Dövlət Proqramının uğurla icra olunması Biləsuvar rayonunun yüksək inkişafını təmin edib

 

Rayonda davamlı xarakter alan yeni müəssisə, zavod və fabriklərin istifadəyə verilməsi rəqabət bazarını formalaşdırmaqla yanaşı, ölkəmizin ixrac potensialının gücləndirilməsinə də xidmət edir

 

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin nəticələri ölkəmizin hər bir vətəndaşının və sakininin həyatında öz əksini müsbət mənada tapır. Sürətli inkişaf yoluna qədəm qoyan, Cənubi Qafqaz regionunun liderinə çevrilən və bütövlükdə dünyada mövqelərini daha da möhkəmləndirən Azərbaycanın bütün sahələrdə diqqəti cəlb edən inkişafı artıq davamlı xarakter alıb. Hətta dünya tarixinə böhran ili kimi daxil olan 2009-cu ildə ölkə iqtisadiyyatında 10 faiz artıma nail olunması Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasətin nəticəsidir.

Bu siyasətə regionların inkişafı da daxildir və həmin inkişafı təmin edən Dövlət Proqramının həyata keçirilməsi ölkə başçısının xüsusi nəzarəti altındadır. Cənab İlham Əliyevin mütəmadi olaraq regionlara etdiyi səfərlər xalqın həyat tərzi və güzaranı ilə yaxından tanış olmaq məqsədi ilə yanaşı, eyni zamanda, sosial proqramlar çərçivəsində qarşıya qoyulmuş vəzifələrin ardıcıl həyata keçirilməsinə, kənd təsərrüfatı və emal sənayesinin inkişafına, yeni iş yerlərinin açılması ilə yanaşı, insanların rifahının daha da yüksəldilməsinə birbaşa nəzarət məqsədi daşıyır. Dövlət başçısı eyni zamanda, iqtisadi həyatın bütün sahələri-yol tikintisi, əhalinin içməli su və keyfiyyətli təbii qazla təmin edilməsi, ekoloji məsələlərin daim diqqətdə saxlanılması, sahibkarlığın inkişaf etdirilməsi və digər sahələrlə yerlərdə tanış olaraq yerli icra hakimiyyəti orqanları qarşısında konkret vəzifələr qoyur.

Prezident İlham Əliyev dövlət siyasətində prioritet sahələrdən olan sosial məsələlərin həlli ilə bağlı görülmüş işlərdən, qazanılmış uğurlardan danışarkən vurğulayır ki, güclü iqtisadi siyasət olmasa, heç bir sosial layihəni, sosial proqramı icra etmək mümkün olmayacaq. Xalqın sosial rifahı, onun sağlamlığı ilə bağlı məsələlərə çox yüksək həssaslıqla öz münasibətini bildirən Prezident İlham Əliyevin bir müddət öncə Biləsuvar rayonuna səfəri də məhz bu məqsədlə həyata keçirildi.

İlk olaraq Ümummilli lider Heydər Əliyevin Biləsuvar rayonunun mərkəzində ucaldılan abidəsini ziyarət edərək çiçək dəstələri qoyan dövlət başçısı Biləsuvar dairəvi avtomobil yolunun açılışında da iştirak edib.

Dövlət başçısının regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair qəbul etdiyi qərarlar və verdiyi tapşırıqlar çərçivəsində avtomobil yollarının tikintisi, yenidən qurulması layihələrinin uğurlu nəticələrindən biri kimi reallaşan Biləsuvar dairəvi avtomobil yolu cənub bölgəsinin nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasında mühüm rol oynayan yol tikintilərinin bariz nümunəsidir. Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolu ilə hərəkət edən tranzit nəqliyyat vasitələrinin Biləsuvar şəhərinə girmədən hərəkətini davam etdirməsi məqsədi ilə inşa edilən bu yolun inşası zamanı iki körpü də tikilib. Son on il həm də ölkədə səhiyyə işinin daha yaxşı təşkilinə yönələn imkanlar açıb. Səhiyyə sahəsinə-insanların sağlamlıqlarına xüsusi diqqət regionlarda müxtəlif tibb ocaqlarının yaradılması ilə nəticələnib. Ana və uşaq sağlamlıqlarının qorunması sahəsində görülən işlər ciddi narahatlıq doğuran problemlərin də həllinə imkan yaradıb. Birbaşa genefondumuzun qorunması və mövcud problemlərin köklü həllinə yönələn ana və uşaqların sağlamlıqlarına nəzarət funksiyasını yerinə yetirən mərkəzlərdən biri də Biləsuvar rayonunda inşa edilib. Həmin müəssisə ilə tanışlıq zamanı dövlət başçısı bir daha vurğulayıb ki, Azərbaycanda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, insanlara xüsusi qayğı da daim diqqət mərkəzində saxlanılır. Prezident kadr potensialı və texniki təchizat ilə bağlı tapşırıqlarını verərkən bu məsələni xüsusi qeyd edib ki, ilkin mərhələdə paytaxtdan, lazım gələrsə ölkələrdən mütəxəssislər gətirilməlidir ki, insanlara dərhal yüksək xidmət göstərilsin.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı aqrar sahənin inkişafına böyük təkan verib, bu sahədə çalışanlara əlverişli şəraitin yaradılmasına səbəb olub. Aqrar sahəyə göstərilən diqqətin sayəsində kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, fermer təsərrüfatlarına ayrılan maliyyə yardımları ərzaq təhlükəsizliyinin təminatında da əsaslı rol oynayır.

