Ehtiyac həyatın müəllimidir
(İxtisarla)
Məmləkətimizdə bəlkə
də onu tanımayan az adam tapılar, ancaq
düşünürəm ki, “Mən Bəkir Nəbiyevi
çox yaxşı tanıyıram” deyənlərin belə,
onu daha yaxından tanımasına ehtiyac var. Axı, hər kəsin
olduğu kimi, mənim qəhrəmanımın da
uşaqlığının, gəncliyinin, kamillik
çağının, lap “ayaqları möhkəm yer tutan”
anlarının, bilinməyən tərəfləri az deyil...
Bilmirəm, bəlkə
də çoxlarına qəribə görünəcək. Bu böyük elm fədaisinin
məhz bilinməyən tərəflərini bilmək və
möhtərəm oxuculara da bildirmək üçün ona
ilk olaraq belə bir sual verdim:
-
Uşaqlığınız yadınızdadırmı? Necə uşaq olmusunuz, o çağlardan xatirinizdə
nələr qalıb?”
Cavabında:
- Çox şey
yadımdadır, deyəsən pis uşaq olmamışam. Hər halda ailəmiz, atasız böyüyən
bizlər üçün mənim tərbiyəm elə bir
problem yaratmayıb, xasiyyətimdə bu və ya digər dərəcədə
ciddi qüsur olmayıb. Mən həmişə yola gedən
olmuşam- dedi və səbrlə ömürlüyünü
vərəqlədi... Ömür kitabının bəzi
açılmamış səhifələrindən nələr
öyrənmədim!..
Düşündüm ki, kim bilir, bəlkə
də onun bu “yola getməyinin” birinci səbəbi o idi ki,
gözünü açandan ailələri müxtəlif zərbələrə
məruz qalmış, anasının himayəsində
böyümüşdü.
Özünü
dərk etməyə, anlamağa başlayandan ata üzünə
həsrət qalmış, naz edəcək,
şıltaqlığına dözəcək bir kimsəsi
olmamışdı. Kiminsə gətirdiyi hədiyyəni qəbul etməyib:
- Mən beləsini yox, bir
başqa cürəsini xoşlayırdım, kimsə
başına sığal çəkəndə, nazlanıb:
- Mən getdim oynamağa-deyə
bilməyib, uşaqlığın cazibədar ərköyünlüklərini
yaşamayıb.
Xatırlamağa çalışsa
da, belə anları yaşadığı heç yadına da gəlmir. Hardan gəlsin
ki?! Uşaqkən ev, ailə
qayğısı çəkən bir cocuq onları necə
yaşaya bilərdi axı?
...Atası
Stalin repressiyasının qurbanı olan Bəkir Nəbiyev
Böyük Vətən müharibəsi başladıqdan
sonra bir parça çörək qazanmaq qayğısına
qalmağa başladı. İki yaş özündən
böyük qardaşı Mahmudla birgə olmazın maddi
çətinliklərlə üzləşdi.
Müharibə
dövrünün digər uşaqları kimi, Bəkir Nəbiyev
də sanki birdən-birə böyüdü. Maddi çətinliklər
bir yandan, mənəvi ağrı-acılar da digər tərəfdən
onları həyatlarını ciddi əsaslar üzərində
qurmağa səfərbər edirdi. Doğrudur,
o vaxtlar indiki kimi səfərbər olmaq anlamında fikirləşmək
Bəkir Nəbiyev üçün çətin idi. Amma bu bir həqiqətdir ki, maddi ehtiyac nə etmək,
necə etmək üçün insana istiqamət verir.
Böyük Cəfər Cabbarlı deyirdi:
- Ehtiyac həyatın müəllimidir.
O dərsləri ki, məktəbdə həyatın bu və
ya digər tələbləri ilə əlaqədar olaraq ala
bilmirdilər,
onları maddi ehtiyac, həyat özü öyrədirdi
sakinlərinə...
