Birinci xanım və Azərbaycan qadınları

 

Mehriban xanım Əliyeva xanımlarımızın hərtərəfli yüksəlişinə dəstək verən nüfuzlu bir simadır

 

Azərbaycan xalqının ən qədim tarixi-mədəni abidələrindən biri olanKitabi-Dədə Qorquddastanında qadının nüfuzu, qadına xas olan xeyirxahlıq və insanpərvərlik, mərdlik və alicənablıq kimi keyfiyyətlər, anaya ülvi və pak münasibət mühüm yer tutur. Dastanda qadın, ana evin qoruyucusu, nəslin yaradıcısı, tərbiyəedicisi və eyni zamanda vətənin əsgəri, sərkərdənin ən yüksək dayağı kimi təsvir olunur. Bu isə ulu babalarımızın qadınlara necə böyük dəyər verdiklərini təsdiqləyir. Eyni zamanda, müasir dövrümüzdə də qadına, anaya, yüksək dəyərin verilməsi həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biridir. Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, 1998-ci ilin sentyabrında Bakıda keçirilmiş Müstəqil Azərbaycan qadınlarının ilk qurultayında Ümummilli liderimiz Heydər Əliyevin geniş nitqi, qadınlarımızın zəhmətini, məhsuldar əməyini yüksək qiymətləndirməsi, OnunArzu edirəm ki, bundan sonra da fəal olasınız və bilin ki, mən də öz tərəfimdən bütün imkanları yaratmağa hazıramdeməsi qadınlarımızın, ana və bacılarımızın əhval-ruhiyyəsinin daha da yüksəlməsinə səbəb olmuşdu. Bu gün Azərbaycanda qadın siyasətinin tərəqqisi möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət mərkəzində olan ən aktual məsələlərdən biridir. Məhz bu siyasətin nəticəsi olaraq xanımlarımız müxtəlif vəzifələrə təyin edilir, parlamentdə təmsil olunur, bələdiyyə üzvləri və sədrləri kimi geniş miqyasda fəaliyyət göstərirlər.

Bu da bir həqiqətdir ki, bu gün fədakar xanımlarımız tarixən yaşatdığı incə və son dərəcə qiymətli keyfiyyətləri özündə cəmləşdirən ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xanımlarımızın hərtərəfli yüksəlişinə dəstək verən nüfuzlu bir simadır.

Azərbaycanın birinci xanımının rəhbərliyi, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən çoxsaylı layihələr, tikilən 240 məktəb, təmir olunan onlarla internat, uşaq evləri, istifadəyə verilən idman kompleksləri, müasir texnika və avadanlıqlarla təchiz olunmuş səhiyyə və mədəniyyət ocaqları cəmiyyətimizin sosial və humanitar problemlərinin həllinə böyük töhfələr verib.

Mehriban xanım Əliyevanın Azərbaycan dövlətçiliyinin inkişafı, Azərbaycan xalqının milli sərvətlərinin, dəyərlərinin, ənənələrinin dünyəvi abidələr səviyyəsinə yüksəldilməsi istiqamətində, həmçinin, nəsillərə yadigar qalan Heydər Əliyev irsinin yaşadılması uğrunda gördüyü işlər misilsizdir. Rus Soydaşlar Beynəlxalq Şurasının idarə heyətinin sədri, “Yüzilliyin mesenatı” Beynəlxalq Fondunun idarə heyətinin üzvü Qraf Pyotr Şeremetyevin sözləri ilə desək, Mehriban Əliyevanın fəaliyyəti yüksək insani özünüdərkə, alicənablığa, niyyətlərin paklığına nümunədir.

