“Heydər Əliyev və
inkişafın Azərbaycan modeli”
Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 87-ci ildönümü münasibətilə
bu mövzuda konfrans keçirib
Mayın 8-də Yeni Azərbaycan
Partiyası (YAP) “Gülüstan” sarayında müstəqil
dövlətimizin memarı, YAP-ın yaradıcısı,
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci
ildönümünə həsr olunmuş “Heydər Əliyev
və inkişafın Azərbaycan modeli” mövzusunda konfrans
keçirib. Konfrans iştirakçıları öncə Fəxri
Xiyabanda Ulu öndərin məzarını ziyarət ediblər.
Görkəmli oftalmoloq alim,
akademik Zərifə xanım Əliyevanın da xatirəsi
anılıb, məzarı üzərinə
gül-çiçək düzülüb. Konfransı
giriş sözü ilə açan YAP Sədrinin
müavini-İcra katibi, millət vəkili Əli Əhmədov
bildirib ki, bir neçə ildir ki, Yeni Azərbaycan Partiyası
Ümummilli lider Heydər Əliyevin zəngin irsinin ətraflı
öyrənilməsi və təbliği məqsədi ilə
hər il Onun anadan olduğu gün ərəfəsində
konfrans keçirir. Bu il də əvvəlki illərdə
olduğu kimi, konfransın materialları partiyanın İcra
Katibliyi tərəfindən toplanaraq kitab şəklində
çap olunub. YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin doğum
günü hər il xalqımız tərəfindən
geniş və yüksək əhval-ruhiyyə ilə qeyd
olunur. Bu il də ölkəmizin hər yerində,
dünyanın azərbaycanlıların
yaşadığı hər bir ölkəsində Ulu öndərin
xatirəsi anılır, Ona insanların dərin hörmət
və ehtiramı bir daha vurğulanır.
Əli Əhmədov bildirib
ki, bütün bunların hamısı tariximizin
yetişdirdiyi böyük şəxsiyyətə
xalqımızın dərin məhəbbətini göstərməklə
yanaşı, həm də Azərbaycanda formalaşmış
dövlətçilik təfəkkürünün ifadə
formalarından biridir. Müasir müstəqil Azərbaycan
dövlətçiliyinin yaradıcısı Heydər Əliyevin
xatirəsinə dərin hörmət və ehtiramın ifadə
olunması, eyni dərəcədə dövlətçiliyimizə
vətəndaş hörmət və ehtiramının ifadəsidir.
YAP Sədrinin müavini qeyd
edib ki, Azərbaycanın son 40 illik inkişaf tarixi birbaşa
Heydər Əliyevin adı və ideyaları ilə
bağlıdır. Müstəqil Azərbaycan dövlətinin
formalaşması, bununla yanaşı, cəmiyyətin
bütün sahələrinin yüksək dinamik
inkişafı Heydər Əliyevin adı, fəaliyyəti və
ideyaları ilə əlaqədardır. Bu gün Azərbaycanın
yüksək inkişaf nümunələri nümayiş
etdirdiyini vurğulayan natiq bildirib ki, ölkəmizin tərəqqisi,
müasirləşməsi, ölkənin bütün regionlarında
quruculuq və abadlıq işlərinin geniş vüsət
alması Ulu öndərin ideyalarının hər bir vətəndaşımız
tərəfindən həyata keçirilməsinin bariz ifadəsidir.
Əli Əhmədov məmnunluq
hissi ilə qeyd edib ki, Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasət məhz Ümummilli liderin ideyaları əsasında
qərar tutub. Heydər Əliyev ideyaları bu gün Azərbaycanın
əldə etdiyi iqtisadi uğurların, milli-mənəvi dəyərlərimizin
qorunması və inkişaf etdirilməsi sahəsində
çoxşaxəli fəaliyyətin əsasında
dayanır. Konfransın inkişafın Azərbaycan modelinə
həsr olunduğunu diqqətə çatdıran YAP Sədrinin
müavini, həmin modelin tərkib hissələri olan yüksək
iqtisadi dinamikanı, onun formalaşması üçün
siyasi-ictimai zəmin hazırlamış daxili sabitliyi, bazar
iqtisadiyyatı ilə sosial ədalət prinsiplərinin
qovuşması nəticəsində yaranmış sosial bazar
prinsiplərini, eyni zamanda, ölkəmizin beynəlxalq
inteqrasiya proseslərinə qovuşmasını xüsusi qeyd
edib. “Məhz bu modelin formalaşması nəticəsində
Azərbaycanda bütövlükdə müasirləşmə
və yeniləşmə prosesləri uğurla həyata
keçirilib. Bu modelin mahiyyəti Azərbaycan xalqının
rifah halının yaxşılaşmasına xidmət edir” -
deyə, o, vurğulayıb.
