Zəngəzurdan - Zəngilana, Zəngibasardan - Zəncana doğru uzanan soy kökümüz

 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə, İstanbulda türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirildi. Bu toplantı təkcə, eyni tarixə, soy-kökə, milli, mədəni dəyərlərə malik olan qardaş ölkələrin yeni əsrdə qarşılaşdıqları problemlərdən birgə çıxış yolları axtarmaq məqsədilə bir araya gəldikləri tədbir kimi deyil, həm də bu dövlətlər arasında tarixi qardaşlıq, birlik körpülərinin yenidən inşa olunmağa başlandığı böyük və çox vacib bir hadisə kimi diqqəti cəlb etdi. Elə bu səbəbdən də, toplantı çərçivəsində türk dövlətlərinin liderlərinin səsləndirdiyi bəyanatlar beynəlxalq diqqəti də bu istiqamətə yönəltməyi bacardı. Tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev də ortaq keçmişimiz, milli-mənəvi dəyərlərimiz haqqında olduqca maraq doğuran fikirlər səsləndirdi. Dövlət başçısının çox böyük rezonans doğuran fikirlərindən biri də heç şübhəsiz ki, Türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsi haqqında söylədikləridir. Qeyd edək ki, Prezident İlham Əliyev Türk dünyasının tarixi sərhədləri haqqında danışarkən vurğuladı ki, Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi Türk dünyası arasında coğrafi bağlantını pozdu: “Vaxtilə Türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində Türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid Türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı. Ancaq buna baxmayaraq, bizi birləşdirən təkcə coğrafi koordinatlar deyildir. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bu günümüzdür”.

Bəli, Prezidentin bu fikirləri həm də ortaq tarixi dəyərlərimizin, bizi birləşdirən coğrafiyanın yenidən araşdırılmasını aktuallaşdırır. Bu, həm də ona görə vacibdir ki, bizim tarixi dəyərlərimizi mənimsəməyə çalışan, tarixi torpaqlarımız üzərində dövlət yaradan düşmənlərin arqumentlərini əlindən alaq. Bu işə isə cənab Prezidentimizin də vurğuladığı kimi, bizi birləşdirən coğrafiyanı, bu coğrafiyanın yaranmasında iştirak edən qədim türk toplumlarını araşdırmaqla başlamağı qərara aldıq.

 

Zəngilər qədim türklərin bir boyudur

 

Türk dövlətlərinin yaranmasında, ortaq mənəvi dəyərlərimizin, mədəniyyətimizin formalaşmasında bir çox qədim türk toplumlarının böyük rolu olub. Əlbəttə ki, bu toplumların, boylarının bəziləri sonradan qüdrətli dövlət yaradaraq tarixdə öz yerlərini alıblar. Bu boylardan biri də qədim dövrlərdə adı “sanqi” şəklində yazılan zəngilərdir. Zəngilər türk toplumları sırasında ən geniş coğrafi ərazidə yayılmış, hətta dövlət qurmağa nail olmuş boylardandır. Ən qədim türk boylarından olan zəngilərin adları bu gün də bəzi coğrafi komponentlərdə yaşayır. “Qarabağ sənədlərdə” kitabında göstərilir ki, F.Sümər zəngilər haqqında yazır: “Zəngilər türk məmlük ailəsindən idilər. Məmlük türkləri isə qıpçaq tayfalarıdır. Deməli, zəngilər qıpçaq tayfalarından biridir və müxtəlif tarixi dövrlərdə geniş bir areala yayılıblar. Hətta XII əsrdə dövlət yaratmağa da nail olublar ki, bu barədə bir qədər sonra danışacağıq. Professor Firudin Cəlilov isə böyük qazax mütəfəkkiri Çokan Valixanovun araşdırmalarına istinadən yazır ki, qırğız mifologiyasında ilxını qoruyan hami Kambar-Ata, qaramal hamisi isə Zəngi-Ata adlanırdı. Buradan da görünür ki, zəngi sözü müqəddəs anlamlı ifadədir. Həmçinin, başqa bir mənbədə isə göstərilir ki, zəngi toponimi qıpçaq tayfalarından olan zəngi və basar türk etnonimləri əsasında əmələ gəlib. Digər tarixi mənbələrdə də zəngilərin türk toplumlarından biri olması haqqında kifayət qədər geniş məlumatlar var. Amma bu günün özündə belə mübahisə doğuran və geniş araşdırmalar tələb edən əsas sual zəngilərin ilk məskənlərinin hansı ərazilər olması ilə bağlıdır. Bu da ondan qaynaqlanır ki, yuxarıda da qeyd olunduğu kimi, zəngilər çox geniş coğrafi arealda yaşayıblar və bu günün özündə belə dünyanın bir çox ölkəsində zəngilərlə bağlı toponimlərə rast gəlinir. Buna baxmayaraq, əsas mənbələrdə zəngilərin ilk məskunlaşdığı ərazilər kimi qədim Azərbaycan torpaqlarının göstərilməsi diqqəti cəlb edir. Xüsusilə, assur mənbələrində zəngilərlə bağlı məlumatlar göstərilərkən bu türk boyunun assurların deportasiyasından sonra müxtəlif coğrafiyalara üz tutduğunu vurğulayır. Həmçinin, Azərbaycan ərazisində daha geniş bölgələrdə yaşaması və bir çox toponimlərin zəngilərlə bağlı olması bu fikri qüvvətləndirir.

