Şəhidliyə ucalan TALEH...
Azərbaycan torpağı Vətən
uğrunda canını
qurban edən daha bir şəhid
övladını öz
qoynuna aldı...
Öncə Vatan,
Millet,
Sonra Ana ve yar...
Bu yolda savrulan biriləri var
Ezan dinmez diyen, Bayrak inmez
diyen,
Şehit ölmez
diyen birileri var...
Şehitler ölmez,
Şehitler ölmez...
Bayrakla dertleşen,
Toprakla birleşen,
Can verip devleşen birileri var...
... Sumqayıt
şəhərində məskunlaşmış
Zəngilandan olan məcburi köçkün,
bir neçə gün öncə Ağcabədi rayonunda erməni gülləsinə
tuş gələn şəhidimiz Taleh Abbasovun yaşadığı
mənzilə yol alarkən Mustafa Yıldızdoğanın
bu misraları yadıma düşdü.
Həqiqətən də
şəhidlik zirvəsi
ölümündən sonra
insana yenidən can verir, əbədiləşdirir,
ölümsüzləşdirir...
...Qapıda
bizi qarşılayan şəhidimizin dayısı
Mövlam Vəliyev oldu. Bacısı ilə qapı qonşu (əslində, bu iki ev
elə bir yarımtikilidir və iki otaqdan ibarətdir.
Otaqların birində
Mövlam Vəliyev öz ailəsi ilə, digərində Abbasovlar ailəsi yaşayır) olan Mövlam Vəliyev bizi içəri dəvət etdi. İlk olaraq şəhid Taleh Abbasovun anasına başsağlığı diləklərimizi
verib söhbətə
başladıq. Məlum
oldu ki, Taleh Abbasov 1989-cu ildə hazırda erməni işğalı
altında olan Zəngilan rayonu Şərifan kəndində
anadan olub. 1993-cü ildə ailə məcbur olaraq öz yurd-yuvalarından dirdərgin düşüb.
Sumqayıt şəhərində
məskunlaşmış Abbasovlar
ailəsi çox əziyyətlər çəkir.
2004-cü ildə ailə
daha bir acı ilə üz-üzə dayanmalı
olur. Şəhid Taleh Abbasovun atası Tofiq Abbasov ürək çatışmazlığından dünyasını dəyişir.
Şəhid anası Xatın xala söhbətinə elə
buradan başladı:
“Ataları dünyasını
dəyişəndən sonra
iki uşağı saxlamaq, böyütmək
üçün hansı
əziyyətləri çəkmişəm,
onu bir Allah bilir. Aylar olub ki,
hər gün səhər tezdən evdən çıxıb
işə gedirdim, axşam hava qaralanda gəlirdim. Düzdür, Taleh məktəbi elə də yaxşı oxumurdu, amma tərbiyəli uşaq idi. Oxuduğu Sumqayıt şəhər
34 saylı məktəbdə
də hamı onun hörmətini saxlayırdı. Böyük-kiçik
yeri bilən uşaq idi. Əsgərliyə gedəndə
sevindim ki, balam böyüyüb... mən nə biləydim ki, belə olacaq...”
...2009-cu ilin
aprelində Zəngilan
rayon hərbi komissarlığından
hərbi xidmətə
çağırılan Taleh
Abbasov Ağcabədi rayonunda yerləşən
“N” saylı hərbi hissədə xidmət edir. Tərxis olunmağına beş gün qalmış-yəni,
sentyabrın 25-də Ağcabədi
rayonu Qiyamadınlı
kəndi ərazisindən
atəşkəsi pozmuş
ermənilərlə atışma
zamanı yaralanıb.
Hərbi hospitala çatdırılarkən dünyasını
dəyişib... “Sentyabrın
24-də evə zəng
eləmişdi. Mənimlə
danışdı, dedi
ana, oktyabrın 1-də
yanındayam. Bəzi
pal-paltar istədi. Mən də səhərisi içinə
xırda sovqatlar da qoyub Ağcabədiyə
gedən maşınların
biri ilə yolladım. Sentyabrın
25-də komandirinə zəng
vurduq, dedi Taleh yaxında deyil, sonra danışarsınız.
Dedim sovqat göndərmişəm götürsün.
Həmin gün axşama qədər nə qədər elədimsə, Talehlə danışa bilmədim. Sən demə artıq yaralanıbmış.
Sentyabrın 26-da bizim
kənd icra nümayəndəliyinə Zəngilan
rayon hərbi komissarlığından
xəbər veriblər.
İcra nümayəndəsi
də mənə deyə bilməyib, dayısına xəbər
verib”.
...Mövlam
Vəliyev bu xəbəri bacısına
necə verəcəyini
düşünürkən, Xatın xala narahatlığını hara
yozacağını bilmirmiş...
