Təbiətsevərlərə
qiymətli hədiyyə
Əsrarəngiz və
özünəməxsus təbiəti olan Naxçıvan
Muxtar Respublikasının ərazisi özünün
yaranması və formalaşması baxımından ən qədim
regionlardan biri hesab edilir. Ərazinin geoloji keçmişi
burada vaxtilə tropik meşələrin əmələ gəldiyini,
lakin sonradan kəskin iqlim dəyişkənliyi nəticəsində
müasir torpaq-iqlim amillərinin formalaşaraq rəngarəng
landşaftların və ona müvafiq olaraq zəngin
biomüxtəlifliyin yarandığını göstərir.
Ona görə də, Naxçıvan MR-in müasir ərazisi
özünün genezisi, coğrafi mövqeyi və zəngin
biomüxtəlifliyi ilə Qafqazda önəmli ərazilərdən
birini tutur.
Müasir dövrdə bəşəriyyəti
düşündürən və narahat edən sosial-iqtisadi məsələlərin
həllində bitkilər aləmindən səmərəli
istifadə olunması, onların mühafizəsi üzərində
ciddi dövlət nəzarəti, nadir, endemik, relikt, nəsli kəsilmək
təhlükəsinə məruz qalan bitki növlərinin
müəyyən edilərək qorunması, bərpası,
artırılaraq yenidən öz yaşayış məskəninə
qaytarılması aktual məsələlərdən biridir.
Naxçıvan MR-in zəngin
təbii sərvətləri, xüsusən onun biomüxtəlifliyi
AMEA Naxçıvan bölməsi yaranana qədər
plansız və zəif öyrənilmişdir. Ümummilli
liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixdə Azərbaycan
MEA-nın Naxçıvan bölməsinin yaradılmasına
həsr edilmiş müşavirədə demişdir: “Mən
bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər
çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin,
elminin, ədəbiyyatının yenidən dərindən
araşdırılması və onlar haqqında elmi əsərlərin,
populyar kitabların, yaxud başqa nəşrlərin
hazırlanması məqsədi daşıyıram. Eyni
zamanda, Naxçıvanın özünəməxsus təbiəti,
təbii sərvətləri, torpağı, təbii abidələri,
təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə
öyrənilməyib, bəlkə də düz olardı deyim
ki, öyrənilməyibdir. Bunlara, mənim irəli
sürdüyüm məsələlərin öyrənilməsinə
böyük ehtiyac var...”
Naxçıvan MR-in zəngin
təbii sərvətləri, xüsusən onun biomüxtəlifliyi
Bioresurslar İnstitutu yaranandan sonra mövcud imkanlar daxilində
planauyğun olaraq öyrənilməyə
başlanılmışdır. Muxtar Respublikanın fauna və
flora biomüxtəlifliyinin taksonomik tərkibi dəqiqləşdirilmiş,
onların davamlı istifadə imkanları və mühafizə
yolları göstərilmişdir. Son zamanlar Naxçıvan
Muxtar Respublikasının florası və bitki
örtüyünün tədqiqi ilə məşğul olan
görkəmli floristlər biologiya elmləri doktoru, professor,
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Tariyel
Talıbov və biologiya elmləri doktoru Əliyar İbrahimov
tərəfindən hazırlanan, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin dəstəyi ilə nəşr
edilən “Naxçıvan Muxtar Respublikası florasının
taksonomik spektri (Ali sporlu, çılpaqtoxumlu və
örtülütoxumlu bitkilər)” kitabı ərazi
florasının müasir vəziyyətini
aydınlaşdıraraq, onun taksonomik tərkibini tam şəkildə
təqdim etmişdir. Aydın olmuşdur ki, ərazinin
yabanı flora biomüxtəlifliyində 170 fəsiləyə
və 874 cinsə aid 2835 növ ali sporlu, çılpaqtoxumlu
və örtülütoxumlu bitki mövcuddur ki, bu da
ümumilikdə Azərbaycan florasının (4500 növ) 63
faizini təşkil edir.
