Azərbaycanın yeni inkişaf mərhələsində
Sumqayıt modeli
Müstəqil Azərbaycan bu gün öz inkişafının intibah və tərəqqi dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin möhkəm təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə yeni-yeni nailiyyətlərə imza atır, uğurların əhatə dairəsini genişləndirir. Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan böyük bir regionun inkişafında əsas təkanverici qüvvə qismində çıxış edir, dünya səviyyəsində əhəmiyyətini artırır.
Azərbaycanın müasir nailiyyətləri ölkəmizin mühüm sənaye mərkəzi olan Sumqayıtın sosial-iqtisadi həyatına da yüksək sürət və keyfiyyət gətirib. Sumqayıtın 60 illik tarixinin ən parlaq səhifələri Ulu Öndər Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrə aiddir. Ümummilli liderin nəzər-diqqəti bu əmək şəhərindən heç vaxt əskik olmayıb. Onun Sumqayıta sonuncu dəfə səfər etdiyi 2003-cü ilin 3 arpel günü isə şəhər tarixinin yeni istinad nöqtəsinə çevrilib. Bu tarixi səfər Sumqayıtın işıqlı sabahına yol açıb, şəhərdə gələcək uğurların möhkəm təməlini qoyub. Heydər Əliyevin zəngin dövlətçilik irsini sədaqətlə yaşadan Prezident İlham Əliyevin rəhbərliyi ilə Sumqayıta göstərilən dövlət dəstəyi burada inkişafın yeni mərhələsinin əsasını qoyub.
Sakinlərin tələbatlarını maksimum ödəyə biləcək, rahat yaşayış şəraitinə malik sağlam və cəlbedici şəhər mühitinin yaradılması son illər ərzində Sumqayıtın davamlı inkişafının əsas məqsədinə çevrilib. Əhali üçün münasib yaşayış şəraitinin formalaşması şəhərdə məşğulluq imkanları, geniş və sərfəli sosial xidmətlər spektri, əlverişli sahibkarlıq mühiti, ekoloji standartlara riayət kimi bir sıra kompleks məsələlərin həllini nəzərdə tutur. Bir sözlə, Sumqayıtda yaşamaq və işləmək perspektivini insan üçün cəlbedici etmək şəhərin sənaye potensialının gücləndirilməsindən tutmuş, keyfiyyətli kommunal xidmətlərin təşkilinə kimi müxtəlif sahələrin inkişafını zəruri edir.
Bu baxımdan bir neçə rəqəmə nəzər yetirmək kifayətdir ki, şəhərin son illər ərzindəki sosial-iqtisadi inkişaf səviyyəsi barədə real təsəvvür yaransın. Son 6 il ərzində Sumqayıtda 50-dən çox iri və orta istehsal müəssisələrinin işə başlaması ümumilikdə 40 minə yaxın iş yerinin yaradılmasına imkan verib. 2003-cü illə müqayisədə Sumqayıtın ümumi məhsul və xidmətlər buraxılışının həcmi 3,7 dəfə, şəhərin sənaye sahəsində məhsul istehsalının həcmi 2,7 dəfə, şəhər əhalisinin həyat səviyyəsini səciyyələndirən orta aylıq əməkhaqqı 4 dəfədən çox artıb. Həmin dövrdə şəhər üzrə ayrı-ayrı sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına qoyulmuş investisiyaların həcmi 1,5 milyard manat təşkil edib. İlk baxışdan adi görünən bu statistik rəqəmlər şəhər əhalisinin yaşayış səviyyəsinin inkişaf dinamikasını, sakinlərin getdikcə yüksələn həyat keyfiyyətini real nümayiş etdirir.
Prezident İlham Əliyev tərəfindən Sumqayıt iqtisadiyyatının gələcək inkişaf yolu konkret olaraq müəyyən edilib: Sumqayıt müasir sənaye şəhərinə çevrilməlidir. Bu istiqamətdə atılmış vacib addımlar öz müsbət nəticələrini verməkdədir. Son dövrdə alim və mütəxəssislərin iştirakı ilə hazırlanmış kompleks tədbirlər, Sumqayıtın sosial-iqtisadi inkişaf perspektivlərinin təhlili məqsədilə mütəmadi keçirilən elmi-praktiki konfranslar şəhərin güclü sənaye potensialının hərəkətə gətirilməsinə təkan verib.
