Qədim Oğuz diyarı Tovuz yeni inkişaf yollarında...

 

Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində rayon müasirləşib və gözəlləşib, Tovuzda böyük turizm potensialı yaradılıb

 

“Tovuz rayonunun gözəl təbiəti, zəngin sərvəti vardır. Ən qiymətli sərvəti isə onun əməksevər insanlarıdır”. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev bu qədim Oğuz diyarı haqqında danışarkən məhz bu ifadələri işlədirdi. Doğrudan da, gözəl təbiətə, zəngin sərvətlərə malik Tovuz rayonu əməksevər, vətənpərvər insanları ilə daha da gözəlləşir, onların əməyi sayəsində gündən-günə inkişaf edir, müasirləşir. Ceyrançöldən Xunam düzünə, Xınna dərəsinə, Böyük Qışlağa, Çeşməliyə qədər uzanan bu ecazkar, qədim diyarda müasir inkişafın ən son örnəklərini görmək həqiqətən, xoşdur, fərəhlidir. Ona görə də, qısamüddətli məzuniyyətim dövründə baş çəkdiyim Tovuz rayonunda keçirdiyim 5 gün ərzində həm doya - doya bu gözəlliyin dadını çıxartdım, gəzməli, görməli yerləri qarış-qarış gəzməyə çalışdım, həm də redaksiyaya qayıdanda qələmə almaq üçün kifayət qədər geniş materiallar toplaya bildim. Beləliklə, əvvəlcə, qısaca olaraq, Tovuz rayonunun tarixi haqqında məlumat verək.

 

Dağ oğuzlarının yurdu...

 

Tovuzun hər bir obası, hər bir kəndi böyük bir tarixi yaşadır - türk, oğuz tarixini. Bu diyarın qədim türklərin yaşayış məskəni olması, bu bölgədə Türk soyunun ənənəvi hakimliyi inkaredilməz həqiqətdir. Bunu ərazidə aşkarlanmış tarixi abidələr, rayon camaatının adət-ənənələri də bariz şəkildə sübuta yetirir. VII əsrdən daş kitabələr, “Kitabi Dədə-Qorqud” dastanı və Tovuzun elə bugünkü demoqrafik vəziyyəti rayonun adını qüdrətli oğuz türk-doqquz oğuz tayfalarının adı ilə bağlı olduğunu sübut edir. Dağ oğuzları bu ərazidə öz ulu babalarını qədim türk-hun tayfalarını əvəz etdilər, başqa sözlə, Tovuz ərazisi e.ə. III əsrdən başlayan böyük hun axınlarında tam məskunlaşdı, burada türklər yaşamağa başladı. Xunan, hun toponimləri ilə bağlı bu gün də rayonda Xınna, Əsrik, Axınca və sair yer adları yaşayır.

Ümumiyyətlə, yer, çay, kənd, dağ, dərə adlarının hamısı qədimə gedib çıxmaqla, birmənalı şəkildə türk mənşəyini saxlayır. Quşçu, Qaralar, Dondar, Qovlar, Ocaxlı, Cırdaxan, Alplı kimi toponimlər ayrı-ayrı müəlliflərin tədqiqatlarında qədim türk adlarıdır. Bu kənd və obaları özündə yaşadan oğuz türk tayfalarının ayrı-ayrı nəsilləri, qolları ilə bağlı olan toponimlərin hərəsi bir mənanı ifadə edir. Burada haşiyəyə çıxıb demək istərdik ki, bu gün Tovuz rayonu yer-yurd adlarında türkçülüyü saxlaya bilən rayonlarımızın sırasındadır. Alakol, Ağdam, Ağacqala, Qalaboyun, Köhnəqala, Şıxheybət kimi tarixi türk coğrafi adları yada salmaq kifayətdir. Məsələn, Alp tayfaları oğuz türklərinin ən cəsur və ədalətlisi, dağlarda məskən salanları idi. Sonradan əkinçiliklə bağlı şəraitə görə düzənliyə köçüblər. Hətta bəzi tədqiqatçılara, məsələn, Yusif Səfərova görə Albaniya adı da “dağ”, “uca” mənası verən Alp toponimindən törəyib. Qafqaz Albaniyasının əsas ərazilərindən hesab olunan Tovuz ərazisində albanlara aid qala tipli tikililərə əsasən uca dağ zirvələrində (Əsrik dərəsində) rast gəlinir.

