“ALTMIŞINCILAR” - BƏDİİ-ESTETİK
HADİSƏDİR
Xalq yazıçısı Elçinlə ədəbiyyat
söhbəti
Elçin İlyas oğlu Əfəndiyev.
1943-cü ildə doğulub. İlk hekayəsi 16
yaşında olarkən, 1959-cu ildə “Azərbaycan gəncləri”
qəzetində dərc edilib. “Min gecədən biri” adlı ilk
hekayələr kitabı 1965-ci ildə çapdan
çıxıb. Bundan sonra Elçinin dünyanın
müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr
olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan,
türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak,
polşa, xorvat, gürcü, litva, moldav, türkmən, özbək,
qazax, tacik, serb və sairə dillərə tərcümə
edilib. On beş kinossenarinin müəllifidir.
Hazırda Azərbaycan
Respublikası Baş nazirinin müavini, eləcə də,
Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti
- “Vətən” Cəmiyyətinin sədri vəzifələrində
çalışır. Bakı Dövlət Universitetinin
professorudur.
Bu gün onun doğum
günüdür. Təsadüf elə gətirib ki, onunla
söhbətimiz də belə əlamətdar bir günə
düşüb. Ona görə də, bu yazını təbrik
yazısı da hesab etmək olar. Həmsöhbətimiz “Mahmud
və Məryəm”, “Ölüm hökmü”, “Ağ dəvə”
romanları, onlarla povest və hekayələri ilə təkcə
Azərbaycan deyil, dünya oxucusuna da yaxşı
tanışdı - Elçin Əfəndiyev.
- Ədəbiyyatımızın
“qızıl dövrü”... Elçin müəllim, necə
bilirsiniz, bu xoşbəxtlik hansı nəslin payına
düşüb və ya düşəcək?
- Ədəbiyyatla
bağlı “qızıl dövr” nisbi anlayışdır.
Misal üçün, XIX əsr fransız ədəbiyyatını
bu ədəbiyyatın “qızıl dövrü”
adlandırırlar. Doğrudan da söhbət Balzak, Stendal,
Hüqo, Flober, Zolya kimi nəhənglərdən gedir. Ancaq gəlin,
indi də XX əsr fransız ədəbiyyatına nəzər
salaq: Rollan, Prust, Dyu Qar, Moriak, Morua, Kamyu, Bekket, İonesko,
Sartr... Nə üçün bu - fransız ədəbiyyatının
“qızıl dövrü” deyil? Yaxud XIX əsr rus ədəbiyyatının
“qızıl dövrü”: Puşkin, Qoqol, Lermontov, Dostoyevski,
Lev Tolstoy... Həqiqətən, “qızıl dövr”ə
layiq imzalardır. Ancaq nə üçün Qorkinin, Buninin,
Kuprinin, Şoloxovun, Pasternakın, Axmatovanın, Bulqakovun,
Platonovun, Nabokovun yazıb-yaratdığı XX əsr - rus ədəbiyyatının
“qızıl dövrü” olmasın?
- Çox
şablonlaşmış bir deyimi təkrar etməyə məcburam:
“İngilis ədəbiyyatı ölkəsi üçün
ingilis siyasətçisindən daha çox iş
görüb”. Bu mənada Azərbaycan ədəbiyyatının
hansı xidmətləri var?
- Bu yerdə “ingilis ədəbiyyatı”
sözlərini çox asanlıqla “fransız ədəbiyyatı”,
yaxud “türk ədəbiyyatı”, yaxud da “alman ədəbiyyatı”
və s. sözlərlə əvəz etmək olar,
çünki söhbət “ədəbiyyat” dediyimiz məfhumun
missiyasından gedir. Bir küll halında götürsək,
milli ədəbiyyat mənsub olduğu xalqı ifadə edir və
sənin, - uzağa getməyək, elə XX əsri
götürək - Mirzə Cəlilin, Sabirin, Hadinin, Cavidin,
Müşfiqin və b. varsa, onların əsərlərinin
yalnız bədii-estetik yox, siyasi-ictimai əmsalı da
çox yüksəkdir. Əli bəy Hüseynzadənin, Nəriman
Nərimanovun, Əhməd bəy Ağayevin, Üzeyir bəyin,
Ömər Faiqin və başqalarının publisistikasını
da bura əlavə etsək, o zaman əmsalın çəkisi
daha da ağır olar.