 

Zəngilərin ilk yaşayış məskənləri qədim Azərbaycan torpaqları olub

 

Zəngilərin ilk yaşadığı ərazilərdən biri İrəvan mahalı olub. Tarixi mənbələri araşdırarkən zəngilərin ən qədim izlərinə də məhz bu bölgədə rast gəlinir. Arazdan aşağı, Urmu gölünün quzey sahilləri Assur qaynaqlarında Sanqibut ölkəsi adlanır. Qədim türk dilində but-budtayfa”, “boyanlamında işlənən sözdür və “xalqanlamlı budun sözü də bu kökdən yaranıb. Ona görə də, Sanqibut adı “sanqi boyumənasını verir. Həmin bölgədə, Maku şəhərinin güneyində axan indiki Zəngi-mar çayının adı məhz qədim sanqi-zəngi boylarının nişanəsidir. İrəvanla Makunun arası isə 2-3 saatlıq yoldur, yəni, hər iki Zəngi çayı ətrafında yaşayan zəngi adlı qədim türk boyları bir-birindən o qədər də uzaq deyildi, buradan güneydə olan Zəngi də yaxında idi. Assur qaynaqlarında Urmu gölündən aşağıda da zəngilərin yaşadığına dair məlumatlar var. Buradakı Zəngi ölkəsinin adına Bit-Sanqi və Bit-Sanqibut şəklində rast gəlirik ki, bu da həmin adın assur dilindəki ev, yurd anlamında işlənənbitsözü ilə verilməsi, yəni, assurcasanqi (boyunun) yurduanlamında işlənməsidir.

 

Zəngibasarın qədim türk - Azərbaycan torpağı olması həqiqətini inkar etmək mümkün deyil

 

Assur qaynaqlarında əksini tapan son

 

radan bir çox tarixi materiallarda da rast gəlinən məlumatlarda göstərilən ərazi isə təbii ki, tarixi Azərbaycan torpaqlarıdır. O cümlədən, zəngilərin daha geniş yayıldıqları Zəngibasar mahalıdır. Zəngibasar mahalının adının maraqlı tarixi var. Belə ki, bu, ərazidən keçən Zəngi çayının adından götürülüb. Araz çayının sol qolu olan bu çay başlanğıcını Göyçə gölündən alır. Axta (Razdan), Sevan rayonlarından, İrəvan şəhərindən, Zəngibasar (Masis) rayonunun ərazisindən axıb Araz çayına tökülür. Bu çayın yatağı qədim zəngi tayfalarının sıx məskunlaşdığı ərazilərdə yerləşdiyi üçün çayın adı məhz bu cür adlanıb. İlin yaz və payız aylarında vaxtaşırı daşan Zəngi çayı yataqboyu yerləşən düzənlik ərazini basırdı. Ona görə də, bu yerlər-Zəngi çayının daşqın sularının basdığı əraziZəngibasaradlandırılıb.

