Müstəqilliyimizin xilaskarı, dövlətçiliyimizin memarı, sabitliyin təminatçısı-Ulu öndər Heydər Əliyev

 

Bir əsrdə iki dəfə müstəqillik əldə edən Azərbaycan istər 1920-ci ildə, istərsə də 1993-cü ildə çətin sınaq qarşısında dayandı. Belə ki, 1918-ci ildə əldə olunan istiqlalın ömrü cəmi 23 ay oldu. 1920-ci il aprel ayının 28-də Azərbaycanı işğal edən XI Qırmızı Ordu ölkənin müstəqilliyinə de-fakto son verdi və müstəqil cümhuriyyətin yerində Kremldən asılı sosialist dövləti qurdu. Dünya Azərbaycanın növbəti dəfə azadlıq hayqırtısına, müstəqillik arzusuna, istiqlal mübarizəsinə yalnız 70 ildən sonra, əsrin sonlarında şahid oldu.

Eyni aqibət ötən əsrin 90-cı illərinin əvvəllərində də yaşana bilərdi. Sovet imperiyasının çöküşü ilə müstəqillik əldə edən Azərbaycan olduqca çətin bir vəzifənin öhdəsindən gəlməli idi. Bu ağır durumun bir səbəbi 70 illik bir dövlət düzəninin dağılması, ikinci səbəbi erməni təcavüzüydüsə, ən böyük səbəbi ölkənin idarəçiliyini tam ələ ala biləcək şəxsiyyətin dövlətin başında olmamasıydı. 1990-cı ilin 20 Yanvarında xalqımıza qarşı törədilən qanlı cinayət imperiya canişinlərinin Azərbaycanı asanlıqla itirmək istəməməsindən xəbər verirdi. Bütün imkanlara malik Kreml ölkəmizi sözün hər bir mənasında blokadaya salmağa və yenidən özündən asılı vəziyyətə gətirib azadlıq istəyini boğmağa çalışırdı. Qanlı olaylar bir-birilərini əvəz edirdi. Kremlin qulaqbatırıcı zənglərinin fonunda Azərbaycanın azadlıq hayqırtısı, həqiqətən də, dünyaya çatmırdı. Bəlkə də, böyük SSRİ-nin kiçik bir parçası olan Azərbaycanda tökülən qanla heç kim maraqlanmırdı. Çünki bu dəhşət, onun törədildiyi məkan haqqında çoxlarının heç məlumatı belə yox idi.

Məhz belə bir vaxtda həyatını böyük risk altına qoyaraq, millətinin, xalqının gələcəyini öz təhlükəsizliyindən üstün tutan BÖYÜK ŞƏXSİYYƏT Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək səsini dünyaya çatdırdı. Bu ŞƏXS uzun illər SSRİ-nin ən yüksək postlarından birini tutmuş, Sovet Dövlət Təhlükəsizlik Sisteminin generalı, Siyasi Büronun üzvü olmuş HEYDƏR ƏLİYEV idi. Beləliklə, artıq Azərbaycanda baş verənlər beynəlxalq aləm tərəfindən ciddi qəbul olunmağa başladı. Çünki DANIŞANI, xalqına qarşı həyata keçirilən qanlı olaylara ETİRAZ EDƏNİ, MİLLƏTİNİN HAQLI MÖVQEYİNİ DÜNYAYA ÇATDIRANI beynəlxalq aləm yaxşı tanıyırdı.

O soyuq günlərdə tökülən qanın ardından əldə olunan müstəqillik odu bu torpağı, vətəni isitməyə başladı... Azərbaycan müstəqillik əldə etdi və istiqlalını dünyaya bəyan etdi. Dünya bizi tanıdı. Amma yağışdan təzəcə çıxmışdıq ki, yağmurun astanasında dayanmaq məcburiyyətində qaldıq. Çünki səriştəsiz, tam bir təsadüflə, heç bir siyasi biliyə, təcrübəyə malik olmayan siyasətçilər dövlət postlarını zəbt etdilər. Dillərində “demokratiya” sözünü təkrarlaya-təkrarlaya xalqın istəyini, arzusunu nəzərə almadan öz bildiklərini həyata keçirməyə, ölkədə vətəndaş qarşıdurması yaratmağa başladılar. Bu dəfə yaranan qorxu daha böyük idi: Dağlıq Qarabağda öz işğalçı niyyətini həyata keçirən ermənilər az imiş kimi, Azərbaycanı daxildən bölmək istəyən dağıdıcı qruplar da meydana çıxdı. Birisi cənubdan, birisi qərbdən, birisi şimaldan başına hərbi dəstə toplayıb, AXC-Müsavat hakimiyyətinin səriştəsizliyindən, zəifliyindən və iradəsizliyindən istifadə edərək özünü müstəqil elan etmək istədi. Azərbaycanın yenidən bölünməsinə bir addım qalmışdı...