Son dərəcə qiymətli
olan və artıq tədqiqatçı alimlərin
stolüstü kitabına çevrilən bu əsərin
ardınca nəinki elmi mühit, eyni zamanda, bütün təbiətsevərlər
üçün nəzərdə tutulan müəlliflərin
daha bir sanballı, fundamental əsəri “Naxçıvan
Muxtar Respublikasının “Qırmızı kitab”ının
II cildi işıq üzü görmüşdür.
“Naxçıvan Muxtar Respublikası faunasının
“Qırmızı kitab”ı (Onurğalı heyvanlar üzrə).
Cild I.”(2006) və “Naxçıvan Muxtar Respublikası
florasının “Qırmızı kitab”ı (Ali sporlu,
çılpaqtoxumlu və örtülütoxumlu bitkilər
üzrə). Cild II.”(2010) Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri V.Y.Talıbovun “Naxçıvan Muxtar
Respublikasının “Qırmızı kitab”ı haqqında Əsasnamə”nin
təsdiq edilməsi barədə 2006-cı il 15 avqust tarixli
49-03/5 nömrəli sərəncamına uyğun olaraq tərtib
edilmişdir. AMEA Naxçıvan Bölməsi Bioresurslar
İnstitutunun Elmi Şurasının 27 may 2009-cu il tarixli,
05¹-li qərarı ilə nəşrinə icazə
verilmiş Naxçıvan Muxtar Respublikasının
“Qırmızı kitab”ının II cildi (Ali sporlu,
çılpaqtoxumlu və örtülütoxumlu bitkilər
üzrə) müəlliflərin çoxillik tədqiqatlarının
nəticəsi olmaqla, ilk dəfə olaraq nəşr edilir.
Müəlliflər kitabda
ilk olaraq nadir növlərin taksonomik spektrini-
“Qırmızı siyahı”nı (Red List) son sistematik təhlilə
uyğun olaraq təqdim etmişlər. İkinci
başlıqda növlərin statusunun müəyyənləşdirilməsində
istifadə edilən beynəlxalq kateqoriya və
kriteriyaların şərhi ilə bərabər, Muxtar
Respublikada ekologiya və təbiəti mühafizəyə dair
aparılan işlər, həmçinin, xüsusi mühafizə
olunan ərazilər haqqında məlumatlar verilmişdir. Qeyd
olunmuşdur ki, Muxtar Respublikada akademik Həsən Əliyev
adına Zəngəzur Milli Parkı (42797,4 ha), “Arpaçay”
(68911,18 ha), “Arazboyu” (9118,0 ha) və Ordubad Dövlət Təbiət
Yasaqlıqları (27869,0 ha) kimi xüsusi mühafizə olunan ərazilər
vardır ki, onlar (cəmi 148695,6 ha) da ümumi ərazinin
(550000 ha) 27,0 faizini təşkil edir ki, bu da Qafqaz ekoregionunda
mövcud olan göstəricilərdən xeyli
üstündür.
Ümumi həcmi 678 səhifəlik
olan bu dəyərli fundamental əsər ərazidə
yayılan 4 şöbə, 66 fəsilə, 139 cins və 202
növə aid olan nadir, nəsli kəsilmək təhlükəsi
altında olan bitkilərin müasir taksonomik vəziyyəti, təbiətdə
çəkilmiş orijinal rəngli fotoşəkli,
yayıldığı ərazilərin xəritəsi, hər
bir bitki haqqında mövcud olan məlumatlar, həmçinin,
aid edildikləri kateqoriya və kriteriyaları verilmişdir.
