Nizami rayonunun sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə daxil olur

 

Həyata keçirilmiş tədbirlər nəticəsində rayonda abadlıq-quruculuq işləri sürətlənib, insanların rifah halı yüksəlib

 

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Həmçinin, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb. Ötən 5 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə minlərlə yeni müəssisə yaradılıb, daimi yeni iş yerləri açılıb, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalıb. Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir.

Əlbəttə, Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi islahatlar siyasəti nəticəsində bölgələrlə yanaşı, Bakının rayonları, qəsəbələri və kəndləri də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Belə rayonlardan biri də Nizami rayonudur.

 

Sosial-iqtisadi inkişafın Nizami rayon nümunəsi...

 

Qeyd edək ki, Azərbaycan iqtisadiyyatının uğurla və sürətlə inkişaf etdirilməsində, respublikamızın bütün sahələr üzrə böyük nailiyyətlər qazanmasında Nizami rayonunun da öz yeri və payı var.

Sənaye sahəsi üzrə rayonda 2009-cu ilin yanvar-sentyabr aylarında istehsal olunmuş məhsulun həcmi 962,6 milyon manat olub. İstehsal olunmuş sənaye məhsulunun 34,7 faizi qeyri-dövlət sektoruna aiddir. Ötən ilin müvafiq dövrünə nisbətən sement istehsalı 17,5 faiz, əczaçılıq məhsullarının istehsalı 4,4 dəfə çox olub. Yeyinti sənayesində də nəzərəçarpacaq irəliləyişlər əldə olunub, ət və ət məhsulları istehsalı 2,3 dəfə, saflaşdırılmış günəbaxan yağı istehsalı 57,4 faiz, saflaşdırılmış qarğıdalı yağı istehsalı 5,9 faiz, şərabçılıq məhsulları istehsalı 39,9 faiz artıb. Elektrik enerjisi, qaz, buxar istehsalı və bölüşdürülməsi sahəsində də 7,2 faiz artıma nail olunub. “Keşlə Maşınqayırma Zavodu” ATSC, “Bakı Universal Maşınqayırma” ASC, “Təmirmaş” ATSC-nin, “Bakı Şifer və Keramika” ASC-nin, “Azərelektroişıq” ATSC, “Qazan-Mexaniki” ASC-nin və 20-dən artıq kiçik müəssisələrin fəaliyyətlərinin tam dayandırılması və onların sökülərək şəhərdən kənar ərazilərə köçürülməsinə baxmayaraq, belə bir nəticənin əldə olunması rayon iqtisadiyyatının dayanıqlığının və dinamik inkişafının nəticəsidir. Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində ötən il istehsal olunmuş məhsulun böyük hissəsi istehlakçılara göndərilib. İstehlakçılara göndərilmiş məhsulun həcmi 230,6 milyon manat təşkil edib, 2009-cu il oktyabr ayının 1-ə 7,7 milyon manatlıq hazır məhsul müəssisələrin anbarlarında qalıb.

Tikinti sahəsi üzrə 2009-cu ilin yanvar-sentyabr aylarında yerinə yetirilən podrat işlərinin həcmi 61,9 milyon manat olaraq, ötən ilin müvafiq dövrünə nisbətən 86,9 faiz təşkil edib. Podratçı təşkilatların gördükləri işlərin 40,6 milyon manatını yeni tikinti, yenidənqurma və genişləndirmə, 18,6 milyon manatını əsaslı təmir işləri təşkil edib. İqtisadi və maliyyə böhranına baxmayaraq, 2009-cu ilin yanvar-sentyabr aylarında rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 63,9 milyon manat həcmində investisiya yönəldilib. Əsas kapitala yönəldilmiş investisiyaların 57,9 milyon manatı və ya 90,6 faizi dövlət, 6,0 milyon manatı və ya 9,4 faizi qeyri-dövlət müəssisələrinə aiddir. İstidafə edilmiş investisiyanın 37,8 milyon manatı və ya 59,2 faizi istehsal təyinatlı obyektlərin tikintisinin davam etdirilməsinə sərf edilib. Hesabat dövrü ərzində bütün maliyyə mənbələri hesabına 29,5 milyon manatlıq əsas fondlar istifadəyə verilib ki, onların da 91,0 faizi istehsal təyinatlı obyektlər üzrədir.

