Sənət əsarətdə yüksəlir və azadlıqda öləziyir

 

Anar: Ədəbiyyatın müqəddəs vəzifəsi insanı anlamaqdan, insana qahmar durmaqdan ibarətdir

 

Cəmiyyət onların fəaliyyətini diqqətlə izləyir, sözlərinin işığına yığışır və onlara inanır. Onlar cəmiyyətin işıqlı pəncərələri-ziyalıları, aydınlarıdırlar.

Onların bizə məlum olmayan tərəfləri hansılardır? Doğmaları və yaxınları, arzu və istəkləri, iş günü bitəndən sonra maraq və əyləncələri...

Qismətimdən layihəmizin ilk müsahibi ədəbiyyat adamıdır və onun bir dünyası var-kitablar. Bütün sevdiyi və xatırladığı adamlar, doğma və yadları onun həyatına məhz ədəbiyyatdan gəlib. İki böyük şairin sevgisindən doğulub və özünün övladları da yazıçıdır. Bir sözlə ədəbiyyat onun həyatıdır. Deyəsən, elə bu səbəbdən də görüş üçün təklif etdiyimiz məkanların içindən iş otağı-ədəbiyyat məkanı seçildi.

Beləliklə, müsahibim Azərbaycan Yazıçılar Birliyinin sədri Anardır:

- Valideynləriniz sizin yazıçı olmaq istəyinizi necə qarşılamışdı?

- Bu barədə “Sizsiz”də yazmışam.

“Sizsiz”dən: “Uşaqlığımın yay aylarını ara-sıra Şuşada keçirərdik. Dünyada ən çox sevdiyim şəhərlərdən biri də Şuşadır.

Qədim yaraşıqlı evlərin “qaşqa suvağı”, meşələrin sərin bulağı-qeyri-ixtiyari şeirə keçdim, çünki elə bu bulaqların adı da şeir kimi səslənir-İsa bulağı, Saxsı bulağı, Səkili bulaq, Gəlin bulağı, Çarıq bulağı, Ayğır bulağı, Şirlan...

O yanda Qırxqız dağları, bu yanda Topxana meşəsi, uzaqda Kirsin zirvəsi, bu tərəfdə Bağrığan dağı, Cıdır düzündən Daşaltı çayına enən Qırxpilləkən, İbrahim xanın sığnağı, Ağ qaya, Ərimgəldi yamacı, tayı-bərabəri olmayan Xarıbülbül gülü, kəkotu, qantəpir, çobanyastığı, quzuqulağı, sarı çiçəyin ətirli çayı, gecələrin İsaq-musaq quşları, Natavan bağında ətrafı bürüyən qızılgül rayihəsi, tez yağıb tez kəsən çobanaldadan yağışlar, dərələr boyu dizin-dizin sürünüb qalxan, sonra da ehmalla çəkilən süd rəngli dümağ dumanlar, gündüzün-gecənin hər vaxtında, hər yandan, hər bucaqdan ucalan musiqi sədaları-radiolardan, televizorlardan, maqnitofonlardan axan, ya da məclislərdən, İsa bulağı meşəsindən, Cıdır düzündən yüksələn canlı avazlar-Şuşa!

O vaxt Şuşada yaman darıxırdım, ürəyim Bakıya tələsirdi. 9 yaşlı bacım Fidan da darıxırdı. Təranə üçün darıxmaq hələ tezdi-4 yaşındaydı. Atam bizim başımızı qatmaq üçün təklif etdi ki, yol qeydlərimizi yazaq, Şuşada gördüklərimizi qələmə alaq. Yadımda deyil, Fidan yazdı ya yox, amma mən yazmağa başladım. Yol qeydləri və Şuşa haqqında deyil... Amerika həyatından bir pyes yazdım.

Bir axşam eyvanda oturub istirahət etdiyimiz zaman pyesi bizimkilərə oxudum. Təbii ki, o bekara və zəif bir yazı idi. Amma atam onda nə isə görmüşdü. Oxuyub qurtaranda onun göy gözləri parıldayırdı”.