Müharibədən
sonra Mahmud Əhməd oğlu Azərbaycan Dövlət
Universitetinin şərqşünaslıq fakultəsinə
daxil oldu. Bir qayda olaraq həmin fakultəyə elitanın,
yüksək vəzifə sahiblərinin balaları daxil
olardı. Lakin heç bir arxa-dayağı olmayan Mahmud
S.M.Kirov adına ADU-nun (indiki BDU) şərqşünaslıq
fakültəsini Fars dili və ədəbiyyatı ixtisası
üzrə bitirdi..
Mahmudun universitetə qəbul
olunması Bəkir Nəbiyevin ali təhsil
almağa olan həvəsini daha da artırmışdı.
Qış və yay tətillərində şəhərin macəra
dolu günlərindən, tələbəlik həyatından,
böyük-böyük alimlərdən, müəllimlərindən
danışardı. Sən demə, onun müəllimlərinin
hamısı esselər, oçerklər, məqalələr
yazır, kitablar çap etdirirdilər.
Onların bəzilərinin
adı Bəkir Nəbiyevə də tanış
idi. “Ədəbiyyat nəzəriyyəsi” kitabının
müəllifi Cəfər Xəndan Hacıyev (sonralar o, onun
da müəllimi oldu), “Qədim və orta əsrlər ədəbiyyatı”
nı yazan Həmid Araslı, “XIX əsr Azərbaycan ədəbiyyatı”
üzrə mütəxəssis Feyzulla Qasımzadə
universitetin müəllimləri idilər. Qardaşının
maraqlı söhbətləri, hətta tələbəlik həyatının
bəzi ehtiyacları belə, onu ali təhsil
almağa həvəsləndirirdi.
O vaxtlar repressiya
qurbanının ailə üzvləri üçün
yaşamaq, ayaqda qalmaq çox çətin idi, çox yerdə
təhqirlərə, təzyiqlərə məruz
qalırdılar. Həmin çağları xatırlamaq belə
80 yaşının payızını yaşayan Bəkir
müəllimi kövrəldir:
- Məşhur bir “Domokl
qılıncı” anlayışı var. Məzmunu, mahiyyəti
bundan ibarətdir ki, sanki başının üstündə əli
qılınclı kimsə dayanıb, əgər
başını bundan bir qədər yuxarı qaldırsan,
qılınc kəsəcək. Bu qorxunu tələbəlik və
aspirantura illərində daim hiss etmişəm, mən bu səbəbdən
nələr çəkməmişəm, nə acılar
yaşamamışam?!.
Həmin
dövrdə əlaçı tələbələrin ən
yaxşısına (fakültədə bircə nəfərə)
“Stalin təqaüdü” verilirdi. Bəkir Nəbiyev də
I kursu əla qiymətlərlə bitirmiş, həm də
ictimai həyatdakı fəallığı, elmi, ədəbi
və bədii əsərlərin müzakirələrindəki
çıxışlarıyla müəllimlərinin diqqətini
cəlb etmişdi. Odur ki, V kursu bitirən əlaçı
tələbənin yerinə yekdilliklə fakültə
dekanlığı, ona dərs deyən müəllimlər və
hətta partiya təşkilatı Bəkir Nəbiyevin namizədliyini
irəli sürmüş və II kursdan etibarən ona “Stalin təqaüdü”nün
verilməsi barədə qərar qəbul etmişdilər.
Məsələ
həll olunanda Bəkir Nəbiyev yay tətilində idi. Bir gün
Bakıdan teleqram gəldi. Teleqramı
filologiya fakültəsinin dekan müavini Etel Lvova
imzalamışdı. Sonralar Etel Lvovna Lvova onun rus dili müəllimi
oldu. Teleqramı alan kimi, yay tətilini
yarımçıq qoyub dərhal Bakıya gəldi.
- Biz bu məsələni irəli
sürəndə adəti üzrə müvafiq orqanlar
yoxlamaya başladılar. Sənin kimliyini, şəxsi həyatını,
tərcümeyi- halını öyrənmək istədilər.Yoxlama
zamanı məlum olub ki, sizin atanız həbsxanadadır...
