Görkəmli alim, bacarıqlı elm və təhsil təşkilatçısı
Bu günlərdə akademik
Abel Məhərrəmovun 60 yaşı tamam olub. Onu mən 30
ildən artıqdır ki, tanıyıram. Həmin dövrdə
o, tədris hissəsinə rəis təyin olunanda mən də
kafedra müdiri işləyirdim. Onun universitetin tədris
prosesinə gətirdiyi ab-hava, möhkəm intizam,
qayda-qanunların ciddi qorunması kimi müsbət cəhətlər
bütün universitet kollektivində ona qarşı rəğbət
yaratmışdı. Abel Məhərrəmov gənc
olmasına baxmayaraq, hələ o vaxtlar, çox istedadlı təhsil
təşkilatçısı idi və bu xüsusiyyəti
onun sonrakı fəaliyyətində də özünü
göstərdi.
Mən Bakı Dövlət
Universitetinin elmi işlər üzrə prorektoru işləyərkən
(1994-2004) Abel müəllim kimya fakültəsinin dekanı vəzifəsində
çalışırdı, odur ki, mənim onunla tez-tez
ünsiyyətim olurdu. Digər fakültələrdən fərqli
olaraq elmi hesabatların çox səliqə-sahmanla təqdim
edilməsi, işgüzar olması ona qarşı rəğbətimi
artırırdı. Həmin dövrdə keçirilən
Elmi Şuralarda və digər toplantılarda Abel Məhərrəmov
dəqiq mülahizələri və məntiqli təklifləri
ilə seçilirdi.
Bakı Dövlət
Universitetinin rektoru, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, Əməkdar elm
xadimi, “Şöhrət” ordenli, kimya elmləri doktoru, akademik
Abel Məmmədəli oğlu Məhərrəmov 1950-ci il
yanvarın 5-də Ağdam rayonunda müəllim ailəsində
anadan olmuşdur. 1966-cı ildə Qərbi Azərbaycanın
(indiki Ermənistan) Amasiya rayonunun Güllübulaq kənd orta
məktəbini medalla bitirmiş və Bakı Dövlət
Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1971-ci
ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən
sonra təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər
İnstitutuna göndərilmişdir. 1973-cü ildə
“Üzvi kimya” ixtisası üzrə M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin əyani aspiranturasına qəbul
olunmuş və 1976-cı ildə görkəmli
kimyaçı alim akademik N.S.Zefirovun rəhbərliyi ilə
“İkiqat rabitələrə birləşmə
reaksiyalarında sulfenilxloridlərin elektrofilliyinin
artırılmasının yeni metodu” mövzusunda namizədlik
dissertasiyasını müdafiə etmişdir. Həmin ildən
başlayaraq universitetdə böyük elmi işçi, tədris
hissəsinin müdiri və “Üzvi kimya” kafedrasında
baş müəllim, dosent vəzifələrində
çalışmışdır. 1984-cü ildən
1993-cü ilədək kimya fakültəsində dekan
müavini vəzifəsində işləmişdir. 1991-ci ildə
“Alkenlərin, üçüzvlü karbo və heterotsiklik
birləşmələrin elektrofil reaksiyaları əsasında
yeni sintetik yanaşmalar” mövzusunda doktorluq
dissertasiyasını müdafiə etmiş və həmin ildən
ona “Üzvi kimya” ixtisası üzrə professor adı
verilmişdir. 1993-cü ildən 1999-cu ilədək kimya
fakültəsində dekan vəzifəsində işləmişdir.
Yüksək elmi səviyyəsini,
islahatlara meyilliliyini, işgüzarlığını, idarəçilik
keyfiyyətlərini nəzərə alaraq Ulu öndərimiz
Heydər Əliyev 1999-cı il yanvarın 11-də Abel Məhərrəmovu
Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin
etmişdir. Əsl ziyalı kimi universitetin rektoru vəzifəsini
məsuliyyətlə daşıyan Abel müəllim, kadr
seçimində heç zaman yanılmayan Ulu öndərimizin
ona göstərdiyi etimadı doğruldur və bütün fəaliyyəti
ilə bunu sübuta yetirir.
Akademik A.M.Məhərrəmov
Bakı Dövlət Universitetində kimya elmi sahəsində
özünəməxsus elmi məktəb
yaratmışdır. Onun elmi tədqiqatlarının əhatə
dairəsi çoxşaxəli və geniş olmaqla,
kimyanın müxtəlif maraqlı və mürəkkəb
sahələrini əhatə edir. Elmi-tədqiqatlarının ən
əsas nailiyyətlərindən biri “dopinq-birləşmə”
adı ilə zərif üzvi sintez sahəsində məşhurlaşmış
elektrofil birləşmə reaksiyalarının yeni sintetik
istiqamətlərinin müəyyən edilməsi olmuşdur.