Mehriban xanım Əliyeva hələ yenicə müstəqilliyinə nail olmuş Azərbaycanın siyasi burulğanlara, sosial və iqtisadi bəlalara düçar olduğu, mədəniyyət sahəsinin tamamilə unudulduğu bir zamanda “Azərbaycan: İrs” jurnalını təsis edərkən, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında tarixən böyük xidmətləri olan korifey sənətkarlarımızın, o cümlədən, xanımlarımızın yaradıcılığına böyük həssaslıq və məhəbbətlə yanaşıb. Belə ki, Fidan və Xuraman Qasımova bacılarının yubiley və yaradıcılığına həsr olunmuş təntənəli mərasimlərin keçirilməsi buna bir misaldır. Mehriban xanım Əliyeva bu tədbirlərdə yaxından iştirak edərək, rəhbəri olduğu “Azərbaycan: İrs” jurnalının xüsusi buraxılışında gözəl səs, gözəl sima, nadir istedada malik olan bu Azərbaycan xanımlarına həsr etdiyi “Üzüyümün qaşı füruzədəndir...” məqaləsində yazırdı: “...Milli vokal məktəbimizin mötəbər beynəlxalq müsabiqələrdə ən yüksək səviyyədə - qaliblər zirvəsində təmsil olunması ilk dəfə Fidan və Xuraman Qasımovaların adı ilə bağlıdır. Fidan xanımın İtaliyada (Viotti adına), Xuraman xanımın Yunanıstanda (Mariya Kallas adına), Rusiyada (Pyotr Çaykovski adına) sənət yarışmalarında parlaq qələbələri XX əsr Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılmışdır... Fidan Qasımovanın Nigarı, Marqaritası, Dezdemonası, Tatyanası, Mimisi..., Xuraman Qasımovanın Sevili, Toskası, Aidası... Müğənnilərin opera səhnəsində yaratdıqları obrazlar qalereyası texniki kamilliyi, obrazın daxili aləminin parlaq təcəssümü ilə diqqəti cəlb edir. Hələ onların dünya vokal ədəbiyyatını-Baxdan tutmuş müasir Azərbaycan bəstəkarlarının əsərlərinə qədər-əhatə edən zəngin repertuarını demirik...”

Xalqımızın təşəkkül tapmasında, onun dövlət quruluşunun formalaşmasında, idarə edilməsində neçə-neçə cəsur və ağıllı Azərbaycan qadınının adı tariximizin yaddaşında şərəfli yer tutur. Bu nəcabətli xanımlar dövrünə görə təhsil görüb, məktəb, mədrəsə təlimi keçib, ictimai-siyasi fikir salnaməmizdə müəyyən izlər qoyublar. Müasir Azərbaycan qadınının inkişaf tarixinin bəzi məqamlarını xatırlasaq, xanımlarımızın nə qədər mütərəqqi bir həyat yolu keçdiyinin bir daha şahidi olarıq. Mehriban xanım Əliyevanın Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Forumda dediyi kimi: “Şərqdə ilk demokratik respublika olan Azərbaycan 1918-ci il İstiqlal Bəyannaməsi ilə qadınlara seçmək və seçilmək hüququ verdi. Xatırladaq ki, bu hüququ Azərbaycan qadınları Avropanın bir neçə ölkəsinin sakinlərindən daha tez almışlar. XX əsrin əvvəllərində təhsil almaq imkanı əldə edən azərbaycanlı qadınlar yalnız orta təhsildə deyil, həm də ali təhsildə gender bərabərliyinə nail oldular. Bu gün qadınlarımız idarəetmə, hüquq və məhkəmə sistemində təmsil olunur, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edirlər. Onlar ölkə üzrə məktəb müəllimlərinin 71, həkimlərin 61, elmi işçilərin isə 50 faizini təşkil edirlər. Bu yolu Azərbaycan qadını 90 il ərzində keçmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan qadını ailə dəyərlərinin qorunub saxlanması kimi mühüm bir sahədə də öz layiqli töhfəsini vermişdir. Şərq ilə Qərb dəyərlərini özündə birləşdirən Azərbaycan, beləliklə, gender məsələsində də nümunə ola bilər... Müasir cəmiyyətdə qadın mövqeyindən söhbət açarkən, qeyd etmək lazımdır ki, bu sahədə hər bir ölkənin öz inkişaf yolu, öz konkret xüsusiyyətləri var. Bu gün Azərbaycan cəmiyyətində qadının tutduğu mövqe ilə haqlı olaraq fəxr edirik”.

Gözəl ana, tanınmış ictimai xadim və istedadlı alim olan Azərbaycan qadınlarından bəhs edərkən Mehriban xanımı dünyaya gətirərək, ona ziyalılar ailəsinin başlıca meyarı olan gözəl tərbiyə, yüksək təhsil, dərin savad verib vətənimizin intellektual və insanpərvər vətəndaşı kimi böyüdən Aida xanım İmanquliyevanın əziz xatirəsi bir daha yaddaşlarda canlanır. Mehriban xanım deyir: “Aida xanım unudulmaz bir şəxsiyyət idi. O, qısa, amma çox parlaq və xoşbəxt həyat yaşamışdır. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirmişdi. Yüksək savadlı, ziyalı, vətənpərvər, prinsipial bir alim, eyni zamanda, çox zərif, çox gözəl, bütün sevgisini ailəsinə bağışlayan, hər zaman ürəkdən kömək göstərməyə hazır olan bir qadın idi. Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan ilə Şərq dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdir. Eyni zamanda, o, Azərbaycan elminin düşüncələrinin, fəlsəfəsinin İslam aləmində yayılmasına nail olmuşdur. Bu gün müstəqil Azərbaycanda demək olar ki, Aida xanımın bütün arzuları artıq reallıqdır və respublikamız müsəlman ölkələri, İslam dünyası ilə nəinki elmi, mədəni əlaqələr, həm də ən yüksək səviyyədə iqtisadi, siyasi əlaqələr qurubdur”.