- Heç nə, -dedi, bilmirəm sevinclə dedi bunu, yoxsa təəssüflə - sən də yazıçı oldun.

Məhz bu sözlərdən sonra mən yazıçı oldum. Mənim taleyim həmin anlarda həll olundu”.

- Siz övladlarınızın - Günellə Turalın yazıçı olmaq istəyini necə qarşıladınız?

-Yazıçılıq istəklə deyil. Mən istəməzdim ki, mənim övladlarım yazıçı olsun. Çünki gənc vaxtı da, elə indi də qarşılaşdığım təpkilərlə övladlarım da qarşılaşır. Amma bir tərəfdən oxuyuram və görürəm ki, yaza bilirlər və yazan gənclərin heç birindən də pis yazmırlar. Niyə mən onların qarşısını almalıyam? Bilirdim ki, bir neçə özünə, ədəbiyyata, sözə hörmət etməyən adam yazacaq ki, bir ailədən neçə yazıçı çıxacaq? Nə qədər istedad varsa o qədər də yazıçı çıxacaq. Bir soyaddan generallar, bir soyaddan həkimlər, bir soyaddan hansısa bir sahə üzrə mütəxəssislər yetişə bilər, amma bir ailədən ikinci yazıçı yetişə bilməz? Mənim uşaqlarıma yeganə irad onların Anarın övladları olmasıdır. O cümlədən də, valideynlərimə. Tural Küveytə səfir gedəndə yazdılar ki, Anarın oğlu səfir təyin olundu. Turalın yerinə mənim şəklimi verdilər. Tural ərəbşünasdır, doğma dilimizdən başqa beş dil bilir. Qahirədə ali diplomatik kursları əla qiymətlə bitirib. Suriyada, Liviyada tərcüməçi işləyib və diplomatik fəaliyyətində də özü öz gücüylə, bacarığıyla, əməksevərliyiylə addım-addım, pillə-pillə yüksəlib. Bəzi başqaları kimi ərköyün olsaydı, harınlıq etsəydi, yəqin bu bədxahlarımızı çox sevindirərdi. Axı onları ən çox yandıran dürüstlüklə, halallıqla nəyəsə nail olmaqdır.

Yaradıcılığa gəlincə, Turalla Günel başqa-başqa səpkidə yazırlar. Vaqif Səmədoğlu deyir ki, Turalın yazdıqları mənim pyeslərimə yaxındır, Günelin yazdıqları şeirlərimə. Məsələ ondadır ki, Vaqifin pyesləri yumorludur, şeirləri faciəvi. Və bir ata, bir yazıçı kimi, mənimçün paxıllıq edənlərin, həsəd çəkənlərin yox, Vaqif Səmədoğlu kimi böyük şairin sözləri əhəmiyyətlidir.

- Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin həyat və fəaliyyəti hər zaman tədqiqatçıların diqqət mərkəzindədir. Amma ən monumental əsər Anarın “Sizsiz”idir.

- Rəsul Rza və Nigar Rəfibəyli ilə bağlı xatirələrin yer aldığı “Sissiz” xatirə romanı həyatımın bir parçasıdır. Ata-analı illərimin, həmin illərin Azərbaycan cəmiyyətində, ədəbiyyatında inkasıdır. “Sizsiz”dən: “Mən yaşadıqca Onlar da yaşayır. Buna sevinən də var, təəssüflənən də.

“Göz yaddaşımda”-işıqlı çöhrələri, üzlərinin yüz ifadəsi, sifətlərinin kədəri, fərəhi, gülüşü, həsrəti...

“Qulaq yaddaşımda”-səsləri, sözləri, sətirləri, danışıq ədaları, ləhcə kəlmələri, Gəncənin, Göyçayın dialekt, şivə kəlmələri...

“Beyin yaddaşımda”-fikirləri, amalları, inamları, aldanışları, “qəlb yaddaşımda”-ümidləri, nisgilləri, sevgiləri...

