Transmilli media strukturları bəzi qlobal güclərin maraqlarının reallaşmasına çalışırlar

 

Hazırda ərəb ölkələrində gedən proseslərin işıqlandırılmasında xarici mətbuat vasitələri məhz öz dövlətlərinin maraqları çərçivəsindən çıxış edirlər

 

XXI əsri informasiya əsri adlandıranlar heç də yanılmayıblar. Çünki yaşadığımız bu əsrdə bütün proseslər, hətta bəzi ölkələrin və transmilli qrupların digər dövlətlərə qarşı hazırladıqları planlar əsasən, media qrupları, yazılı və elektron kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilir. Hətta vəziyyət o həddə çatıb ki, bir zamanlar öz ərazi bütövlüyünü qorumaq üçün sürətlə silahlanmaya üstünlük verən dövlətlər indi diqqəti daha çox informasiya təhlükəsizliyinin təminatına yönəltmək məcburiyyətindədirlər. Bir sözlə, ötən dövrlərin silahlı müharibələri tədricən öz yerini informasiya savaşlarına verir. Bəs, hadisələrin bu axarla inkişafı əsasən, hansı qüvvələrin maraqlarına xidmət edir? Transmilli media strukturları beynəlxalq düzəndə cərəyan edən hadisələrdə nə kimi rol oynayırlar? Müasir zaman kəsiyində Azərbaycan mediası öz üzərinə düşən missiyanı necə yerinə yetirir? Bu gündən etibarən işıq üzü görəcək “Media kapitanları ilə cümə söhbəti” adlı rubrikanın qonaqları ilə bu və ya digər məsələlər ətrafında müzakirələr aparacaq, KİV rəhbərlərinin fikirlərini oxucularımıza çatdıracağıq. Rubrikamızın ilk qonaqları “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə və “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylidir. Onlarla söhbətə son vaxtlar ərəb ölkələrində baş verən proseslər, həmçinin, bu proseslərdə beynəlxalq medianın hansısa maraqlar çərçivəsindən çıxış etməsi barədə qonaqlarımızın münasibətinin öyrənilməsi ilə başladıq.

Vüqar Rəhimzadə: - Əslində, biz xarici mətbuatın maraqlar çərçivəsində çıxış etməsi hallarını təkcə ərəb ölkələrində baş verən son proseslərdə müşahidə etmədik. Yəni, həmin proseslər digər ölkələrdə cərəyan edən hadisələr zamanı da bu və ya digər formada özünü büruzə verdi. Buna misal olaraq İraqda baş verənləri göstərmək mümkündür. Məlum olduğu kimi, Amerika əsgərlərinin İraqa müdaxiləsinin ilk günlərində xarici mətbuat baş verənləri bütün çılpaqlığı ilə təqdim edirdi. Lakin müəyyən göstərişdən sonra Amerika mətbuatında sanki bir senzura tətbiq olundu. Daha doğrusu, Amerika mətbuatı İraqda bombardman zamanı həlak olan dinc sakinlərin şəkillərini deyil, Vaşinqtonun maraqlarına cavab verən məqalələri, həmçinin, foto və video materialları yayımlamağa başladı. Yəni, bunu xatırlatmaqla yanaşı qeyd etmək istəyirəm ki, hazırda ərəb ölkələrində gedən proseslərin işıqlandırılmasında xarici mətbuat vasitələri, məhz, öz dövlətlərinin maraqları çərçivəsindən çıxış edirlər. Daha doğrusu, hadisələrin gedişinə dair xarici mediada yayımlanan materialları izləyərkən, eyni zamanda, hansı ölkənin bu proseslərdə hansı formada rol oynadığını və nə kimi maraqlar güddüyünü aydın şəkildə görmək mümkün olur. Fikrimi daha da konkretləşdirərək, deyə bilərəm ki, ərəb ölkələrində baş verən proseslərin xarici mediada işıqlandırılması zamanı həm katalizator rolunu oynayan, həm kiçik bir faktı qloballaşdıraraq, faciəyə çevirən, həm də vasitəçi mətbuat orqanlarının “fəaliyyətini” görmək mümkündür. Düşünürəm ki, ilk növbədə, kimliyindən asılı olmayaraq mətbuat orqanında fəaliyyət göstərən jurnalist, yaxud da həmin orqanın üzvü tam obyektivliyə söykənməli, düzgün qərar verməlidir. Çox təəssüflər olsun ki, bu gün dünyada gedən proseslərin mətbuat vasitəsilə ictimaiyyətə çatdırılmasında müəyyən yanlışlıqlar, qüsurlu cəhətlər mövcuddur. Hesab edirəm ki, ərəb ölkələrində baş verən proseslər də bəzi beynəlxalq qrupların maraqları çərçivəsində xarici media vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılır.