“İzvestiya” qəzetinin müxbiri Oleq Siqanovla müsahibəsində Mehriban xanım Əliyeva iki böyük Azərbaycan xanımını-sevimli anası Aida xanımı və anası qədər sevdiyi istəkli qayınanası akademik Zərifə xanım Əliyevanı sevə-sevə xatırlayır. O. Siqanovun “Peşə seçiminiz nədən irəli gəlmişdi? “sualına Mehriban xanım cavab verərək deyir: “...Anam şərqşünas-alim idi... Lakin məktəbi bitirdikdən sonra sənədlərini Tibb İnstitutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax, onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçiminə isə İlhamın anası - həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir. Çox təəssüf ki, Zərifə xanım ilə ünsiyyətimiz çox çəkmədi. Biz 1983-cü ildə tanış olduq, 1985-ci ildə isə o, dünyasını dəyişdi. Bu istedadlı və gözəl qadınla bağlı ən xoş xatirələrim qalmışdır...”

“Uşaqlar xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı və ilahi əmanətdir” - deyib müdriklərimiz. Ailədə uşağın xoşbəxt böyüməsi, onun gələcək üçün layiqli, dəyərli vətəndaş kimi yetişməsi üçün Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib. Uşaqların sağlamlığının qorunması, onların qayğısız, milli ruhda böyüməsi üçün Heydər Əliyev Fondu böyük işlər həyata keçirib. Anaların öz övladlarının səadəti naminə hər cür imkanlardan istifadə etməsi üçün ölkəmizdə hərtərəfli şərait yaradılıb. “Azərbaycanın uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir, ümididir” deyən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ötən il Bakıda keçirilən “Azərbaycanda uşaqların müdafiəsi islahatı” üzrə milli konfransda dünyanın bütün analarına nümunə olan munis və son dərəcə humanist fikirlər söyləyib: “Bu gün Azərbaycan qadını demək olar ki, ölkəmizin həyatının bütün sahələrində çox fəaldır və həm dövlət qurumlarında, həm özəl sektorda bir sıra nailiyyətlər əldə edib. Bu gün Azərbaycan qadını öz sözünü deyir və öz mövqeyini nümayiş etdirir. Bununla yanaşı, mən əminəm ki, hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir. Amma əfsuslar olsun, elə uşaqlar vardır ki, onlar valideyn himayəsindən məhrumdurlar, kimsəsizdirlər və dövlət müəssisələrində tərbiyə olunurlar. Bu uşaqların bir qismi həyatının ilk günündən, digərləri çox az yaşından arxasız, ana və ata məhəbbətindən məhrum böyüyür.

Taleyin belə ağır olmağında bu uşaqların heç bir günahı yoxdur və belə ağır taleyi dəyişdirməyə də heç bir imkanı yoxdur. Ona görə, məncə, bu uşaqların həyatı və gələcəyi bizim hamımızı narahat etməli, hamımızı düşündürməlidir”.

Mehriban xanımın istər islami dəyərlərin, istərsə də ümumbəşəri mənəvi prinsiplərin yüksək təzahürü olan bu tövsiyələri onun nə qədər saf təfəkkürlü, incə, zərif və həssas qəlbə malik bir xanım olduğunu bir daha sübut edir.