Bütün bunları yaşadan tək mən deyiləm, Bütün bunlar onların şeirlərindədir. Şeirlər isə ədəbiyyatındır, Xalqındır, Azərbaycanındır”.

Mənə bu iki böyük insanın sevgisindən doğulmaq xoşbəxtliyi nəsib olmuşdu. Yazmağa başlayanda, mən də ədəbi aləmə qədəm qoyanda artıq oxucular arasında müəyyən münasibətlər də formalaşmağa başladı. Bir dəfə hələ ata-anamın sağlığında Şuşada dincələrkən bir oğlan mənə yaxınlaşıb soruşdu ki, sizin adınızın mənası “Anam Nigar, Atam Rəsul” deməkdirmi? Düzünü deyim ki, təəccübləndim. Etiraz etdim və adımın hansı məna verdiyini ona izah etdim. Mən izah edəndə sual verən qayıtdı ki, yox, yəqin özünüz bilmirsiniz, əslində, adınızın mənası belədir. Adımın bu yozumu Türkiyəyə də yayılıb.

Amma... məhz belədir-Anam Nigar, atam Rəsul.

- İki yazarın övladının ədəbiyyata gəlişi hamar olmalıydı. Bütün nəşrlərin qapıları üzünüzə açıq, bütün ədəbi simalar dost. “Bütün”lərlə əhatəli bir mühitə daxıl olmaq, həmin mühitdə yetişmiş gənc bir ziyalı üçün problem olmamalıydı.

- Bu ancaq kənardan belə görünür. Əslində, ilk mətbu əsərlərimdən kəskin tənqidlərə hədəf oldum.

İlk hekayələrim çıxan kimi yarıistehzalı yazılar mətbuatda yer almağa başladı. “Kommunist” qəzetində “ideya qüsurlarına” görə tənqid olunurdum. Hücumlar bu günə qədər davam edir və hətta övladlarıma qarşı da eyni şəkildə tətbiq olunur... Bizləri, hətta rişxəndlə dədəlilər adlandırırdılar. Guya başqalarının dədəsi olmayıb. Həzrəti İsadan başqa bütün insanların dədəsi olur.

- Tendensiyası indiyə qədər davam etsə də, zaman bu iradların yanlış olduğunu isbatlayıb-o kateqoriyaya aid olan Anar, Elçin, Yusif və Vaqif Səmədoğlular Azərbaycan ədəbiyyatının klassiklərinə çevrilməkdədirlər. Bəlkə “atalılar”ın yetişdikləri, formalaşdıqları mühit bu üstünlüyü verib onlara.

-Yox, mən bu fikirlə razı deyiləm. Ədəbiyyat sırf istedad məsələsidir. Məhz bundan sonra mühit-intellekt, təcrübə, peşəkarlıq gəlir. Ədəbiyyatımızın ən gözəl yazarlarından biri Mövlud Süleymanlının valideynləri kənd adamlarıdır. Atası sadə bir çobandır. Anası da savadsız, evdar qadın. Amma biz Mövlud Süleymanılının kəndində qonaq olanda elə gözəl və təmiz bir dillə qarşılaşdıq ki, Azərbaycanın heç harasında belə dildə danışmırlar. Kim deyə bilər ki, Mövlud zəif yazıçıdır. Deməli, məsələ ilk olaraq istedaddadır. Amma istedad varsa kiməsə qadağan edə bilməzsən ki, sən yazıçı ailəsindənsənsə yazma və yaxud valideynlərin yazıçı deyilsə, əlinə qələm alma.

- Əsərlərinizi oxuyanda, hətta diqqətli olmayan oxucu belə hiss edir ki, bu qəhrəmanlarda müəllifin özündən xeyli şeylər var. Oxucu-yazıçı səmimiyyətinə xidmət edən bu çalarlar bilərəkdənmi daşınır?

