“Bizim teatrımızın fəaliyyəti
bir qədər də hərbi xidmətə bənzəyir”
- Gürcüstan Respublikasının azərbaycanlı
icması ilə birgə mədəni-kütləvi tədbirlər
planının əsas hissəsi kimi ötən ilin noyabr
ayında İrəvan teatrı Tbilisiyə qastrol səfəri
etdi. Biz qonşu
respublikaya Aqşin Babayevin Ulu öndər Heydər Əliyevin
yubleyi münasibəti ilə qələmə
aldığı “Xilaskar” əsərini aparmışdıq.
Proqrama İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz”
əsərini də daxil etmişdik ki, bu da səyyar
tamaşalar üçün nəzərdə tutulmuşdu.
“Xilaskar” bir aktyor kimi mənim də xilaskarım oldu. Polad
işləndikcə parıldayar deyiblər. Sənət də,
yaradıcılıq da belədi. Mən bu tamaşada oynayanda
artıq səhnə fəaliyyətimdə yaranmış
fasilənin on illiyini qeyd edirdim. Rolu qəbul etdim, amma
içimdə bir tərəddüd vardı. “Xilaskar”
tamaşası Heydər Əliyev obrazının üzərində
qurulmuşdu. Təcrübə, oxşarlıq...
Bacaracağıma əmin idim. Amma üz cizgilərimizin
oxşarlığı ilə effekt yaratmağa, hətta qrimlə
də nail olmaq mümkün deyildi. Mən Heydər Əliyevlə
bağlı bütün kinolentləri yığdım.
Tamaşaya hazırlıq müddətində hər gün
saatlarla bu lentlərə tamaşa edir, Onun danışıq tərzini,
yerişini və jestlərini təkrarlayırdım.
İntonasiyanı və sözlərdəki vurğuları
öyrənirdim. Məşqlər zamanı hiss edirdim ki,
gözəgörünməz bir qüvvə bizə ruh verir.
Bəlkə də inanmayacaqsınız, amma elə insanlar var
ki, onun xatirəsinə edilən hər bir iş uğurlu
alınır. Tamaşa çox uğurlu
alınmışdı. Hamının üzü-gözü
sevinc içindəyidi. Bizim bir vətəndaş olaraq
xalqımızın böyük oğlunun qarşısında
heç vaxt ödənilə bilməyəcək bir borcumuz
var. Müstəqillik dövrümüzün
bütün nailiyyətlərinin əsasında o dahi şəxsiyyətin
zəhməti durur və biz bir vətəndaş kimi bunu
unutmamalıyıq. Üstəlik, bu gün İrəvan
teatrının dövlət statusu ilə fəaliyyət
göstərməsi, bu pilləyə gəlib
çatmasının ilkin təməli Ulu öndər tərəfindən
qoyulub. Deməli, bizim, İrəvan teatrının kollektivinin
çiynində Heydər Əliyev ruhu qarşısında
ikiqat məsuliyyət var. Bütün bu məsuliyyəti
“Xilaskar” əsərinin hazırlığı və məşqləri
zamanı hamımız bir nəfər kimi hiss edirdik. Səhər
tezdən məşqlərə başlasaq da heç kim
yorulmurdu, kimsə işdən bir an da olsun ayrılmaq istəmirdi.
Nə qədər müvəffəq
olduğumuzu tamaşanın nümayişi zamanı
tamaşaçıların alqışlarından, münasibətindən
duyurduq. İndiyədək İrəvan teatrı bu
tamaşanı 44 dəfə oynayıb və hər dəfə
də anşlaqla keçib.
- Zəngin teatr
məktəbi olan bir respublikada səfəriniz necə
qarşılandı?
- Biz səhər
tezdən Tbilisiyə gəldik və axşama artıq
Gürcüstan Dövlət Dram Teatrının səhnəsi
ixtiyarımızdaydı. O səhnə ki, orada heç zaman
heç bir Azərbaycan teatrı çıxış etməmişdi.
