar. İstər Özbəkistan, istər Qazaxıstan və
ya Türkmənistan olsun. Müstəqillik
əldə olunandan sonra bir-birimizə çox uzaq qaldıq.
Özbəkistandan bircə Nəsibə
Abdullayevanı tanıyırıq. O da ki, bizim
mahnıları oxuduğuna görə. Qazaxıstandan
Roza Rımbayevanı tanıya bilərik ki, bu sovet dönəmindən
olan tanışlıqdır. Onlardan
soruşulsa şübhəsiz ki, Zeynəb Xanlarova və Rəşid
Behbudovun adı çəkiləcək. Amma
ötən əsrin 90-cı illərindən sonra həmin
münasibətlər demək olar ki, kəsilib. Bununla belə, sevindirici xəbərlərim də
var. Məsələn, Başqırdıstanda yeni televiziya
kanalı açılıb. Məndən
yaradıcılığımla bağlı məlumatlar və
repertuarıma daxil olan əsərləri istəyiblər.
Onlarla iş birliyinə razılıq vermişik. Onlara ədəbiyyatımızın, musiqilərimizin
təmsilçilərini tanıtmağa
çalışacağıq. Əslində,
bu işlərdə gec qalmışıq. XXI əsrdə yaşayırıq, hələ də
birləşməyin yollarını axtarırıq.
- Azərin xanım, bir qədər
də öz ifanızla möhürünü vurduğunuz
“Çırpınırdın Qara dəniz” əsəri
haqqında danışın.
- Bu əsərin sözləri
Türk dünyasına olan sevgidən irəli gələrək
1914-cü ildə Əhməd Cavad tərəfindən
yazılıb. 1918-ci ildə isə Üzeyir
Hacıbəyli musiqi bəstələyib. Əslində,
bu əsər Azərbaycan klassik musiqisi nümunəsidir.
Mənim özümə bu əsəri
Türkiyədə tanıtdılar.
1992-ci ildə Türkiyədə
konsertlərə gedəndə bir nəfər
yaxınlaşıb mahnının mətnini mənə təqdim
etdi və dedi ki, musiqisi də anonimdir. Mahnını
oxudu və mən qeydlərimi götürdüm. Artıq növbəti konsertdə bu əsəri
oxuyurdum. Etiraf edim ki, bizdə ilk illər
bir qədər soyuq qarşılanırdı bu mahnı.
Amma qürurlu tərəfləri də var idi.
Görürdüm ki, mən bu mahnını
oxuyanda bizim və Türkiyənin zabitləri ayağa
qalxırlar, hətta gözləri dolan insanlar var idi. Təbii
ki, iş tək mahnı oxumaqla kifayətlənmir.
Əgər bir əsrlik yaşı olan
mahnını oxuyursansa onun tarixçəsini də bilmək
lazımdır. Mahnını insanların
başa düşməsi üçün həm də
anlatmaq lazımdır. Ona görə də,
bütün verilişlərə çıxanda
mahnının yaranma tarixini danışırdım.
Notlardan hiss etmişdim ki, musiqi Üzeyir Hacıbəylinindir. Sənətçilər də mənim
ehtimalımın həqiqətə yaxın olduğunu
söyləyirdilər. Araşdırandan
sonra gördük ki, həqiqətən də bu Üzeyir bəyin
əsəridir. Sonra daha bir fakt ortaya
çıxdı. Ermənilər bu əsəri
kamança haqqında oxuyurlar. Və bu əsəri
Daşnaqsütyun partiyasının himni kimi qəbul ediblər.
Onda əsərin təbliğatı istiqamətində
bütün imkanlarımızı səfərbər etdik.
Əksər internet portallarına əsəri
yerləşdirdik. Bu gün həmin aqibəti
“Sarıgəlin” mahnısı da yaşayır. Onu da öz fəallığımızla ermənilərin
təcavüzündən qoruya bilərik.
- Hesab etmirsiniz ki,
böyük Turan ideyası reallaşsa bu əsər himnə
çevriləcək?