- Yaradıcılığın prinsipi budur. Hər bir yazıçı yaratdığı qəhrəmana özünün cizgilərindən də nə isə əlavə edir. Mənim yaradıcılığımda isə belədir ki, mən öz qəhrəmanlarıma təkcə müsbət keyfiyyətlərimi əlavə etmirəm, hətta özlüyümdə müsbət qiymətləndirmədiyim cəhətlərimi də əlavə edirəm. Mən öz qəhrəmanlarımla çox səmimiyəm. Bu ancaq mənim təxəyyülümün məhsulu olan qəhrəmanlarıma aiddir. Bir də var mənim özüm üçün həddindan artıq qiymətli olan sənədli əsərlərimin qəhrəmanları. Məsələn, “Dədə Qorqud dünyası”, Mirzə Cəlil, Nazim Hikmət haqqında yazdığım əsərlər. Yeri gəlmişkən, Nazim Hikmət haqqında əsərim Türkiyədə artıq kitab şəklində çap olunub. Bunlar konkret tarixi dönəmlər və həmin dönəmlərdə yaşamış insanlar haqqındadır. Amma orada mən də varam. Onları canlandıran qələm sahibi kimi ortada mənim münasibətim də olmalıdır. Mən onları necə təsəvvür edirəm, xəyalımda necə canlandırıram və təqdim edirəmsə oxucu da onları elə mənim baxışımla qəbul edir. Ona görə də, təbii ki, hər bir əsərdə məndən bir parça var. Amma bəzən bayağı, “obıvatel” münasibətlər də yaranır. Məsələn, filan qəhrəman sən özünsən, bu hadisə konkret olaraq sənin öz başına gəlib və sairə kimi...

- Güman ki, işıq üzü görən zaman böyük əks-səda doğurmuş “Beşmərtəbəli evin altıncı mərtəbəsi”nin qəhrəmanı Zaurdan söhbət gedir.

- Elə Zaur da, başqa qəhrəmanlar da belə müzakirələrin mövzusu olurlar. Amma mən axı “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanını da yazmışam, “Əlaqə” fantastik povestini də təqdim etmişəm. Onda belə çıxır ki, həmin fantastik povestin qəhrəmanı da mən özüməm və yad planetlilərlə ünsiyyətdəyəm...

Bu oçerk deyil ki, onun konkret qəhrəmanı və konkret hadisələr olsun. Bu yazıçı düşüncəsinin məhsulu olan qəhrəmandır. Hər hansı bir əsərin qəhrəmanının cəmiyyətdə bu qədər maraq oyatması isə artıq mənə elə gəlir ki, uğurdur.

Amma cəmiyyət “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni məhəbbət romanı kimi qəbul etsə də, dəfələrlə demişəm ki, əslində, bu dövrün insanla münasibətini əks etdirən bir əsərdir. Azad insan və azad olmayan cəmiyyət. Azad olmayan cəmiyyətdə azad bir insanın faciəsi. Bu cəmiyyətdə həmin insan məhvə məhkum idi, ona görə də, Təhminə öldü. Zaur isə cismən ölməsə də, artıq cəmiyyətin tələblərinə boyun əydiyinə görə mənən dünyasını dəyişmişdi.

- Eyni maraqla qarşılanan daha bir əsəriniz var. Dəhşətli bir cinayət işi ilə bağlı yazılmış oçerk. Və maraqlıdır ki, Anar belə bir janra müraciət edir.

- Mən janrları təyin eləyəndə həmişə bir az çətinlik çəkirəm. Həmin dövrdə məhkəmə oçerkləri, əslində, xronika şəklində hazırlanırdı. Mənsə düşündüm ki, belə işi cəmiyyətə təsir edəcək, tərbiyəvi gücə malik bir şəkildə təqdim etmək lazımdır. Hadisənin ictimai mahiyyətini açmaq, cəmiyyətin qınaq rıçaqlarını işə salmaq üçün çox lazımlı iş idi. Həmin cinayət işi belə idi ki, bir neçə gənc oğlanı lazımı ünvana çatdırmaq istəyən yaşlı sürücünü vəhşiliklə bıçaqlayırlar. Həmin yaşlı adama 32 bıçaq zərbəsi vurulsa da, o ölmür və həyatını xilas etmək mümkün olur.

