Mənalı həyatın səhifələri
Elə xoş iqballı
insanlar var ki, onlar barəsində düşünəndə
sanki zülmətə nur doğur, quraqlığa
yağış yağır, çətin gediləcək
ünvanlara yollar açılır. Çoxdan
tanıdığım Gülçöhrə xanım Məmmədovanın
elmi fəaliyyəti, idarəetmə və təşkilatçılıq
qabiliyyəti, vətəndaşlıq qayəsi, insanlıq məziyyətləri,
mənəvi zənginlikləri... Sayıldıqca uzana biləcək
bir sıra müsbət xüsusiyyətləri onun
işıqlı portretinin ən önəmli cizgiləridir. Bəzən
də bu ensiklopedik biliyə, hərtərəfli məlumata, zərif
duyğulara, böyük ürəyə malik olan
xanımı necə təqdim etməkdə bir çətinlik
çəkirsən. Yarımçıq divarı hörməyə
nə var ki?! Qəhrəmanımızın mənəvi
portreti əsl mərmərə bənzəyir. Saf, təmiz,
parlaq, düz, əlavə rəngə, çalara, epitetə
ehtiyacı olmayan mənəviyyat çeşməsi. Nə
yaxşı ki, bu çeşmədən həm elmimizin
inkişafına pay, həm də onu sevən, ona inanan
insanların həyatına işıq düşüb.
Bioqrafiyasından çəkilən
ləçəklərdə mənalı bir ömrün rəqəmlərlə
naxışlanan dolğun akkordları eşidilir. O, 1953-cü
ilin baharında Qərbi Azərbaycanın Vedi rayonunda anadan
olub. Birinci sinfə İrəvanda getsə də, orta məktəbi
Bakıda bitirib. Hələ uşaqlıqda dəqiq elmlərlə
yanaşı memarlığa da maraq göstərib. Xüsusilə
də köhnə yurd yerlərində
dağıdılmış, sıradan çıxmış
abidələrə, evlərin xarabalıqlarına baxaraq
köks ötürər, xəyalında onlara min bir
sığal çəkərmiş. Qurub yaratmaq arzusu onunla
böyüyərək məqsədə çevrildi. 1971-ci
ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq
fakültəsinə daxil oldu. Dərslərini yaxşı
oxumaqla bərabər, ictimai işlərdə də fəallığı
ilə seçilən tələbələrdən biri idi.
1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun bazasında
yeni ali təhsil ocağı - Azərbaycan İnşaat
Mühəndisləri İnstitutu yarandı və onu yeni
yaranmış İnstitutun komsomol komitəsinin katibi
seçdilər. O dövrdə gənclərin fəaliyyət
göstərdiyi komsomol təşkilatlarında mühüm vəzifədə
çalışmaq ancaq işgüzar, savadlı, bilikli,
ictimaiyyətin sevimlisinə çevrilən insanlara qismət
olardı. Bir neçə il institutun komsomol komitəsinin
katibi vəzifəsini aparan Gülçöhrə xanım
sonralar partiya komitəsi katibinin müavini də işləmişdir.
Doğrudur, indi zaman başqadır, amma tarixin üzərindən
xətt çəkmək, bioqrafiyada yazılan rəqəmləri
unutmaq mümkün deyil. Çünki bütün bunlar bir
insan ömrünün fəaliyyətini əks etdirən və
onun yolunu formalaşdıran faktlardır.