Zəngibasar rayonunun indiki ərazisi 428-640-cı illərdə Qafqaz Albaniyasının tərkibində, VII-XI əsrlərə qədər ərəb işğalı altında, XI əsrdən Səlcuq türklərinin, 1230-cu ildən isə monqol-tatarlarının tabeliyində olub. XVI əsrdən Çuxur Səd bəylərbəyliyinin, XVIII əsrdən XIX əsrin əvvəllərinə kimi İrəvan xanlığının tərkibinə, XlX əsrdən XX əsrin 20-ci illərinə qədər İrəvan quberniyasının İrəvan qəzasının tərkibinə daxil edilib. 1953-cü ildə rayon ləğv edilərək ərazisi Qəmərli (Artaşat) və Vağarşabad (Eçmiədzin) rayonları arasında bölüşdürülüb. 1969-cu il yanvarın 14-də yenidən rayon bərpa edilərək Masis rayonu adlandırılıb. Rayonun ərazisi şimalda İrəvan (Yerevan) şəhər sovetliyi, cənub-şərqdə Qəmərli (Artaşad), cənub-qərbdə Eçmiədzin (Üçkilsə) rayonları ərazisi ilə həmsərhəd idi. Rayondan cənuba axan Araz çayı sağ sahili boyu Türkiyə dövləti ərazisi ilə sərhədlənir. 1948-ci ildə İ.V.Stalinin qərarına əsasən Ermənistandan Azərbaycan SSR ərazisinə məcburi köçürülmüş soydaşlarımızın bir qismi 1960-cı illərdə yenidən Vətənə qayıdıb. Lakin 1988-ci ildən sonra SSRİ hakimiyyətinin qərarı ilə azərbaycanlılar bu tarixi torpaqlarından növbəti dəfə deportasiya olunublar. Baxmayaraq ki, buna qədər Zəngibasar rayonu ərazisində mövcud olan 37 kəndin ancaq dördündə (Azadaşen, Kələley, Yenicə və Cəlilabad) ermənilər yaşayıblar. Zəngibasar rayonunun mərkəzi Uluxanlıda (Masis) erməni əhalisi ancaq 1950-ci ildən başlayaraq məskunlaşıb. Zəngi çayının sağ sahilində yerləşən Göykümbət kəndinə isə ermənilər 1918-ci ildən sonra kənddən qovulmuş azərbaycanlıların yerinə yerləşdiriliblər.

 

Zəngi dərəsi - Zərgəzur

 

Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşayıblar. Zəngəzur toponimi də zəngilər tayfasının adı əsasında yaranıb. Yəni,  zəngi və toponimin sonundakı “zurtürk dilində “dərə”, “yarğanmənasında işlənəncar  sözünün fonetik variantıdır. Ona görə də, bu ərazidə yerləşən Zəngi dərəsi də adını məhz bu türk tayfalarının adından aldığı bildirilir. Zəngilərin bu ərazilərlə tanışlığı haqqında dəqiq məlumatlar verilməsə də, bu tarixin eramızdan əvvəl Assur dövlətinin zamanına qədər gedib çıxdığı ehtimal olunur.

Ümumiyyətlə isə, rayon Zəngəzur dağ silsiləsi ilə Qarabağ yaylası arasında yerləşir. Bütün Zəngəzur mahalı boyu uzanan bu dağ silsiləsi Tərtər və Arpa çaylarının yuxarı axınlarından Araz çayınadək gedib çıxır. Uzunluğu təqribən 130 km, hündürlüyü isə 3904 m-dir. Çar Rusiyası dövründə Gəncə (Yelizavetpol) quberniyasının tərkibində olub. Daha sonra isə, ADR-nin tərkibinə daxil olub. Ermənistan SSR rayonlaşdırılarkən mahalın bu respublikada qalan hissəsində Meğri, Qafan, Gorus və Qarakilsə rayonları yaradılıb.

