Azərbaycan intibahının Xaçmaz nümunəsi

 

Ölkədə aparılan geniş quruculuq-abadlıq işlərindən bu rayona da pay düşüb

 

“Xaçmaz gözəlləşibdir. Mən hər dəfə buraya gələndə yeniliklər-yeni binalar, gözəl parklar, yeni gözəl mənzərələr görürəm”. Azərbaycan Prezidenti İlham Əliyevin Xaçmaza səfəri zamanı söylədiyi bu sözlər ölkə iqtisadiyyatının davamlı inkişafını, əhalinin layiqli yüksək həyat səviyyəsini təmin edən dövlət siyasətinin bu rayonda uğurla həyata keçirilməsinə bir sübutdur. Rayonun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında baş verən genişmiqyaslı dəyişikliklər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkədə aparılan geniş quruculuq-abadlıq işlərindən Xaçmaza da pay düşdüyündən xəbər verir.

Xaçmaz rayonunun iqtisadi və ictimai həyatında əsl oyanışa və canlanmaya təkan verən işlərin nəticəsi olaraq 10,568 iş yeri yaradılıb, xeyli tikinti və quruculuq işləri görülüb. Son bir neçə il ərzində Xaçmaz və Xudat şəhərlərinin küçələrinin, park və meydanlarının bərpasına, abadlaşdırılmasına, həmçinin, genişləndirilərək yenilərinin yaradılmasına xüsusi diqqət ayrılıb. Rayonun simasına xüsusi bir yenilik və yaraşıq gətirən belə obyektlərin sırasında Xaçmaz şəhərində Mədəniyyət və İstirahət parkını, çoxsaylı fəvvarələri, Şah İsmayıl Xətainin, Koroğlunun, Hacı Zeynalabdin Tağıyevin, görkəmli dövlət xadimi Əziz Əliyevin, Akademik Zərifə Əliyevanın abidələrini, Xaçmaz-Dərbənd dostluğu abidə kompleksini və s. qeyd etmək olar. Bunlarla yanaşı, Xaçmaz şəhərində Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən Şəhidlər Xiyabanı salınıb, müasir texnika və avadanlıqlarla təchiz olunmuş RTV-nin binası tikilərək istismara, Mərkəzi Rayon Xəstəxanası isə əsaslı təmir işləri aparılaraq tam yeniləşmiş halda istifadəyə verilib.

 

Dövlət Proqramı uğurla icra edilir

 

2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının məntiqi davamı olan “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ilk ilinin icrası Xaçmaz üçün də uğurlu olub. Bunun başlıca səbəbi isə 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramının uğurla yerinə yetirilməsidir. Belə ki, bu proqramın həyata keçirilməsi zamanı əlavə maliyyə mənbələri hesabına görülən işlərin miqyası nəzərdə tutulandan daha çox olub. 2009-cu ildə rayonda “Hado” MMC-yə məxsus pivə istehsalı müəssisəsi, “Şabran” MMC-yə məxsus kərpic istehsalı müəssisəsi yaradılaraq ən müasir avadanlıqlarla təchiz edilib. Bu iki müəssisənin açılması nəticəsində 200 adam daimi iş yeri ilə təmin edilib. Rayonun Yergüc, Ağaşirinoba və Xudat ərazilərində hər birinin 2000 ton tutumu olan 3 meyvəsaxlama anbarının tikintisinə başlanıb. Tikinti işləri başa çatdıqdan sonra meyvə və tərəvəz istehsalının stimullaşdırılmasında bu obyektlərin əhəmiyyətli rol oynayacağına şübhə ola bilməz. Bundan əlavə, Çarxı kəndində 10 min tonluq regional logistik bazanın tikintisi həyata keçirilir ki, bu da kənd təsərrüfatı məhsulları istehsalının genişləndirilməsi ilə yanaşı, keyfiyyətinin də artırılmasına yardım edəcək.

Onu da qeyd etmək yerinə düşər ki, Xaçmaz şəhərində 11 küçəyə 29 min 270 kvadratmetr, Xudat şəhərində isə 4 küçəyə 8184 kvadratmetr asfalt döşənib, rayonun Qadaşoba, Ağyazı-buduq, Üçgünqışlaq, Nərəcan və Qımıl-qışlaq kəndlərinə təbii qazın verilməsi bərpa olunub, Xaçmaz şəhəri və şəhərin ətrafındakı 6 kəndin içməli su sistemi tamamilə yenidən qurulub, meliorasiya və irriqasiya tədbirləri çərçivəsində, rayonun Qımıl-qışlaq kəndi ərazisində 35 km, Çinartala kəndi ərazisində 27 km beton kanalları çəkilərək suvarma sistemi yenilənib.