Elçin Mirzəbəyli: - Birmənalı olaraq qeyd edə bilərik ki, transmilli media strukturları əsasən bu proseslərin yaradılmasında iştirak edirlər. Bildiyiniz kimi, ərəb ölkələrində baş verən hadisələr “CNN”, “BBC” kimi telekanallarda canlı yayım vasitəsilə verilir. Baxmayaraq ki, digər ölkələrdə də oxşar problemlər var və bu problemlərin əksəriyyəti həmin telekanallar vasitəsilə işıqlandırılmır. Təbii ərəb ölkələrində baş verən prosesləri müxtəlif aspektlərdən qiymətləndirmək olar. Burada həm sosial-iqtisadi problemlərin çoxluğu, həm mövcud rejimlərin insan hüquq və azadlıqlarına kobud şəkildə yanaşması, eyni zamanda, Qərb dövlətlərinin enerji maraqları və digər maraqlar da ərəb ölkələrindəki proseslərdə “domino effekti”nin yaranmasında öz rolunu oynayıb. Dünya mətbuatının bu məsələlərdə sərgilədiyi mövqeyə gəlincə isə qeyd etmək yerinə düşər ki, bu hadisələrin arxasınca gedən mətbuat orqanları da var, bu hadisələri obyektiv şəkildə işıqlandıran, nələr baş verdiyinin fərqində olan media strukturları da var. Və bu hadisələr zamanı həm internet mediası vasitəsilə, həm digər kütləvi informasiya vasitələri ilə daha çox qan tökülməsini, daha qəddar hərəkətlərin həyata keçirilməsini “stimullaşdıran” media strukturları da var. Bu baxımdan prosesin fərqli istiqamətlərdən qiymətləndirilməsinin tərəfdarıyam.

- Belə olan halda informasiya təhlükəsizliyi faktoru özünü daha qabarıq şəkildə büruzə verir...

E.M: - Tamamilə doğrudur. Yəni, görünən odur ki, bu gün artıq təkcə iqtisadi və hərbi təhlükəsizlik deyil, dövlətlər üçün, xüsusilə də kiçik dövlətlər üçün informasiya təhlükəsizliyi faktoru da çox mühüm əhəmiyyət kəsb edir. Bu informasiya təhlükəsizliyinə təhdid yaradan bir sıra amillər də var. Təbii ki, bu amillər həm transmilli şirkətlərin maraqları, həm də həmin transmilli şirkətlərin arxasında dayanan dövlətlərin maraqları ilə bağlıdır. Xüsusilə də bu proseslərin mütləq əksəriyyəti ayrı-ayrı sosial şəbəkələrin vasitəsilə həyata keçirilir. Bu yaxınlarda dünyanın aparıcı kompüter şirkətlərinə xüsusi tapşırıq və eyni zamanda, sosial şəbəkələrdə yeni bir proqramın istifadəsinə göstəriş verilib. Belə ki, sosial şəbəkədə həmin proqramın çərçivəsində olan hər hansı bir şəxs hansısa bir informasiya yayacaqsa həmin proqram imkan verəcək ki, bir şəxs, eyni zamanda, əlli nəfərlə yazışma imkanı əldə etsin. Digər tərəfdən, elə bir internet sistemi yaratmaq istəyirlər ki, həmin sistemlə bu və ya digər dövlətlərin ərazisində internetə daxil olmanın məhdudlaşdırılması imkanlarını sıfıra endirsinlər. Yəni, kənardan internet tamamilə açıq olsun və kosmik imkanlarla istənilən dövlətin interneti məhdudlaşdırmaq imkanları aradan qaldırılsın. Bildiyiniz kimi, bu istiqamətdə ilkin təcrübə Misirdə həyata keçirildi. Eyni zamanda, Liviyada da müəyyən qədər bu təcrübənin sınanması prosesi gedir. Deməli, ortaya maraqlı nüans çıxır. Belə ki, əgər transmilli şirkətlər və onların arxasında dayanan qüvvələr hər hansı dövlətin ərazisində təxribat yaradacaq informasiyalar yayacaqsa, həmçinin, bu və ya digər dövlətin həmin təxribat xarakterli informasiyaların qarşısını almaq imkanı olmayacaqsa, o zaman çox ciddi problemlər yaranacaq. Yəni, bu gün öz ərazi bütövlüyünü qorumaq, müstəqil siyasət yeritmək istəyən, demokratik inkişaf yolu tutan ölkələrin özləri üçün də informasiya təhlükəsizliyi baxımından çox ciddi çağırışlar var.