Konfransda YAP İdarə Heyətinin
üzvü, təhsil naziri Misir Mərdanov
“İnkişafın Azərbaycan modeli və təhsilimiz”
mövzusunda məruzə ilə çıxış edib. M.Mərdanov
bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti
və genişmiqyaslı islahatçı fəaliyyəti,
müstəsna təşkilatçılığı sayəsində
son illərdə qazanılmış nailiyyətlər birmənalı
şəkildə Ulu öndər Heydər Əliyevin dövlətçilik
ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər
bir Azərbaycan vətəndaşının qəlbində
milli iftixar və ölkəmizin işıqlı gələcəyinə
dərin inam hisslərini daha da gücləndirib. Azərbaycan
dövlətinin elmə, təhsilə həmişə
xüsusi diqqət yetirdiyini vurğulayan nazir deyib ki, təhsilə
ayrılan vəsaitin ilbəil artması Prezident İlham Əliyevin
bu sahəni dövlət siyasətinin əsas prioritetlərindən
biri hesab etməsi ilə birbaşa bağlıdır. Bu mənada
“təhsil əsri” elan edilən XXI əsrdə yüksək
intellektə malik insan kapitalının formalaşması və
güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu
heç vaxt indiki qədər aktual olmayıb. O, qeyd edib ki, təhsilə
ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə
5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard
manata çatıb, 2009-cu ildə isə 1,3 milyard manat təşkil
edib. “Təhsil tariximizdə ilk dəfə olaraq Prezident
İlham Əliyev tərəfindən “Ən yaxşı
ümumtəhsil məktəbi” və “Ən yaxşı
müəllim” mükafatlarının təsis edilməsi
haqqında” Sərəncam imzalanıb, 2008-ci və 2009-cu illərdə
müsabiqələr keçirilib, “Ən yaxşı
ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi
olmuş 50 məktəbin hər birinə 10 min manat, “Ən
yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş
100 müəllimin hər birinə 5 min manat məbləğində
birdəfəlik pul mükafatı verilib. Məhz dövlətimizin
başçısının təhsilə diqqət və
qayğısının nəticəsidir ki, təhsil tariximizdə
ilk dəfə olaraq 16 inkişafyönümlü Dövlət
Proqramı təsdiq olunub və uğurla həyata
keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin
inkişafı üzrə real vəziyyətin təhlili əsasında
hazırlanıb təsdiq edilmiş bu proqramların həyata
keçirilməsi nəticəsində təhsil
infrastrukturunun müasir tələblərə uyğun
qurulması, təhsilin məzmununun yeniləşdirilməsi,
yeni dərslik siyasətinin reallaşdırılması
mümkün olub” - deyə, M.Mərdanov vurğulayıb.
Nazir bildirib ki, təhsil
alanların nailiyyətlərinin qiymətləndirilməsi
üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək
bazarının tələbatına uyğun kadr
hazırlığı və təminatının
yaxşılaşdırılması, təhsil müəssisələrinin
informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi
və təhsil sisteminin informasiyalaşdırılması həyata
keçirilib. Məktəbəqədər, texniki-peşə,
ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların
inkişafı, xüsusi qayğıya ehtiyacı olan
uşaqların təhsilinin təşkili,
de-institutlaşdırma və digər sahələrdə əhəmiyyətli
nailiyyətlər əldə olunub. “Məktəblərin
infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər
Əliyev Fondunun müstəsna xidmətləri olub. Fondun təşəbbüsü
ilə 300-ə yaxın yeni məktəb, uşaq
bağçası, uşaq evi, internat məktəbi binası
tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa
olunub, müasir avadanlıqla təchiz edilib. 550-dən
çox məktəb əsaslı təmir edilib, müasir
avadanlıqla təchiz olunub. 708 məktəb və 10 rayon təhsil
şöbəsi müasir avadanlıqla təchiz edilib. Yeni məzmun
yeni nəsil dərsliklərin hazırlanmasını da zəruri
edib. 2003-2009-cu illərdə milli-mənəvi dəyərlər
əsasında müasir tələblərə uyğun məzmunda
ümumilikdə 35 milyon nüsxə dərslik çap edilib”
- deyə, o, bildirib.