Çox-çox illər sonra bir dəfə Şəkiyə getmişdim. Cavan bir oğlan mənə yaxınlaşdı. Görüşdükdən sonra dedi ki, siz məndən kitab yazmısınız. Mən ona diqqətlə baxdım və dedim ki, mən sizin haqqınızda heç bir şey yazmamışam. Təxminən belə bir mükalimə oldu:

- Siz mənim haqqımda “Adamın adamı” kitabını yazmısınız.

- “Adamın adamı” sizə aid deyil.

Gedəndən sonra yadıma düşdü ki, “Adamın adamı” kitabına həmin məhkəmə oçerki də daxil edilib və bu cavan oğlan cinayətkarlardan biridir. Həmin oğlan Şəkinin Kiş kəndindən idi. Əvvəldən xatırlasaydım onunla söhbət edərdim. Cəzasını çəkəndən sonra həbsxana həyatı, indiki həyat tərzi, bu təcrübədən hansı nəticələri çıxardığı barədə soruşardım. Çünki insan psixologiyası mənim üçün, ümumiyyətlə, ədəbiyyat üçün çox maraqlı və önəmlidir. Ədəbiyyatın (yəni, elə sənətin başqa növlərinin də) müqəddəs vəzifəsi insanı anlamaqdan, insana qahmar durmaqdan ibarətdir.

- Artıq kifayət qədər güclü memuarlarınız - ədəbiyyatımızın iki görkəmli şəxsiyyəti haqqında yazılmış “Sizsiz”, Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Unudulmaz görüşlər”, Nazim Hikmətlə bağlı xatirələr kitabınız işıq üzü görsə də, sizi indi də qınayanlar var-daha yazmadığınıza görə... İndi hansı yazılar üzərində işləyirsiniz?

- Məni guya ki, son vaxtlar az yazmağımda qınayanlar ya bixəbərlər, ya qərəzlilərdir. Elə son illərdə iki seriyalı “Cavid ömrü” bədii filminin ssenarisini yazmışam. Bu ssenari “Azərbaycan” jurnalında dərc olunub. “Azərbaycan”ın builki üç nömrəsində Nazim Hikmətə həsr olunmuş “Kərəm kimi” sənədli romanım çap olunub. Bu il rus dilində “Literatura, iskusstvo, kultura Azerbaydjana” adlı 900 səhifəlik kitabım (bu hələ ikicildliyin birinci cildidir) nəşr edilib. Kitaba müxtəlif illərdə yazdığım yazılarla bərabər 30-dan artıq yeni yazılmış esselərim də daxildir. Mirzə Fətəli Axunzadə haqqında ikiseriyalı filmin ssenarisini bu yay bitirdim. Ümumiyyətlə, son zamanlar memuar yazmağa daha çox üstünlük verirəm. Hər hansı bir sevgi romanını və ya yazıçı təxəyyülünün məhsulu olan bədii əsəri istənilən başqa bir yazıçı yaza bilər. Amma mənim yaşadığım dövrün şəxsiyyətləri ilə bağlı xatirələrimi, ədəbi mühitdə baş verənlər, cəmiyyətin yaşantıları-hansı ki, o tarixlər hamısı mənim həyatımdan keçib onları başqası qələmə ala bilməz. Qarşıdakı illərdə Üzeyir Hacıbəyli haqqında bir kitab da qələmə almaq istəyirəm. Bir də ən böyük arzum Cəlil Məmmədquluzadə haqqında kitab işləməkdir. Ömür vəfa qılsa bu arzularımı da həyata keçirəcəm... Bir də xatirələr kitabı üzərində işləyirəm. Hər il yay aylarında bağa çəkilirəm. Sakitliklə baş-başa qalıram. Çox az hissəsi qalır ki, kitab üzərində işlərimi başa çatdırım. Adı “Əsrim və nəslim”dir. Ötən əsrin bütün tarixi mənim nəslimdən keçib. Ana babam dövlət xadimi olub 1920-ci ildə güllələnib. Daha sonra II Dünya müharibəsi, valideynlərimin yaşadıqları dövr və nəhayət, mənim özümün yaşadıqlarım. İnşallah, “Əsrim və nəslim” 100 illiyi əhatə edəcək bir sənədli əsər olacaq.

