Millət vəkilliyi xalq qarşısında böyük məsuliyyət daşımaq deməkdir

 

Sahibə Qafarova: Hazırda Azərbaycan qadınları təkcə ənənəvi sahələrdə - təhsil və səhiyyədə çalışmırlar, həmçinin, ölkəmizin siyasi, sosial və ictimai həyatının bütün sahələrində öz potensiallarını nümayiş etdirirlər

Məlum olduğu kimi, ötən ilin noyabr ayının 7-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbəti seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) böyük üstünlüklə qalib gəldi və partiyanın irəli sürdüyü namizədlərdən 71 nəfəri parlamentdə təmsil olunmaq hüququ qazandı. Parlamentdə hakim partiyanı təmsil edən millət vəkillərinin 21-i yeni seçilmişlərdir. Onlar, eyni zamanda, respublikamızın müxtəlif sahələrində göstərdikləri səmərəli fəaliyyətlə ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu baxımdan da, “Yeni Azərbaycan” qəzeti YAP-ın parlamentə seçilmiş yeni deputatları ilə cəmiyyəti daha yaxından tanış etmək üçün yeni layihə həyata keçirir. Layihəmizin budəfəki qonağı isə Milli Məclisin üzvü, Bakı Slavyan Universitetinin prorektoru, filologiya elmlər doktoru, professor Sahibə Qafarovadır.

Əvvəlcə müsahibimiz haqqında qısa dosyeni təqdim edirik. Sahibə Əli qızı Qafarova 1955-ci ilin mart ayının 19-da Şəmkir şəhərində anadan olub. 1978-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu, 2002-ci ildə isə Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib. 1978-1980-ci illərdə Şəmkir şəhərində rus dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışıb. 1984-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun aspiranturasını, 2000-ci ildə Bakı Slavyan Universitetinin doktoranturasını bitirib. Filologiya elmləri doktoru, professordur. 1985-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2004-cü ildən Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir.

Sahibə Qafarova müasir Azərbaycan, rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. Elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada gender problemlərinin tədqiqi ilə məşğuldur. Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurasının İdarə Heyətinin üzvüdür. Sahibə Qafarovanın pedaqoji və elmi fəaliyyəti yalnız Azərbaycanın hüdudları ilə məhdudlaşmır. O, bir sıra beynəlxalq təlim proqramlarının və layihələrin iştirakçısı olub. Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin xarici ölkələrdə daha çox tanınması və təbliğ olunması işində və ümumiyyətlə, azərbaycanşünaslığın inkişafında Sahibə Qafarovanın danılmaz xidmətləri var. Azərbaycan Respublikasının IV çağırış Milli Məclisin üzvü, parlamentin Mədəniyyət komitəsinin, eləcə də, Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvüdür.

- Sahibə xanım, artıq bir neçə aydır ki, Milli Məclisin yeni tərkibinin üzvü kimi, qanunverici orqanın iclaslarında iştirak edirsiniz. Buna qədər həyatda və fəaliyyətinizdə bir sıra böyük uğurlara imza atmısınız. Bəs millət vəkili olmaq, bu vəzifəni yerinə yetirmək uğurlarınız sırasında hansı mənanı ifadə edir?

- Əvvəla qeyd etmək istərdim ki, millət vəkilliyi xalq qarşısında, ona etimad göstərən insanlar qarşısında böyük məsuliyyət daşımaq deməkdir. Təbii ki, digər həmkarlarım kimi, mənim də millət vəkili kimi fəaliyyətimin əsas məqsədi mənə etimad göstərən partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin, Yeni Azərbaycan Partiyası rəhbərliyinin, seçicilərimizin etimadını doğrultmaq, Azərbaycan Respublikası Milli Məclisində yüksək standartlara və ölkəmizin inkişafına uyğun, müasir dövrün çağırışlarına cavab verən qanunların qəbul olunmasında fəal iştirak etməkdir. Artıq 4 aydan artıqdır ki, Milli Məclis yeni tərkibdə fəaliyyət göstərir və əminliklə qeyd etməliyəm ki, bu qısa müddətdə parlamentin fəaliyyəti kifayət qədər məhsuldar olub. Xüsusən, hökumətin ötənilki hesabatı dinlənilib və qəbul olunub. Bu hesabat bir daha göstərdi ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan düzgün yolda inamla irəliləyir və hər ötən il ölkəmiz üçün daha böyük nailiyyətlər, inkişaf dinamikası vəd edir.