V.R: - Əslində, son vaxtlar müşahidə etdiyimiz hadisələr, həmçinin, həmkarımın sadaladığı faktlar bir daha reallığı ortaya çıxarır. Yəni, aydın olur ki, azad söz, mətbuat azadlığı, plüralizm kimi məsələlər sadəcə söz olaraq qalır. Daha dəqiq desək, bəzi dairələr mətbuatdan öz siyasi və hərbi məqsədləri üçün istifadə edirlər. Bu isə onların hadisələrə ikili standartlardan yanaşmasının təzahürüdür. Digər tərəfdən, çox təəssüflər olsun ki, bir sıra dövlətlər öz maraqları naminə digər ölkələrin inkişafına mane olmağa çalışır. Həmin mane olma prosesinin ilk növbədə beynəlxalq media vasitəsilə həyata keçirilməsinə çalışılır. Bu isə bəzi transmilli media qruplarının söz azadlığı, fikir plüralizminə deyil, hansısa dövlətlərin qaranlıq maraqlarının reallaşmasına xidmət etdiyindən xəbər verir.

E.M: - Ümumiyyətlə, Qərbin dəyərləri ikili qəbul olunmalıdır. Çünki Qərbin siyasəti də ikilidir. Bu, daxilə hesablanmış yanaşma tərzidir və onların xarici siyasətinin həyata keçirilməsində istifadə olunan elementlərdir. Bunlar tamamilə fərqli-fərqli anlayışlardır. Təbii ki, demokratiya anlayışının özünə belə yanaşmada bir çox amillər bunu istənilən addımda büruzə verir. Mən bu günlərdə baş verən bir məqamı xatırlatmaq istəyirəm. Bu, Azərbaycanın işğal edilmiş ərazilərinin hava məkanının bağlanması ilə bağlı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza tərəfindən ölkəmizin mövqeyinin əleyhinə səslənmiş fikirlərdir. Diqqət yetirin, BMT Təhlükəsizlik Şurası Liviyanın hava məkanının bağlanması ilə bağlı qərar qəbul edir və hava məkanı əvvəlcə ABŞ, Fransa və İtaliyanın keçirdikləri birgə əməliyyatlar nəticəsində nəzarətə götürülür, sonra isə NATO-ya təhvil verilir ki, burada da əsas söz sahibi ABŞ-dır. Liviyada işğal faktı baş verməyib, sadəcə vətəndaş müharibəsi gedir. Ancaq Azərbaycan torpaqları işğal edilib. Necə olur ki, bir BMT qətnaməsinin həyata keçirilməsi üçün dərhal hərəkətə keçən dövlət, hətta həmsədr olduğu Minsk qrupunun borclu olduğu BMT qətnamələrinin həyata keçirilməsi istiqamətində heç bir addım atmır? Özü də nəinki addım atmır, hətta, yumşaq təhdidlə Azərbaycan tərəfindən atılan addımların da qarşısını almağa çalışır. Bunun özü faktiki olaraq ikili standartların nümayişidir.

- Bəhs etdiyiniz qlobal mətbuat, eyni zamanda, belə bir yanlış fikir formalaşdırır ki, guya Qərb Şərqə demokratiya ixrac edir...