- Ədəbiyyat
bütün dövrlərdə tarixin
çağırışlarına cavab verir. Bugünkü cəmiyyətin
çağırışları necə, Azərbaycan ədəbiyyatında
öz əksini tapa bilirmi?
- Bu, maraqlı sualdır.
Ancaq gəlin görək, sizin dediyiniz həmin “bugünkü
cəmiyyətin” neçə yaşı var? Böyük bir
imperiya dağıldı. Azərbaycan öz müstəqilliyini
bərpa etdi. Özünü doğrultmayan sovet sistemi bazar
iqtisadiyyatı ilə əvəz olundu. Cəmiyyətdə
böyük, son dərəcə mürəkkəb və
ziddiyyətli dəyişmə prosesi başladı. Bu prosesin
iyirmi yaşı var, elə deyilmi? İyirmi il ədəbiyyat
üçün kiçik zaman göstəricisidir. Bu prosesi bədii
təxəyyülün materialına çevirmək
üçün vaxt lazımdır.
- Az qala bir əsri əhatə
edən zaman kəsiyində çox böyük tarixi proseslər
baş verib və Azərbaycan üçün bu proseslərin
bir baş qəhrəmanı var: Ümummilli lider Heydər Əliyev.
Ulu öndər Heydər Əliyev Azərbaycan ədəbiyyatı
üçün kimdir? Azərbaycan ədəbiyyatının
hamisi, yoxsa bu ədəbiyyat var olana qədər müraciət
ediləcək real qəhrəman?
- Heydər Əliyev Azərbaycan
ədəbiyyatının hamisi idi və bu, aydın məsələdir.
Ancaq eyni zamanda, bu da şəksizdir ki, Heydər Əliyev
öz şəxsiyyətinin və fəaliyyətinin nəhəng
miqyasına və Azərbaycan xalqının taleyində
oynadığı müstəsna rola görə, həm də
bu xalqın ədəbiyyatının qəhrəmanı
olacaq real və tarixi dövlət xadimdir. Azərbaycan ədəbiyyatı
Onun şəxsiyyətinə çox müraciət edəcək,
mənim buna heç bir şübhəm yoxdur.
- “60-cı” illər
xatırlananda göz önünə SİZ - bu gün Azərbaycan
ədəbiyyatının canlı klassikləri gəlirsiniz.
Onların atalara münasibəti, bugünkü xələflərinizin
sizə münasibətindən kəskin fərqlənir. Niyə?
- “60-cılar”ın özlərindən
əvvəlki ədəbiyyata münasibətini onların, yəni,
“60-cılar”ın yaradıcılığı ortaya qoyub və
“60-cılar”ı fərdi toplumdan daha artıq bədii-estetik
hadisəyə çevirən əsas cəhət də elə
bundadır. Güman edirəm ki, sizin sualınıza cavab
verdim. Necə deyərlər, hərə öz payını
götürsün. Sənətdə və sənətə
münasibətdə ən acınacaqlı cəhət imkan
ilə iddia arasındakı təzaddır.
- Ədəbiyyat ədəbi
tənqidsiz yolunu itirmiş şəxsə bənzəyir. Ədəbi
tənqid niyə yaxasını kənara çəkib?
- Mən ədəbi tənqidlə
bağlı son illərdə çox yazmışam, ona
görə də, təkrar etmək istəmirəm.
Maraqlananlar son illərdə mənim mətbuatda dərc
olunmuş silsilə məqalələrimi və müsahibələrimi
oxuya bilər.
- Fərman Kərimzadə
“Qarlı aşırım” əsərində yazırdı
ki, Kərbəlayi hər dəfə ocağı
qurdaladımı, bir hadisə baş verirdi. Siz də hər dəfə
ədəbi aləmə “diqqət yetirəndə”- məqalə
və müsahibələrinizdən biri mətbuatda dərc
olunanda böyük səs-küy qopur.
