Dünya şöhrətli dilçi-alim və mahir pedaqoq
Dövlətin həyatında
və cəmiyyətin
inkişafında yüksəkixtisaslı
kadrlar mühüm rol oynayır. Təsadüfi deyil ki, hər hansı
bir ölkənin tərəqqisi bir çox amillərlə yanaşı, ziyalılarının,
vətəndaşlarının bilik səviyyəsi ilə də müəyyən olunur.
Buna görə də,
hər bir elm xadiminin fəaliyyətinin
vacib bir sahəsini çalışdığı
ixtisas üzrə elmi kadrlar yetişdirmək
işi təşkil edir.
Azərbaycanın görkəmli
dilçi alimi, tanınmış türkoloq,
beynəlxalq və milli akademiyaların akademiki, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü,
Türkiyə Türk
Dil Qurumunun şərəfli üzvü,
“Sürəkli Türk
Dili” Məclisinin həqiqi üzvü, dünyanın bir çox linqvistik və onomastik elmi komitə, cəmiyyət və təşkilatlarının həqiqi
və ya fəxri üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı
laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanov bütün
ömrünün elmi-pedaqoji
fəaliyyətini ölkəmiz
üçün yüksəkixtisaslı
müəllim kadrların
yetişdirilməsinə və
filoloq-alimlərin hazırlanmasına
həsr etmişdir. O,
az bir alimlərə
nəsib ola bilən güclü bir ziyalı dilçi mühiti yarada bilmişdir.
Akademik A.Qurbanov
təkcə respublika üçün deyil, başqa ölkələr,
xüsusilə, 1984-1989-cu illərdə
SSRİ Elmlər Akademiyasının
Sovet Türkoloqları
Komitəsinin sədr müavini və Tədris-metodiki bölməsinin
rəhbəri vəzifələrində
çalışarkən bütün
postsovet məkanı üçün də yüksəkixtisaslı elmi
kadrların - türkoloqların
yetişdirilməsində öz
bacarığını əsirgəməmişdir.
Bu onun güclü elmi potensialından, istedadından, təşkilatçılıq
bacarığından irəli
gəlirdi. Afad Qurbanov bütün həyatı boyu dilçilik elminin inkişafı istiqamətində
işgüzarlığı və məhsuldarlığı
ilə fərqlənmiş,
böyük sayda yüksəkixtisaslı elmi-pedaqoji
kadrların hazırlanmasında
böyük əmək
coşqunluğu ilə
fəaliyyət göstərmişdir.
A.Qurbanov yüksəkixtisaslı
minlərlə filoloq-müəllim,
60-a yaxın elmlər
namizədi və elmlər doktoru yetişdirmişdir. Azərbaycan
dilçilik elminin potensialının gücləndirilməsində
bu elmi kadrlar
çox böyük rol oynamışdır. Azərbaycanın elə bir guşəsi yoxdur ki, Afad
müəllimin orada tələbəsi olmasın,
onun yazdığı
elmi kitablarından və dərsliklərindən
istifadə edilməsin.
Ölkənin ən qocaman ali pedaqoji
məktəbi olan Azərbaycanın Dövlət
Pedaqoji Universitetinə
rəhbərlik etdiyi dövrdə akademik A.Qurbanovun respublikanın təhsil müəssisələrinin
yüksəkixtisaslı müəllim
kadrlarla təmin olunmasında böyük xidmətləri olmuşdur.
Afad Qurbanovun
elmi-pedaqoji təşkilatçılıq
qabiliyyəti, xüsusilə,
1981-1989-cu illərdə filologiya
elmləri üzrə
Müdafiə Şurasının
və pedaqogika elmləri üzrə Müdafiə Şurasının
sədri vəzifələrində
özünü daha çox göstərmişdir.
Həmin dövrdə
müdafiə şuralarının
iclasları mütəşəkkil
keçirilmiş, şuralara
təqdim edilmiş dissertasiyalar müvəffəqiyyətlə
müdafiə edilmiş
və hamısını
Ali Attestasiya Komissiyası
yekdilliklə təsdiq
etmişdir. Şuraların
və onların sədri A.Qurbanovun ünvanına Ali Attestasiya
Komissiyasından yaxşı
işinə görə
həmişə təşəkkür
məktubları göndərilmişdir.
Təsadüfi deyil ki, Ali Attestasiya Komissiyası məhz A.Qurbanovun təsisçiliyi
ilə yaradılmış
“Onomastika” elmi jurnalını ölkənin
elmi məqalələr
nəşrlər siyahısına
daxil etmişdir.