Ticarət sahəsi üzrə əvvəlki illərdə olduğu kimi, 2009-cu ilin yanvar-sentyabr aylarında da əmtəə dövriyyəsi və pullu xidmət göstəricilərinin real həcmi 5,7 faiz artaraq 520,5 milyon manat olub. Pərakəndə ticarət şəbəkələrindən 364,2 milyon manatlıq, iaşə müəssisələrindən isə 13,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünün səviyyəsindən 9,0 faiz çox əmtəə satılıb və 2,1 dəfə çox iaşə xidmətləri göstərilib. Əhaliyə göstərilən pullu xidmətlərin 23,7 faizini məişət xidmətləri təşkil edib.

Sosial həyat: 2009-cu ilin yanvar-sentyabr ayları ərzində rayonda 999 yeni iş yerləri açılıb ki, ondan 58-i yeni, 68-i mövcud müəssisə və təşkilatlara, 873-ü isə fiziki şəxslərə aiddir. Ümumilikdə 2003-cü ildən bəri rayonda 14765 yeni iş yeri açılıb ki, onun da 14668-i daimi iş yerləridir. 2009-cu ilin yanvar-sentyabr aylarında orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz artaraq 283,7 manat təşkil edib. Ayrı-ayrı sahələr üzrə - sənayedə 18,8, nəqliyyatda 24,7, rabitədə 22,3, ticarətdə 7,6, tikintidə 15,1, maliyyədə 45,3, təhsildə 19,2, səhiyyədə 29,2, dövlət idarəetməsi və sosial müdafiədə 3,1, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icra və digər xidmətlərin göstərilməsində 21,2 faiz artma nail olunub.

Sosial sahədə həyata keçirilən proqramlar rayonda da əhalinin həyat səviyyəsinin yüksəldilməsinə öz təsirini göstərib. Son 3 il ərzində sosial yardım alan ailələrin sayı 3,6 dəfə, bir ailəyə ödənilən orta aylıq məbləğ 2,3 dəfə, yardım alan ailələrin 1 yaşadək olan uşaqlarına ödənilən müavinətin məbləği və ehtiyac meyarının həddi 2 dəfə artıb.

2009-cu ilin 9 ayı ərzində ünvanlı sosial yardım (ÜSY) almaq üçün 2368 ailənin müraciətinə baxılıb ki, onlardan 1357 aztəminatlı ailə artıq təkrar müraciət edənlərdəndir. Ümumilikdə, 3837 ailə ÜSY alır. Onlardan 2413 ailəyə təkrar təyinat aparılıb. Bu ailələrin tərkibini 386 nəfər işləyən, 569 nəfər əmək pensiyası alan, 95 nəfər 18 yaşınadək olan əlillər təşkil edir.

Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən 2009-cu ilin 9 ayı üzrə 1085 nəfərə yeni pensiya təyin edilib. 23626 nəfər əmək pensiyaçısına xidmət edilib ki, bunlar da yaşa görə 17438 nəfər, əlilliyə görə 5193 nəfər, ailə başçısını itirməyə görə 995 nəfər, şəhid ailəsi 77 nəfər, dövlət qulluğu pensiyası alan 344 nəfər təşkil edir.

2009-cu ilin 9 ayı ərzində Nizami rayon Məşğulluq Mərkəzi tərəfindən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq işaxtaran və işsiz vətəndaşların işə düzəldilməsi, peşə yönümü, müəssisə və təşkilatlardan sərbəstləşən işçilərin, daimi yaşayış yerlərini tərk etmiş qeyri-məşğul vətəndaşların, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməsi məqsədilə müəyyən işlər görülüb. Belə ki, bu dövrdə Məşğulluq Mərkəzində işaxtaran kimi 271 nəfəri qadın, 21 nəfəri isə qaçqın və məcburi köçkün olmaqla 744 nəfər qeydiyyata götürülüb. Mərkəzə müraciət edən vətəndaşlardan 247 nəfəri münasib işlə təmin olunub. Bu dövrdə 102 nəfərə işsizlik statusu verilib, 135 nəfərə isə işsizlik müavinəti təyin olunub.