Dünya və beynəlxalq fənn
olimpiadalarında Azərbaycan məktəblilərinin
uğurları barədə danışan nazir
vurğulayıb ki, son illər bu yarışlarda 11
qızıl, 28 gümüş, 60 bürünc olmaqla
ümumilikdə 99 medal qazanılıb.
Davamlı insan
inkişafı sahəsində ölkənin təhsil müəssisələrində
həyata keçirilən islahatlar BMT tərəfindən
yüksək qiymətləndirilib, Azərbaycan təcrübəsi
bütün üzv ölkələrə nümunə kimi
tövsiyə olunub.
YAP İdarə Heyətinin
üzvü, Milli Məclisin Regional məsələlər
komitəsinin sədri Arif Rəhimzadə “Yeni inkişaf mərhələsində”
mövzusunda məruzə edib. O, bildirib ki, Prezident İlham Əliyevin
iqtisadi sahədə keçid dövrünün başa
çatması barədə bəyanatı ölkəmizin irəliləyişində
yeni mərhələnin başlandığını
nümayiş etdirib: “Bu irəliləyiş təkcə
ölkənin iqtisadi qüdrətinin artması ilə deyil, həm
də keyfiyyətcə yeni hədəflərin müəyyənləşdirilməsi,
daha mürəkkəb vəzifələrin yerinə yetirilməsi
ilə bağlı olacaq. Həmin vəzifələr
sırasında ən vacibi idxalı əvəz edən məhsul
istehsalının artırılması barədə dövlət
başçısının göstərişidir.
İdxalın əvəz edilməsi problemi heç də bu
gün meydana gəlməyib. Ötən 15 ildə sənaye və
kənd təsərrüfatı istehsalının inkişaf
etdirilməsi və istehlak olunan məhsullar içərisində
özümüzün istehsal etdiyimiz malların payının
artırılması üçün faydalı tədbirlər
görülüb. Bu tədbirlər ölkədə
iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı sahəsində
həyata keçirilən proqramların tərkib hissəsidir”.
A.Rəhimzadə qeyd edib ki,
kredit siyasəti, elektroenergetika, yol və digər kommunikasiya
obyektlərinin, məhsul emalı və saxlanması müəssisələrinin
tikintisinə dair genişmiqyaslı proqram, kiçik və
orta biznesin dəstəklənməsi, hüquqi şəxslərin
qeydiyyatının sadələşdirilməsi xətti Ulu
öndər Heydər Əliyev tərəfindən müəyyən
olunub və reallaşdırılan digər tədbirlər həmin
məqsədlərin əldə edilməsinə yönəldilib.
Milli Məclisin komitə sədri bildirib ki, ideya nə qədər
cəlbedici olsa da, əvvəllər o, üstün vəzifə
kimi irəli sürülə bilmirdi: “Ölkənin
sosial-iqtisadi göstəriciləri, yüksək inkişaf
dinamikası bu vəzifənin qarşıya qoyulması
üçün təməl yaradıb. Ötən il
dünyada maliyyə böhranının hökm
sürdüyü şəraitdə belə, Azərbaycan
ÜDM-in və sənaye istehsalının artımına
görə lider mövqelərini qoruyub saxlaya bilib. Kənd təsərrüfatı
məhsullarının həcmi 3,5 faiz artıb. Makroiqtisadi
sabitlik qorunub, investisiya və sosial proqramlar yerinə yetirilib,
inflyasiyanın xeyli azaldılmasına nail olunub. Ölkənin
valyuta ehtiyatları rekord göstəricilərə
çatıb”.