Rəsmi sənədlərdən məlumdur ki, Zəngəzur vaxtilə Gəncə quberniyasının qəzası olub. 1920-ci ildən sonra Zəngəzurun Qafan, Gorus, Qarakilsə və Meğri bölgələri bolşeviklərin köməyi ilə yaradılmış Ermənistan dövlətinin tərkibinə verilib.

 

Zəngilandan Səngəçala qədər...

 

İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılıb. Bu gün həmin qəbilənin adını daşıyan toponimlərdən də məlum olduğu kimi, bu ərazilər sırasında Zəngilan, Səngəçal, İsmayıllı rayonları da var.

Zəngilan rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Tarixi mənbələr sübut edir ki, bu rayonda zəngi tayfalarının məskunlaşması tarixi VII əsrə təsadüf edir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası 636-cı ildə qoyulub. Şərqlə qərbin qovuşduğu yerdə yerləşən bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olub. Bölgənin tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Bu isə zəngilərin çox zəngin maddi - mədəniyyət yaratdıqlarını sübuta yetirir.

O da qeyd olunmalıdır ki, zəngilərin Azərbaycan ərazisində məskunlaşdığı coğrafiya yalnız bu ərazilərlə məhdudlaşmır. Digər bölgələrdə də zəngilərin yaşadığını təsdiq edən kifayət qədər faktlar mövcuddur. Elə bunun nəticəsidir ki, bu gün, hətta bəzi yaşayış məskənlərinin adında da zəngi toponiminə rast gəlinir. Qaradağ rayonunun Səngəçal qəsəbəsi də buna misaldır. Daha əvvəl də qeyd etdiyimiz kimi, bəzi mənbələrdə zəngilər - sanqi kimi ifadə olunur. “Çala” - sözü isə çökəklik mənasını ifadə edir. Yəni, Səngəçal sanqi və çala sözlərinin birləşməsindən əmələ gəlib. Bundan başqa, İsmayıllı rayonunda da Zəngi adlı kənd olub və 1950-ci ildə mərkəzi hakimiyyətin qərarı ilə kəndin adı dəyişdirilib.

 

Zəncanda da zəngilərin silinməz izləri var

 

Zəngilərin Urmu gölünün guneyinə doğru böyük bir ərazidə də yaşaması haqqında geniş məlumatlar var. O cümlədən, Zəncan şəhərinin ərazisi də zəngilərin tarixboyu yaşadığı bölgələrdəndir. Doğrudur, bir sıra yazılı mənbələrdə bu şəhərin yaradılması ilə bağlı məlumatlar müxtəlif olsa da, şəhərin adından da göründüyü kimi, bu prosesdə də zəngilərin rolu danılmazdır. Həmçinin, bəzi mənbələrdə Zəncan şəhərinin adının sanqi - zəngi boyu ilə bağlılığı sübuta yetirilib. Azərbaycan bölgələrindən 1403-də keçən Klavixo elçi heyətinin Miyanə yolunda dincəldiyi Sanqa şəhəri haqqında yazır: “Sanqa şəhər tamamilə boş idi, lakin deyirlər ki, bura əvvəllər Persiyanın ən iri şəhəri imiş”.

Amma bu o demək deyil ki, şəhərin Zəncan kimi adlanması məhz bu dövrə təsadüf edir. Bu dövrə qədər olan yazışmaların əksəriyyətində də bu ərazi Zəngan çayının sahilləri kimi qələmə verilir. 372-ci ildə qələmə alınmış “Dünyanın sərhədləri” kitabında da şəhərin çiçəklənməsi, inkişaf etməsi barədə söhbət açılır.

Beləliklə, bu sadalananlar bir daha göstərir ki, qədim Azərbaycan torpaqlarında mövcud olmuş boylardan biri də zəngilər olub. E.ə VIII əsrdə assurların Suriyaya deportasiya etdikləri boylar içində sanqilli (zəngili) tayfasının adı da var və e.ə 738-ci ilə aid Tiqlatpalasar annalında bununla bağlı məlumat yer alıb. Növbəti yazımızda isə zəngilərin Suriya, Mosul, Türkiyə, İran ərazilərinə doğru köç etmələri, orada, hətta güclü bir dövlət qurmaları haqqında məlumat verəcəyik.