- Təəssüf ki, bu “səs-küy”
həmişə sağlam ədəbiyyat “səs-küyü”
olmur, “obıvatel” mahiyyətli dedi-qodu, xəstə ajiotaj,
çayxana söhbətləri, “şok açıqlamalar” da
az olmur. Nə etmək olar? Mən yuxarıda dedim ki, cəmiyyətdə
dəyişmə prosesi gedir. Ədəbi proses də bu
ictimai-psixoloji keyfiyyət dəyişməsinin tərkib hissələrindən
biridir. Eyni zamanda, bir cəhət də var: bütün
dövrlərdə, ictimai quruluşlarda istedadlı ədəbiyyatla
istedadsız ədəbiyyat, yəni, ədəbiyyatla, estetik
baxımdan antiədəbiyyat qoşa addımladığı
kimi, ədəbiyyata və ümumiyyətlə, sənətə
münasibət də ikili xarakter daşıyıb: bədii-estetik
münasibət və cahil-naşı münasibəti.
- Lirika ilə sərt realizm,
fantastika ilə romantika, sürrealzm ilə satira, bədbinlik
ilə optimizm.... Mənim üçün çox
maraqlıdır, yaradıcılığı birmənalı
yox, zəngin və estetik baxımdan çox rəngarəng
olan Elçin bir yazıçı kimi özünü
hansı cərəyana aid edir?
- Doğrusu, mən bu suala
cavab verə bilməyəcəyəm. Ona görə yox ki,
cavabdan imtina edirəm. Ona görə ki, bu sualın
cavabını bilmirəm və bu barədə
düşünmürəm də. Yazıçı
yazmalıdır, onun hansı cərəyana mənsub
olduğunu isə nəzəriyyəçilər müəyyən
etməlidirlər, bu tipli sualların cavabını ədəbi
tənqid, savadlı oxucular verməlidir.
- “Savadlı oxucu” deyəndə
kimləri nəzərdə tutursunuz?
- Yadıma gəlir, mən əvvəllər
də yazmışam ki, istedadlı və istedadsız
yazıçılar olduğu kimi, istedadlı və
istedadsız oxucular da var. İstedadlı oxucu nə deyən
sözdür? Yəni, savadlı oxucu, mütaliəsinin
coğrafi və estetik miqyası geniş olan oxucu,
zövqünü klassik və müasir ədəbiyyatın ən
yaxşı nümunələrinin
formalaşdırdığı oxucu. Yalançı
patriotluğa varmadan deməliyəm ki, bu baxımdan bizim
böyük oxucu problemimiz var. Bu, həqiqətdir və həqiqətdən
qaçmaq lazım deyil. Məhz həmin oxucunu yetişdirməkdən
ötrü mən həmişə sağlam ədəbiyyat
mücadiləsinə çağırmışam.
- “Ədəbiyyat mücadiləsi”...
Bu il aprel ayında Azərbaycan Yazıçılar Birliyinin
sonuncu qurultayından 6 il ötdü. Birliyin nizamnaməsindəki
beş ilin belə çox uzanması nəylə
bağlıdır? Axı, qurultay keçən il olmalı
idi...
- Güman edirəm ki, bu il
keçirilər.
- Yazıçılar
Birliyinin qurultayından gözləntilərinizi mətbuata
açıqlamısınız. Necə bilirsiniz, onları həyata
keçirmək çətin olacaq?
- Mən inanıram ki,
yazıçıların növbəti qurultayı ötən
dövrdə yaranmış ədəbiyyatımızı və
həmin dövrün ədəbi prosesini dərindən və
hərtərəfli təhlil edəcək, özünün
nüfuzlu sözünü deyəcək. Bu inamı məndə
yaradan Yazıçılar Birliyinin rəhbərliyində
çalışan dostlarımızın istisnasız olaraq,
hamısının - Anarın, Fikrət Qocanın, Çingiz
Abdullayevin, Arif Əmrahoğlunun, Rəşad Məcidin ədəbiyyat
təəssübkeşi, görkəmli ədəbiyyat xadimləri
olmalarıdır.
- Elçin müəllim,
“525-ci qəzet”dəki sonuncu müsahibənizdə
Yazıçılar Birliyinin bu il keçiriləcək
qurultayı ilə bağlı “vaxt tapıb bu barədə
ayrıca danışarıq” demişdiniz. Vaxtınız
varsa, bu haqda söhbət edək, lütfən.
