Sürix protokollarının fiaskosu

 

Böyük güclərin bütün təzyiqlərinə və dünyadakı ədalətsizliyə baxmayaraq, Azərbaycan-Türkiyə qardaşlığı tarixin “Sürix sınağı”ndan da üzüağ çıxdı

 

Son zamanlar Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpası, sərhədlərin açılması istiqamətində cərəyan edən proseslərin fonunda aparılan düşüncə mübadilələri və səsləndirilən fikirlər daha geniş xarakter almaqdadır. Regional və qlobal prosesləri tədqiq edən bir sıra nüfuzlu tədqiqat mərkəzləri belə bir yekun qənaətdədirlər ki, Türkiyə ilə Ermənistan arasındakı diplomatik münasibətlərin bərpası məsələsi təkcə bu iki dövlətə aid olmayıb, bütövlükdə geniş coğrafiyanı əhatə edir. Yəni, bəhs edilən məsələ, nə təkcə Cənubi Qafqaza aiddir, nə də ki, Qafqazətrafı əraziləri əhatə etməkdədir. Bu barədə bir qədər sonra daha geniş məlumat verəcəyik. Hələlik isə, bir məqamı xüsusi vurğulamalıyıq ki, iki dövlət arasında sərhədlərin açılması yönündə atılan addımlar bütövlükdə özlərinin milli maraqlarını təmin etməyə çalışan qlobal aktorların ssenarilərinin bir parçasıdır. Hansı ki, bu ssenarilər dünyanı vahid mərkəzdən, vahid qanunlar-qaydalar çərçivəsində idarə etmək üçün hazırlanmış strateji planların bir hissəsini təşkil etməkdədir. Həmin planların əsasında isə ABŞ-ın mondalizm konsepsiyası (vahid dünya dövləti, qlobal imperatorluq qurmaq) dayanır. Türkiyə-Ermənistan diplomatik münasibətlərinin bərpası isə “Avrasiya şahmat taxtası”nda edilən növbəti gedişdir.

Onu da qeyd etmək yerinə düşər ki, miqyasına görə regional, mahiyyətinə görə isə qlobal xarakter daşıyan bu məsələ bütövlükdə dünyanı idarə edən güclərin konsensus əsasında bir araya gəldikləri “transmilli münasibətlər və təmaslar şəbəkəsi”nin bir elementini təşkil edir. Ona görə də, bu prosesin baş tutması olduqca çətin olan bir məsələdir. Yəni, böyük güclərin maraqları və planları dinamik və dəyişkən olduğundan, eləcə də, Türkiyə kimi regional aktorlar, ilk növbədə, özünün milli maraqlarını ikinci-üçüncü plana atmaq istəmədiyindən yaxınlaşma prosesində tez-tez problemlər yaranmaqdadır. Məsələn, aprelin 22-də Ermənistan prezidenti Serj Sarkisyan protokolların ratifikasiyası prosesini dayandırdığını elan edib. Halbuki, bundan əvvəl İrəvan Türkiyəni protokolların ratifikasiyası məsələsini gecikdirməsi ilə bağlı ittiham edirdi. Qısacası, proses mürəkkəb olduğundan və konkret qüvvələrin maraqlarına hesablandığından kifayət qədər çətinliklər yaşanır və yaşanacaq...

Sadalananların fonunda isə proseslə bağlı bir sıra suallar ortaya çıxır: “Sürix protokolları”nın imzalanmasına vadar edən zərurət nə(lər) idi? Bu proses və məsələdə qazananlar və uduzanlar kim(lər) olacaq? Protokollar hansı strateji planların təmin edilməsində yardımçı vasitə rolunu oynayır? Və ya sənədlər hansı daha böyük konsepsiyanın tərkib hissəsidir?

Yuxarıdakı suallara cavab verməklə Türkiyə-Ermənistan yaxınlaşmasının əsasında dayanan fundamental faktorları və aktorları (milli dövlətlər nəzərdə tutulur) aşkar edəcəyik...

 

“Sürix protokolları” Böyük Ortadoğu Projesinin növbəti halqasıdır...