Yayılması, bitdiyi yer, təbii ehtiyatı,
çoxalması, qısa bioloji xüsusiyyətləri, təbii
ehtiyatının dəyişilməsi səbəbləri, becərilməsi,
qəbul edilmiş qorunma tədbirləri, zəruri qorunma tədbirləri
və məlumat mənbələri də ardıcıl olaraq
hər bir növün təsviri zamanı şərh
edilmişdir. “Qırmızı kitab”ı tərtib edərkən
ilk olaraq “Qırmızı siyahı” (Red List) Qafqaz ekoregionunun
florası ilə müqayisə olunaraq müəlliflər tərəfindən
hazırlanmış və Azərbaycanın, keçmiş
SSRİ-nin və qonşu regionların bu vaxta qədər
mövcud olan “Qırmızı kitab”larına tənqidi
yanaşaraq, yeni forma və məzmunda mükəmməl bir əsər
yaratmışlar. Müqayisə üçün
seçilmiş meyarlar əsasında 9 kateqoriya və bu
kateqoriyaya (CR, EN və VU) daxil olmaq üçün isə
kriteriyalar (meyarlar) müəyyənləşdirilmişdir.
Müəlliflər kitabda verilmiş 202 növdən
200-nün aşağıdakı qorunma kateqoriya və
kriteriyalarına əsasən tərtib etmişlər: Təbiətdəki
vəziyyəti böhran həddə olan və ya nəslinin kəsildiyi
ehtimal edilən növlər (Jritijally Endangered -JR) - 26; Təbiətdə
say dinamikası ardıcıl azalmaqda davam edərək, nəsli
kəsilmək təhlükəsinə yaxın növlər
(Endangered-EN) - 20; Məhdud areal və ya sahələrdə
yayılmış, mənfi təsirlərə məruz olan həssas
növlər (Vulnerable -VU) - 76; İnsan fəaliyyəti və
ya digər abiotik amillərin təsirindən arealı
qısalan, biologiyası zəif öyrənilmiş, təhlükəyə
yaxın növlər (Near Threatened -NT) - 41; Az təhlükə
(təhdid) altında olan növlər (Lower Risk -LR)- 37. Oşe
lələklivəsi - Smyrniopis aucheri Boiss. və Turnefor
qundeliyası - Gundelia tournefortii L. növlərinin təbiətdəki
vəziyyəti qənaətbəxş olduğundan onların
“Qırmızı kitab”ın yaşıl vərəqində
qeyd edilməsi məqsədəuyğun hesab edilmişdir.
Nadir bitkilər şöbələr üzrə -
Qıjılar - 4, Şamlar- 5, Acılıqlar-1 növlə təmsil
olunmuş, Örtülütoxumlular (Birləpəlilər
sinfi - 52, İkiləpəlilər sinfi -140) isə 192
növü əhatə etmişdir. Təbiətdəki vəziyyəti
böhran həddə olan və ya nəslinin kəsildiyi
ehtimal edilən (JR) 26 növün və təbiətdə say
dinamikası ardıcıl azalmaqda davam edərək, məhv
olmaq təhlükəsinə yaxın olan (EN) 20 növün
olduğunu qeyd edən müəlliflər, həmin növlərin
ciddi qorunmağa ehtiyacı olduğunu göstərmişlər.
Müəlliflər xüsusi axtarışlar və
çoxsaylı ekspedisiyalarla ərazidə olan nadir, endemik,
relikt, nəsli kəsilmək təhlükəsilə
üz-üzə qalmış bitki növlərini aşkar
etmiş, öyrənmiş və bir çoxunu Bioresurslar
İnstitutunun Nəbatat bağında introduksiya etmişlər.
Müəlliflərin Nəbatat bağında nadir və nəsli
kəsilmək təhlükəsinə yaxın olan bir
çox növləri çoxaldılaraq yenidən təbii
yayılma yerlərinə reintroduksiya etmələri də təqdirəlayiqdir.