A.Rəhimzadə
vurğulayıb ki, aqrar sahə ölkə iqtisadiyyatında həmişə
çox böyük yer tutub. Onun sözlərinə görə,
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev
bu sahəni əsas prioritetlərdən biri sayırdı:
“Ölkənin son illər artan iqtisadi potensialı və
büdcə imkanları bu sahəyə dövlət dəstəyinin
həcmini artırmağa imkan verib. 2004-cü ildən
başlayaraq fermerlərin yanacağa, sürtkü
materiallarına və mineral gübrələrə çəkdikləri
xərclərin xeyli hissəsi dövlət büdcəsinin vəsaiti
hesabına kompensasiya edilir. Fermer təsərrüfatlarının
və kənd təsərrüfatı məhsullarının
emalı sahəsinin inkişafına güzəştli kreditlər
ayrılır. Kənd təsərrüfatı
maşınlarının və avadanlığının
lizinqi getdikcə daha çox inkişaf edir. Təsərrüfatlar
güzəştli şərtlər əsasında məhsuldar
mal-qara ilə təmin edilir. Buğda becərilməsinə
görə xeyli güzəştlər müəyyənləşdirilib.
Təsərrüfatların texnika və avadanlıqla təchizatı
yaxşılaşdırılır, onlara aqrotexniki xidmət
göstərən müəssisələr yaradılır. Kənd
yerlərində məhsulun emalı, saxlanması və tədarükü
müəssisələri tikilir ki, bu da itkilərin
azaldılmasına, kəndlilərin istehsal fəaliyyətindən
götürdükləri gəlirlərin
artırılmasına şərait yaradır. 2008-2015-ci illərdə
respublika əhalisinin etibarlı ərzaq təminatına dair
Dövlət Proqramı həyata keçirilir”.
Parlamentin komitə sədri
qeyd edib ki, idxalın əvəz edilməsi, daxili bazarın
qorunması və istehsal etdiyimiz məhsulların
ixracının artırılması bütövlükdə
aqrar sektorun inkişafına yeni yanaşmadır. Prezident
İlham Əliyev tərəfindən keyfiyyətcə yeni
olan bu vəzifənin qarşıya qoyulması ölkəmizin
iqtisadi qüdrətinin dinamik inkişafının bariz
nümunəsidir.
Milli Məclisin Elm və təhsil
komitəsinin sədri, Dövlət İqtisad Universitetinin
rektoru Şəmsəddin Hacıyev isə “Azərbaycanda
keçid dövrünün başa çatması və
milli iqtisadi inkişaf modelinin formalaşması” mövzusunda məruzəsində
bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş və uğurla reallaşdırılan milli iqtisadi
inkişaf strategiyasının hədəflərinin bir
çoxuna nail olunması, milli iqtisadiyyatın
formalaşması prosesinin başa çatması və onun
keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm
qoyması çox mühüm hadisə kimi qiymətləndirilməlidir.
Azərbaycanda inzibati-amirlik
sistemindən bazar iqtisadi sisteminə keçid prosesinin XX əsrin
90-cı illərinin əvvəllərindən
başlandığını xatırladan Ş.Hacıyev
vurğulayıb ki, kifayət qədər mürəkkəb
xarakterə malik olan və kompleks amillər sisteminin əsaslı
şəkildə dəyişdirilməsini nəzərdə
tutan bu prosesin 20 ildən də qısa müddətdə
başa çatması diqqətəlayiqdir. Xüsusi qeyd edilməlidir
ki, biz transformasiya dövrünü başa vuraraq bir ictimai
quruluşdan başqa quruluşa - həm də sadəcə
olaraq klassik, yaxud neoliberal dəyərlərin hakim olduğu
bazar iqtisadiyyatına deyil, sosialyönümlü bazar
iqtisadiyyatına keçmişik.