Hazırda şəhərdə yaradılan müəssisələr bir qayda olaraq ən yeni tələblərə cavab verir. Əvvəllər şəhər üçün xarakterik olmayan yeni müəssisələrin işə düşməsi Sumqayıtın sənaye xəritəsinin müasir görkəm almasına səbəb olub. Əgər yaxın keçmişdə sənaye məhsulu istehsalının həcmi əsasən şəhərin kimya müəssisələri ilə bilavasitə ölçülürdüsə, bu gün həmin asılılıq yenidən qurulmuş və yaradılmış iri istehsal sahələrinin fəaliyyəti nəticəsində aradan qaldırılıb.
525 meqavat gücündə Sumqayıt Elektrik Stansiyasının və çoxprofilli Sumqayıt Texnologiyalar Parkının fəaliyyətə başlaması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Sumqayıt Elektrik Stansiyası müasirliyinə və ən son elmi-texniki yeniliklərin tətbiqinə görə inkişaf etmiş ölkələrdəki oxşar energetika qurğuları ilə eyni səviyyədədir. Onun faydalı iş əmsalı müasir elektroenergetikada ən yüksək göstəricidir və nəticədə əvvəlki nəsil stansiyalarla müqayisədə xeyli həcmdə təbii qaza qənaət etməyə imkan verəcək. Elektroenergetikanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən və hazırda regionda ən iri enerji mərkəzi olan bu stansiya Sumqayıtın 60 illik yubileyinə mühüm töhfə olmaqla bərabər, respublikamızın enerji təhlükəsizliyinin möhkəmlənməsində böyük rol oynayacaq.
Bir çox ölkələrin davamlı inkişafına təsir edən faktorların təhlili göstərir ki, onların iqtisadi artımının əsas səbəbləri elmi-texniki tərəqqi nailiyyətlərinin istehsal prosesinə tətbiqi, yeni texnologiyaların mənimsənilməsi, innovativ fəaliyyətin stimullaşdırılması üçün şəraitin yaradılmasıdır. Bu baxımdan müasir sənaye müəssisəsinin-Sumqayıt Texnologiyalar Parkının birinci mərhələsində inşa olunmuş obyektlərin istifadəyə verilməsi nəinki şəhərin, bütövlükdə ölkəmizin həyatında əlamətdar hadisə olub. 45 hektarlıq ərazidə yerləşən, postsovet məkanında bənzəri olmayan bu texnoparkın istismara verilməsi ölkəmizdə elektroenergetikanın inkişafına, onun mövcud potensialının daha da möhkəmləndirilməsinə, enerji müəssisələrinin müasirləşdirilməsinə geniş imkanlar açacaq. Bu möhtəşəm iqtisadi kompleksin işə düşməsi ilə respublikamızın energetika qurğuları yerli texniki avadanlıq və məhsullarla təchiz olunacaq, elektroenergetika sənayesi üçün məhsullar hazırlayacaq zavodlar və istehsal xətləri yaradılacaq. MDB məkanında ən qabaqcıl texnologiyalara əsaslanan, ən son elmi-texniki yeniliklərə uyğun avadanlıq quraşdırılan bu texnopark müxtəlif gərginlikli mis və alüminium kabellər, təzyiqədavamlı plastik borular istehsal etməklə şəhərin sənaye potensialına əlavə güc qatacaq. Qısa müddət ərzində yaradılan bu sənaye şəhərciyi, cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın artan iqtisadi qüdrətinin əyani göstəricisidir.
Şüşə lifli borular istehsal edən “Azkompozit” zavodu, Avropanın qabaqcıl texnologiyaları əsasında yeyinti məmulatları istehsal edən “Bismak” və “Elitar” müəssisələri, məşhur “BASF” korporasiyasının və “Dizayn Qrup”un yerli istehsal sahələri şəhərin sənaye potensialında xüsusi yerə malikdirlər. Şəhərdə yüngül sənaye müəssisələrinin bərpası və inkişafı istiqamətində “İntertekstil” və “Xovlu İplik” müəssisələrində yenidənqurma işləri davam etdirilməkdədir. Son illər ərzində Sumqayıtda yaradılan müəssisələrə plastik boru məmulatları, elektrik tənzimləyiciləri, un və qənnadı məmulatları, beton, sement, karton istehsalı sahələrini aid etmək olar. Yeni açılan müəssisələr özləri ilə iş yerləri, yeni texnologiyalar, yüksək rifah gətirib.
