Vətən və eşq
uğrunda...
Çoban dayı və Bağda xala digər uşaqları kimi Fərizənin də elçilik, nişan günlərini ildən-ilə böyüyən ailənin, nəvələrinin qayğı-qarğaşası içində bəlkə unudacaqdılar. Bəlkə də yox... Axı Bağda xala sözarası dedi ki, Fərizə balalarının ən şirini, ən istəklisi olub:
- Çox istiqanlıydı,
olduqca mehriban, üzügülər. Elə bilirdim anamdı,
bacımdı. Taleyinin belə olacağını
ağlıma da gətirmirdim. Bir qızımı Ermənistan
dağılmışda dəfn edib gəlmişdim. Bunun
müsibəti bir ayrı oldu.
Adətən, insan dərdini
danışmaqdan qaçır həmişə, qaysaq
bağlamış yaralarına toxunmağa qorxur. Bağda xala
isə artıq bu dərdlə həmdəm olub.
- Çox həssas uşaq
idi. Texnikumda oxuyanda Neftçalaya pambıq yığmağa
aparmışdılar, bir həftəydi getmişdi,
qayınanam ilə getdik dallarınca. Yenicə də nişan
taxılmışdı. Qayınanası plov dəmləyib
aparmışdı. Maşını birbaşa pambıq sahəsinin
kənarına sürdürdük. Baxırıq ki,
qızların içərisində bu yoxdu. Nə qədər
boylandıqsa görə bilmədik. Dayanıb durmuşuq ki,
bu qız hara gedə bilər. Birdən bayaqdan yanımızda
durmuş kombnizonlu, başına kiçik ləçək
bağlamış qız astadan güldü.
Gülüşündən tanıdıq.
Yoxsan... Mənim
üçün daha çox varsan demək...
- Dəfn olunandan bu yana bircə
dəfə gəlib yuxuma. Heç dilimə gətirməmişdim,
amma ürəyimdə elə arzulayırdım ki, bircə dəfə
gəlib qarşımdan keçsin, üzünü
görüm. Bilirdim ki, bu mümkün olan deyil. Amma bu arzu
içəridən məni didib-parçalayırdı. Bir
gecə sübhə yaxın baxdım ki, darvaza
açıldı. Gülə-gülə həyətə
boylandı.
- Bax, ana, gəldim ki,
üzümü görəsən. İndi doyunca bax, ürəyin
sakit olsun.
Gülə-gülə
çəkilib getdi. Gözlərimi açdım ki,
gördüklərim yuxu imiş... O vaxtdan hər gün elə
bilirəm ki, darvaza açılacaq, Fərizə içəri
girəcək ki, gəlmişəm. İllər bir-birinin
üstünə gəldikcə mənim üçün daha
çox ölümsüzləşir...
...O gecə Fərizə də
eynən belə demişdi: “İlham mənim üçün
ölümsüzdü. İlham ölə bilməz”. Cənazəni
həyətə gətirəndə yalvarmışdı ki,
açın üzünü görüm heç olmasa. Yox
demişdilər, şəriət günah hesab edir bunu. Daha
deməmişdilər ki, bətnindəki körpəni itirməkdən
qorxuruq. Bütün gecəni cənazəyə tərəf
qoymamışdılar Fərizəni. Bir dəfə itirdiyi
sevgilisini ikinci dəfə itirəcəyinin
ağrısından qovrula-qovrula qalmışdı. Demək
itki bu imiş-yanındadı əlin çatmır, ürəyindədi,
arzularında, ümidlərindədi, gözün görməyəcək,
hənirini hiss edəcəksən amma
qarşı-qarşıya dura bilməyəcəksən...
- Qız elə bil
havalanmışdı. İlhamı birinci dəfə
Xırdalan qəbristanlığında dəfn etdik. Gecə
ilə apardılar. Qardaşı xəstəxanadan birbaşa
məscidə aparıb yudurtmuşdu, kəfənlədib evə
gətirmişdi ki, nə halda olduğunu görməsinlər.