- Əvvala, həqiqətən,
mənim vaxtım çox məhduddur. İkincisi də, ədəbiyyatla
bağlı söhbətin mövzusu yalnız
Yazıçılar Birliyinin keçirəcəyi qurultaydan
ibarət deyil ki...
- Məsələ
bundadır ki, ədəbiyyatı dəyərləndirmək
kriteriyaları itmiş kimi görünür. Bir tərəfdə
guya ədəbi mühitə, ayrı-ayrı məşhur
yazıçıların yaradıcılığına qiymət
verən, əslində isə, şəxsi intriqalarda
boğulanlar, digər tərəfdə AYB üzvlərinin həmişə
müzakirə mövzusu olan say məsələsi. Ümumiyyətlə,
ədəbi zövq korlanmış kimi görünür.
- Mən
Yazıçılar Birliyi üzvlərinin sayı barədə
də fikrimi ətraflı demişəm və güman edirəm
ki, bu yerdə də təkrara ehtiyac yoxdur. O ki qaldı kimlərinsə
mətbuata yol tapmasına, yazıçıların
yaradıcılığına qiymət verməsinə, burada
da təəccüblü bir şey yoxdur. Hər bir mətbuat
orqanı öz siyasətinə və səviyyəsinə
uyğun müəllif tapır və ədəbiyyata verilən
həmin “qiymətin” arxasında nəzəri-estetik
hazırlıq dayanırsa, effektli olur, yox, əgər sizin
dediyiniz kimi, “şəxsi intriqalar” burulğanından xəbər
verirsə, ona fikir vermək lazım deyil. Bunda da təəccüblü
bir şey yoxdur.
- Ədəbiyyat və
ideologiya və yaxud sifarişli ədəbiyyat. XX əsrdə
ölkəmizin tarixində çox böyük hadisələr
baş verib. Müstəqillik və Qarabağ hadisələrinin
heç biri insanların - təkcə Azərbaycan oxucusunun
deyil, dünya oxucusunun müraciət edəcəyi şəkildə
ədəbiyyatda öz əksini tapa bilməyib. Təbii ki,
istisnalar var, misal üçün sizin “Bayraqdar” povestiniz,
“Qarabağ şikəstəsi” hekayəniz, yaxud İlyas Əfəndiyevin
pyesinin motivləri əsasında yazdığınız
“Hökmdarın taleyi” kinopovesti. Ancaq bunlar, dediyim kimi,
istisnadır. Ədəbiyyat yoxdursa deməli teatrdan, kinodan da
danışmağa dəyməz. Bəlkə sifariş
lazımdır?
- Bilirsiz, necədir? Motsart
operalarının çoxunu sifarişlə yazıb. Yaxud
Verdinin “Aida”sı kimi bir şedevr sifariş nəticəsində
yaranıb. Başqa klassik nümunə: Firdovsinin “Şahnamə”si.
Bədii qələbəni sifariş, ya da sifarişsizlik yox,
istedad əldə edir. Sənətdə hər şey istedada
bağlıdır. O ki qaldı konkret olaraq Qarabağ hadisələrinə,
müstəqilliyimizin bərpasına, bunlar şübhəsiz
ki, sizin dediyiniz yüksək bədiiliklə qələmə
alınacaq. Bu baxımdan da, güman edirəm ki, hər
şey zamana, vaxta bağlıdır.
- “Hökmdarın taleyi”
filmindən, son iki-üç ildə tamaşaya qoyulmuş
“Qatil”, “Şekspir”, “Arılar arasında”, “Cəhənnəm
sakinləri” pyeslərinizdən sonra tamaşaçılarla
hansı görüşləri
planlaşdırırsınız?
- Türkiyədə “Mahmud və
Məryəm” romanı əsasında filmin çəkilişinə
hazırlıq başa çatıb. Bu günlərdə
çəkiliş başlamalıdır. Bu geniş bir
proyektdir. Filmin yaranmasında Azərbaycan, Almaniya, ABŞ
iştirak edir. İstanbul Böyük Bələdiyyə
Teatrı, Ankara Dövlət Teatrı yeni pyeslərimi
tamaşaya hazırlayır. Akademik Milli Dram Teatrımıza da
“Teleskop” adlı yeni pyes təqdim etmişəm.