Yeni Dövlət Proqramında yaşadıqları ərazilərdən çayların keçdiyi əhalinin təhlükəsizlik tədbirləri olaraq çaylarda sahilbərkitmə işlərinin həyata keçirilməsi də nəzərdə tutulub. 2009-cu il ərzində bu istiqamətdə müəyyən işlər həyata keçirilərək ən təhlükəli vəziyyət yaranmış Qudyalçay, Köhnə Xaçmaz ərazisində 392 metr uzunluğunda yeni beton bəndin tikintisi bu ərazidə yaşayan sakinlərin evləri üçün yaranmış təhlükənin qarşısını xeyli alıb. Həmçinin, Üçgün kəndin ərazisində də 130 m.beton bənd əsaslı təmir olunub.

 

Müəssisə və təşkilatlar ötən ili uğurla başa vurub

 

Ötən il ərzində rayon iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlar 116,9 min manat mənfəət əldə edib. Bu sırada sosial xidmət müəssisələri 32,2 min manat, ticarət müəssisələri 22,9 min manat, rabitə sistemi 30,1 min manat, nəqliyyat şəbəkələri 26,8 min manat, sənaye müəssisələri 4,9 min manat qazancla işləyib. 2010-cu il yanvar ayına qədər rayonda iqtisadi fəal əhalinin sayı 78,1 min nəfər olub ki, bu da rayon əhalisinin 48,8 faizini təşkil edir. İqtisadi fəal əhalinin 77981 nəfərini iqtisadiyyatda məşğul olanlar, 62 nəfərini isə işsiz statusuna malik olan şəxslər təşkil edir ki, onlardan da 20 nəfəri işsizlik müavinəti alır. Xaçmazlılar dəfələrlə rayona səfər etmiş Prezident İlham Əliyevin görüşlərin birində “Mən Xaçmaz rayonunun timsalında bu gün Azərbaycanda apardığımız siyasətin nəticələrini görürəm” sözlərini öz əməklərinə verilən ən yüksək mükafat kimi qəbul edirlər.

 

Məhsul istehsalının həcmi artır

 

Rayon üzrə 2008-ci ilə nisbətən qeyri-dövlət sektorunda məhsul istehsalının həcmi 4,3 faiz artaraq 2009-cu ildə 65,8 faiz təşkil edib. Rayonun sənaye müəssisələrində ötən il 35774,7 min manatlıq məhsul istehsal olunub. İl ərzində rayonda sənaye sahəsində fəaliyyət göstərən 4 səhmdar cəmiyyət tərəfindən 11654 min manatlıq sənaye məhsulu istehsal edilib.

 

Kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir

 

Xaçmaz respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biri olduğu üçün bu sahənin inkişafı və problemləri hər zaman diqqət mərkəzində saxlanılır. Ümumiyyətlə, respublikanın kənd təsərrüfatı sektorunun inkişafı forması da Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Konkret olaraq Xaçmaza gəlincə, keçən il rayon üzrə hər hektardan orta hesabla 21,8 sentner olmaqla 65467 ton taxıl yığılıb. Bundan əlavə, rayonun bütün təsərrüfatlarında 124628 ton tərəvəz bitkiləri, 15217 ton kartof, 1264 ton bostan bitkiləri, 74333 ton meyvə, 5850 ton üzüm yığılıb. Meyvəçilik sahəsində son illərdə rayonda ciddi artım əldə olunub. Son 5 ildə 5789 ha yeni meyvə bağı salınıb. Ötən il 7112 ton ət, 36511 ton süd, 16 milyon 600 ədəd yumurta, 210 ton yun istehsal olunub. Hazırda təsərrüfatlarda 58305 baş iribuynuzlu mal-qara, 107475 baş davar var. Aqrar sektorla bağlı sadalanan faktlardan məlum oldu ki, meyvə bağları və taxıl sahələrinin artması rayon üçün ənənəvi olan tərəvəzçiliyə meyilin nisbətən azalmasına səbəb olub. Lakin bu il daxili bazarda tərəvəz məhsullarının qiymətinin yüksək olması göstərdi ki, iqtisadi cəhətdən daha çox gəlir gətirən tərəvəzçiliyi inkişaf etdirməyə ehtiyac var.