 

“Sürix protokolları”nın əsasında dayanan səbəbləri və məqsədləri aşkar etmək üçün prosesə bilavasitə aidiyyəti olan, bu prosesi yetişdirən və şərtləndirən amillərə diqqəti çəkmək lazımdır. Türkiyə-Ermənistan diplomatik münasibətlərinin bərpa olunması elə bir tarixi dövr ərzində ortaya çıxıb ki, bu zaman müddətində Qərbin strateji konsepsiyalarının reallaşdırılması yönündə atılan addımlar olduqca intensivləşib. Əslində, Ankararəvan diplomatik münasibətlərinin bərpası yönündə imzalanan “Sürix protokolları” Qərbin, daha dəqiq desək, ABŞ-ın mərkəzində dayandığı Böyük Ortadoğu Projesinin (The Greater Middle East Project, Türkiyə dairələri tərəfindən bu, BOP adlandırılır) uzantısıdır. Yəni, dünyanı vahid mərkəzdən idarə etməyi nəzərdə tutan bu strateji konsepsiyanın növbəti halqası “Sürix protokolları”dır. Bəs nədir BOP? Bu özündə hansı strateji məqsədləri ehtiva edir?

Böyük Ortadoğu Projesi 2000-ci ildən aktuallıq qazanan strateji konsepsiyadır. Onun əsasında, Yaxın və Orta Şərqi bütövlükdə ələ keçirmək, “əyalətə çevirmək” məqsədi dayanır. Şimali Afrikadan Cənubi Asiyaya qədər olan geniş bir ərazini əhatə edən, böyük bir coğrafiyanı özündə birləşdirən bu konsepsiyanın reallaşdırılması ilə Yaxın və Orta Şərq bilavasitə nəzarət altına alınacaq ki, bu da bütövlükdə, Avrasiyanın ələ keçirilməsi demək olacaq. Çünki layihə çərçivəsinə 23 ölkə daxildir ki, bunların da hər biri mühüm geosiyasi önəm kəsb edir. Yəni, bu konsepsiyanın reallaşdırılması ilə mühüm sərmayə məkanları - mərkəzləri, bazarlar və strateji tranzit məntəqələr ələ keçiriləcək. Bununla da, ABŞ-ın dənizaşırı imperialist genişlənməsinin təməlini təşkil edən “Böyük Avrasiya imperatorluğu konsepsiyası” həyata keçiriləcək.

Qeyd edək ki, BOP-un təməl prinsiplərindən birini də sərhəd problemlərinin aradan qaldırılması təşkil edir. Buna görə də, bölgəni nəzarətə almaq üçün atılmalı olan addımlardan biri də, Ermənistanı “qapalılıqdan” xilas etmək, Türkiyə-Ermənistan sərhədlərini açmaqdır. Ona görə də, ABŞ başda olmaqla, Qərb Ankaraya qarşı bu yöndə güclü təzyiq siyasəti həyata keçirir ki, layihənin reallaşdırılmasının qarşısında olan bütün maneələr dəf edilsin...

Dolayısıyla, Türkiyə-Ermənistan sərhədlərinin açılması ideyası və prosesinin əsasında Qərbin strateji konsepsiyası olan Böyük Ortadoğu Projesi dayanır. Amma bu prosesdən, nə Türkiyə, nə də Ermənistan qazanacaq. Necə deyərlər, layihənin “ideya atalarından” olan Henri Kissincerin qeyd etdiyi kimi, bu layihənin reallaşdırılmasından ən çox qazanan və pay götürən tərəf, məhz layihənin mərkəzində dayanan ABŞ olacaq...

 

Erməni diplomatiyasının ucuz şousu... “İmzala və çıx get!!!”...