Gecə ilə də dəfn elədilər. Cənazə həyətdən
çıxandan sonra da Fərizəni sakitləşdirmək
mümkün olmadı. Maşınların arxasınca bir
xeyli ayaqyalın yüyürdü. İlhamın
qardaşı Elxan evə qayıdanda toy şəkillərini
gətirib ortaya tökdü. Elxanın qarşısında diz
çökdü: “Sinə daşına ikimizin şəklini
çəkdirin” - deyə yalvardı. Qoşa şəkillərini
də ayırıb qoymuşdu. Evə qayıdandan sonra bir dəfə
nişan yaylığı ilə özünü asmaq istəmişdi,
bir dəfə neft töküb özünü yandırmaq istəyəndə
İlhamın qardaşının həyat yoldaşı duyuq
düşüb qoymamışdı. İlhamın
böyük qardaşı Elxan Fərizəni bağrına
basdı, özünü yox bizi düşün dedi,
“qardaşımı itirdim, övladını da itirmək istəmirik”
- deyə yalvardı. Olmadı...
Bağda xala göz
yaşlarını saxlaya bilmir:
- Dəfnin ertəsi günü
hərbi paltarlı adamlar gəldilər. Dedilər ki,
Dağüstü parkda Şəhidlər Xiyabanı
salınıb, bütün həlak olanlar orada dəfn olunacaq.
Tapşırıq verdilər ki, İlhamı dəfn
olunduğu yerdən evə gətirək. Cənazə həyətə
gələndə Fərizə elə bil ki, sevinirdi. Gəlib
böyrümə sığındı:
- Ana dedi yadındadı
nişanlı olanda Dağüstü parka gəzməyə
getmişdik. Mən İlhama dedim ki, kaş ki, bu ərazidən
bizə ev verələr.
Evə gələndən
sonra bütün günü Fərizənin sözünü
deyib gülürdülər. O vaxt gəmi təmiri zavodunda
çilingər işləyən İlham ev növbəsinə
durmuşdu. 20 yanvardan bir həftə əvvəl 28 may
metrosunun həndəvərində ev vermişdilər,
uşaqlar elə olandan sonra anasıgil aparıb açarı
təhvil verdilər. Heç biri ürək edib o evə
köçmədi ki, özlərinə qismət olmadısa,
bizə də gərək deyil...
Bağda xala Fərizənin
anasıdır. Bu ailə haqqında ayrıca söhbət
açmaq fikrim yoxdu. Çünki İlhamla Fərizənin
adı təkcə Azərbaycanda deyil, ətraf ölkələrdə
də insanlara tanışdı. Onların məhəbbət
və qətl tarixçəsi. Qardaş Türkiyədə
bu tarixçə haqqında müxtəlif əfsanələr
dolaşır.
- O gecəsi birtəhər Fərizəni
dilə tuta bildim. Qız havalı kimi olmuşdu. Qoluna girib evə
gətirdim. Tez-tələsik yemək bişirdim, süfrə
hazırladım. Qayıtdı ki, ay ana, iki gündür
İlhamın sevdiyi yeməkləri bişirirsiz, elə
bilirsiniz boğazımdan keçəcək?
Geri qayıtdıq.
- Nə vaxt huşa getdiyimi
bilməmişəm. Birdə gördüm kimsə qıyya
çəkdi. Özümü içəri atanda baxdım
ki, qız yerdə çapalayır. Masanın üstündə
kiçik bir kağız parçası, bir də boş stəkan
vardı. Stəkanın qoyulduğu yerdə masanın
örtüyü yanıbmış kimi
qırış-qırış olmuşdu. Fərizəni
qonşunun maşınına qoyub xəstəxanaya apardıq.
