Erməni tarixi haqqında

 

Akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” adlı məqaləsinin izi ilə

 

Doğru sualdan doğru cavaba

 

Hər bir xalqın tarixi onun milli-mədəni yaddaşı qədərdir. Azərbaycan xalqı da bu mənada istisna deyil. Bu da bir həqiqətdir ki, əsrlər boyu xalqımızın tarixi müxtəlif səviyyələrdə, məqsədyönlü şəkildə saxtalaşdırmalara məruz qalmış, bu, bəzən başqalarının, bəzənsə elə öz əlimizlə olmuşdur. Məqsəd isə xalqımızı öz həqiqi keçmişindən uzaq tutmaqla onu milli-mədəni və milli-mənəvi dəyərlərindən uzqaqlaşdırmaq, beləliklə, torpaqlarımızın işğalı üçün zəmin yaratmaq olub. Etiraf etməliyik ki, imperialist güclər müəyyən mənada məqsədlərinə nail olmağı da bacarıblar.

Tariximizin ən əhəmiyyətli dövrlərindən biri də ilkin orta əsrlər dövrüdür. Bu dövr Azərbaycan xalqının əcdadlarının inanc sistemində və sosial-siyasi, ideoloji və mədəni strukturunda dərin izlər buraxmış və ən çox təhrifə, saxtalaşdırmaya məruz qalmış bir dövrdür. Həmin dövrə münasibətdə əksər hallarda tarixçilərimiz ya susmuş, ya da mexaniki olaraq tarixi saxtalaşdıranları təlqin etməklə kifayətlənmişlər. Ancaq bu günlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin həmin dövrlə günümüzün aktual problemlərini uzlaşdıran və “Gorus-2010: absurd teatrı mövsümü” adlı məqaləsi, ilk dəfə olaraq, ilkin orta əsrlər və qədim dövr Azərbaycan tarixinə obyektiv və cəsarətli yanaşmanı özündə əks etdirməklə, həmin dövrün araşdırılması üçün yeni konsepsiya müəyyənləşdirmiş oldu. Məqalədə erməni və ermənipərəst tarixçilər tərəfindən saxtalaşdırılmış tariximiz, ilk dəfə olaraq, akademik səviyyədə təhlil edilir, ermənipərəst mövqe elmi dəlil və arqumentlərlə sıradan çıxarılır. Hesab edirik ki, bu cür obyektiv, elmi və cəsarətli yanaşma tariximizin yeni əsaslarda öyrənilməsi üçün xüsusi istiqamətlər müəyyələşdirəcəkdir.

1-ci sual: Ermənilərin həqiqi etnocoğrafiyası haradır?

Keçən məqaləmizdə araşdırmalarımızın sonu bizi belə bir nəticəyə gətirib çıxarmışdı. Haylar öz xalqlarının tarixi kimi hazırda məskunlaşdıqları coğrafiyanın tarixini təqdim edirlər. Bu coğrafiyanın nə tarixinin, nə mədəniyyətinin, nə abidələrinin, nə də arxeoloji qazıntılar zamanı tapılmış ən müxtəlif nümunələrinin haylarla heç bir əlaqəsi yoxdur. Elə isə bəs bu coğrafiyanın, bu mədəniyyətin və bu tarixin həqiqi sahibləri kimlərdir?! Heç bir halda ermənilər deyil...

Aleksandr Anninskiy “İstoriya armyanskoy çerkvi” adlı əsərində yazır: “Erməni xalqının qədim tarixi haqqında Moisey Xorenskinin guya ki, qədim tarixi mənbələrə istinad edərək yazdıqları uydurulmuş, tarixi faktların fantastik dərəcədə təhrif olunmuş, əfsanələşdirilmiş şəklindən başqa bir şey deyil. Nəzərə alsaq ki, tarixdə qədim ermənilərin nə siyasi birliyi və gücü, nə də mədəniyyəti haqqında heç bir iz yoxdur, o zaman belə düşünmək lazımdır ki, elə onların heç biri erməni xalqında olmayıb da. Görünür ermənilər həmişə azsaylı, vəhşi qəbilə şəklində yaşayıblar” (A.Anninskiy. İstoriya Armyanskoy çerkvi. Kişinyov. 1900).