Ali məktəbi bitirdikdən
sonra həmin institutun Memarlıq konstruksiyaları və abidələrin
bərpası kafedrasında əmək fəaliyyətinə
başlayıb. Həm ictimai işlərdə, həm pedaqoji
fəaliyyətdə məsuliyyətlə çalışan
Gülçöhrə Məmmədova elmi
araşdırmalarını unutmayıb. O, 1985-ci ildə
“Qafqaz Albaniyasının erkən orta əsrlər xristian
memarlığı” mövzusunda namizədlik
dissertasiyasını uğurla müdafiə etdi. Əslində
bu mövzuda tədqiqatlar aparmaq, həqiqətləri üzə
çıxarmaq, bir sıra daş pərdələr arxasında
qəsdən gizlədilmiş tarixi faktların
aşkarlanması sovet dönəmində çətin olsa
da, Gülçöhrə xanım bunu bacardı. Uzun illər
qonşularımızın “harada xaç varsa, ora mənimdir”
xülyaları darmadağın edildi. Məlum oldu ki, Qafqaz
Albaniyasının beşiyi olan Azərbaycanın orta əsrlər
xristian abidələri məhz elə burada yaşayan türklərin
özlərinə məxsusdur.
İnstitutda müxtəlif vəzifələrdə
çalışan Gülçöhrə Məmmədova
assistentlikdən professora qədər yüksəldi.
Memarlıq konstruksiyaları və abidələrin bərpası
ilə bağlı oxuduğu mühazirələr həmişə
öz dolğunluğu ilə seçilir. Gülçöhrə
xanım Məmmədovanın rəhbəri olduğu kurs və
diplom layihələrində də tələbə və
aspirantları maraqlı işlər araşdırırlar.
Professorun özü də 100-ə qədər elmi əsərin
və metodik işin müəllifidir. Onun “Qafqaz
Albaniyasının dini memarlığı (rus dilində)”
adlı monoqrafiyası, “Azərbaycanın qədim və ilkin
orta əsrlər memarlığı”, “Kiş”, “Şəkinin
memarlıq abidələri” və digər əsərləri nəşr
edilmişdir.
Beynəlxalq Mühəndislik
Akademiyasının, Beynəlxalq Elmlər Akademiyasının Şərqi
Avropa Bölməsinin və Şərq Ölkələri
Memarlığı Beynəlxalq
Akademiyasının həqiqi üzvü olan
Gülçöhrə Məmmədova elmin inkişaf etdirilməsi,
tarixi abidələrin bərpası və qorunması eləcə də ixtisaslı
kadrların hazırlanması, təhsilin maddi-texniki
bazasının möhkəmləndirilməsi, onun dünya
standartlarına uyğunlaşdırılması, bu sistemin
demokratikləşdirilməsi, istiqamətində
ardıcıl fəaliyyət göstərir.
Çalışır ki, gənclərimiz ilk növbədə
vətənpərvərlik ruhunda tərbiyə olunsular. 1985-ci
ildə Memarlar İttifaqının üzvü olan Gülçöhrə Məmmədova
ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə
2006-cı ildə “Əməkdar memar” fəxri adına, 2008-ci
ildə isə Fransanın Akademik Palma Kavaleri ordeninə layiq
görülmüşdür.
Onun elmi fəaliyyəti sərhədlər
aşmaqdadır.
Bir fərəhli faktı da
diqqətə çatdıraq ki, azərbaycanlı alimin elmi fəaliyyəti
vətəndən uzaqlarda da maraqla izlənilir. Xüsusilə
də abidələrin bərpa olunmasında
Gülçöhrə xanımın təşəbbüskarlığı
xarici həmkarları tərəfindən rəğbətlə
qarşılanır. Onun təşkilatçılığı
ilə Azərbaycan-Norveç
araşdırmaçıları Kiş kəndində yerləşən
qədim alban məbədinin bərpasında və muzeyləşdirmə
layihəsinin işlənib hazırlanmasında birgə
çalışdılar. Bəllidir ki, Kiş məbədi
Azərbaycanda və Qafqazda ən qədim xristian kilsəsi
olmaqla hələ bütbpərəstlik zamanında, yəni
iki min il öncə inşa edilmişdir. Bu məbəd qədimliyi
ilə yanaşı, yeraltı və yerüstü abidələr
içərisində öz dəyərliliyini, tarixiliyini və
çoxəsrlik mədəniyyətini saxlaya bilmişdir. Belə
bir abidənin bərpa olunub muzey kimi fəaliyyət göstərməsi
həqiqətən də çox mühüm işlərdən
biridir. Bəllidir ki, Qəbələ rayonunda da belə bir
layihə həyata keçirildi. Professor Gülçöhrə
Məmmədovanın rəhbərliyi altında Nic məbədi
bərpa edilərək yenidən həyata qaytarıldı. Əslində
bu məbədlərin hamısı alban memarlarının sənət
inciləridir. Bu gün onların xalqa
çatdırılması həm də vətəndaşlıq
borcumuzdur.