 

Dağlar, meşələr, çaylar, bulaqlar...

 

Tovuzun zəngin tarixinin yadigarı olan qədim abidələr onun gözəlliyinə və turizm potensialına əlavə rəng qatır. Amma əsasən gözəl təbiəti və iqlimi bu rayonun turizm bölgəsi kimi inkişafını şərtləndirir. Tovuz öz maraqlı iqlim xüsusiyyətlərinə görə də bir çox bölgələrimizdən fərqlənir. Rayonda mövcud olan 3 iqlim qurşağı - quru subtropik, mülayim isti quru iqlim və mülayim soyuq meşə iqlimi Tovuzun bir tərəfindən digər tərəfinə doğru havanın temperaturunun kəskin dəyişməsinə səbəb olur. Məsələn, əgər Ceyrançöldə və ya digər Kürətrafı bölgələrdə günorta çağı havanın temperaturu + 42 dərəcədirsə, Böyük Qışlaqda bu temperatur + 30 dərəcəyədək azalır. Təbii ki, bu da rayonun turizm bölgəsi kimi inkişafı üçün əlavə imkan deməkdir.

Eyni zamanda, Tovuz ərazisindən keçən çaylarla da kifayət qədər bol sulu rayonlarımızdan hesab olunur. Qafqaz regionunun ən böyük çayı olan Kür çayı öz orta axımında 38 km məsafədə Tovuz rayonu ərazisindən keçir. Tovuzçay, Axıncaçay, Zəyəmçay, Əsrikçay həm rayonun kənd təsərrüfatı ilə məşğul olan sakinlərinin işini asanlaşdırır, həm də çayətrafı bölgələrdə yaradılmış turizm obyektləri ilə qonaqlara maraqlı istirahət keçirmək imkanı verir. Həmçinin, bu çaylar balıqçılıqla məşğul olanlar üçün də yaxşı məkan sayıla bilər.

Amma Tovuzun əsas turizm mərkəzi onun dağlıq ərazisidir. Kiçik Qafqazın şimal yamacları məhz Tovuz rayonunun ərazisinə düşür. Əsrik, Qoşa, Fındıqlı, Çataq, Böyük Qışlaq, Kirən kəndləri ilboyu ən çox turist qarşılayan kəndlərdir. Dağların hətta ən hündür zirvələrinə belə yorğan tutan sıx meşələr, buz kimi bulaqlar (maral bulağı, atan bulaq, fındıqlı bulağı, turşsu, böyrək suyu bulağı və s.), bütün yamaclar boyu hətta ən sərt havalarda belə öz mövcudluğunu itirməyən yaşıllıqlar ağır iş qrafikindən yorulmuş və istirahət etmək üçün təbiətin qoynuna üz tutanların “göydə axtarıb yerdə tapdığı” əsil sərvətlərdir. Kəndlərin adları yazılan plakatları bir-bir arxada qoyduqca yüksək zövqlə tikilmiş restoranlar, istirahət mərkəzləri qonaqlarına xidmət edir. Restoran şəraitinə ehtiyac duymayıb, “özüm bişirib, özüm yeyəcəyəm” deyib yamaclarda məskən quraraq, samovar yandıran, manqal qalayan insanlar da az deyil. Mübaliğəyə yol vermədən demək olar ki, hətta istirahət günləri bu ərazilərdə dincəlmək üçün boş yer tapanlar özlərini bəxtəvər hesab edə bilərlər. Təbii ki, rayonda salınan yüksək keyfiyyətli yeni yollar istirahət üçün bu əraziləri seçənlərin işini daha da asanlaşdırır. Qısacası, Tovuzda turizmin inkişafı üçün hər şey - dağlar, çaylar, meşələr, təmiz hava, bulaqlar, rahat yollar və s. var - indi iş qalır, sadəcə, bu imkanlardan daha yaxşı yararlanılması üçün mövcud olan infrastrukturu daha da inkişaf etdirməyə. Bu isə təbii ki, bu sahədən pul qazanmaq istəyən iş adamlarının üzərinə düşəcək...