- Dramaturgiya sizi nəsrdən
uzaqlaşdırmır ki? Son illərdə çap etdirdiyiniz
hekayələr - “Qırmızı qərənfil gülləri
“Pera Palas” otelində qaldı”, “Sarı gəlin”, “Qarabağ
şikəstəsi”, “Qızıl diş”, “Araba” bu janra
yeniliklər gətirdi, onu XXI əsrin yüksəkliyinə
qaldırdı. Sonuncu hekayəniz - “Canavarlar” böyük əks-səda
doğurdu. “Bayraqdar” povestinizi mən, ümumiyyətlə,
müasir nəsrimizin zirvəsi hesab edirəm. Bəs roman?
“Mahmud və Məryəm” də, “Ağ dəvə” də,
“Ölüm hökmü” də keçən əsrdə
yaranıb...
- Sağlıq olsun... Bu əsrin
də romanı oxuculara təqdim olunar...
- İndi isə, belə bir
sual vermək istəyirəm: Elçin müəllim, necə
bilirsiniz, ədəbiyyatın toplulardan qəzetlərə
daşınması prosesi niyə başladı? Gündəlik
mətbuat divident yığmaq üçün bu üsulu kəşf
etdi, yoxsa başqa səbəb vardı: məsələn, ədəbiyyat
öz oxucusunu itirmək istəmirdi.
- Ola bilsin ki, nəhəng
sovet imperiyasının çox qısa zamanda tarmarı ilə
yaranmış siyasi, ictimai, milli-mənəvi kataklizm
dövründə - 90-cı illərin əvvəllərində
- ədəbiyyat sövq-təbii, təhtəlşüur
olaraq, oxucunu itirmək istəmədi. Bir sıra ciddi qəzetlərin
öz səhifələrində istedadlı ədəbiyyata
yer vermələri, əlbəttə, müsbət hadisədir.
Bu məsələnin bir tərəfidir. Ancaq güman edirəm
ki, məsələnin başqa tərəfi də var. Məsələ
ondadır ki, dediyim həmin kataklizm istedad üçün
yox, istedadsızlıq üçün münbit zəmin, əlverişli
şərait yaratdı və bayağı ədəbiyyat,
sizin dediyiniz kimi, “qəzetlərə daşındı”.
Bayağı ədəbiyyat hansı mətbuat orqanına isə
divident gətirirsə, bu özü də elə həmin mətbuat
orqanının səviyyə göstəricisidir.
- “Ədəbi proses xəstədir,
ona virus düşüb və sözə hörmət edən
hər bir kəs öz imkanları daxilində onu
sağaltmağa səy göstərməlidir.” Sizin sözlərinizdir.
Bu sitat “dərdini bilən dərmanın da bilər” deyimini
adamın yadına salır.
- Dərman nədir? Yüksək
elmi-nəzəri səviyyəli məqalələr. Gurultulu
çıxmasın, ədəbiyyat uğrunda vətəndaş
mücadiləsi. Ədəbi prosesin xəstəliyi oxucu
zövqünü yox, zövqsüzlüyünü
formalaşdırır və ən qorxulusu da elə budur. Ona
görə də, mən “vətəndaş”
sözünü işlədirəm. Zövqsüzlüyü
formalaşmış oxucu üçün dünya ədəbiyyatı
klassikləri də, Mirzə Cəlil və Sabir də, ciddi
müasir ədəbiyyat da maraqsız olacaq. Belə davam etsə,
nəticə nə ola bilər? Millətin deqredasiyası. Buna
görə də, mən bütün son məqalələrimdə,
müsahibələrimdə qələm dostlarımı, əlaqədar
təşkilatları ədəbi prosesdə fəal
iştirak etməyə, ədəbiyyatın maraqlarını
qorumağa çağırıram.
Yazıçıların qurultayından da məhz bunu
gözləyirəm. Düzdür, bu
çağırış bir sıra qəzetlərdə bəzən
obıvatel dedi-qodularına, naşı münasibətinə
düçar olur. Ancaq bu cür dedi-qodular, münasibətlər
həmişə olub və bundan sonra da olacaq. Bundan çəkinmək
lazım deyil.
- Ötən əsrin
60-cı illərində də “Nobel” kəlməsi belə dəbdəydi?