Dövlət Proqramından irəli gələn tədbirlərin yerinə yetirilməsi sayəsində aqrar bölmədə ümumi məhsul istehsalının həcmi artmaqla yanaşı, məhsuldarlıq da yüksələrək bu sahədə çalışanların həyat səviyyəsinin yaxşılaşmasına əsaslı yardım edib. Təkcə onu qeyd etmək kifayət edir ki, kənd təsərrüfatı məhsulları istehsalından ötən il Biləsuvar rayonunda hər bir ailə 4386 manat gəlir əldə edib. Son illər rayonda davamlı xarakter alan yeni müəssisə, zavod və fabriklərin istifadəyə verilməsi isə rəqabət bazarını formalaşdırmaqla yanaşı ölkəmizin ixrac potensialının gücləndirilməsinə də xidmət edir.

Dövlət başçısının səfəri çərçivəsində reallaşan “Azərsun Holding”in “Natural Green Land” kənd təssərrüfatı müəssisəsinin və konserv zavodunun açılış mərasimində məhz bu məsələlər müzakirə olunub.

3450 hektar əkin sahəsi olan müəssisə və çeşidli mal istehsal etmək gücünə malik olan zavod İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti və “Azərsun Holding”in vəsaiti hesabına inşa edilib. Əkin sahələrində əsasən müxtəlif növ tərəvəz məhsulları yetişdirilir və konserv zavoduna ötürülür. 600 nəfər işçi çalışan zavodun avadanlıqları Türkiyə, Almaniya və İtaliya firmalarından alınıb. Təkcə bu il müəssisənin hesabında olan sahələrdə 50 minə yaxın nar, 3 minə yaxın heyva ağacının əkilməsi planlaşdırılıb. Zavodda iki yaşıl noxud istehsalı, bir tomat pastası və bir turşu istehsalı xətləri quraşdırılıb. Müəssisənin illik gücü 60 min tona bərabərdir. Burada məhsulların saxlanılması və inkubasiyası üçün 3 anbar da var. Onların ümumi sahəsi 7200 kvadratmetrdir. Hər birində 3000 ton məhsul saxlamaq mümkündür. 31 çeşiddə tomat pastası, 45 çeşiddə turşu, 20 çeşiddə yaşıl noxud, 5 çeşiddə qarnir və 9 çeşiddə müxtəlif tərəvəz konservləri istehsal edilir. Burada istehsal edilən məhsullar ekoloji saflığı və keyfiyyəti ilə seçilir və onlara əlavə konservat qatılmır. Zavodun məhsulları daxili bazarla yanaşı, MDB, Yaxın Şərq və Avropa ölkələrinə ixrac edilir.

Ətraf rayonlarda istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsullarının da bu zavoda təhvil verilməsi nəzərdə tutulur ki, bu da regionda bazar iqtisadiyyatının sağlamlaşmasına, yerli sahibkarlığın inkişafına kömək edəcək. Yerli istehsalın güclənməsi, idxaldan asılılığın aradan qalxmasına töhfə olan müəssisə və zavodun açılışı zamanı dövlət başçısı İlham Əliyev bu məqamları xüsusi olaraq vurğulayıb.