Ərizədə bircə
cümlə qeyd olunmuşdu: “Atam 1937-ci ildə həbs
edilmişdir”.
Nə
üçün? Neçə illiyə? Bu barədə heç nə
yazılmamışdı. Həmin cümlə
də digər cümlələrin içində
itib-batmış, diqqəti cəlb etməmişdi. Dekan
müavininin:
- Səmimi surətdə
etiraf etdiyin üçün səni universitetdən
çıxarmayacaqlar - sözləri sanki ona dünyanı
bağışladı. Bəkir Nəbiyev belə
düşünməkdə tamamilə haqlı idi,
çünki həmin cümlə ərizədə
yazılmamış olsaydı və indiki
axtarışların nəticəsində atasının həbs
edilməsi, “xalq düşməni”nin
oğlu olduğu bilinsəydi, onu hökmən universitetdən
çıxaracaqdılar.
Bəkir Nəbiyevin atası
Əhməd kişi dövrünün
geniş dünyagörüşlü,
gözüaçıq adamlarından biri idi. Əhməd Nəbiyev
Azərbaycan, fars, ərəb və rus dillərini
bilən, kamil savada malik bir insan, ticarət adamı
olmuşdur. “Mənim atam “xalq düşməni”
deyildi. O, ömründə bircə dəfə at minib,
tüfəngini, patrondaşını, xəncərini
götürüb, Ağdaşın cavanlarına qoşularaq
Şamaxıya doğru getmiş, azərbaycanlılara
qarşı qırğınlar törədən erməniləri
geri oturtmaq məqsədilə, xalq ordusunun tərkibində
düşmənə qarşı vuruşmuşdu. Halbuki, onun haqqında yazmışdılar ki, guya
silahlı müqavimət təşkil edib, sovet dövlətinə
qarşı çıxıb. Ona 10 il
həbs cəzası kəsmişdilər. Bunun
ağrı-acısını sonralar da çox çəkmişəm...”
- deyirdi Bəkir müəllim.
Aspiranturaya
daxil olmaq da ona asan başa gəlməmişdi.
Həmin illərdə
repressiya qurbanlarının taleyinə aydınlıq gətirilmiş,
hər şey aydınlaşdırılmış, Bəkir Nəbiyevin
atasına da bəraət verilmişdi, lakin təhlükə
tam sovuşub getməmişdi. Belə olmasaydı, o,
aspiranturaya qəbul üçün üç dəfə
imtahan verməli olmazdı.
Nəhayət,
üçüncü dəfə imtahan verəndə sənədlərimin
arasına atamın bəraəti barədə sənədi də qoyandan
sonra aspiranturaya daxil oldum.
“Məni bu
yoldan döndərə bilmədilər, çünki elm
adamı olmaqda çox israrlı idim”.
Bəlkə də
bütün bu ağrı-acıların içində
olması, onları yaşaması üzündən sonralar Əhməd
Cavad, Almaz İldırım kimi oxşar taleli insanların
yaradıcılığına üz tutdu.
Aspiranturaya qəbul olunandan
bir az sonra, 1957-ci ildə namizədlik
işinin mövzusu müəyyən ediləndə, elmi rəhbəri
professor Cəfər Xəndan Hacıyev Bəkir Nəbiyevə
Firudin bəy Köçərli haqqında dissertasiya
yazmağı tövsiyə edərək: “İşlənməmiş
mövzudur, maraqlı olar” - demişdi. Bir qədər tərəddüd
etsə də, sonda razılıq vermişdi:
- Bilirdim ki, 1920-ci ildə
Firudin bəy Köçərli Azərbaycanda sovet hakimiyyətinin
qurşuna düzdüyü ilk ziyalılardan biri olub. Amma onu da bilirdim ki, bizim o zamankı müəllimlərimizin
heç biri öz mühazirələrində Firudin bəy
Köçərlinin adını çəkməzdilər.