... 1993-cü ildə, yayın isti günlərində Azərbaycan böyük bir sual qarşısında susub dayanmışdı. Artıq ölkədə rəsmi şəkildə hakimiyyət yoxluğu hökm sürürdü. Hakimiyyəti zəbt etmiş qüvvələr arasında kreslo savaşı amansız şəkil almışdı. Üz-üzə dayanan Azərbaycan oğulları yalnız başqa-başqa şəxslərin iddialarının qurbanına çevrilmişdi. Xalq Cəbhəsi, o cümlədən, hakimiyyəti itirmiş qüvvələr, hətta Azərbaycanın müstəqilliyi bahasına olsa belə hakimiyyət savaşından geri durmurdular. Belə çətin günlərdə Gəncədə hakimiyyətə tabe olmadığını elan etmiş bir qrup hərbçi qiyam qaldırdı. Surət Hüseynovun rəhbərliyi ilə həyata keçirilən bu qiyamın əsas aparıcı qüvvəsi Müdafiə Nazirliyinə tabe olmaqdan imtina etmiş 709 saylı hərbi hissə idi. AXC-Müsavat hakimiyyəti qiyamçıların öhdəsindən gələ bilmir, Azərbaycanın başının üstünü almış qara buludlar daha da sıxlaşırdı. İyunun 4-də qiyamı yatırtmaq üçün Gəncəyə göndərilən 3 minədək canlı qüvvə, hərbi texnika qiyamçılar tərəfindən dağıdılmış, əsgərlər güllələnmiş, qiyamçılar Bakıya doğru irəliləməyə başlamışdı. Paytaxta doğru yeriyən silahlı dəstə müqavimətə rast gəlmədən Bakıya yaxınlaşdı. Bu fəlakətin qarşısını almaq üçün xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyev şəxsiyyətinin ətrafında birləşirdi. Ziyalılar, xalqın aydınları dəfələrlə Naxçıvana gedərək Ulu öndərdən Bakıya gəlməyi xahiş edir, Azərbaycanı bürüyən bu odun yalnız Ümummilli lider tərəfindən söndürülə biləcəyini bildirirdilər.

... Qaranlıq gecənin sabahı açıldı, günəş yenidən göy üzünə ucaldı. Prosesi gülümsəyərək izləyən, bu qarşıdurmanın ssenarisini yazan, həm daxili, həm də xarici düşmənləri silahlandırıb millətinə arxa çevirməyə məcbur edən maraqlı qüvvələrin təbəssümü üzlərində dondu. Çünki Naxçıvandan ölkə paytaxtının hava limanına gələn təyyarədən Azərbaycanın xilası, nicatı, gələcəyi, təhlükəsizliyi, təminatı, sabitliyi, inkişafı, gücü, qüdrəti enirdi. Onun hər bir addımı sanki bu ölkənin gələcəyinin qətiyyətindən xəbər verirdi. Təyyarədən enən BÖYÜK HEYDƏR ƏLİYEV idi. Fenomen şəxsiyyət yenə də öz missiyasını həyata keçirməyə, öz xalqına və Vətəninə ölkəsinə dayaq olmağa gəlirdi. Xalqın tələbi ilə 1993-cü ilin yayında dağılmaq üzrə olan, xalqı iki cəbhəyə bölünüb üz-üzə dayanan, can üstə olan Azərbaycan bir an çevrilib qətiyyətli addımlarla gələn Heydər Əliyev ucalığını gördü, artıq xilas olduğunu anladı...