Kitabda təqdim olunmuş
nadir bitkilərin bir qrupu onlar tərəfindən yeni aşkar
edilmiş, digər qrupu “Qırmızı kitab”a ilk dəfə
daxil edilmişdir. Əvvəlki “Qırmızı kitab”larda
olan bəzi növlərin isə görülən tədbirlər
nəticəsində artıq bərpa olunduğunu və hətta
zərərli təsir göstərdiklərini müəyyən
edərək “Qırmızı kitab”dan
çıxartmışlar. Sistematikaya uyğun olaraq növlərin
təbiətdə çəkilmiş rəngli şəkilləri
ilə bərabər, onların mövcud durumu şərh
edilmişdir. Eyni zamanda, in-situ şəraitində bitkiləri,
onların məskunlaşdığı ekosistemlərin
qorunması, səmərəli istifadəsi üçün
müvafiq təşkilatlarla, o cümlədən,
qeyri-hökümət təşkilatları ilə əlaqələrin
gücləndirilməsi, təbii irsin qorunması, iqtisadi həvəsləndirmənin
tətbiq olunması, sosial məsuliyyətin artırılması,
bitki müxtəlifliyinin müvafiq sahələrində
işləyən mütəxəssislərin bilik səviyyəsinin
artırılması, əhalinin ekoloji maarifləndirilməsi
kimi problemlərə ciddi əməl olunması da ön plana
çəkilmişdir.
Müəlliflər ənənəvi
yanaşmadan qaçaraq Muxtar Respublikanın mövcud təbii
şəraitini, növləri təhdid edən amilləri
öyrənmiş, şəxsi araşdırmaları, həmçinin,
ekspedisiya və monitorinq nəticələri əsasında
“Qırmızı kitab”dakı 202 növün 96-nın
statusunu (kateqoriya və kriteriyalarını) müəyyənləşdirərək
ilk dəfə olaraq təqdim edilmişlər. Onlar Bioresurslar
İnstitutunun Nəbatat bağının “Nadir bitkilər
kolleksiyası”nda həmin növlərin 37-ni introduksiya
etmişlər. Azərbaycanın “Qırmızı
kitab”ında (1989) təqdim edilən 140 nadir bitki növlərindən
41 növü Naxçıvan MR ərazisindən göstərilmişdir.
Həmin 140 növdən 14-ü Naxçıvan MR
florasında yeni aşkar edilərək “Qırmızı
kitab”a salınmışdır. Keçmiş SSRİ
florasının “Qırmızı kitab”ında verilmiş
600-dən artıq bitki növündən isə 25-i
Naxçıvan ərazisindən göstərilmişdir.
Müəlliflərin təqdirəlayiq
araşdırmalarından biri də az təhdid altında olan
(Lower Risk-LR ) növlərin əvvəlcədən müəyyənləşdirərək,
qlobal iqlim dəyişikliyi və artan antropogen təsirlər
şəraitində onların da nəzarət altında
saxlanılmasını təklif etmələridir.
Müəlliflərin
qarşıya qoyduğu və həll etdiyi problemli məsələlər
Azərbaycan Respublikasında geobotanika elminin yeni istiqamətlərini
müəyyən etməyə imkan verəcək. Müasir
geobotanika və ekologiya elmlərinin bütün sahələrini
əhatə edən sanballı, çox qiymətli elmi və
təcrübi nəticələri özündə əks
etdirən bu əsər Naxçıvan MR-in flora və bitki
örtüyünü öyrənmək istəyən hər
bir tədqiqatçının, bu sahədə elmi-tədqiqat
işləri aparan botaniklərin, magistr, aspirant, elmi
işçilər, ali məktəblərin biologiya və
coğrafiya fakültələrinin müəllim və tələbələrinin,
həmçinin, bütün təbiəti mühafizə və
yaşıllaşdırma işləri ilə maraqlanan hər
bir kəsin stolüstü kitabı olacaqdır.
Beləliklə, müəllifləri,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
deputatı, biologiya elmləri doktoru, professor, AMEA-nın
müxbir üzvü, Əməkdar elm xadimi Tariyel Talıbovu
və biologiya elmləri doktoru Əliyar İbrahimovu dəyərli
və sanballı bir kitabı müvəffəqiyyətlə ərsəyə
gətirərək nəşrinə nail olmaqları
münasibətilə səmimi qəlbdən təbrik edir,
onlara can sağlığı, sevinc dolu günlər, elmi
axtarışlarda yeni-yeni uğurlar arzulayıram.
Elşad QURBANOV,
Bakı Dövlət Universitetinin
Botanika kafedrasının müdiri,
biologiya elmləri doktoru,
professor
Yeni Azərbaycan.- 2010.- 26 oktyabr.- S.7.