Müasir dünyada şəhərin inkişaf səviyyəsini xarakterizə edən başlıca cəhətlərdən biri onun təmizliyi ilə əlaqədardır. Məişət tullantılarının idarə olunması işinin təkmilləşdirilməsi sahəsində ardıcıl görülən kompleks tədbirlər bu gün Sumqayıta təmizlik işlərini inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinə uyğun həyata keçirməkdə bir model rolunu oynamaq üçün əsas yaradır. Bu sahədə yaradılmış xüsusi qurum tərəfindən hüquqi və fiziki şəxslərlə müvafiq xidmətin göstərilməsinə dair müqavilələrin bağlanılması, təyinatından asılı olmayaraq bütün təşkilatların konteynerlərlə təchiz olunması, yeni kommunal texnikanın alınması şəhərin təmizliyinə əhəmiyyətli təsir göstərib. Hazırda Sumqayıtda tullantıların yığılması, daşınması və şəhər poliqonunda yerləşdirilməsi işi lazımi səviyyədə təşkil edilib. Yaxın müddətdə bu sahədə qarşıda duran əsas vəzifə bu prosesin tamamlanması, yəni, tullantıların çeşidlənməsi və təkrar emalı müəssisəsinin yaradılmasıdır.
Ölkələrin inkişaf səviyyəsinin təbii resurslardan daha çox insan kapitalı-elmi, intellektual sərvətlərdən asılı olduğu müasir dünyada təhsilin əhəmiyyəti olduqca yüksəkdir. Dünya təhsil sisteminə uğurla inteqrasiya olunan respublikamızda bu strateji sahəyə göstərilən dövlət qayğısı uğurlu gələcəyimizə möhkəm zəmin yaradır. Son illər ərzində ölkəmizdə 1600-dən çox yeni məktəb binası inşa edilərək şagirdlərin istifadəsinə verilmiş, azərbaycanlı tələbələrin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alması üçün müvafiq Dövlət Proqramı qəbul edilib. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana-yeni məktəb” layihəsi ölkəmizin müxtəlif guşələrində yaşayan minlərlə uşağın geniş, ən müasir avadanlıqla təchiz olunmuş sinif otaqlarında keyfiyyətli təhsil alması üçün gözəl şərait yaradıb.
Sumqayıtda təhsilin məzmununun müasirləşdirilməsi, onun keyfiyyətinin artırılması, yüksək səviyyəli təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi-texniki şəraitin yaradılması prioritet məsələlər kimi diqqət mərkəzində saxlanılır. Təhsil sahəsində ölkəmizdə qabaqcıl mövqeyə, formalaşmış ənənələrə malik Sumqayıtda 2003-cü ildən etibarən aparılmış kompleks xarakterli tədbirlər-bütün məktəblərin istiliklə təchizatı, dam örtüklərinin yenidən qurulması, yeni məktəb binaları və korpusların inşası, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi müstəsna əhəmiyyətə malik bu sahədə uzun illər ərzində yığılıb qalmış problemlərin həllinə şərait yaratmış, təhsilin məzmunu və keyfiyyətinə müsbət təsir edib. Sumqayıt məzunları hər il ali məktəblərə keçirilən qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticələr göstərir, respublika müsabiqələrində şəhəri təmsil edən orta ümumtəhsil müəssisələri və müəllimlər qalib yerləri tuturlar. Təhsil sahəsində pilot layihələr bir qayda olaraq məhz şəhərimizdə sınaqdan keçirilərək ölkədə özünə həyata vəsiqə qazanır. Respublikamızda ilk dəfə Sumqayıtda 2003-cü ildən başlayaraq təşkil olunan yay düşərgələri indi şəhərin bütün məktəblərini əhatə edir. Fərəhləndirici haldır ki, ötən il Sumqayıtda keçirilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin səyyar kollegiya iclasında şəhər təhsil şöbəsinin fəaliyyəti geniş təhlil edilərək onun qabaqcıl iş təcrübəsinin respublikada yayılması barədə qərar çıxarılıb.