E.M: - Bəli, doğrudan da qlobal mətbuat belə bir fikir formalaşdırır ki, guya Qərb Şərqə demokratiya ixrac edir. Və yazıqlar olsun ki, Azərbaycanda da bəzi mətbuat orqanları bilərəkdən, yaxud da bilməyərəkdən onların bu toruna düşürlər. Əslində isə Qərbin İslam dünyasında demokratiyanı necə həyata keçirdiyini biz İraqda çox yaxşı gördük. İraqda bu proseslər bir milyondan çox insanın qətlə yetirilməsi və üç milyona yaxın insanın da qaçqın düşməsi ilə nəticələndi. Eyni problemlər digər İslam ölkələrində də nəzərə çarpır. Digər tərəfdən demokratiyanı silahlarla, raketlərlə gətirmirlər. Demokratiyanın subyektləri var. Demokratiyanın subyektləri ilk növbədə xalqdır. Sonra isə onun formalaşdırdığı demokratik təsisatlardır. Ərəb ölkələrində əhalinin maarifçilik, şüur və intellekt səviyyəsinin aşağı olması nəticə etibarı ilə vətəndaş inqilabına gətirib çıxarıb. Təbii ki, bu öncədən hesablanmışdı. Əgər məqsəd demokratiya olsaydı, o zaman bu proseslərin əməkdaşlıq yolu ilə, hüquqi və siyasi islahatlar yolu ilə həyata keçirilməsi lazım idi. Yəni, görünən odur ki, bir zamanlar Qərbin maraqları təmin olunduğu üçün Hüsnü Mübarək lazım idi. Lakin dövr dəyişib, maraqların təminatı üçün yeni imkanlar əldə edilib və artıq Hüsnü Mübarək kimsəyə lazım deyil. Hesab edirəm ki, Qərbin bu oyunları barədə məlumatları, bu gün ərəb ölkələrində baş verənlərin arxasında reallıqda hansı məqsədlərin dayandığını cəmiyyətimizə mütəmadi olaraq təqdim etmək Azərbaycan mediasının başlıca borcudur. Yəni, həyata keçirilən siyasətin bütün elementləri açıq şəkildə ortaya qoyulmalıdır. Qeyd olunmalıdır ki, baş verənlər heç də bu və ya digər ölkədə demokratik təsisatların inkişafına xidmət edən amillər deyil. Bu ilk növbədə bu və ya digər dövlətin geosiyasi və iqtisadi maraqlarının təmin edilməsi üçün həyata keçirilən elementlərdir, siyasi texnologiyalardır. Bu siyasi texnologiyaların girovuna və ruporuna çevrilmək isə ən azı acizlikdir. Başqa bir tərəfdən isə milli xəyanətdir.

V.R: - Əslində, bu məsələ yeni deyil. Yəni, Azərbaycanda həm ölkəmizi istəməyən qüvvələrin əlində girova çevrilən, həm də şəxsi maraqlarını hər zaman xalqın maraqlarından üstün tutan mətbuat orqanları var. Təbii ki, bu cür mətbuat orqanları Azərbaycanın inkişafına qısqanclıqla yanaşan, ölkəmizin inkişafını görməyən və görmək istəməyən maraqlı xarici qüvvələr ilə əlbir olaraq Azərbaycana qarşı aqressiv mövqelərini ortaya qoyurlar. Hesab edirəm ki, mətbuat orqanı ilk növbədə Azərbaycanda dövlətçilik prinsiplərini, dövlətin maraqlarını qorumalıdır. Dövlətin beynəlxalq aləmdə daha nüfuzlu yer tutmasında öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməlidir. Amma, çox təəssüflər olsun ki, bu gün Azərbaycanda bəzi mətbuat orqanları var ki, öz səhifələrini aqressiya, yalan, iftira, insan şərəf və ləyaqətinə müdaxilə halları ilə kifayət qədər “zəngin” olan materiallarla doldururlar. Mən bunu bütövlükdə dövlətçiliyə və dövlətə qarşı addım kimi dəyərləndirirəm.