Apardığımız tamaşanın və üzərimizə
düşən vəzifənin məsuliyyətini çox dərindən
duyan aktyor heyəti bir qədər həyəcanlı idi. Biz
xalqımızın lap yaxın tarixi, onun dahi şəxsiyyəti
ilə bağlı bir tamaşa oynamalıydıq. Tamaşaya
azərbaycanlı tamaşaçılarla bərabər,
Gürcüstan Respublikasının rəsmiləri, Suxumi və
Tbilisi teatrlarının rəhbərləri və
rejissorları dəvət olunmuşdular. Tamaşa zalında
Ulu öndər Heydər Əliyevin yaxın dostu
Gürcüstanın eks-prezidenti Şevardnadze də
oturmuşdu. Biz onunla, necə deyərlər, çoxdanın
tanışı idik. Mən Tbilisidə
çalışdığım zaman Şevardnadzenin azərbaycanlı
icmaları ilə görüşlərində iştirak
edirdim. Azərbaycanda isə o Ulu öndər
Heydər Əliyevin qonağı olarkən mən Şota Rustavelidən
hər iki dildə dostluğu və qardaşlığı tərənnüm
edən şeirlər söyləmişdim. İlk zəng
çalındı. Pərdə açıldı.
Tamaşanın necə sona çatmasından heç birimizin
xəbəri olmadı. Biz o tamaşanı sadəcə
oynamadıq, həm də yaşadıq. Pərdə
bağlandı, baxdıq ki, Şevardnadze səhnə
arxasına keçdi. Bizimlə xeyli söhbətləşdi
və Ulu öndərin yaxın dostu kimi aktyor heyətini
öz iqamətgahına dəvət etdi.
Bu
görüş təkcə mənim yox, həm də teatr
kollektivinin həyatında dərin iz buraxdı. O bizi çox
böyük sevgi ilə qarşıladı. Ulu öndərlə
dostluğundan, barəbər çalışdıqları
zamanın xatirələrindən kövrələ-kövrələ
söhbət açdı. Biz ona təkcə əziz bir dostunun həyatından
hekayət açan aktyorlar olduğumuz üçün deyil,
həm də o dostun millətindən olduğumuz
üçün əziz idik və bu hisslər
hamımızı duyğulandırmışdı.
Şevardnadzenin qonaq otağında Ulu öndərlə olan
fotoşəkilləri vardı. Ölkələrimiz müstəqillik
qazanandan sonra ikisinin bərabər çəkilmiş
şəkli masanın üstündə, 80-ci illərin bərabər
çəkilmiş fotoşəkli isə divarda idi. Fotoşəkillərə diqqətlə
baxdığımızı görəndə bizə o şəkillərin
çəkilmə tarixi haqqında da danışdı.
Bütün tamaşaçılardan daha çox bizə
Şevardnadzenin fikirləri maraqlı idi. Çünki bərabər
çalışmış, sıx-sıx
görüşmüş şəxslər kimi bir-birilərinin
xarakterinə dərindən bələd idilər. O,
tamaşanı bəyənmişdi. Heydər Əliyev
obrazı haqqında danışdıqca onun necə dərin təəssüf
hissi keçirdiyini görürdük. Şevardnadze dedi ki,
Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm
də Qafqazın lideridir və zaman gələcək, Qafqaz
tarixinin formalaşmasında birbaşa rolu olan bu siyasətçinin
obrazına həmin coğrafiyada yaşayan xalqların
hamısının ədəbiyyatında rast gələcəklər.
Təsəvvür
edin ki, bu sözləri eşitmək bizim üçün nə
qədər xoş idi. Söhbətimizin sonunda
üzünü mənə tutub Heydər Əliyevin
qonağı olarkən mənim Şota Rustavelidən şeirlər
söylədiyimi də unutmadığını dedi. Onda mən
gürcü dilində həmin şeirləri yenidən
söylədim. Beləcə kövrək notlar üstündə
vidalaşdıq. İqamətgahın həyətindən
çıxarkən tənha bir məzar diqqətimizi cəlb
etdi. Şevardnadzenin cangüdəni dedi ki, bu onun
xanımının məzarıdır. Heç demə
eks-prezident onu öz həyətində dəfn edib,
xanımının ölümündən sonra yenidən ailə
qurmayıb. Biz həmin məzarı da ziyarət etdikdən
sonra oradan çıxdıq.
Ertəsi gün
azərbaycanlılar yaşayan bölgələrə səfərlərimiz
başlandı. Əksər tamaşalarımızı
açıq havada-məktəbin həyətində, idarə
binalarının qarşısında göstərirdik. Biz heyrət
içindəydik. Kənd adamları bizi qucaqlayıb
öpür, göz yaşlarını saxlaya bilmirdilər.