Müşahidələr göstərir ki, artıq bu il rayonda tərəvəz məhsullarının istehsalında ciddi artım gözlənilir. Belə ki, bu ilin məhsulu üçün ötən ilin payız-qış aylarında 28873 ha sahədə payızlıq taxıl bitkiləri səpilib. Bunun 23212 hektarı buğda, 5661 ha arpa bitkisidir.

Rayonun aqrar sektorundan söz düşəndə 28 May Taxıl-Toxumçuluq müəssisəsi ilk yada düşən təsərrüfatlardandır. Bu təsərrüfat 1993-cü ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə yaradılıb. Yarandığı gündən ötən illər ərzində müəssisə bu bölgədə fəaliyyət göstərən fermer və torpaq mülkiyyətçilərinin, eləcə də, Naxçıvan Muxtar Respublikasının və digər rayonların fermer təsərrüfatını keyfiyyətli toxumla təmin edir. Fəaliyyətinin ilk illərində 300-400 ton məhsul istehsal edən müəssisə hal-hazırda toxum istehsalını 2 dəfə artıraraq 600-700 tona çatdırıb.

 

Toxumçuluq da inkişaf edir

 

Yuxarıda qeyd etdiklərimizin əsas səbəbi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi qayğının nəticəsidir. Fəaliyyətə başladıqları ilk illərdə, əsasən, Rusiyadan gətirilən toxum sortları əkilib-becərilərək təsərrüfatlara satılırdısa, sonrakı illərdə qardaş Türkiyə Respublikasından gətirilən “Dağdaş”, “Gönən” buğda sortları, “Qiymətli-217”, “Əzəmətli-95”, “Mirbəşir-128” sort toxumları Xaçmaz, Quba, Qusar, Şabran və Xızı rayonlarına paylanılır. Bundan əlavə, Naxçıvan MR-na 100 tona yaxın buğda toxumu göndərilir. Yetişdirilib satılan toxumların əsas hissəsini elit və birinci reproduksiyalı məhsul təşkil edir. Toxumluq məhsul satdıqları təsərrüfatlarla əlaqəli işlədiklərini bildirən təsərrüfatçılar rayonun əksər torpaq mülkiyyətçilərinin hər hektardan 30-35 sentner məhsul aldığını vurğulayırlar.

Toxumçuluqla məşğul olan ayrı-ayrı kənd təsərrüfatı istehsalçıları, məsələn, Müşkür kəndində Bəhmən Quliyev, Qaraçay-Ceg kəndində Elşad Allahyarov kimi fermerlər hər hektardan 60-70 sentner buğda məhsulu götürürlər. Əgər bunun bir səbəbi sahələrə göstərilən xüsusi aqro-texniki qulluqdan asılıdırsa, digər əsas səbəbi kənd təsərrüfatı ilə məşğul olan insanlara verilən güzəştlərdir. Belə ki, rayon “Aqrolizinq” cəmiyyəti tərəfindən güzəştli qiymətlə gübrələrin verilməsini, keçən və bu ilin məhsulu üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə torpaq mülkiyyətçilərinə istehsal etdikləri məhsula çəkilən yanacaq xərclərinin dövlət tərəfindən ödənilməsi inkişafa təkan verən amillərdir. Xaçmaz, həm də mühüm kənd təsərrüfatı rayonu olduğundan bu sektora diqqət və qayğını, eyni zamanda, tələbkarlığı hər kəs başa düşərək qəbul edir. Toxumçuluğa diqqətin artırılmasına xüsusi önəm verən dövlət başçısı ölkənin iqtisadi sabitliyi və təhlükəsizliyi, ərzaq təminatı, xalqın genefondunun qorunması məqsədilə inkişafı təmin edəcək güzəştlərin tətbiqini nəzarətdə saxlayır.