Bundan başqa, Qax rayonunun Qum
kəndində yerləşən tarixilik baxımından ən
maraqlı bazilikanın konservasiya layihəsi də 2007-ci ildə
həyata keçirildi. Bu layihənin də diqqətə
çatdırılmasında, həyata keçirilməsində
Gülçöhrə Məmmədovanın xidməti
çoxdur. Bir məsələ də var ki, təkcə bu
abidələr bərpa edilmir, həm də onların yerləşdiyi
ərazilər, yollar təmir olunur, buraya turistlərin gəlişinə
şərait yaradılır. Diqqət yetirin, bu yerlərin həm
təbiəti gözəldir, dağlıq ərazidir, meşələr,
bulaqlar çoxdur, havası təmizdir, digər tərəfdən
də qədim memarlıq nümunəsi kimi belə abidələrin
bərpası bölgələrimizin illərlə
unudulmuş, yaddan çıxmış kəndlərinə
yeni gözəllik gətirir.
Kişə yolu düşənlər
bilirlər. Adamın ilk baxışda inanmağı gəlmir
ki, bura Azərbaycanın uzaq bir dağ kəndidi. Həmişə
xarici vətəndaşlarla dolu olur. Onlar böyük məmnuniyyətlə
Kişə gəlirlər. Həm abidəni ziyarət edir, həm
də təbiətin gözəlliyindən zövq alırlar.
Turizmin inkişaf etdirilməsi bölgələrimizin
inkişafı üçün
mühüm şərtdir.
Uzun illərdir ki,
Gülçöhrə Məmmədova beynəlxalq
konfranslarda iştirak edir və onların təşkilatçısı
olur, müzakirəyə çəkdiyi mövzunun beynəlxalq
aləmdə dəstəklənməsinə nail olur. 2007-ci
ildə Azərbaycan Memarlıq və İnşaat
Universitetinin təşəbbüsü və
Gülçöhrə xanımın sədrliyi ilə
Florensiya şəhərində “Müasir dövrdə tarixi
irsin qorunma problemləri” mövzusunda beynəlxalq elmi konfrans
keçirildi. Bir Azərbaycan Universitetinin belə bir aktual tədbirin
təşkilatçısı olması, həm də ona sədrlik
etməsi son dərəcə mühüm faktdır
Gülçöhrə Məmmədova İslam Ölkələri
Təhsil, Elm və Mədəniyyət Təşkilatının
dəstəyi ilə
(İSESKO), İslam Dünyası Universitetləri
Federasiyası ilə birgə Bakıda keçirilən “XXI əsr
və tarixi İslam şəhərləri” mövzusundakı
beynəlxalq konfransların da təşəbbüskarı
olub. 2005-2006-cı illərdə İkinci
çağırış Azərbaycan Respublikası Milli Məclisinin
deputatı olmuş, Elm və Təhsil Komitəsinin
üzvü kimi çalışmışdır. Həmişə
fəal vətəndaş mövqeyi, məhsuldar əməyi,
idarəçilik qabiliyyəti ilə seçilən
Gülçöhrə Məmmədovanı elmi ictimaiyyət,
həmkarları, tələbələri, seçiciləri
yüksək intellektual səviyyəli, işgüzar, vədinə
əməl edən, sözünün yiyəsi, səmimi bir
insan kimi tanıyaraq sevirlər.