Hesab edirik ki, A.Anninskiyin gəldiyi nəticə tamamilə ədalətlidir. Çünki qədim və ən qədim dövrlərə aid heç bir arxeoloji qazıntılar nəticəsində əldə olunan maddi sübutlar içərisində ermənilərin izinə rast gəlinmir. Məsələ ondadır ki, ermənilərin tarixən iddia etdikləri ərazilərin Assuriya, Urartu, Kilikiya və s. kimi qədim dövlətlərin yerləşdikləri coğrafiya istər arxeoloji baxımdan, istərsə də yazılı və digər mənbələr baxımından kifayət qədər öyrənilmiş ərazilər hesab edilir. Əslində bu ərazilərdə qədim dövrlərdə olduğu kimi sonrakı dövrlərdə də həmin ərazilərdə erməni izi görünmür. Ermənilər öz köklərini, qədim dövlətlərini Şərqdə axtarırlar. Ancaq nə assurlar, nə Midiya, nə Manna, nə Əhəmənilər dövründə, eləcə də nə makedoniyalı İsgəndər, nə Selevkilər dövründə baş verən ciddi hadisələr zamanı onların adı və dövlətlərinə rast gəlmək mümkün deyil. Belə olan halda haylarla heç bir əlaqəsi olmayan qədim Urartu dövlətinə sahib çıxmaq tamamilə erməni ambisiyasından və yalanından başqa bir şey deyil. Bundan başqa öz qədim dövlətlərini Şərqdə axtaran ermənilər bəzən də bunun Balkanlarda olduğunu iddia edirlər. Beləliklə, qədim erməni dövləti haqqında xülyalar getdikcə ciddi tarixçilərin ironiyalı təbəssümü ilə qarşılaşır. Ancaq biz bir an düşünək ki, doğrudan da, Urartu erməni çarlığı olmuşdur. O zaman gəlin bu çarlığın yerləşdiyi coğrafiyaya diqqət yetirək. Heç bir tarixi mənbədə Urartu dövlətinin sərhədləri nə Çuxursəddə, nə Zəngibasara, nə Zəngəzur və Göyçəyə, nə də Qarabağa qədər uzanmayıb. Adlarını çəkdiyimiz vilayətlər həmişə tarixi Azərbaycan torpaqları olub. Belə olan halda ermənilər hansı haqla bu torpaqlara iddia edirlər və terrorçubaşı S.Sarkisyan Azərbaycanın cəmi 100 il yaşı olduğunu iddia edir? Deməli, hara olursa olsun, amma heç bir halda, nə indiki Ermənistan, nə də Qarabağ ermənilərin tarixi etnik torpaqları deyil!

2-ci sual: Ermənilərin Qafqazdakı xristian məbədləri ilə hər hansısa tarixi əlaqəsi varmı?

Yenidən Aleksandr Anninskiyin “İstoriya armyanskoy çerkvi” əsərinə istinad edək.

... “Qədim ermənilər” uzun əsrlər boyu nəinki elmdə, eləcə də incəsənət və ədəbiyyat sahəsində heç bir milli nümunə yarada bilməmişlər. Onların yazıları isə V əsrdən sonra peyda olmağa başladı. Təəccüblü deyil ki, din və inanc sahəsində də onlar heç bir özünəməxsusluq ortaya qoya bilməmişlər!