Eyni zamanda, bilirsiniz ki, mən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvüyəm. Nümayəndə heyətimizin digər üzvləri kimi mən də təşkilatda Azərbaycanın yüksək səviyyəli təmsilçiliyinin təmin olunması, ölkəmizin maraqlarının qorunması, Ermənistan dövlətinin işğal siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi haqqında əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də fəal olmağa çalışıram.

- Yeri gəlmişkən, bu qurumla Azərbaycan arasında münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan 10 ildir ki, bu təşkilatın tamhüquqlu üzvüdür və qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha genişspektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. Təbii ki, bir sıra hallarda bu təşkilatın Azərbaycanda baş verən hadisələrə münasibətində müəyyən qeyri-obyektiv nüanslar müşahidə olunub və bunlar daha çox müəyyən şəxslərin qərəzliliyindən meydana gəlib. Ölkəmizin rəhbərliyi bununla bağlı etirazlarını dilə gətiriblər və müvafiq qurumlara çatdırıblar. İstərdik ki, bu hallar təkrarlanmasın və qurumla ölkəmizin əməkdaşlığına kölgə salacaq hansısa neqativ olaylar baş versin.

Ümumiyyətlə isə, hesab edirəm ki, Azərbaycanla AŞ PA arasında münasibətləri yüksək qiymətləndirmək olar və bu əlaqələrin daha da inkişafı hər iki tərəfin marağına tam cavab verir.

- Sahibə xanım, Azərbaycanda təhsil sahəsində görülən işlərlə bağlı fikirlərinizi öyrənmək də maraqlı olardı. Ölkəmizdə həyata keçirilən təhsil islahatları Azərbaycanın Qərbə inteqrasiyası prosesinin tələblərinə cavab verirmi?

- Azərbaycan dövləti öz müstəqilliyini elan etdikdən sonra bütün digər sahələrdə olduğu kimi, təhsil sahəsində də yeni dövrün şərtləri ilə üz-üzə qalmışdı. Öz yolunu Avropaya inteqrasiya olaraq müəyyənləşdirmiş Azərbaycanın təhsil sistemində də yeni dövrün çağırışlarına uyğun olaraq islahatlar həyata keçirmək, təhsilin mütərəqqi inkişafına nail olmaq üçün zəruri addımlar atmaq vacib idi. Ona görə də, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı, effektiv təhsil islahatlarına başlandı. Hazırda isə biz onun uğurlu nəticələrini görməkdəyik. Bu gün Azərbaycanın təhsil sisteminin Boloniya prosesinə uyğunlaşdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Burada əsas məqsəd təhsilimizin keyfiyyətini artırmaq və təhsildə Qərb standartlarının tətbiqinə nail olmaqdır. Son illər ərzində təhsil sahəsinə ayrılan böyük vəsaitlər hesabına bütün tədris müəssisələrinin maddi-texniki təminatı xeyli dərəcədə yaxşılaşıb. Bütün ali məktəblərin müasir texnika və avadanlıqla təchiz olunması üçün xeyli iş görülüb. Təhsil sahəsində çalışanların əməkhaqlarının artırılması, sosial problemlərin tədricən aradan qaldırılması təhsildə neqativ halların qarşısının tam alınması üçün imkan yaradıb. Hesab edirəm ki, bir neçə ildən sonra biz bu gün həyata keçirilən islahatların nəticələrini və ölkəmizdə ali təhsilin keyfiyyətinin yüksəlməsini daha aydın görəcəyik. Mən digər bir vacib məsələyə də diqqət çəkmək istəyirəm. Bilirsiniz ki, dövlətin təhsil sahəsində əsas diqqət ayırdığı məsələlərdən biri də tələbələrimizin müxtəlif ölkələrdə təhsil almağa göndərilməsidir. Bu sahədə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edilib və hazırda icra olunmaqdadır. Hesab edirəm ki, bu Dövlət Proqramının icra olunması çox əhəmiyyətli bir məsələdir və ölkəmiz üçün yüksək səviyyədə hazırlıq keçmiş savadlı, müasir biliklərə, elmlərə yiyələnmiş, müasir texnologiyaları dərindən bilən kadrların hazırlanmasına şərait yaradır. Bu isə yekunda həm vətəndaşlarımızın, həm də dövlətimizin prosesdə qazanclı çıxmasını şərtləndirir.

- Ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində görülən işləri necə dəyərləndirirsiniz? Bu sualı ona görə verdik ki, siz həm ölkəmizdə gender məsələlərinin tədqiqi ilə məşğul olan mütəxəssislərdənsiniz, həm də Avropa Şurasının Qadınlar və kişilər üçün bərabər imkanlar komitəsinin üzvüsünüz...

- Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən biri kimi çıxış edir. Bu səbəbdən də dünyanın qabaqcıl, demokratik dövlətləri bu məsələlərin həllinə ciddi yanaşırlar. O cümlədən, demokratik cəmiyyətin bir üzvü kimi, inkişaf edən, müasirləşən bir dövlət kimi Azərbaycan da daima bu məsələlərə xüsusi həssaslıqla yanaşıb, ölkə qanunvericiliyi qəbul olunarkən müvafiq tələblər tam əksini tapıb. Mən bir məsələni xüsusi olaraq vurğulamağı özümə borc bilirəm ki, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkədir. Hətta bu məsələdə biz dünyanın bir sıra demokratik ölkələrini də qabaqlayırıq. Bu gün isə milli qanunvericiliyimiz qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa imkan verir. Eyni zamanda, Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gender məsələləri ilə bağlı dövlət siyasəti həyata keçirilir. Mən tam əminliklə, qeyd edim ki, bu siyasət ölkəmizdə qadınların bərabər imkanlar əldə etməsinə, bu imkanları reallaşdırmasına təminat verir. Bunun göstəricisidir ki, hazırda Azərbaycan qadınları təkcə ənənəvi sahələrdə - təhsil və səhiyyədə çalışmırlar, həmçinin, qadınlarımız ölkəmizin siyasi, sosial və ictimai həyatının bütün sahələrində öz potensiallarını nümayiş etdirirlər. Sevindirici haldır ki, bu gün Azərbaycan qadınlarının uğurları təkcə ölkəmizlə məhdudlaşmır. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın beynəlxalq fəaliyyəti, onun təşəbbüsü ilə reallaşdırılan layihələr dünya ictimaiyyəti tərəfindən də təqdir olunur. Təbii ki, bu həm hər birimiz üçün qürur mənbəyi, həm də fəaliyyətimiz üçün gözəl örnəkdir.

Amma, eyni zamanda, onu da etiraf etməliyik ki, görülən bu qədər işlərə baxmayaraq, bir sıra problemlər hələ də həllini tapmayıb. Bunların, böyük əksəriyyəti obyektiv səbəblərlə bağlıdır. Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yüzminlərlə vətəndaşımız, o cümlədən, qadınlarımız öz daimi yaşayış yerlərindən, yurdlarından didərgin düşüb. Təbii ki, bu, qaçqın və məcburi köçkün qadınların və gənc qızların cəmiyyətə inteqrasiya olunmasında müəyyən problemlər yaradır. Həmçinin, dünyanın hər yerindən olduğu kimi, Azərbaycanda da, xüsusilə, bəzi rayonlarda məişət zorakılığından əziyyət çəkən, insan alverinin qurbanı olan qadınlarımız da var və mən hesab edirəm ki, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində daha artıq işlər görməyə ehtiyac var. İnanıram ki, yaxın vaxtlarda artıq bu problemlərin də Azərbaycan üçün tarixdə qalmış məsələlər olacağını görəcəyik.