Enerji, zəka və istedadın müsbət göstəriciləri ilə bərabər, peşəkarlıq, öz işinə sədaqət, lider keyfiyyətləri və nəciblik kimi ali dəyərləri istər kişilərdə, istərsə də qadınlarda əsas amillərdən biri hesab edən Mehriban xanım Əliyeva qeyd edir ki, istər təyinatla, istərsə də seçkili qaydada tutulacaq bu və ya digər vəzifələrə namizədlərdən söhbət gedəndə məhz bu xüsusiyyətlər nəzərə alınmalıdır. Daha sonra, Mehriban xanım bu meyarlar sırasında qadınlarımızın yalnız lider keyfiyyətlərinə görə kişilərdən geri qaldığını və rəhbər vəzifələrdə qadınların kişilərlə müqayisədə az təmsil olunmasının əsas səbəbini bunda gördüyünü bildirir. Məsələnin həlli yolunu təhlil edən birinci xanım, qadınlarımızın daha uğurla irəliləməsinə, onların rəhbər vəzifələr tutmasına gənc qadınlarda lider keyfiyyətləri və vərdişlərinin, özlərinə inam hissinin məqsədyönlü şəkildə tərbiyə olunmasına kömək edə biləcəyini qeyd edib deyir: “Əgər buna nail ola bilsək, hesab edirəm ki, qadınların rəhbər vəzifələrdə daha geniş şəkildə təmsil olunmasını çox gözləmək lazım gəlməyəcəkdir”.

Təbii ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da ailədaxili və məişət zorakılığı hallarına rast gəlindiyini təəssüflə qeyd edən Mehriban xanım Əliyeva qızların erkən yaşda zorla ərə verilməsi hallarını qadınların taleyini şikəst edən zorakılığın ağır nəticələrə gətirib çıxaran bir forması hesab edir. Bu aktual məsələnin müsbət məcraya yönəlməsi istiqamətində xanım Əliyeva bölgələrdə belə hallara qarşı mübarizədə qanunun gücündən istifadə etməyin, gender zorakılığının və erkən nikahların mənfi nəticələrini insanlara izah edən ciddi maarifçilik işlərinin aparılmasının da zəruri olduğunu bildirir.

Ölkəmizin birinci xanımı hər bir azərbaycanlı qadınına, anasına nümunədir. Ailə qayğılarını, ictimai fəaliyyətini bir-biri ilə düzgün tənzimləyən Mehriban xanım Əliyeva “İnterfaks-Azərbaycan”agentliyi müxbirinin verdiyi “Həyat yoldaşı, ana, evin xanımı rolunu ictimai fəaliyyətlə birləşdirmək çətin deyilmi?” sualına cavab verir: “Çətindir, amma belə alınıb ki, bunlar məndə biri-birini sakit formada əvəz edirlər. Əlbəttə, belə gərgin həyat ritmi bütün gücün və imkanların səfərbər olunmasını tələb edir, amma hesab edirəm ki, bunun öhdəsindən gələcəyəm. Mən öz ailəmi çox istəyirəm və ailə ənənələrinə hörmətlə yanaşıram. Əgər evdə qarşılıqlı münasibət, qarşılıqlı yardım və hörmət varsa, hesab edirəm ki, qalan hər şey öz axarına düşəcək.

Son illər mənə yalnız həyat yoldaşım deyil, sanki birdən-birə böyüyən qızlarım da mənəvi dəstək olublar. Oğlumla təmasda olmaq isə bütün gün ərzində yığılmış yorğunluğu aradan götürür”.

Bu anlarda yenə “Kitabi-Dədə Qorqud” dastanının fədakar, müqəddəs ana obrazları gözümüz önünə gəlir. Qeyd etdiyim kimi, dastanda qadın, ana, evin qoruyucusu, nəslin yaradıcısı, tərbiyəedicisi və eyni zamanda, vətənin əsgəri, sərkərdənin ən yüksək dayağı kimi təsvir olunur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin bu sözləri azərbaycançılıq məfkurəsinin simvolu olan “Kitabi-Dədə Qorqud”da təsvir olunan obrazları bir daha təsdiq edir.

“Mehriban mənim böyük dayağımdır. Mən qəti inanıram ki, ailə hər şeydən əvvəl həmfikirlər deməkdir. Ailə - kişi və qadın - bənzər həyat prinsipləri və mənəvi dəyərləri olan iki adamdır. Ona görə də, mənim fikrimcə, ailədə bu sözün radikal mənasında “müxalifət” olmamalıdır. Bir çox məsələdə Mehribanla mənim baxışlarım ümumidir.

...Qadın, O, Prezidentin həyat yoldaşı olsa belə, qadındır, O, ailədə dincliyin həmahəngliyin, sevginin qarantıdır. Mənim üçün çox vacibdir ki, inanılmaz dərəcədə dolğun və gərgin iş günündən sonra evə gələndə məni başa düşür və dəstəkləyirlər”.

 

 

Reyhan MİRZƏZADƏ

 

Yeni Azərbaycan.- 2010.- 13 mart.- S.3.