18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqillik Günüdür

 

Azərbaycanın müstəqilliyi sarsılmaz əsaslara malikdir

 

18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günüdür. Məlumat üçün deyək ki, ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik yolunda atdığı ilk addım 1991-ci il avqustun 30-da Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannaməni qəbul etməsi olub. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin il oktyabrın 18-də keçirilmiş sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilib. Bununla da Azərbaycan Respublikası 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub. Beləliklə, SSRİ-nin dağılması ərəfəsində qəbul edilmiş Konstitusiya Aktı ilə Azərbaycan XX əsrdə ikinci dəfə öz müstəqilliyini əldə etdi. Amma bu müstəqilliyin əldə edilməsi və onun qorunub saxlanılması, hazırki mərhələyə çatdırılması olduqca mürəkkəb və keşməkeşli proseslərdən keçib, zaman-zaman müstəqilliyimiz real təhlükələrlə üzləşib.

Biz niyə gecikirdik?

Əvvəla, həmin dövrdə cərəyan edən proseslər və ortaya çıxan mənzərə onu deməyə əsas verir ki, Azərbaycan digər keçmiş SSRİ respublikaları ilə müqayisədə öz müstəqilliyini olduqca gec elan etmişdi. Məsələn, Litva 11 mart 1990, Rusiya 12 iyul 1990, Gürcüstan 9 aprel 1991, Estoniya 20 avqust 1991, Qırğızıstan 31 avqust 1991, Özbəkistan 1 sentyabr 1991-ci il, nəhayət, Tacikistan 9 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etdiyi halda, Azərbaycan bu addımı yalnız 1991-ci il oktyabrın 18-də ata bildi. Təbii ki, bunun bir sıra obyektiv və subyektiv səbəbləri var idi. Bu səbəblərin başında isə həmin vaxt respublikaya rəhbərlik edənlərin qətiyyətsizliyi, Moskvanın kölgəsi altında,  kölə psixologiyası” ilə yaşamaq niyyətləri və bu rəhbərlərin xalqın ali maraqlarını mərkəzin imperialist maraqlarına qurban vermələri dayanırdı. Yəni, keçmiş SSRİ-yə daxil olan respublikalarda öz müstəqillikləri uğrunda mübarizə aparan xalqa həmin respublikaların rəhbərləri də bu və ya digər formada dəstək verdikləri halda, başda Ayaz Mütəllibov olmaqla, o zamankı Azərbaycan rəhbərliyi öz funksiyasını normal qaydada yerinə yetirə bilməyən mərkəzin təlimatlarını gözləyir və onun tapşırıqları əsasında hərəkət edirdi. Bu da nəticə etibarilə Azərbaycan xalqının müstəqillik arzularının mərkəzin imperialist tapşırıqları əsasında boğulması ilə nəticələnirdi.

Bir sözlə, bütün mahiyyəti ilə Kremldən asılı olan, hətta belə demək mümkünsə nəfəs almaq üçün belə elə bil Moskvadan icazə istəyən o zamankı Azərbaycan rəhbərliyi müstəqillik ideyalarını qəbul etmək, mənimsəmək iqtidarında deyildi. Sadəcə, SSRİ-nin dağılması ərəfəsində formalaşmış təbii şərait, hətta imperiyanın mərkəzində dayanan Rusiyanın özünün belə dövlət müstəqilliyini elan etməsi, həmçinin, xalqın azadlıq istəkləri Azərbaycanın da müstəqilliyinin əldə edilməsini şərtləndirdi. Məhz Azərbaycanın o zamankı iqtidarının müstəqillik ideyalarına nə qədər etinasız olmasının nəticəsi idi ki, onlar ölkəmizin müstəqilliyinin möhkəmlənməsi istiqamətində konkret olaraq heç bir addım atmadılar. Eyni zamanda, sonrakı hadisələr göstərdi ki, o zamankı rəhbərlik təbii situasiyanın fonunda əldə edilmiş müstəqilliyin qorunub saxlanılması kimi strateji missiyanı reallaşdırmaq iqtidarında deyildi...

Müstəqilliyi qoruyub saxlamaq daha çətindir

Beləliklə, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra daha kəskin “fırtına”larla qarşı-qarşıya qaldı. Bu da səbəbsiz deyildi. Belə ki, o zamankı hakimiyyət müstəqilliyə etinasız yanaşaraq və xalqımızın ali maraqlarını ayaqlar altına ataraq, Azərbaycanı Rusiyanın forpostuna çevirmək uğrunda xüsusi fəallıq nümayiş etdirməyə başladı. Moskvadan verilən tapşırıqlar əsasında hərəkət edən hakimiyyət yanlış strategiya seçməklə, ilk növbədə, torpaqların itirilməsinə xüsusi şərait yaratdı. Bu şəraitdən istifadə edən təcavüzkar Ermənistan isə həmin dövrdə strateji baxımdan ən əlverişli ərazilərimizi anneksiya etdi. Hələ bu, son deyildi. Xalqımızın bir sıra ictimai-siyasi xadimlərinin terror aktlarına məruz qalmaları, dövlət strukturları arasında çəkişmələrə start verilməsi və bunların daha kəskin xarakter alması Azərbaycanın bir dövlət kimi varlığını sual altına almışdı. Formal qaydada əldə edilən müstəqilliyin itirilməsi təhlükəsi həyəcan təbillərini daha da artırmışdı. Mövcud vəziyyətdən çıxışı təmin edə bilməyəcəyini anlayan Mütəllibov hakimiyyəti çarəni istefa verməkdə gördü. Amma bu heç də ölkənin qurtulması mənasına gəlmirdi.