 

Mosuldan Diyarbəkirə qədər böyük Zəngi imperatorluğu...

 

Zəngilər döyüşkən və mərd xalq olduğundan onlar orduda ən yüksək vəzifələrə təyin olunurdular. Hətta səlcuqların dövründə sultanlar zəngilərin cəsurluğunu qiymətləndirərək onlara daha yüksək dövlət vəzifələri və öz ailələrini də etibar edirdilər. Səlcuqlu hökmdarı Sultan Mahmudun iki oğlunun atabəyi də məhz zəngi idi - İmadəddin Zəngi. 1127-ci ildə isə Sultan Mahmud İmadəddin Zəngini Mosula vali təyin etdi. Lakin Zəngi bu vəzifəsini uğurla icra etməklə bərabər, hüdudları çox daha geniş əraziləri əhatə edən dövlət qurmaq niyyətində idi. O, əvvəlcə yaxın bölgələri tam nəzarəti altına alıb, daha sonra səlib yürüşünə qarşı ümumi müqavimət yaratmaq istəyirdi. Elə buna görə də, Diyarbəkir və Suriyanın türk və ərəb rəhbərlərinə qarşı fəth siyasəti həyata keçirdi. Zəngi qısa bir müddət ərzində Sincar, Habur, Nusaybin və Hərranı ələ keçirdi. Daha sonra Hələbi hakimiyyəti altına aldı. Bu isə təbii ki, səliblərin Hələb arzusuna son qoydu. Növbəti hədəf isə Dəməşq idi. Lakin bu elə də asan başa gəlməyəcəkdi. Bunu bilən Zəngi Hama və Humusa yürüş etdi. 1130-cu ildə Hamanı istila etsə də, Humusa girə bilməyib Mosula geri döndü.

Zəngilərin qısa müddət ərzində bu qədər geniş ərazini öz hakimiyyəti altına alması ətraf bölgələrdə yerləşən digər xalqları narahat etməyə başladı. Hətta bəziləri zəngilərə qarşı ittifaq yaratmaq üçün müəyyən cəhdlər də etdilər. Artukluların zəngilərə qarşı ittifaq yaratması isə heç bir nəticə vermədi. Zəngilər artuklularla döyüşdən qalib ayrıldılar. Artuqluların məğlubiyyəti isə zəngilərin daha böyük ərazilərə doğru irəliləməsi üçün əlverişli zəmin yaratdı. Ardıcıl qələbələr əldə edən zəngilər, hətta indiki Türkiyə ərazilərinə qədər irəliləyərək Amidi (Diyarbəkir) istila etdi. Böri tayfalarını da özünə tabe edən Atabəy Zəngi bölgədə güclü bir hakimiyyət qurdu. Bu dövrdə zəngilərin hakimiyyəti altında olan ərazilər indiki Livan, Suriya, Türkiyə, İraq sərhədlərini əhatə edirdi.

 

Urfanın istilası və səlib hegemoniyasının iflası

 

Bölgədə güclü bir hakimiyyət formalaşdıran zəngilər daha sonra xaçlılara qarşı mübarizəyə başladı. Onlar ilk olaraq, xaçlıların nəzarətində olan Əsarib qalasını mühasirəyə aldılar və qısa zaman sonra qalanı süquta uğratdılar. Bu isə onların önlərinin açılması demək idi. Növbə Zəngilər dövlətini coğrafi olaraq, iki yerə bölən və ticarət yolunun üzərində yerləşən çox strateji bir bölgə olan Urfaya çatmışdı. Lakin Urfanı ələ keçirmək üçün zəngilər həm də daxildəki katoliklərin köməyindən istifadə etdilər. Beləliklə, 1144-cü ildə Urfa da səliblərdən azad edildi və Zəngilər öz dövlətlərini daha da qüdrətləndirdilər. Urfanın səliblərdən azad olunması bütün İslam aləmində böyük sevinclə qarşılandı və əksinə, xristian aləmini çaş-baş saldı. Məhz bu tarixi hadisədən sonra ikinci səlib yürüşünə hazırlıqlar başlandı.