- Bağa çəkilirəm dediniz. Bağda təsərrüfatla necə, məşğul olursunuz?

- Hökumət bağıdır. Üç otağının aylıq kirə haqqını ödəyirəm. Yadımdadır, bir dəfə də hansısa müsahibəmdə suala cavab verərkən demişdim ki, mənim bağım yoxdur. “Anarşünaslardan” biri-xatirimdə deyil hansısa- buna şübhə edərək belə bir dəlil gətirmişdi ki, bəs Yazıçılar Birliyinin böyük büdcəsi var axı... görün bu adamın əxlaqı necə pozulub ki, dövlətin idarəyə ayırdığı puldan mənim varlanmaq üçün yararlana biləcəyimi təbii hal hesab edir. Necə deyərlər, hamını öz arşınıyla ölçür. Elə həmin yazıda Rəsul Rza Fondunun maddi qaynaqlarıyla da maraqlanırdı. Arxayın olsunlar: Rəsul Rza Fondunun maddi qaynaqları yoxdur və heç vaxt olmayıb... Bu yalnız mənəvi bir qurumdur, mənəviyyatsızlar bunu çətin başa düşər.

Birisi deyir ki, Anarın qarajında neçə “Cip”i var. Qarajım yoxdur. Olsaydı bu olmayan “Cip”lərin hamısını bunu deyənlərə bağışlayardım. Nəinki “Cip”im, ya başqa şəxsi maşınım, heç motosikletim də yoxdur. Bankda pulum da yoxdur. Qazandığım bir təmiz adımdır ki, onu da ləkələməyə çalışırlar.

- İki yazıçı övladın atası gözəl babadırmı?

- Nəvələrimi çox sevirəm. Dünyanın indiki durumunda, doğmaların yadlaşdığı bir zamanda bizi monolit ailə bağları birləşdirir. Oğlum Turalın iki oğlu var. Böyük oğlu Rəsul Bakı Slavyan Universitetində təhsil alır. İkinci oğlu Anar, Günelin iki qızı-Dəniz və Sezen hələ məktəblidirlər.

Daha çox razı olduğum nəvələrimin mütaliəsidir. Müasir insanlardır, internetdən də istifadə edirlər, kompüteri də məndən yaxşı bilirlər, amma mütaliə, ədəbiyyata maraqlar da öz yerində. Bu bilirsiniz niyə məni sevindirir? Ədəbiyyat nə qədər inkar etsələr də, mənəvi sərvəti zənginləşdirir. Biz əlifbamız dəyişəndən düz on il sonra ədəbi irsimizi latın əlifbası ilə çap etməyə başladıq. Və mən bu on ildə latın əlifbası ilə kitab nəşrinin vacibliyini mətbuatda, TV-də, Milli Məclisdə dəfələrlə qaldırdım. 10 il isə bir nəsil deməkdir. Aradakı bu 10 il oxumağa, mütaliəyə yadırğamış bir təbəqə yetişdirdi. Amma ədəbiyyat həmişə var və var olacaq. Prezidentimiz, cənab İlham Əliyev çox sağ olsun ki, bu məsələni kökündən həll etdi və cəmiyyətin oxu vərdişi yenə də bərpa olunmağa başladı. Amma o bayaq qeyd etdiyim oxumağa yadırğamış təbəqənin formalaşdırdığı tendensiyanı da yaşamağa məcburuq. İndi çox tez-tez səsləndirirlər kitab satılmır, oxunmur. Doğrudur, satılmayan insanlar olduğu kimi satılmayan kitablar da olur. Amma bu onların dəyərini azaltmır. Biz “Buta” kitab mağazasında keçirdiyimiz tədbirlər zamanı sübut etdik ki, kitab satılır. Sadəcə, onu təbliğ etmək lazımdır. Bu gün telekanalların başı falçıları, müğənniləri təbliğ etməyə qarışıb. Onlara ayrılan vaxtın az bir hissəsini belə kitab, mütaliə üçün ayırsalar, cəmiyyətin münasibətinin nə qədər dəyişdiyinin şahidi olarlar.