Afad Qurbanovun
elmi və pedaqoji fəaliyyəti ölkəmizdə daim yüksək qiymətləndirilmişdir.
O, 1970-ci ildən indiyədək
yüksəkixtisaslı elmi
və pedaqoji kadrların hazırlanmasındakı
xidmətlərinə görə
həm ölkə başçısı, həm
də Elmlər Akademiyasının Rəyasət
Heyəti və Təhsil Nazirliyi tərəfindən dəfələrlə
müxtəlif təltiflərə
layiq görülmüşdür.
Həmçinin, 1981-ci ildə
respublikada elmin inkişafında və yüksəkixtisaslı kadrların
hazırlanması sahəsindəki
xidmətlərinə görə
A.Qurbanova Azərbaycan
SSR Ali Soveti Rəyasət
Heyətinin fərmanı
ilə əməkdar
elm xadimi fəxri adı da verilmişdir.
Akademik Afad Qurbanovu digər dilçilərdən fərqləndirən
cəhət ondan ibarət idi ki, o, çoxcəhətli
elmi yaradıcılığa
malik idi, Azərbaycan dilçiliyinin
bütün sahələrini
araşdıra və həmin sahələrə
dair öz elmi sözünü deyə bilmişdir. A.Qurbanov dilçiliyin vacib problemlərinə həsr edilmiş 70-dən
çox fundamental irihəcmli
kitabın və 500-dən
artıq elmi məqalənin müəllifi
olmuşdur. Bu da A.Qurbanovun hər dilçiyə nəsib olmayan elmi məhsuldarlığının
bariz nümunəsidir.
Ümumi dilçilik
və Azərbaycan dilçiliyinin müxtəlif
problemlərinə həsr
edilmiş nadir fundamental elmi-tədqiqat
əsərlərinin və
dərsliklərin müəllifi,
nəzəri və praktik məsələlər
üzrə ən məhsuldar alimlərimizdən
olan Afad Qurbanov öz tədqiqatlarını, əsasən,
dilçiliyimizin az öyrənilmiş sahələrinə
həsr etmişdir.
A.Qurbanovun ümumi
dilçilik, Azərbaycan
dili, onomalogiya, türk dillərinin müqayisəli tədqiqi
sahəsində əldə
etdiyi elmi nəticələr ona haqlı şöhrət qazandırmışdır.
Azərbaycanda ümumdilçilik
tədqiqatlarını aparan
ilk alim A.Qurbanov olmuşdur. Onun “Ümumi dilçilik” adlı dərsliyi bir neçə dəfə çap olunmuşdur. Bu kitab Azərbaycanın pedaqoji universitetləri üçün
milli zəmində yazılmış ilk dərslikdir
və hazırda bütün dilçi alimlərin, müəllim,
tələbə və
aspirantların stolüstü
kitabıdır.
Akademik A.Qurbanov
Azərbaycanın dilçilik
tarixində elmi məktəb yaratmış
nadir dilçi alimlərdən
olmuşdur. Azərbaycanda
onomastika elmi məktəbinin banisi A.Qurbanov olmuş və onun dilçiliyin
bu sahəsində verdiyi töhfələri,
xüsusilə, Azərbaycan
dilçiliyində və
ümumiyyətlə, türkoloji
dilçilikdə ilk elmi
fundamental kitab olan
1988-ci ildə nəşr
olunmuş “Azərbaycan
onomalogiyasının əsasları”
(2 cilddə) adlı monoqrafiyası dünyanın
görkəmli alimləri
tərəfindən yüksək
qiymətləndirilmişdir.
A.Qurbanov zəngin
erudisiyaya, dərin biliyə malik elm fədaisi idi. O, bütün mənalı həyatını, 80 illik
həyatının 60 ilini,
elmi istedadını Azərbaycan dilçiliyinin
inkişafına sərf
edən, öz xalqına sədaqətlə
və namusla xidmət göstərən,
bütün varlığını
elmin, təhsilin və mədəniyyətin
inkişafına, Azərbaycan
dilinin saflığının
təmin olunmasına verən əvəzsiz, görkəmli dilçi alim olmuşdur.
Belə mənalı
həyat sahibini təkcə elm adamları,
müəllimlər deyil,
bütöv xalqımız
unutmayacaqdır.
Akademik
Arif MEHDİYEV
Yeni Azərbaycan.- 2010.- 25 sentyabr.- S.5.