Tamaşalar zamanı elə qələbəlik olurdu ki, iynə
atsaydın yerə düşməzdi.
Missiya
-
Qədim tarixə malik olsa da, uzun müddət durğunluq
dövrü yaşayan İrəvan Dövlət Azərbaycan
Dram Teatrına rəhbər təyin edilməyiniz Dövlət
Akademik Dram Teatrının tanınan və sevilən aktyoru
üçün gözlənilməz olmadı ki?
- Bu təklifi
alanda mən Gürcüstandan yenicə
qayıtmışdım. Onda artıq Tbilisi Dövlət Azərbaycan
Teatrının bərpa rəhbəri kimi
çalışmağımın iki ili tamam olurdu. Mən son
raportu verdim və xahiş etdim ki, Azərbaycan Dövlət
Dram Teatrının aktyoru kimi fəaliyyətə
başlamağıma icazə versinlər. Qarşıma bu
teatrı dirçəltmək məsələsini qoydular. Təsəvvür edin ki, 1988-ci ildə Bakıya
deportasiya olunmuş teatr 1989-cu ildən etibarən AMDT-nın nəzdində,
sadəcə, studiya səviyyəsində mövcudluğunu
qoruyub saxlamışdı. Bu müddət ərzində teatr
yalnız keçmiş repertuarındakı tamaşaların
bərpası ilə məşğul ola bilmişdi.
Hazırlanan tamaşalar arasında klassiklərimizin və
müasirlərimizin şedevr hesab olunan əsərləri olsa
da, teatr can verən insana bənzəyirdi. Keçmiş
ənənələri və həmin ənənələrə
daxil olan meyarları bərpa etmək şərti isə
hökmən yerinə yetirilməliydi. İlk olaraq teatrın
truppasına nəzər saldıq, işimizi Bakının
başqa teatrlarından fərqli olaraq prodüser sistemi ilə
qurduq. Paytaxtın digər teatrlarında öz dəsti-xətti
olan rejissorlar səhnəmiz üçün quruluşlar
verdi. İncəsənət Universtitetindən gəncləri
dəvət etdik, gözəl aktyor heyəti topladıq. Və
istədiyimizə nail olduq.
- Necə deyərlər,
artıq tamaşaçı bu teatrın da fəaliyyətini
görməyə başladı. Maraqlıdır ki, nədənsə
özgə qapılarında...
- Səbəbini
deyim. İrəvan teatrı Qərbi Azərbaycanda fəaliyyət
göstərərkən hər zaman, necə deyərlər,
at üstündə olub. Bu o deməkdir ki, İrəvan
teatrı binasızlıq problemini qastrol səfərləri ilə
ertələyib. İstər Qərbi Azərbaycanda fəaliyyət
göstərərkən, istərsə də Bakıda məskunlaşarkən.
Binası olmadığından problemini yerlərdə və
digər teatrların səhnələrində tamaşa
göstərməklə aradan qaldırıb. Bununla
yanaşı, qastrol səfərləri və səyyar fəaliyyət
proqramları teatra ünsiyyət ənənələrinin
formalaşması və özəl təcrübə toplamaq
imkanı yaradıb. İrəvan teatrı 2000-ci ildən bu
günə qədər bütün fəaliyyətini səfərlər
üzərində qurub. Azərbaycanı
qarış-qarış gəzmişik, qonşu ölkələrə
də qastrollara getmişik.
Nəhayət,
2008-ci ildə dövlət başçısı, cənab
İlham Əliyevin Sərəncamı ilə bizə bina
verildi və biz paytaxt teatrlarının qapılarını
döyməkdən qurtulduq. Amma həmin ana qədər
də, teatrımız qaçqın həyatından
qaynaqlanan durğunluq dövrünü nəzərə
almasaq, özünün çox şərəfli
dövrünü yaşayıb. 2007-ci ildən sonra isə
İrəvan teatrının fəaliyyətinin yeni səhifəsi
açılıb. Ölkədən kənarda qastrol səfərləri
bizim iş planımıza daxil edilib. Artıq
teatrımızın xaricə qastrol səfərləri bizim
üzərimizə, necə deyərlər, diplomatik bir missiya
qoyub. Biz bu məsuliyyəti bütün səfərlərimiz
zamanı hiss edirik: Azərbaycan xalqının
milli-mənəvi dəyərlərini əks etdirən
tamaşalar, xalqımızın böyüklüyünü
və bəşəri duyğularını
qarşımızdakı cəmiyyətə çatdırmaq
bacarığının formalaşması, xarici
tamaşaçının zövqünü oxşamaq və
onu Azərbaycan adlı bir millətin mənəviyyatı
ilə tanış etmək.