O zaman Bakıda Muxtar Əfəndi
adında çox görkəmli şərqşünas alim
yaşayırdı. Soyadı “Əfəndizadə”
olsa da, hamı ona Əfəndi deyirdi. Əslən
Ağdaşdan idi, vaxtilə atası Əhməd kişinin də
müəllimi olmuşdu. Universitetin şərqşünaslıq
fakültəsində oxuyanda qardaşı Mahmuda da dərs
demişdi. Ağdaşa yolu düşəndə
evlərinin qonağı olardı. Elə bu yerlilik,
doğmalıq münasibətlərindən istifadə edərək Muxtar
Əfəndiyə müraciət etdi. Muxtar Əfəndi
öncə onu yoxladı, savad dərəcəsi ilə
maraqlandı, müəyyən qənaətə gəldikdən
sonra gənc aspirantla məşğul olmağa söz verdi. O, B.Nəbiyevin ailəsinin faciəsini,
imkansızlıqlarını yaxşı bilirdi. Elə bu üzdən də heç bir təmənna
güdmədən onunla öz evində fərdi məşğul
olmağa başladı. Mütəmadi
davam edən bu dərslər nəticəsində öyrəndikləri
yavaş-yavaş köməyinə çatırdı. Artıq o Firudin bəyin əsərlərində barəsində
söhbət gedən ədəbi mətləblərə daha
dərindən vaqif olurdu. Və beləcə
axtarışlarını davam etdirdi. Samballı
tədqiqat işini tamamladıqdan sonra bir vaxtlar unudulmaqda olan
daha bir ədibə ədəbiyyatda və ictimai həyatda
yeni həyat vəsiqəsi qazandırdı.
Rus ədəbiyyatı
nümunələrini elə rusca oxuyurdu. Bəkir
müəllimin öz təbirincə desək, “o qədər
özümə damar yürütdüm ki, qısa bir müddətdə
tənbəllik eləmədim, rus ədəbiyyatından tərcümələr
etməyə başladım”.
Bəli, bu, həqiqətən
böyük cəsarət idi. İş o yerə gəlib
çatdı ki, hətta universitetdə tələbələr
arasında rus ədəbiyyatından tərcümələrin
müsabiqəsi keçiriləndə tərcümə etdiyi
əsər II yerə layiq görüldü. Kiçik bir hekayənin tərcüməsindən
sonra əldə etdiyi uğur onu daha da həvəsləndirdi.
Nekrasovun uşaqların həyatından
yazdığı bir pyesini Azərbaycan dilinə tərcümə
etdi. Uşaqlarla bağlı olduğundan
onu “Azərbaycan pioneri” qəzeti redaksiyasına gətirdi.
Pyesi qəbul edib on nömrədə dalbadal
çap etdilər. Əsərin çapına görə xeyli
miqdarda qonorar da yazmışdılar. Bu isə
onu daha bir cəsarətli addım atmağa səfərbər
etdi. Cek Londonun “Həyat eşqi” povestini rus dilindən tərcümə
edib, “Azərbaycan gəncləri” qəzetində 10-dan
artıq nömrədə çap etdirdi. Evlilik
çağlarına yaxınlaşırdı ki, bu yazıdan
aldığı qonorar da əlindən tutdu. Özü
demiş: “Deyəsən rus dili müəllimi sarıdan bəxti
yaman gətirmişdi”.
Ümumiyyətlə
isə, sovet hakimiyyəti dövründə tərcümə
məsələlərinə çox fikir verilirdi. Səbəbi aydın idi:
- Birinci növbədə rus
ədəbiyyatının Azərbaycan dilinə tərcüməsinə
çox pul buraxılırdı. Düzünü desək, o
dövrdə istedadlı tərcüməçilər də
az deyildi. Tərcümədən
xeyli pul qazanmaq olurdu. Düzünü
axtarsan, orijinal əsərin özü də elə
böyük qonorar almır.