 

Sazlı, sözlü məmləkət

 

Tovuz rayonuna gedib onun məşhur söz ustadlarını, ustad aşıqlarını yad etməmək mümkün deyil. Bu rayonun havasından, suyundandırmı, bilmək olmur, amma niyəsə Tovuzun hətta məktəblə yenicə tanış olmuş uşaqlarında da bir “aşıqlıq” ruhu var. Məclislərdə saz çalınar, ustadlardan sözlər deyilər. Təbii ki, bu da Hüseyn Bozalqanlı, Mikayıl Azaflı, Əkbər Cəfərov, İmran Həsənov, Xəyyat Mirzə kimi ustadların ənənələrinin hələ də yaşamasından, nəsildən-nəslə ötürülməsindən xəbər verir. Mən də fürsətdən istifadə edib, Hüseyn Bozalqanlının ev muzeyinə baş çəkdim və bu ustad aşığın yazıb-yaratdığı bu ocaqda onun yolunu davam etdirən gənc sənətkarların ifasında Hüseyn Bozalqanlının şeirlərini, aşıq havalarını dinləmək xoşbəxtliyini də yaşadım.

 

3-cü günün zəngin təəssüratları...

 

Səfərimizin ilk 2 günü Tovuzun həm dağlıq, həm də aran - Kürqırağı ərazilərində bol-bol gəzib istirahət etdikdən sonra, növbəti gün rayonun mərkəzində görülmüş işlərlə də tanış olmaq imkanı qazandıq. Tovuzun mərkəzi tikinti meydançasını xatırladır. Rayonda olduğumuz müddət ərzində demək olar ki, bütün qəsəbə və kəndlərini əhatə edən geniş quruculuq - abadlaşdırma işlərinin şahidi olduq. Hazırda Olimpiya Kompleksinin, bəzi iaşə mərkəzlərinin, yeni ticarət obyektlərinin və bir sıra digər idarə və müəssisələrin inzibati binalarının tikintisi davam edir, bütün yollara asfalt döşənir. Ulu öndər Heydər Əliyevin adını daşıyan park hələ tam hazır olmasa da, bu yay rayon sakinlərinin ən çox üz tutduğu məkan olub. Parkın ərazisində fəaliyyət göstərən istirahət obyektləri isə ən müasir standartlara tam cavab verir. Ərazidə boy göstərən Qala kompleksi isə həm tarixi özəllikləri daşıması və rəmzi məna ifadə etməsi, həm də göz oxşayan görünüşü ilə xüsusi diqqətə layiqdir. Burada bir haşiyə çıxıb qeyd etmək yerinə düşər ki, ümumiyyətlə, son illər rayonda istifadəyə verilən və ya hazırda tikintisi davam edən bütün binaların tikintisində yalnız bir şərt əsas götürülür - müasir standartlara cavab verməli, müasir görünüşlü olmalıdır. Elə bu səbəbdəndir ki, yeni çəkilən yollar, yolları müşahidə edən hasarlar, yolboyu düzülən ticarət obyektləri müasir görünüşü ilə göz oxşayır. Tovuz həqiqətən çox səliqəli, təmiz, nizamlı bir yaşayış məskəninə çevrilməkdədir. Təbii ki, bütün bunların hamısı aparılan siyasətin, görülən tədbirlərin məntiqi nəticəsidir. Bu tədbirlər isə təkcə Tovuzun görünüşünü dəyişdirməyib. Rayonun iqtisadiyyatında da əsaslı inkişaf müşahidə edilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və dövlətimizin inkişafını sürətləndirən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarından irəli gələn məsələlərin rayon rəhbərliyi tərəfindən yüksək səviyyədə icra edilməsi Tovuzun inkişafını təmin edib. Təbii ki, bu inkişafı statistik rəqəmlər daha yaxşı ifadə edir. Odur ki, bir neçə rəqəmi diqqətə çatdırmaqla, qısaca olaraq, bu barədə də təsəvvürləri formalaşdırmaq istərdik. Belə ki, Rayon İH-dən verilən məlumata görə, 2009-cu ildə rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 216 milyon 964 min 100 manat olub. Əsas sahələr üzrə məhsul buraxılışı sənayedə 5 milyon 311 min 200 manat, kənd təsərrüfatında 143 milyon 638 min 100 manat, tikintidə 16 milyon 256 min 600 manat, nəqliyyatda 4 milyon 784 min 500 manat, rabitədə 934 min 100 manat, ticarətdə 46 milyon 39 min 600 manat təşkil edib. Ümumi məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb ki, bu da ümumi dinamikanın artımına əhəmiyyətli dərəcədə təsir göstərib.