- Ola bilər,
İnşallah. 8 il
“Çırpınırdın Qara dəniz” əsərinin
mücadiləsini apardıq. Artıq
şükürlər olsun ki, dünyanın hər bir yerində
bilirlər ki, bu Azərbaycan klassik əsəridir. Əsərdə Əhməd Cavad deyir ki
“Türkün şanlı bayrağını, Turan eldən
asacağız”, mənə sanki içdən gəldi və
dəyişib “Azərbaycan bayrağını Qarabağdan
asacağıq” oxudum. Bir dəfə Əhməd
Cavadın oğlu Yılmaz bəy mənə zəng
vurmuşdu. Fikirləşdim ki, mənə
irad tutacaq ki, niyə misraları dəyişmişəm.
Mənə söylədi ki, sizə çox sağ ol demək
istəyirəm, bəlkə də Əhməd Cavad sağ
olsaydı, Azərbaycanın müsibətlərini görsəydi,
o da şeirin sonunu belə deyərdi. Allah qismət
etsin ki, biz öz bayrağımızı Qarabağdan asaq.
Musiqiçi olaraq sevinirəm ki, Əhməd
Cavadın, Üzeyir bəyin ruhunu şad etmişəm. Bir məsələ də var, bu əsəri
çox-çox əvvəl ilk olaraq, böyük sənətkarımız
Zeynəb xanım Xanlarova da oxuyub. Mən
bu tarixləri sonradan öyrənmişəm. Özü də Zeynəb xanım bu əsəri
sovet dönəmində Türkiyədə oxuyub. Bu isə
hər sənətçinin bacaracağı iş deyildi. İnsanı həbs edə, min yolla ləkələyə
bilərdilər. Zeynəb xanım
bunların heç birindən qorxmayıb.
- Azərin xanım ixtisasca
vokal ifaçısınız, amma Azərbaycan Opera və
Balet Teatrının səhnəsində yoxsunuz?
- Bir dəfə solo konsertimdə
Gülçöhrənin ariyasını oxudum. Sonra
üzümü zala tutub zarafatla söylədim ki, deyin
onları bağışlamaq olarmı? Konservatoriyada
oxuyanda müəlliməm professor Elmira xanım Quliyeva mənə
deyirdi ki, səni operamızın Bülbülü olaraq
görürəm. Bu gün opera səhnəsində
olan Zemfira İsmayılova, Azər Zeynalov, Qərinə xanım
da Esmira Quliyevadan dərs alıb. Hər
hansı bir opera tamaşasında rol versələr məmnuniyyətlə
oynayaram. Hətta hər hansı bir
yaxşı bəstəkar mənim səsimə opera yazsa sevə-sevə
ifa edərəm. Ən böyük
arzularımdan biri Qarabağ mövzusunda yazılmış
operada oynamaqdı. Müğənni kimi isə
operalardan ariyalara müraciət edirəm.
- Azərin xanım, adətən
sənətkarlar öz məktəblərini yaradırlar. Siz bu haqda nə düşünürsünüz?
- Təbii məktəbimin
olmasını istəyərdim. Arzum var ki,
yaxşı gəlirim olsun və məktəb tikdirim. Bu ənənə Türkiyədə çox
geniş yayılıb. Və oradan
çox tez-tez master klass dərsləri üçün dəvətlər
alıram. Maraqlıdır ki, Türkiyədən
təkcə dərs vermək üçün yox, ortaq
türkçülük ideyalarını təbliğ edən,
bu sahələrdə fəaliyyət göstərən elm, təhsil
ocaqlarından, mədəniyyət mərkəzlərindən
mühazirələr söyləmək üçün dəvətlər
gəlir. Özümü bu işə
hazır görəndə yəqin ki, mən də öz məktəbimi
yaradacağam. Amma onu da deyim ki, bu gün gözəl sənətkarlarımız
- Fidan və Xuraman Qasımova bacıları musiqi
akademiyasında öz siniflərini yaradıblar, gözəl tələbələri
var. Bu insanların Azərbaycanın musiqi dünyasında
böyük yerləri var.
Turanə QADİRQIZI,
Kəbutər HAQVERDİYEVA
Yeni Azərbaycan.- 2010.- 11 mart.- S.6.