 

Məhz bu pay bölgüsünü özündə ehtiva edən maraqlar Sürixə gedən yolun trayektoriyasını da müəyyənləşdirdi. Prosesin gedişatında bəzi diqqətdən yayınan, amma üzərində xüsusi dayanılması vacib olan məqamlar da yaşandı. Məsələn, imzaatmaya şahidlik edəcək məkan kimi, məhz Sürix şəhərinin seçilməsi... Bəri başdan deyək ki, hətta bu məsələdə belə maraqların balanslaşdırılmağa çalışıldığının şahidi olduq. Belə ki, protokolların imzalanma məkanı kimi şimalında Almaniya, qərbində Fransa, cənubunda İtaliya, şərqində isə Avstriya və Lixtenşteynlə qonşu olan İsveçrə Konfederasiyasının seçilməsi heç də təsadüfi deyildi. Bu ölkənin bloklara qoşulmaması, yəni, bitərəf dövlət kimi tanınması onun ev sahibi seçilməsini təmin edib. Türkiyə-Ermənistan razılaşmasının NATO-nun üzvü olmayan İsveçrədə imzalanması Rusiyanın da həmin mərasimə qatılmasını təmin etmək məqsədini daşıyıb. Yəni, İsveçrə uzun müddətdir siyasi və hərbi tərəfsizlik ənənəsinə malikdir. Bu səbəblərdən bir çox beynəlxalq təşkilatların məclisləri bu ölkədə keçirilir. Sözügedən mərasimin də İsveçrədə keçirilməsi dünyaya hökm edən tərəflərin hamısının bu prosesdə bərabər şəkildə maraqlı olmasına dair fikir formalaşdırmaq niyyətinə xidmət edib.

Sürix protokollarının imzalanması yaddaşlara, həm də ermənilərin növbəti cığallığı, daha doğru desək, əsl simasını aşkar etməsi ilə həkk olundu. Mərasimdə baş verənlər bir daha təsdiq etdi ki, bu dövlət, hətta özünün maraqlarına xidmət edən və onun gələcəyinə “yaşıl işıq” tutan bir addımı belə atarkən, cığallıq, oyunpozanlıq etməkdən qaçmır. Amma deyəsən, bu dəfə ünvanı və məqamı səhv saldılar. Ağası Rusiyanın və təlimatçısı ABŞ-ın gözünün qabağında “xoruzlanmağa” cəhd etdilər ki, onun da qarşılığını sillə olaraq aldılar. Söhbət protokolları imzalanma günü Nalbandyanın “nazlanmasından” gedir. Yeri gəlmişkən, xatırladaq ki, erməni nazir böyük güc mərkəzlərinin min əziyyətlə ərsəyə gətirdiyi bu mərasimdə protokolları imzalamaqdan imtina etdi. Lakin Rusiyanın xarici işlər naziri Lavrov qalmaqalın səbəbkarı olan Nalbandyana 6 sözdən ibarət qısa məktub yazaraq onu sənədi imzalamağa məcbur etdi. Məktubda isə bu sözlər əksini tapmışdı: “Sakitcə protokolları imzala və çıx get!”.

Bu protokollardan çox şey gözləyirdilər. Hətta bəziləri sadəlövhcəsinə inanırdı, yaxud da, inanmağa çalışırdı ki, guya, bu sənədin imzalanması ilə bütün problemlər öz həllini tapacaq və Türkiyə ilə Ermənistan arasında bağlı olan bütün qapılar açılacaq. Bunun qarşılığında Türkiyə heç nə, Ermənistan isə çox şey udacaq. Ermənistanın bu məsələdə özündən razılığı və nümayiş etdirdiyi siyasi şoular da beynəlxalq ictimaiyyəti qismən aldatdı. Hətta protokolların imzalanmasından dərhal sonra işğalçı ölkənin prezidenti Serj Sarkisyan açıqlama verərək dedi ki, “Türkiyə ilə qurulacaq heç bir əlaqə erməni xalqına qarşı törədilmiş “soyqırımı” müzakirəyə aça bilməz. Bu, bilinən bir həqiqətdir və dünyanın bütün xalqları tərəfindən qınanılmalıdır. Bununla bağlı qurulacaq hökumətlərarası komissiyada tarixçilər iştirak etməyəcəklər. Türkiyə ilə Ermənistan arasındakı mövcud sərhəd problemi beynəlxalq hüququn bəlli normalarına uyğun olaraq həll ediləcək. Protokollarda bundan irəli gedəcək hər hansı bir maddə yoxdur. Türkiyə ilə Ermənistan arasındakı münasibətlər heç bir şəkildə Dağlıq Qarabağ problemi ilə əlaqələndirilə bilməz. Ermənistan, protokollarda öz əksini tapan sərhədlərin dəyişməzliyi və ərazi bütövlüyü ilə bağlı maddələri heç bir şəkildə Dağlıq Qarabağ ilə əlaqələndirməz”...