 

Ən ucqar kəndlər belə şam işığından azad olub

 

Rayonda mövcud olan sənaye potensialından düzgün istifadə olunması məqsədilə müxtəlif zavodlar tikilməkdədir. Bunlardan biri də sutkada 20 ton süd emal edən zavoddur. Artıq tikintisi başa çatmış zavodda hazırda avadanlıqların quraşdırılmasına başlanılıb. Bu zavodun işə düşməsi ilə 3 min nəfərə qədər insanın işlə təmin olunması və ya gəlir əldə etməsi reallaşacaq. Rayonda sahibkarlığın inkişafı ilə əlaqədar xeyli işlər görülüb, sahibkarlar üçün münbit şərait yaradılması və onların inkişaf etdirilməsi məqsədilə tədbirlər həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlığın inkişaf etdirilməsi yönündə tapşırıq və göstərişlərinə uyğun olaraq, Tovuzda iş görmək, sərmayə qoymaq istəyən hər bir sahibkara tam şərait yaradılıb. Sahibkarlığın, o cümlədən, aqrar sektorda sahibkarlığın inkişafına dövlət qayğısı daha da artırılıb. Bunun nəticəsidir ki, təkcə 2009-cu ildə rayonda fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən kənd təsərrüfatının, emal sahəsinin, sahibkarlığın, ticarətin inkişafı və sair xərclər üçün 12 milyon 369 min 700 manat kredit verilib. Rayon sahibkarlarına Sahibkarlığa Kömək Milli Fondu xətti ilə 6 milyon 982 min manat güzəştli kredit verilib ki, bu da 2008-ci ilə nisbətən 6,1 dəfə çoxdur.

Diqqətdən yayınmayan başqa bir məqam isə rayonun bütün yaşayış məntəqələrinin elektrik enerjisi ilə tam və fasiləsiz şəkildə təmin olunmasıdır. Rayon sakinləri deyirlər ki, hətta Sovet dövründə belə, gecələrini şam işığı ilə aydınladan bəzi kəndlərin sakinləri bu gün artıq elektrik enerjisindən istifadə edir. Elə əhalinin qazla təminatı məsələsi də gündən-günə yaxşılaşmaqdadır. Sadəcə bir neçə ucqar kəndlərə qaz verilmir ki, onların da yaxın zamanlarda evlərini qazla qızdıracaqlarını söyləmək olar.