Təhsil: Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, bütün sahələrdə mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan Prezident İlham Əliyev elm, təhsil, səhiyyə və mədəniyyət problemlərini daim diqqət mərkəzində saxlayıb, Ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edib. Bu baxımdan da, ötən ildə də təlim-tərbiyə müəssisələrinin təmiri ilə bağlı bir sıra işlər görülüb. Təhsil Nazirliyi tərəfindən büdcə hesabına 145 və 220 saylı məktəblər əsaslı təmir edilib, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən isə 12, 229, 242 və 277 saylı məktəblərdə cari təmir işləri aparılıb.

2007-ci ildə Təhsil Nazirliyinin xətti ilə rayonun 61 ¹-li orta məktəbində istilik sistemi əsaslı təmir edilib.

Nizami rayonunda son iki ildə uşaq bağçalarının istilik sistemlərinin təmiri ilə bağlı görülmüş işlərin intensivliyi xeyli artıb. Belə ki, 2008-ci ildə “Azəristiliktəchizat” ASC tərəfindən 7 uşaq bağçasında (103, 113, 129, 154, 172, 173, 190 saylı uşaq bağçaları) istilik sistemləri əsaslı təmir olunub. Cari ildə isə 110 və 125 saylı uşaq bağçalarının istilik sistemləri əsaslı təmir edilib, 309 saylı uşaq bağçasının istilik sisteminin əsaslı təmiri üçün layihə-sənədləşmə işləri aparılıb, qüsur aktı tutulub və mövcud qazanxananın yenidən qurulması işinə başlanılıb.

Səhiyyə: Son dövrlər ölkəmizdə səhiyyə ilə bağlı aparılan islahatlar, bu sahənin inkişafına dövlət qayğısı əhaliyə göstərilən tibb xidmətinin səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, hazırda əhaliyə tibbi xidmətlə bağlı ölkəmizdə 9 Dövlət Proqramı uğurla həyata keçirilir.

Rayonun səhiyyə müəssisələrində də iş şəraitini yaxşılaşdırmaq və maddi-texniki bazanı möhkəmləndirmək məqsədilə bir sıra işlər görülüb. 2008-ci ildə “Azəristiliktəchizat” ASC tərəfindən 14 saylı tibbi-sanitariya hissəsinin poliklinika şöbəsi üçün yeni modul tipli qazanxana quraşdırılıb, poliklinikanın binadaxili xətləri əsaslı təmir edilib və 2008-ci ilin qış mövsümündə istiliklə tam təmin olunub. Qeyd etmək lazımdır ki, 14 saylı tibbi-sanitariya hissəsinin stasionar, poliklinika və laboratoriya şöbələri cari ilin iyul ayından təmirə dayandırılmış və işçilər müvafiq olaraq rayonun 26 saylı şəhər poliklinikasına və 11 saylı Birləşmiş şəhər xəstəxanasına yerləşdirilib. Eyni zamanda, tibb müəssisəsinin stasionar şöbəsinin I korpusunda istilik sistemi tamamilə yenidən qurulub, yeni daxili xətlər çəkilib.

2009-cu ilin may ayında “Azəristiliktəchizat” ASC tərəfindən 19 saylı uşaq poliklinikasını istiliklə təmin etmək məqsədilə yeni müasir tipli qazanxana tikilib.

1 saylı Uşaq Yoluxucu Xəstəlikləri xəstəxanasında əsaslı təmirdən sonra 60 çarpayılıq yeni “Uşaq Hava-Damcı İnfeksiya” , “Reanimasiya” və “İntensiv terapiya” şöbələri açılıb, həmin şöbələr yerləşən korpusda daxili istilik xətləri yenidən qurulub, yeni qazanxana tikilərək istifadəyə verilib. Xəstəxananın həyətində abadlıq-yaşıllaşdırma işləri görülüb.

Rayon ərazisində yerləşən Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yeni laboratoriyanın açılışı olub.