Amma erməni liderinin başından böyük danışması və real imkanlarına sığmayan iddialar irəli sürməsi ona baha başa gəldi. Nəticə göz qabağındadır...

Ya da, başqa bir detala nəzər salaq. Əminik ki, məhz bu kiçik amma böyük məna ifadə edən detalın özünün incələnməsi belə əslində, protokolların kimin beynindən ixrac olunduğunu və kimə xidmət etdiyini tam dəqiqliyi ilə aydınlaşdırmağa imkan verir. Yəqin ki, imzalanma mərasimi zamanı çəkilən fotoşəkildə arxa sırada dayananlar hamının diqqətini çəkmişdi. Yəni, burada söhbətin ABŞ dövlət katibi Hillari Klinton, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Bernar Kuşner, İsveçrənin xarici işlər naziri Mişel Kalmi Rey, Avropa Şurasının Nazirlər Komitəsinin sədri, Sloveniyanın xarici işlər naziri Samuel Zboqar, eləcə də, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Havyer Solanonu gördük. Məhz bu foto özlüyündə Sürix zirvəsinin mahiyyətini gözlər önünə sərdi.

 

Nüvə zirvəsi: Ermənilərin qələbə eyforiyası və ya “ağ ayı”nın nakaut zərbəsi

 

Beləliklə, mənzərə tam aydındır. Bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın əleyhinə fəaliyyət göstərən dövlətlər var və çox təəssüf ki, onların önündə ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, xüsusilə də, Amerika Birləşmiş Ştatları gedir. Onların bütün məqsədləri Dağlıq Qarabağ münaqişəsi tənzimlənmədən Türkiyə ilə Ermənistan münasibətlərini qurmaq, sərhədləri açmaqdır. Həmin dövlətlər bu planları reallaşdırmaq üçün dəridən-qabıqdan çıxmaqda, Türkiyə və Azərbaycana müxtəlif təzyiqlər etməkdədirlər. Aprelin ortalarında Vaşinqtonda keçirilən nüvə sammiti çərçivəsində yaşanan bəzi olaylar da, həmin təzyiqlərin növbəti halqası oldu...

Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarında keçirilən Nüvə Təhlükəsizliyi Sammitinə Türkiyə və Ermənistan rəsmiləri dəvət alsalar da, Azərbaycan tərəfini sammitə çağırmaq okeanın o tayındakıların “yadından çıxmışdı”. Sonradan bu addımın heç bir beynəlxalq norma və prinsiplərə sığmadığını anlayan, eyni zamanda, təpkilərlə baş-başa qalan Vaşinqton təmsilçiləri, gah Azərbaycanın nüvə dövləti olmadığı üçün tədbirə dəvət edilmədiyi (halbuki, nüvə dövləti olmayan Gürcüstan da Vaşinqton sammitinə dəvət almışdı), gah da Azərbaycanın sammitə çağırılmamasının texniki səhv olduğu kimi müxtəlif bəhanələr gətirməyə çalışdılar. Lakin bunların, sadəcə, bəhanə olduğu hər kəsə gün kimi aydın idi. Yəni, kimsəyə sirr deyildi ki, Azərbaycanın nüvə sammitinə dəvət edilməməsinin kökündə rəsmi Vaşinqtonun Türkiyə və Ermənistan təmsilçilərini bir araya gətirərək, sərhədlərin açılmasını razılaşdırmaq planı dayanırdı. Daha doğrusu, amerikalılarda və “Türkiyəni də ram etmək” formalı qələbə eyforiyasında olan ermənilərdə yanlış bir qənaət formalaşmışdı ki, əgər Azərbaycan sammitə dəvət olunmasa, o zaman Türkiyəni işğalçı Ermənistana həyat verəcək addımı atmağa sövq edə biləcəklər. Lakin onlar bununla növbəti tarixi yanlışlıqlara imza atmış oldular.