Uşaqlığı
müharibə dövrünə düşmüş, ondan
sonrakı dövrlərdə də az sıxıntılar
yaşamamışdı. İstər maddi, istərsə
də mənəvi. Sonralar müharibə
dövrü ədəbiyyatını tədqiqat obyektinə
çevirməyə, bəlkə də bu, təkan
olmuşdu. Kitabının növbəti nəşrlərindən
birinin müqəddiməsində Məmməd Cəfər
müəllim yazır: “Bizim Bəkir Nəbiyev ədəbiyyatşünaslığımızın
o nəslinə mənsubdur ki, onların şəxsiyyəti
Böyük Vətən müharibəsi illərində
yetkinləşib və onlar həyata vəsiqə
qazanıblar”.
Heç şübhə
yoxdur ki, müharibə dövrünü canında,
qanında, taleyində, həyatında yaşaması, o illərin
dəhşətlərini bircə anda unuda bilməməsi
doktorluq dissertasiyası mövzusu kimi “Böyük Vətən
müharibəsi və Azərbaycan ədəbiyyatı”
mövzusunu götürməsinə səbəb olmuşdu...
O dövrdə müharibə
mövzusu bütün xalqların ədəbiyyatında
aparıcı mövzu idi. Bəkir müəllim
bu xalqların ədəbi nümunələrinin çoxsunu
oxumuşdu. Məsələn, özbək,
tacik, qazax ədəbiyyatında yazılan əsərlərin
rus dilinə tərcümələrini, eyni zamanda, həmin
xalqların öz dillərində də oxuyurdu. Hətta
erməni və gürcü ədəbiyyatlarından tərcümələr
əsasında tanış olduğu
nümunələrlə müqayisədə, Azərbaycan ədəbiyyatının
müharibə mövzusunda daha çox güclü əsərlər
verdiyi qənaətinə gəlmişdi. Bəkir müəllim
bununla bağlı deyir:
- Nəsrimizdə təkcə
Əbülhəsənin “Müharibə” romanını
ortalığa (dörd cild) qoysaq, qonşu xalqların ədəbiyyatındakı
əsərlər onun yanından əyilə-əyilə
keçər.Yaxud deyək ki, əgər biz Hüseyn Abbaszadənin
“General” romanını, Süleyman Vəliyevin müharibənin
son məqamlarında, yaxud da xarici ölkələrin ərazilərində
partizan hərəkatından və s. bəhs edən roman və
povestlərini götürəndə bizim ədəbiyyatımızda
bu məsələlər çox gözəl, güclü bədii
inikasını tapıbdır. Mən hələ
poeziyanı demirəm. Səməd Vurğun kimi bir sənətkar
səhər saat 4-də, yəni 1941-ci il
iyun ayının 22-də Böyük Vətən müharibəsinin
başlandığını radioda eşidəndə
bütün günü və axşamı işləyib məşhur
şeirini yazmış, ayın 23-də “Kommunist” qəzetində
çap etdirmişdi:
Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm,
mən də bu gündən,
Bu gün bir
süngüdür, əlimdə qələm,
Mənim bayrağıma
göz dikir aləm...
Elə 1945-ci il may
ayının 9-da müharibənin sovet xalqının, onun
müttəfiqlərinin qələbəsi ilə qurtarmasına
dair xəbəri eşidən Səməd Vurğun yenə də
həmin gün axşama kimi yaradıcılıq
qovğasında olub və “Kommunist” qəzetinin 1945-ci il 10 may
tarixli nömrəsində digər məşhur şeirini
çap etdirmişdi:
Yazılsın tarixə bir qızıl xətlə
Qırx beşinci ilin doqquz
may günü...