Bu fikirlər o qədər ədalətli və gerçəkdir ki, heç bir erməni tarixçisi bu vaxta qədər onu təkzib edə bilməyib. Ermənilər həmişə tabeçiliyində olduqları xalqların dini inanclarını mənimsəyiblər. Əhəmənilər dövründə Şərq müdrikliyindən, atəşpərəstlikdən gələn Hörmüzü, Bizanslılardan gələn müxtəlif allahları, Assurlardan gələn ilahiləri və s. özlərinin dini ideologiyası kimi mənimsəyiblər. Xristianlığın yaranmasına qədər olan dövr bu şəkildə davam edib. Bundan sonra ilkin orta əsrlərdə Yaxın Şərqdə və ona bitişik ərazilərdə ilkin olaraq xristianlıq yayılmağa başlayıb. 313-cü ildə Albaniya çarı Urnayr da xristianlığı qəbul edib. Beləliklə, müasir Azərbaycanımızın ərazisində də bu din möhkəmlənməyə başlayıb (2, Moisey Kalankatuklu). VII əsrədək, yəni İslamın yaranmasına qədər olan dövrdə Tanrıçı türklər arasında xristianlıq kifayət qədər geniş yayılıb. Albaniya ərazisində çoxlu sayda monastr və kilsələr inşa edilib. Xristian mədəniyyətinin hegemonluq dövrü başlayıb. Bu dinin qoruyucularından və onu yayanlardan olan qıpçaq türkləri “İncili” öz dillərinə tərcümə edə biliblər. VII-IX əsrlərdə Qafqazda İslam dininin yayılması dövrü isə xristianlığın tənəzzülü ilə nəticələnib. Həmin dövrdə səlcuqluların və oğuzların İslam dinini qəbul edərək Qafqaza axın etməsi yerli türklər olan qıpçaqlarla onlar arasında ciddi qarşıdurmalara və müharibələrə səbəb olub. Bu qarşıdurmadan isə erməınilər bəhrələnməyə başlayıblar. Həmin dövrə qədər ayrı-ayrı xalqların hegemonluğu altında ən müxtəlif coğrafiyalarda yaşayan ermənilər Qafqaza ayaq açaraq xristian qıpçaqlarla ittifaq yaratmağa nail olublar. Çox güman ki, o dövrdə artıq ermənilər də xristianlığı qəbul etmişdilər. Erməni tarixçilərinin iddia etdiklərinə inansaq, bu, 340-344-cü illər arasında baş vermişdi. Burada çox incə bir mətləbi izah etmək lazımdır. Əslində həmin dövrdə (VII-IX əsrlər) Qafqaza ayaq açan və qıpçaqlarla ittifaq yaratmağa cəhd edənlər ərmən türkləri deyil, hay tayfaları idi. Ərmən adı isə yerli qıpçaqların bir boyu idi. Beləliklə, haylar bütün Yaxın Şərqi və Anadolunu işğal edən müsəlman-türk ordularından qaçaraq yerli qıpçaqlara, ərmənlərə sığınmağa başlamışdılar. İttifaqa girər-girməz də yerli ərmənlərin və qıpçaqların tarixini saxtalaşdırmağa və qıpçaqca olan xristian mətnlərini hay dilinə çevirməyə, qıpçaqlar isə həvəslə hay dilindən məişətdə istifadə etməyə başladılar. Əslində bu yad dili mənimsəmək qıpçaqlara da sərf edirdi. Çünki onlar öz dillərində danışan zaman qan qardaşları, ancaq din düşmənləri olan müsəlman türklər, oğuzlar onları yaxşı başa düşürdülər. Bu isə hərbi sirlərin qorunmasında problemlər yaradır, qıpçaqların İslam dininə meylini artırırdı. Ona görə də qıpçaq bəyləri hay dilini həvəslə mənimsəyir, din fərqliliklərinə bir də dil fərqliliyi əlavə etməklə oğuz hegemonluğundan özlərini və dinlərini qorumağa çalışırdılar. Beləliklə, Cənubi Qafqazda olan bütün milli-mədəni və dini abidələrini də mühafizə etmək istəyirdilər.

Bu tarixi fürsət haylara böyük şans verməklə ərmənlərin və qıpçaqların assimilyasiyasını sürətləndirdi.

Hayların əlinə tarix boyu düşməmiş fürsət düşmüşdü. İki türk savaşacaq, haylar isə dini-ideoloji rəhbər olacaqdılar. Nəhayət, onlar da bir toplumda elitaya çevriləcəkdilər, qul ikən ağa olacaqdılar. Ona görə də çevik üsullarla qıpçaq dilini öyrənir, sonra qıpçaq-erməni lüğəti tərtib edir, qıpçaqların bütün dini mətnlərini haylaşdırdılar.

3-cü sual: Bəs o qıpçaqca mətnlər haradadır? Ola bilməz ki, onların hamısı məhv edilmiş olsun! Ortada dəlil varmı?

Bəli..!

Düşünürük ki, qıpçaq dilində mətni elə qıpçaqca Xristosa dua ilə başlayaq:

Başqa bir dua:

Göründüyü kimi, xristian qıpçaqlar İsus Xristosa bəzən Tanrı, bəzən də bəy deyə müraciət edirlər. Onların dini leksikonunda hələlik “Boq”, yaxud “Allah” yoxdur. Tanrı qədim allahlarıdır və xristianlıqdakı Boq, İslamdakı Allahla eyniyyət təşkil edir. Ona görə də xristianlıq da, İslam da türklər tərəfindən asanlıqla mənimsənilir. Çünki heç bir dini-mənəvi, yaxud dini-psixoloji baryer yoxdur. Tanrıçılıq inancı təkallahlılıq üçün olduqca münbit dini-ideoloji zəmin formalaşdırıb. Haylar isə çoxallahlılıqdan gəldikləri üçün xristianlığı qəbul etmiş olsalar belə, onu ruhən mənimsəyə, qavraya bilmirlər. Geniş izahata və təbliğata ehtiyac var. Bu halda qıpçaqların köməyinə arxalanmaq olar. Ərmən qıpçaqların dini mətnləri məhz bu səbəbdən hay dilinə tərcümə edilirdi.