Şagirdlərin məktəbdənkənar fəaliyyətinin səmərəli təşkilində mühüm rol oynayan Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində aparılmış yüksək keyfiyyətli yenidənqurma işləri, müasir avadanlıqlarla təchiz edilmiş müxtəlif dərnək otaqları, geniş, işıqlı sərgi və rəqs zalları uşaqların yaradıcılıq potensialının üzə çıxarılması üçün əlverişli şərait yaradıb. Ölkəmizdə bənzəri olmayan belə bir mərkəzin istifadəyə verilməsi ötən il respublikamızda elan edilən “Uşaq ili”ndə şəhərin azyaşlı sakinləri üçün ən gözəl hədiyyə olub.
Şəhərin səhiyyə ocaqlarında aparılan yenidənqurma işləri, bu ocaqların müasir diaqnostika, müayinə aparatları və xüsusi texnika ilə təchizatı əhaliyə göstərilən səhiyyə servisinin keyfiyyətinə müsbət təsir göstərir. Hazırda şəhərdə dövlət tibb müəssisələri ilə yanaşı, ən müasir avadanlıqlara malik onlarla özəl klinika və mərkəzlərin fəaliyyət göstərməsi bu mühüm sahənin uğurlu perspektivlərindən xəbər verir.
Məlumdur ki, əsası qoyulan vaxtdan Sumqayıt kimyaçılar şəhəri, ölkəmizin iri sənaye mərkəzi kimi formalaşıb. Vaxtilə birtərəfli istiqamət alan bu inkişaf şəhərin digər əhəmiyyətli sahələrini, xüsusilə də mədəni həyatını kölgədə qoyub. Son illər ərzində bu istiqamətdə qazanılan nailiyyətlər xüsusilə sevindiricidir.
Bu gün Sumqayıtda idman ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi işləri geniş vüsət alıb. Yenidənqurma işləri aparılan Şahmat-dama məktəbinin binası öz füsunkar görkəmi ilə şəhərin müasir memarlığına xüsusi yaraşıq bəxş edib. Beynəlxalq qrossmeysterlər yetişdirən Sumqayıtın Şahmat-dama məktəbi yeni şəraiti ilə uşaqların bu intellektual oyunun incəliklərinə yiyələnməsi üçün bütün imkanlara malikdir. Öz ölçülərinə görə müasir olimpiya mərkəzlərindən geri qalmayan 1 saylı Uşaq-Gənclər İdman Məktəbində yenidənqurma işlərinin, həmçinin, yeni Olimpiya Kompleksinin inşasının davam etdirilməsi daim özünün zəngin idman ənənələri ilə seçilən Sumqayıtın gələcək uğurlarına əminlik yaradır. Açılışında dövlət başçımızın iştirak etdiyi Sumqayıt Paraolimpiya İdman Kompleksi fiziki imkanları məhdud olan insanlar üçün istifadəyə verilmiş nadir mərkəzlərdəndir.
Şəhərin uğurlu inkişafı sakinlərin maraqlarının maksimum nəzərə alınmasını şərtləndirir. Şəhər rəhbərliyi və yerli dövlət qurumları tərəfindən sakinlərlə keçirilən səyyar qəbullar, mütəmadi təşkil olunan internet-forumlar əhali ilə sıx ünsiyyət qurmağa, idarəetmədə vətəndaşların maraqlarına xidmət edən qərarların verilməsinə imkan yaradır. Əhali ilə icra strukturları arasında sağlam körpü rolunu oynayan bu vasitələr şəhərdə görüləcək işlərin daha dəqiq planlaşdırılmasını təmin etmək məqsədinə xidmət edir.
Bu gün sakinlər tərəfindən edilən müraciətlər, qaldırılan məsələlər Sumqayıtın son illər ərzindəki inkişaf dinamikasını təhlil etməyə imkan yaradır. 5-6 il bundan öncə sakinləri ən çox narahat edən mənzil-məişət xarakterli problemlər-yaşayış binalarının dam örtüklərinin, zirzəmilərin təmiri, liftlərin yenidən qurulması, yaşayış massivlərinin abadlaşdırılması məsələləri həllini taparaq arxada qalıb. Vaxtilə, xüsusilə qış mövsümündə sakinlərin çoxsaylı şikayətlərinə səbəb olan elektrik enerjisinin və təbii qazın verilməsində fasilələrin yaranması ilə bağlı müraciətlər də indi artıq öz aktuallığını itirib. Hazırda Sumqayıtın bütün ərazisinin içməli su ilə təchizatı yüksək səviyyədədir. Ötən əsrin 40-cı illərində istismara verilən 10 km uzunluğunda şollar su xəttinin keçən il Prezident İlham Əliyevin tapşırığı və bilavasitə köməkliyi ilə yenidən qurulması şəhərin 120 mindən çox sakininin su təchizatının yaxşılaşmasına xidmət göstərib. Sözsüz ki, bu müsbət nailiyyətlər qeyd edilən sahələrdə işin əvvəlki illərin praktikasından fərqli olaraq sakinlərin ayrı-ayrı şikayətləri əsasında deyil, kompleks yanaşma xarakteri daşıyan qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində mümkün olub.