Əslində, xalqın BÖYÜK OĞLU belə bir ağır dövrdə prosesə kənardan baxa bilməzdi. O, xalqın təkidi və respublikanın həmin dövrdəki hakimiyyətinin xahişi ilə iyunun 9-da Bakıya gəldi. Xilaskarlıq missiyasını üzərinə götürən Ümummilli lider həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Məhz bu səfər Azərbaycanda vətəndaş qarşıdurmasının, qardaş qırğınının qarşısını aldı. 1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi dövlətçilik tarixində yeni bir səhifə açdı. Həmin gün tarixə qızıl hərflərlə MİLLİ QURTULUŞ GÜNÜ kimi yazıldı, 1997-ci ilin iyunundan isə rəsmi bayram elan edildi.

Artıq mərkəzi hakimiyyəti gücləndirmiş, separatçı qüvvələri ram edərək cəzalarına çatdıran Heydər Əliyev yalnız ölkənin inkişafını düşünürdü. 1994-cü ildə ermənilərlə atəşkəsə nail olunmasının ardından bütün diqqət ölkənin sosial- iqtisadi inkişafına yönəldilmişdi. Elə bunun səbəbi idi ki, atəşkəsdən cəmi bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı və Azərbaycanın dünyaya inteqrasiyasının əsası qoyuldu. Təəssüf ki, dövlətinin, millətinin inkişafını istəməyən, yalnız şəxsi maraqlarını güdən bir sıra qüvvələr yenidən sabitliyə kölgə salmaq, cəmiyyətdə vahimə yaratmaq üçün fəaliyyətə başladılar. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından dövlətə qarşı cinayətlərdə ittiham olunan bir neçə qatı cinayətkar qaçırıldı. Bundan sonra Ulu öndər Heydər Əliyevin ölkədən kənarda olmasından istifadə edən qara qüvvələr ona təsir etmək məqsədilə sentyabrın 29-da daha bir ağır cinayət hadisəsi törətdilər. Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov namərdcəsinə qətlə yetirildilər.

İsti izlərlə istintaq tədbirləri həyata keçirən baş prokurorun qərarı ilə o vaxtlar siyasiləşərək nəzarətdən çıxan Daxili İşlər Nazirliyi Xüsusi Təyinatlı Polis Dəstəsinin bir neçə üzvü həbs olundu. Bu, vəzifə səlahiyyətlərini aşan azğınlaşmış daxili işlər nazirinin müavini Rövşən Cavadov və Xətai rayon prokuroru Mahir Cavadov qardaşlarının xoşuna gəlmədi. Pozucu qüvvələrin təsiri ilə artıq cinayət yoluna düşmüş OMON-un 30-a qədər döyüşçüsü Respublika Prokurorluğuna hücum etdi. Əməliyyata başçılıq edən Mahir Cavadov həmkarlarına qarşı dözümsüzlük göstərərək vəzifə borcunu icra edən respublikanın baş prokurorunu vəhşicəsinə döydü, prokurorluğun binasını zəbt edərək, dağıntılar törətdi. Daha sonra isə 40 nəfərlik dəstə ilə Daxili İşlər Nazirliyinə hücum olundu. Amma üsyançılar layiqli cavab alaraq geri çəkildi. Respublika Prokurorluğunun binası OMON tərəfindən mühasirəyə alındı. Oktyabrın 4-də Gəncədə S.Hüseynovun tərəfdarlarından ibarət 300-ə yaxın silahlı adam isə şəhər İcra Hakimiyyəti binasını və başqa strateji obyektləri ələ keçirdi. Eyni zamanda, Bakıda iki hərbi hissənin əsgərləri artilleriya qurğularını Prezident Sarayı, Ali Sovet və Müdafiə Nazirliyi binalarına tuşlayıb əmrə müntəzir dayanmışdı.

Böyük öndər həmişə olduğu kimi bu hadisələrdə də ilk növbədə xalqın köməyinə arxalandı. Oktyabrın 4-də axşamdan xeyli keçmiş Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyini müdafiə etmək üçün radio və televiziya ilə xalqa birbaşa müraciət etdi. Ümummilli liderimizin çağırışı gecə yarısı olmasına baxmayaraq, bütün xalqı ayağa qaldırdı. Oktyabrın 4-dən 5-nə keçən gecə yüz minlərlə insan Prezident Sarayı qarşısına toplaşdı. Bakı sakinləri ilə yanaşı, dövlətçiliyin müdafiəsinə rayonlardan da gələnlər az deyildi. Bunu görən dövlət çevrilişi cəhdinin təşkilatçıları Prezident Sarayına hücuma cəsarət etmədilər. Ulu öndərimizin həyata keçirdiyi operativ tədbirlər xəyanətkarlara qüvvələrini birləşdirməyə imkan vermədi. Gəncədəki çevriliş cəhdi baş tutmadı. Vəziyyətin dəyişdiyini görən Cavadov qardaşları dövlət başçısını müdafiə etdiklərini bəyan etdilər.