Belə ki, o, müəyyən etmişdir ki, qüvvətli
elektrolitlərdən və onlara uyğun polyar həlledicilərdən
istifadə etməklə reaksiyaların istiqamətini kəskin
dəyişmək mümkündür. Apardığı məqsədyönlü
elmi-tədqiqat işlərinin nəticəsi olaraq müəyyən
edilmişdir ki, müxtəlif əvəzli tiiranlar və
oksiranlar “dopinq-şəraitində” bir mərhələdə
uyğun ditiiranlar və dioksiranlara çevrilirlər ki, bunun
da müasir üzvü kimya və neft kimyasının
inkişafında xüsusi əhəmiyyəti vardır.
İlk dəfə olaraq 12
üzvlü tsikllərin konformasiyon analizi
araşdırılmışdır. Bu məqsədlə, əvvəlcə
o, nəzəri olaraq Kremer-Popla parametrlərinə əsasən
kvant mexaniki hesablamalar aparmış, sonra isə 12
üzvlü tsikllərin doymuş və doymamış törəmələrini
sintez edərək, rentgen-struktur analizi vasitəsilə
onların molekulyar və kristallik quruluşlarını
öyrənmişdir.
Üçüzvlü
heferotsikllərin sintezi və onların elektrofil və nukleofil
reagentlərlə qarşılıqlı reaksiyaları tədqiq
edilmişdir. İlk dəfə olaraq tərkibində
çoxflüorlu tiiranlar alınmışdır. Aparılan
tədqiqatlardan məlum olmuşdur ki, sintez edilmiş tiiranlar
və onların çoxflüorlu törəmələri
transmissiya yağının yeyilmə və siyrilmə xassələrini
yaxşılaşdırır.
Abel Məhərrəmovun rəhbərliyi
altında hidrogen peroksidin parçalanması və
substartın oksidləşməsi kimi sinxron
qarşılıqlı təsirdə olan reaksiyalardan ibarət
heteroaromatik birləşmələrin heterogen istiqamətdə
monooksidləşməsinin reaksiya sistemi təcrübi yolla
işlənib hazırlanmış və nəzəri əsaslandırılmışdır.
Nəticədə tiofenin törəməsi olan S-monooksidin
alınması, ayrılması və identifikasiya problemi həll
olunmuşdur. Onun tərəfindən müəyyən edilmişdir
ki, karbon turşularının hidroksil qrupu saxlayan birləşmələrlə
termiki efirləşməsi mürəkkəb efirbrin və
onların funksional əvəzli törəmələrinin
sintezi üçün bir sıra hallarda effektiv və səmərəli
metod sayıla bilər. Butilkauçukun, poliizobutilenin,
polibutadienin, poliviniltrimetilsiların xlorlaşma,
fosforxlorlaşma və xlorkarboksilləşməsinin effektiv
üsulları işlənib hazırlanmışdır.
Alınan yüksək xlorlu, xlorkarboksil və fosforxlorlu
polimerlər rezin qarışıqların tərkibində,
superfosfat istehsalında, neftin ayrılmasında və həmçinin,
ağır metalların sorbsiyasında geniş tətbiq
edilir.
Akademik A.M.Məhərrəmov
neft kimyası sahəsində mühüm tədqiqat işləri
aparır. Onun rəhbərliyi altında alkenilfenolların yeni
funksionaləvəzli törəmələrinin sintezi istiqamətində
sistematik tədqiqat işləri həyata keçirilir.
Bakı Dövlət Universitetində nanohissəciklərin
alınması və onların müasir tələblər səviyyəsində
tətbiqi sahəsində ciddi elmi tədqiqatlar aparan
“Nanoaraşdırmalar mərkəzi” təşkil etmiş və
hal-hazırda həmin elmi mərkəzə rəhbərlik
edir. Neftçıxarma problemləri ilə əlaqədar
apardığı elmi işlər xüsusilə diqqətəlayiqdir.
Mərkəzdə öz supermaqnetik xassələri və
qiqant maqnit müqaviməti ilə fərqlənən polimer
nanokompozisiyalar, katalitik xassələrə malik müxtəlif
metal nanohissəciklər əldə edilmiş və
onların əsasında yeni bentonit nanokompozisiyalar
yaradılmışdır. Bu materialların tətbiq edilməsi
ilə laylararası neftin sıxışdırılıb
çıxarılması gücləndirilmişdir.