- İrəvan
teatrı ilk olaraq hansı ölkəyə səfər edib?
- İlk səfərimiz
Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə
Türkiyənin İzmir, Manisa və Niğdə şəhərlərinə
olub. Bu şəhərdə “Qızıl Alma” parkı var. Bizim səfərimiz zamanı həmin parkın
adının dəyişdirilib Ulu öndər Heydər Əliyevin
adı ilə əvəz edilməsi və Onun abidəsi
üçün yer seçilməsi mərasimi oldu və
bizim teatra da həmin mərasimdə iştirak etmək qismət
oldu. Çox xoşbəxtəm ki, şəhərin rəsmiləri
abidə üçün yerin seçilməsini mənə həvalə
etdilər. Mən də parkın ən gözəl guşəsini-qarşısında
fəvvarələr olan çiçəkliyi seçdim. Abidə
ilə qarşı-qarşıya duranlar həm də türk
bayraqlarını seyr etmək imkanı qazanırdılar. Bu
fikrimi bəyənən şəhər rəsmiləri
özləri seçdikləri ərazini dəyişdirdilər.
Türk bayraqları ilə bağlı fikrimi
söyləyəndən sonra isə Türkiyə tərəfi
də belə bir fikir irəli sürdü ki, Atatürkün
abidəsi də Ulu öndərin abidəsi ilə
yanaşı qoyulsun və iki qardaş dövlətin, bir millətin
iki böyük oğlunun abidəsi bərabər
ucalsın. Biz isimdəyişmə mərasimində elə
parkdaca səhnə yaratdıq və Ulu öndər Heydər Əliyevlə
bağlı “Müstəqil vətənin memarı”
kompozisiyasını türk tamaşaçılarına təqdim
etdik.
- Qarşıda
daha hansı xarici səfərlər gözlənilir?
- Daha bir
neçə iri layihə üzərində işləmişik
ki, bunlardan biri də Misir ədibi Tefik əl-Hakiminin “Hərraca
qoyulmuş sultan” əsəridir. Tamaşaya Misir Ərəb
Respublikasının Azərbaycandakı səfiri də dəvət
almışdı. Tamaşadan sonra o teatr rəhbərliyi ilə
görüşüb tamaşanın CD yazısını istədi.
Sonra öyrəndik ki, tamaşamız Misir Mədəniyyət
Nazirliyi tərəfindən bəyənilib və orada göstərilməsi
məqsədəuyğun hesab olunub. İnşallah,
qarşıdakı qastrol səfərlərinin biri də Misirə
planlaşdırılıb. Və yaxın zamanda gedəcəyimiz
səfərə çox ciddi hazırlaşırıq. Daha
böyük bir layihəmiz isə müəllifi olduğum
“Körpü” əsəridir ki, bu tamaşada təkcə
öz teatrımızın deyil, Qafqaz teatrlarının
aktyorları da rol alıb. Dövlət sifarişi ilə
hazırlanan və İrəvan, Gənc
Tamaşaçılar, Rus Dram və Sumqayıt Musiqili
teatrlarının aktyor heyətinin seçmələri üzərində
qurulan tamaşa çox uğurlu alınıb. Bundan başqa,
Gürcüstan Respublikasında fəaliyyət göstərən
Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan
Dram və qaçqın teatrı olan Suxumi Dövlət Dram
teatrlarının aktyorları da tamaşada iştirak edirlər.
Dərbənd ləzgi teatrından da aktyor dəvət edilib.
Fürsətdən istifadə edib yaranmış aktyor heyəti
ilə daha bir neçə tamaşa hazırladıq.
Bu günlərdə
Dəmir Qapı Dərbəndə səfər edəcəyik.
Bir neçə əsərlə-Elçinin “Qatil”, Hidayətin
“Bu dünyanın adamları”, İsi Məlikzadənin
“Subaylarınızdan görəsiniz” tamaşaları ilə səfərə
çıxacağıq. Amma ən önəmlisi odur ki, teatr
bu dəfə tamaşaçılar üçün Heydər
Əliyev obrazını ərməğan aparacaq. “Xilaskar” əsəri
artıq bizim teatrın repertuarında daimi yer tutub.