Ş.Hacıyev bildirib ki, Azərbaycan
2003-cü ildən sonrakı qısa müddət ərzində
öz iqtisadiyyatının həcmini üç dəfədən
də çox artırıb. Respublikamız bütün
makroiqtisadi göstəricilərin səviyyəsinə görə,
indi orta səviyyəli inkişaf etmiş ölkələrlə
bir sırada dayanır. Azərbaycan iqtisadi gücünə və
potensialına görə, regionun lider ölkəsinə
çevrilib. “Məlum həqiqətdir ki, 2008 və 2009-cu illər
dünya iqtisadiyyatı üçün qlobal iqtisadi
böhranın baş verməsi və demək olar ki,
dünyanın bütün ölkələrinin bu
böhranın mənfi təsirlərinə məruz
qalması ilə xarakterizə olunur. 2009-cu ilin sosial-iqtisadi
yekunları Azərbaycan iqtisadiyyatının bu kimi qlobal
iqtisadi böhranlara qarşı nə dərəcədə
davamlı və dayanıqlı olduğunu bir daha sübut
etmiş oldu. Ölkəmiz bir çox beynəlxalq iqtisadi
qurumlar tərəfindən qlobal iqtisadi böhranın təsirlərinə
ən az məruz qalmış ölkələrdən biri kimi
qiymətləndirilib. 2009-cu ildə dünya iqtisadiyyatında
1.1 faizlik geriləmə müşahidə olunduğu halda, Azərbaycanda
ÜDM-in 9.3 faiz artımına nail olunub. Nəticədə,
2009-cu ildə ölkədə adambaşına düşən
ÜDM 3917 manata (7.9 faiz artım), orta aylıq əməkhaqqı
isə 298 manata (6.8 faiz artım) çatıb, yoxsulluğun səviyyəsi
11 faizə qədər aşağı enib. Bütün bunlar
düşünülmüş iqtisadi siyasət,
ardıcıl və sistemli həyata keçirilən
qabaqlayıcı tədbirlər sayəsində mümkün
olub.
Dünya valyuta-maliyyə
bazarlarında kəskin tənəzzülün baş verdiyi
bir vaxtda, Azərbaycanda strateji valyuta ehtiyatlarının həcminin
20 mlrd. ABŞ dollarını ötüb keçməsi, orta
illik inflyasiyanın 1.5 faiz səviyyəsində olması,
yerli bankların aktivlərinin 14 faiz artması, milli
valyutanın mübadilə kursunun sabit olması və 2009-cu
ildə ölkə iqtisadiyyatına 9.2 mlrd. ABŞ dolları həcmində
investisiya qoyulması ölkə başçısı cənab
İlham Əliyev tərəfindən uğurla
reallaşdırılan iqtisadi strategiyanın uzunmüddətli
hədəflərə yönəlməsini və elmi əsaslandırılmış
prinsiplərə söykəndiyini bir daha təsdiqləyir.
Xüsusi qeyd edilməlidir
ki, hazırkı böhran Azərbaycanda investisiya layihələrinin
reallaşdırılmasına, yeni iş yerlərinin
açılmasına, regionların sosial-iqtisadi
inkişafının gücləndirilməsinə, nəhəng
infrastruktur layihələrinin həyata keçirilməsinə,
kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə,
aztəminatlı əhalinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin
həyata keçirilməsinə heç bir maneə yarada
bilməyib” - deyə Ş.Hacıyev vurğulayıb.
Daha sonra, Dövlət Sosial
Müdafiə Fondunun sədri Səlim Müslümov “Sosial
müdafiənin Azərbaycan modeli” məruzəsində
bildirib ki, hər bir cəmiyyətin həyatının dəyərləndirilməsinə
diqqəti çəksək, inkişafın əsas məqsədi
olan sosial rifah ön plana çıxır. Azərbaycanın
sosial müdafiə modeli onun sosial-iqtisadi həyatının əsas
mərhələlərinin təsiri ilə formalaşıb
dövlət quruculuğu fəlsəfəsinin başlıca
elementlərindən biri kimi meydana gəlib.