 

Qarabağa qayıdış və ya Ərsaqın istilası...

 

Lakin bundan sonra zəngilərlə digər müsəlman tayfaları, o cümlədən, İraq səlcuqları və abbasilər arasında münasibətləri tarixdə bir çox dövrlərdə yaşanmış formada davam etdi. Belə ki, zəngilərin həddindən artıq güclü və qüdrətli dövlət yaratması bəzi başqa tayfaları qıcıqlandırmağa başladı və bu isə bərabərində atabəy İmadəddin Zəngiyə qarşı sui-qəsdlərin hazırlanmasına gətirib çıxartdı. Və 1146-cı ildə Caber qalasının fəthi zamanı o, öldürüldü. Atabəyin öldürülməsi böyük Zəngilər dövlətinin də parçalanması demək idi. Onun ölümündən sonra dövlət iki oğlu - Nurəddin Mahmud və Seyfəddin Qazi arasında bölüşdürüldü. Nurəddin Mahmud Suriyanın idarəçiliyini öz üzərinə götürdü və Hələb şəhərini də özünün paytaxtı elan etdi. Seyfəddin Qazi isə Əl-cəzirə bölgəsinə sahiblənib Mosula da başşəhər statusu verdi.

Beləliklə, yaranması böyük tarixi bir hadisə olan Zəngilər dövləti iki yerə parçalandı. Bəziləri bu parçalanmadan istifadə edib bu torpaqları öz hakimiyyətləri altına almağa çalışdı. O cümlədən, Səlcuq şahzadələrindən Alp Arslan ibn Mahmud atabəyliyin idarəsini ələ keçirmək məqsədilə yürüş etdi. Amma Seyfəddin Qazi bu yürüşün qarşısını almağa nail oldu. O daha sonra qardaşı Nurəddinlə razılaşma əldə etdi və Mosula gələrək atasının yerinə keçdi. İki qardaş arasında əldə olunan ittifaq isə dövlətin daha da qüdrətlənməsinə imkan verdi. Zəngilər növbəti dəfə istilalara başladılar. Hələb bölgəsinin idarəçiliyi tamamilə ələ alındıqdan sonra Seyfəddin Qazi səliblərin işğal etdiyi bölgələri istila etdi. Bundan sonra isə, əsrlər öncə Assurlar tərəfindən deportasiya olunduqları Ərsaq (Qarabağ) bölgəsinə gəlib çıxdılar.

1148-ci ildə Seyfəddin Qazinin Mosulda vəfat etməsindən sonra onun taxtına qardaşı Qütbəddin Mövdud sahib çıxdı. O qardaşı Nurəddin ilə birgə hərəkət edərək atasının və qardaşının gedib çata bilmədikləri ərazilərə üz tutdu. Qısa zaman ərzində, Antakya, Harim, Famiya, İrka və Cəbələ qalaları istila olundu. 1169-cu ildə Misirdə də idarəçilik tamamilə ələ alındıqdan sonra, Zəngilər çox böyük ərazilərdə qüdrətli dövlət yaratmaq iddialarını həyata keçirmiş oldular. Lakin zəngilər ələ keçirdikləri torpaqlarda talançılıq siyasəti aparmır, mədəniyyəti dağıtmırdılar. Əksinə, bu bölgələrdə xalqın təhsil alması üçün mədrəsələr tikilir, əhalinin təsərrüfatla məşğul olması üçün yaxşı imkanlar yaradırdılar. Böyük mədrəsələr, camilər, imarətlər, karvansaralar və xəstəxanalar, ilk oxuma məktəbləri inşa etdirən zəngilər həm də təhsilli adamların sayının artması və onların qorunması üçün dövlət xəzinəsindən külli miqdarda pullar xərcləyirdilər. Rəsədxana qurduran və günəş saatı inşa etdirən hökmdar kimi də bu gün məhz Nurəddin Zənginin adı çəkilir...