Türkiyəyə
növbəti səfərimiz “Çanaqqala” layihəsi ilə
bağlıdır. Türk müəllifi Zihni
Papaqçının bu gözəl əsərində
Çanaqqala döyüşündən bəhs edilir. Həmin
döyüşdə 2 mindən çox Azərbaycan əsgəri
də döyüşüb. Həmin əsgərlərin bir
hissəsi Qərbi Azərbaycandan gedib. Biz Türk-Azərbaycan
teatrlarının müştərək işi olan bu layihə
üzərində artıq ikinci ildir ki, işləyirik.
- İrəvan
teatrının fəaliyyəti qabarmalar və çəkilmələrlə
zəngindir. Yeni təşəkkül tapmağa
başladığı və şöhrəti
günü-gündən artdığı 1880-ci illər,
sonra tənəzzül, daha sonra qaçqınlıq illəri
və nəhayət, yaşadığımız tarix.
Qarşıda bir-birindən maraqlı xarici səfərlər
durur.
-
Teatrşünas İlham Rəhimlinin “Azərbaycan teatrı”
seriyasından olan monoqrafiyasında İrəvan Dövlət
Azərbaycan Dram Teatrının bütün tarixi öz əksini
tapıb. Mən də teatrımızın iki dövründən
danışmaq istəyirəm. Qaçqınlıq
həyatından sonrakı zəif fəaliyyəti dirçəltmək,
tamaşaçı auditoriyasına bu teatrın
keçmiş bədii keyfiyyətlərini təqdim etmək,
onun yaddaşında zəngin tarixi olan bir mədəniyyət
ocağının ənənələrini canlandırmaq
teatrımızın keçdiyi birinci mərhələ
idi. İkinci mərhələ artıq təkcə İrəvan
teatrının deyil, İrəvan həqiqətlərinin
nümayiş etdirilməsi, tamaşaçı
auditoriyasına ötürülməsi və sair milli məsələləri
əhatə edir. Bu mənada İrəvan teatrı təkcə
İrəvanla məhdudlaşmır, həm də Qərbi Azərbaycanı
özündə ehtiva edir. Yeri gəlmişkən, İrəvan
qalasının tarixi ilə bağlı bir tamaşa üzərində
işləyirik və həmin tamaşa hazır olandan sonra onu
teatrın repertuarına daxil edəcəyik. Onu
da deyim ki, İrəvan teatrı öz yerindən-yurdundan didərgin
düşmüş sənət ocağı kimi tariximizi əks
etdirən, hərbi-vətənpərvərlik ruhu
aşılayan, Azərbaycan həqiqətlərindən bəhs
edən tamaşalara geniş yer verib, işini də bu istiqamətdə
qurub. Yəni, təkcə sənət ocağı kimi
deyil, həm də həqiqətlərimizin əks olunduğu
siyasi məkan kimi tamaşaçı auditoriyasının
qarşısına çıxıb. Bizim teatrın fəaliyyəti
bir qədər də hərbi xidmətə bənzəyir.
Biz qastrol səfərləri zamanı ən ucqar kəndlərdə,
mərkəzdən uzaq guşələrdə, çox
çətin şəraitdə tamaşalar göstəririk.
Həmin yerlərdə bizim qrim otaqları, kostyum
zalımız olmur, amma siz tamaşaçıların
alqışlarını, bizə sarılıb
ağlamaqlarını görsəniz bu hadisələrin kosmos
əsrində baş verdiyinə inanmağınız gəlməz.
-İndinin
özündə də tez-tez eşidirik ki,
tamaşaçı yoxdur, bu kütlənin
qıtlığı sənət ocaqlarının zəifləməsinə
səbəb olur və sair. Siz necə, bu fikirlə
razısınızmı?
- Teatr çox çətin bir mexanizmdir. Onun işini qurmaq üçün ən birinci məsələ
rəhbərliyin sırf teatr peşəkarının əlində
olması, bu məbədi sözün səmimi mənasında
özü qədər sevməsi və böyük təşkilatçılıq
bacarığına malik olmasıdır. Təkcə
reklam şitlərini afişalarla bəzəməklə
iş bitmir. Teatrın rəhbəri, eyni zamanda,
dünya teatr prosesini dərindən bilməlidir, aktyora diqqət
yetirilməlidir. Mən özüm də
aktyoram və bilirəm ki, ona maddi yardım yazmaqla diqqət sərgiləmək
işin hamısı və əsası deyil. Aktyor səhnə ilə nəfəs alır,
yaradıcılıq üçün yaşayır. Aktyorun ən böyük stimulu tamaşaçı
alqışıdır və bu səsi eşitmək
üçün ona meydan vermək lazımdır.