Mədəniyyət: Rayonda mədəniyyət müəssisələri üzrə Mərkəzi Kitabxana, Uşaq Kitabxanası və 5 filialı özündə birləşdirən Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Keşlə Mədəniyyət Mərkəzi, “Təbriz” kinoteatrı, 15 və 33 saylı musiqi məktəbləri fəaliyyət göstərir. 2009-cu ilin 9ayı ərzində 18 mindən çox oxucu kitabxanalardan istifadə edib. Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə ümumi kitab fondu 298.707 nüsxə təşkil edib. Amma ümumiyyətlə, rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əksəriyyətinin əsaslı təmirə ciddi ehtiyacı var.

Qaz və elektrik təminatı: Rayonda qaz təchizatının yaxşılaşdırılması məqsədilə ayrı-ayrı ünvanlarda 2094 poqonmetr (p/m) müxtəlif diametrli qaz xətləri çəkilib, 9 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılıb, 8 ədəd qaz tənzimləyici şkaf təmir olunub, 7 ədəd yeni qaz tənzimləyici şkaf quraşdırılıb, 20 ədəd istismara yararsız kran yenisi ilə əvəz olunub. Qaz təhlükəsizliyi aylığında (15 yanvar - 01 mart 2009-cu il ərzində) 1511 ünvanda şlanq birləşmələri ləğv olunub, 1255 ünvanda xarici ölkələrdə istehsal olunmuş və küstar üsulu ilə hazırlanmış cihazlarının qaz təchizatı dayandırılıb.

Rayon Enerjisi Təchizatı şöbəsi tərəfindən 50982 abonentə xidmət göstərilir ki, bunlardan da 49130 abonentin mənzilinə işıq sayğacı quraşdırılıb (96,4 faiz). Ötən ilin sentyabr ayında ödəniş edən abonentlərin sayı 29014 (56,9 faiz) olub. Ötən ayın müvafiq dövründə göstərici 52,8 faizi təşkil edib. Sentyabr ayında avqust ayı ilə müqayisədə 4,1 faiz artım olub.

Rayon əhalisinə verilən enerji təchizatını yaxşılaşdırmaq, mənzillərə, təyinatından asılı olmayaraq ərazidə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlara fasiləsiz, davamlı enerji verilməsini təmin etmək məqsədilə enerji təchizatı şöbəsi tərəfindən bir sıra işlər görülüb.

Bir sözlə, faktlardan göründüyü kimi, Nizami rayonunda həyata keçirilmiş tədbirlər nəticəsində rayonda abadlıq-quruculuq işləri sürətlənib, insanların rifah halı yüksəlib.

 

Rayon əhalisinin yeganə seçimi YAP-dır

 

Abadlıq-quruculuq, sosial-iqtisadi sahədə əldə edilən inkişaf, eyni zamanda, özünü rayonun ictimai-siyasi həyatında da qabarıq şəkildə büruzə verir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatı ətrafında çoxminli üzvlər birləşib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasi kursun rayon əhalisi tərəfindən dəstəklənməsini YAP Nizami rayon təşkilatının sıralarına daxil olanların sayının artması da təsdiqləyir. Rayon təşkilatı ətrafında 3750 qadını, 2870 gənci, ümumilikdə isə 7168 nəfəri birləşdirir. YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyevanın sözlərinə görə, rayon əhalisi hər zaman Ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyini nümayiş etdirib: “Rayonun sakinləri bütün siyasi kampaniyalarda fəallıq nümayiş etdirərək dövlətçiliyə bağlılıqlarını dəfələrlə sübut ediblər. Biz bunu prezident seçkilərində də, referendumda da, eyni zamanda, bələdiyyə seçkilərində də gördük. Əminəm ki, müşahidə olunan sosial-iqtisadi tərəqqi fonunda rayon əhalisi ictimai-siyasi proseslərdə daha aktiv iştirak edəcək, dövlətimizin inkişafı naminə qərarlar verəcək”.

 

 

Ramil VƏLİBƏYOV

 

Yeni Azərbaycan.- 2010.- 12 yanvar.- S.6.