Azərbaycan Xalq Cümhuriyyəti müasir
Azərbaycan dövlətçiliyinin
əsasını qoyub
Tarix elmləri
doktoru Kərim Şükürov www.yap.org.az
saytına müsahibə
verib:
- Kərim
müəllim, 28 May - Respublika
Günü xalqımızın
tarixinin şərəfli
səhifələrindən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması və dövlətçilik tarixində
yeri haqqında nə demək olar?
- Azərbaycan Xalq Cümhuriyyəti qanunauyğun
bir prosesin yekunu idi. Bunu müəyyən
etmək üçün
Azərbaycanda milli hərəkatın tarixinə
nəzər salmaq lazımdır. XVIII əsrin
sonları - XIX əsrin
əvvəllərində Azərbaycan
xalqının taleyində
ağır hadisələr
baş verdi.
Xanlıqlar dövrü
məntiqi sonluğuna
- vahid dövlət yaradılmasına nail ola bilmədi. Azərbaycan torpaqları Gülüstan
(1813) və Türkmənçay
(1828) müqavilələri ilə Rusiya imperiyası və İran arasında bölüşdürüldü. Şimali Azərbaycanda çar Rusiyasının müstəmləkə
sisteminə qarşı
mübarizə tədricən
milli hərəkata çevrilməyə başladı.
Bu hərəkatın XIX əsrin 70-ci illərindən
genişləndiyini qəbul
etmək olar. Burada bəzi mərhələlər də
ayrılır: 1870-ci illər
- 1905-ci il; 1905-1907-ci illər; 1907-1917-ci illərin
əvvəlləri; 1917-ci il
oktyabr - 1918-ci il may. Milli hərəkatın ideologiyası,
məzmunu da mürəkkəb yol keçib. Bir sözlə, Azərbaycan
Xalq Cümhuriyyətini
bəzən təqdim
edildiyi kimi təsadüflərlə bağlamaq
doğru deyil. Azərbaycan Xalq Cümhuriyyətini yaradan tarixi şəxsiyyətlərin rolu
da yüksək qiymətə malikdir.
Sualın ikinci hissəsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti müasir Azərbaycan dövlətçiliyinin əsasını
qoydu. Azərbaycanda respublika quruluşu
bərqərar oldu, dövlət hakimiyyətinin
bütün qolları
yaradıldı və
s. Diqqət yetiriləsi
ən mühüm amillərdən biri dövlətin Azərbaycan
adlandırılması idi.
Bu fakt bəzən
yanlış izah olunur. Azərbaycan adına görə
o, ilk Azərbaycan dövləti
hesab olunur. Bu tamamilə səhv
fikirdir. Azərbaycan Xalq
Cümhuriyyətinədək də azərbaycanlıların
Vətəni Azərbaycan
adlanırdı və
Cümhuriyyət özünədək
olan bütün Azərbaycan dövlətlərinin
varisi idi.
- Azərbaycan Xalq Cümhuriyyəti tarixində
hansı hadisələr
daha mühüm əhəmiyyət kəsb
edir?
- Cümhuriyyət
1918-ci il mayın 28-də elan olunub, 1920-ci il aprelin 28-də süqut edib. İndi biz, bu 23 ayın
demək olar ki, hər ayının
və hətta hər gününün əsas hadisələrinin
xronologiyasını bilirik.
Bu hadisələrin böyük əksəriyyəti
28 mayın özü
qədər önəmli
və əhəmiyyətlidir.
Onlar haqqında çox bəhs edilib: məsələn,
1918-ci il iyunun 4-də
Osmanlı dövləti
ilə müqavilə;
26 iyunda Azərbaycan milli ordusunun yaradılması, 27 iyunda Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi
və s. Fikrimizcə,
bəzi hadisələrin
əhəmiyyətinə az
diqqət verilir.
1918-ci il iyunun 16-da hökumətin Tiflisdən Gəncəyə
köçürülməsi kimi... Bütün bunların sadalanması
çox vaxt apara bilər. Hazırda, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən
çox məqamlar məlumdur, “lakin hər məqam məlumdur”, demək çətin ki, mümkündür.
- Burada Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin
öyrənilməsinin üzərində
dayanmaq yerinə düşər...
- Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin
öyrənilməsi barədə,
Cümhuriyyətin özü
kimi ruh yüksəkliyi ilə bəhs etmək çətin ki, mümkün olsun. Bu sahədə sözün əsl mənasında böyük elmi zəhmət çəkən
bir neçə tədqiqatçını çıxmaq
şərtilə, böyük
əksəriyyət dəb
xatirinə “cümhuriyyətçi”
olub. Fikrimi sadə şəkildə
izah edim. Cümhuriyyətdən doktorluq işi
müdafiə edənlərin
əksəriyyətindən, çox yox, eləcə namizədlik dissertasiyalarının adını
soruşun. Elmi etikanın
elementar tələblərinə
əməl etməyərək,
sovet beşilliklərindən,
sosialist inqilabının
qələbəsindən bəhs
edən bəzi müəlliflər “eyni uğurla” Cümhuriyyət
üzrə mütəxəssislərə
çevrildi. Açıq
deyim ki, bu hal Cümhuriyyət
tarixinin öyrənilməsinə
ciddi zərər verdi. Bu məsuliyyətli elmi
problem siyasiləşdirildi.
- Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə
dair hansı kitabları xüsusi qeyd etmək olar?
- Bu sahədə
bəzi monoqrafik tədqiqatlar və dəyərli məqalələr
vardır. Lakin tarixçilik nöqteyi-nəzərindən
Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik
yubileyi dövründə
buraxılmış sənədlər
məcmuəsi böyük
elmi dəyərə malikdir. Məlum olduğu kimi,
1998-ci ilin yanvarında
Ümummilli lider Heydər Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin
keçirilməsi haqqında”
Sərəncam imzalayıb.
Həmin Sərəncamda
Azərbaycan Xalq Cümhuriyyətinə yüksək
elmi-siyasi qiymət verilib: “1991-ci ildə dövlət müstəqilliyini
bərpa edən xalqımız Azərbaycan
Xalq Cümhuriyyətinin
qısamüddətli fəaliyyətinin
zəngin ənənələrindən
istifadə etmiş və bu tarixi
varislik üzərində
müstəqil Azərbaycan
dövlətini yaratmışdır”.
Bu tarixi Sərəncam əsasında Azərbaycan
Xalq Cümhuriyyətinin
qanunvericilik sənədləri,
parlamenti, xarici siyasəti, ordusu və F.X.Xoylunun həyat və fəaliyyətinə dair
fundamental nəşrlər reallaşdırılıb. Azərbaycan
Xalq Cümhuriyyətinin
tarixinə maraq göstərən hər bir şəxsin bu sənəd və materiallar toplusu ilə
- Azərbaycan
Xalq Cümhuriyyətinin
tarixinin hansı problemlərinin öyrənilməsi
üzərində dayanmağa
daha çox ehtiyac hiss edilir?
- Azərbaycan
Xalq Cümhuriyyətinin
90 illiyi qeyd edilən zaman Yeni Azərbaycan Partiyası elmi və siyasi dairələrin iştirakı
ilə yüksəksəviyyəli
bir tədbir təşkil etmişdi. Həmin tədbirdə mən də çıxış
edərək bəzi elmi düşüncələrimi
söyləmişdim. Bu
çıxış istər
tədbir zamanı, istərsə də tədbirdən sonra kütləvi informasiya vasitələrində müəyyən
polemikaya səbəb olmuşdu. İrəli sürülən elmi müddəalara münasibət əvəzinə
siyasi hökmlər çıxarılmışdı. Bu günlərdə, Azərbaycan
Xalq Cümhuriyyətinin
92-ci ildönümündə həmin elmi müddəaları bir daha xatırlayıram: necə oldu ki, Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan və Gürcüstan respublikalarından
tez süqut etdi? Sovet Rusiyası tərəfindən
işğal ərəfəsində
nə üçün
hökumət qurulmadı,
dövlətin müdafiəsi
təşkil edilmədi?
Nə üçün
parlament kifayət qədər səmərəli
qanunvericiliklə məşğul
ola bilmədi?
Müqavimət hərəkatı
işğal zamanı
deyil, işğaldan sonra geniş miqyas aldı və s. və i.a. Bu suallara istənilən cavabı vermək olar, lakin Azərbaycan Xalq Cümhuriyyətini xilas etmək mümkün deyildi. Bu suallar isə
bizə tarixin dərsləri kimi vacibdir, Cümhuriyyətin
uğursuz taleyinin təkrar edilməməsi və fasiləsiz və uzunömürlü
dövlət quruculuğu
təcrübəsi üçün
lazımdır.
Yeni Azərbaycan.-
2010.- 28 may.- S.9.