Elə buradaca hayca-qıpçaqca daha bir mətni təqdim edək. Bu, qədim türklərdə olan il sıralamasının adıdır.

Haylar qıpçaq-ərmənlərdən təkcə dini deyil, həm də məişət normalarını, hüququ (törəni), hətta təbabəti və digər zəruri şeyləri acgözlüklə öyrənirdilər. Sağlamlıqla bağlı olan belə nümunələrdən biri günümüzədək gəlib çatıb. Bu, qıpçaq-ərmənlərdən götürülmüş uzunömürlülük reseptidir. Oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq, həmin resepti təqdim edirik.

Qıpçaqca dua mətnlərini hələlik son bir nümunə daha verməklə yekunlaşdırırıq:

Duaların mətninə nəzər saldıqda qıpçaq dilinin müasir dilimizə nə qədər yaxın olduğunu görürük. Baxmayaraq ki, cığatay-qıpçaq ləhcəsi oğuz ləhcəsindən həmişə nisbətən fərqli olub, ancaq görünür, orta əsrlərdə bu fərq indiki qədər olmayıb. Əlbəttə, bizim məqsədimiz qıpçaq mətnlərinin dil problemlərini araşdırmaq olmadığı üçün (hərçənd, bu da dilçilərimiz üçün ciddi maraq kəsb etməlidir) yenidən mövzumuza qayıdaq.

Göründüyü kimi, bütün dünyaya hay tarixi kimi sırınan tarix əsla hay tarixi (yəni bu gün dünyanın erməni kimi tanıdığı hayların) deyil. Bu tarix Baqratdan başlamış, Vaspurakana qədər (oxu, Baqatırdan, yəni Bahadırdan başlamış, Bas-Vur-Hakana qədər) qıpçaq-ərmən tarixidir. Kilsələrdə, xüsusilə hazırda Eçmiədzin kilsəsində gizlədilən tarix də elə bizim tariximizdir. Tarixi sənədləri araşdırarkən böyük türkoloq və tarixçi, akademik Marrın bir qeydinə rast gəldik. Marr “Spisok rukopisey Sevanskoqo monastıra” adlı araşdırmasında təəssüflə etiraf edir ki, ... arxiv materialları ilə tanış olarkən ona çox xəsisliklə mənbələr təqdim edilirmiş. Akademik vurğulayır ki, hələ rəhmətlik Patıkanov1879-cu ildə burada olarkən 180 sənəd haqqında məlumat əldə edib. 1887-ci ildə isə mənə burada yalnız 111 sənədin olduğunu bildirdilər. Həmin sənədlərin isə yalnız bir qismini mənə göstərdilər. İstifadə etmək üçünsə, demək olar ki, heç nə vermədilər.

Əgər bu sənədlər doğrudan da hay tarixinə aid mənbələr idisə, görəsən, haylar bu sənədləri niyə böyük tədqiqatçıdan gizlətmişdilər. Yalnız bir səbəbə görə: həmin sənədlər üzərində saxtalaşdırma əməliyyatı hələ tam başa çatmamışdı... Heç bu gün də başa çatmayıb.

Hesab edirik ki, müasir Azərbaycan tarixşünaslığının ən mühüm və strateji məqsədi oğurlanmış tariximizi - qıpçaq-ərmən tariximizi özümüzə qaytarmaq olmalıdır.

Sonda vacib bir problemi aktuallaşdıraraq cəmiyyətin diqqətinə təqdim edən və məni də bu araşdırmanı aparmağa həvəsləndirən çox hörmətli Akademik Ramiz Mehdiyevə “Gorus 2010: Absurd teatrı mövsümü” adlı qiymətli əsərinə görə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

 

 

Hikmət Babaoğlu

 

Yeni Azərbaycan.- 2010.- 30 noyabr.- S.4.