Əlbəttə, həyatının
əsas hissəsini elmə, araşdırmalara həsr edən
Gülçöhrə Məmmədovanın fəaliyyətinin
ikinci mühüm qanadı da gənc mütəxəssislərin
hazırlanmasında göstərdiyi yorulmaz fəaliyyətdir.
O, bir təcrübəli pedaqoq kimi gələcəyin yüksək
səviyyəli, geniş dünyagörüşlü, dərin
təfəkkürə malik, həm də memarlar,
inşaatçılar üçün mühüm şərt
olan cəfakeşliyi, vətən sevgisini ürəyində gəzdirən
kadrların - memarların yetişməsində böyük zəhmət
çəkir.
2000-ci ilin yanvar ayında Ulu
öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan
Memarlıq və İnşaat Universitetinin rektoru təyin
edildi. Rektor kimi çalışdığı on il ərzində
universitetin maddi-texniki bazası yüksəlmiş, müəllim
və tələbələrin iş şəraiti
yaxşılaşmışdır. Təhsilin məzmunu və
tədris-metodik bazası müasir standartlara
uyğunlaşmışdır. Universitetdə həyatın tələblərinə
cavab verən çoxsaylı yeni ixtisaslar
açılmış, struktur dəyişiklikləri
aparılmışdır. Çoxpilləli təhsil
konsepsiyasını həyata keçirərək universitet nəzdində
texniki təmayüllü lisey və inşaat kolleci
yaradılmışdır. Bu illər ərzində
universitetin hazırladığı mütəxəssislərin
keyfiyyəti xeyli yaxşılaşmış, tədris prosesi
müasirləşmişdir. Universitetin beynəlxalq əlaqələri
inkişaf etmiş, eyni zamanda regionda nüfuzu da
artmışdır. Bu gün
universitetin tələbə və doktorantlarının 20%
xarici vətəndaşdır.
Çox xoş təsir
bağışlayan bir məqam da var ki, bu universitetdə həqiqətən
mənəvi bir ab-hava hökm sürür. İnsanların əməyinin
qiymətləndirilməsində, həyata keçirilən
obyektivlik burada sözün əsl mənasında təhsil
ocağında səmimi bir mühit yaradıb. Universitet müəllimləri
üçün 16 mərtəbəli yaşayış
binası, idman və yeməkxana korpusu tikilib istifadəyə
verilmişdir. Hazırda Azərbaycan Prezidentinin Sərəncamı
ilə 13 mərtəbəli əsas tədris binasında təmir
və yenidənqurma işləri həyata keçirilir.
Burada bir məsələni
xatırlamaq yerinə düşər ki, Gülçöhrə
Məmmədovanın bu cür fəal vətəndaş, millətinə,
xalqına, dövlətinə sadiq, sənətinə sədaqətli
olmasını şərtləndirən bir amil də var.
Atalar nahaq deməyib ki, ot kökü üstündə bitər.
Ziyalı xanımın bu cür geniş fəaliyyətinin
mayasında atası Hüseyn müəllimdən gəlmə
bir qan yaddaşı da var. Hüseyn Məmmədov onu
tanıyanların xatirələrində əsl ziyalı, vətənpərvər
bir oğul kimi yaşamaqdadır. O, uzun illər İrəvan
ziyalılarının önündə gedən mərd və
sözü bütöv bir kişi olub. Müxtəlif rəhbər
vəzifələrdə çalışıb. Hətta azərbaycanlıların
irəli çəkilməsi mümkün olmayan yerlərdə
də o, birinci olub. Qabiliyyətli, savadlı, işgüzar və
təmiz insan kimi ad qazanıb. Danışırlar ki, Ermənistanın
özündə belə ermənilər ondan çəkinərmişlər.