Oktyabrın 5-də Azadlıq meydanında bir milyon insanın iştirakı ilə keçirilən izdihamlı mitinq xalqla Prezidentin həmrəyliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Dövlət çevrilişi cəhdində günahkar sayılan S.Hüseynov hakimiyyətdən kənarlaşdırıldı. Rusiyaya qaçan Hüseynov cəzadan yaxasını qurtara bilmədi, tutularaq respublikaya gətirildi və məhkum edildi. Beləliklə, Ulu öndər Heydər Əliyevin qətiyyəti, müdrik daxili və xarici siyasəti Azərbaycanda silah gücünə dövlət çevrilişi etmək cəhdlərini puça çıxardı.

Lakin 1994-cü ildə Xalq - Heydər Əliyev birliyindən qorxuya düşüb geri çəkilən qüvvələr hələ də hakimiyyət hərisliyində idi. 1995-ci ilin martında ləğv olunan OMON yenidən xalqa, dövlətə qarşı silah çevirdi. Azərbaycan yenidən vətəndaş qarşıdurmasının bir addımlığında dayanmışdı. 1995-ci il martın 16-dan 17-nə keçən gecə paytaxtın “8-ci kilometr” qəsəbəsindəki “OMON” qərargahı yaxınlığında başlanan atışmada dünənədək cəbhə bölgəsində, erməni təcavüzkarları ilə savaşda səngər yoldaşı olmuş döyüşçülər üz-üzə dayandılar. Gerçək düşmən işğal etdiyi torpaqlarda əyləşdiyi halda, Azərbaycanın paytaxtında müharibə səhnəsi yaşanırdı. Amma sözügedən qarşıdurmanın səbəbkarı da, həmin xəcalətverici “müharibə səhnəsinin” müəllifləri də birmənalı olaraq hədsiz ambisiyalarını dövlətə zorla qəbul etdirmək istəyən qüvvələr idi. Amma onlar yenə də bir faktı unutmuşdular...

... Artıq ölkənin başında dayanan AXC və ya Müsavat deyildi, Ulu öndər Heydər Əliyev idi. Ulu öndərin qətiyyəti sayəsində az bir zamanda bu cəhdin də qarşısı alındı və Azərbaycan həm vətəndaş qarşıdurmasından, həm də siyasi xaosa sürüklənməkdən xilas oldu...

...1995-ci ilin mart olayları Azərbaycan dövlətini təhdid edən sonuncu qiyam cəhdi idi. Həmin cəhdin qarşısının qətiyyətlə alınması Azərbaycan dövlətini oyuncaq sayıb öz hikkəsini ona zorla qəbul etdirmək istəyənlərə birdəfəlik və sərt cavab oldu. Həmin hadisələrdə Heydər Əliyev qətiyyəti, Onun Ümummilli lider kimi nümayiş etdirdiyi siyasi iradə və əzm olmasaydı, Azərbaycan dövlətini hansı perspektivin gözlədiyini təsəvvür etmək çətin deyildi.

Ulu öndər Heydər Əliyevin xalqı və tarix qarşısında ən böyük xidmətlərindən biri də məhz kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu situasiyada Azərbaycan dövlətçiliyini xilas etməsi idi. Böyük öndər Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətin qorunması isə azadlıq, müstəqillik deməkdir. HEYDƏR ƏLİYEV Azərbaycan xalqının və dövlətinin azadlıq qarantı oldu. Azərbaycan dövlətçiliyi Ulu öndərin uzaqgörən siyasəti nəticəsində bütün imtahanlardan üzüağ çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi verdi və millətin özünəinam hissini qaytardı. Heydər Əliyev gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.

 

 

Yeni Azərbaycan.- 2010.- 5 may.- S.3.