 

Torpaq çəkilən zəhməti mükafatlandırır

 

Azərbaycanın kənd rayonları üçün spesifik olan durum Tovuz rayonunda da müşahidə edilir. Tovuz şəhərində yaşayan əhali çalışmaq üçün əsasən dövlət işinə, təhsil, səhiyyə, bank sahəsinə, xırda biznesə üz tutduğu halda, kəndlərdə məskunlaşmış sakinlər öz çörəklərini “torpaqdan çıxarırlar”. Ta qədimdən olduğu kimi, bu gün də Tovuzda geniş əkinçilik, kənd təsərrüfatı ənənələri var. Son dövrlər isə bu ənənələr daha da inkişaf etdirilərək yüksək nəticələrin əldə olunmasına şərait yaradıb. Tovuz rayonunda həyata keçirilən aqrar islahatlar öz iqtisadi səmərəsini müvəffəqiyyətlə verib. Bu sahənin başlıca bölmələrindən olan heyvandarlıq məhsulları istehsalında irəliləyişlər əldə edilib. 2009-cu ildə rayonda 4792 ton ət, 25839 ton süd, 15 milyon 310 min ədəd yumurta, 344 ton yun istehsal edilib.

Təbii ki, uğurların əldə edilməsində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin yeni mexanizminin tətbiq olunmasının rolu böyük olub. Ölkə başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 saylı Sərəncamına əsasən dövlət büdcəsindən müvafiq məbləğdə vəsaitin ayrılması hesabına ötən il Tovuz rayonunda 17154 nəfər fiziki şəxsə əkin sahəsinin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarına, mineral gübrələrin güzəştlə satılmasına, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə yardımın verilməsi təmin edilib, bu məqsədlə 899 min 74 manat 80 qəpik vəsait sərf olunub. Hesabat dövründə rayon fermerləri 221197 ton kartof, 29911 ton tərəvəz istehsal ediblər.

Bir vaxtlar geniş üzüm bağları və yüksək keyfiyyətli şərabçılıq məhsulları ilə bütün ittifaqda ad - san qazanan Tovuz rayonunda hazırda üzüm bağlarının əvəzində geniş kartof sahələri salınıb. Bu da rayonun bu sahə üzrə respublikada qabaqcıl yerlərdən birini tutmasına imkan yaradıb. Yeri gəlmişkən, qeyd edək ki, tovuzlular bu sahədə məhsuldarlığı 285,6 sentnerə çatdırıblar ki, bu da olduqca yüksək bir göstəricidir. Bununla belə, üzümçülüyün inkişafına da diqqət əsirgənmir. Bu da özünü əldə olunan yüksək nəticələrdə bir daha büruzə verir. Əgər rayon üzrə 2004-cü ildə cəmi 63 hektar üzüm sahəsi var idisə, 2009-ci ildə bu rəqəm 477 hektara çatdırılıb. Keçən il rayonda 4842 ton üzüm istehsal olunub ki, bu da 2008-ci illə müqayisədə 1946 ton və ya 60 faiz çoxdur. Bu il də artıq demək olar ki, məhsul yığımı başa çatmaq üzrədir. Ümumən isə kənd əkinçiləri məhsuldarlığın səviyyəsindən razılıqlarını ifadə edirlər.

Beləliklə, Tovuz rayonunda bu qısamüddətli məzuniyyətimi başa vurub, paytaxta qayıtmağa hazırlaşıram. Amma bu rayonda gördüklərimiz və müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, Azərbaycanın bütün digər rayon və şəhərləri kimi, Tovuz rayonu da intibah dövrünü yaşamaqdadır. Bu yüksək inkişaf isə rayon sakinləri tərəfindən yüksək qiymətləndirilir, daim Vətənə və dövlətçiliyimizə sədaqət göstərən tovuzlular dövlətimizin bu diqqət və qayğısından razılıqlarını ifadə edirlər.

 

 

Aqşin ŞAHİNOĞLU

 

Yeni Azərbaycan.- 2010.- 4 sentyabr.- S.9.