Yəqin ki, Marinyenin “Oğru”
tamaşası yadınızda olar. O tamaşa bizim
öz məkanımızda qazandığımız ən
böyük uğurlardan biridir. “Oğru”
tamaşasını 20 dəfə oynadıq, hər dəfə
də anşlaqla. Biz məcbur olub bron
biletlərimizi də satırdıq. Çünki
tamaşaya tələbat tükənmək bilmirdi. Amma İrəvan teatrı çox uğurlu və
populyarlıq qazanmış bir tamaşanın kölgəsində
qalmaq istəmədi. Bir sirri də
açım sizə. Bu tamaşa İrəvan
teatrının repertuarında mənim rəhbərliyimdən
əvvəl də olub və eyni yaradıcı heyət tərəfindən
oynanılıb. Mən təkcə özümə, məkanı
olmayan, hətta normal məşq otaqlarından məhrum,
qaçqın-yəni, hər şeyi, hətta dekorasiyalardan
tutmuş kostyumlarına qədər hər şeyi əlindən
alınmış bir teatrın rəhbəri ilə
yanaşı, bütün həmkarlarıma sübut etmək
istəyirdim ki, istəsək
və bacarsaq tamaşalarımız üçün
tamaşaçı yığa bilərik. Mən
bunu özümə sübut etdim, onu da sübut etdim ki, “Azərbaycanda
teatr ölüb, tamaşaçını daha səhnə əsərləri
maraqlandırmır” deyənlər, sadəcə, özlərinə
haqq qazandırmaq üçün bu bəyanatı verirlər.
İrəvan teatrının kollektivi isə sübut etdi ki, sənət
yaşayır və cəmiyyətin mənəvi ehtiyacı
getdikcə artır. Amma bir məsələ var ki, bizim teatr
ardıcıl olaraq belə tamaşalar hazırlamaq
gücündə deyildi. İndi şükür ki, cənab
Prezidentin sərəncamı ilə bizə çox
böyük etimad göstərib bina verdilər. Yəqin ki, təmir-bərpa işlərindən
sonra bizim də hər bir şəraiti olan səhnəmiz
öz tamaşaçısını qəbul etmək
gücündə olacaq və nəyə qadir olduğumuzu
göstərəcəyik, bütün potensialımızla fəaliyyətə
başlaya biləcəyik. Artıq dövlət
başçısı, möhtərəm Prezident İlham Əliyev
bizə verilmiş sarayın təmiri barədə Sərəncam
da verib. “Oğru” tamaşası qarın içindən
baş qaldıran novruzgülünə bənzəyirdi.
Çox zaman teatr xadimlərini çox xoşagəlməz
şəkildə bir-biri ilə üz-üzə qoymaq məqsədi
daşıyan yazı və sujetlərin şahidi oluruq.
Heç kimin başqasını suçlamağa haqqı
yoxdur. Doğrudur, aktyorun maaşı azdır, müəyyən
çətinliklər var. Amma səhnə elə bir məkandır
ki, bura şöhrət və maddiyyat xatirinə üz
tutmurlar, bura yalnız və yalnız böyük eşqin
cazibəsinə düşüb qədəm basırlar. Ola
bilər bu eşq sönməyən şöhrət gətirsin,
ola bilər hər şeyini əlindən alsın.
- Sizin teatrın repertuarında “O
olmasın, bu olsun” tamaşası da var. Əsər musiqili
komediya olduğundan dram teatrı üçün müəyyən
çətinliklər yaratmadı ki?
- İrəvan teatrı dram teatrı
adını daşısa da onun heç zaman janr sərhəddi
olmayıb. Çox məhdud şəraitdə,
basqı altında fəaliyyət göstərdiyi
üçün musiqili komediyanı da, faciəni də
oynamağa məcbur olub, daha doğrusu, şərait məcbur
edib. O ənənəni biz indi də
yaşadırıq.
KƏBUTƏR
Yeni Azərbaycan.- 2010.- 13 mart.- S.9.