E.M: - Bir məsələni də əlavə etmək istəyirəm. Əslində, adlarını çəkmək istəmədiyimiz bəzi mətbuat orqanlarının yuxarıda bəhs etdiyimiz texnologiyaların məqsədyönlü tərkib hissəsinə çevrilməsinin bir sıra səbəbləri var. Bunlardan birincisi, sifarişlə idarə olunan mətbuat orqanlarının arxasında dayanan qüvvələrin məqsədyönlü şəkildə həyata keçirmək istədiyi siyasətdir. İkinci, xaricdən alınan qrantların, pulların və digər vasitələrlə ötürülən vəsaitlərin mənimsənilməsi ilə bağlı olan faktorlardır. Üçüncüsü isə həmin insanlarda vətəndaş mövqeyinin olmamasıdır. Ortalıqda iqtisadi münasibətlər var. Xəyanət müqabilində öz iqtisadi, siyasi və digər maraqlarının təmin edilməsi məsələsi həmin qüvvələrin başlıca amalıdır. Özü də, bu, bu günün prosesi deyil və uzun illərdir ki, davam edir. Lakin bu cür media orqanları azlıq təşkil edir və qarşıdurmaya can atan qüvvələrin ciddi-cəhdlərinə baxmayaraq, onların ümumən Azərbaycan mətbuatının mövqeyinə, həmçinin, ictimai rəyə təsir etmək imkanları olmayacaq. Çünki Azərbaycanda bu gün mövqeyindən, yanaşma tərzindən, dünyagörüşündən asılı olmayaraq əksər mətbuat orqanlarında bir vətəndaş mövqeyi var. Onları birləşdirən ümumi dünyagörüşü var ki, bu da Azərbaycanın daha çox inkişaf etməsinə yardımçı olmaqdan ibarətdir.

- Bütün bunların fonunda hadisələrin gələcək inkişafı və Azərbaycan mətbuatının ata biləcəyi addımlar barədə nə deyə bilərsiniz?

V.R: - Hazırda Azərbaycan öz yüksək inkişaf dövrünü yaşayır. Eyni zamanda, biz 90-cı illəri görmüşük. Bu gün xarici dairələrin sifarişlərini yerinə yetirən dağıdıcı qüvvələr ötən əsrin 90-cı illərində Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə baş-başa qoymuşdu. Bu gün isə Azərbaycan dünyanın sabit və inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə bütün sahələr, o cümlədən, mətbuat dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Belə olan təqdirdə medianın üzərinə düşən yeganə vəzifə qanunlara əməl etmək, dövlətçiliyə xidmət göstərmək və əldə olunan uğurları təbliğ etməkdən ibarətdir ki, əksər mətbuat orqanlarımız da bu işin öhdəsindən layiqincə gəlirlər. Dağıdıcı düşüncə tərzinə malik olan, həmçinin, xarici qüvvələrin əlində vasitəyə çevrilən bəzi mətbuat orqanları isə bu ziyanverici yollarından nə qədər tez dönsələr, bir o qədər yaxşı olar.

E.M: - Azərbaycanın əksər mətbuat orqanları arasında istər Mətbuat Şurası, istər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, istərsə də digər media qurumları vasitəsilə birbaşa dialoq imkanları var. Mətbuat bir araya gəlib öz problemlərini həll etmək imkanındadır və həll edir də. Bu baxımdan da hesab edirəm ki, artıq azad sözə, azad fikrə, vətəndaş mövqeyinə, Azərbaycanın inkişafına və gələcəyinə xidmət edən, kökünü Həsən bəy Zərdabi ənənələrindən götürən, maarifçilik prinsipi üzərində hərəkət edən mətbuat orqanları öz mövqelərini müəyyənləşdiriblər. Bu prosesdən kənarda qalan qüvvələr isə qısa bir zamanda Azərbaycan mətbuatından silinib gedəcək. Təbii ki, bizim cəmiyyət demokratik cəmiyyətdir. Bu cəmiyyətdə istənilən zorakı üsulların əleyhinə çıxış edirik və Azərbaycan dövləti də bu günə qədər bu üsullardan istifadə etməyib. Prosesin demokratik yolla tənzimlənməsinə imkan yaradıb. Bu tənzimləyici proses isə özünün uğurlu mərhələsi ilə başa çatacaq və bir neçə il ərzində Azərbaycan mətbuatında tamamilə yeni bir mərhələnin şahidi olacağıq.

 

 

Söhbəti qələmə aldı: Nadir AZƏRİ

 

Yeni Azərbaycan.- 2011.- 1 aprel.- S.7.