S.Müslümov
vurğulayıb ki, hakimiyyətə gəldiyi ilk günlərdən
Ulu öndər Heydər Əliyevin gələcəyə
hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi
çoxşaxəli fəaliyyətin başlıca məqsədi
kimi təyin olunub. Müstəqillik
dövründə sığorta-pensiya sisteminin Azərbaycan
modelinin formalaşmasından danışan S.Müslümov
bildirib ki, ötən dövrdə sosial sığorta, fərdi
uçot və pensiya təminatı sahəsində idarəetməni
həyata keçirən Dövlət Sosial Müdafiə
Fondunun fəaliyyəti beynəlxalq standartlar əsasında
tamamilə yenidən qurulub: “Ölkəmizdə qurulmuş
yeni sığorta-pensiya sistemində pensiyaların
artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə
uyğun şəkildə dəyişdirilməsi mövcud
maliyyə imkanlarının əmək
pensiyaçıları arasında ədalətli
bölgüsünə imkan verib. Beləliklə, ölkəmizdə
ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə,
yəni inflyasiyaya uyğun indeksləşdirmə
aparılmağa başlanıb. Nəticədə, yeni sistem fəaliyyətə
başladığı dövrdən indiyədək əmək
pensiyalarının minimum məbləği 3 dəfə, orta
aylıq məbləği isə 3,4 dəfə artıb.
Sığorta-pensiya sisteminin Azərbaycan modelinin digər
mühüm bir cəhəti onun əhatəliliyidir. 2007-ci il
yanvarın 1-dən hərbi qulluqçular və xüsusi
rütbəli şəxslərin məcburi dövlət sosial
sığortasına cəlb edilməsi və fərdi
uçotla əhatə olunmasına, həmin şəxslərin
və dövlət qulluqçularının əmək
pensiyaları ilə təminatına keçilib. İşləyənlərə
pensiya və sosial sığorta müavinətlərinin verilməsi
də yeni qaydalarla əhatə olunub”.
S.Müslümov
vurğulayıb ki, Azərbaycanın sığorta-pensiya
modelinin uğurlu nəticələri Ümummilli lider Heydər
Əliyevin sosial müdafiənin yenidən qurulması
strategiyasının və onun icrası sahəsində
Prezident İlham Əliyevin həyata keçirdiyi
islahatların nə qədər düzgün və
alternativsiz olduğunu təsdiqləyir. “Ümummilli liderimizin
Pensiya İslahatı Konsepsiyası Azərbaycanın müasir
və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya
modelini ortaya qoyub. İslahat pensiyaçıların sosial
müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin
olunması məqsədilə pensiya ödənişlərinin etibarlı maliyyə təminatına
nail olunması, pensiya təminatı sisteminin bazar
iqtisadiyyatı prinsiplərinə
uyğunlaşdırılması və onun rolunun
artırılması, pensiya və müavinət ödənişləri
üçün nəzərdə tutulan vəsaitin tam
yığılması və məqsədyönlü istifadəsi,
pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə
onun səmərəliliyinin yüksəldilməsi, sosial
sığorta haqları ilə ödənişlər
arasındakı əlaqənin
uyğunlaşdırılması kimi mühüm problemlərin
həllinə yönəldilib. Qeyd olunan məqsədlərə
çatmaq və qarşıda duran problemləri həll etmək
üçün pensiya sisteminin idarə olunması üzrə
prinsipial tələblər, pensiya islahatının həyata
keçirilməsi mərhələləri Ulu öndərimiz
tərəfindən dəqiq müəyyən olunmuşdu.