Bakı Dövlət
Universitetinin Üzvi kimya kafedrasının müdiri vəzifəsinə
seçildikdən sonra onun rəhbərliyi altında “Zərif
üzvi sintez” elmi-tədqiqat laboratoriyası təşkil
olunmuşdur. Bütünlükdə elmin inkişafına
xüsusi önəm verən akademik A.Məhərrəmovun
şəxsi təşəbbüsü ilə Universitetin Elmi
kitabxanası kompüterləşdirilmiş, elektron kataloq
sistemi yaradılmış, “Bakı Universiteti” nəşriyyatı
yenidən qurularaq müasir avadanlıqlarla təchiz
olunmuşdur. İlk dəfə olaraq universitetdə
bütün Cənubi Qafqazda analoqu olmayan “Nüvə maqnit
rezonansı” (NMR) spektroskopiya laboratoriyası
yaradılmış, xromato-kütlə spektroskopiya və
rentgenstruktur analiz laboratoriyası təşkil olunmuşdur. Bu
elmi sahələrdə nəzəri bilikləri qüvvətləndirmək
üçün A.M.Məhərrəmov tərəfindən
ilk dəfə Azərbaycan dilində ali məktəb tələbələri
üçün “Nüvə maqnit rezonansı
spektroskopiyasında müasir metodlar” adlı çox dəyərli
dərslik yazılmışdır.
A.M.Məhərrəmov
çox məhsuldar alimdir. O, 9 monoqrafiyanın, 44 dərslik və
dərs vəsaitinin, 44 müəlliflik şəhadətnaməsinin,
həmçinin, Azərbaycanda və xarici jurnallarda nəşr
olunmuş 700-dən çox elmi əsərin müəllifidir.
Onun əsas elmi nailiyyətləri “Tetrahedron”, “Sulfur Lett”.,
“Synth”. “Comunn”., “The Journal of American Science”, “Indian Journal of
Chemistry”, “3KOpX”, “XTC”, “H3B”, “PAH” və s. kimi nüfuzlu
jurnallarda öz əksini tapmışdır. Azərbaycan
dilində ilk dəfə nəşr olunmuş “Kiçik kimya
ensiklopediyası”nın müəlliflərindən biridir. Abel
müəllim həm də yüksək ixtisaslı
kadrların hazırlanmasında fəal iştirak edir. Onun rəhbərliyi
altında 26 kimya elmləri doktoru və namizədi
hazırlanmışdır. O, dəfələrlə beynəlxalq
elmi konfranslarda və simpoziumlarda ABŞ, Türkiyə,
Yaponiya, İtaliya, Rusiya, İran, Bolqarıstan Macarıstan, və
s. kimi ölkələrdə elmi məruzələrlə
çıxış etmişdir.
Akademik A.M.Məhərrəmov
Təhsil Nazirliyinin Vahid Elmi-Metodik Şurasının
üzvü, “Üzvi kimya” ixtisası üzrə Bakı
Dövlət Universitetinin nəzdində yaradılmış
doktorluq Dissertasiya Şurasının sədri, millət vəkili,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü, Azərbaycan Milli Ensiklopediyasının redaksiya
heyətinin üzvü, Bakı Dövlət Universitetinin Elmi
Şurasının sədri, “Bakı Universitetinin Xəbərləri”
jurnalının baş redaktoru, Təhsil Nazirliyi
kollegiyasının, bir çox nüfuzlu elmi qurumların
üzvü və dünyanın bir neçə
aparıcı universitetinin fəxri doktorudur.
Qeyd etmək lazımdır
ki, akademik A.M.Məhərrəmov respublikadan kənarda - xaricdə
də böyük nüfuza malikdir. Elm və texnologiya sahəsində
səmərəli fəaliyyətinə görə Tehranda
keçirilən İqtisadı Əməkdaşlıq Təşkilatının
Qızıl medalına layiq görülmüşdür. Qara
Dəniz Hövzəsi Ölkələri Universitetləri
Assosiasiyasının prezidenti olmuş, 2004-cü ildən isə
həmin Assosiasiyanın vitse-prezidentidir. Elm və təhsil sahəsində
göstərdiyi təşəbbüskarlığa, milli təhsilin
inkişafı və beynəlxalq təhsil məkanında
inteqrasiya proseslərinə verdiyi töhfələrə
görə 2004-cü ildə Rumıniyanın “KOMANDOR” dərəcəli
ali Qızıl Ulduz ordeninə layiq görülmüş,
Rumıniya Respublikasının Ovidius, Türkiyə
Cümhuriyyətinin Kırıkkale Universitetlərinin “Fəxri
doktoru” seçilmiş, Rusiyanın Həmkarlar
İttifaqının 100 illiyinə həsr olunmuş yubiley
medalı ilə təltif olunmuşdur.