Demək istəyirəm ki,
Azərbaycan ədəbiyyatının korifeyləri müharibəyə
bu ifadəni rusca deyəcəm: “kozyonnı” bir məsələ
kimi, kənardan sifariş verilmiş mətləb kimi
baxmayıblar. Onu xalqımızın, millətimizin,
analarımızın, bacılarımızın, əsgər
balalarımızın qan işi, can işi kimi qəbul ediblər
və əvvəldən axıra qədər də bu cür
yazıb yaradıblar. Sənətkarlıq deyiləndə ədəbiyyatda
bu və ya digər şairin, ədibin
bədii ifadə vasitələri, məsələn, deyək
ki, süjet qurmaq ustalığı, kompozisiya mədəniyyəti,
nəhayət dili, dilindəki ahəngdarlıq, incəliklər,
üslub axar-baxarı və s. nəzərdə tutulur. Bu cəhətdən
də müharibə çox darmacal bir vəziyyət
yaratmışdı, bütün bunlara
yazıçının əlində çox böyük
imkan, vaxt qalmırdı...
1970-ci ildə
o, “Böyük Vətən müharibəsi və Azərbaycan
ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyası
müdafiə edib. Həmin dövrdə Azərbaycan dilində
“Süngüyə çevrilmiş qələm” adlı
elmi-kütləvi oçerki, rus dilində isə “Azərbaycan
sovet ədəbiyyatı Böyük Vətən müharibəsi
dövründə” adlı kitabı nəşr olunub. Müəllif 1941-1971-ci
illər ərzində Azərbaycan ədəbiyyatında istər
ön cəbhədə, istərsə də arxa cəbhədə
baş verən hadisələrə həsr olunmuş şeir,
hekayə, oçerk, povest, roman və epopeyaların hamısını əhatə edərək monumental
bir əsər yarada bilib.
Bu da səbəbsiz
deyildi. Əvvəla,
Bəkir müəllim XX əsr Azərbaycan ədəbiyyatşünaslığının
ən görkəmli mütəxəssislərindən biri
olmaqla yanaşı, həm də maraqlı və şərəfli
həyat yolu keçmiş, yüksək elmi- pedaqoji təcrübəyə malik
ziyalılarımızdandır.
Bəkir Nəbiyevin
də ilk yazıları, məqalə və resenziyaları
müharibə dövrü ədəbiyyatı ilə
bağlı idi. O, sonralar da bir çox başqa əsərlər
yazmasına baxmayaraq, sevimli mövzusundan ayrılmadı, onun
Respublika Dövlət mükafatına layiq
görülmüş “Böyük Vətən müharibəsi
və Azərbaycan ədəbiyyatı” əsəri isə
neçə illik gərgin axtarışların,
düşüncələrin uğurlu nəticəsi oldu. Səciyyəvidir ki, biz bu kitabda müharibə
dövrü ədəbi prosesinin təhlili ilə
yanaşı, həyatının gənclik illərini bu
dövrdə yaşayan müəllifin fərdi həyəcanlarını,
sevincini, iftixarını, bəzən də məqamına
görə qəzəbini, kədərini duyuruq.
Bu əsər barədə
istər elmi ictimaiyyətimiz, istərsə də ədəbi-bədii
fikrimizin yetirmələri, hətta ayrı-ayrı vaxtlarda
Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan,
Tatarıstan və Baltikyanı ölkələrdə
tanınmış elm xadimləri, görkəmli ədəbiyyatşünaslar,
tənqidçilər öz sözlərini deyiblər. Təsadüfü
deyil ki, o, məhz “Böyük Vətən müharibəsi və
Azərbaycan ədəbiyyatı” monoqrafiyasına görə
1978-ci ildə Azərbaycan Respublikası Dövlət
mükafatı laureatı adına layiq
görülmüşdür.
Bəkir Nəbiyev milli ədəbiyyatımızın,
ana dilimizin öyrənilməsi
və inkşafı yolunda fəaliyyəti ilə
seçilmiş, fərqlənmişdir. Onun bu
yaşda da elə əvvəlki enerji ilə
çalışması qibtə, həm də məmnunluq
hissi doğurur. O, elm aləminin hər bir nəsil
nümayəndəsinə sözün əsl mənasında
örnəkdir:
-
Son illər dövri mətbuatda ço
x tez-tez xatırlanan, yeri gəldi-gəlmədi
aşkarlanan, ortaya qoyulan iki terminin əleyhinəyəm. Modernizm və postmodernizm. Modern
yeni deməkdir. Bir müddət ədəbiyyatı
yaradanlar, təhlil edənlər belə fikirləşdilər
ki, əşşi, bəsdir də, biz əvvəlki ədəbiyyatdan
fərqli ədəbiyyat yaradırıq, qoy onun adını
modern ədəbiyyat qoyaq. Qoydular.