Əvvəla, ona görə ki, amerikalılar Azərbaycanı nüvə sammitindən kənar saxlamaqla, əslində, bütün proseslərdən kənar tutduqlarını düşünməkdə yanıldılar. Onlar unutdular ki, bu gün regional və qlobal proseslərin mərkəzində dayanan, Avropanın enerji təhlükəsizliyi məsələsində aparıcı rol oynayan, beynəlxalq terrorizmlə mübarizədə ön sıralarda dayanan Azərbaycanın iştirakı olmadan bölgədə hər hansı prosesin uğurla nəticələnməsi qeyri-mümkündür. Yəni, əksər ekspertlərin də qeyd etdikləri kimi, amerikalıların nə istəməsindən asılı olmayaraq, Türkiyənin sərhədlərin açılması prosesinə başlaması üçün Azərbaycan “yaşıl işıq” yandırmalıdır. Bunun üçün isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tapmalıdır, Ermənistanın işğalçı qoşunları torpaqlarımızdan çıxmalıdır.

Eyni zamanda, okeanın o tayındakılar Türkiyənin Azərbaycan amilini nəzərə almadan Ermənistanla sərhədlərini açacağını düşünməklə ikinci bir yanlışlığa yol verdilər. Onlar unutdular ki, önəmli strateji tərəfdaş ölkə olan Azərbaycanın bir nömrəli milli problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Türkiyənin xarici siyasi strategiyasında önəmli yer tutur. Vaşinqtonda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla Ermənistan prezidenti Serj Sarkisyan arasında baş tutan görüş zamanı Türkiyə-Ermənistan diplomatik münasibətlərinin bərpası, Sürixdə tərəflər arasında imzalanmış protokolların ratifikasiyası məsələləri ilə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də müzakirə predmetinə çevrilməsi bunu bir daha təsdiqləyir. Məhz həmin görüşlər zamanı Baş nazir Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların ratifikasiya edilməsi üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməli olduğunu bəyan etdi. Bu, həm də ermənilərin Türkiyəni Azərbaycandan qoparmaq niyyətinin özünü doğrultmadığını göstərdi. Rəsmi Ankara birmənalı şəkildə Azərbaycan-Türkiyə müttəfiqliyinin hər şeydən üstün olduğunu təsdiqlədi.

Okeanın o tayındakıların üçüncü yanlışlığı isə Rusiya amili ilə bağlı oldu. Hər halda, Ermənistanın Sürix protokollarını dondurması, məhz bəhs edilən sonuncu yanlışlığın, daha doğrusu, Ağ Evin Rusiya amilini nəzərə almamasının nəticəsidir. Ən azı ona görə ki, işğalçı ölkənin prezidenti Serj Sarkisyanın Amerika Birləşmiş Ştatlarından gələndən dərhal sonra Moskvada görünməsi rəsmi İrəvanın Sürix protokollarını parlamentdən geri çəkməsi ilə sonuclandı. Daha doğrusu, aprelin 21-də Ermənistanın Milli Təhlükəsizlik Şurasının iclasında çıxış edən Sarkisyan Şura üzvlərinə özünün Vaşinqtona və Moskvaya səfərləri haqqında məlumat verdi. Bu ərəfədə isə Ermənistan parlamentində hakim çoxluğu təmsil edən Respublika, “Qanunçuluq ölkəsi” və “Çiçəklənən Ermənistan” partiyaları birgə bəyanatla çıxış edərək Sürix protokollarının parlamentdən geri götürülməsinə dair qərar qəbul edildiyini açıqladılar.

Beləliklə, bu, qərarın ermənilərin deyil, Moskvanın istəyinə uyğun olaraq qəbul edildiyini söyləmək mümkündür. Daha doğrusu, Vaşinqton Ermənistanı Rusiyanın təsiri altından çıxarıb, region dövləti etmək istəyirdi və ümid edirdi ki, böyük ehtiyac içində olan Ermənistan Türkiyə ilə sərhədlər açılandan sonra siyasətini dəyişib Qərbə-Türkiyəyə üz tutacaq. Rusiya isə əvvəldən bunun əleyhinə idi. Yəni, böyük ehtimalla Sarkisyanın Vaşinqtonda apardığı məsləhətləşmələrdən narazı qalan Kreml ona ciddi şəkildə “qulaqburması” verib. Sonuncu isə özünün nəzarətində olan hakim koalisiyaya protokolların dondurulmasının məsləhət olduğunu çatdırıb. Bir sözlə, görünən odur ki, okeanın o tayındakılar “ağ ayı”nın nokaut zərbəsinə tuş gəldilər. Qısası, əksər ekspertlərin də qeyd etdikləri kimi, Amerika ilə Rusiyanın geostrateji maraqları toqquşdu və bu savaşda Rusiya qalib gələrək, Ermənistanı öz “forpost”u kimi saxladı.