“Azərsun Holding”in “Natural Green Land” kənd təssərrüfatı müəssisəsinin və konserv zavodunun açılış mərasimində yerli sahibkarlığa kömək, xarici investisiyaların ölkəmizə cəlb edilməsi və bu kimi məsələlərə toxunan Prezident İlham Əliyev ərazidə görülən işlərlə də tanış olub. Məlumat üçün deyək ki, ümumilikdə 3450 hektardan ibarət ərazidə yeraltı suların vəziyyətini yaxşılaşdırmaq üçün meliorasiya idarəsi tərəfindən ana drenaj kanalları təmizlənərək yeni kanallar çəkilib və ərazi bütünlüklə layihələndirilib.

Yeraltı suları ərazidən kənara axıtmaq, vəziyyətdən müvəqqəti çıxmaq üçün 65 kilometr müxtəlif drenaj kanalları, suvarma üçün yeraltı boru xətləri çəkilib. ABŞ-ın “Varmund” şirkətindən 52 yağmurla suvarma qurğusu alınaraq pilot layihə kimi quraşdırılıb. Hər qurğu orta hesabla 40 hektar ərazini əhatə edir. Hazırda, ümumilikdə 2100 hektar ərazi yağmurla suvarma altındadır.

Bundan əlavə, 450 hektar tərəvəz bitkiləri sahəsi, 100 hektar nar və heyva bağı damcı suvarma sistemi altındadır. Ərazidə 20 kilometr elektrik hava xətti, 40 kilometr yeraltı kabel çəkilib və 4 elektrik yarımstansiyası quraşdırılıb. Kompleksə 6 kilometr məsafədən içməli su xətti, 2 kilometr asfalt, 10 kilometr çınqıl, 25 kilometr torpaq yol çəkilib. Üç min yeddi yüz kvadratmetr ərazidə kənd təsərrüfatı məhsulları üçün anbar, ofis və yeməkxana yerləşir. Gübrə üçün 6 min kvadratmetr sahə ayrılıb. Kənd təsərrüfatının mövsüm vaxtı əkin, alaq və məhsulun yığılması üçün 1500-2500 işçi cəlb olunur. Normal vaxtlarda isə burada 150 nəfər kənd təsərrüfatı işlərində çalışır. Kənd təsərrüfatına və inşa olunacaq gübrə fabrikinə layihə tamamlanana qədər 36 milyon manat sərmayə yatırılması nəzərdə tutulur. Hazırda zavodda Avropa standartlarına uyğun sertifikat almaq üçün işlər görülür. Şirkət dünyanın kənd təsərrüfatı üzrə qabaqcıl mütəxəssisləri ilə işbirliyi quraraq ABŞ, Hindistan, Türkiyə, Hollandiya, İsraildən mütəxəssislər dəvət edib.

Biləsuvar rayonunun sürətli inkişafı daha bir qurumun–sərhəd keçid məntəqəsinin yenidən qurulması və yeni gömrük məntəqəsinin yaradılması zərurətini qaçılmaz edib. Biləsuvarda yeni gömrük buraxılış məntəqəsinin açılışında iştirak edən dövlət başçısı ərazi ilə yaxından tanış olub. Gün ərzində 200 avtomobil və 1200 nəfər buraxmaq gücündə olan məntəqənin ərazisində müvəqqəti saxlanc və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilib. Məntəqədə yük və nəqliyyat vasitələrinin nəzarəti ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Aparat vasitəsilə istər yük, istərsə də nəqliyyat vasitəsində olan bütün mallar aydın görünür. Bu isə qaçaqmalçılar tərəfindən daşınan yüklərin aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır. Gömrük buraxılış məntəqəsi bütün zəruri avadanlıqla tam təmin edilib. Buraxılış məntəqəsində “Bir pəncərə” sistemi tətbiq edilib. Burada yük maliyyə, yol vergiləri şöbələrinin əməkdaşları da çalışır. Sanitar karantin, fitosanitar və baytar nəzarəti xidməti də var. Terminalın ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Məntəqənin inzibati binasında nəzarət otağı fəaliyyət göstərir. Burada gömrük yoxlamaları prosesini, habelə, terminala daxil olan vətəndaşlar və nəqliyyat vasitələrini izləmək mümkündür.

Prezident İlham Əliyev gömrük buraxılış məntəqəsində kinoloqların təlim prosesini izləməklə yanaşı, sərnişin xəttində yüklərin yoxlanmasına, Biləsuvar, Samur, “Sınıx körpü”, Astara və Mazımçay sərhəd keçid məntəqələrinin əvvəlki və müasir vəziyyətini əks etdirən fotolara da tamaşa edib.