Deyilənə görə, Amasiyada birinci katib işlədiyi
vaxtlar hər gün işdən yarım saat, bir saat əvvəl
rayonun mərkəzindəki bağda gəzərmiş. Həmin
vaxt ermənilər bir-birlərinə xəbər ötürərmişlər
ki, “Kazım Qara Bəkir Paşa bağdadır”. Bu, adi söz
deyildi. Məhz Hüseyn müəllimi bu türk
paşasına bənzətmək hansı mətləblərdən
xəbər verdiyi bəllidir. O, sözün həqiqi mənasında
pak və mübariz bir insan idi. Ömrü boyu bir devizi olub:
düz işləmək, düz danışmaq. Onu yaxından
tanıyanlar da Hüseyn Məmmədovun qeyrətli və təmiz
insan olduğunu dəfələrlə qeyd edirlər. Ötən
əsrin 70-ci illərində ermənilərlə bir yerdə
çalışmaqdan bezən və bəlkə də
hansısa təzyiqdən, təqibdən, ləkələnməkdən
qorunmaq üçün Hüseyn Məmmədov ailəsi ilə
birlikdə Bakıya köçdü. İndi
işıqlı xatirələrlə bərabər,
işıqlı övladları da ondan bir əmanətdir. Məhz
belə bir kişinin, fədainin övladı olmaq şərəfini
yaşayan Gülçöhrə Məmmədova işlərində,
həyat və alimlik meyarında həmişə ata
öyüdünü unutmayıb. Zirvələr fəth etməyin,
yüksəlişin də bir səbəbi elə budur.
...Onun haqqında
düşünəndə yadıma bir də Şəki
rayonunun Kiş kəndində yaşayan ağbirçək
Sünbül xalanın duaları düşür.
Dünyagörmüş bu yaşlı qadın
Gülçöhrə xanımın adını eşidən
kimi elə sevincək oldu və dərhal da
alqışından qalmadı: “Günü ağ olsun! Yolu
bizim kəndə düşəndən həyətimizə
abadlıq, yaşıllıq, evimizə işıq, həyatımıza
firavanlıq gəldi. Onu doğma qızım kimi sevirəm. Hər
dəfə Kişə gələndə mənə dəyməmiş
getməz. Elə bilirəm ki, dünyanı mənə
bağışlayırlar. Bu qədər nəcib, həssas,
vəfalı olmağı necə bacarır, bilmirəm”.
Bu kənddəki qədim
alban məbədinin bərpası ilə əlaqədar ötən
illərdə Gülçöhrə Məmmədova Kişə
tez-tez gələrmiş. Kəndin qayğılarına bələd,
insanların ehtiyacı ilə tanış olan
Gülçöhrə Məmmədova kişlilərin də
problemlərinin həllində köməyini əsirgəməyib.
Yaxşılıq isə
heç vaxt itmir, bitmir. Onun bir ucu da edənin ünvanına
yönəlir. Burada məşhur fizik Nyutonun da qanunlarından
biri yada düşür: təsir əks təsirə bərabərdir.
Gülçöhrə Məmmədova həqiqətən
Tanrının sevimli bəndəsidir. Bu, çox az insana nəsib
olan bir səadətdir ki, onun zahiri görünüşü
ilə daxili zənginlikləri vəhdət təşkil
etsin. Elə ilk baxışda insanda xoş ovqat yaradan
professorla söhbətdən bir qədər sonra duyursan ki,
müsahibin necə zəngin daxili aləmə, intellektual səviyyəyə,
geniş dünyagörüşünə, ən
başlıcası isə, son dərəcə yüksək mədəniyyətə
və həssas ürəyə malikdir. İstər-istəməz
özün də bir qibtəli duyğu yaşayırsan. Belə
bir şəxsiyyətin, vətəndaşın, alimin
seçicisi olmaq bəxtəvərlikdir!
Flora XƏLİLZADƏ
Yeni Azərbaycan.- 2010.- 16 oktyabr.- S.4.