Görkəmli şərqşünas
alim Aida
İmanquliyevanın anadan olmasının
71 illiyinə həsr edilmiş sərgi
açılıb
Dünən Azərbaycan
Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanasında görkəmli şərqşünas
alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, professor Aida xanım İmanquliyevanın
anadan olmasının
71 illiyinə həsr edilmiş sərgi açılıb.
AzərTAc xəbər
verir ki, tədbirdə çıxış
edən kitabxananın
direktoru Aybəniz Əliyeva-Kəngərli 18 il
bundan əvvəl dünyasını dəyişmiş
böyük alimin keçdiyi 53 illik həyat yolunda həm alim kimi
dünya şərqşünaslıq
elminə böyük
töhfələr verdiyini,
həm də qadın, ana, həyat yoldaşı kimi Azərbaycan xanımına örnək
bir ömür yaşadığını qeyd
edib. O, Azərbaycan ədəbiyyatı tarixində
xüsusi yeri olan Aida İmanquliyevanın
həyatı, elmi irsi və yaradıcılıq
fəaliyyəti barədə
geniş söz açıb.
Bildirib ki, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində
Azərbaycan mətbuatının
görkəmli nümayəndəsi
Nəsir İmanquliyevin
ailəsində anadan olub. Bakıda 132 nömrəli orta məktəbi qızıl
medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin
ərəb şöbəsində
ali təhsil
alıb.
1966-cı ildə namizədlik,
1989-cu ildə doktorluq
dissertasiyaları müdafiə
edən Aida İmanquliyeva
Azərbaycan Elmlər
Akademiyası Şərqşünaslıq
İnstitutunda kiçik
elmi işçidən
bu elm ocağının
direktoru vəzifəsinədək
yüksəlib. O, keçmiş
SSRİ-də Şərqşünaslıq
Cəmiyyəti Rəyasət
Heyətinin, Şərq
Ədəbiyyatının Tədqiqi
üzrə Əlaqələndirmə
Şurasının üzvü
olub. Uzun illər pedaqoji
fəaliyyətlə də
məşğul olan
Aida xanım Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı
kursunun əsas yaradıcılarından biri
idi.
Aida xanım İmanquliyevanın
elmi fəaliyyətinin
əhatə dairəsi
geniş və çoxşaxəli idi. Onun elmi
əsərlərində Qərb
və Şərq mədəni ənənələrinin
sintezi, yaradıcılıq
üslubunun inkişafı
və yeni bədii cərəyanların
təşəkkül tapması
tədqiq olunub ki, bu da
nəinki ərəb ədəbiyyatının, həmçinin
bütün yeni Şərq ədəbiyyatının
gələcəkdə tədqiqi
üçün çox
mühüm zəmin yaradıb.
Üç monoqrafiya və 70-dən artıq elmi məqalənin müəllifi
olan A.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış
bir çox elmi əsərlərin redaktoru olub.
Aida xanımın doğulduğu,
böyüdüyü ailənin
və gəlin gəldiyi ocağın Azərbaycan xalqının
ədəbi-mədəni fikrində
öz yeri və sanbalı var. Belə bir mühit
Aida xanım İmanquliyevanın
ədəbi-elmi yaradıcılıqla
gərəyincə məşğul
olması üçün
mənəvi zəmin
yaradıb. Aida xanımın
atası Nəsir İmanquliyev Azərbaycanın
çox məşhur
mətbuat nümayəndələrindən
biri olub. Aida xanım görkəmli
Azərbaycan yazıçısı,
alim və pedaqoq Mir Cəlal Paşayevin ocağına gəlin köçüb.
Boya-başa çatdığı mötəbər ziyalı
mühitinin məlum təsirinin nəticəsidir
ki, Aida xanım İmanquliyevanın həyat
və yaradıcılığı
milli ziyalı qadınlar içərisində
bənzərsizliyi, yüksək
dəyərli xüsusiyyətləri
ilə seçilirdi.
Aybəniz Əliyeva-Kəngərli diqqətə
çatdırıb ki,
Azərbaycan şərqşünaslığında
yeni dövr ərəb ədəbiyyatının
ilk tədqiqatçısı və ilk azərbaycanlı
ərəbşünas qadın,
elmlər doktoru Aida xanım İmanquliyeva özündən sonra çağdaş ərəb
ədəbiyyatının tədqiqində
yeni səhifə açmış, yeni bir məktəbin əsasını qoyub.
Sərgidə alimin əsərləri (“Yeni ərəb ədəbiyyatı
korifeyləri”, “Qələmlər
birliyi”, “Mixail Nüaymə”, “Cübran Xəlil Cübran” və s.), müxtəlif mövzularda məqalələri
nümayiş etdirilib.
Burada müxtəlif dillərə
tərcümə edilmiş
30-a yaxın kitab,
40-dan çox məqalə
və görkəmli alimin elmi irsinin
təhlilinə həsr
edilmiş ədəbiyyat
sərgilənib. Həmçinin, iştirakçılara professor A.İmanquliyevanın həyat
və fəaliyyətinə,
elmi yaradıcılığına
həsr edilmiş kitablar da təqdim
olunub.
Ümumilikdə 70-ə yaxın ədəbiyyat və fotomaterialın nümayiş etdirildiyi sərgi iştirakçılar
tərəfindən böyük
maraqla qarşılanıb.
Yeni Azərbaycan.- 2010.- 7 oktyabr.- S.8.