- Gənclərin durumundan həm narahat, həm də narazısınız. Bizim ədəbiyyat adamları isə sovet dövrünün çayxanalarından betər intriqa yuvasına çevrilən, istedadlı gəncləri ədəbiyyatdan qoparıb çirkaba yuvarladan birliklərin girdabındadır.

- Əslində, AYB-nin gənclər şurası ədəbiyyatın gənc üzvləri ilə bağlı böyük işlər görür. Gənc Ədiblər Məktəbi təsis edilib. Müntəzəm olaraq onların istiqaməti kitablarının nəşrinə dəstək olur. “Natavan” klubunda yeni yazarların ədəbi nümunələrini təqdim edirik. Hər dəfə deyirik ki, bizim qapılarımız hamının üzünə açıqdır. Gəlsinlər, nəşrlərimiz, toplularımız var, əsərlərini gətirsinlər, çap olunsunlar. Amma hər dəfə də cavab eyni olur: siz öləcəksiniz, sonra biz gələcəyik. Bizim ölməyimizi səbirsizliklə gözləyənlərdən fərqli olaraq mən bədxahlarımızın ölmələrini arzulamıram. Əksinə istəyirəm ki, uzun ömür sürsünlər, bəlkə haçansa ağılları başlarına gəldi. Biz də özümüzdən əvvəlki nəsli tənqid edirdik. Amma məhz tənqid edirdik, təhqir yox. Onlar bizim üçün ağsaqqal, böyük ziyalılar idilər, onlara hörmətlə yanaşırdıq, edə bilmədiklərini, onların bacara bilmədiklərini, ortaya qoymaqla özümüzü təsdiq edirdik, onları inkar etməklə yox. Biz özümüzdən əvvəlkilərin estetikasını qəbul etmirdik, daha çağdaş yazmağa çalışırdıq, zamanın nəbzini tutmağa, həqiqəti yazmağa çalışırdıq. Bizim sələflərimizin yazmaq imkanı olmadığı şeyləri biz artıq yaza bilirdik və bundan istifadə edirdik.

Cavan ömrünü mənə həsr etmiş “anarşünaslardan” biri məni “ifşa” edərək sitat gətirirdi: Anar deyir ki, sənət əsarətdə yüksəlir və azadlıqda öləziyir.

Yeri gəldi-gəlmədi Kamüdən, Sartrdan qırıldadan bu “elm dəryası” bilmir ki, bu mənim sözlərim deyil, Nobel mükafatı laureatı, fransız yazıçısı Andre Jidin sözləridir və Alber Kamü də Nobel mükafatı alarkən söylədiyi nitqində bu fikirlə razılaşdığını deyib. Mən də bu fikirlə razıyam. Doğrudan da, əsarət dönəmində ədəbiyyatın, sənətin müqavimət, dirəniş, etiraz gücü qat-qat artıq olur və müəlliflər müxtəlif üsullara əl ataraq demək istədikləri həqiqətləri deyirlər. Belə bir kəlam da var ki, senzura elə bir tordur ki, xırda balıqlar ilişib bu tora düşür, iri balıqlar toru yırtıb çıxırlar. Fikrin ikinci hissəsinə gəldikdə isə, son illərin təcrübəsi bunun da həqiqət olduğunu isbatladı. Azadlığı azğınlıq kimi qavrayanların bütün “yaradıcılıq fəaliyyətləri” böhtanlardan, yalanlardan, söyüşlərdən və təhqirlərdən ibarət oldu.

Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istəyirəm. Ramazan ayı münasibətiylə Türkiyədə PKK atəşkəs elan etmiş, yəni, terror aktlarını bir müddət dayandırmışdı. Uzun illər az qala hər sayında məni sancan “Azadlıq” qəzeti də “525-ci qəzet”də böhtanlarına tutarlı cavab aldıqdan sonra təqribən bir ay mənim haqqımda bir kəlmə də yazmadı. Təəccüb qaldım. Yəni, doğrudanmı bunların vicdanı oyanıb? Ola bilər ki, hansı birisə yazdıqlarına görə peşman olub, şər əməllərindən əl çəkib, amma hamısının birdən bir yerdə tövbə etməsinə inanmaq çətin idi. Sonra məsələ mənə aydın oldu. Bunlar tapşırıqla yazdıqları kimi tapşırıqla da susurlar. Amma görünür maratoriumun müddəti bitib. “Azadlıq” qəzetinin 25 sentyabr nömrəsində əməkdar “anarşünas” yenə gül ağzını açıb. Azərbaycan ədəbiyyatının tarixi və bu günü haqqında yıpranmış, bayağı və bəsit görüşlərini yüzüncü dəfə izhar etməklə yanaşı, savadsızlığının yeni bir örnəyini də ortaya qoyub: “Qobustan” toplusunu Mərkəzi Komitənin orqanı adlandırır. Hamıya yaxşı məlumdur ki, “Qobustan” heç vaxt MK-nın orqanı olmayıb. Əvvəllər Mədəniyyət Nazirliyinin orqanı idi, son 20 ildə isə Yazıçılar Birliyinin orqanıdır. Sovet dövründə Mərkəzi Komitənin orqanları “Kommunist” qəzeti, “Azərbaycan kommunisti” və “Kirpi” jurnalları dəfələrlə “Qobustan”ı ideoloji tənqidlərə hədəf etmişdilər. Bir şey haqqında danışanda heç olmasa bu barədə elementar biliyə malik olmaq lazımdır. Amma bunların yazı tərzi belədir, ağzına gələn yalanı yaz, yalanını çıxardanda da üstünü vurma, heç vecinə alma.

Mən heç vaxt heç kəsi təhqir etməmişəm və etmirəm. Yalnız dünyasını dəyişmiş klassiklərimizi abırsızcasına təhqir edənlərə öz nalayiq ifadələrini qaytarıram.

Yazılarında çox vaxt işverənlərinə nökərçilik və yaltaqlıq edən adam ən çətin illərdə milli mənəviyyatımızı, doğma dilimizi, ədəbiyyatımızı qoruyan və zənginləşdirən klassiklər haqqında “nökərçilik” və “yaltaqlıq” kimi ifadələr işlədirsə, bu sözlər məhz onun özü kimi adamlara yaraşır. Bu əxlaqla yaşamaq olmaz. Ona təəssüf edirəm ki, aralarındakı üç-beş istedadlı adam da ədəbiyyat yaratmaq əvəzinə elələrinə qoşulub özlərini daxilən çürüdürlər. Çünki yalan, böhtan, kin gec-tez ağacı içindən yeyən qurd kimi istedadın da axırına çıxacaq...

...Beləcə söhbətimiz sona yetir. Yazıçı Anar öz qonağına dünyanın ən böyük varı sayılan bir qalaq kitab hədiyyə edir. Sağollaşıb çıxıram. Fikrimdə ona verdiklərimizi-yazılarımızdan doğan və gizlədə bilmədiyi giley-güzarı-və ondan aldıqlarımızı - ötən yüz ilin Azərbaycan ədəbi mühitində inkasını tapan hadisələrin bədii və sənədli tarixini-irsini müqayisə edirəm. Bütün müqayisələr yersizdir deyimini xatırlasam da belə düşünürəm ki, aldıqlarımız və verdiklərimiz müqayisəyəgəlməzdir...

 

 

KƏBUTƏR

 

Yeni Azərbaycan.- 2010.- 1 oktyabr.- S.4.