Elmi fəaliyyəti ilə
yanaşı, akademik A.M.Məhərrəmov Bakı Dövlət
Universitetində təhsilin müasir problemlərinin həlli
üzərində durmadan çalışır. Son 10 ildə
onun rəhbərliyi altında universitetdə təhsilin məzmun
və formaca yeniləşdirilməsi, aparıcı ölkələrin
təcrübəsinin mənimsənilməsi istiqamətində
ciddi addımlar atılmışdır. Bu nüfuzlu ali təhsil
ocağında ictimai fəallıq yüksəlmiş, gənclərin
universitetin elmi həyatında və idarəçiliyindəki
rolu yüksəlmişdir. Eyni zamanda, dünya miqyasında
universitetin mövqeyi möhkəmlənmiş, elmi-pedaqoji
kadrlarının beynəlxalq elmi konfranslarda və simpoziumlarda
iştirakı həm keyfiyyət, həm də kəmiyyət
baxımından artmışdır.
Son illər uğurla həyata
keçirilən islahatların yekun nəticəsi olaraq
Bakı Dövlət Universiteti bu gün çağdaş
dünyanın tələb və standartlarına uyğun
savadlı, vətənpərvər mütəxəssislərin
hazırlanması işini müvəffəqiyyətlə həyata
keçirməklə, burada tətbiq edilən tədrisin
keyfiyyətinə, universitetin müasir tələblərə
cavab verən yüksək maddi-texniki bazasına, universitetdə
təhsil alan tələbələrin sayına, intellektual səviyyəsinə,
beynəlxalq əlaqələrinə, ölkə
hüdudlarından kənardakı mövqeyinə görə
bütün Qafqaz regionunda liderliyini qoruyur.
Hər bir elm-təhsil müəssisəsinin
qarşısında konkret məqsədlər var: Bakı
Dövlət Universitetinin əsas məqsədi də gələcəyin
vətənpərvər, ziyalı vətəndaşını,
yüksək səviyyəli mütəxəssisini
hazırlamaqdan ibarətdir. Bu nüansı düzgün dərk
edən Abel Məhərrəmov qarşıdakı məqsədə
çatmaq üçün strateji istiqamətləri də dəqiq
müəyyənləşdirmiş, bu yöndə səyləri
səfərbərliyə almışdır. Bakı Dövlət
Universitetinin rektoru gələcəyin yetkin gəncliyini
formalaşdırmaq üçün əzmlə işləyir,
xalqın sabahı naminə layiqli vətəndaşların,
savadlı kadrların hazırlanması üçün tədris
və təhsilin keyfiyyətini günü-gündən
yüksəltməyə çalışır. Azərbaycan
Prezidentinin qarşıya qoyduğu tələbləri həyata
keçirmək üçün sivil dünyanın ən
mütərəqqi yeniliklərinin Bakı Dövlət
Universitetinə gətirilməsi, bu yeniliklərin Azərbaycanın
elm, təhsil sahəsində tətbiqi də akademiki
düşündürən başlıca məsələlərdəndir.
Ölkədə elm və təhsilin
inkişafında yaranmış keyfiyyətcə yeni mərhələnin
reallıqları, həyata keçirilən islahatların
istiqaməti Bakı Dövlət Universitetinin fəaliyyətində
də ciddiliklə nəzərə alınır. Universitetin
professor-müəllim heyəti elm və təhsilin
inkişafına xidmət edən bu və digər sərəncamları,
dövlət proqramlarını rəhbər tutaraq respublika
üçün layiqli milli kadrlar hazırlamaqla yanaşı,
dünya elminə inteqrasiya istiqamətində də
ardıcıl tədbirlər həyata keçirir. Sadalanan bu
işlərin həyata keçməsində universitet
rektorunun rolu əvəzsizdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev akademik Abel Məhərrəmovun
elm və təhsil sahəsindəki fəaliyyətini yüksək
qiymətləndirərək onu “Şöhrət” ordeni ilə
təltif etmişdir.
Hal-hazırda Abel müəllim
ömrünün müdrik dövrünü yaşayır,
coşqun elmi, pedaqoji və ictimai fəaliyyət göstərir.
Görkəmli alim, bacarıqlı elm və təhsil təşkilatçısı
akademik Abel Məhərrəmovu 60 illik yubileyi münasibəti
ilə səmimi qəlbdən təbrik edir, ona uzun
ömür və möhkəm can sağlığı,
universitetdə elmin və təhsilin inkişafı
üçün nəzərdə tutduğu planları yerinə
yetirmək işində uğurlar arzulayırıq.
Bəhram ƏSGƏROV,
Akademik
Yeni Azərbaycan.- 2010.- 6 yanvar.- S.6.