Bundan başqa, 2010-cu ilin “Ekologiya ili” elan olunması Biləsuvar rayonunda daim diqqət mərkəzində saxlanılaraq inzibati ərazi dairələri üzrə nümayəndəliklərə, bələdiyyələrə, idarə, müəssisə və təşkilatlara ağac və gül kollarının əkini üçün müvafiq yerlər ayrılıb, müxtəlif növ ağacların, əsasən, də xan çinarının alınıb gətirilməsi və aqrotexniki qaydalara uyğun şəkildə əkilməsi təşkil edilib. 2010-cu ilin birinci rübündə magistral yolların kənarında, küçə və meydanlarda, parklarda və digər münasib ərazilərdə 4,5 min ədəd müxtəlif növ ağac və gül kolları əkilib.

Bütün bunlarla yanaşı, əhaliyə göstərilən mədəni xidmətin keyfiyyətinin yüksəlməsinə tələbatın artması da nəzərə alınır. Əhalinin asudə vaxt probleminin səmərəli həllində, keçirilən tədbirlərlə daha geniş əhali kütləsini əhatə etməsində mədəni-maarif müəssisələrinin üzərinə mühüm vəzifələrin düşməsi unudulmur və bu sahədə çalışanlar həmin vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Rayonda fəaliyyət göstərən mədəni-maarif ocaqları, 20 klub və mədəniyyət evi, 37 kitabxana, 2 incəsənət məktəbi, Heydər Əliyev məktəbi, Heydər Əliyev və rayon Tarix-Diyarşünaslıq muzeyləri, Rəsm Qalereyasını əhatə edən mədəni-maarif işçiləri öz işlərini məhz, bu tələblər səviyyəsində qurmağa çalışırlar.

Maddi-mənəvi irsin saxlanması və inkişaf etdirilməsi məqsədilə rayondakı tarixi-mədəni abidələrin mühüm rolunu nəzərə alaraq, son illər bu abidələrin mühafizəsi və qorunması gücləndirilib.

Kənd mədəniyyət ocaqlarının fəaliyyətinin canlandırılması daim diqqət mərkəzində saxlanılır və Rayon Mədəniyyət və Turizm şöbəsi bu istiqamətdə bütün səylərini birləşdirərək fəaliyyət göstərir.

Gənclərlə məşğul olan bir qurum kimi, rayon Gənclər və İdman idarəsi də üzərinə düşən mühüm vəzifələrin öhdəsindən gəlməyə çalışır. Gənclərin sabahın layiqli vətəndaşları, əsl vətənpərvər kimi tərbiyə olunması, onların intellektual səviyyəsinin durmadan yüksəlməsi həmişə olduğu kimi, bu gün də diqqət mərkəzində duran məsələlərdən biri olduğundan Ümummilli lider Heydər Əliyevin adını daşıyan park və rayon mərkəzindəki “Gənclər parkı”ndan əlavə üç min yerlik stadion biləsuvarlı gənclərin ixtiyarına verilib.

Bir sözlə, 2010-cu ilin ilk rübü üçün rayonda ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas iqtisadi göstəricilərdən tutmuş, kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, tikinti, ticarət və xidmət sahələrində müsbət irəliləyişlər qeydə alınıb. Bu dövrdə əhalinin gəlirləri 19,4 milyon manat təşkil edib. Gəlirlərin adambaşına düşən məbləği 217,2 manat, orta aylıq əməkhaqqı isə 169 manat olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur. Ümumi məhsul buraxılışının həcmi də diqqəti cəlb edəcək dərəcədə artaraq 13,2 milyon manata çatıb. Bu dövrdə rayonda pərakəndə əmtəə dövriyyəsinin həcmi 2,7 faiz artaraq 21 milyon manat olub.

Son illərdə isə ümumi məhsul buraxılışının həcmi 2,5 dəfə artaraq 101 milyon 200 min manata çatıb. Artım kənd təsərrüfatı, sənaye məhsulları istehsalı sahələrində, habelə, əsas kapitala yönəldilən investisiyalarda da nəzərə çarpacaq dərəcədə qeydə alınıb. Rayonda sahibkarlığın inkişafı diqqətdə saxlanıldığından iş adamlarına yaradılan şərait yeni müəssisələrin açılmasına imkan verir.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində son illər rayonda 16921 yeni iş yeri açılıb ki, onlardan da 12237-si daimidir.

 

 

KƏBUTƏR

 

Yeni Azərbaycan.-2010.- 13 may.- S.3.