 

Türkiyə-Azərbaycan qardaşlığı tarixi sınaqdan üzüağ çıxdı

 

Bir sözlə, böyük güclərin Türkiyəni Ermənistanla sərhədlərini açmağa məcbur etmək istəkləri puç oldu. Bu niyyətlərinə qismən - Sürix protokollarını tərəflərə imzalatmaqla nail olan məlum dövlətlər bu səviyyədən yuxarı qalxa bilmədilər. Bu məsələdə isə onların yol verdikləri yanlışlıqlarla yanaşı, qardaş Türkiyənin ona göstərilən bütün təzyiqlərə ləyaqətlə davam gətirərək, Azərbaycanın milli maraqlarının onun üçün böyük əhəmiyyət kəsb etdiyini əyani şəkildə nümayiş etdirməsi, həmçinin, ölkəmizin qətiyyətli mövqeyi əsas rol oynadı.

Əlbəttə ki, dünya gücləri onların birbaşa dəstəyi və nəzarəti altında gedən bu prosesin belə başa çatacağına inanmırdılar. Azərbaycan dövləti isə bir daha sübut etdi ki, öz iradəsini reallaşdırmaq üçün yüksək siyasi potensiala malikdir. Ölkəmizin milli maraqlarını hər şeydən yüksəkdə tutan Azərbaycan Prezidenti İlham Əliyev əsl siyasi liderə xas olan iradə, uzaqgörənlik nümayiş etdirərək dövlətimizin mənafelərinə zidd siyasətin həyata keçirilməsinə imkan vermədi. Azərbaycan Prezidentinin Türkiyəyə səfərdən və ABŞ Prezidenti Barak Obama ilə görüşdən imtina etməsi bunun əyani sübutudur.

Bu prosesdən siyasi və iqtisadi divident götürməyə çalışan güclər də artıq həmin mərhələdən sonra başa düşdülər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində mühüm irəliləyiş əldə edilməsə, Azərbaycanın milli maraqları nəzərə alınmasa, Cənubi Qafqazda süni şəkildə tətbiq edilən hər hansı nizamlama prosesi heç bir nəticə verə bilməz. Ona görə də, onlar müxtəlif kanallarla prosesin “canlı” qalmasını təmin etmək istəyirlər...

Bir sözlə, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını, sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasını nəzərdə tutan Sürix protokollarının parlamentdə ratifikasiyasının dayandırılması prosesi bir daha onu göstərdi ki:

- Azərbaycan-Türkiyə dostluq və qardaşlıq, strateji tərəfdaşlıq əlaqələri yüksək səviyyədədir və sarsılmazdır,

- İki qardaş ölkə arasında münasibətlərin korlanmasına istiqamətlənmiş istənilən cəhd iflasa məhkumdur,

- Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə həyata keçirilən planlar məhvə məhkumdur,

- Qardaşlıq və dostluq kimi mənəvi dəyərlər üzərində əlaqələr qurmuş Türkiyə və Azərbaycanın liderlərinin siyasi iradəsi regionda ədalətsiz nizamlanma prosesinin qarşısını aldı.

Beləliklə, hər şey aydındır. Bu ədalətsiz nizamlanma prosesinin arxasında duran güclər bundan sonra Cənubi Qafqazla bağlı hər hansı bir siyasi qərar qəbul edərkən, Azərbaycanın mövqeyini və maraqlarını mütləq nəzərə almaq məcburiyyətində olacaqlar.

 

 

“Yeni Azərbaycan”ın Analitik Qrupu

 

Yeni Azərbaycan.- 2010.- 1 may.- S.6.