- Son zamanlar ən çox müzakirə olunan məsələlərdən biri də bəzi gənclərin sosial şəbəkələrdə üzləşdiyi təxribatlar və onların yaratdığı fəsadlardır. Siz 30 ildən artıq gənc nəslin təlim və tərbiyəsi ilə məşğul olan, hazırda böyük bir təhsil müəssisəsində rəhbər vəzifədə çalışan bir şəxs kimi Azərbaycan gənclərinin İKT-dən istifadəsinin mövcud durumu ilə bağlı nə deyə bilərsiniz?

- Təbii ki, əsrimiz informasiya əsridir və bu gün informasiya kommunikasiya texnologiyaları həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Artıq texnologiyaların inkişafı o həddə çatıb ki, hətta bəziləri bu inkişafın dünyanı kiçiltdiyini söyləyirlər. Məsafələr daralıb, dünyanın ən uzaq nöqtəsi ilə belə rabitə çox asanlaşıb. Güclü, inkişaf etmiş dövlətlər bu texnoloji, kommunikativ imkanlardan yüksək səviyyədə yararlanırlar, öz dövlətlərini daha da gücləndirirlər. Azərbaycanda da bilirsiniz ki, İKT-nin tətbiqi sahəsində mütərəqqi işlər görülür, dövlətin bu sahədə həyata keçirdiyi proqramlar bu gün öz müsbət nəticələrini verməkdədir. Heç də təsadüfi deyil ki, bu gün İKT Azərbaycanda neft sənayesindən sonra ən çox inkişaf etmiş və gəlirli sahədir. Bütün bunlar hamısı müsbət məqamlardır və təqdir olunmalıdır. Amma, bununla yanaşı, bir sıra problemləri də izləyirik ki, hesab edirəm ki, onların da həlli olduqca vacibdir. Məsələn, bəziləri, xüsusilə, gənclər kompüterə bir əyləncə vasitəsi, boş vaxtını keçirmək üçün alət kimi baxır. Onların kompüterə, internetə həddən artıq aludəliyi müəyyən psixi pozuntulara səbəb olur. Xüsusilə, zəif dünyagörüşlü gənclərimiz internetin əsirinə çevrilirlər. Onlar müxtəlif təbliğatların, təxribatların qurbanına çevrilə bilərlər, bunu da yolverilməz sayıram. Bu gün dünyada informasiya müharibəsi gedir və böyük dövlətlər öz siyasətini həyata keçirmək üçün, başqa dövlətlər daxilində təxribatlar törətmək məqsədilə də internet məkanından ustalıqla istifadə edirlər. Sosial şəbəkələrdə müxtəlif təxribat xarakterli məlumatlar yayılır, çağırışlar olur. Hər birimiz bu hallara qarşı ayıq-sayıq olmalıyıq. Bunun üçün isə internetdən, informasiya məkanından məqsədyönlü şəkildə, öz inkişafımız üçün və Azərbaycan həqiqətlərini, Qarabağ problemini, xalqımızın mədəniyyətini və tarixini dünyaya çatdırmaq üçün istifadə etməliyik. Qarşımızda belə bir böyük məkan olduğu halda, ondan xırda, cılız məqsədlərlə istifadə etmək yaxşı hal deyil. Azərbaycan burada yaşayan hər bir vətəndaşın vətənidir. Eyni zamanda, ölkəmizin problemlərinin həllinə çalışmaq, buna öz imkanları çərçivəsində dəstək olmaq hər birimizin vətəndaşlıq borcudur.

 

 

Aqşin ŞAHİNOĞLU

 

Yeni Azərbaycan.- 2011.- 1 aprel.- S.6.