Yolda neçə dəfə saxladılar, rus əsgərləri
üstümüzə avtomat çəkdilər, birtəhər
xəstəxanaya çatdırdıq, həyətə girəndə
baxdım ki, canını tapşırdı.
Həmin gün Şəhidlər
Xiyabanına gedən karvanın önündə Fərizə
ilə İlhamın toy günü çəkdirdikləri
qoşa şəkil bələdçilik edirdi. Bu karvan Vətən
və eşq uğrunda canlarından keçmiş şəhidlərimizin
ölümsüzlüyünün uca zirvəsinə yol
almışdı...
30 iyun-Sevgililər Günü
Azərbaycanda qeyd edilən
bayram günlərinin hər birinin milli tariximizdə öz
yeri var.
İlham və Fərizənin
faciəsi millətin böyüklüyündən xəbər
verir, onun ucalığını isbatlayırdı. 20 Yanvar
tarixi vətən uğrunda şəhid olmağın, eşq
uğrunda cana qıymağın tarixi idi. Və bu tarix -
qanlı qadalı bir qətliam iki qəlbin bir vurmağa
başladığı bir gün - 30 iyun - İlhamla Fərizənin
toy gününün ölkənin hər yerində Sevgililər
Günü kimi qeyd olunmasına zəmin yaratdı. Bu
günün qeyd olunduğu ilk tarix İlhamla Fərizənin şadlıq
məclisinin qurulduğu “Solmaz” şadlıq evində qeyd
edildi. Onda hələ 14 Fevral Valentin Günü dəbdəydi.
Şou əhli bu gün üçün planı bir il əvvəldən
tutur, televiziyalarımız əməlli-başlı gəlir
götürürdülər. Odur ki, Milli Sevgililər
Gününün qeyd edilməsi bu təbəqə tərəfindən
bir qədər müqavimətlə qarşılandı.
Bağda xala:
- Birinci il jurnalistlər, qələm
əhli, qohum-əqraba toplandıq. İlk olaraq Şəhidlər
Xiyabanına getdik. Baxdıq ki, Faiq Ağayev də burdadı.
O da hansısa verilişdə demişdi ki, əklil
bağlatdırıb İlhamla Fərizənin məzarını
ziyarətə gələcək, Sevgililər Günündə
o da mərasimdə iştirak edəcək. Amma hansısa məclisə
dəvət aldığını deyib mərasimə gəlməkdən
boyun qaçırdı. Əvvəllər çox müzakirə
edirdilər, “bütün dünya 14 fevral tarixini qeyd etdiyi bir
zamanda bu bizə lazımdırmı?”, “Faciədən bayram
düzəltmək istəyirsiniz?” suallarını bizə
tez-tez verirdilər. İndi hər il 30 iyun tarixində
qapımızı döyürlər, bizə ziyarətə gəlirlər.
Baxıram ki, gənclərin əlində çiçək
Şəhidlər Xiyabanını ziyarətə gedirlər.
Bağda xala hər il ehsan
süfrəsi açır. 20 Yanvar günü
tanıdı-tanımadı bu qapı döyülmədən
açılır, gələn adamlar çəkinmədən
mənzilə daxil olurlar. Bağda xala birinci il heyrət edirdi.
Amma az keçmədi ki, bu adamların gəlişinə
alışdı və təbii ki, qürur duydu. Xalq onun
qızını öz xatirində əbədi yaşatdı.
Amma elimizin adətlərinə uyğun hər il ehsan süfrəsi
açdılar, nakam qızının ruhuna dualar oxudular. Bir
evin qapısı belə ərklə, belə döyülmədən
bir də 30 İyun günündə açılır. Sevənlər,
sevilənlər öz bayramlarını bu ocaqda qeyd etməyi,
Azərbaycanlı qadınının sevgisi ilə XX əsri
heyrətə salan Fərizəni yad etməyi borc bilirlər.
KƏBUTƏR
Yeni Azərbaycan.- 2010.- 20 yanvar.- S.7.