 

Təhsil, səhiyyə və mədəniyyət sahələrində dirçəliş dövrü

 

Rayonun təhsil, səhiyyə və mədəniyyət sahəsi də bu inkişafa uyğun həmahəng addımlayır. Uzun illər heç bir məktəb binası tikilməyən rayonda son beş ildə 30 yeni məktəb binası tikilib, bir neçə məktəb binası isə əsaslı təmir edilib. Xaçmaz şəhərində daxili imkanlar hesabına şəhər 1 saylı orta məktəbin fasadına alkopan materialı ilə üzlük çəkilib, həyəti müasir qaydada böyük zövqlə abadlaşdırılıb. Rayonda daxili vəsaitlə tikilib hazır vəziyyətə gətirilmiş 2 mərtəbəli, müasir tələblərə cavab verən inventar və avadanlıqlarla təchiz edilmiş şahmat məktəbi istənilən beynəlxalq səviyyəli şahmat yarışlarının keçirilməsi səviyyəsindədir. Bunlardan əlavə, Dövlət Proqramına uyğun olaraq Nərəcan kəndində 490 şagird yeri olan məktəb binası, Prezident İlham Əliyev göstərişi ilə Xaçmaz şəhər 4 saylı məktəb üçün 640 yerlik yeni bina tikilib.

Rayonun səhiyyə müəssisələrinin də maddi-texniki bazası gücləndirilərək bir sıra təmir-tikinti işləri başa çatdırılıb, baş korpusun qarşısında abadlıq işləri aparılıb. Xəstəxananın 3 mərtəbəli korpusu isə əsaslı təmirdən sonra Səhiyyə Nazirliyi tərəfindən ən müasir avadanlıq və inventarla təmin edilib.

Rayonun mədəniyyət obyektləri də inkişaf proqramına uyğun abadlaşdırılaraq sakinlərin hərtərəfli istirahəti üçün yararlı vəziyyətə gətirilir. Bu sırada görülən işlərdən Xaçmaz və Xudat mərkəzi kitabxanalarının əsaslı təmirini, Xudat şəhər mədəniyyət evinin əsaslı təmirini, rayonun mərkəzə yaxın yerində yerləşən Heydər Əliyev parkında aparılan yenidənqurma işlərini, parkın ərazisində yerləşən musiqili fəvvarəni, N.Nərimanovun tamamilə yeniləşdirilmiş büstünü, Xudat şəhərinin girişində xalq qəhrəmanı Babəkin at üstündə ucaldılmış abidəsini və s. göstərmək olar. Xaçmaz şəhərində Heydər Əliyev parkının və muzeyinin yaxınlığında 250 kv.m. sahəsi olan Rəsm Qalereyası, Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz təşkilatının nəfis tərtibatlı inzibati binası, rayon rabitə evinin qarşısında Azərbaycan və Dağıstan xalqlarının dostluq rəmzi olan “Xaçmaz-Dərbənd” dostluq abidəsi, Xaçmazın qədimilik simvolu olan “Qoşa-Qapı” abidəsi, rayonun mömün insanlarının bütün ibadət və mərasimlərini həyata keçirməyə imkan verən milli üslubda tikilmiş yeni məscid binası son illərdə görülmüş işlərin yalnız bir qismidir. Xaçmaz rayonunda bu istiqamətdə davam etdirilən işlərin nəticəsi olaraq bir çox dövlət və digər əhəmiyyətli obyektlər, yaşayış evləri, yollar və körpülər tikilib istifadəyə verilib ki, bunların da böyük hissəsi daxili imkanlar hesabına istifadəyə verilib.

 

Abadlıq-quruculuq işləri intensivləşib

 

Təmir-tikinti, abadlıq işlərindən söhbət gedərkən 87 megavatlıq Mobil tipli Elektrik stansiyasından, rayonun ən ucqar yaşayış məntəqələrini telefon rabitəsi ilə təmin edən 1000 nömrə tutumlu simsiz SDMA tipli stansiyadan, Qarabağ əlilləri üçün 16 və 24 mənzilli yaşayış binalarından, eləcə də, 5 fərdi mənzildən, Xüsusi Mühafizə Xidməti əməkdaşları üçün 20 mənzilli yataqxana tipli yaşayış binasından, İqtisadi İnkişaf Nazirliyinin Ərazi, rayon Maliyyə İdarəsinin yeni inzibati binasından, ədəbiyyat və incəsənət korifeylərindən 23-nün abidə və büstlərindən ibarət olaraq tariximizin, incəsənətimizin, ədəbi irsimizin öyrənilməsində, şəhərin simasının, insanların istirahətinin daha mənalı olmasında böyük əhəmiyyət kəsb edən respublikada analoqu olmayan açıq səma altında yaradılmış “Şəxsiyyətlər muzeyindən”, əzəməti, xüsusi milli üslublu tərtibatı ilə seçilərək geniş bir ərazidə abadlaşdırılan və Prezident İlham Əliyevin xalqımız, milli dirçəlişimiz üçün etdiklərinə hörmət əlaməti olaraq ucaldılmış “İlham bulağından”, rayon İH inzibati binasının yaxınlığında ərazisi genişləndirilərək salınmış yeni ekzotik istirahət parkından və s. saymaqla sonuclanmayan obyektlərdən söz salmamaq insafsızlıq olardı.