Qutbəddin Mövdudun həlak olmasından sonra onun oğulları Seyfəddin Qazi ilə İmadəddin arasında narazılıq və fikir ayrılığı meydana gəlməyə başladı. Lakin təcrübəli dövlət xadimi olan Nurəddin Zəngi bu qardaşlar arasında problemləri həll etmək üçün Mosula yürüş etdi və onlar arasında andlaşma əldə edilməsinə nail oldu. Beləliklə, Mosul Seyfəddin Qaziyə, Sincar əyaləti isə İmaddədinə verildi. Nuraybin və Habur kimi əraziləri isə Nurəddin Zəngi öz nəzarəti altındakı ərazilərə qatdı. Nurəddin Zəngi 1173-cü ildə Anadoluya hücum edərək oranı da istila etdi. Lakin 1174-cü ildə Şamda vəfat etməsi Zəngiləri növbəti dəfə parçalanmaq təhlükəsi ilə üz-üzə qoydu. Onun ölümündən sonra 11 yaşlı oğlu Məlik - üs Saleh İsmayıl taxta çıxsa da, Misirdə yenidən güclənən Səlahəddin Eyubu İsmayılın babalarının istila etdiyi torpaqları öz hakimiyyəti altına aldı. Nurəddin Zənginin qardaşı oğlu Seyfəddin Qazi isə Hərran, Urfa, Habur, Suruç kimi əraziləri qopararaq orada özünə dövlət qurdu. Lakin o, Səlahəddin Eyubuya məğlub olaraq Dəməşqin də itirilməsinə mane ola bilmədi.

 

Zəngilər dövləti süqut etsə də, yerində böyük bir mədəniyyət qaldı...

 

İkinci Seyfəddinin ölümü ilə onun qardaşı Məsud şah taxtına oturmuşdu və onun ilk hədəflərindən biri də Hələb idi. 1180-ci ildə Məlik-üs Saleh Hələbi təslim etməyə məcbur oldu. Beləcə Zəngilərin Hələb qolunun varlığına son qoyuldu. Daha sonrakı dövrlərdə daxili çaxnaşmalardan və taxt uğrunda gendən mübarizələrdən sonra xeyli zəifləyən Zəngilər dövləti 1223-cü ildə Mosulun da Eyyubi sultanı Əşrəf tərəfindən işğal olunması ilə süquta uğradı.

Beləliklə, təxminən bir əsrə qədər dövrdə böyük bir coğrafi ərazidə hökmranlıq edən və dövlət yaradan zəngilər bu bölgələrdə həqiqi mədəniyyət formalaşdıra bildilər. Zəngilərin hakim olduğu bölgələrdə xalq ədalət və sabitlik içində yaşayırdı. Ölkənin coğrafi imkanları bölgənin ticarət əlaqələrinin çox yüksək səviyyədə inkişafına yol açmışdı. Mosul Orta və Yaxın Şərq aralığındakı böyük ticarət mərkəzinə çevrilmişdji. Zəngilər hakimyyəti zamanı ədəbiyyat da özünün təşəkkül dövrünə qədəm qoymuşdu. Bir çox din və fəlsəfə xadimləri, şairlər, alimlər, tarixçilər yetişmişdi. Dövrümüzə qədər gəlib çatan memarlıq əsərləri inşa edilmiş, mədrəsə və dərsxanalar tikilmiş bütün şərqdə məşhur olan kitabxanalar və universitetlər təşkil olunmuşdu. Günümüzə qədər də gəlib çıxan bəzi məscid və mədrəsələrin, o cümlədən, Mosuldakı Əl-Atika, Ulu məscidi, Dəməşqdə Bab-ül-Fərəc, Dar-ül-Adl, Dar-ül-Hədis, Nuriyyə mədrəsəsi və bir çox məscidlər, başqa tarixi memarlıq abidələri zəngilərin izlərinin daşıyıcılarıdır.

 

 

Aqşin ŞAHİNOĞLU

 

Yeni Azərbaycan.- 2010.- 2 oktyabr.- S.8.