Son illər ərzində Sumqayıtda aparılan genişmiqyaslı abadlıq, quruculuq işləri şəhərin görkəmini əsaslı dəyişdirib, onu müasirləşdirib. İnşa olunan yeni yüksəkmərtəbəli yaşayış binaları, yenidən qurulan yol şəbəkəsi, salınan park və yaşıllıqlar, tikilən fəvvarələr şəhərin simasının daha da gözəlləşməsi ilə nəticələnib. Hazırlanmış xüsusi eskiz layihələrinə uyğun olaraq, şəhərin müxtəlif yerlərində 300-ə yaxın yaşayış binasının zövqoxşayan boyalarla rənglənməsi yeniləşən Sumqayıtın mənzərəsinə yaraşıq gətirib. Küçə işıqları sistemi yenidən qurulan Sumqayıt indi gecələr nur selinə qərq olur, müasir işıqlandırma fanarları şəhərin gözəlliyinə yeni çalar qatır.
Sumqayıtda inşa olunan və yenidən qurulan təhsil, mədəniyyət, səhiyyə, idman ocaqları, yaşayış və inzibati binalar, bank və xidmət mərkəzləri həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından bir qayda olaraq ən müasir standartlara cavab verir. Sumqayıtın ictimai həyatında daim öz fəallığı ilə seçilən yaşlı nəslin nümayəndələri üçün inşa olunan Ağsaqqallar Evi şəhərin quruculuğuna xidmətləri olan insanların həm rahat iş yeri, həm də istirahət guşəsidir.
Sumqayıtın inkişafında əldə edilən uğurların miqyası şəhərin xarici əlaqələrində özünü aydın şəkildə göstərir. Bu gün Sumqayıt dünyanın 10 ölkəsinin 12 şəhəri ilə partnyor əlaqələr saxlayır. Son vaxtlar Sumqayıtın partnyorları sırasına İtaliyanın Bari, Avstriyanın Lints, Türkiyənin Ceyhan, Belarusun Mogilyov, Qazaxıstanın Aktau şəhərləri də əlavə olunub. Sumqayıt Almaniyanın Lüdviqshafen, Çinin Cucou, Ukraynanın Çerkassı, Gürcüstanın Rustavi şəhərləri ilə dostluq əlaqələrini daha da gücləndirib.
Şəhərin əmək adamlarının fəal iştirakı ilə görülən məqsədyönlü tədbirlər bu gün Sumqayıtı əsl yeniliklər meydanına çevirib. 60 illik tarixə malik olan Sumqayıt ötən il öz yubileyini şəhər həyatının bütün sahələrində zəngin nailiyyətlərlə qarşılayıb. Cənab Prezidentin Sumqayıtın yubileyinin ölkə üzrə geniş qeyd edilməsi, şəhərdə aparılan abadlıq və quruculuq işlərinin sürətləndirilməsi məqsədilə əlavə vəsaitin ayrılması, şəhərin inkişafında xidmətləri olan bir qrup insanın fəxri adlar, orden və medallarla təltif edilməsi barədə imzaladığı sərəncamlar Sumqayıtın şanlı keçmişi və müasir uğurlarına verilmiş çox yüksək qiymət olub.
Əminik ki, ölkəmizin müasir sənaye şəhərinə çevrilən Sumqayıtın güclü potensialı, yüksək ixtisaslı əmək resursları, inkişaf etmiş təhsil sistemi, sağlam ictimai-mənəvi mühiti və ən əsası cənab Prezidentin şəhərimizə olan yüksək qayğısı qarşımızda duran bütün sosial-iqtisadi proqramların icrasına imkan verəcək.
Vaqif Əliyev
Yeni Azərbaycan.- 2010.- 8 may.- S.5.