 

Xaçmazlılar Yeni Azərbaycan Partiyasını dəstəkləyir

 

Hazırda Xaçmazda 12 siyasi partiya, 22-dən artıq ictimai təşkilat və cəmiyyət fəaliyyət göstərir. Bunların içərisində hakim Yeni Azərbaycan Partiyası (YAP) heç bir alternativi olmayan siyasi qüvvə kimi xüsusi olaraq fərqlənir. Xaçmazlılar tərəfindən birmənalı olaraq dəstəklənən hakim partiya rayonun bütün sahələrinin inkişafında aktiv rol oynayır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin Sədrlik etdiyi YAP-ın xaçmazlılar tərəfindən dəstəklənməsini sübut edən faktlardan biri keçirilən son bələdiyyə seçkilərində əldə edilən nəticədir. Belə ki, həmin seçkilər zamanı bələdiyyə üzvü seçilən 374 nəfərdən 258-i YAP-ın üzvüdür.

Bunu deyən Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev əlavə etdi ki, bu gün, hətta xaçmazlıların özləri üçün tanınmaz olmuş bu şəhərin inkişafını gördükcə 1990-1993-cü illərdə yaşadıqlarımızı daha tez-tez xatırlayırıq: “Axşam qaranlığı düşər-düşməz şəhərin küçələrində tək-tək insanlara rast gəlmək olardı. Yaşadıqları əzab-əziyyətlərin bütün iztirabları insanların simalarını belə dəyişmişdi. İndi isə tamamilə başqa bir reallıq ab-havasını yaşayırıq. Gecə yarısına kimi rahatlıqla parklarda, istirahət və əyləncə meydançalarında gəzən ailələri, gəncləri, yaşlı insanları gördükçə Azərbaycan dövlətinin davamlı inkişafı üçün aparılan islahatların yerinə yetirilməsində birbaşa bağlılığımdan məmnunluq hiss edirsən. Çünkü Odlar Yurdu öz iqtisadi, siyasi, dövləti inkişafının yeni mərhələsini yaşayır. Bu gün Azərbaycanda reallaşan beynəlxalq əhəmiyyətli enerji layihələri, artıq reallaşmış və həyata keçirilməsi davam etdirilən müxtəlif iqtisadi, sosial, mədəni, humanitar proqramlar ölkəmizin iqtisadi inkişafını təmin etməklə yanaşı, əsas məqsəd olan xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət edir. Ölkəmizin öz iqtisadi inkişaf tempinə görə dünya miqyasında öncül sıralara çıxması cənab Prezident İlham Əliyevin verdiyi bütün vədlərə sadiq qalmasının danılmaz reallığıdır”.

Nazim Ağayevin sözlərinə görə, rayon təşkilatının yeni binasının şəxsən partiyamızın Sədri, Prezidentimiz cənab İlham Əliyev tərəfindən açılması və Onun bir qrup partiya fəalları ilə görüşü təşkilatın iş ahəngini daha da yüksəldib. Bu görüşdən sonra YAP sıralarına qəbul olunanların sayı artaraq 7 min nəfərə çatıb.

Son olaraq bir daha qeyd etmək yerinə düşər ki, istər Xaçmazda, istərsə də ümumilikdə ölkəmizdə görülən işlərin hamısı iqtidarla xalqın birliyinin və qarşılıqlı inamının nəticəsidir. Dövlətin və cəmiyyətin əsas istiqamət kursunu isə ölkə başçısı belə müəyyənləşdirib: “Bizim çox gözəl intellektual potensialımız, resurslarımız var. Amma onu da bilirik ki, yalnız və yalnız demokratik cəmiyyətdə hər bir vətəndaş öz istəyini, öz bacarığını sərbəst ifadə edə bilər. Ancaq demokratik inkişaf ölkələri təvrəqqi yoluna gətirib çıxara bilər. Ona görə bütün addımlarımız məhz bu istiqamətdə atılır”.

 

 

Fikrət QURBANOV

 

Yeni Azərbaycan.- 2010.- 22 may.- S.8-9.