- “Nobel”lə bağlı
60-cı illərlə bu günün fərqi ondadır ki, o
illərdə Nobel mükafatı almış əsərləri
axtarıb, tapıb, oxuyurdular. Bu gün isə həmin əsərlərdən
xəbəri olmayanlar Nobel mükafatı almadığı
üçün tənə ilə ədəbiyyatımız
haqqında səviyyəsiz yazılar yazırlar. Əlbəttə,
Nobel mükafatı çox şərəfli bir mükafatdır,
amma heç vəchlə ali bədii-estetik meyar deyil. 1901-ci
ildə ilk Nobel mükafatını Lev Tolstoy yox, Sülli
Prüdom aldı. Dediyim o tənəli və səviyyəsiz
yazıların müəllifləri bu
yazıçının adını eşidiblərmi? Qara təsginlik
ondadır ki, onların heç Lev Tolstoydan da xəbərləri
yoxdur. Tolstoyun, eləcə də, Anton Çexov kimi bir
dramaturqun sağlığında sonrakı Nobel
mükafatlarını alman Mommzen, ispan Mistral və Eysagirre,
italyan Karduççi və b. aldı. Bu gün onları
yalnız mütəxəssislər tanıyır.
Böyük rus yazıçıları var ki, (Qorki,
Paustovski, Bulqakov, Platonov, Svetayeva, Qorssman və b.) sırf bədiiyyat
baxımından, elə bilirəm ki, Soljenitsinlə müqayisədə
qətiyyən uduzmurlar, hətta əksinədir, amma onlar
Nobeldən kənarda qaldılar. Orhan Pamuk Nobeli aldı,
yaxşı da elədi və bu şəxsən məni
çox fərəhləndirir, amma dəfələrlə bu
mükafata nominant olan Yaşar Kamal kimi böyük
yazıçı elə nominant kimi də qaldı. Bu tipli
çox misal gətirmək olar... Təkrar edirəm, Nobel
mükafatı çox şərəflidir, ancaq bu və ya
digər səbəblərə görə Nobeldən kənar
qalmış böyük ədəbiyyat da mövcuddur.
- Azərbaycan ədəbiyyatının
korifeylərindən biri ilə bir evdə
yaşamısınız. İlyas Əfəndiyevlə belə
yaxın olmaq nə verib sizə? Yəni, ədəbi
düşüncəyə ötürəcəyiniz miras mənasında.
- Doğrusu, miras barədə
bir söz deyə bilmərəm, ancaq İlyas Əfəndiyevlə
bir yerdə yaşamaq mənə lap uşaqlıq
çağlarımdan etibarən bilavasitə
yaradıcılıq prosesinin içində olmaq, bu prosesi
bilavasitə müşahidə etmək imkanı verib. Mənə
kitabın, sözün, qələmin mötəbərliyini,
aliliyini aşılayıb, sənətin mahiyyətinin və
missiyasının nədən ibarət olduğunu dərk
etdirib. Hələ yeniyetməlik çağlarımda məni
bədii təxəyyülün heç bir sosial-inzibati sərhəd
tanımadığına, sərhədsiz və sonsuz
olduğuna inandırıb.
- Elçin müəllim, mən
çox təsadüfən orta məktəbdə sizin ədəbiyyat
müəlliməniz olmuş Zəhra Əliyeva ilə həmsöhbət
oldum. Danışdı ki, dərsə qulaq
asmadığınızı görəndə inciyib sizdən.
Dərs bitənə yaxın yaxınlaşıb və
partanızın altından (təəssüf ki, müəllifi
unutmuşam) böyük amerikan yazıçısının
əsərini oxuduğunuzu görüb. Deyir ki, həmin illərdə
o müəllifin yalnız adını eşitmişdik. Müəllimə
utandığından sizə bir söz deməyib. Amma həmişə
fəxr edib ki, siz onun şagirdisiniz. Siz necə
xatırlayırsınız o illəri?
- Həyatımın
çox gözəl çağları kimi...
- O illərin Elçini
hansı əsərinizin qəhrəmanıdır?
- Bütün əsərlərimin
qəhrəmanlarında o Elçindən nəsə var...
- Maraqlı söhbət
üçün təşəkkür edirik.
KƏBUTƏR
Yeni Azərbaycan.- 2010.- 14 may.- S.7.