“Elə bil nəsə olacağını
gözləyirdim. Gördüm
səhər-səhər qardaşımgil
tərəfindən səs-küy
gəlir. Keçdim soruşdum nə olub, mənə cavab verən olmadı. Elə qardaşım bircə bunu dedi ki,
evim yıxılıb...
mən də qoşulub bunlara ağlayırdım, amma deyən yox idi ki, nə
baş verib. Sonradan mənə dedi ki, Taleh
ayağından yaralanıb,
evə gətirirlər.
Soruşdum ki, yaralanıbsa, evə niyə gətirirlər? Dedi, üst-başını
səliqəyə salıb,
sonra hospitala aparacağıq... Sən demə, balamın bayrağa sarılı nəşi yolda imiş... Ermənilərlə
atışmada yerini dəyişərkən qarnından
yaralanıb. Aldığı
güllə yarasından
yolda dünyasını
dəyişib...”
...Görəsən,
bir gözlədiyi vardımı? Bu yaraşıqlı
gəncin yolunu həsrətlə gözləyən
məchul yar kim olub ki,
əsgər xatirələrində
ona şeirlər həsr edib... Bir kənarda sakit dayanan, gözlərini bir nöqtədən çəkməyən
şəhidin bacısı,
bu dünyada atasından sonra canından çox sevdiyi qardaşını da torpağa qurban verən Türkanə Abbasova hələ evdəykən
telefonundan mesajlar oxuduğunu demişdi. Amma Xatın xalanın bu haqda xəbəri olmayıb. Çünki Taleh hər zaman anası ilə pərdəni saxlayırmış... “Mənim
xəbərim olmayıb.
Amma deyəsən kiminləsə danışırmış.
Əsgər kitabçasındakı
şeirlərə, yazılarına
əsasən bunu demək mümkündür.
Amma abır-həyanı
gözləyən bala
idi Taleh. Heç vaxt bu barədə mənə bir kəlmə də deməyib”.
...Danışanda
bəzən yenidən
həmin ağrı-acını
yaşayaraq gözlərinin
yaşı axan, bəzən oğlunun şəhidlik zirvəsinə
ucalması ilə fəxr edən qəhrəman bir ana kimi sinəsi
gərilən, gah da səsində amiranə həyəcan duyulan Xatın xalanın bu dərdinə bütün
el-oba şərik olub. Deyir sağ
olsunlar, hamı bu pis günümdə
yanımda idi. Tanıyanlar da, tanımayanlar da. Şəhidin dəfn mərasimi izdihamlı bir mitinqə çevrilib. Vətən uğrunda canını fəda edən Taleh Abbasovu son mənzilə belə yola salıblar... “Hər kəsdən çox razıyam. İstər, Zəngilan
rayon İcra Hakimiyyəti,
istər rayonumuzun deputatı İmamverdi müəllim, istərsə
də Yeni Azərbaycan Partiyasının
nümayəndələri bu
çətin anlarımızda
yanımızda oldular,
bizə dəstək verdilər. Sağ olsunlar ki, bu
ağır günümüzdə
bizə dəstək oldular. Mən qəzetiniz vasitəsilə
hər kəsə öz minnətdarlığımı
bildirirəm...”
...Söhbətin
bu yerində yenidən qapı döyüldü. Gələnlər
Zəngilan rayon İcra
Hakimiyyəti başçısının
Sumqayıt şəhəri
üzrə səlahiyyətli
nümayəndəsi Şəmsi
Ağayev və YAP Zəngilan rayon təşkilatının
İdarə Heyətinin
üzvü, ailənin
yaxın qohumu Asif Orucov idi.
Şəmsi müəllim
xəbəri eşitdikləri
gündən Abbasovlar
ailəsinə dəstək
durduqlarını, şəhidimizin
dəfninin Zəngilan
rayon İcra Hakimiyyəti
tərəfindən təşkil
edildiyini, rayondan olan millət vəkili İmamverdi İsmayılovun, rayon İcra
Hakimiyyəti başçısı
Vəli Quliyevin yas mərasimlərində
yaxından iştirak etdiyini söylədi. Çünki bu bir Vətən borcudur. Şəhid elin övladıdır... Şəmsi müəllim
bundan sonra da şəhid ailəsinin hər zaman diqqət mərkəzində saxlanılacağını
deyir...
...Sonda vidalaşıb evdən ayrılmaq istəyəndə
bayaqdan bir tərəfdə sakit oturub baxan Qaratel
nənə dillənir:
“Ay bala, Allah bütün
səngərlərdə düşmən
qarşısına sipər
olan Azərbaycan oğullarını qorusun”...
Amin, Qaratel nənə, nigaran qalma... Sənin nəvənin də, işğal altında qoyub gəldiyin doğma Zəngilanın da erməni vandallarından qisasının
alınacağı günə
çox az qalıb, çox az...
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2010.- 2 oktyabr.- S.8.