Üstündən bir az keçəndən
sonra sizlə mənim yaşadığım son onilliklərin
ədəbiyyatını yaradanlar, onu təhlil edənlər
bununla da kifayətlənmədilər. Dedilər
ki, postmodernist ədəbiyyatdır bizim
yaratdığımız ədəbiyyat. Yəni
modernizmdən sonrakı, ən yeni ədəbiyyatdır.
Düzgün deyil. Əvvəla,
əsl ədəbiyyat heç vaxt yerində saymayıb.
Əsl ədəbiyyat həmişə
özündən əvvəlki ədəbiyyatdan ən
azı bir addım qabaqda gedən ədəbiyyat olub. Yeni ədəbiyyat olub. Onda XII əsrin
şairinə nisbətən XIII, XV nisbətən XVI, XIX, XX,
nəhayət ona nisbətən XXI əsrin şairlərini,
beləcə sıra ilə düzəsi olsaq, onların yaradıcılığının
hamısına bu anlayışlarla qiymət verəsi olsaq,
onda biz post- postmodern -modern kimi zəncirvari bir anlayışla
qarşılaşmış olarıq ki, bunu da mən
haqlı hesab etmirəm.
Yeni ədəbiyyat,
yenilikçi ədəbiyyat, yəni novator ədəbiyyat
var. Hər bir ədəbiyyatçının borcudur ki, təhlilini
apardığı əsərin, ədibin yeniliyinin nədən
ibarət olduğunu aşkar edib qiymətləndirsin. Bundan
ötrü uydurma terminləri, ağına-bozuna baxmadan
işlətmək yersiz görünür.
- Sizin gənclərə
humanist münasibətiniz həmişə hiss olunur.
- Gənc qələm sahibləri
ədəbiyyatşünaslıq elminin gələcəyi deməkdir.
Heç kəs bu dünyanı tutub durmur.
Yaşlılar, hətta bizdən 20-30 yaş
cavan ədəbiyyatşünaslar bu barədə
düşünməlidirlər. Əgər
onlar bu fikirdədirlərsə ki, “elə bizim
yazdıqlarımız elmin son sözüdür, nə işi
var cavanların bu meydanda?” bu qəbahət olar, elm, millət və
xalq qarşısında. Belə
tendensiyanın qəti əleyhinəyəm. Mənim bu yaşda olan araşdırıcılara
münasibətim başqadır. Mən
onlara hər cür qayğı ilə yanaşmışam və
həmişə də bu cür yanaşmağın tərəfdarıyam.
Rəhbərlik etdiyim institutda bu istiqamətdə iş məhz
həmin ruhda köklənib. Zənnimcə, pis də
alınmır...
Və söz ardı: Əlbəttə,
pis alınmır. Çünki Məhəmməd Peyğəmbərin
(s.ə.) “Beşikdən qəbr evinədək öyrənin,
öyrəndiklərinizi isə başqalarına da öyrədin”
kəlamını özünə həyat prinsipi seçən
və bu gün ömrünün kamillik
çağını, müdriklik zirvəsini yaşayan
akademik Bəkir Nəbiyev özü də bütün
ömrü boyunca öyrəndi, öyrəndiklərini isə
əzablarla dolu elm yolunu tutanlara öyrətdi, onların
müəllimi, hidayət çırağı oldu. Ancaq
özünün daim öyrəndiyi ən böyük müəllimləri
ilə yanaşı, ehtiyac adlı ən ciddi həyat müəllimini
də heç vaxt unutmadı...
Esmira Fuad (Şükürova)
Yeni Azərbaycan.- 2010.- 22 sentyabr.-
S.7.