Respublikamızın həyatının
bütün sahələrində olduğu kimi, sosial sahədə
də Ümummilli liderimizin müəyyənləşdirdiyi
prinsiplər uğurla
reallaşdırılıb. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə
respublikamızın həyatının bütün sahələrində
davam etdirilən sürətli islahatlar insanlarımızın
sosial müdafiəsini gücləndirməyə geniş
imkanlar yaradıb, ölkəmizdə aztəminatlı əhalinin
sosial müdafiəsi sahəsində yeni bir sistem formalaşıb. Bu məqsədlə,
2003-2005-ci illərdə pilot və hazırlıq tədbirləri
başa çatdırılıb, 2006-cı ildən
sığorta-pensiya sistemi ilə dövlət sosial yardım
sistemlərinin bir-birindən ayrılması və beynəlxalq
standartlar əsasında fəaliyyət göstərməsi təmin
edilib. 2006-cı ilin yanvarın 1-dən ölkədə sosial
sığorta münasibətlərinə əsaslanan əmək
pensiyaları sistemi tətbiq olunub, pensiyaçıların
sosial müdafiəsinin dövlət tənzimləməsi və
bazar münasibətləri əsasında təminatının
müasir forması təşəkkül tapıb. Eyni zamanda,
əmək qabiliyyətini itirmiş, lakin əmək
pensiyası hüququ olmayan
şəxslərin sosial müdafiəsi üçün
dövlət sosial müavinətlərinin, gəlirləri
aşağı olan ailələrin sosial müdafiəsi
üçün isə ünvanlı dövlət sosial
yardımı sisteminin uğurla tətbiqinə
başlanılıb” - deyə, S.Müslümov bildirib.
Daha
sonra, konfrans işini “Heydər Əliyev yolu - milli
inkişaf strategiyası”, “İnkişafın Azərbaycan
modeli: Başlıca xüsusiyyətlər və meyllər” və
“Azərbaycan yeni mərhələdə: uğurlu nəticələr
və perspektivlər”
mövzularında bölmə iclaslarında davam etdirib.
“Heydər Əliyev yolu -
milli inkişaf strategiyası” bölməsinə rəhbərlik
edən Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi
Şurasının üzvü Ziyafət Əsgərov bildirib
ki, dövlət orqanlarının fəaliyyətini müəyyən
çərçivəyə salan konstitusiya
normalarının sabitliyində hər bir dövlətin
böyük marağı var. Onun sözlərinə görə,
Konstitusiyanın sabitliyi hüquq subyektləri arasında
qarşılıqlı əlaqələrin
davamlılığında, daim və məqsədyönlü
şəkildə ictimai münasibətlərə və vətəndaşların
hüquq düşüncəsinə onun etdiyi təsirdə
özünü göstərir. Z.Əsgərov bildirib ki, Ulu
öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan
Konstitusiyasının əsas məqsədi insan hüquq və
azadlıqlarının, vətəndaşlara layiqli həyat səviyyəsinin
təmin edilməsidir: “Konstitusiyanın inkişaf dinamikası
cəmiyyətdə mövcud olan ictimai-siyasi münasibətlərə
adekvat baş verir. Bu baxımdan, Konstitusiya cəmiyyətin və
dövlətin inkişafına xidmət edən və cəmiyətdə
“hüquq balansı” qoruyub saxlayan əsas normativ hüquqi sənəddir”.
Bölmə iclasında həmçinin,
YAP İdarə Heyətinin üzvləri Zahid Qaralov və millət vəkili,
Mixail Zabelin, YAP İcra katibinin müavini, millət vəkili
Siyavuş Novruzov, Milli Məclisin deputatları Fəttah Heydərov,
Eldar İbrahimov, Aydın Mirzəzadə, Məlahət
İbrahimqızı, Asəf Hacıyev, Musa Quliyev, YAP Siyasi
Şurasının üzvü Xeyrəddin Qoca və
başqaları çıxış ediblər.
Çıxışlarda fenomen şəxsiyyət Heydər Əliyevin
dövlətçiliyimizin, müstəqilliyimizin qorunması
və möhkəmləndirilməsi sahəsindəki tarixi
xidmətləri bir daha diqqətə
çatdırılıb. Qeyd olunub
ki, Ulu öndər Heydər Əliyev bütün həyatını
Azərbaycana və Türk dünyasına həsr edib, Azərbaycanın
xoşbəxt gələcəyi naminə ömrünü
xalqına bağışlayıb. Azərbaycan və Heydər
Əliyev - bir-birindən ayrılmaz hesab olunan bu iki qüvvə
bu gün bütün azərbaycanlıların rəmzinə
çevrilib. Çıxışlarda vurğulanıb ki, Ulu
öndər Heydər Əliyevin tariximizdə
oynadığı rol - illər keçdikcə daha dərindən
dərk edilir, əsl qiymətini alır.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2010.- 12 may.- S.5-6.