Bundan sonra hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü Azərbaycanı sözün əsl mənasında xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi. Ölkədə tam bir anarxiya yarandı və daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Artıq “əlinə silah alan” hakimiyyəti ələ keçirməyə çalışırdı və separatist meyilləri baş alıb gedirdi. Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Qısası, daxili və xarici siyasətin səmərəsizliyi Azərbaycanı bir dövlət kimi sıradan çıxarırdı. Həmin ərəfədə güclü siyasi liderin nüfuzuna söykənən mütəşəkkil siyasi subyektlər lazım idi ki, Azərbaycanı düşdüyü bataqlıqdan xilas etsin...

Böyük qayıdış, yaxud Ulu öndər Heydər Əliyev Azərbaycanı müstəqil dövlətə çevirdi

Belə bir lider isə Heydər Əliyev idi. Beləliklə, xalqın tələbi ilə 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev Azərbaycanı xaotik vəziyyətdən çıxarmaq üçün bütün çətinliklərə sinə gərərək gərgin fəaliyyətə başladı. Ümummilli lider, ilk növbədə, xarici qüvvələrin “piyadalar”ı olan daxili separatçıları neytrallaşdırmaqla sabitliyi bərpa etdi. Bu proses 1995-ci ilədək davam etdi və həyata keçirilən uzaqgörən strategiyanın qanunauyğun nəticəsi kimi tam stabil mühit formalaşdırıldı. Ulu öndərin zəngin dövlətçilik və idarəçilik təcrübəsinə əsaslanaraq, hadisələrə operativ müdaxiləsi nəticəsində 1994-1995-ci illərdə baş verən dövlət çevrilişlərinə cəhdlərin, həmçinin, bir sıra təxribatların qarşısı alındı.

1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsi dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də, ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addım oldu. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas oldu. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi, cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Ölkədə əmin-amanlıq, sabitlik yarandı, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi, aqrar sahədə islahatlara başlandı.

Ölkədə sabitliyin əldə olunması və xarici ölkələrlə, o cümlədən, bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqların qurulması öz bəhrəsini verdi. Belə ki, xarici qurumlar və iş adamları ölkəmizə investisiya qoymağa başladılar. 1994-cü ildə dünyanın aparıcı şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan neft sazişinin imzalanması isə Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi və əbədi olması istiqamətində atılan mühüm adımlardan biri oldu. Çünki “Əsrin müqaviləsi”, əslində, ölkəmizin siyasi müstəqilliyini şərtləndirən iqtisadi resursların möhkəm təməllər üzərində qurulmasına təkan verdi. Eyni zamanda, bu müqavilənin imzalanması ilə Azərbaycan qlobal güclərin maraqlarını balanslaşdırmaqla önəmli beynəlxalq status qazandı.

Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu öndər, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm addımlar atdı. Belə ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı.

Əlbəttə, əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı sözün əsl mənasında müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi əbədi və dönməz etdi!

Azərbaycan beynəlxalq münasibətlər sisteminin müstəqil və suveren aktoru kimi...

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi isə Azərbaycanın beynəlxalq münasibətlər sistemində suveren aktor kimi mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət nəticəsində bu gün Azərbaycan həm beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməkdədir, həm də respublikamız qlobal güc mərkəzlərinin nəzərə alınan tərəfdaş ölkələrindən birinə çevrilib. Bu, bir həqiqətdir ki, iqtisadi siyasətin müstəqilliyi siyasi suverenliyin əldə edilməsini şərtləndirib və Azərbaycan regionun ən güclü aktoru olmaqla yanaşı, beynəlxalq münasibətlər sisteminin suveren subyekti qismində də çıxış etməkdədir. Daha doğrusu, hazırda Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib.

Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində regionun lider dövləti olan Azərbaycan işğalçı Ermənistanı dalana dirəyib, əksər beynəlxalq qurumlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və Ermənistanın işğalçılıq siyasəti pislənilir. Eyni zamanda, həyata keçirilən islahatlar və dövlət proqramları nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf etməkdədir. Əldə edilən bu inkişafdan isə ölkə əhalisinin rifah halının yaxşılaşdırılması üçün istifadə edilir.

Bütün bunlar isə onu deməyə əsas verir ki, 1991-ci ilin oktyabrında formal olaraq elan edilməsinə baxmayaraq, 1993-cü ilin iyunundan, yəni, Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra real olaraq həyata keçirilən dövlət müstəqilliyi siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

 

Nadir AZƏRİ

 

Yeni Azərbaycan.-2010.-  19 oktyabr.- S.4